Üçüncü hissə, on altıncı fəsil
Vəzifədən çıxarılmağından heç kəsin, hətta, Nadirə xanımın da təsəvvürünə gətirə bilməyəcəyi dərəcədə sarsılmış Salman Qurbanzadə elə həmin günün səhəri növbəti məzuniyyətə çıxmağı barədə ərizə yazaraq, incimiş, küsmüş olsa da, arvadını instituta göndərmiş, məzuniyyət pulunu da almağı ona həvalə eləyib bağa getmiş və bir də iki aydan sonra, vaxtı qurtaranda qayıdıb gəlmiş, içəridən əzilə-əzilə, sıxıla-sıxıla təzədən işə başlamışdı. İstirahət zamanı kökəlmək, yaxşılaşmaq əvəzinə, bir az da sınıxmış, hələ lap diqqətlə baxsan, xeyli də qocalmışdı. Bütün bu müddət ərzində Nadirə ilə də ağızucu danışmış, dindirsə dinmiş, dindirməsə, öz aləminə qapılıb yaşamışdı. Onun yaşına yaraşmayan bu hərəkəti Nadirəni incitsə də, yazıq qadın tənə-təhniz eləməmiş, «Bunu da anası belə doğub də, neyləyə bilərəm?» — deyə dözmüşdü. Salman, Aslanzadədən bərk incimişdi, direktoru olsa da, salam vermir, salamını da almırdı. Dünya görmüş Aslanzadə onun belə eləməyinə gülür, hərdən elə yanında zarafata salıb Nadirəyə deyirdi:
– Ay Nadirə xanım, bu kişini bizimlə barışdırsana. Bir qurutlu xəngəl bişir, yığ bizi bu Salmanın başına, barışdır bizi. Belə xırda-xuruş şeylər üstündə bizim umu-küsü saxlayan vaxtımız çoxdan keçib.
– O, yoldaş Aslanzadə, Salman qurutlu xəngəlnən-zadnan barışan deyil, görünür siz onu hələ yaxşı tanımırsınız: yaman kinli adamdı mənim Salmanım. — deyə Nadirə də yarızarafat, yarıciddi cavab verirdi.
Aslanzadənin uzun minnət-xahişindən, təkidindən sonra şöbə müdirliyini qəbul etməyə razılıq vermiş Nadirə xanım ağıllı bir hərəkət edərək Salmanın həmişə ayrıca oturduğu otağa getməkdən imtina eləmiş, o otağı, yaşlı, hörmətli alim kimi, (əlbəttə, Aslanzadənin məsləhəti ilə) ona vermişdi, özü isə əvvəlki yerində—şöbə əməkdaşlarının yanında oturmağı qərara almışdı. Bu, açığı ki, Salmanın qırışığını xeyli açmış, yumşaltmışdı.
...Nadirə xanım çaşıb qalmışdı: Aslanzadə instituta təzə elmi işçi götürmüşdü və indi onu, onsuz da darısqallıq olan şöbədə yerləşdirmək lazım idi. Təzə işçi İltifatdı. Ancaq əvvəlcə adını bilməyən əməkdaşların bəzisi onu özlüyündə «Dombagöz» adlandırırdı. Gözləri elə həqiqətən də domba idi. Hamı altdan-altdan zahiri görkəmini seyr etsə də, İltifat sakitcə bir qıraqda dayanıb əl-ayağa düşənlərə gözlərini bərəldərək onları qəribə bir tərzdə seyr edirdi. Sifətində qəribə bir məmnunluq vardı. Gülalı sanki özü də bilmədən təzə əməkdaşla yanaşı dayanmışdı və hərdən dodaqaltı nəsə pıçıldayırdı, lakin İltifat ona qulaq asmırdı.
...Otağın ortasında dayanıb fikrində hər şeyi ölçüb-biçən Nadirə kədərli-kədərli dedi:
– Orxanın yerində başqa adamı oturtmağa ürəyim heç gəlmir. Ancaq neyləmək olar, boş yerimiz yoxdur. Gülalı, zəhmət olmasa Gülmirə xanımla Orxanın stolunu boşaldın, təmizləyin. Diqqətlə baxın, bəlkə gərəkli kağız-kuğuzu oldu, heyifdi, itməsin.— Sonra üzünü İltifata tutdu:— Sən Orxanın yerində oturarsan..
Nadirə bu sözləri deyərkən heç kəs cınqırını da çıxartmadı. Hamının üstünə elə bil, su çiləndi. Baxışlar dumanlandı, sifətlər kədər buludu ilə örtüldü. «Bəli, dünyanın işinə bax! Orxan kimi oğulun yerində indi gör kim oturacaq!»— deyə duşünən Gülmirə hamıdan çox sarsıldı. Bir anlığa Orxanın bütün həyatı, gözəl, şirin, lakin açılmamış solan böyük məhəbbəti onun xəyalında canlandı. Gülmirənin fikrində, Orxan həmişə bax, bu qırmızı müşəmbəli stolun arxasında otururdu: onun üçün, Gülmirə üçün bu stol boş deyildi, Orxanlı idi bu stol!
Gülmirəni qəhər boğdu, ancaq göz yaşı yanaqlarına yox, ürəyinə axdı və birdən, qeyri-iradi olaraq dərindən bir ah çəkdi Gülmirə. Nadirə xanım onun sinəsindən yox, qəlbindən yox, bütün vücudundan qopub gələn o yanıqlı fəryadı eşidib çevrildi, Gülmirənin qupquru, yaşsız ağlayan gözlərini, məhzun sifətini görəndə elə bil, bədəni alışıb yandı, beyni dumanlandı və bircə anın içində Orxanın Gülmirəyə bəslədiyi o ilahi, o təmənnasız və cavabsız məhəbbəti xatırladı: Orxanın xırda, səliqəli hərflərlə yazdığı gündəliyi vərəqləndi xəyalında, şerləri çırpındı xatirində və o, baxışlarını qaldırıb gözlərini Gülmirəyə hərisliklə zilləmiş İltifata deyil, Gülmirəyə baxıb dedi:
– Yox. Yox. Orxanın yerində sən oturacaqsan, Gülmirə. İltifat da... İltifat da... — Dayandı, elə bil, dili tutuldu: istəyirdi desin: «İltifat da sənin yerində oturar. Ancaq heç özünün də dərk eləmədiyi qəribə bir qısqanclıq hissi axıb doldu ürəyinə və dodaqlarını kilidlədi Nadirənin. O sözləri deyə bilmədi, əvəzində quru əmrə bənzər bu kəlmələr çıxdı dilindən: — İltifat Gülalının yerində əyləşər, Gülalı da sənin. — Əlavə söz soruşan,—«Bu nə yerdəyişmədi?», «Niyə?», «Nə üçün?» — deyən olmadı.
Sual verən olmasın deyə bir kəlmə də artırdı:
– Vəssalam.
Xoşbəxtlikdən, belə məqamlarda fürsəti fövtə verməyi xoşlamayan Gülalının:
– Siz məndən çox yaşayacaqsınız, Nadirə xanım. Elə mən indicə demək istəyirdim ki, İltifat mənim yerimdə zad eləsin, otursun. Pəncərə ağzıdı, işıqlıdı. Həri. Əntiqə yerdi. — deməsi aradakı çaşbaşlığı ortadan qaldırdı.
– Lap yaxşı. — Bunu Nadirə dedi.
Gülmirənin ürəyi əsdi, yaşla dolmuş gözlərini Nadirə xanıma zilləyib baxdı, baxdı: minnətdarlığını bildirə bilməzdi, çünki burdakılar o minnətdarlığın mənasını anlamaqdan uzaq idilər və bir də, Nadirə xanımın bu həssaslığı hər cür minnətdarlıqdan çox-çox uca idi.
Bu gərgin anda otağın qapısı açıldı, təsərrüfat üzrə müdir müavini içəri girdi. Qoltuğunda ağ mələfəyə bükülmüş nəsə vardı. Nadirə baxışı ilə onun qoltuğundakına işarə edərək:
– O nədir elə, Rahibə?— deyə xəbər alanda Rahibə mələfəni aça-aça:
– Orxanın şəklidi, Nadirə xanım. Aslanzadə tapşırmışdı ki, böyütdürüb şöbədə divardan asaq,— dedi.
Nadirə xanım sevinc içində:
– Afərin!— dedi.— Bu, nə yaxşı oldu, nə yaxşı oldu!..
Şəkil qızılı çərçivəyə salınmışdı. Elə yaxşı, elə canlı çıxmışdı ki, deyirdin bəs bu dəqiqə dil açıb danışacaq, yoldaşlarının kefini-halını soruşacaq. Ancaq o dinmirdi, hamının üzünə baxıb eləcə — həmişə olduğu kimi, şirin və sirayətedici bir təbəssümlə gülümsəyirdi. Orxan sanki harasa getmişdi, indi qayıdıb gəlib! Həmişəlik gəlib!
Rahibə, şəkli Nadirənin başı üstdən — divara vurulmuş mıxdan asdı. Orxan indi yoldaşlarının hamısından yüksəkdə dayanıb qürurla onlara baxır və gülümsünürdü. Bayaqkı niskil əriyib yox olmuşdu. Otaq sanki daha da işıqlanmışdı. Bu işıq əcil insanın, əsil sənətin və sənətkarın ölməzliyi, əbədiliyi işığına bənzəyirdi.
Gülmirə gözlərini yummuşdu, Orxanın pıçıltılı səsini eşidirdi və özü də ürəyində pıçıldayırdı:
«— Xoş gəlmisən, Orxanım, xoş gəlmisən.»
Nadirə şəklə baxıb fikirləşirdi: «Şöbəmizin əbədi işçisi oldun, Orxan! Səni daha heç kəs o dayandığın ucalıqdan aşağı sala bilməz!»
Gülalı nə vaxtdan ürəyində qaynatdığı, ancaq ehtiyat elədiyindən kimsəyə açıb demədiyi sözləri öz-özünə, dodaqaltı pıçıldadı: «Ölmək zalıma yaman düşdü».
Qapının ağzında, hamıdan arxada dayanan Salman bayaqdan bəri ilk dəfə nəzərlərini qaldırıb Orxanın şəklinə baxdı. Baxışları bir anlığa rastlaşdı. Ancaq professor onun gözünün içinə şax baxa bilmədi, otağı tərk etdi.
Elə bu zaman şəhərin üstündən, alçaqdan bir təyyarə uçub keçdi. Otağın pəncərələri titrədi. Gülmirə başını qaldırıb pəncərədən bayıra baxdı. Sonra ehmalca gözlərini yumdu. Təyyarə uzaqlaşıb getdi, ancaq Gülmirənin fikrində yenə bir təyyarə uçurdu. Bu təyyarə, deyəsən, həmişə, Gülmirənin ömrünün sonuna qədər beləcə uçacaq, uçacaqdı.
1964-1970
Bakı – Kabil
Birinci kitabın sonu
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-teyyare-kolgesi-ucuncu-hisse-on-altinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu heç yaxşı əlamətə oxşamırdı. Tərs kimi, təzə direktorun– akademik Nurəddin Osmanzadənin işə çıxması qış girən günə düşmüşdü; təkcə cavanların yox, heç qocaların da yadına gəlmirdi ki, Bakıda dekabrın iyirmi birində — ağ gözlü, buz nəfəsli qış daxil olan gün bu qədər qar yağmış olsun. Uzun-uzun illər idi ki, həmin axşam — payızla qışın ani olaraq qovuşub-ayrıldığı vaxt hava soyuyardı, şaxta-ayaz artardı, göylərdə parlayan iri-iri, ağ-ağ ulduzların nəfəsindən torpağa qırov ələnərdi — ancaq qar yağmazdı. Bu gecə isə, nə qədər qəribə olsa da, yağmışdı — yumşaq, qalın, ağlığı ilə adamın gözünün şoxunu aparan qar! Trolleybuslarda, avtobuslarda, taksilərdə, öz şəxsi maşınlarında işə gələn alimlər, elmi işçilər, laborantlar hələ bu gün qar yağmasına pis məna vermirdilər — çünki təzə direktorun məhz bu gün — bu qarlı çovğunlu gündə işə çıxaçağını heç kəs gözləmirdi. Lakin saat doqquzda, onun yarısında hamı instituta toplaşıb öz iş stollarının arxasına keçəndən az sonra Şərqiyyə şöbələrin qapısını bir-bir açıb adamları iclas salonuna dəvət eləyəndə qayğılı-qayğılı gülümsündü və:
Birinci hissə, səkkizinci fəsilSahibə qapını astaca taqqıldatdı, ancaq içəridən səs gəlmədi. İki gün idi Gülmirə gözünə dəymirdi. Əvvəl elə düşünmüşdü ki, istirahət günləridi onun. Yəqin dincəlir, ya da oturub işləyir. Ancaq bu gün, bir az bundan qabaq Maşa xaladan soruşanda qarı onun xəstələndiyini söyləmiş və bu xəbərdən Sahibə çox narahat olmuşdu. Tez öz otağına qayıdaraq divanda uzanıb kitab oxuyan Mir Sahibə Gülmirənin kefsizlədiyini deyəndə o:– Əcəb bacısan, burdan-bura heç xəbər tutmursan qızdan.
Birinci hissə, doqquzuncu fəsilSaat on bir idi. Nurəddin Osmanzadə təzə kabinetində oturmuşdu, qabağındakı makinada yazılmış siyahıya baxırdı və sol əlinin altında armudu stəkanda çay buğlanırdı, sağ əlində qələm tutmuşdu. İnstitut elmi şurası üzvlərinin adlarını bir-bir oxuyur, hərəsinin haqqında düşünür, ürəyinə yatan, yaxın sandığı alimləri saxlayır, döşünə düşməyənlərin, sözü üzə dik deməyə qadir olanların adının üstündən xətt çəkirdi. Öz aləmində elmi şuranı təmizləyirdi, «saflaşdırırdı.» Siyahıya elə adamlar salmışdı, elə adamlar əlavə etmişdi ki, onun bir sözünü iki eləyə bilməsinlər. Bu, onun ilk tədbiri idi. İkinci tədbiri müavini dəyişmək idi. Bu balaca, çəlimsiz oğlanın o günkü iclasdakı çıxışı qətiyyən xoşuna gəlməmişdi. Yerinə adam fikirləşirdi, ancaq münasib bir şəxs ağlına gəlmirdi. Çaydan qurtum-qurtum içə-içə çox düşündü, «görək kimi taparıq», — deyə siyahını kənara itələdi, siqaret yandırdı və düyməni basdı. Şərqiyyə dabanlarını taqqıldada-taqqıldada qapı ağzında görünəndə siyahını ona uzadıb:– Bunu makinada yaz, gətir qol çəkim, apar as elanlar lövhəsindən, — dedi.
Birinci hissə, onuncu fəsilŞaxta olmamışdı, külək də əsməmişdi, ona görə axşam yağan qar donub bərkiməmişdi. Hava elə xoş idi ki...Pioner bağının içində, qala divarının dibində, əyri-üyrü budaqlarının üstünü qar basmış qocaman akasiya ağacının dibində bir molbert vardı, molbertin arxasında başına qulaqlı papaq qoymuş, diplomat palto geymiş bir oğlan dayanmışdı — əlində fırça dördkünc kətanın üstündə nə isə çəkirdi. Böyründə dayanan Ceyhun diqqətlə gah rənglərə, gah kətana, gah da azca aralıdan keçən piyadalara nəzər salır, ayağının birini götürüb o birini qoyurdu.