… İmran çarpayıda uzanmışdı, Nəzər elə şalvarın üstündən onun ətsiz, arıq ayaqlarını dizdən aşağı, dizdən yuxarı ovxalayırdı. Bu, kişiyə ləzzət eləyirdi:

⎯ Oxay… Bah, bah. Allah atana rəhmət eləsin, allah balalarını saxlasın. Uf, canımdan tikan çıxır sanasan…

Nəzər tövşüyə-tövşüyə:

⎯ Bə həkimə-zada getməmisən? ⎯ soruşdu.

⎯ Getmişəm… Doxtur Kamil özü gəlmişdi. Dava-dərman yazıb. Atıram, di gəl ki, heç bir xeyri yoxdur, Nəzər. Yeldi mənimki, qara yeldi. Onun dərmanı yoxdu, bilirəm. Suynan gələn mərəz qəbrəcən gedər. Ta bəsdi, yoruldun, əlin-qolun var olsun.

Nəzər dikəlib iki pəncərə arasına qoyulmuş stolun arxasındakı stullardan birini çəkib oturdu. Alnının tərini silib siqaret yandırdı.

Otaq demək olar ki, boş idi. Divar dibindəki güllü sandığın üstə yorğan-döşək yığılmışdı. Rəflərdə kasalar yan-yana sırayla düzülmüşdü. Döşəməyə həsir, həsirin də üstündən palaz salınmışdı. Otaqdan rütubət iyi gəlirdi. Qara telefon aparatı pəncərənin ağzına qoyulmuşdu.

⎯ Telefon işləyir, kişi?

⎯ Hə. Danışan olanda işləyir. ⎯ İmran zarıya-zarıya qalxıb yerindəcə oturdu, ağrılı ayaqlarını aşağı salladı. ⎯ O da bir dərd olub mənə.

⎯ Niyə ki?..

⎯ Eh, telefon danışmaq üçündü, Nəzər. Sən zəng eləyəsən, sənə zəng eləyələr. Amma bu, ağzına su alıb susur. Zəng eləyənimzadım yoxdu. Danışmalı yerim də yoxdu. Bircə bu qabaqdakı qonşuya hərdən-birdən zəng vururam, vəssalam.

⎯ Bəs Süleyman zəng eləmir?

⎯ Əvvəllər həftədə bir-iki dəfə danışırdı. Küsüb gedəndən sonra ta onun da səsini eşitmirəm.

⎯ O eləmir, sən zəng elə!.. Nömrəsini verməyib sənə?

⎯ Verib, işininkini də verib, evininkini də. Ancaq eləmirəm. Dözürəm, dözürəm, bir də görürəm lap ürəyim partlayır. Onda götürüb zəng eləyirəm, səsini eşidirəm, «Alo, mənəm» ⎯ deyir, mən isə cavab vermirəm, dəstəyi asıram. Ondan mənə nə lazımdı ki, heç nə! Səsini eşitdim, bəsimdi. Sağ-salamatdı ⎯ bəsimdi. ⎯ İmran kişi yenə kövrəldi.

Nəzər bu söhbəti saldığına peşiman oldu:

⎯ Sən də qəribə adamsan. Lap uşağa dönmüsən.

Nəzər o biri otağa keçdi, qazançanın qapağını qaldırıb baxdı. Üzü qaysaq bağlamış şorba vardı içində. Çaydanı asta ayaqda yanan qazın üstünə qoydu. Nə fikirləşdisə, geri qayıdıb telefonun dəstəyini qaldırdı, harasa uzun-uzadı zəng çaldı. Nəhayət, düşdü:

⎯ Aaz, a Güldanə, hardasan, a bala? Barmaqlarım qabar oldu sənə zəng eləməkdən.

Güldanənin səsi uzaqdan gəldi:

⎯ Həyətdəyəm, ay ata. Bəs sən hardasan?

⎯ İmran kişigildəyəm.

⎯ Bə acından ölmədinmi? Yaxşı dolma bişirmişəm, ay ata, İmran kişini də götür, gəl evə, nahar eləyin.

Nəzər dönüb İmrana nəzər saldı:

⎯ Güldanədi ey, deyir İmran kişini də götür gəl, nahar eliyək ⎯ Yox, ay Nəzər, mən gedə bilmənəm. Sağ olsun denən.

Nəzər ağzını dəstəyə tutdu:

⎯ Sən belə elə, qızım. Bizim yeməyimizi gətir bura. Mən istəyirəm İmran kişi ilə bir yerdə çörək yeyəm.

⎯ Baş üstə, ay ata. Gətirrəm indicə.

⎯ Uşaqlardan gələni yoxdumu?

⎯ Yox, ay ata.

⎯ Hə, onda özün gətir, mənim körpəm.

⎯ Yaxşı…

Nəzər dəstəyi asdı, keçib yerində oturdu. O biri otaqdan çaydanın cızıltısı eşidilməyə başladı.


Axşam ailə bir yerə yığışıb şam eləyəndə, nə isə qanıqara görünən, o biri günlərə nisbətən az danışan, az dinən Nəzər fikirli-fikirli dilləndi:

⎯ Mən sabah gedirəm Bakıya.

⎯ A, nə tez, ay baba? ⎯ deyə xurmayı saçlarını sinəsinə atmış, eynən anası Güldanənin on üç-on dörd yaşındakı çağlarını xatırladan Gültəkin təəccüblə qaşlarını çatdı, ⎯ heç biz səni doyunca görə bilmədik, ay baba!

⎯ Yox, getmə, ay baba. ⎯ Sarışın Elman dilləndi.

⎯ Mən səni buraxmıram, ay baba! ⎯ deyə Elcan böyründə oturan Nəzərin pencəyinin ətəyindən yapışdı. Elə bil babası indicə durub gedəcəkdi. ⎯ Yox, buraxmıram.

Nəzər gülümsünüb nəvəsinin yumşaq saçlarını sığalladı:

⎯ Ay bala, indi getmirəm ey, sabah gedəcəyəm. Ətəyimi burax. ⎯ Buraxmayacağam. Heç sən bizim maşınımıza minmədin. Sonra da nağılın yarımçıq qaldı axı. Məlik Məmmədi quyuda qoyub gedirsən?

Nəzər gülümsündü, dünən axşam, babası ilə yer yerdə yatan Elcana nağıl danışdığını, yarıda uşağı yuxu tutduğunu xatırlayıb dedi: ⎯ Ay səni. Yatdın da! Xəmirgöz imişsən sən!

⎯ Yorulmuşdum da. On yeddi kilo pambıq yığmışdım dünən!

⎯ Pa, nə böyük iş görübsən. Sənin taylarının hamısı iyirmi beş kilo yığmışdılar! ⎯ Gültəkin qardaşını cırnatmaq istədi. Ancaq Elcan ona baş qoşmayıb, babasının ətəyini silkələdi:

⎯ Onda bu gecə danışarsan, yaxşı?

⎯ Yaxşı, mənim balam!

⎯ Bunlara danışmazsan ha. Tək mənə danışarsan. Yaxşı?

⎯ Yaxşı.

⎯ Yadındadı harda qalmışdıq? ⎯ deyə o, bacısına-qardaşına lovğa-lovğa baxdı. ⎯ Məlik Məmməd qaranlıq, lap qaranlıq quyuya girir qara qoçun belində!

⎯ Hə, hə. Darıxma, bu axşam, bunlar yatandan sonra, ⎯ o stol arxasındakılara işarə elədi, ⎯ sənin Məlik Məmmədini quyudan çıxardarıq.

⎯ Urra! Məlik Məmməd quyudan çıxacaq bu axşam! ⎯ deyə Elcan babasının ətəyini buraxıb əl çaldı. Tapdığı da, Güldanəni də gülmək tutdu. Tapdıq dodağını kağız dəsmalla silə-silə:

⎯ Doğrudan, bə nə tez gedirsən, Nəzər müəllim? ⎯ deyə soruşduqda, o, boşqabı kənara itələyib:

⎯ Nə isə, yaman darıxıram, ⎯ dedi. ⎯ Heç bir yerdə qərar tuta bilmirəm. Gedim Güllü balama da dəyim, sonra görək başımıza nə çarə qılırıq.

⎯ İki-üç gün də qal, ay ata! ⎯ Güldanə yalvarıcı səslə dedi. ⎯ Yox, mənim körpəm. Getməyim məsləhətdi.

⎯ Deyəsən, İmran kişinin vəziyyəti səni darıxdırdı ey, ay ata. Nəzər ah çəkdi:

⎯ O da var. İmran dedin, yadıma düşdü. Sizin hamınızdan bir xahişim var, balalarım.

⎯ Buyurun, Nəzər müəllim, ⎯ Tapdıq qulaq kəsildi.

⎯ Tez-tez, hansınızın imkanı oldu, o kişiyə baş çəkin. Düşəndə isti xörəkdən-zaddan aparın. Vaxtınız olmasa, heç olmasa, quruca zəng çalın, halını-əhvalını soruşun. Tək adamdı, yazıqdı.

⎯ Baş üstə, Nəzər müəllim. Bu nə sözdü? Eliyərik.

⎯ Elə bilin, o mənəm.

Güldanə tələsik, qorxu içində:

⎯ Allah eləməsin, ay ata! ⎯ dedi. ⎯ Kişiyə bax ey, gör nə danışır ey, sən allah!

⎯ Heç kəs bilmir başına nə gələcək. Həyatın işdəklərini bilmək olmur, mənim körpəm. İmran kişi oğlundan yaman inciyib. İstəyirdim Tapdığa deyəm, nömrəsiz də olsa, maşını işə salsın, kişini aparım qoyum Süleymangilə. Amma daş atıb, başını tutdu ⎯ «Getmənəm» ⎯ deyib, iki ayağını bir başmağa dirədi. «Mən onun evində yaşaya bilmənəm, Nəzər, ⎯ dedi, ⎯ bir gün də yaşaya bilmənəm. Arvadı, uşağı dilimi bilmir: mənim dediyimi onlar başa düşmür, onların dediyini mən qanmıram» ⎯ ayağa qalxıb gəzindi, üzü bəri ⎯ stola tərəf dönəndə Gültəkinin sinəsindəki komsomol nişanı gözünə dəydi, bir az fikrə gedib dedi: ⎯ A qızım, siz, bax, elə sizin sinif niyə o İmran kişini hamiliyə götürməyəsiz, hə? Gündə biriniz baş çəksə nə olar?

Tapdıq Nəzər müəllimin bu təklifinə sevindi:

⎯ Əla fikirdi, babası! Çox yaxşı olar, qızım.

⎯ Müəllimimizə deyərəm! ⎯ Gültəkin də sevinclə dilləndi.

⎯ Kimdi müəlliminiz?

⎯ Fazilə müəllimə!

⎯ Hə, lap yaxşı. Gərək bu, onun öz ağlına gələydi. O, yaxşı müəllimdi. Yadına sal səhər, lap elə mənim adımdan de, de ki, Nəzər müəllim də xahiş eləyir. Bu, birinci növbədə sizin borcunuzdu. Hamımızın, məktəbin də, elə lap bu kənd camaatının da. Nədən ki, İmran kişi bütün ömrünü bu kolxoza, bu camaata sədaqətlə qulluq eləməkdə keçirib. İndi qocalıb, əldən düşüb deyə yıxılıb ölməlidi? Axı, o, canlı insandı! Yaşamaq istəyir o da. Özü də mərd kişi olub İmran! Siz bu gün görəydiz Səfərə ⎯ sizin o kolxoz sədrinə nələr dedi o! Səfər indi ev tikmək istəyir onun üçün! Nə var, nə var, İmran kişinin oğlu Süleyman bu rayona katib gəlib! Faşist oğlu faşist, Süleymanın yanında yerini şirin eləmək istəyir! İki il, üç il qabaq tiksəydi, min dəfə bundan urvatdı, hörmətli-izzətli olardı! Onda camaatın içində Səfərin özünün də başı uca olardı, İmran da sevinərdi, bəlkə heç qıçları da tutulmazdı, gözlərinə də qara su gəlməzdi. Onda sən də, o da ⎯ o, kürəkəninə, qızına üz tutdu ⎯ səhərdən axşamacan o çöldə, bayırda başına gün döyə-döyə, yağış-qar altında işləyən adamlar da bunu görüb hiss eləyərdilər; inanardılar ki, zəhmət hədər getmir, sabah İmran kişi kimi qocalıq gəlib qapını kəsəndə, onların da qədir-qiymətini bilən olacaq, qayğısına qalan olacaq. Belə olanda insan güclü olur, həvəsli olur. Yoxsa…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, onuncu fəsil

«O qız deyəsən səni yaman əfsunlayıb ha!» — Samirənin o vaxt, neçə ay bundan qabaq Şərifə haqqında söylədiyi bu sözlər Mürşüdün yadından heç cür çıxmırdı. Mürşüd elə o zaman, anası ilə danışarkən birdən-birə başa düşmüşdü ki, Şərifəyə biganə deyil. Bu hissindən uzun müddət utanmışdı. Bilirdi ki, cavan da olsa, qəşəng də olsa, əri var, uşağı var; ərini də tanıyırdı. Universitetdə iki kurs ondan yuxarı oxumuşdu oğlan. Buna görə, o deyib-gülməyi xoşlayan, açıq-saçıq danışmaqdan çəkinməyən Şərifəyə başqa gözlə baxmağı qətiyyən istəmirdi. Ancaq günlər, həftələr keçdikcə Mürşüd özü də bilmədən ona bağlanırdı. Qəribə idi ki, qız da onun xətrini çox istəyirdi. Başqalarına nisbətən ona daha yaxın idi və bunu hiss elətdirməyə çalışırdı başqalarına. Mürşüd bilmirdi, başa düşmürdü ki, bunu o, ürəyinin tələbinə görə eləyir, yaxud ona çox böyük hörmət bəsləyən direktorun oğlu olduğuna görə! Əlbəttə, Mürşüd atasının Şərifəni başqalarından uca tutduğunu aydınca görürdü, hiss eləyirdi — uşaq deyildi ki? Lakin bu hörmətin altında gizlənən məna ona çatmırdı. O, sadəcə olaraq, Şərifənin ərinə olunan bir hörmət kimi başa düşürdü bunu. Digər tərəfdən, Şərifə ilə direktor arasında yaranmış xüsusi münasibət barədə institut divarları arasında, ələlxüsus qadınlar içində gəzən «pıçapıçları» o eşitməmişdi — çünki heç kəs ürək eləyib bunu ona deməmişdi. Hər necə olsa direktorun qulağına çatsaydı, bunu dilə gətirən adam gərək elə o gün kitab-dəftərini yığışdıraydı, özünə başqa yerdə iş axtarmaq qayğısına qalaydı. Bunu isə heç kəs istəmirdi. «Hər kəs özünə cavabdehdi, kim nə eləyir özü bilər» — fikrinə bu məsələdə xüsusilə riayət olunurdu kollektiv arasında. Təbiidir ki, belə bir şəraitdə Mürşüd atası ilə Şərifənin münasibətindən xəbərsiz idi. Başqa cür düşünməyə isə onun əsası yox idi. Buna görə də, Mürşüd yavaş-yavaş, özü də hiss eləmədən Şərifəyə bir gözəl qadın kimi maraq göstərməyə başlamışdı. Bu maraq getdikcə güclənirdi və iş o yerə gəlib çatmışdı ki, bunu qadın özü də hiss eləmişdi. O bunu hiss eləyən an Mürşüd uşaq kimi qorxmuşdu — Şərifə ona çay verəndə... Mürşüd qeyri-iradi olaraq əlini onun kiçik və yumşaq əlinin üstünə qoymuşdu. Və gözləmişdi ki, indicə qadın əlini onun əlindən qoparıb üzünə taraz bir şillə çəkəcək. Ancaq bu, olmamışdı. Şərifə əlini tərpətmədən uzun kirpikli qara gözlərini dolandırıb Mürşüdün utancaq və qorxu içində pörtmüş sifətinə, qonur gözlərinə baxıb qəribə bir məsumluqla gülümsünmüşdü. Və sonra — Mürşüd üçün ən maraqlısı bu idi — Şərifə ondan qaçmamışdı, uzaqlaşmamışdı. Mürşüdün fikrincə, bundan sonra o, qaçmalıydı ondan. Lakin əksinə olmuşdu — Şərifə onunla daha tez-tez və daha mehriban danışmağa başlamışdı. Aydındı ki, bu, oğlanı hədsiz dərəcədə sevindirmişdi. Onu dəhlizdə, şöbədə, kitabxanada görəndə bəxtiyar olurdu, elə bil hava təmizlənirdi, elə bil hər yan Şərifənin vurduğu o qəribə ətrin qoxusu ilə dolub gözəlləşir, baharlaşırdı. Mürşüd o vaxt atasına demişdi ki, institutdan getmək istəyir. Bu onun qəti fikri idivə əgər atası o cür işləməkdə davam edərsə, hökmən gedəcəyini qərara almışdı. Ancaq sonralar onun bu qərarını Şərifə dəyişdirdi

8 мин
İkinci hissə, on birinci fəsil

Evdə qıy vursaydın, qulaq tutulardı. Qonaq-qaralı, çal-çağırlı bu mənzildən Ceyhun öldürüləndən sonra, əl-ayaq kəsilmişdi, məclislər yığışdırılmışdı, cürbəcür maqnitofonlardan ucalan rəqslər, mahnılar susmuşdu. Salman Qurbanzadə zahirdə özünü tox tutmağa çalışsa da, içəridə, batində tamam məyus olmuşdu; deyən, gülən, hərə ilə öz dilində danışmağa çalışan Salman indi dindirsən dinirdi, dindirməsən yox. Fironluğu getmişdi. Nadirə ilə daha heç nə üstündə mübahisə eləmirdi. Əsas söz-söhbətləri elmi ixtilaflar olardı, bir də Ceyhun üstündə söz güləşdirərdi əvvəllər. Daha Ceyhun yox idi — onun gələcəyi, tərbiyəsi, oturuşu-duruşu barədə də danışıqlar, təbii ki, kəsilmişdi. Elmi mübahisələrə girişməyə də hövsələləri qalmamışdı. Ər-arvad bir-birinə çox mehriban olmuşdu. Nadirə xanım nə qədər kədərli, süst olsa da, Salmana əvvəlkilərə nisbətən daha yaxşı qulluq eləyirdi. Yeməyinə, içməyinə xüsusi diqqət yetirirdi. Salman isə daha onun üstünə qışqırmır, heç nəyin üstündə evə qanıqaralıq salmırdı. Yaxşı ki, bu yazı-pozu varmış. Hərə öz otağına çəkilib gecədən xeyli keçənə qədər başını kitablarla, yazmaqla qarışdırırdı. Və nə yaxşı ki, bu televizor da varmış. Yorulanda, sıxılanda televizoru yandırar, verilişin yaxşısını, pisini seçmədən, filmin maraqlı olubolmamasının fərqinə varmadan divanda əyləşib tamaşa edərdilər. Bəzən tək, bəzən ikilikdə, səssiz-səmirsiz; müzakirə filan eləməzdilər. Ən gülməli, uğunmalı şeylər belə ürəklərini aça bilmirdi.Nadirə hərdən evdə hökm sürən bu qəribə sükuta fikir verib düşünərdi ki, söz-hərəkətin, mübahisələrin, soyuqluğun, «döyüşlərin» əsas səbəbkarı yazıq Ceyhun imiş deyəsən. Döyüş onun üstündə gedirmiş, sən demə. Ceyhunun ürəyi, beyni, tərbiyəsi — boş ərazi kimi atanın, ananın fikrini məşğul edirmiş. Hərəsi ayrı-ayrılıqda da o beyni, o ürəyi «işğal» etmək, öz «bayrağını» sancmaq istəyirmiş. Salman öz bayrağını, Nadirə öz bayrağını. İndi o ürək, o beyin yox idi — onlar da susub oturmuşdular.

11 мин
İkinci hissə, on ikinci fəsil

Salman işdən çıxıb bağa getmişdi, şənbə, bazar günləri orada qalacaqdı: nə qədər təkid eləmişdisə, Nadirə xanım boyun qoymamışdı, evdə qalacağını, yır-yığışla məşğul olacağını bildirmişdi. Yır-yığış deyəndə o, otaqları silib-süpürməyi, səliqə-sahman yaratmağı nəzərdə tutmurdu, haçandı ürəyində gəzdirdiyi, Salmana da açıb demədiyi bir işi görmək istəyirdi; Ceyhunun otağının bütün dər-divarını şəkilləri ilə bəzəmişdi, çarpayısını düzəltmişdi, kitab-dəftərini mizin üstə qoymuşdu; elə bir şərait yaratmışdı ki, sanki Ceyhun harasa getmişdi, haçansa gələcəkdi və bu otağa baş çəkən hər kəs belə düşünə bilərdi ki, bu otağın sakini olduqca səliqəli, hər şeyinin öz yeri olan bir adamdı. Nadirə xanım bütün bu səliqə-sahmanlı otağa bir ziynət də vermək istəyirdi; Ceyhunun müxtəlif illərdə, lap dili təzə söz tutandan son günlərinə qədər maqnitofon lentlərinə yazılmış — özü bilən, özünün xəbəri olmadan səbt olunmuş — səsini, sözlərini az qala üç-dörd qutunu dolduran kasetlərdən axtarıb tapmaq, hamısını bir lentə köçürmək və yadigar saxlamaq istəyirdi. Qış vaxtı da, istirahət zamanı da, yuxularında da heç cür yadından çıxara bilmədiyi yeganə ciyərparasının bir növ «mənzil muzeyinə» çevirdiyi bu kiçik otağa, gələnlərə gözlərinin qorasını sıxa-sıxa danışan Nadirə xanım, Ceyhunun sözləri, gülüşləri, çox sevdiyi mahnılarla da bəzək vermək arzusunda idi. Əslində o, oğlu haqqında başqalarına yox, özü üçün danışırdı və hər şəkil, hər söz Ceyhunu onun gözündə yoxluq, heçlik aləmindən geri, həyata qaytarır, dirildib canlandırırdı; yalnız bu zaman o, qəlbinin atəşinə su çiləyə bilirdi.Ceyhun maqnitofon «xəstəsi» idi. İndiyə qədər çıxmış bütün maqnitofonların — istər yerli, istər xarici olsun — elə bir markasını göstərmək olmazdı ki, lap təzə yayılan vaxtı almasın, istifadə etməsin və bir az sonra, yenisi şəhərdə peyda olan kimi, dəyər-dəyməzinə yoldaşlarından birinə sataraq təzəsini almasın. Xüsusilə Yapon maqnitofonlarını çox xoşlardı. Anası bu «xəstəliyinə» görə onu danlayıb-dansayanda, «bunun əvəzinə dərslərinə baxsan, heç də pis olmaz» — deyəndə, Salman, «dəymə, Nadirə, hərə bir şeyin bazı olduğu kimi, o da maqnitofon bazıdı, qoy uşaq kefini çəksin!» — deyib oğluna qahmar çıxırdı və çox vaxt, təzə maqnitofon almaq istəyən, ancaq pulu çatmayan Ceyhuna Nadirədən gizlin pul da verərdi. Ceyhun sevinə-sevinə gedib həmin maqnitofonu alıb gətirəndə birinci Salmanın kabinetinə keçərək kişini işdən ayırar, onun texniki məziyyətlərindən, başqa maqnitofonlardan fərqli və üstün cəhətlərindən böyük həvəslə, özü ixtira edibmiş kimi, ən azı yarım saat danışardı, atasının, özünün səsini yazardı, lenti geri hərləyib yazdıqlarına təzədən qulaq asardı. Bu hal, Ceyhun hər dəfə təzə maqnatofon alanda təkrar olunardı. Nadirə xanım belə hallarda narazılıqla başını tərpədərək Salmana deyərdi: «Bunda texniki sahəyə böyük maraq var, Salman. Deyəsən injinerdən-zaddan olacaq». O zaman Salman adəti üzrə əlini sinəsində gəzdirə-gəzdirə: «Hələ bilmək olmaz, Nadirə. Adicə maraqdı bu. İndi texnika əsridi, belə-belə işlərlə indi hamı maraqlanır» — söylərdi.

7 мин
İkinci hissə, on üçüncü fəsil

İltifatın redaktoru olduğu «Zəka» divar qəzetinin yeni nömrəsi çıxmışdı. Əməkdaşlar ikibir-üçbir direktorun kabinetinin sol tərəfindəki taxta lövhədən asılmış dörd sütunluq, bir səhifəlik qəzetin qabağında ayaq saxlayır, oxuyub müzakirə edir, sonra danışa-danışa şöbələrə çəkilirdilər. Marağın səbəbi bu idi ki, İltifat üçüncü sütunda özünü Nurəddin Osmanzadəyə həsr elədiyi lirik poemasından bir parça vermişdi. Lap əvvəlində, iki-üç yağlı cümlə ilə Nurəddini dünyanın ən böyük alimləri ilə yanaşı qoyan bir ithaf da yazmışdı. Onun — Nurəddinin zəkası Günəşə bənzədilir, qələmi böyük qəhrəmanların qılıncından da üstün tutulurdu. Sözə, tərifə xəsislik eləməmişdi. Ürəyində, dilində nə qədər şirin və yağlı ifadə vardısa, səxavətlə işlətmiş, Nurəddini göyün yeddi qatına qaldırmışdı. Sütunun axırında isə mötərizə içərisində «ardı var» deyə qeyd olunan bu mədhiyyə, institut əməkdaşlarının böyük əksəriyyətində bir ikrah hissi doğurmuşdu. Bu gün, həftənin birinci günü, hamı başını aşağı salıb işləmək əvəzinə, İltifatın bu əttökən mədhiyyəsini müzakirə eləməklə məşğuldu. Şer, əgər bu adamların tanımadığı əfsanəvi bir qəhrəmana, alimə həsr edilmiş olsaydı, bəlkə də rəğbətlə qarşılanardı — çünki, insafən, misralar dolu idi, mənalı idi. Lakin məsələ bunda idi ki, üç-dörd nəfər dostunu, iki-üç yaltağı və simasızı çıxandan sonra, öz doğma oğlu da içində olmaq şərtilə institutun bütün kollektivi, hətta makinaçılar belə akademik Nurəddin Osmanzadə barəsində tamam ayrı fikirdə idilər və bu mədhiyyədə vəsf edilən cəhətlər, palçıq quru divarı tutmayan kimi, Nurəddinə də əsla yapışmırdı. Bir insan kimi zərrə qədər zərifliyi olmayan bu adam ən iti və duzlu bir qələmlə yazılmış felyeton qəhrəmanı ola bilərdi, ancaq şer qəhrəmanı yox. «Vallah, şer heyfdi, siz allah, şerə yazığınız gəlsin, onu namərd adamlarıa adı ilə ləkələyib öldürməyin, vallah, şer müqəddəsdi» — Sakit o «şeri» oxuyanda bayaq ürəyində belə demişdi. Kefinə soğan doğranmış Sakit gözlərini dördüncü sütunda gəzdirmişdi, bu iyrənc misraları unutmaq istəmişdi, lakin ovqatı daha da pozulmuşdu — çünki dördüncü sütunda yenə redaktorun adının baş hərfləri ilə — İ.A. — deyə imzalanmış bir neçə bənd şer parçası da gözünə dəymiş və istər-istəməz onları da oxumalı olmuşdu. Bu bəndlərdə dəhlizlərdə siqaret çəkib külünü (İltifat özü nə siqaret çəkən idi, nə də içki içən idi) gül dibçəklərinə tökənlər, işə gec gəlib tez gedənlər, pulla dissertasiya yazdırmaq xülyası ilə yaşayanlar (Yalan-gerçək camaat danışırdı ki, İltifat özü bu barədə zavod direktorunun qızı olan. Fazilə xanımla belə bir sövdələşmə eləyibmiş, hətta onun üçün bir məqalə də yazıbmış — bunu onun qələminə məxsus terminlərləçox asanlıqla təyin eləmək mümkünmüş — ancaq nəfsini saxlaya bilməyib qıza üstəlik eşq də elan eləyəndən sonra bu iş yarımçıq qalıb və İltifat, deyilənə görə, indi o qızın əlindən zəncir gəmirir) tənqid edilirdi. Bəndlərin biri isə, Sakitin ürəyinə damdı ki, onun özünə yazılmışdı. Sakit o zaman ona məsləhət verəndən sonra İltifatın üzü dönmüşdü, salamını da güclə alırdı. Qulağı çalırdı ki, guya Sakit onun paxıllığını çəkir. İltifat bu bənddə birini — çox güman ki, Sakit idi bu adam — paxıl adlandırmışdı və hələ üstəlik başının tükünün töküldüyünə də işarə eləmişdi. Sakit pərt olsa da, özünü o yerə qoymadı və İltifata bu barədə heç nə demədi.

17 мин

Стихи других поэтов