Birinci hissə, on üçüncü fəsil
Страница 3 из 5 · 40%
Sadıq hərdən bu mərəzinin köklərini də axtarırdı. Və bu qənaətə gəlirdi ki, o özü elə adamdı ⎯ gözüdağınıqdı, gözəl qadın görəndə əriyib suya dönür, nə vasitə ilə olursa-olsun ona qırmaq atır, cələ qurur, dəridən, qabıqdan çıxır, vaxtına-puluna hayıfsılanmır, nəhayət, beş-üç belə qadından biri yola gəlir! Sadıq məhz belə hallarda düşünürdü ki, indiki zamanda əxlaq laxlayıb! Kim inanar ki, bax, bu dünya gözəli, bax, yeriyəndə yer titrəyən bu mələk ismətsizdi, yolunu azıb! Bax, belələrini görəndə, başqaları da Sadığın gözündə şübhə altına düşürdü, necə deyərlər, qurunun oduna yaş da yanırdı.
Sadığın xasiyyətində hamısından qəribəsi bu idi ki, bu fəlsəfəsini nəinki yoldaşlarına, dostlarına, oturub-durduğu adamlara, hətta öz arvadına da açıb demirdi, gizli saxlayırdı. «Dost-tanış bilsə gülər. Arvad isə belə şeyləri bilməsə yaxşıdı. Yoxsa tez ayılar…» Danışmırdı, ancaq düşündüyü kimi, öz dünyasında yaşayırdı Sadıq. Çöldə, idarədə heç kəs heç nə bilmirdi: evdə isə o, arvadı üçün qıfılbənd idi, bağlı sandıq idi. Neçə illər bir damın altında ömür sürmələrinə baxmayaraq, Güllü ondan baş açmırdı. Doğrudur, yemək-içmək, pal-paltar sarıdan qətiyyən korluq çəkmirdilər, soyuducu həmişə dolu olurdu, mer-meyvə qalıb çürüyürdü. Güllü nə istəsəydi, gedib bazardan, mağazadan alıb gətirirdi, öz əliydi, öz başıydı. Həmişə də pulu vardı, çünki Sadıq aldığı maaşı bütünlüklə kamodun üstünə qoyurdu, sonra da heç vaxt ondan pul istəmirdi, haqq-hesab soruşmurdu. Düzü, bu, Güllünün ürəyincə idi, çünki o, atası evində də gözünü açıb belə görmüşdü. Ancaq ər-arvadlıq, Güllünün fikrincə, tək bundan ibarət deyildi. Sadıq qaradinməz idi, heç vaxt dərdini-qayğısını açıb arvadına deməzdi, danışıb-gülməzdi, ən zəruri söhbətlərdən başqa, bu evdə ayrı söz-sov olmurdu və təbiəti etibarilə deyib-gülən, şad-xürrəm böyümüş Güllünü bu, çox sıxırdı.
Texnikumda işlədiyi vaxtı, Sadıq işdə olanda, bir dəfə evdə yır-yığış eləyəndə Güllü kitab şkafının içindən üç-dörd əmanət kitabçası tapmışdı və marağını, təəccübünü saxlaya bilməyib onlardakı pulları üst-üstə gəlib cəmləmişdi və alınan rəqəmdən hədsiz dərəcədə heyrətlənmişdi. Güllü ömründə bu qədər pul görməmişdi, belə pulu olan adam da görməmişdi. Əvvəl ərinin və deməli ki, öz ailəsinin belə var-dövlətə malik olduğunu düşünüb sevinmişdi, «Sadıq ağıllıdı» ⎯ deyə fikirləşmişdi. Ancaq bu həyəcan keçəndən, başının dumanı ayazıyandan sonra ağlına gələn fikir əl-qolunu süstələtmişdi: «Bəs Sadıq niyə bu barədə mənə heç nə deməyib? Yəni mənə etibar eləmir? Ya məndən gizli saxlamaq niyyətindədi?» Və Güllünün gözündən düşmüşdü o pullar. İncimişdi. İstəmişdi axşam işdən qayıdan kimi, ərini divara dirəsin, sorğu-suala tutsun. Ancaq sonra heç nə soruşmamağı, üstünü də vurmamağı məsləhət bilib susmuşdu.
Keçən il Sadıq adəti xilafına, evə gələn kimi, üz-gözündən sevinc yağa-yağa Güllünün balaca, yaraşıqlı burnuna çırtma vuraraq:
⎯ Məni təbrik eləyə bilərsən, arvad! ⎯ demişdi, ⎯ müəllimlikdən çıxdım.
⎯ Müəllimlikdən çıxdın? ⎯ Güllü özünü itirmişdi.
⎯ Hə.
⎯ Taonda nəyini təbrik eləyim, ay Sadıq? Yoxsa direktor qoyublar səni?
⎯ Nə? Direktor? Hm. Direktor nədi, aaz! İndi sənin Sadığın nazir müavinidi ey, nazir müavini!..
⎯ Nazir müavini? ⎯ Güllünün qulaqları guruldamışdı.
⎯ Hə!..
Sevinc içində:
⎯ Gün o gün olsun nazir olasan, ay Sadıq! ⎯ deyə özünə xas mehribanlıqla ərinin üzündən öpmüşdü.
Sadıq gülmüşdü:
⎯ Daha mənimlə ehtiyatlı dolan ha! Daha sənin üçün kakoynibud nesçastnıy müəllim deyiləm ha…
Eşitdiklərinə hələ də inanmaq istəməyən Güllü, şübhəsini gizlədə bilməyərək:
⎯ Nə əcəb ey, deyirəm, birdən-birə səni o cür irəli çəkdilər, ay Sadıq? ⎯ deyə soruşanda Sadıq o dəqiqə bozarıb dəyişmişdi:
⎯ Bu olmadı da! Sənə bir dəfə demişdim ki, belə işlərə qarışma, arvadsan, otur arvad yerində, bildin?
⎯ bildim. Elə-belə, maraq üçün soruşdum, Sadıq. Ta acığın niyə gəlir? Mən özgə deyiləm ki!..
Və az bir zaman içində Sadığın nazir müavini olması nəinki şəhərdə, dost-tanış arasında yayılmışdı, bu şad xəbər telefon telləri ilə axıb kəndə ⎯ Güllünün ata-anasına, bacısına da çatmışdı. Əlbəttə, hamısı buna sevinmişdi. Təbriklər, gəlib-gedənlər azalıb, ara səngiyəndən sonra günlərin birində, hardansa o gözqamaşdıran pul kitabçaları yadına düşən Güllü onları yerində görməmişdi, uzun müddət itiyi itmiş adam kimi, evdə vurnuxmuşdu; Sadığa zəng çalıb əhvalatı demək istəmişdi, ancaq yenə susmağı məsləhət bilmişdi: «Özü qoymuşdu, özü də götürüb! Ondan başqa bu evdə o otağa kim girib-çıxır ki?» ⎯ deyərək, təskinlik tapmışdı. Ancaq uzun müddət unuda bilməmişdi, elə hey götür-qoy eləmişdi və nəhayət, yenə adi günlərin birində ağlına gələn bir fikir onu lap sakitləşdirmişdi: «Məgər o boyda vəzifəni adama havayı verərlər? Yəqin…»
Və zaman keçdikcə belə-belə şeylər Güllü ilə Sadıq arasına gözəgörünməz pərdə çəkirdi. Bu pərdə get-gedə qalınlaşır, möhkəmlənir və onları bir-birindən uzaqlaşdırırdı. Evdə hər şey var idi, ancaq sevinc yox idi, fərəh yox idi. Güllünün heç nəyə ehtiyacı yox idi, təkcə sevinc təşnəsi idi. Yaxşı ki, Seyranə varmış, başını qatırdı. Günün hardan gəlib, hara getdiyini bilmirdi. Seyranə dilli-dilavər uşaq idi. Nəzərin dediyinə görə, lap Güllünün öz körpəliyiydi. Saçları, gözləri, gülüşü də Güllününkünə oxşayırdı. Sadıq nazir müavini olandan sonra onun təkidi ilə gələn il məktəbə gedəcəyini nəzərə alaraq, qızı şəhərin nümunəvi uşaq bağçasına qoymuşdular. Hər gün səhər tezdən Sadıq işə gedəndə, dalınca gələn maşınında Seyranəni özüylə aparardı, bağçada qoyub gedərdi. Axşam isə onu Sadığın sürücüsü gətirib anasına təhvil verərdi, çünki Sadıq axşamlar evə gec gələrdi, iclasda, kollegiyada yubanardı. Bütün günü tək qalan Güllü son vaxtlar yaman darıxardı, ancaq Sadığa heç nə deməzdi, ev işlərini görər, kitab oxuyar, televizora baxar, yatardı və bu cür yaşamaq, əlbəttə, onu bezdirməyə bilməzdi.
Bunlar elə ağrılar idi ki, hər gün özünü hiss etdirirdi və Güllü də səsini çıxarmadan, dözə-dözə yaşayırdı. Kənardan baxanların, qohum-qonşunun gözündə o, bəlkə də bəxtəvər qadın idi. Ancaq içəridə... Və bunu ancaq o özü görürdü, hiss eləyirdi. Qəribə idi ki, indiyəcən ⎯ bir az əvvəl gələn atasından o sözləri eşidənəcən ona həmişə elə gəlmişdi ki, bundan, onun, türkün məsəli, aftavası da xurustaldandı, qızım. Bu, sədi başa düşdü ki, yanılırmış. Atası, bura az-az, ildə bir dəfə, iki dəfə gəlib-gedən Nəzər müəllim, sən demə, sevimli madonnasının ürəyini sıxıb əzən duyğulardan ⎯ yadlıqdan, təklikdən, o gözəgörünməz pərdədən, divardan xəbərdar imiş! Güllü buna ancaq təəccüb edirdi, heyrətlə ağzını açıb atasının dediklərini dinləyirdi.
⎯ Görürəm, mənim madonnam, çaşıb qalıbsan ki, mən bunları hardan bilirəm?
⎯ Hə, ay ata, doğrudan hardan bilirsən bunları?
⎯ Mən atayam, qızım, mənim ürəyimin də gözü var, hisslərimin də gözü var. Sən axı mənim ürəyimin, ömrümün bir parçasısan, ayrılıbsan canımdan, gəlib düşübsən bu cah-cəlalın, naz-nemətin içinə; elə bir adamın əlinə düşübsən ki, onun, türkün məsəli, aftavası da xurustaldandı, qızım. Bu, sənin xoşbəxtliyindimi, bədbəxtliyindimi, bilmirəm, hələ bilmirəm. Bəlkə də sənin atan başqa adam olsaydı, buna yəqin ki, sevinərdi. Ancaq düzü, nədənsə, mən sevinə bilmirəm! Qəribədi ki, mənim ocağımın başını icazəsiz-filansız tərk eləyib bu gədənin əlinə düşəndən həmişə elə bilmişəm ki, səni itirmişəm, səni çölə atmışam; odur ki, yarı canım həmişə sənin yanında olub, qulağımın dibində, beş addımlığımda yaşayan Güldanəyə bir dəfə baş çəkəndə, üç dəfə, beş dəfə sənə gəlib dəymişəm. Və hər dəfə bura gələndə qorxmuşam ki, indi gedib balamı ağlar görəcəyəm, qolları qoynunda, qan dənizində görəcəyəm. Bilmirəm, bu nə sirdi, anlamıram, bala!..
⎯ Sən peyğəmbərsən, nəsən, ay ata? Sən… ⎯ Güllünün sözü yarımçıq qaldı, hamamdan şırıltı ilə axan suyun səsini batıran səs eşidildi:
⎯ Güllüüü!.. ⎯ Və Güllü nə vaxtdan bəri ürəyində gəzdirdiyi dərdlərini demək məqamının çatdığını hiss elədiyindən getmək istəməsə də, tərəddüd içində daldalı çəkilib hamama girdi. Əlbəttə, o utanırdı, çox namünasib vaxtda Sadıq çimməyə başlamışdı, gərək indi, qayınatasının yanında belə ədəbsizlik eləməyəydi. Hamam qaçmırdı, başqa binalarda olduğu kimi, burda da su saat hesabıyla verilmirdi ki.
Su gecə-gündüz şarhaşarla axırdı. Üstəlik də istisi-soyuğu bir yerdə. Digər tərəfdən də o, bu iki daşın arasında hamama girib ərini kisələməliydi, sabunlamalıydı. Guya bir dəfə Güllüsüz çimsəydi, dünya dağılardı.
Güllü bunları düşünsə də, Sadığa heç nə demədi, ixtiyarı yox idi ⎯ əvvəldən belə öyrətmişdi Sadıq!.. Sadığın tüklü, sağlam bədəninə kisə çəkə-çəkə düşünürdü ki, atası necə gözəl sözlər deyirdi, onun ürəyindən lap tikan çıxarırdı. Elə bil beynini açıq kitab kimi onun üzünə oxuyurdu kişi. Heç vaxt aralarında belə söhbət olmamışdı. Və Güllü də deyəcəkdi ürəyindəkiləri. Amma hayıf! Bir də çətin bu barədə danışa bilsinlər. Doğrudan da, Nəzər qızıgildə qaldığı müddətdə daha o məsələnin üstünə qayıtmadı, Güllü isə cəsarət eləmədi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-on-ucuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
...Saat ikiyə işləyirdi. Ayın sarımtıl işığı iri pəncərədən içəri düşürdü. Toğrul ağ nikel çarpayısında şirin-şirin yatmışdı. Bəhruzun böyründə uzanmış Xatirə sağ əlini başının altına, sol əlini sinəsinin üstünə qoymuşdu; barmağındakı üzüyün brilyant qaşı parıldayırdı.Sakitlikdi. Toğrulun mışıltısından, bufetin aynası qarşısındakı girdə saatın yeknəsəq çıqqıltısından başqa heç nə eşidilmirdi.
X fəsilBəhruz axşam nə qədər pis yatsa da, tezdən durdu. Çay-çörəyini iştahsız yedi. Xatirə soruşdu:– Bu gün xəstəxanaya gedəcəksən?
XI fəsilDünya gözündə gülürdü. Güllər, çiçəklər içində nərgizdən xoşu gəlirdi. «Kaş, burda bir dəstə nərgiz olaydı!» Musiqi ölüsüydü. «Kaş «Karvan» çalınaydı»... Qəribə idi. Haradansa burnuna nərgiz ətri gəldi, qulaqlarında karvan zınqırovları səsləndi...Maşın xəstəxananın qabağından tərpəndi. Bəhruz kepkasını çıxarıb böyründəki «Qızıma məktublar» kitabının üstünə atdı. Fit çala-çala irəli baxır, ehtiyatı əldən vermirdi. Dənizdən sərin meh əsirdi. Enli asfalt küçə ilə maşınlar, trolleybuslar, dizellər şütüyüb gedir, şəhər öz həmişəki adi, qaynar həyatını yaşayırdı.
XII fəsilİdarənin geniş həyətində iki əzik-üzük olmuş «Moskviç», bir köhnə «Pobeda» vardı. Bəhruz maşını dolandırıb onların yanında saxladı. Aşağı düşüb Ziyadxanın yanına gəldi. Ziyadxan onun heç üzünə də baxmadı. Əlinin işarəsilə başa saldı ki, dalınca gəlsin. İkimərtəbəli binaya daxil olub sağa buruldular, sonra qədim, köhnə pillələrlə yuxarı qalxdılar. Ensiz, ancaq işıqlı dəhliz boyunca addımladılar.Ziyadxan qapını yavaşca açıb, başını içəri uzatdı.