Dördüncü hissə, dördüncü fəsil
…Bu gün doğrudan da qəribə gün imiş …
Nəzər dəftərxanadan lazımi sənədləri almış, Şirinlə qardaş kimi qucaqlaşıb öpüşmüş: «Səni ömrüm boyu unutmayacağam, Şirin.»-deyib and içmiş, kluba gəlmiş, ortada dayanıb son dəfə dər-divarı gözdən keçirmiş, bu illərdə dostlaşıb qaynayıb-qarışdığı, indi işdə olan iki dostluq yoldaşına məktub yazaraq vidalaşmışdı.
Altı il bundan qabaq girdiyi, çox qəribə olsa da, indiyəcən bircə dəfə də çıxmadığı o dəmir darvazalı, keşikçili qapıdan çıxırdı. Gələndə əlində bir balaca bağlama vardı, gedəndə…qoltuğundakı iki qoltuğağacından başqa heç nəyi yox idi. Dişləri burada qalmışdı, gözü və ağzı burada əyilmişdi. Dizdən yuxarı sol qıçı, içində də faşist qəlpəsi bu hasarlar arasında yox olmuşdu. Bunlar zahirən itirdiyi şeylər idi. Dişlərini düzəltdirə bilərdi, yaxşı həkimin əlinə düşsəydi, gözü, ağzı da müalicə olunan ayağına da protes qayırtdıra bilərdi. Amma…ömrünün o altı ilini… geri qaytara bilərdimi? Bilərdilərmi?
Qapının ağzında dayanmışdı. Fikri pərişan idi. Siqareti adəti üzrə, müştüyündə tüstülənirdi. Buraxıldığına hələdə inana bilmirdi: ona elə gəlirdi ki, irəli yerisə, cavan, sarışın, çiynində avtomat, kəmərində fin pıçağı olan keşikçi oğlan qabağını kəsib: «Ey, hara gedirsən? Geriyə dön.» - deyəcək. Ancaq onun gözlədiyinin əksi olaraq, keşikçi mehribanlıqla:
– Niyə çıxıb getmirsən, kişi? – dedi. –Yoxsa getməyə yerin yoxdu?
– Yox, yerim var, bala. Amma mən bura belə gəlməmişdim axı. – deyib qoltuqağaclarını yerdən üzüb qoşa qanad kimi yuxarı qaldırdı. Keşikçi oğlan onun nə demək istədiyini başa düşüb kövrəldi və üzünü yana çevirdi. Elə bu zaman…üstü örtülü bir dustaq maşını yavaşıyıb qapı ağzında dayandı. Sürücünün yanında əyləşmiş cavan, çevik bir milis kapitanı kabinədən yerə hoppanıb maşının arxa tərəfinə keçdi və az sonra…qollarıbağlı üç nəfəri qabağına qatdı:
– Haydı, – dedi. – Cəld olun, cəld olun.
Nəzəri birdən elə bil ilan çaldı. Bütün bədəni uçundu. Milis kapitanının qabağında addımlayanlardan biri Süleyman, biri Müseyib, o biri isə İsrayıl idi. Nəzər qışqırmaq, onlara nə isə demək istədi, ancaq səsi içində boğulub qaldı. Heç kəsin yox, təkcə Süleymanın gözləri Nəzəri aldı, bu gözlənilməz görüşdən özünü itirib bircə anlığa ayaq saxladı, baxdı. Süleymanın qoltuqağaclarına söykənmiş adama diqqət yetirdiyini görən Müseyib də, İsrayıl da… çöndü. Ancaq o şikəst adamı tanıya bilmədilər.
Nəzərin dili tutulmuşdusa da, gözləri danışırdı: o gözlərindən sanki qığılcım səpələnirdi Süleymanın üstünə. Süleyman o alışıb-yanan baxışlarından qorxaraq tələsik üzünü çevirdi və iti addımlarla qapıya sarı yeridi. Ona həmin anda elə gəldi ki, indicə nə isə dəşətli bir şey olacaqdı: bütün onlardan daha dəhşətli… Maşından düşəndə dəmir darvazanı görüb ürəyinə vahimə düşmüş, ayağının biri gedən, biri getməyən həbsxanaya Süleyman demək olar ki, qaça-qaça girdi və bunu həssas Nəzər hiss elədi. Ancaq bu qəzəbinin üstünə su çiləmədi. Kişi durduğu yerdəcə yanıb-yaxılırdı ki, niyə o onlara - o ürəksizlərə, o vicdansızlara heç nə diyə bilmədi. «Buna da min şükür.» - dedi ürəyində. – «Buynuzsuz qoçun qisasını buynuzlu qoçda qoymursan, ey tanrı.» Qəlbindəki ağır yükü, niskili elə oradaca, həbsxana qapısındaca yerə qoyan, ruhən yüngülləşən, özünü çox bəxtəvər hesab eləyən Nəzərin neçə il bundan qabaq, kluba müdir qoyulduğı gün divardan qoparıb, cırıb ayağı altına atdığı o təmtəraqlı şüar yadına düşdü, öz-özünə pıçıldadı:
– O şüarın vaxdı indidi, qardaş. Onu indi yazıb hər yerə yapışdırmaq olar. «Qoy ədalət zəfər çalsın.»
– Nəzər şüşə kimi hamar Bakı-Mərdakan yolu ilə şütüyən yaraşıqlı və təmiz avtobusda qabaqda, əlillər üçün düzəldilmiş yerdə oturub Sakit Aranlı ilə uzaqbaşı bir saatdan sonra olacaq görüşü xatırlayıb uşaq kimi gülümsəyirdi. Qərara almışdı ki, əvvəlcə Sakit Aranlının – öz xilaskarının evinə getsin, görüşsün və onun qələm tutan əlindən öpsün öz dərin minnətdarlığını bildirsin, sonra Güllügilə gedər. Ancaq Nəzər bu xoş gündə bu arzusuna çata bilmədi:
Sakit Aranlı evdə yox idi, bağa getmişdi. Qapıdan kor-peşman qayıdan Nəzər bilmirdi və bilə də bilməzdi ki, Nəzər özü fikrən, xəyalən bax bu anlarda Sakitin yanındadı, qəlbindədi: onun talehini yazır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-dunyani-tani-dorduncu-hisse-dorduncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Orxan lap çoxdan — universitet skamyası arxasında oturduğu illərdən Mirzə Cəlilin böyüklüyünə, əzəmətinə, qələminin təkraredilməz şirinliyinə valeh olmuşdu. Onda bu gözəl sənətkara qarşı sönməz bir maraq oyanmışdı. Mirzə Cəlilin əsərləri Orxanın stolüstü kitabı idi. Elə bil, Orxan özü üçün yeni bir aləm, yeni bir qitə kəşf eləmişdi. Gəzdikcə, dərinlərə getdikcə onda yeni-yeni keyfiyyətlər tapır, heyrət və qibtə ilə düşünürdü: «Mirzə Cəlilin yazılarında bir gurultulu cümlə, boğazdan yuxarı deyilmiş bir söz tapa bilməzsən. Yazdıqlarının hamısı sadə, aydın həqiqətlərdi. Amma di gəl, onun kiçicik, lap yarım səhifəlik hekayəsini aç, izah elə... Gör nələr deyib, hansı nəticələrə əl atıb, bu sakitlik və sadəlik altında gör necə sönməz, yaxıcı bir atəş var!..Bəli, Mirzə Cəlilin hər əsəri haqqında kitab yazmaq olar. Neçə ildir yazırlar, cəmi üç cild əsəri haqqında onlarca kitablar yazılıb. Ancaq o dəryanın bütün inciləri hələ üzə çıxarılmayıb, kəşf edilməyib...»
İkinci hissə, ikinci fəsilSalman Qurbanzadə papirosun kötüyünü külqabıya basıb söndürmüşdü ki, telefon haray-həşir qopardı. Professor ciyərlərinə sümürdüyü tüstünü havaya üfürüb dəstəyi götürdü:– Bəli, eşidirəm... Mənəm, Salmandı...
İkinci hissə, üçüncü fəsil«15 avqust 196...-cı il»Kənardan baxanların hamısı məni xoşbəxt sayır. Buna haqları da var. Mənim indi zahirən bir xoşbəxt qadın üçün lazım olan hər şeyim var. Evim, eşiyim, uşağım... Pul dərdi çəkmirəm, yemək, paltar dərdi çəkmirəm. Ancaq mən xoşbəxtəmmi? Son vaxtlara qədər bu suala: «hə, mən xoşbəxtəm!» — deyə ürəkdən cavab verərdim. Bu xoşbəxtlik mənim gülüşümdə də, rəftarımda da hiss olunurdu. Buna mənim özümdən daha çox bacım Sədəf sevinirdi. Axı, o mənim tək bacım yox, həm də anam olub. Mənim üstümdə çox əzab-əziyyət çəkib. Anamızın vəfatından sonra mən olmasaydım, kim bilir, bəlkə Sədəf də oxuyub bir yana çıxmışdı. Ancaq o, təhsilini də, xoşbəxtliyini də mənə qurban verdi. Ovcumun içi kimi bilirəm ki, Sədəf mənim xoşbəxtliyimə ana təki fərəhlənir. Əgər anam sağ olsaydı, yəqin, o da eynən Sədəf bacım kimi sevinərdi.
İkinci hissə, dördüncü fəsilŞirin arvad stolun üstündə şüyüd doğrayırdı. Şüyüdün xoş iyi divanda oturub anasının əllərinə baxan Orxana ləzzət eləyirdi. Orxan qəsəbədə, öz evlərində olanda göy-göyərtisiz süfrə başına gəlməzdi. Bir də görərdin əlinə bir parça çörək götürüb şüyüd, vəzəri ya da keşniş ləkinin qırağında oturar, ürəyi istədiyindən qoparıb şirin-şirin yeyərdi.Anası kasaya qatıq tökdü, duz atıb qaşıqla qarışdırdı. İki dəqiqə sonra Orxanın ürəyi istədiyi ovduq hazır oldu.