İkinci hissə, on üçüncü fəsil
Qışın oğlan çağıydı: Yer-yurd qar altında qalmışdı. Yol-riz bağlanmışdı. Qocaların dediyinə görə, son otuz ildə bu yerlərə belə qalın qar yağmamışdı. Qəribə idi ki, şaxta da yox idi. Adamları, mal-qaranı, toyuq-cücəni ancaq «qar», «qış» sözünün özündən axıb gələn soyuq üşüdüb büzüşdürürdü. Damların buxarılarından göyə qalxan ağ-boz tüstü kəndən üstünə bulud kimi yayılır, cənubdan əsən yüngül küləyin nəfəsiylə şimala doğru axıb gedirdi.
İki pəncərənin arasındakı «Elektron» televizoru asta ayaqda öz-özünə danışırdı. Nəzər ona heç qulaq da asmır, döşəkçənin üstündə oturub, ayaqlarını da irəli uzadaraq kitab oxuyurdu. Bikə xanım isə istisi adamı uzaqdan vuran dəmir sobanın üzərində boranı tumu qovururdu. Ürəyində isə Nəzərə deyiləsi söz qovrulurdu. Uzaqdan başladı arvad:
⎯ Deyirəm görəsən sən o məktəbdən gedəndən sonra işlər nə təhərdir orda? Yəqin Əli müəllimin ruhunu hər gün təhqir eləyir o qansız? ⎯ Nəzər «məktəb» sözünü eşidən kimi kitabı kənara qoydu. ⎯ Sən gərək məktəbdən getməyəydin!..
⎯ Peşiman deyiləm, Sədnikin qızı. Mənim orda meydanım çox dar imiş, mən orda bir-iki əclafla döyüşürmüşəm. İndi işlədiyim idarənin isə əli çox uzundu, sən təsəvvür elədiyindən də uzundu. İndi mən tək deyiləm, indi mənim az qala bir ordum var, hər müəssisədə, idarədə, kolxozda adamım var, Sədnikin qızı. Elə hesab elə, evimdə oturanda belə, mən lap ucqar kənddə də kolxoz sədrinin, anbardarın, briqadirin bir çöpü burdan götürüb ora qoymağını da görürəm, bilirəm.
Bikə xanım güldü:
⎯ Ta denən televizorsan da.
Nəzər o dəqiqə etiraz elədi:
⎯ Yox, televizor yox, arvad. Televizor ancaq göstərir, amma görmür. Mən isə həm görürəm, həm göstərirəm, arvad.
Bikə gülümsündü:
⎯ Nə təhər yəni, ay kişi? ⎯ Bikənin səsində bir maraq duyuldu.
⎯ O təhər ki, ⎯ Nəzər nə fikirləşdisə, ətraflı izah eləməkdən vaz keçdi. ⎯ Yox, bu o qədər də vacib deyil, sənin heylə işlərdə işin olmasın.
⎯ Onsuz da mən hər şeyi bilirəm. Camaat danışır, ⎯ deyə sobanın üstəki tumları dəsmalla sivirib boşqaba tökdü, ərinin qabağına qoydu.
Nəzər yerində qurcalandı:
⎯ Nəyi danışır camaat?
Bikə xanım dəmir sobaya odun atdı, maşa ilə qurdaladı və bayaqdan, lap söhbətin əvvəlindən ürəyində qaynatdığı mətləbi deməyin məqamı çatdığını düşünüb ehtiyatla xırdalamağa başladı:
⎯ Mən təvəqqe eləyirəm, qulaq asasan. Mənim sözümü kəsəndə fikrim dağılır, çaş-baş qalıram. Hə, üz-gözünü turşutma. Sən bilirsən ki, mən havayı söz danışan adam deyiləm…
⎯ Bilirəm, bilirəm, Sədnikin qızı. Sən mənim ağıllı arvadımsan…
⎯ Sən gərək məktəbdən getməyəydin, Nəzər. Sən el-oba içində qazandığın o böyük izzət-hörməti o məktəbdə qazanmışdın. Sən bütün bu camaatın sevimlisi olmuşdun, ağsaqqalı olmuşdun. Sən ömür qoymuşdun, saç ağartmışdın orda. Gərək elə Əli müəllim kimi lap əldən-dildən düşənəcən oradan qaçmayaydın, ayrılmayaydın, Nəzər. İki-üç, sən deyən kimi, faşist uşağı faşistin əl-qolunu bağlamışdın, qabağına durmuşdun, elə bəs idi. Orada iki-üçünün əl-qolunu sən bağlayardın, o biri məktəbdə bir başqası, kifayət idi. Hərə iki-üç beləsinin gözünün odunu alsa, onlar heç nə eləyə bilməzdilər.
Nəzər qurcuxdu, ancaq Bikə xanım əlinin işarəsi ilə ona susmaq işarəsi verdi, o, sözünü uddu.
⎯ Bilirəm, demək istəyirsən ki, hamı sənin kimi deyil, ola bilmir. Razıyam. Çoxu «mənə nə ey» ⎯ deyib çox şeyə göz yumur, ancaq o zaman dillənirlər, səslərini çıxarırlar ki, bir balaca özlərinin mənafeyinə toxunasan ⎯ gəl onda qiyamətə bax! Başlayırlar ki, ədalət yoxdu, qanun yoxdu, nə bilim, nə, nə… Bunları mən də bilirəm, hamı da bilir. Bu, camaatın qanına, iliyinə, sümüyünə işləyib artıq. Bunları düzəltmək çətindi, çox çətindi, bəlkə heç mümkün deyil. Gördün o Mirağanın başına nə oyun açdılar o oğlanı avtomobil müfəttişləri döyəndə qahmar çıxdığına görə? Sənin gözünün qabağında adam döyürlər, sən dözə bilmirsən, müdafiə edirsən. Səni də ona qatıb tuturlar. Düzdü, qəzetin köməyi ilə onların ikisini də buraxdılar, o azğınların, vəzifəsini başa düşməyənlərin cəzasını verdilər, işdən qovdular. Ancaq nə olsun. Ədalətsizlik, haqsızlıq oldu və onu yüz adam gördü, eşitdi ⎯ bu adamların sabah gözünün qabağında birini öldürsələr də, mən inanmıram, onlar döşlərini irəli verib onu müdafiə eləsinlər. Çünki göz qorxdu, inam öldü.
Nə isə, gül kimi hörmətin var idi, hamı başına and içirdi, bilirsən. Ancaq bu nəzarətə keçəndən, qırx ildə zərrə-zərrə qazandığın o hörməti demək olar ki, itiribsən, kişi.
⎯ Niyə ki? ⎯ Nəzərin pırpız qaşları çatıldı. ⎯ Neyləmişəm ki?
⎯ İndi… sənə bilirsən nə deyirlər?
⎯ Nə deyirlər ki?
⎯ Ayama qoyublar, kişi, Nəzarət Nəzər. Çox vaxt heç Nəzər də demirlər, eləcə Nəzarət deyirlər, vəssalam. Nəzarət başını hər yerə soxur, az qalıb Nəzarət gecələr evlərdə ər-arvadın necə yatdığına da nəzarət eləsin, ⎯ deyirlər. Görünür, ələ salırlar. Bu, sənin nəyinə lazım idi, axı. Mənim gözüm görə-görə sən camaatın gözündə kiçilirsən, hörmətsiz olursan. Bu, mənim ürəyimi ağrıdır, kişi. Bu, mənə dərd olub, içimi söküb dağıdır. Axı, sən katib deyilsən! Nəyinə lazımdı kim neyniyir. Pensiyaya çıxmayaydın gərək, indi ki, çıxıbsan, oturaydın yerində, ömrümüzün-günümüzün bu qürub çağında urvatdan düşməyəydin, ⎯ deyib Bikə xanım doluxsunaraq qəhərləndi, səsi ilişdi və dünyada çox qiymətli bir şey itirmiş adam kimi, əlini dizinə çırpıb ayağa qalxdı. Dolan gözlərini əri görməsin deyə üzünü yana çevirdi. Arvadının qalxdığını görüb Nəzər də ayağa durdu. Çoxdan oturmuşdu deyə qıçı uyuşmuşdu, sağ ayağını yerə basanda barmağının ucundan ta kürəyinəcən bir giziltinin keçdiyini hiss elədi, ⎯ sol ⎯ yaralı qıçı üstə ağırlığını saldı. Elə yerindəcə, hövsələsiz halda dedi:
⎯ Səhvsən, Sədnikin qızı. Əvvəla, bunu camaat deyə bilməz, o beş-üç faşistin ya özü, ya qohum-əqəbaları, simsarları olar bu sözləri deyənlər. Eybi yoxdu, qoy desinlər. Bu, mənim üçün şərəfdi. Ona görə heç ürəyini sıxma. Deməli, mənim atdığım güllələr hədəfə dəyir, lap gözünün içindən dəyir. Camaat ayrıdı, Bikə. Beş-üç nəfər oğru-əyri heç vaxt camaat olmayıb. Camaat ⎯ xalqdı, eldi. Sən onların alqışını eşitməyibsən. Camaat ⎯ o əli qabarlı, beli gecələr yuxusunda da sız-sız sızıldayan o zəhmət adamlarıdı ki, gözləri baxa-baxa o beş-üç əclaf onların haqqını kəsir, yeyib qudurur, harınlayır, sonra da onların özünü adam hesab eləmir ⎯ bax, o adamlar məni çox istəyir, hörmət eləyir. Əsas da budu.
Deyirsən, katib deyilsən… Mən ona kömək eləyirəm ⎯ hamımızın borcudu ona kömək eləyək, yoxsa tək çətin olar. Gərək ictimaiyyət ⎯ sən, mən, o, biz hamımız onun köməkçisi olaq, Sədni-kin qızı. Bir də nə olar. Qoy mən Nəzarət olum. Nəzər Nəzarət. Adın elə bir əhəmiyyəti yoxdu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-dunyani-tani-ikinci-hisse-on-ucuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ceyhun da, Rəhim də on gün bundan qabaq son imtahanı verib orta məktəbi bitirmişdilər. Rəhim Qızıl medalla, Ceyhun elə-belə. Salman həmin gün evdə yaxşı bir süfrə açmış, Ceyhunun sinif yoldaşlarını evə dəvət etmişdi.Onlar sənədlərini Universitetə vermişdilər.— Rəhim şərq, Ceyhun filologiya fakültəsinə, Rəhim cəmisi bir imtahan verəcəkdi — yoxlama imtahanı, Ceyhun isə hamısını.
Üçüncü hissə, on dördüncü fəsilGülmirənin əli işdən soyumuş, fikri dağınıq olmuşdu. Dindirsən dinir, dindirməsən nitqi tutulmuş adam təki lal-dinməz baxır, şəhərdə, institutda kölgə kimi gəzib dolanırdı. Ən gülməli söhbətləri belə təbəssümlə qarşılayırdı.O, qəbiristanlığa çox getmişdi.— Orxanın məzarı üstünə. İndi də həmin çığırla gedirdi. O cığır Gülmirəni düz Əqdəmin qəbrinin yanına aparıb çıxarırdı, çünki o iki cavan bir-birinin yanında dəfn olunmuşdu. Qəbirləri də eyni cür idi, hasarları da, başdaşları da. Sən demə, yaşıd imişlər. Sevdikləri adam da bir olub — Gülmirə!
Üçüncü hissə, on beşinci fəsilSalman Qurbanzadə ictimai elmlər bölməsinin iclasından çıxanda halı özündə deyildi; ayaq üstə güclə dururdu. Elə pörtmüşdü, elə qızarmışdı ki, sanki indicə hamamdan çıxmışdı, çırtma vursaydın, qanı damardı. Azca əvvəl, akademiyanın geniş, bu başından baxanda o başı görünməyən salonunda onunla bir yerdə, yanaşı oturmuş və necə çırpılıb döyüldüyünün şahidi olan adamların gözündə özünü nikbin, heç bir şey olmamış kimi göstərməyə çalışırdısa da, buna heç cür müvəffəq ola bilmirdi. Belini şax tutmaq istəyirdisə də bacarmırdı: elə bil, içəridən kimsə gözəgörünməz əlilə Salmanı çəkib əyir, uca boyunu balacalaşdırırdı. Baxışı, gülüşü, təbəssümü saxta və süni təsir bağışlayırdı. Bayaq, bölmənin bəzi üzvləri tərəfindən yaxşı-yaxşı «döyüləndə» ağzına su alıb susanların indi zalın qapısı ağzında yaxınlaşıb: «Əşşi, belə şeylərə fikir vermə, qanını qaraltma,» «Darıxma, Salman.», «Sənin də mənim kimi qədrini bilmədilər, ay Salman.» — deyənlərə, artıq əzik-üzük olmuş, ütüsü bu iki saatın içində pozulmuş dəsmalıyla alnının, üzünün tərini silə-silə cavab verəndə qeyri-iradi olaraq səsi tutulur, ilişikli çıxırdı. Bir çoxlarına heç cavab vermirdi, eləcə, mənalı-mənalı baxıb başını asta-asta tərpətməklə kifayətlənirdi.Yox, burada daha dayana bilmirdi: sanki bu boyda foyedə hava yox idi, nəfəsi təngiyirdi. Nəsə danışan, gülən alimlərin səsi onun beynini cırmaqlayır, ürəyinin içini ovurdu və ona elə gəlirdi ki, hamı ondan danışır. Od kimi yanan əlini ikinci mərtəbədən burulub birinci mərtəbəyə uzanan, üstünə uzun xalı salınmış mərmər pillənin soyuq sürahisinin üzərində sürüşdürə-sürüşdürə aşağı enərkən ürəyində, beynində bayaq iclasda «qılıncını siyirib üstünə düşənlərə» indi, daldan atılan daş kimi gecikmiş və mənasız olsa da, nifrətlə, acıqla cavab verir, orada camaatın qabağında ehtiyatdanmı, qorxudanmı deyə bilmədiyi sözləri dilinə gətirir, vaxtında ürəyini boşaltmadığına heyifsilənirdi. Ucaboy, enlikürək, çatma qaşları da qar kimi ağappaq ağarmış həyatında belə yığıncaqlarda başının tükü sanı iştirak etmiş Aslanzadənin özünə məxsus təmkin və yumorla, asta-asta Salmana «yedirtdiyi» sözlər beynində təzədən təkrar olunur, rəhmsizcəsinə vurulmuş zərbə kimi canını, ürəyini ağrıdırdı. Ay allah, bu pillələr niyə qurtarmaq bilmir? Nə uzun imiş bu pillələr? Aha. Şükür, qurtardı, qurtardı. Bu, böyük qapı. Bax, bu da geniş, işıqlı, gəl-gedi çox olan küçə. Ox, hava nə sərinmiş, aman allah. Əl atıb qalstukunu boşaltdı, köynəyinin düyməsini açdı. Və üzü aşağı, Nizami muzeyinə tərəf addımladı. Heç kəsi görmürdü, heç kəsi tanımırdı Salman. Beyni uğuldayırdı, uğuldayırdı: «Demək, belə». Demək Salman Qurbanzadə
Üçüncü hissə, on altıncı fəsilVəzifədən çıxarılmağından heç kəsin, hətta, Nadirə xanımın da təsəvvürünə gətirə bilməyəcəyi dərəcədə sarsılmış Salman Qurbanzadə elə həmin günün səhəri növbəti məzuniyyətə çıxmağı barədə ərizə yazaraq, incimiş, küsmüş olsa da, arvadını instituta göndərmiş, məzuniyyət pulunu da almağı ona həvalə eləyib bağa getmiş və bir də iki aydan sonra, vaxtı qurtaranda qayıdıb gəlmiş, içəridən əzilə-əzilə, sıxıla-sıxıla təzədən işə başlamışdı. İstirahət zamanı kökəlmək, yaxşılaşmaq əvəzinə, bir az da sınıxmış, hələ lap diqqətlə baxsan, xeyli də qocalmışdı. Bütün bu müddət ərzində Nadirə ilə də ağızucu danışmış, dindirsə dinmiş, dindirməsə, öz aləminə qapılıb yaşamışdı. Onun yaşına yaraşmayan bu hərəkəti Nadirəni incitsə də, yazıq qadın tənə-təhniz eləməmiş, «Bunu da anası belə doğub də, neyləyə bilərəm?» — deyə dözmüşdü. Salman, Aslanzadədən bərk incimişdi, direktoru olsa da, salam vermir, salamını da almırdı. Dünya görmüş Aslanzadə onun belə eləməyinə gülür, hərdən elə yanında zarafata salıb Nadirəyə deyirdi:– Ay Nadirə xanım, bu kişini bizimlə barışdırsana. Bir qurutlu xəngəl bişir, yığ bizi bu Salmanın başına, barışdır bizi. Belə xırda-xuruş şeylər üstündə bizim umu-küsü saxlayan vaxtımız çoxdan keçib.