İkinci hissə, doqquzuncu fəsil
Страница 7 из 7 · 86%
⎯ A?.. ⎯ Ələmdar yumşaldı, yazığı gəlirmiş kimi, başını buladı. ⎯ Belə de. Deyirəm axı… Rayon yerində…
⎯ Bizim xala nəvəsidi, Ələmdar Haşımıç. Uşaq vaxtı qorxudan dili tutulub. Gətirmişəm, həyət-bacada dümələnir, arvad-uşağın köməyinə çatır, belə-belə işlərdə ⎯ o, çəngəliylə isti kababdan qonağının boşqabına üç iri, seçmə tikə qoydu ⎯ kara gəlir. Yazıq, görürsən də, şəkil kimi oğlandı, di gəl ki…
Bəhram şişləri götürüb getmişdi, ancaq Ələmdarın onun dalınca baxan gözləri hələ də yol çəkirdi. Və beynində bəd fikirlər ⎯ ilan-qurbağa qaynaşırdı elə bil. «Hm. Aydındı. İndi bildim Sim niyə belə eləyir! Qəşəng oğlan, dərə xəlvət ⎯ tülkü bəy. Səltənət Bakıya ⎯ uşaqların yanına gedəndə… Dili yox, ağzı yox, kimə deyəcək. Ay sənin, Sim! Demək belə! Mus-mus deyincə, Mustafa de da!»
Yeyirdi, ancaq oğlan fikrindən çıxmırdı. Qəribə bir hiss baş qaldırmışdı ürəyində; bu nə idi, qısqanclıq idi? Onun Simini o ağzı-dili yox gədə əlindən alır? «Dayan, mən sizə göstərərəm!» Və bu da qəribə idi ki, birdən ağlına nə gəldisə, sevindi. «Yaxşıdı, qoy belə olsun. Yoxsa bu qız əvvəl-axır məni zibilə sala bilər. Qoy getsin. Bədəbəddə elə onun boynuna da yıxmaq olar. Kimə nə sübut eləyə biləcək oğlan?»
⎯ Süz, ay Müseyib. Bu «Napaleon»u yaraşıq üçün qoymusan göz qabağına?
⎯ Bu dəqiqə, Ələmdar Haşımıç! Dedim, bir az yeyin, sonra.
Süzdü. Ələmdar götürdü qədəhi. Müseyib onu qabaqladı:
⎯ Xoş gəlmisiz, Ələmdar Haşımıç. Həmişə siz gələsiz. Siz gələndə mənim evimdə toy-bayram olur, vallah.
⎯ Sağ olun. Mən heç bir dostumun evində özümü burdakı kimi rahat hiss eləyə bilmirəm. Elə bilirəm öz evimizdi.
⎯ Həqiqətən, öz evinizdi, Ələmdar Haşımıç!
İçdilər. Səltənət onlara qulluq eləyirdi. Tez-tez Sulduz xanımı xatırlayır, ondan danışırdı.
Bəhram təzə şişlər gətirirdi, çəkilib gedirdi. Ələmdar gözlərini ondan üzə bilmirdi gələndə. Sanki sifətindən nə isə gizli bir sirr oxumaq istəyirdi, ancaq bacarmırdı. «Gözlərinə baxsaydım, bilərdim. Qoduq isə mənə baxmır. Yəqin, qorxusundan baxmır».
⎯ Bu oğlan elə həmişə burda qalır?
⎯ Hə. ⎯ dedi Səltənət xanım.
⎯ Aşağıda bir otağımız var. Vermişəm ona. Yaşayır. ⎯ Müseyib izah elədi. ⎯ Başıaşağı, işdi-gücdü uşaqdı.
⎯ Hm. ⎯ O qədəhi götürdü. ⎯ Sizin sağlığınıza içirəm.
Müseyib əzildi:
⎯ Böyük şərəfdi, Ələmdar Haşımıç! Sağ olun, mən də, ailəm də, uşaqlarım da sizə, sizin ömrünüzə duaçıyıq həmişə.
⎯ Necə deyir, elə heylədi, Ələmdar qardaş.
⎯ Gün o gün olsun, Simuzər xanımın toyuna gələk.
⎯ Allah ağzından eşitsin, Ələmdar qardaş.
⎯ Köpək qızı heç tərpənti eləmir.
⎯ Vaxtı keçir, Müseyib. Mən ⎯ o, qədəhi bir qurtuma başına çəkib yerə qoydu və heç nə yeməmiş davam elədi ⎯ mən sizin yerinizdə olsam, verərəm bax bu qəşəng oğlana Simuzəri. Sağlamdı, bacarıqlıdı. Tem bole, deyirsiz də qohumdu. İndiki zamanada ya arvadın, ya kişinin ⎯ ikisindən birinin lal-kar olmağı yaxşıdı əslində. O evdə dedi-qodu, qalmaqal olmaz. Yoxsa, allah göstərməsin, ər deyir, arvad deyir, bunun sözü onun boğazından keçmir, onun sözü bunun. Dalıycan da gəlir nə? Razvod! Bəli.
Ər-arvad bir-birinin üzünə baxıb susdu. İlk anlarda heç nə başa düşmədilər. Ancaq az sonra Səltənət xanımın dili açıldı:
⎯ Elə mənim də ürəyimdən keçir, ay Ələmdar qardaş. Ancaq qorxumdan nə buna, ⎯ ərini göstərdi ⎯ nə də qıza bir söz deyə bilirəm. ⎯ Yox, Simuzər ömründə qol qoymaz belə izdivaca. Qətiyyən qol qoymaz. ⎯ Müseyib dilxor-dilxor qədəhindəkini içdi. ⎯ İnanmıram. Bir də… mənə yaraşmaz, Ələmdar Haşımıç, qızı ona verəm. ⎯ O vaxt səhv elədi. Dedim, a bala, saxlatdırım səni şəhərdə. Lyuboy xəstəxanaya, lap elə «Leçkomissiya»ya düzəltdirərdim. Baxma, şəhər böyükdü, birini sevib-seçəcəkdi, gedəcəkdi. Qulaq asmadı sözümə. Amma yenə gec deyil. Getsə, günü səhər, elə özümnən apararam. İşləyər…
⎯ Çətin gedər, Ələmdar qardaş.
Gecə yarıdan keçmişdi. Səltənət əsnəyəndə qonaq:
⎯ Sən get yat, Səltənət xanım, ⎯ dedi. ⎯ Biz hələ çox söhbət eləyəcəyik.
⎯ Yox, yox.
⎯ Hə, dur get, yat, arvad. Bunları səhər yığışdırarsan, ⎯ Müseyib söylədi və Səltənət onların söhbətinə mane olmamaq xatirinə «gecəniz xeyrə qalsın» deyib məclisi tərk elədi.
Müseyib qədəhləri yenə doldurdu. Ələmdar yalnız indi işdən-gücdən danışmağa zərurət duyub boğazını arıtladı.
⎯ Yaxşı, məni başa sal görüm təzə katibiniz necədi ey. Mən demişdim axı o da olsun burda. Bə niyə gəlməyib? Sığışdırmır özünə mənimlə oturmağı?
⎯ Yox, Ələmdar Haşımıç. Mən gələndə ona dəydim. Ürəyi çox istəyirdi gəlsin. Amma mümkün eliyə bilmədi. Elə qapıdan çıxmağa hazırlaşırdıq ki, Bakıdan, Mərkəzi Komitədən qonaq gəldi.
⎯ Kim idi?
⎯ Vallah, tanıyammadım. İnstruktordan-zaddan olar da. Dedi ki, sizə salam deyim və əvəzindən üzr istəyim.
⎯ Yenəqabiliyyəti varmış heç olmasa.
⎯ Yox, Ələmdar Haşımıç, qabiliyyətinə söz yoxdu Süleymanın. Amma… ⎯ Müseyib duruxdu.
⎯ Nə amma? Yoxsa sənə sataşıb eləyir, hə?
⎯ Yox, Ələmdar Haşımıç. Haqq üçün, mənnən işi yoxdu.
⎯ Bə əmması nədi?
⎯ Əmması budu ki, təcrübəsizdi, Ələmdar Haşımıç. Öz aramızda qalsın, katib kimi hələ yetişməyib.
⎯ Xamdı deyirsən?
⎯ Hə, çox. Təsərrüfatı yaxşı bilmir. Sonra… ən böyük nöqsanı odu ki, mənə görə, kitab adamıdı. Elə bil zalım oğlu, kitabların içindən çıxıb gəlib. Həyat ayrı şeydi axı, Ələmdar Haşımıç! Siz məndən gözəl bilirsiz bunu!
⎯ Hm… Başlayıb yığmağa?
Müseyib güldü:
⎯ Süleyman bura lap təzə gələndə… bir gülməli əhvalat oldu, Ələmdar Haşımıç.
⎯ Hə?
⎯ Bizdə bir Cəlal deyilən pullu, məzəli bir kişi var. Girir Süleymanın kabinetinə, özünü təqdim eləyir, deyir, mən filankəsəm. Həmişə yaxşı vəzifələrdə işləmişəm. Keçmiş katibin qəzəbinə düçar olmuşam. İndi sizin yanınıza gəlmişəm ⎯ kökəltmə məntəqəsinin müdiri yeri boşdu, məni ora göndərin. Və əlini cibinə atıb konvertin arasındakı pulu onun qabağına qoyur. «Bu da sizin haqqınız!». Süleyman bunu görən kimi Cəlalın üstünə qışqırır: «Sən məni dilənçi hesab eliyirsən? Rədd ol burdan!» Cəlal lal-dinməz pulunu da götürüb gedir. Üç gündən sonra qayıdıb gəlir. Konvert iki qat şişmişdi. Sən demə, Cəlal eləbaşa düşübmüş ki, Süleyman, az olduğuna görə belə deyibmiş. Bir o qədər də artırıbmış. Qoyur qabağına. Süleyman deyir: «Bu nədi?» Cəlal cavab verir:
«Özünüz demədiz azdı, yoldaş Həmidov?»
Ələmdar şaqqanaq çəkib güldü:
⎯ Nə olur, götürür?
⎯ Ta orasını bilmirəm.
⎯ Səhv eliyib ⎯ gərək yenə qaytaraydı ⎯ gələn dəfə bir o qədər də qoyacaqdı üstünə sənin o Cəlalın. Ay səni, Süleyman Mən onu instruktor işləyəndən tanıyıram. İndi nə təhərdi? Ələ ala bilibsiz? Sənə deyim, onu ələ almasanız, sizin işiniz çətin olar gələcəkdə.
⎯ Mən də yoldaşlara elə onu deyirəm. Süleymanı özümüzə qoşmasaq yaşamağa qoymaz bizi.
⎯ Heç təşəbbüs eləməyibsiz?
Müseyib o yan-bu yana baxaraq, yavaşcadan:
⎯ Öz aramızda qalsın, Ələmdar Haşımıç, rayponun sədri siftə-sini verib. Otuz qoyub ovcuna. Bir az çəm-xəm eliyib. O Mustafa da dilli-dilavərdi yamanca. Deyib, əşi, indi siz köhnə bazara təzə nırx qoyacaqsız? Bu yazılmamış qanundu. O birilərə ⎯ gəlmə katiblərə hörmət eləmişik həmişə. İndi siz özümüzküsüz. Gərək sizi əl üstə saxlayaq biz ⎯ bu, bizim vətəndaşlıq borcumuzdu, eloğulluq borcumuzdu. Belə!
Ələmdar qımışdı:
⎯ Ne ploxo!
⎯ İndinövbə düzəltmişik. Birinci prokurordu, ikinci məhkəmənin sədridi, sonra da mənəm. Yavaş-yavaş da, Ələmdar Haşımıç!
⎯ Çətini dadını bilənəcəndi, Müseyib! Zəhrimar yaman şirin olur ⎯ bir dəfə dadan əl çəkə bilmir. Elə gözü gələnin əlinə baxır. Bir də… verməsən… yaşaya bilməzsən, Müseyib. O almasa, verə də bilməz. Verməsə, burda qala da bilməz.
⎯ Heylədi, Ələmdar Haşımıç. Ancaq bir pis iş eləyib süleyman!
⎯ Nədi o?
⎯ Özünün bir müəllimi var burda. Orta məktəbdə ona dərs deyib. Köhnənin müəllimidi. Demaqoqun, ətiacının biridi. Pensiyaya çıxartmışdılar. Bu yaxınlarda onu gətirib Nəzarət komitəsinin sədri qoyub. Ta bu camaata göz verir, işıq vermir. Bir də görürsən bir kilo yağın üstə, bir maşın daşın, taxtanın üstə… adamları çəkdi məhşər ayağına. Keçmişdə «sışik»lər olardı ha, bax, bu Nəzər müəllim onlardan da betərdi. Başını hər yerə soxur. Ta onun yanında milis-filan yalan olub!.. Biri bir qəpik qazananda zalım oğlunun başı ağrıyır.
⎯ Hm… Pisdi! Baş ağrısıdı bu!
… Saat ikiyəcən danışdılar. Müseyib kəllayı otaqda ⎯ qonaq-qara otağında Ələmdar Haşımoviçin yerini göstərdi və:
⎯ Səhər tezdən gedirsiz, inşallah? ⎯ deyə yavaşca qulağına pıçıldadı:
⎯ Hə. Yüngülvari bir «zavtrak»dan sonra gedəcəyəm.
⎯ Ağ balığı hazırlamışam. İçindədi əmanət. Yüz dənə Niqolay başıdı…
⎯ Hə?
⎯ Hə.
⎯ Payın çox olsun, Müseyib. Onun yarısı Bakıdakınındı, yarısı da Moskvadakınındı.
⎯ Bilirəm, Ələmdar Haşımıç. Demisiz mənə.
⎯ Neyniyək daha. Qoymurlar əlimizdə yaman günlük bir şey qalsın. Elə deyirlər «davay», ⎯ Müseyib ah çəkdi, ürəyində: «Siz bizdə qoymursuz, onlar da sizdə. Zəncirdi də. Bağlanıb bir-birinə!» ⎯ dedi.
⎯ Gecəniz xeyrə qalsın, Ələmdar Haşımıç! ⎯ söyləyib otaqdan çıxdı.
Ələmdar yumşaq, qar kimi ağ, pərqu yorğan-döşəkdə səhərəcən çimir eləyə bilmədi o gecə. Qızıl onluqlar və Simuzər elə hey beynində fır-fır fırlanırdı.
Lap sübh tezdən eyvanda ayaq səsləri eşidib tezcənə qalxaraq geyindi. Həyətə açılan pəncərənin pərdəsinin arasından gördü ki, Simuzərdi, ayağında çəkələk, əynində ev paltarı, başıaçıq halda hovuzun yanına doğru addımlayır. Ustufca, demək olar ki, barmaqlarının ucunda aşağı düşdü. Hava təzəcə işıqlanırdı. Tardakı xoruz üçüncü dəfəydi ki, banlayırdı. Ələmdar ilk növbədə qaraja sarı boylandı. Lal oğlan görünmürdü. Simuzər əlini hovuzun içinə uzadıb, sifətinə su çırpdı, ovcunun içiylə qaşlarına sığal çəkdi, geri dönəndə Ələmdarı birinci mərtəbədəki pilləkənin sütununa söykənərək siqaret çəkən gördükdə, özünü itirən kimi oldu, dala qayıtmaq istədi, ancaq nə fikirləşdisə, düz üstünə yeridi. Gözləri qızarmışdı Simuzərin. Səhərəcən xısın-xısın ağladığı, kirpik belə çalmadığı gün kimi aydın idi. Qəribə idi ki, Ələmdar nə qədər düşündüsə, ona deməyə bir söz tapa bilmədi, elə mat-mat baxdı. Qız isə düz üstünə addımlayırdı. Birdən Ələmdara elə gəldi ki, bax, indicə, yetişən kimi, Simuzər onu ya şillələyəcək, ya da üzünə tüpürəcək. Qeyri-iradi əllərini yanaqlarına yapışdırdı. Lakin Simuzər ona çatanda heç nə eləmədi, böyründə ayaq saxlayıb bir neçə an o qızarmış, seli-suyu ilə ağ balışı islatdığı o qəmli gözlərilə Ələmdarı uzun-uzadı süzdü və taqətsiz, quyunun dibindən çıxan öləzimiş fəryada oxşar bir səslə:
⎯ Məndən daha doymusan, hə? İndi məni lala verirsən, hə? Namərd! ⎯ söylədi və pilləkənlərə sarı addımladı. İkinci pilləkəndə dayanıb geri qanrıldı: ⎯ Axşam sənin dediklərini özüm eşitdim!
Ələmdarın əlləri yanaqlarından qopub yanına düşdü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-dunyani-tani-ikinci-hisse-doqquzuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Rasim Sultanzadə hələ də öz daxili aləminə qapanıb düşünürdü. Bəhruz getmişdi, amma doktora nədənsə elə gəlirdi ki, o getməyib, elə burada, qabağında dayanıb, birinci dəfə üz-üzə gəldiklərinə baxmayaraq onunla çəkinmədən, kişi kimi açıq söhbət edir.«Belə adamlar heç şeydən qorxmazlar, həqiqəti deməkdən çəkinməzlər. Başqalarına yalan danışmaz, hiylə gəlməzlər» deyə doktor Bəhruz barədə ürəyində götür-qoy edirdi. Balaxanım çəkələklərini döşəmədə səsləndirə-səsləndirə doktorun kabinetinə daxil olanda o, xəyaldan ayrıldı.
VI fəsilBalaxanım həkimin yanından qanıqara çıxdı. Qəbul otağına gəldi. Məlumat kitabından Qədirin iş yerinin telefon nömrəsini axtarmağa başladı. Tapdı. Nömrəni yığdı.– Allo, sement zavodudur?
VII fəsilTikinti meydançasında qızğın iş gedirdi. Qaldırıcı kran sağa-sola hərəkət edir, uzun boğazını irəli uzadıb, ikinci mərtəbəsi qurtarmaqda olan binanın o tərəf-bu tərəfinə daş verirdi.Qulamın maşını daş qalağının yanında dayanmışdı. O, kapotu qaldırıb motorun nəyinisə qurdalayırdı. Bəhruz maşını dal-dalı verərək onun tuşunda saxladı. Kabinadan başını uzadıb:
VIII fəsilBəhruz evin qabağında taksidən düşüb tez özünü bloka saldı. Cəld addımlarla beşinci mərtəbəyə qalxdı. Qapının zənginn basdı.– Atam gəldi! – deyə Toğrul sevincək anasının yanına, mətbəxə qaçdı. Xatirə mətbəxdə xörək hazırlayırdı.
Стихи других поэтов
— Lətif:Bulaq üstə duran gözəl,
Sevişək, itək bir-birimizdəBu yıxılan qədəhtəkayıla bilmirəm səndən
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd