Birinci hissə, yeddinci fəsil
Страница 1 из 3
Bu heç yaxşı əlamətə oxşamırdı. Tərs kimi, təzə direktorun
– akademik Nurəddin Osmanzadənin işə çıxması qış girən günə düşmüşdü; təkcə cavanların yox, heç qocaların da yadına gəlmirdi ki, Bakıda dekabrın iyirmi birində — ağ gözlü, buz nəfəsli qış daxil olan gün bu qədər qar yağmış olsun. Uzun-uzun illər idi ki, həmin axşam — payızla qışın ani olaraq qovuşub-ayrıldığı vaxt hava soyuyardı, şaxta-ayaz artardı, göylərdə parlayan iri-iri, ağ-ağ ulduzların nəfəsindən torpağa qırov ələnərdi — ancaq qar yağmazdı. Bu gecə isə, nə qədər qəribə olsa da, yağmışdı — yumşaq, qalın, ağlığı ilə adamın gözünün şoxunu aparan qar! Trolleybuslarda, avtobuslarda, taksilərdə, öz şəxsi maşınlarında işə gələn alimlər, elmi işçilər, laborantlar hələ bu gün qar yağmasına pis məna vermirdilər — çünki təzə direktorun məhz bu gün — bu qarlı çovğunlu gündə işə çıxaçağını heç kəs gözləmirdi. Lakin saat doqquzda, onun yarısında hamı instituta toplaşıb öz iş stollarının arxasına keçəndən az sonra Şərqiyyə şöbələrin qapısını bir-bir açıb adamları iclas salonuna dəvət eləyəndə qayğılı-qayğılı gülümsündü və:
– Təzə direktorumuzu təqdim edəcəklər! — söylədi.
Su sobaları pis yanırdı, otaqları demək olar ki, qızdırmırdı. İnstitutun şimala baxan hündür pəncərələrinin çərçivələri arasından sazaqqarışıq xəzrinin daşa-divara dəyib öləzimiş nəfəsi içəri dolub narıncı pərdələri asta-asta tərpədirdi.
Adamlar uzun zala toplaşmışdı. Bura cənub tərəfdə yerləşdiyindən isti idi, külək tutmurdu. İşıqlıydı zal. Stullar çatışmırdı deyə, çox adam, xüsusən cavanlar arxada ayaq üstə dayanmışdı. Deyən-gülən kim, fikir dəryasına qərq olan kim. Səs-küydən qulaq tutulurdu.
Yuxarı başda, uzun mizin arxasında üç-dörd stul qoyulmuşdu. Pəncərənin ağzında, qəhvəyi rəngi bozarmaq üzrə olan hündür tribuna vardı. Bu tribuna çoxdan burdaydı və uzun illər boyu cavanlı-qocalı çox alim ona sinəsini söykəyib namizədlik, doktorluq dissertasiyaları müdafiə eləmişdi, məruzə və çıxış eləmişdi. Yaddaşı olsaydı, qəribə hekayətlər danışa bilərdi. Hayıf ki, taxta idi, hayıf ki, yaddaşı yox idi. Ancaq adamların yaddaşı vardı: onlar nə yaxşını, nə də pisi unudurlar.
Qapı açıldı — qabaqda Nurəddin Osmanzadə, onun dalınca vitse-prezident Cümə Cüməzadə salona daxil oldu. Nurəddin Osmanzadə təzə qara kostyum geymişdi, üzü həmişə olduğu kimi təmiz qırxılmışdı, sifətində, gözlərində indiyəcən kimsənin görübsezmədiyi bir sevinc qığılcımının nuru gəzirdi. Oturmadı, çəkilib pəncərənin qabağında dayandı pencəyinin açıq yaxasını yana eləyib sol əlini belinə qoydu və zala göz gəzdirdi. Qabaq cərkədə Salman Qurbanzadə, Nadirə, İltifat, Sarışın, Fazilə, Cəfər kişi əyləşmişdilər. Sakit Aranlı ikinci cərgədəydi. Oğlu Mürşüd lap arxada, ayaq üstə duranların arasında idi.
Salonda kimisə baxışları ilə axtarırdı — kimi? Hamı bunu hiss edirdi, ancaq kimi aradığını heç kəs kəsdirə bilmirdi. Üzünü direktor müavini İntiqama tutub;
– Bəs yoldaş Aslanzadə hanı? — deyəndə camaata aydın oldu ki, Aslanzadə burada yoxdur. Arıq, həmişə səliqə ilə geyinməyi xoşlayan, qaynar baxışlı İntiqam elə yerindəcə cavab verdi:
– Gəlməyib!
– Niyə gəlməyib? Keşişlikdən çıxıb-çıxıb, ermənilikdən ki, çıxmayıb?
– Zəng eləmişdi ki, qan təzyiqi qalxıb. Bülleteni var. Nurəddin Osmanzadə alt dodağını dişləri arasına alıb yüngülcə sıxdı və nə üçünsə qımışdı. Sonra ortalıqda dayanmış vitse-prezidentə baxıb astadan nəsə pıçıldadı. Cümə Cüməzadə çox az-az gəlib-getdiyi, demək olar ki, tanımadığı kollektivə üzünü tutub boğazını arıtlayandan sonra:
– Əziz yoldaşlar, prezidiumun qərarı ilə akademik Nurəddin Osmanzadə sizin instituta direktor təyin edilmişdir. Mən hörmətli akademiki sizə təqdim edərkən onun haqqında ətraflı danışmayacağam — çünki o, sizin kollektivin üzvüdür, hamınız onu yaxşı tanıyırsınız. O, görkəmli bir alim kimi elmi ictimaiyyətin dərin hörmətini qazanmış, az müddətdə nəşr etdiyi kitabları ilə təkcə bizdə yox, xaricdə də tanınmışdır. Biz belə düşünürük ki, sizin institut akademiyanın digər institutları arasında müstəsna yeri, mövqeyi olan siyasi əhəmiyyətli bir elm ocağıdır. Ona görə də bu institutun hər cəhətdən qüvvətlənməsi, kadrların yüksək səviyyədə yetişməsi üçün əlimizdən gələn köməyi əsirgəmirik. Biz inanırıq, şəxsən hörmətli prezidentimiz də bu fikirdədir, akademik Nurəddin Osmanzadə yoldaşın öz qabiliyyəti və istedadı sayəsində sizin institut elm aləmində daha yüksək zirvələr fəth edəcəkdir. Əl-ələ verin, işləyin, sizə uğurlar diləyirik. Öz kollektivindi, Nurəddin Cəliloviç — deyə o, sözünü sona yetirib gülümsünə-gülümsünə ona baxdı — bu sən, bu da kollektiv.
Sonra Cümə Cüməzadə yana çönüb iri, koppuş əlini Nurəddin Cəliloviçə tərəf uzatdı və onu təbrik elədi. Nə isə deyib zalı tərk elədi. Təzə direktor əli belində tribunaya sarı gəldi. Sağ dirsəyini tribunanın qırağına söykədikdən sonra sakit-sakit danışmağa başladı:
– Belədi, yoldaşlar!.. Mən çox danışmayacağam. Məni Cümə Cüməzadə yoldaşın dediyi kimi, bu instituta direktor qoyublar və mən bu işin məsuliyyətini hamıdan çox dərk edirəm. Açıq demək lazımdır ki, institutda işlər bərbad haldadır, institut dağılmaq üzrədir. İyirmi neçə ildi bu institut yaradılıb, ancaq fərli-başlı beş adamın qabağına çıxarmağa layiq nə alimimiz yetişib, nə əsərimiz var. Əsərlərimiz Xırdalandan o yana çıxa bilmir. Çünki səviyyəsi yoxdur, daha doğrusu aşağıdır. Akademik Aslanzadə — heyf ki, özü burada yoxdur — hörmətli alim olsa da, kəsərsiz adamdır, həddən artıq yumşaqdır, tələbkar deyil. Camaat da müsəlmançılığa salıb, hərə öz kefindədir — işləyən, həqiqi elmlə məşğul olan yox dərəcəsindədir. İndiyə qədər necə işləmisiniz — bilmirəm; bundan sonra mən sizdən iş tələb eləyəcəyəm. Heç kəs məndən inciməsin. İşləməyənə bu institutda yer olmayacaq. Adamımız çoxdur, alimimiz azdır. Halbuki dövlətdən siz hər ay filan qədər maaş alırsınız. Bir çox adamlar var ki, pensiya vaxtı çoxdan çatıb — amma heç kəs pensiyaya getmək istəmir. Altmış yaşı tamam olmuş kişilər, əlli beş yaşına çatmış qadınlar var ki, daha heç nə yazmağa qadir deyillər — gərək onlar özləri vicdanlarının hökmü ilə ərizə verib getsinlər. Yoxsa biz özümüz məcbur olub əmrnən hamısını göndərəcəyik pensiyaya. Bu belə. Nizam-intizam məsələsi indi çox mühüm problemdir, yoldaşlar. Nizam-intizam olmayan yerdə keyfiyyətli iş yoxdur, ola da bilməz. Kim nə vaxt istəyir, o vaxt da gəlir, gedir. Elə adamlar var ki, onların üzünü ayda iki dəfə — ancaq maaş günləri burada görmək olar. Laborantlar, cavan elmi işçilər isə tamam başlı-başına buraxılıb. Şöbə müdirləri onların əl-ayağını bir yerə yığmalı, işlətməlidir. Bu hərc-mərcliyə son qoymağın vaxtı artıq çatmışdır, bu da belə.
Qaldı ki, iqtisadçıların və ədəbiyyatçıların məsələsi. Mən belə fikirləşirəm ki, bunlar institutda çoxluq təşkil eləyir. Uzun illər direktor ədəbiyyatçı, müavin isə iqtisadiyyatçı olduğuna görə bu sahədə istədikləri adamları götürüblər, keyfiyyətə yox kəmiyyətə fikir veriblər. Biz gərək bu adamları, xüsusən ədəbiyyatçıları saf-çürük eləyək, müəyyən ixtisarlar aparaq. Bir də mənə elə gəlir ki, nəyə lazımdır bu qədər ədəbiyyatçı? Cılız, boş-boş mövzular işləyir çoxu! Belə, bu da belə.
Akademik «qısa danışacağam» desə də, xeyli danışdı özü də elə danışdı ki, hamının təəccübünə səbəb oldu—əvvələn, hədə-qorxu heç kəsin ürəyincə olmadı. Burada oturanlar, bu institutda işləyənlər uşaq deyildilər, ən cavanı ali məktəb bitirmişdi, ən qocası isə Cəfər idi — yetmişi haqlamışdı. İkincisi, akademik, özünün də keçən neçə illər işləyib üzvü olduğu kollektivin demək olar ki, bütün fəaliyyətinin üstündən çox asanlıqla xətt çəkirdi. İnstitutun dağılmaq üzrə olduğunu söyləyir, yazılan əsərlərin keyfiyyətini heçə endirirdi. Belə çıxırdı ki, institutun alimləri heç nə eləmədən dövlətdən filan qədər pul almışlar və s. O danışırdı, dediklərinin düzgün olmadığını hamı hiss eləyirdi, lakin kimsə qalxıb etiraz etməyə özündə cəsarət tapmırdı — «hələ görək bu işlərin axırı necə olacaq? — deyə düşünənlər əksəriyyət idi. — Deyəsən çox pis başlayır. — Bu, niyə belə eləyir görəsən?»
– Hə, bir məsələni də demək istəyirəm. Bizim institutda qadınlar çoxdur. Açığını söyləyim ki, daha işə qadın götürməyəcəyəm. Onlar ancaq yer tuturlar. Ev, uşaq qayğısı onları elmlə ciddi məşğul olmağa qoymur. Bir ayaqları bazarda-dükanda, evdə, bir ayaqları idarədədi — bununla həqiqi alim olmaq mümkün deyil, bilirsiniz. Elm fədakarlıq tələb eləyir — gərək sənin fikrin-zikrin elmlə məşğul olsun. Yoxsa sən yaxşı alim ola bilməzsən. Düzü budur ki, mən bizim qadın alimlərin içində seçilən, səsi-sorağı uzaqlardan gələn alim görmürəm. Onları da saf-çürük eləmək vaxtı çatıbdır, məncə.
Təzə direktorun bu sözləri də qadınların arasında pıçhapıça səbəb oldu. Ağız büzən kim, him-cimlə danışan kim, qaş-göz eləyən kim...
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-vefalim-menim-birinci-hisse-yeddinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kitabı çantasına qoyan Ceyhun asılqanın qabağında dayanıb atasının kabinetinə, anasının iş otağının qapısına baxdı. Səs-səmir yoxdu: ikisi də bayaqdan işləyirdi. Ceyhunun əli atasının mil-mil pencəyinin cibinə uzandı. Soyuq, ilan gözü kimi xırda həlqəli zəncir əlinə toxunanda o sevindiyindən nə edəcəyini bilmədi. Maşının açarını tapmışdı. Çıxartdı, yavaşca şalvar cibinə qoydu. Ürəyi şiddətlə döyünürdü. Əgər atası bir dəqiqə otaqdan çıxsa, ya anası gəlsə, o heç yerə gedə bilməzdi və niyyəti alt-üst olardı. Arakəsmənin qapısını ehmalca örtdü.Ağ dəstəkli telefona yanaşıb səs salmamağa çalışaraq əzbər bildiyi nömrəni yığdı və demək olar ki, pıçıltı ilə danışmağa başladı:
İkinci hissə, on səkkizinci fəsilElə bu zaman professor otağından çıxdı. Böyük evdə heç kəs yox idi. Ümumiyyətlə, son vaxtlar onların evi çox sakit və demək olar ki, cansıxıcı olmuşdu. Küsülü kimi gəzib dolanırdılar. Adətən, ən əziz və doğma bir adamı dəfn edəndən sonra evdə belə qərib səssizlik hökm sürür. Yaxşı ki, kitablar varmış, yaxşı ki, yazı-pozu varmış!..Professor da, Nadirə də elə hey işləyir, yazıb-pozurdular və sanki bununla evdəki boşluğu doldurmaq, ürəklərindəki qüssəni qovmaq, yüngülləşdirmək istəyirdilər. Ancaq onları bu da bezdirirdi, bu da usandırırdı.
İkinci hissə, on doqquzuncu fəsilSöz verdiyi vaxt çoxdan tamam olmuşdu, ancaq Əqdəm hələ də gəlib çıxmamışdı. Gülmirə nigarançılıq içində çırpınırdı, hər gün işdən gələndə onu evdə görəcəyini, yenə dindirməyəcəyini düşünürdü: «Qoy lap yalvarsın, qoy lap ağlasın!» — deyirdi. Daha səbri tükənmişdi. Əqdəmin yoxluğu fikri onun beyninə, ürəyinə hakim kəsilməyə başlayırdı. Əqdəm hərdən çox gec-gec gəlib tez də çıxıb gedən qonağa bənzəyirdi, halbuki o bu evin kişisi, bu ailənin başçısı idi.Son vaxtlar Gülmirə işinə möhkəm girişmişdi. Öz təkliyini, qüssəsini ancaq işləməklə, yazıb-pozmaqla, mütaliə etməklə unutmağa çalışırdı. Çalışırdı, ancaq bu ona çox baha başa gəlirdi. Əsəbləri gərilir, fikri çətinliklə bir yerdə qərar tuta bilirdi. Getdiyi yer idarə, anasıgil idi. Anası da axır vaxtlar bir az həlimləşmiş, onu danlayıbdansamaqdan əl çəkmişdi. Çünki arvad hiss eləyirdi ki, indi onun səhv elədiyini təkrar-təkrar üzünə çəkmək nəinki bir fayda vermir, hətta qızı əsəbiləşdirir. O, göz yaşı axıda-axıda ağlayırdı. Buna isə anası tablaya bilmirdi. Qızı onlara gələndə könlünü açır, darıxmağa qoymurdu.
İkinci hissə, iyirminci fəsilOrxan ev-eşiyə sığışmırdı. Gah çarpayıya uzanır, gah durub oturur, gah da eyvana çıxıb dənizə tamaşa eləmək istəyir, ancaq bacarmırdı. Papirosu papirosun oduna yandırır, öz-özünə danışır, əsəblərinin möhkəm gərildiyini hiss eləyib, özünü toxtatmaq istəyirdi.Bu gün qəribə gün idi. O, günün çoxunu sevimli Gülmirə ilə bir yerdə olmuş, Sabunçuya getmişdi, kinoya baxmışdılar. Orxan ondan xoş və şirin arzularla ayrılmışdı. Kaş o, gün əyiləndən sonra dəniz qırağına getməyəydi. Kaş Biləndərə rast gəlməyəydi.
Стихи других поэтов
Bir nazənin huri mələk simalıGəldi, məni gördü, güldü, qayıtdı
OlduƏyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
Həyat verəkSən təbiətə baxSarı, qırmızı, ağ,
Boynuma kakilin, ey şux, kəmənd eyləmisənBoynuma kakilin, ey şux, kəmənd eyləmisən,Bir uzun fikrə mənim başımı bənd eyləmisən.