Bəhruz evin qabağında taksidən düşüb tez özünü bloka saldı. Cəld addımlarla beşinci mərtəbəyə qalxdı. Qapının zənginn basdı.

– Atam gəldi! – deyə Toğrul sevincək anasının yanına, mətbəxə qaçdı. Xatirə mətbəxdə xörək hazırlayırdı.

Qızarmış soğanın xoş iyi uzaqdan adamı vururdu. Xatirə əlində qaşıq gəlib qapını açdı. Bəhruz evə keçdi. Toğrul həmişə olduğu kimi, bu gün də atasına sarı qaçıb dizlərini qucaqladı, dabanlarını qalxızıb yuxarı dartındı. Birdən qorxub kənara sıçradı və içini çəkib:

– Ata ufu olub – dedi. O, şəhadət barmağını irəli uzadıb atasının şalvarındakı, köynəyindəki qanı anasına göstərdi.

Xatirə səksəndi, ərinin üst-başına, yorğun üzünə, kədərli gözlərinə baxıb həyəcanla:

– Bu nədir, Bəhruz, səni kim bu hala salıb? –dedi.

– Heç kəs, heç kəs, vurmaq nədir, Xatirə?–Bəhruz onun uçunduğunu görüb: – Qorxma, Xatirə, Toğrul canı, qorxulu bir şey yoxdur,

– dedi.

– Necə qorxulu bir şey yoxdur, Bəhruz. Tey qan içindəsən, nə danışırsan? – deyə Xatirə ağlamsındı. Toğrul birinci dəfə idi ki, atasını belə görürdü: buna görə də kənarda dayanıb mat-mat baxır, heç nə demirdi.

Bəhruz yataq otağına keçdi, dəyişək istədi. Xatirə qəsdən dala qalıb onun yerişinə fikir verdi; görsün axsayıb eləmir ki? Yox, axsamırdı, yaralı adama da oxşamırdı. O, paltarını dəyişəndə də Xatirə Bəhruzun ayaqlarına, möhkəm əzələli baldırlarına fikir verdi.

Bəhruz yuyundu, qurulandı. Yemək otağına keçib divanın üstə uzandı və bundan sonra əhvalatı necə olmuşdusa aramla Xatirəyə söylədi. Baş vermiş bədbəxt hadisə Xatirəni kövrəltdi:

– Yazıq. Görəsən ölər ya qalar, Bəhruz?

– Həkimlə danışdım, deyir, qorxma. Həkimlər, özün bilirsən ki, dərmandan da çox, təsəlliynən sağaldırlar adamı.

– Yox, Bəhruz, gəl məndən gizləmə, bilirəm, kişinin maşın altına düşüb yaralanmağına dilxor olubsan. Ancaq gözlərindən oxuyuram ki, nəyəsə də bərk acığın tutub.

«Sənin həssaslığın mənim ürəyimdən xəbər verir, Xatirə! O saat başa düşdün ki, qanımı qaraldanlar olub. O əti acı Balaxanım, o köntöy Tağı, bu qorxaq Qulam kefimə soğan doğradılar. Ancaq bunları sənə də deyib qanını qaraltmağına dəyərmi?» – deyə fikirləşən Bəhruz arvadına belə cavab verdi:

– Yorğunam, Xatirə.

...Süfrə salındı. Onlar xörəklərini yedilər. Sonra təzədəm çay içdilər. Xatirə dedi:

– Hə, dur hamamı yandır, uşağı çimizdirim.

– Baş üstə.

Bəhruz hamamı yandırdı. Toğrul «çimmiyəm» – deyə ağladı, ancaq anası onun qara-qışqırığına fikir verməyib soyundurdu və hamam otağına apardı.

Bəhruz yenə qayıdıb divanın üstə uzandı. Gözü qarşı divarda üzərində susuz səhrada dəvə karvanı təsvir olunmuş xalçadan yuxarı vurulmuş dəniz mənzərəsinə sataşdı. Rəssam fırçayla möcüzə yaratmışdı; böyük, təlatümlü dəryanı sanki eynilə götürüb kətanın üstünə qoymuşdu. Diqqətlə baxsaydın, dalğaların şırıltısını da, qağayıların qanadlarının xışıltısını da eşidə bilərdin, suların ağavuş-göyümtül rəngini də görə bilərdin.

Bəhruz şəklə baxırdı. Bəhruz xəyalən orada – dənizdə idi.

Bu dəniz mənzərəsində üçcə şey çatmırdı: buruq, Bəhruzun atası Rüstəm və sal buzlar... Bəli, bunlar o şəkildə yox idi. Lakin Bəhruzun xəyalı buruğu da, öz doğma atasını da, sal buzları da oraya əlavə eləmişdi. Onun təsəvvüründə bunlarsız dəniz yox idi. Atasını xatırlayanda qeyri-iradi olaraq dəniz yada düşürdü, dənizi görəndə... buruq, atası, sal buzlar...

...Əlli dördüncü ilin Novruz bayramı axşamı idi. Umleyla axşama xüsusi tədarük görmüş, şəkərbura, paxlava bişirmiş, rəngbərəng şamlar almışdı. Qış, deyəsən ömrünün son günü olduğunu hiss edib bərk hiddətlənmişdi, alaçalpov qar yağmışdı, şəhər ağ dona bürünmüşdü; ancaq hava çox sakitdi. Külək əsmirdi.

Günorta Rüstəm gözlərini qışın naxışladığı pəncərədən çəkib Umleylaya, Bəhruza sarı döndü.

– Sizin bahar bayramınızı təbrik edirəm, əzizlərim!

Umleyla Rüstəmin nə dediyini başa düşmürmüş kimi:

– Bu nə deməkdir? Yoxsa bizi təbrik eləməyə tələsirsən? Hələ il axşam təhvil olacaq, Rüstəm!–dedi. Rüstəm sakit bir səslə:

– Mən axşam sizin yanınızda olmayacağam, Umu!– dedi və papirosunu yandırıb sümürdü.

Umleyla içərisinə ağ alülə düyüsü tökülmüş sininin üzərindən başını qaldırıb ərinə baxdı:

– Nə üçün, Rüstəm?

– Dənizə getməliyəm, Umu...

– Nə danışırsan, Rüstəm? Belə əziz axşamda...

– Axşam əzizdir, ancaq iş daha vacibdir, Umu. Soltan buruqda məni gözləyəcək. Onun da ailəsi var, uşaqları var, yolunu gözləyəcəklər.

Rustəmin səsi qəti və aydındı. Umleyla ərinin bu sözlərinə etiraz eləmədi, bilirdi ki, faydasızdı. Ancaq o, pəncərədən bomboz bozarmış havaya, sonra stolun üstə yığılmış bayram süfrəsinə fikir verdi və qəmli-qəmli:

– Belə axşamda, Rüstəm? – dedi.

Rüstəm mehriban, oxşayıcı nəzərlərlə Umleylanın kədərlə baxan qonur gözlərini mehribanlıqla süzdü, bu baxışla o, sanki arvadının könlünü almaq istəyirdi.

– Heç nə olmaz, Umu, bayramınızı elərsiniz. Mənim də ürəyim elə burda, sizin yanınızda olacaq...

– Rəhmətlik anam deyərdi ki, – Umleyla ah çəkdi, – bir bayram axşamı evdə olmayan adam, yeddi il öz evində bayram keçirə bilməz.

– Elə şeylərə inanma, Umu.

– Nə bilim, uşaq vaxtı eşitmişəm. beynimə batıb. Qorxuram, Rüstəm!

Rüstəm gülümsündü.

Həmin gün gündüz saat ikidə Rüstəm qalın geyinib-kecindi. Umleyla ilə, oğlu ilə görüşüb evdən çıxdı. Rüstəm tini burulub gözdən itincə Umleyla onun arxasınca baxdı. O qorxurdu. Anasının iyirmi-iyirmi beş il bundan qabaq dediyi sözlər hardan gəlib yadına düşdü? Nigaran qaldı. Belə əziz gündə ailə üzvlərindən biri evdə, süfrə başında olmayanda yediyin-içdiyin canına sınmır, tikən ürəyini deşir.

Atası gedəndən sonra Bəhruz da hiss elədi ki, evdə nəsə çatmır. Oxumaq həvəsi qaçdı, kitabı büküb kənara qoydu. Anasına fikir verdi: gözünə kefsiz dəydi.

– Niyə qoydun gedə atamı, ana?

– Xasiyyətini bilmirsən? İş onun canı-ciyəridir. Qalmazdı, bala. Növbəsinin vaxtı idi, qalmazdı.

Ancaq onların nigarançılığı uzun çəkmədi. Üç saatdan sonra qar adama oxşayan Rüstəm qapı ağzında görünəndə Umleyla da, Bəhruz da sevindi. Rüstəm üstünün, ayağının qarını çırpa-çırpa:

– Dənizdə bərk fırtına var, – dedi. – Gedə bilmədik. Xəbər verdilər ki, Mahaçqala səmtdən iri sal buzlar axıb gəlir.

Onun bu sözlərinə Umleyla da, Bəhruz da o qədər fikir vermədilər. Onlar yalnız bunu düşünürdülər ki, Rüstəm bayram axşamı evdə, öz ailəsinin yanında, isti ocağının başında idi.

O axşam kiçik ailə qışın son gecəsini birgə yola saldı, baharın ilk gününü bahəm qarşıladı. Yedilər, gülüb şənləndilər, gecə saat ikiyəcən oturdular. Səhər tezdən Rüstəm getdi. Axşam isə... Axşam isə, meyidini gətirdilər...

O, qüvvətli dalğanın vurub suya saldığı iş yoldaşını xilas etmək üçün dənizə atılmış, estakadanın lap dibində küləyin sürətlə qovub gətirdiyi iri bir buz parçası başına dəymişdi...

Bu, ailə üçün, demək olar ki, gözlənilməz, son dərəcə gözlənilməz zərbə idi.

Umleyla Rüstəmin cənazəsi üstündə saç-birçəyini yolaraq göz yaşları axıda-axıda ürəyində, indi bəlkə sümükləri də çürümüş, sürmə olmuş anasına üz tutub deyirdi: «Bəs hanı, ana?.. Demək yalanmış... o ki, bayramı evdə qarşıladı, ana?.. Yox, ana, bayramı evində keçirən adam da bəzən...»

O, sözünü tamamlamaqdan çəkindi, bu fikri özündən uzaqlaşdırmağa çalışdı. Lakin bütün ciddi-cəhdinə baxmayaraq anasının uşaq çağından ər evinə köçürənə qədər ona təlqin etdiyi etiqadlar çürük bir divar kimi uçulub töküldü.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, on beşinci fəsil

Kiçik çillə çıxhaçıxda idi. Son günlərini yaşadığından quduzlaşmışdı sanki, necə deyərlər, gəlinlərin əlini un çuvalında, yetimyesiri, acı-çılpağı küçələrdə dondurmaq istəyirdi. Qar üstünə qar yağır, axşamlar gölməçələrin, çayın, yolun suyunu palçığını dondurub bərkidən şaxta indi gündüzlər də öz hökmünü göstərir, iliklərə işləyirdi.Belə şaxtalı sazaqlı bir gündə, ləbi-dəryadakı cında bazarında cındır, köhnə-külə paltar, ayaqqabı alandan çox satan vardı. Kətili, taxta yeşiyi olan oturmuşdu, mallarını qabağına yığıb əsə-əsə müştəri haraylayırdı. Çoxu isə satılan köhnə-küləsini qolu üstə atıb gəzinir, alıcı gözləyirdi. Ayağında uzunboğaz ayaqqabı, əynində dəri yaxalıqlı isti palto, başında yun şal olan bir qadın bayaqdan bazar əhlinin diqqətini cəlb etməkdə idi. O, əlində ağ yundan toxunmuş təzə bir jaket tutmuşdu, heç nə demədən o tərəf — bu tərəfə gedir, hərdən jaketi silkələyirdi. Geyimindən, rəftarından bazar adamına oxşamadığından adamlar gah ona, gah da əlindəki jaketə baxır, dinibdanışmadığını görüb lal-dinməzcə yanından sovuşub keçirdilər. Qadın isə ayaq üstə güclə dururdu. Acından başı hərlənirdi. Jaketi almaq istəyən olsaydı, dəyər-dəyməzinə verməyə razı idi. Təki pulu olsun əlində, bir loğma çörək alıb yesin, çuğundur, yaxud qaynamış noxud alıb yesin. Sonra allah kərimdi.

13 мин
İkinci hissə, on altıncı fəsil

Siminbər tezdən oyandı. Bu, onun uşaqlıqdan elədiyi adət idi. Atası evində olarkən, demək olar ki, anası ilə birgə qalxardı yatağından, sil-süpür, yır-yığış işlərində anasına kömək elərdi. Fatimə bazara gedərdi, o isə uşaqların yanında qalardı, oynadardı, başlarını qatardı. Simin anasının sağ əli idi. Ona görə arvad, demək olar ki, hər gün bir neçə dəfə qızına alqış-sana eləyər:– Səni görüm xoşbəxt olasan, bala! — deyərdi. Ana bu sözləri o qədər demişdi ki, onun haçansa, haradasa xoşbəxt olacağına ürəyində möhkəm bir inam yaranmışdı. Beyninə batmışdı ki, o, mütləq xoşbəxt olacaq — intəhası geci-tezi var. İndi Simin yuxulu gözlərini açıb özünü qar kimi ağappaq, yumşaq və isti yorğan-döşəkdə, Elməddinin böyründə görəndə sinədolusu nəfəs aldı, şirin-şirin gərnəşdi, həqiqətən xoşbəxt olduğunu anlayıb hədsiz dərəcədə sevindi: anasının dəfələrlə dediyi o sözləri xatırladı və ürəyindəcə, səssiz-səmirsiz: «Sənin arzun çin oldu, ana. Mən bəxtəvərəm, ana!»

11 мин
İkinci hissə, on yeddinci fəsil

Ətiqulla deyəsən son günlərini yaşayırdı. Daha evdən çıxmağa, şəhərdə görünməyə təhər-töhürü qalmamışdı. Yemək-içməkdən düşmüşdü deyə arıqlayıb çöpə dönmüşdü. Ölüm qorxusu bir an da onu tərk etmir, qorxulu, dəhşətli bir kabus kimi bütün varlığını, ürəyini gəmirir, taqətini əlindən alır, yuxusunu ərşə çəkirdi. Çarəsizlikdən, gücsüzlükdən böyük dərd olmadığını o indi başa düşürdü və həyatında, pulun gücünə — qoca milyoner Mümtaz xanın pulunun gücünə ürəyindən keçən ən namümkün şeylərə belə nail olan, özünü qadir — qüdrətli hesab eləyən o, bu lənətə gəlmiş mərəzin qarşısında aciz qaldığını görəndə uşaq kimi hönkürtü vurub ağlayır, əsəbləri daha dözməyib pozulduğundan bəzən başını dər-divara çırpırdı. Atasını, anasını, Ədnan qəryəsindən gəlmiş əmisi qəryədər Qulamı, bacılarını yaxına buraxmır, onların evinə gəlməsinə icazə vermir, ancaq telefonla danışırdı. Çox vaxt telefon dəstəyini də götürmürdü, beş zəngdən birinə cavab verirdi, ya vermirdi.Vaxtilə dörd arvad, on üç uşaq yaşayan, səs-küydən qulaq tutulan hündür hasarlı, bağ-bağatın ucu görünməyən həyət boşalmışdı, qu desəydin qulaq tutulardı. Ətiqullanın sağalmaz mərəzə tutulduğunu başa düşən kimi arvadların üçü uşaqlarını da götürüb getmişdi. Təkcə birinci arvad — Zəhra xanım qalmışdı. Ancaq o da, usta tərpənib oğlunu, qızını babasının — ağayi Mümtazın yanına göndərmişdi. İndi ikimərtəbəli, dördotaqlı aynəbəndli evdə ikisi yaşayırdı

8 мин
İkinci hissə, on səkkizinci fəsil

Heyranın gəlişi ilə Nəcməddinin çoxdan bəri sükunətə qərq olmuş malikanəsində həyat əvvəlki qaydasına düşürdü yavaş-yavaş. Nə vaxtdan qadın nəfəsi, qadın əli dəyməyən ev-eşik indi isinmişdi, səliqə-sahman yaranmışdı. Ürək sıxan məhzunluq, kədər harasa uçub getmişdi. Tək qalıb çox zaman öz-özünə danışan, körpə ilə oynayan, başını qatmağa çalışan, ancaq bütün bunlarla da həyatında əmələ gəlmiş boşluğu doldura bilməyən, buna görə də son dərəcə üzüntülü günlər keçirməyə məcbur olan Əbdül, Heyranın gəlişini əvəzsiz bir nemət kimi qiymətləndirir, söhbət etməyə, dərdi-dil eləməyə, məsləhətləşməyə bir həmdəm, bir nəfəs tapdığından uşaq kimi sevinir, yerə-göyə sığışmırdı. O indi bu evin ağası, başıpapaqlısı, külli-ixtiyar sahibi olsa da, özünü lap Dünya xanımın, ağayi Nəcməddinin sağlığında olduğu kimi sadə, demək olar ki, nökər kimi aparır, qüdrətini, gücünü hiss etdirmir, mehribanlığı, qayğıkeşliyi, canıyananlığı ilə Heyranın xoşuna gəlməyə çalışır, burada özünü qərib, kənar adam kimi hiss eləməyə qoymurdu. Danışır, gülür, Heyranın sıxılmasına, çəkinməsinə qətiyyən imkan vermirdi. İstəyirdi ki, o, şad yaşasın, boş-bikar qalıb çox istədiyi mərhum ərinin yoxluğu barədə düşünməsin: unutsun onu da, dərdini də. Lap əvvəl gündən, burada qalacağının razılığını aldığı gündən Əbdül Heyranı yaxşıca yedirdib qonaq eləyəndən sonra yanına salıb otaqları bir-bir gəzdirmiş, evin üzdə olan bər-bəzəyini göstərmişdi. Heyran siftə gələndə bu otaqlara ötəri baş çəkmişdi, ancaq, həyəcanlı olduğundan, heç nəyə diqqətlə, doyunca baxa bilməmişdi, indi arxayın-arxayın hər şeyə tamaşa eləyir, zəngin, müzəyyən bir muzeyi xatırladan otaqlar, ömründə heç vaxt, heç yerdə belə bərbəzəkli ev-eşik görmədiyi üçün onun gözlərini qamaşdırır, könlünü oxşayır, fərəhləndirirdi. Dünya bacısının bu cah-calal sahibi olması ona qəribə, inanılması mümkün olmayan bir nağıl, əfsanə kimi görünürdü. Əbdülün dediyindən məlum olurdu ki, bu otaqlar elə beləcə, bax bu səliqə-sahmanda da qalmalıdı, çünki onu Dünya xanım belə düzəltmişdi, Əbdül istəmirdi ki, bu nizam pozulsun. Heyran evləri silib-süpürəcək, ancaq səliqə-sahman elə-belə, olduğu kimi qalacaq. Sonra Əbdül Heyranı həyət-bacada gəzdirmiş, qarajı, hamamı, anbarı, vaxtilə özünün yaşadığı hücrəni göstərmişdi. Hücrənin içinə baxanda Əbdül ona demişdi:– Mən buranı sizin üçün nəzərdə tutmuşdum. Demişdim ikiniz yaşarsınız. Ancaq... qismət olmadı. Heyran kədərli-kədərli köks ötürüb:

13 мин

Стихи других поэтов