Страница 1 из 3

Şaxta olmamışdı, külək də əsməmişdi, ona görə axşam yağan qar donub bərkiməmişdi. Hava elə xoş idi ki...

Pioner bağının içində, qala divarının dibində, əyri-üyrü budaqlarının üstünü qar basmış qocaman akasiya ağacının dibində bir molbert vardı, molbertin arxasında başına qulaqlı papaq qoymuş, diplomat palto geymiş bir oğlan dayanmışdı — əlində fırça dördkünc kətanın üstündə nə isə çəkirdi. Böyründə dayanan Ceyhun diqqətlə gah rənglərə, gah kətana, gah da azca aralıdan keçən piyadalara nəzər salır, ayağının birini götürüb o birini qoyurdu.

– Ceyhun, deyəsən darıxırsan, hə? — deyə rəssam oğlan baxışlarını kətandan çəkmədən xəbər alanda Ceyhun əlində yumurladığı qartopunu cığırla Azneftdən Kommunist küçəsinə tərəf ehtiyatla addımlayan qıza atıb:

– Tez ol, alə, donduq, — dedi. — Bu nə sənətdi ey? Qurtar, yaxşıdır, gedək.

– Az qalıb, bir az səbir elə, Ceyhun.

Ceyhunun qar topu atdığı qız dayandı, baxdı və ani sükutdan sonra cığırdan çıxıb onlara sarı addımlamağa başlayanda Ceyhun yavaşca söylədi:

– Samir, alə, gör kim gəlir?

Samir əl saxlayıb qarşıya nəzər saldı.

– Tanıyırsan?

– Yox, alə. Qar topu atdım, özü gəlir.

Qız qəhvəyi rəngli, yaxası ağ tüklü kürk geymişdi. Başında ağ papaq vardı. Girdə və yaraşıqlı sifətindən baxan gözləri çıçağa kimi gömgöy idi. O, elə arxayın və sərbəst gəlirdi ki, elə bil tanışlarının yanına gəlirdi və ya dava eləməyə hazırlaşmışdı. Onun bu arın-arxayın, inamlı gəlişindən Ceyhun əvvəl qorxuya düşdü, ürəyində ona qar topu atdığına görə özünü danladı. Çəkinə-çəkinə gələn qıza baxdıqda, Ceyhunun gözləmədiyi halda, o, birdən gülümsündü, nazik, qırmızı dodaqları aralandı, sırayla düzülmüş sağlam və ağappaq dişləri göründü.

– Cavan rəssamlara eşq olsun! — rusca söylədi və çaşmış oğlanlardan cavab gözləmədən, Samirin böyrünə keçib kətana nəzər saldı və əlavə elədi — Oho, qış mənzərəsi... Budaqları qarla örtülmüş ağac… Poeziya!..

Samir fırçanı rəng qabının yanına qoydu və ona sarı döndü:

– Xoşunuz gəlir?

– Bəli, çox gözəldir. Mən incəsənəti çox sevirəm!

– Təşəkkür edirəm, — deyə Samir Ceyhuna baxıb göz vurdu. Ceyhun qımışdı. Qıza ürkək-ürkək baxanda o:

– Mənə qartopu atan oğlan, sən də rəssamsan?—deyə soruşdu.

Ceyhun ağzını açmamış Samir:

– Yox, o, mənim köməkçimdir!—dedi.

– O, sənin köməkçin də var?

– Təsəvvür edin ki, var, xanım!..

Ceyhun gözlərini ondan çəkə bilmirdi. Qız onlardan ən azı səkkiz-on yaş böyük olardı, bunu ilk baxışda təyin eləmək elə də çətin deyildi. Ancaq sifəti o qədər yaraşıqlı və təravətli idi ki, lap yeniyetmə qıza oxşayırdı. Ceyhunun ürəyi əsirdi, lakin-başa düşmürdü ki, bu əsməcə soyuqdandı, yoxsa adını bilmədiyi, ilk dəfə üzünü gördüyü bu qızın gözəlliyindəndi. Dili-ağzı bağlanmışdı elə bil, ha istəyirdi bir söz desin, amma heç nə tapıb söyləyə bilmirdi. Birdən istədi onun üstunə cumsun, qarın içinə yıxıb ağız-burnunu ovxalasın — ancaq yerindən tərpənə bilmədi. Bu zaman qız gözlənilmədən əyilib yerdən pambıq kimi yumşaq qardan bir ovuc götürdü və Ceyhunun üstünə cumdu, Ceyhun qəsdən qaçmadı, qız onun başını sol qolu altına alıb ağzını ovmağa başladı və ova-ova:

– Sən mənə qar atırdın, sən mənə qar atırdın?— dedi. Ceyhunun qırışığı açıldı, qızın sağ biləyindən yapışıb burdu, o arxası üstə qarın içinə yıxıldı, Ceyhun onun sinəsinə çöküb:

– Hə, canın bəs bu deyil? — dedi. — İndi necəsən, ovuşdu-rum ağız-burnunu?..

Qız qəhqəhə ilə gülürdü. Qəşəng ağzı açılmışdı, mirvari dişləri görünürdü. Birdən Ceyhun əyilib onun dodaqlarından bərk-bərk öpdü, qız əl-qol atdı. Nəfəsi tıncıxdı, Ceyhun buraxanda o:

– Naxal! — deyib qəti bir hərəkətlə onu kənara itələdi. Samir artıq işindən ayrılmışdı və ayağa qalxıb üstünün qarını çırpan Ceyhuna deyirdi:

– Əldən buraxma, quşdu.

Ceyhun qıza kömək elədi. O da durub paltarının qarını təmizləyə-təmizləyə Samirə yaxın gəldi:

– Sənin köməkçin güclüdür, rəssam, ancaq hayıf bir az naxaldır. İcazəsiz məni öpdü. Bu, ona baha başa gələcək. Samir güldü:

– Hələ uşaqdır, çox şeyləri bilmir. Xüsusilə qadınla necə rəftar eləmək lazım olduğunu bilmir. O, irişdi:

– Belə görünür, sən bilirsən?

– O, əlbəttə. Mən ondan çox böyüyəm. Qız dönüb Ceyhuna baxdı:

– Amma o səndən qəşəngdi! — dedi.

– Ola bilər, — Samir özünü sındırmadı. — Kişiyə qəşənglikdən çox küc lazımdır, xanım.

– Məncə o səndən gücsüz, olmasın gərək.

Samir cavab vermədi. Kətana tamaşa eləməyə başladı, işinin əyər-əskiyini yoxlamaq istədi. Ancaq qız gəlib yanında dayanaraq;

– Belə görürəm, sən naturadan çəkməyi xoşlayırsan? — söylədi.

– Bəli, natura canlı olur. Ağac da olsa, daş da olsa, canlıdır natura. Nəfəs alır elə bil.

– Məncə, ən yaxşı natura insandır, insan bədəni, insan gözəlliyidir. Elə deyilmi?

– Elədir, xanım.

Qız ayaqqabısının ucu ilə qarı eşə-eşə:

– Mənim bir rəssam tanışım vardı, — dedi, — o, qadın portretləri ustasıydı. Qadın gözəlliyinin vurğunuydu. Qadınları naturadan çəkməyi xüsusilə xoşlayırdı.

Samir maraqlandı:

– Kim idi o rəssam?.. Məgər indi yoxdur?..

– Var. Niyə yoxdur. Ancaq indi qocalıb.

– Kimdi o?

– Süleyman Vüsal. Eşitmisən belə rəssam?..

«Süleyman Vüsal» adını eşidən kimi, hər ikisini — Samiri də, Ceyhunu da elə bil ildırım vurdu, onlar mənalı-mənalı baxışdılar. Demək, Samirin atası bu qızı tanıyırdı. İstər-istəməz o, bir anlığa xəyalən atasının emalatxanasına baş vurdu, orda, divarlar boyu vurulmuş portretləri nəzərində canlandırmağa çalışdı, onun portretini axtardı, ancaq tapa bilmədi.

– Hə, eşitmişəm, xanım. Süleyman Vüsal... tanışdı...

– Yaxşı kişidi, amma xəsisdi. Əvvəllər yaxşı pul verirdi mənə, sonra azaltdı. Mən də küsdüm, getdim.

Samir çaşqın-çaşqın Ceyhuna baxdı. Ceyhun da özünü itirmişdi.

– Nə qədər verirdi əvvəllər?.. — Samir aradakı sükutu pozmaq istədi.

– Saatıma on manat... Nu, arada yemək-içmək də olurdu...

– Bu, səni təmin etmirdi.?

– Məni təmin edirdi, amma onu yox. Elə hey deyinirdi. Samirlə Ceyhun yenə baxışdılar. Samir başı ilə ona işarə elədi ki, «aparaq?» Ceyhun o dəqiqə «hə» mənasında gözlərini qırpdı. Samir molbertini qapadı, əlini ağzına tutub hovxurdu:

– Yaman üşüdüm. Sizə soyuq deyil?

– Soyuqdur.

– Onda gedək bizə. Əgər vaxtınız varsa... etiraz etmirsinizsə...

Qız duruxdu, dönüb Ceyhuna baxdı:

– Bu şərtlə o da bizimlə getsin olar?

– Niyə olmur ki?..

Qız Ceyhuna dedi:

– Malış, razısan?

– Əlbəttə, — Ceyhun tərəddüd etmədən söylədi. Qız ona sarı yeridi və ikisi də eşidəcək bir tərzdə:

– Saatım on manatdır ha!—dedi və Ceyhunun qoluna girdi. ...Emalatxana «İnşaatçılar» prospektində, «Olimp» mağazasının böyründəki beşmərtəbəli binanın alt qatında idi. Bloka girib qapının ağzında dayanan kimi, qız içini çəkdi:

– Oy, bu; Süleymançikin emalatxanasıdı ki? — deyib Ceyhunun qolunu buraxdı və dönüb arxasında dayanan Samirə baxdı.

– Hə, onunku idi, — dedi Samir. — İndi mənimkidi. Buranı mənə təzə veriblər.

Samir bu yalanı elə indicə düzəltdi. Atası burada yox idi, altı aylığa Hindistana yaradıcılıq ezamiyyətinə getmişdi və açarı da ona vermişdi. «İşlərsən» — demişdi. Qız inandı, üzündəki nigarançılıq və təşviş hissi keçib getdi.

Samir kətanı, molberti yerə qoyub qapını açdı və içəri girdilər.

Üç otaq idi. Balaca otaqda stol, stullar, bufet qoyulmuşdu.

Divanın sağ-sol dirsəklərinin üstünə iki xal-xal pələng dərisi atılmış, ayaq altına isə ayı dərisi salınmışdı. Nəfəslik açıq olsa da, içərinin havası tutqun idi — rəng qoxusu adamı o saat vururdu.

Ceyhun burada Samirin yanında çox olmuşdu. O biri otaqlarda olan eksponatlar, şəkillər və s. divarlardan asılmışdı. Nəyin harada olduğunu o, elə Samir qədər bilirdi.

Qız kürkünün düymələrini açanda Ceyhun ona soyunmaq üçün kömək elədi. O, papağını da çıxarıb Ceyhunun qolları üstünə qoydu və otağın ortasında dayanıb ətrafa göz gəzdirdi.

– Heç nə dəyişməyib. İki il bundan qabaq necə vardısa, elə eləcədi, — deyərək keçib yumşaq divanda oturdu. Samir kətanı, molberti o biri otağa qoyub qayıdandan sonra yaxın gəldi:

– Hə, indi gəlin tanış olaq, xanım. Mənim adım Samir, dostumun adı Ceyhundur. Sadəcə Samik və Cek.

Qız nəzakətlə əlini əvvəl Samirə, sonra Ceyhuna uzadıb:

– Çox gözəl, mənim adım Reginadır, — dedi. — Sizinlə tanış olmağıma çox şadam. — Ceyhuna sarı döndü, — Xüsusilə sənə minnətdaram, Cek. Əgər mənə qartopu atmasaydın, yəqin ki, mən düz çıxıb gedəcəkdim və sizinlə tanış ola bilməyəcəkdim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, birinci fəsil

Hava qaralmışdı, dörd bir yanına ağ daşdan hasar çəkilmiş, sırayla, səliqə ilə şam ağacları, çinarlar, akasiyalar, gül kolları əkilmiş yamyaşıl parkın o qədər də enli olmayan yeganə xiyabanının sağ-solunda basdırılmış beton dirəklərin kəlləsindəki çıraqlar işıq saçırdı. Yüngül meh əsirdi, sentyabr günəşinin ağacların kölgəliyində sığınıb qalmış istisini-hərarətini qovub bağdan çıxarır, harasa uzaqlara aparırdı. İns-cins yox idi parkda. Sağ əlini irəli uzadaraq sanki ardı-arası kəsilmədən «El bilir ki, sən mənimsən» söyləyən və elə bil bundan əsla yorulub usanmayan, üz-gözündən, qırımından, duruşundan gələcək nəsillərə, qərinələrə o sadə, məhəbbətdən yoğrulmuş sözləri deyəcəyindən yorulmayacağı oxunan şairin əzəmətli heykəlinin yaxınlığındakı oturacaqda əyləşmiş Nəzər müəllimdən başqa kimsə gözə dəymirdi. Nəzərin çox yaxşı tanıdığı və illər uzunu bu parka dədəsinin bağı kimi baxan, yay-qış, səhərin gözü açılandan şər qarışana qədər, bəzən də çatdıra bilməyəndə lap axşamlar, lampa işığı altında, əlində gah bel, gah qayçı buralarda hərlənən Şirəli kişi də, onun ürəyinin atlanmış bu vaxtında tərs kimi yox idi. O, şairin heykəlinə baxa-baxa nədənsə bir az əvvəl Əmiraslanovla elədiyi söhbəti yox, bu parkı saldıqları vaxtı xatırlayırdı. Bu, uzun illər bundan qabaq olmuşdu, rayona Ənvər adlı (heyf familini unutmuşdu) bir katib gəlmişdi və o Ənvər bu parkı salmaq təşəbbüsünü qaldırmışdı. Rayonun cavanlarını, müəllimlərini, hətta kənd yeniyetmələrini və ziyalılarını bir payız günü yığıb bura tökmüşdü, işlətmişdi. İnsafən özü də əlini belinə vurub ağa kimi kənarda dayanaraq göstəriş verməmişdi, bel götürüb camaatla deyə-gülə, zarafat eləyə-eləyə işləmişdi, ağac əkmişdi, yer şumlamışdı və ən azı bir aya görüləcək işi bir günün içində başa vurdurmuşdu. Nəzər müəllim də onda məktəbin komsomolçularından bir dəstəsi ilə burda çalışmışdı. Onda müharibə təzə qurtarmışdı. Ənvər müəllimin təklifi ilə o parka «Qələbə» adı vermişdilər. Ancaq bu ad rəsmi kağız-kuğuz üstə, qəzet səhifələrində belə qalmışdı; hamı nədənsə onu «Ənvər bağı» adlandırırdı. Ənvər çoxdan çıxıb getmişdi, bəlkə hardasa uzaq bir yerdə, ya Bakıda işləyirdi, bəlkə də, kim bilir, dünyadan köçmüşdü. Çox güman ki, belə idi, çünki elə o zaman Ənvərin əllidən yuxarıydı yaşı. O, indi burda, bəlkə dünyada da yox idi, amma «Ənvər bağı» yaşayırdı. Nəzərin yaxşı yadındaydı, o vaxt əkdikləri çinarların, şam ağaclarının çoxu indi qol-budaq atıb göylərə baş çəkirdi, ancaq bir çoxu da qocalmışdı, qurumuşdu, parkın qocaman bağbanı Şirəli kişinin iti mişarı, tiyəsi par-par parıldayan baltası onları kəsib yerə yıxmışdı. Qəribədi, ağaclar da adamlar kimi yaşayır, qocalır, ölürlər, fərq yalnız bundadı ki, onlar ölən kimi yaddan çıxır, ancaq insan unudulmur. Yaşayır, yaşayır və ölməzliyə qovuşur. Bax, o Ənvər kimi, bax, bu şair kimi. Nəzər müştüyünə siqaret keçirə-keçirə fikirləşirdi ki, gör o vaxtdan ⎯ Ənvər gedəndən sonra bu uzun müddətdə rayona neçə katib gəlib, saymaq istədi, hesabı itirdi; hə, ən azı on katib gəlib-gedib. Hərəsi, həmişə qalan bir iş görsəydi, nə yaxşı olardı?! Onda yəqin bu rayon cənnətə dönərdi, torpağımızın ən gözəl guşələrindən birinə çevrilərdi! Əlbəttə, çevrilərdi və baş ucalığı olardı, onların da, o adamların da adını yaşadardı!.. İlahi bu adi hikməti görəsən adamların bir çoxu niyə başa düşmür. Niyə başa düşmür, ilahi?! Hansına gedib anladasan, hansının qulağına pıçıldayasan, hansına hikmət dərsi keçəsən bu zavallıların?Sualı cavabsız idi, əlbəttə. Fikirli-fikirli siqaretini yandırdı, sümürdü. Bədəninin hərarəti soyumuşdu; özündə qəribə, haçandı hiss eləmədiyi bir yüngüllük duyub sinə dolusu rahat nəfəs aldı. Bu, havadandımı, mehdəndimi? Əvvəlcə ayırd eləyə bilmədi. Birdən hər şeyi başa düşdü ⎯ bu, bir saat, saat yarım qabaqkı söhbətin ⎯ katiblə söhbətin yaratdığı xoş ovqat imiş, sən demə. Və buna təəccüb elədi ki, necə olub o, bu boyda məsələni unudub, Ənvər, Şirəli kişi, ağaclar, şair haqqında düşünüb? Bəlkə bu ona görə belə olmuşdu ki, gözləmirdi, yatsaydı, heç yuxusuna da girməzdi ki, Şakir Şakirzadənin rəhmsizcəsinə, ürəyini, çəkəcəyi əzabları bir insan kimi duymadan, çox asanlıqla adının üstündən qələm çəkdiyi, «min ilin ölüsünə qatdığı» bir vaxtda onu, Nəzər müəllimi yad edəcəklər, təzədən həyata (bəli, məhz həyata) qaytaracaqlar? Bu yuxuydumu, xəyalıydımı, ya həqiqət idi?.. Key kimi olmuşdu. İnanmaq istəməmişdi. Ancaq indi bədəni soyuyub ürəyi rahatlanandan, beyni neçə vaxtdan bəri getdikcə qalınlaşıb tutqunlaşan dumanlar içindən sıyrılıb çıxandan sonra bunun yuxu, xəyal yox, həqiqət olduğuna əmin olmuşdu. Və bu həqiqəti dərk edən andan yenə qəlbi həyəcanla çırpınmağa başladı. Sinəsi genişləndi elə bil, parkın təmiz havası sehrli bir yüngüllüklə ciyərlərinə doldu. Sanki o, indi çəkisizlik şəraitində, bu böyük, yaşıl və sakit parkın içində havada üzürdü. Heç bir sıxıntısı yox idi qəlbində, saçları da sanki ağarmamışdı, qıçını da çəkdiyi bilinmirdi, dizinin altında illərlə yatıb qalmış qəlpə qırığı da yox idi elə bil, əriyib qana, iliyə qarışmışdı. Yox, bu boyda zarafat olmazdı, bu söhbət olan o binada belə zarafatlar ola bilməz, ola bilməz! Çünki ağlı kəsəndən, gözünü açandan bəri o binada deyilən sözlərin həqiqət olduğuna, həqiqət olacağına qəlbən, sidqi-dildən inanmağa adət eləmişdi. Ordan çıxan, qanun libası geyən və idarələrə, kəndlərə, ayrı-ayrı evlərə, adamların beyninə, ürəyinə yol alan o qəbil sözlərin bəzən düz çıxmadığını belə görəndə də, hiss eləyəndə də Nəzər o binaya inamını itirməmişdi, günahı o binada yox, o sözü deyəndə görmüşdü, heyifsilənmişdi. Fikri bu məqama, bu nöqtəyə çatanda qeyri-ixtiyari dönüb yaşıl xiyabanın o başında, parkın çox vaxt açıq olan dəmir darvazasının üstündə ⎯ neçə addım aralıda, ikimərtəbəli binanın ikinci mərtəbəsində yanan o gur işıqlara baxdı və özünün bir az qabaq o kabinetdə, o çilçıraq altında oturduğu dəqəqələri saniyələrinəcən xəyalında canlandırdı, düşündü ki, yəqin yoldaş Əmiraslanov indi də Nəzər kimi qəlbi sındırılmış, əqidəsinə, məsləkinə rəhmsizcəsinə zərbə vurulmuş kimisə qarşısında əyləşdirib, yarızarafat, yarıciddi könlünü alır, kiminsə, hansı nadanınsa buraxdığı səhvi düzəldir, ürəyinə işıq səpir, məsləkinə dayaq olur… Görəsən kim idi o adam, hansı qəlbiqırıq idi? Bir anlığa Nəzərin ürəyində ayağa qalxıb, gedib o adamın ⎯ xəyalında uydurduğu o adamın gözlərinə baxmaq arzusu oyandı, qayibanə hissin təsirilə durmaq istəyəndə birdən yadına düşdü ki, Əmiraslanov harasa tələsirdi, kimsə onu gözləyirdi, yəqin indi getmiş olar! Əgər gedibsə, gərək işığı söndürəydi Əmiraslanov. Boş-boşuna niyə yansın axı o işıq? Bu sual qəlbindən qopdu Nəzərin, ancaq elə o an da o sualın qayibanə gələn cavabını eşitdi: «Yox, qoy yansın o işıq. Harda sönsə də, orda sönməməlidi. Yolunu azan, ümidini itirən, oğurluğa, əyriliyə, cinayətə əl atmağa məcbur olmamış, o işığa gələ bilər, o işıqdan nicat, kömək istəyə bilər. Yox, harda qənaət eləyirsiz eləyin, burda o qənaəti eləməyin, siz allah. Qoyun işıq yansın!..»

16 мин
İkinci hissə, ikinci fəsil

Nəzər beşmərtəbəli binanın birinci mərtəbəsinin üçüncü girəcəyinin sağ qapısı qənşərində ayaq saxladı. Sarı taxtadan düzəldilmiş qapının üstünə yarım səhifəlik kağız yapışdırılmışdı və üzərinə «Qərib Nəzərli» sözləri yazılmışdı. Kişi bığaltı gülümsündü və şəhadət barmağının ucu ilə düyməni basdı. İçəridən addım səsi eşidildi və cəftə şaqqıldadı. Ucaboylu, qara bığlı Qərib astanada atasını görəndə döyükdü, ağzındakı tikəni alatələsik uddu:⎯ Sənsən? ⎯ dedi.

8 мин
İkinci hissə, üçüncü fəsil

Gün çoxdan əyilmişdi hava sərnimişdi. Süleyman raykomun qonaq otağının qabağındakı bağçada çox yaraşıqlı, səliqə ilə düzəldilmiş səkkiz guşəli köşkdə tək-tənha oturmuşdu. Yoğun, girdə palıd gövdəsindən kəsilmiş kötük «stolun» üstündə bir çaynik, üç-dörd armudu stəkan vardı. Stəkanların birinə çay tökülmüşdü, o birilər boş idi. Köşkün qıraqlarında şaquli istiqamətdə bağlanmış nazik iplərə dolanan sarmaşıqlar qəribə idi ki, ilin bu vədəsində ağ xallı kəpənəklərə bənzər güllər açmışdı. Sarmaşıqlar seyrək idi, elə bil mahir bir dərzi-rəssamın əli ilə ölçülüb-biçilmiş, kəsilmişdi; bir-birindən eyni məsafədə aralıydılar və kənardan baxana elə gələrdi ki, bu səkkiz bucaqlı köşk qəfəsdi və Süleyman da bu gözəl qəfəsin içində, palıd «stol»un arxasında, «palıd stulu»nun üstündə əyləşib qəzet oxuyurdu. Başı mütaliəyə elə qarışmışdı ki, köşkə doğru uzanan daş döşənmiş cığırla ürəksiz-ürəksiz, «gedim-getməyim» arasında çırpına-çırpına gəlib üç addımlığında dayanmış Nəzəri görməmişdi. Kişi sakitcə katibə tamaşa eləyirdi. O, orta boylu, başının ortasının tükləri seyrəlmiş, bədəncə arıq, iri alnına qırışlar şırımlanmış, sifətindən təmkin oxunan bir adam idi. Nəzər ha fikir verirdi, o vaxtkı ⎯ şagird çağlarındakı Süleymanla indi qarşısında oturub qəzet oxuyan katib Süleyman arasında bir oxşarlıq tapa bilmirdi. Bəlkə səsi o səsdi, amma səsini düz-əməlli xatırlamırdı. Bəlkə gözləri dəyişməyib? Hə, bax, gözləri yadındaydı. Ancaq indi o baxışlarını aşağı dikmişdi, qaldırıb ona ⎯ müəllimə bircə kərə baxsaydı, Nəzər onda bəlkə o Süleymanla bu Süleymanı birləşdirən bir nöqtə tapmış olardı. Nəzər niyə sehrlənmişdi, niyə danışa bilmirdi? Zəhmimi basırdı katibin onu? Ya arada uzun fasiləmi olmuşdu? Baş açammırdı. Birdən sinəsi acışdı, öskürmək istədi, ancaq nədənsə özünü qısıb boğazını yüngülcə təmizlədi. Səsə Süleyman başını qaldırdı, gözucu o tərəfə baxıb kiminsə mil dayandığını görərək üzünü qırışdırdı və çox quru, Nəzərin tanıya bilmədiyi bir səslə:⎯ Burda qəbul eləmirəm! ⎯ dedi və yenə qəzeti oxumaqda davam etdi. Nəzəri ürəyi çırpındı, bir anlığa gözləri qaranlıq gətirdi; köşk, Süleyman da içində fırlanğıc kimi sürətlə fırlandı, baş-ayaq oldu, ancaq qəribə idi ki, nə Süleyman yıxıldı, nə də stəkandakı çay dağıldı. Yuxuya bənzər o an keçəndən sonra Nəzər Süleymanın ona baxışını gözünün önünə gətirdi, «Yox, baxmadı o mənə. Elə-belə, kölgəmi gördü, üzümə-gözümə fikir vermədi. Yoxsa tanıyardı!» Ancaq bu təsəlli onun yerindən oynamış qəlbini toxtada bilmədi, bütün varlığına hakim kəsilmiş məyusluğunu silib apara bilmədi. Və yenə qoca müəllim bu laqeydliyə bəraət qazandıracaq bir ilişəcək axtardı iki daşın arasında. «Bəs səsi?..» Yox, səs heç nə demirdi müəllimə. «Bəs gözləri?» «Gözlərini də görə bilmədim!.. Adə, ey dili-qafil, bəlkə heç bu o Süleyman deyil, tamam ayrı adamdı!» «Yox, ay Nəzər, sən də ağ eləmə. Bu boyda zarafat olmaz. Bu Süleyman o Süleymandı: sənin şagirdin, İmran kişinin oğlu!..» Cəmi bir neçə saniyə içində ildırım sürətilə beynində dolaşan bu çalpaşıq, biri digərini inkar edən daxili, səssiz-səmirsiz həsbi-hal qurtaran kimi, Nəzər köhnə əsgər sayağı dabanı üstə fırlandı, gəldiyi daş cığırla geri qayıtdı. Ayaqlarını güclə çəkirdi. Dörd-beş addım atmışdı ki, arxadan həyəcanlı səs eşitdi:

15 мин
İkinci hissə, dördüncü fəsil

İclasda çox adam vardı: büro üzvləri, kolxoz sədrləri, idarə, müəssisə rəhbərləri, təsərrüfat qabaqcılları iştirak edirdi. Öz kabinetinin balaca olacağını irəlicədən fikirləşən Süleyman, iclası birinci mərtəbədəki akt salonunda keçirməyi qərara almışdı və bu barədə üçüncü katibə ⎯ Hilal Hüseynova tapşırıq vermişdi. Ona görə gələnlərin hamısı işıqlı, səliqəli, mebel dəstgahı təzə olan zala yığışmışdı.Nəzər lap qapının ağzında, sol tərəfdəki oturacaqda tək əyləşmişdi. Necə olsa da özünü qərib hiss eləyirdi, halbuki, büroya gələnlərin, yalan olmasın, hamısını tanıyırdı; eləsi var idi ki, lap yaxın idi. Bax, o qıraqda, pəncərə qabağında oturan Baba şagirdi olmuşdu, indi istehsalat idarəsinin rəisi idi, kolxoz sədri Qurban da burdaydı. İkisi də doğmaydı ona. Səfər də burdaydı. O kök, dazbaş kişi milis idarəsinin rəisidi ⎯ Ağayev. Onun yanındakı şüyərək, eynəkli kişi rayon prokuroru İsrafil Quliyevdir. Rayponun sədri Mustafa Səlimzadə, pambıq qəbulu məntəqəsinin müdiri Müseyib, çörək zavodunun direktoru Şamil… Daha bir neçə adam… Onları üzdən-sifətdən lap yaxşı tanıyırdı Nəzər.

28 мин

Стихи других поэтов