Birinci hissə, on üçüncü fəsil
Страница 1 из 5
Nəzər Bakıya axşamçağı, saat altıya qalmış gəlib çatdı. Uzun, yaraşıqlı «İkarus»da yeri rahat idi, pəncərə qabağına düşmüşdü. Yol boyu dəzinin üstünə qoyduğu kitabı oxumuşdu, hərdənbir də, gözləri dincəlsin deyə, sağ əldəki çöllərə, yaşıl söyüdlərə, ağ-yaşıl tarlalara, biçilmiş kövşənlərə baxmışdı. Böyründə oturan yaşlı qadın, avtobusa minəndən, illərin yuxusuzuymuş kimi, başını söykənəcəyə dayanıb yatmışdı. Varlığı-yoxluğu bilinmirdi. Qabaq oturacaqda isə iki cavan ⎯ bir qız, bir oğlan yanaşıydı. Görünür tanış idilər, yaxın idilər, nə barədə isə xısın-xısın danışırdılar. Nəzər səslərini eşidirdi, amma sözlərini ayırd edə bilmirdi. Maşın, yol rahat olsa da, dörd saat bir yerdə oturmaq yorucu idi, qıçları uyuşmuşdu. Səhər evdən çıxanda Güldanə atasına demişdi:
⎯ İstəyirsən Güllüyə zəng eləyim, Sadığın sürücüsünü göndərsin avtovağzala, gəlib səni evə aparsın.
⎯ Yox, əşi, lazım deyil. O gədədən zəhləm gedir.
⎯ Gədə kimdi, ay ata?
⎯ Sadığın şoferi də. Heç xoşum gəlmir ondan. Göz-başı qaynayır, lap cığana oxşuyur.
⎯ Eh, ay ata, sakit, quzu kimi adamdı yazıq.
⎯ Yox, gözlərindən cin çıxır. Sadığa o dəfə dedim: ⎯ Ə, bir əməlli-başlı adam tapmırdın bu boyda şəhərdə? Çıxart getsin. Dedi niyə? Dedim, namərd adama oxşayır. Güldü. Heç nə demədi. Yox, lazım deyil, mənim körpəm. Ordan ⎯ avtovağzaldan minəcəm səkkiz nömrəli trolleybusa, düşəcəm düz Nərimanov prospektində, evlərinin qabağında.
Avtobusdan enəndə Nəzərin ayaqları keyimişdi, sözünə baxmırdı. Və qıçlarının gizildəməyi yenidən İmran kişini onun yadına saldı. Dünəndən iki-üç dəfə beynində doğub-batan fikir, bu dəfə içində qətiyyətlə səsləndi: «Yox, bunu belə qoymaq olmaz. Süleyman səhv eləyir, Süleyman uşaqlıq eləyir. İmran kimi ataya o cür zülm eləmək olmaz. Rayona gedən kimi, gərək Süleymanın yanına baş çəkəm, bəzi mətləbləri başa salam. Uşaq döyül, bir elin ağsaqqalıdı, ona belə şeylər qətiyyən yaraşmaz…»
Yenə əlində o qara çamadan idi. Ancaq içindəkilər dəyişmişdi. Bikə xanımın Güldanəyə, Tapdığa, nəvələrinə qoyduğu hədiyyələrin əvəzinə, indi çamadanda Güldanənin bir bacı, baldız, xala kimi, Güllüyə, Sadığa, Seyranəyə göndərdiyi bir cüt çəkələk, ağ kişi köynəyi, mavi rəngli penuar və gülən kukla var idi. Bir də motal pendiri qoymuşdu Güldanə. Və Nəzərin hələ bunlardan xəbəri yox idi, çünki Güldanə nə qoyduğunu deməmişdi; Nəzər ancaq qızıgilə çatandan üç-dörd saat sonra biləcəkdi ki, nə hədiyyə gətirib.
Nəzər tut ağacının altında xeyli dayandı, o yan-bu yana xeyli baxdı, göylərə göz gəzdirdi. Hava isti idi, hiss olunurdu ki, günəş bütün günü Bakının damlarını, dənizini, küçələrini sacda qovrulan qovurğa kimi yandırıb, çünki ayağının altındakı asfaltdan elə bil buxar qalxırdı, adamın üzünü qarsırdı.
Dalbadal dayanmış avtobusların, düşüb-minən adamların səs-küyü Nəzərin qulaqlarında qəribə bir güyültü əmələ gətirirdi. Akasiya ağacının altında kitab köşkü vardı, bığıburma, kök bir oğlan yanbayan kitablar düzülmüş piştaxtanın arxasında, əlləri cibində var-gəl eləyirdi. Nəzər piştaxtaya yanaşdı, kitablara gözucu baxdı, yeni bir şey yox idi. Sonra oğlana bir baxış fırlatdı, ürəyində söyləndi: «Zalım oğlu pəhləvana oxşayır, gedib bir sənətin qulpundan yapışmayıb. Bu da kişi işidi, sən allah? Mən bizim bu şəhər böyüklərinin yerinə olam ha, belələrinin bircəciyini bu yerlərdə qoymaram ⎯ hamısını basaram gedər zavoda, fabrikə, mədənə! Kişisiz, ə, gedin kişi işi görün!..» Nəzər ikrah hissilə üzünü yana çevirib ağacların altından keçərək «İnşaatçılar» prospektinə üz tutdu.
Doqquz nömrəli trolleybus dopdolu gəldi, keçdi getdi. Yarım saat sonra «səkkiz» gəldi. Nəzər, ağızbağız dolu olan trolleybusa güclə minə bildi. Ayaq üstə duran arvad-kişi, oğlan-qız bir-birinə söykənmişdi. Təkcə irəlicədən içəri təpilib yer tutaraq oturmuş adamların işi yaxşı idi. Əlində xırda pul tutmuşdu, o başdan «bilet, bilet, bilet berite» deyən və adamların arasından çətinliklə keçən oğlanın yaxınlaşmasını gözləyirdi. Oğlan Nəzərə çatanda əlindəki beş qəpikliyi onun ovcuna basdı, o da bir bilet cırıb Nəzərə verdi. Nəzər bekarçılıqdan başını qatmaq üçün biletə baxdı: dörd qəpik. «Mən başa düşmürəm. Bax, bunu niyə dörd qəpik eləyirlər, axı? Bunu təşkil eləyən, nırx qoyan adamlar axı yaxşı bilirlər ki, heç kəs dörd qəpik vermir, beş qəpik verir hamı. Xırdası olmayan çoxdu. Bəs bu bir qəpik hara gedir? Dövlətin cibinə? Yox! Bax, bu qəşəng, cavan oğlan axşamacan o bir qəpikləri yığır, qoyur cibişdanına. Axşam da evə əli və cibi dolu gedir; bizim arvadkimiləri də belələrini kişi hesab eləyirlər! Vallah, dərindən ölçüb-biçsən, görərsən ki, bax, bu oğlanla, ya onun kimilərlə bu biletin nırxını-qiymətini təyin eləyən adamlar arasında gizli, gözəgörünməz bir əlaqə, bağlılıq var. Vallah, var, billah, var! Yoxsa bu niyə belə olmalıdı axı?.. Arada dövlətin cibindən gedir, camaatın cibindən gedir, beş-on nəfər lotu-potu qazanır!»
Nərimanov prospektindəki «Şüşə bazar»ın yanına nə vaxt çatdığını bilməyən Nəzər, basabasla, bir-birini itələyə-itələyə düşməyə çalışan adamların arasında səkiyə endi, elə dayanacağın qənşərindəki binanın qabağına keçib, birinci bloka girdi.
Güllü açdı qapını. Atasını görüb, boynuna sarıldı, üzündən öpdü. Bir hay-küy saldı ki, balaca saçlarına qırmızı bant bağlanmış, qəşəng kuklaya oxşayan Seyranə qapını açıb dəhlizə qaçdı və babasını görən kimi, cingiltili səslə qışqırdı:
⎯ Oy! Deduşka prişyol! ⎯ Qollarını açaraq Nəzərin qucağına atıldı, kişi onun çiyələk kimi qırmızı yanaqlarından öpdü, saçlarını tumarladı.
⎯ Nə təhərsən, a bala? Ay mənim madonnam, ⎯ deyə o Güllüyə sarı dönüb soruşdu, ⎯ özün necəsən? Sadıq nə təhərdi?
⎯ Yaxşıyıq, ay ata! Siz necəsiz? Mamam, Qərib necədi?
⎯ Eyzən yaxşılıqdı.
⎯ Keç içəri, ay ata! ⎯ Nəzər əlindəki çamadanı və qucağındakı Seyranəni yerə qoyub ayaqqabılarını çıxartdı. Güllü onun ayaqları altına bir cüt təzə çəkələk atdı.
Seyranə qışqıra-qışqıra Sadığın kabinetinə tərəf cumdu:
⎯ Pap, deduşka prişyol, deduşka prişyol.
Nəzər elə dəhlizdə Güllüdən xəbər aldı:
⎯ Nə əcəb Sadıq evdədi?
⎯ Bu gün vıxodnoyudu.
Nəzərin yadına düşdü ki, istirahət günüdü. «Günlərin haqq-hesabını itirirsən yavaş-yavaş, Nəzər!» ⎯ düşündü. Qonaq otağına girmək fikrindən daşındı, Sadığın otağına üz tutdu. Sadıq qapı ağzında qarşıladı onu.
⎯ Xoş gəlmisən, ay Nəzər bəy! ⎯ dedi, əl verdi.
⎯ Sağ ol, ay oğul!
⎯ Gəl, gəl, gəl otur görək nə var, nə yox? ⎯ Sadıq geri çəkilib, Nəzərə yol verdi. O, keçib kitab şkafının qabağındakı yumşaq kresloda əyləşdi. Bura gözəl, səliqə ilə bəzənmiş bir otaq idi. İki kreslonun arasında bir jurnal stolu vardı ⎯ üstündə qəzetlər, jurnallar səpələnmişdi. Qırmızı cildli ensiklopediya da Nəzərin keçən dəfə gördüyü yerdə idi. Bu, Nəzərin baxışlarından yayınmadı. Nəzər nə üçünsə qımışdı, ancaq bunu Sadıq görmədi.
Sadıq qəşəng, qızıl düyməli pijamadaydı. Üzünü də qırxmamışdı. Qələmi, adəti üzrə sağ qulağının dibinə keçirmişdi. Seyranə gəlib babasının qıçları arasına sığınmışdı. Sadıq ağzını açıb nəsə demək istəyirdi ki, telefon qəribə quş səsinə oxşar səslə «oxudu» və Sadıq ağ fil sümüyündən olan dəstəyi götürüb:
⎯ Hə, mənəm, ⎯ dedi və bir az qulaq asandan sonra: «Yox, yox, onun haqqında nazirin fikri yaman pisdi. Hə, lap pisdi. Nə danışırsan, a Həsən! O kişinin fikri elə olandan sonra mən neyliyə bilərəm? Yox, canım üçün! Heç mümkün deyil, mən nəkarəyəm ki, Sərxan Sərxanoviçin bir sözünü iki eləyəm? Yox, yox, mən bunu bacarmaram. Təmiz adamdı? Nə olsun təmiz adamdı, sən gəl ona Sərxan Sərxanoviçin gözüylə bax!.. Ha! Onda gör nə görərsən! Yaxşı, sağ ol!» ⎯ deyə üzünü bozardıb cavab verdi, dəstəyi qəzəblə çırpandan sonra, qayınatasına baxıb gülümsünməyə çalışdı. ⎯ Həftədə bir dəfə istirahət günü olur, onu da qoymurlar ki, adam öz işiylə məşğul olsun!.. Biabırçılıqdı, vallah!
⎯ İşin ağırdı, görürəm!.. «Kaş sənin bu söhbətini eşitməyəydim. Lap gözümdən düşür bu gədə getdikcə».
⎯ Ağır dedin, qoydun? O boyda nazirliyin bütün dərdi-səri mənim boynumdadı. Gündə yüz yerdən arayış, məlumat istəyirlər. Gərək yazılı cavab verəsən. Sərxan Sərxanoviç də ayağını yan qoyub gəzir özüyçün. Yalnız hazır kağız-kuğuza qol çəkir, vəssalam! Faktiki olaraq elə hesab elə ki, nazir mənəm!..
⎯ Hm. Doğrudan çətindi.
⎯ Bu vəzifəyə-zada da o qədər etibar yoxdu. At kimi şeydi vəzifə. Bu gün mən minmişəm, sabah sən minəcəksən, birisi gün o! Mən də əlləşib-vuruşuram ki, nə qədər burdayam, müdafiə eləyim, bir alimlik diplomu alım. Səhər avara qalmayım. Vəzifəni istədikləri vaxt, böyüklərdən birinin xoşuna gəlmədin, ya salamını məqamında vermədin, sənin əlindən ala bilərlər. Amma diplomu sənin əlindən ala bilməzlər, ömürlük çörək ağacındı!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-on-ucuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
...Saat ikiyə işləyirdi. Ayın sarımtıl işığı iri pəncərədən içəri düşürdü. Toğrul ağ nikel çarpayısında şirin-şirin yatmışdı. Bəhruzun böyründə uzanmış Xatirə sağ əlini başının altına, sol əlini sinəsinin üstünə qoymuşdu; barmağındakı üzüyün brilyant qaşı parıldayırdı.Sakitlikdi. Toğrulun mışıltısından, bufetin aynası qarşısındakı girdə saatın yeknəsəq çıqqıltısından başqa heç nə eşidilmirdi.
X fəsilBəhruz axşam nə qədər pis yatsa da, tezdən durdu. Çay-çörəyini iştahsız yedi. Xatirə soruşdu:– Bu gün xəstəxanaya gedəcəksən?
XI fəsilDünya gözündə gülürdü. Güllər, çiçəklər içində nərgizdən xoşu gəlirdi. «Kaş, burda bir dəstə nərgiz olaydı!» Musiqi ölüsüydü. «Kaş «Karvan» çalınaydı»... Qəribə idi. Haradansa burnuna nərgiz ətri gəldi, qulaqlarında karvan zınqırovları səsləndi...Maşın xəstəxananın qabağından tərpəndi. Bəhruz kepkasını çıxarıb böyründəki «Qızıma məktublar» kitabının üstünə atdı. Fit çala-çala irəli baxır, ehtiyatı əldən vermirdi. Dənizdən sərin meh əsirdi. Enli asfalt küçə ilə maşınlar, trolleybuslar, dizellər şütüyüb gedir, şəhər öz həmişəki adi, qaynar həyatını yaşayırdı.
XII fəsilİdarənin geniş həyətində iki əzik-üzük olmuş «Moskviç», bir köhnə «Pobeda» vardı. Bəhruz maşını dolandırıb onların yanında saxladı. Aşağı düşüb Ziyadxanın yanına gəldi. Ziyadxan onun heç üzünə də baxmadı. Əlinin işarəsilə başa saldı ki, dalınca gəlsin. İkimərtəbəli binaya daxil olub sağa buruldular, sonra qədim, köhnə pillələrlə yuxarı qalxdılar. Ensiz, ancaq işıqlı dəhliz boyunca addımladılar.Ziyadxan qapını yavaşca açıb, başını içəri uzatdı.