İkinci hissə, on ikinci fəsil
Günəş batmağa gedirdi, tut ağacının nəhəng kölgəsi meyillənib sol tərəfə sürünmüş və sarmaşıqlı hasarın o üzündən keçən torpaq yolun az qala yarısını tutmuşdu. Nəzər iki saatdan çox taxtının üstündə yatıb yenicə oyanmışdı, mizin arxasında oturub qəzetlərə baxırdı. Bikə xanım da qənşərində əyləşib asta-asta çay içirdi. Bu zaman telefon haray-həşir qopardı və demək olar ki, ikisi də səksənib eyni vaxtda dəstəyə əl uzatdı. Neçə vaxt idi, arvad da, kişi də qızlardan nigarandı. Zəng eləməmişdilər, halbuki bu hövsələnin yiyəsi deyildilər. Bir-birinə açıb deməsələr də, Nəzər də, Bikə də balalarının zəngini gözləyirdilər.
Bikə dəstəyi qaldırdı da, qoydu da.
⎯ Kim idi? ⎯ Nəzər intizarla xəbər aldı.
⎯ Əşi heç. Kim idisə səsini çıxartmadı.
⎯ Hə? ⎯ Nəzər qəzeti kənara qoydu. ⎯ Faşist uşağı faşist. Kimdisə, məni yoxlayır. Görəsən yenə kimin nə kələyi var. Qabağı axşama gedir axı. «Gecə qara, cücə qara» eləmək istəyir kimdisə. Ay özün öləsən. Nəzərin evində oturmağına baxma, yüz yerdə, min yerdə gözü var Nəzərin.
Bikə xanım Nəzərin sözünün ucundan tutmadı, qəsdən tutmadı, çünki oğrudan, əyridən söz düşən kimi elə bil kişinin canına od vururdular. Danışırdı, söyürdü, danışdıqca, söydükcə də əsəbiləşirdi. Bikə xanım bunu da yəqin bilirdi ki, əgər ərinin əlində külli-ixtiyar olsaydı, «faşist uşağı faşist» adlandırdığı o beş-on adamın hamısını vəzifəsindən, yaşından asılı olmayaraq, bir-bir divara söykəyib güllələrdi, heç uf da deməzdi. Bu sözləri yaxşı yadındaydı Bikənin: ⎯ kolxoz sədri Mikayıl tutulanda yana-yana demişdi:
«Mənə icazə versələr, Sədnikin qızı, üçcə günün içində bu rayondan oğurluğun, rüşvətin, yalanın kökünü kəsərəm. Soruşursan nə təhər? Çox asan, çox sadə. Bax, bir nəfər oğrunu, məsələn, bu Mikayılı, bir nəfər rüşvətxoru, məsələn o Şakiri, bir nəfər də talançını, məsələn, Müseyibi gətirərəm rayon mərkəzində o Lenin meydanı var ha, ora, elan verdirərəm, car çəkdirərəm, bütün camaatımızı yığaram o meydana, dar ağacı qurduraram, günahlarını ⎯ nameyiəməllərini oxuyaram düz gözlərinin içinə, sonra çəkərəm dara. Hər birinin də boynundan belə bir lövhə yazıb asaram: «Oğrunun, rüşvətxorun, talançının aqibəti bax budur». Üç gün qoyaram qalar o meydanda. Ondan sonra görüm hansı faşist oğurluq eləyər, rüşvət alar, yalan danışar, yazar. Bax belə eləyərəm, Sədnikin qızı. Ancaq hayıf, qanunlarımız buna yol vermir, humanistliyimiz buna yol vermir, hayıf, min hayıf».
O zaman Sədnikin qızı ərinin ürəyindəki o böyük kini, qəzəbi apaydın görüb heyrətlə içini çəkmişdi: «Allah, allah, sən özün saxla. Yaxşı ki, belə bir ixtiyar yoxdu sənin əlində, yoxsa gör nə qədər adamın boğazını keçirərsən kəndirə». «Bəli, keçirərəm, Sədnikin qızı. Pisləri o cür cəzalandıraram, yaxşılara da, təmizlərə də olmazın yaxşılığını eləyərəm, qədrini bilirəm, onda rayonumuz əsl cənnətə dönər, Sədnikin qızı!» ⎯ söyləmişdi Nəzər.
⎯ Sən yaxşı olardı ki, Qəribin dərdini çəkəydin, kişi. Mən baxıram, sən bütün rayonun, az qala bütün Azərbaycanın dərd-sərini çəkirsən, amma burda, gözünün qabağında fikri məni çürüdən doğmaca oğlunun dərdini çəkmək istəmirsən.
⎯ Nə olub Qəribə ki? Nə dərdi var onun?!
⎯ Ta nə olacaq. İyirmi doqquz yaşı da tamam oldu, hələ də evlənməyib. Onun taylarının uşağı məktəbə gedir. Bəs bu dərd döyül?
Nəzərin sifəti boğuldu, gözləri yol çəkdi. Xeyli susub heç nə demədi. Handan-hana:
⎯ Hə, ⎯ dedi, ⎯ Sədnikin qızı, düz deyirsən. Qərib mənim yaralı yerimdi. Məndən oldu, mənə oxşamadı. Oxumadı. O boyda universitetə girdi, yarımçıq qoyub qaçdı üstümə. Yaxşı fakültə idi, universitetin gözü idi. Ərəb dilini öyrənəcəkdi, gedəcəkdi xaricə, geyimi-keçimi də olacaqdı, maşını da. Handa bir qız da alacaqdı. Amma hünəri çatmadı. Hələ cavandı, qanmır. Bir azdan sonra başa düşəcək, onda da gec olacaq, əli heç yana çatmayacaq. Onda tüstüsü təpəsindən çıxacaq. Onda deyəcəm ona!.. Başqa təbiətlidi o, nə isə!.. Pulgirdi. Gecə-gündüz fikri var-dövlət yığmaq, şıq geyinmək, maşınlı olmaqla məşğuldu. Axı bunlara nail olmaq üçün bir sənət sahibi olmaq gərəkdi, bir iş görmək gərəkdi. Elə-belə, göydən adamın başına var-dövlət yağmaz, Sədnikin qızı. Oğlun bunu başa düşmür, düşmək istəmir. Gəlib gör nəylə məşğuldu? Mən utanıram onun yerinə, o isə utanmır.
⎯ Aldığı da heç nə, heç siqaret pulu döyül.
⎯ Bə nə bilmişdin? Yoxsa elə bilirdin mədəniyyət nazirinin pulunu verəcəklər ona?
⎯ İndi ta neynəyək? Evləndirmək lazımdı, vaxtı keçir. Bir şey də almamışıq uşağın adına. Heç nəyimiz yoxdu.
⎯ Nəyimiz olmalıydı ki?
⎯ Boy, kişi, sən elə bil başqa dünyadan zənbilnən gəlib düşübsən bura. Guya qayda-qanunlarımızı bilmirsən. Guya heç görməyibsən camaat uşağını necə evləndirir?!
⎯ Bilirəm, görürəm. Ancaq, arvad, aç qulağını, yaxşı-yaxşı eşit, mən o cür eləməyəcəyəm. Yəni eləyə də bilmərəm. Bizim camaat qudurub. Vallah, qudurub, billah, qudurub. Toyu da, evlənməyi də şan-şöhrətə döndəriblər. Gərək komplekt olsun, gərək pal-paltarı importnı olsun, gərək mebeli importnı olsun. Bu adamlar niyə başa düşmür ki, xoşbəxtlik bunlarda döyül?! Yox, yox. Mən belə eləməyəcəyəm. Gözaltısı-zadı var gədənin?
⎯ Yoxdu deyəsən. Kimin adını çəkirəm, daş atıb başını tutur. «Elə lat-lüt bizə qalıb?» ⎯ deyir. Deyirəm, ay oğul, elə biz özümüz də eləyik də. Biz gərək özümüzə bab adamın ətəyindən yapışaq, qapısına gedək! Deyir, yox, ana. Mən siz deyən məcnunlardan döyüləm. Mənnən işiniz olmasın. Dədəmə de, məni ticarətə düzəltsin, qalanıynan işiniz olmasın.
Nəzər bu sözü eşidən kimi dikəldi və ucadan:
⎯ Nə? ⎯ dedi. ⎯ Ticarətə?
⎯ Hə. ⎯ Bikə xanım bu sözü lap astadan pıçıldadı.
⎯ Ona denən boynunun ardını görəndə ticarəti də görər. Bunun iştahına bax. Elə bir bu qalmışdı. ⎯ Nəzər yerində otura bilməyib ayağa qalxdı, stolun dövrəsində gəzindi. Bikə daha heç nə deməyib fikrə getdi.
Hava artıq qaralırdı. Gün qərbdəki dağların başından aşhaaşdaydı və sanki dağların başında asılıb qalmış iri bulud tayasına yenicə od düşmüşdü, amma hələ alovlanmamışdı, eləcə közərirdi. Nəzər əlini belinə vurub batmaqda olan günəşə xeyli baxdı, baxdı və ürəyinə qəribə bir duyğu axıb doldu; ömrünü o günəşin ömrünə bənzətdi Nəzər. Günəş qürub edirdi, sabah dünyanın o başından yenə o boyda, o gözəllikdə, o işıqlıqda zühur edəcəkdi, aləmi nura qərq edəcəkdi, yer üzünün gözəlliklərinə işıqlı gözləri ilə baxıb sevinəcəkdi, sevindirəcəkdi. Ancaq Nəzərin yolu ⎯ yalnız qüruba idi, geriyə qayıtmaq üçün heç bir güman-iman yox idi, bu dünyaya təzədən bir də gəlmək, sevinmək, sevindirmək; bütün insanlar kimi, ona da nəsib deyildi. Hayıf! Kaş insanın bax o günəş kimi, gedib dolanıb müəyyən bir müddətdən sonra bir də bu dünyaya qayıdıb uzun illər yaşamaq yox, heç olmasa baxmaq, doyunca tamaşa eləmək, sonra getmək imkanı olaydı. Kaş olaydı. Amma hayıf ki, belə bir imkan verilməyib. Və bu, qürub çağının hüznlü qəribliyi içində bayaqdan bəri dolu ürəyini boşaltmağa çalışan Nəzərin ruhunu bir az da sıxıb, onu kədərləndirdi. Araya uzun, vahiməli bir sükut çökdü. Nəzər qəmli baxışlarını batmaqda olan günəşin uzaqdan nə isə adamın hisslərini, duyğularını isidən işığına dikdi, xeyli vaxt heç nə demədən, həsrətlə baxdı, baxdı.
Bikə xanım Nəzərin incə, həssas təbiətinə yaxşı bələd olduğu üçün belə hallarda dinib-danışmazdı, xəyallarını, düşüncələrini pərən-pərən salmaqdan çəkinərdi. Bikə xanım bilirdi ki, o, şairanə bir ürək sahibi, söz sərrafı idi, hər kəlmənin, sözün mənası, tarixi, hardan meydana gəlməsi, sonralar necə dəyişdiyi barədə dəqiqələrlə, saatlarla danışardı. Qazandığının çoxunu ömrü boyu kitaba vermişdi. Bikə xanım hərdən and içərdi ki, dünyada onun ərinin oxumadığı bir kitab yoxdu. Üç otağın biri onun kitabxanasıydı, taxtadan rəflər düzəltmişdi, səqfə qədər içinə kitab düzmüşdü. Özü də, gecənin nə vədəsi gəlib ondan filan kitabı istəsəydin, yalan olmasın, indicə əliynən qoyubmuş kimi gözüyumulu gedib götürərdi. Həyatdan, öz ömrünün dərslərindən öyrəndiyi kimi, o, kitablardan da az şey, az hikmət götürməmişdi. Ona görə onun söhbətlərindən doymaq, yorulmaq bilmirdi heç kəs. O olan məclislərdə qeybət, dedi-qodu olmazdı. Yas yerlərində mollanın özü də onun danışığından ləzzət alıb həvəslə qulaq asardı. Rayon mərkəzinə, məktəblərə şairlər, yazıçılar qonaq gələndə o məclisi təşkil eləyənlər mütləq Nəzəri axtarıb tapmalıydılar; xüsusi hörmətlə, maşında gətirib həmin hörmətli qonaqların yanında oturdardılar. Klub müdirləri, məktəb direktorları görüşü açıb gələnlərə «xoş gəlmisiniz» deyəndən sonra sözü Nəzər müəllimə verirdilər.
Nəzər müəllim özünə məxsus bir təmkinlə, sözləri aydın və aramla deyə-deyə elə gözəl danışardı, gələn şairin əsərlərini elə təhlil eləyər, şerlərindən əzbər parçalar deyərdi ki, hamının, elə şairin özünün də ağzı açıla qalardı. Yazıçı olsaydı gələn, onun da haqqında eləcə, ürəkdolusu söz deyərdi. Alim olsaydı da elə… Buna görə idi ki, Nəzər müəllimin sorağı Bakıda da geniş yayılmışdı, böyük şair və yazıçılardan tutmuş cavanlara ⎯ qəzetdə beş-altı şeri dərc olunan, ya bir-iki əl boyda kitabçası çıxan qələm sahiblərinə qədər az qala hamısı onu yaxşı tanıyırdı. Onlardan Nəzərə avtoqrafla öz kitablarını göndərənlər də az deyildi.
Nəzər kitabı elə-belə, oxumaq xatirinə oxumurdu. Əlinə qələm alırdı, yaxşı sözlərin, misraların, sətirlərin altından xətt çəkib böyründə «əla!», «afərin!» ⎯ deyə yazardı, pis, xoşuna gəlməyən fikirlərin yanına iri bir nida işarəsi qoyub «Bu olmadı!», «Çox pis!», «Səndən qabaq bunu çox deyiblər, bala!» və s. yazardı. Bəzən bununla ürəyi soyumayanda ərinmədən, əsl bir tənqidçi səliqəsi ilə, ya müəllifin özünə, ya redaksiyaya, ya da Yazıçılar İttifaqına iri bir məktub göndərərdi. Və bu məktubda o yazı barədə düşündüklərini yazardı.
… Bu ağır və dilsiz sükut uzun çəkdi; Bikə xanım axırda dözə bilməyib:
⎯ Nə uzun fikrə getdin, kişi? ⎯ deyəndə Nəzər xəyaldan ayrıldı və ah çəkdi.
⎯ Heeççç… Günəşin batmasına baxırdım, arvad. O gedir, sabah yenə qayıdıb gələcək. Amma… mən yox.
Nəzər kölgəli baxışlarını qarşıdakı dağların yanğın düşmüş, qızılı zirvəsindən çəkərək qəmli-qəmli gülümsündü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-dunyani-tani-ikinci-hisse-on-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İistitutun təzə katibəsi — az bir zamanda kollektivin hörmətini qazanmış, ağıllı, mehriban, qaraşın Şərqiyyə akademik Aslanzadəni belə halda heç görməmişdi. Kişinin sifəti saçları kimi dümağ idi. Stolunun arxasında taqətsiz halda oturub başını divara söykəmiş, altı tuluqlanmış gözlərini yummuşdu. Şərqiyyə direktoru bu vəziyyətdə görüb qorxuya düşdü və titrək bir səslə:– Sizə nə olmuşdur, professor? —deyərək irəli yeridi. — Halınız xarabdır? Həkim çağırım?
Birinci hissə, üçüncü fəsilGülmirənin ürəyi çoxdan dolmuş, uzun müddət gözünün yaşını torpağa səpələyə bilməyən bulud kimi yağıb boşalmışdı. Amma elə süst və halsız idi ki, hətta danışmağa heyi-hərəkəti yox idi. Hamıya küt və laqeyd baxışlarla baxır, yoldaşlarının suallarına cavab vermirdi. Stolun arxasında donmuş halda oturmuşdu. Bu ara Nadirə xanım əlində bir stəkan su yaxın gəldi, xırıltılı bir səslə:– İç, toxta, Gülmirə, — dedi. — Çox həyəcanlısan.
Birinci hissə, dördüncü fəsilYara hələ isti imiş, sən demə: ona görə ağrısı-acısı bilinmirmiş! Nadirə Gülmirəni yola salandan, Salmanın kabinetinin qapısını açıqca açıb baxmadan, qəfil zərbə yeyib karıxmış adam sayağı, key kimi evə gələndən sonra bu gün, üç-dörd saat bundan qabaq, institut divarları arasında baş vermiş o müdhiş hadisənin nə demək olduğunu bütün çılpaqlığı ilə anlayıb sarsılmışdı. Bəlkə də ömründə ilk dəfə idi ki, özü-özünə heyrət eləmişdi. Hər şeyi ayıq-sayıq ölçüb-biçməyə, yerli-yerində qiymət verməyə adət eləmiş Nadirə xanım necə olmuşdu ki, bu boyda söz-söhbət zamanı işin nə yerdə olduğunu layiqincə anlaya bilməmiş, kənar, tamam yad bir insan mühakimə edilirmiş kimi, susub durmuş, hətta iclasdan sonra da Gülmirədən, yaxud Salmanın özünün yaxasından yapışıb «bütün bunlar nə deməkdir?» — deyə silkələməmişdi. Bu, səbir idimi? Bu, Salmana qarşı biganəlikdənmi irəli gəlirdi? Ya bir çox başqaları kimi, həyatında heç vaxt belə «divan-məhkəmə» görmədiyindən çaşıb qalmışdı? Və yaxud Gülmirənin oturanların hamısının ürəyini lərzəyə salan cəsarətli çıxışı ona ilk baxışda hədsiz ləzzət elədiyindən Salmanı unutmuşdu — bu söhbətlərin özgəsi haqqında yox, məhz Salman — onun əri barəsində getdiyindən fərqinə varmamışdı?! Qəribə idi ki, ilk təəssüratı — son dərəcə maraqlı, dramatik bir tamaşadan alına biləcək gözəl təəssüratı evə gələndən sonrakı ilk dəqiqələrdə də sönüb getməmişdi, onun ürəyini, bütün varlığını doldurmuşdu. Əlli iki il yaşamışdı, ancaq heç bir filmdən, heç bir əsərdən bu qədər sözlə ifadə oluna bilməz zövq aldığı yadına gəlmirdi. Ceyhun evdə yox idi, Salman yəqin ki, hələ idarədə olardı — güman ki, o hamının işdən çıxıb getməsini gözləyirdi — heç kəslə üz-üzə gəlməmək üçün! Bu gün belə elədi. Bəs sabah? Birisi gün? O, adamların gözünə necə baxa bilərdi belə ağır və öldürücü ittihamdan sonra? Yox, baxa bilməzdi. Bilməyəcəkdi!Yandırıcı bir hiss içini göynətdi — Salman özgə adam deyildi, Salman onun ömür-gün yoldaşı idi, uşağının atası idi! Bu biabırçılığın — namərdliyin, nakişiliyin, oğurluğun, əclaflığın — nə desən yaraşır — bir ucu da onu — başını aşağı salıb elmin namuslu fəhləsi kimi kecə-gündüz bilmədən, kirpiyi ilə od götürə-götürə çalışan, imkanı, qüvvəsi dairəsində var gücünü, həvəsini, eşqini sənətinə verən Nadirə xanımı da tutmurdumu, onun təmiz adının üstünə kölgə salmırdımı?
Birinci hissə, beşinci fəsilSən demə, Ceyhun gəlibmiş. İşıqları yandırmadan öz otağına keçmiş, plaşını, kostyumunu soyunaraq döşəməyə atmış, köynəyini, corabını çıxarmağı unudaraq çarpayısına uzanıb yatmışdı. Nadirə işığın düyməsini basdı — oğlunu bu halda görcək ürəyinin başı soyuldu. İçib, sərxoşdu — anasının gəlişindən heç xəbəri də olmadı.Ceyhunun rəngi qızarmışdı. Xoruldayırdı. Sifətinə işıq düşəndə kirpik də çalmadı. Demək, bərk yatıb. Nadirə xanım yaş içində boğula-boğula xeyli oğluna tamaşa elədi; əvvəl istədi qolundan tutub qaldırsın, dişinin dibindən çıxanı desin, lap bir-iki şillə də çəksin. Sonra bu fikrindən daşındı — bunun heç bir xeyri olmayacaqdı, çünki özündə deyildi Ceyhun.
Стихи других поэтов
Arizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
Oxumaqla bülbül olmaz sərçələrOxumaqla bülbül olmaz sərçələr,Budaq kölgəsində daldalansa da.
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül