Birinci hissə, altıncı fəsil
Страница 1 из 2
Səhəri gün, dünənki qeyri-adi iclasın doğurduğu çaxnaşma və təəssürat öləziyib səngiməmiş, hamını nigaran qoyan Gülmirənin çıxışının nəticələri aydınlaşıb durulmamış, institut divarları arasında başqa maraqlı, söz-söhbətə səbəb olan bir xəbər gəzib dolaşmağa başladı; dünən prezidentin prizidiumda geniş, ətraflı məruzəsindən və təklifindən sonra, akademik Aslanzadəni direktor vəzifəsindən azad etmiş, yerinə isə elə institutun öz əməkdaşı, şöbə müdiri, akademik Nurəddin Osmanzadəni qoymuşdular. Prezidiumun gedişinin təfsilatından institut işçilərinin heç birinin tutarlı, dəqiq məlumatı yox idi, təkcə xəbər özü gəlib çatmışdı və camaat arasında möhkəm pıçhapıça səbəb olmuşdu. Akademik Aslanzadə üzdə olan, sayılıb seçilən, bir neçə xarici ölkə Akademiyalarının fəxri üzvü intixab edilən nüfuzlu alim olmaqdan əlavə, institut kollektivinin də dərin hörmətini qazanmış ağıllı, tədbirli direktor kimi də tanınmış və sevilmişdi. Direktor işlədiyi on il ərzində də akademik Aslanzadə laborantdan tutmuş akademikinə qədər bir kimsənin xətrinə dəyməmiş, günahkar olanın üstünə belə səsini ucaltmamış, hamını — cavanı da, qocanı da şirin dillə dindirib işlətmiş, elə şərait yaratmışdı ki, burada çalışan alimlər instituta öz evi kimi, öz ailəsi kimi baxmış, gecəni gündüzə qatıb yazıb-yaradaraq Bakıda, Moskvada və xarici ölkələrdə çap etdirdikləri əsərlər, kitablar ictimai elmlər sahəsində nüfuzlu və mötəbər yer tutmuşdular. Əvvəllər, təzə yaranan vaxtı cəmi-cümlətanı iki-üç şöbədən ibarət olan institut, onun səyi, tələbi sayəsində xeyli böyümüş, kollektivi otuz nəfərdən artıb yüz əlli üç nəfərə çatmışdı. Ali məktəb bitirib təyinatını bura almış cavanlar, uzaq başı üç-dörd ilə müdafiə eləyir, elm aləmində öz sözünü deməyə başlayırdılar. Bu cavanlardan kimi dindirsəydin, Aslanzadənin atalıq qayğısından, mehribanlığından və qərəzsiz tələbkarlığından ağızdolusu danışardı. Elmlər namizədləri isə tez bir zamanda doktor olurdular. Elə indi onun yerinə təyin olunmuş Nurəddin Osmanzadə də Aslanzadənin köməyi və qayğısı nəticəsinə demək olar ki, çox sürətlə elmlər doktoru, sonra müxbir üzv, iki il keçəndən sonra isə akademik olmuşdu.
Akademiyanın rəhbərliyi, şöbələrin əməkdaşları — böyükdən-kiçiyə ondan hədsiz dərəcədə razı idi. Hamıya elə gəlirdi ki, daha bundan yaxşı işləmək olmaz, o, ölənəcən bu institutun direktoru olacaq və dünyadan köçəndə isə böyük və tarixi şəxsiyyət kimi, yaranmasında, təkmilləşməsində, tanınmasında misilsiz xidmətləri olan Aslanzadənin adını bu instituta verəcəklər — çünki doğrudan da o, bu elm ocağı üçün can qoymuşdu, ömür çürütmüşdü. Saçlarını elm yolunda ağartmış, gözlərinin nurunu qədim və qiymətli əlyazmaları üzərində əritmiş, neçə-neçə sanballı əsərin müəllifi, neçə-neçə sanballı alimin ustadı olmuş akademik Aslanzadə görəsən niyə birdən-birə direktorluğa yaramamışdı? Bu sual bu gün hamını düşündürürdü — fikirlər haçalanırdı; kimi deyirdi prezndentlə arası dəyib — çünki onun qardaşı qızını işə götürməyib, daha doğrusu, şəxsi söhbətində başa düşüb ki, qız çox savadsızdır, bura qəbul eləsə, ancaq boş yer tutacaq, ondan alim olan deyil — buna görə də «mənim prezidentə çox böyük hörmətim var, ancaq səni qəbul edə bilmərəm — bu institut mənim atamın institutu deyil, dövlətindi, xalqındı, qızım. Onları isə aldatmağa nə prezidentin, nə mənim haqqım var! Bizim tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı bilməyənin burda işləməyə mənəvi ixtiyarı yoxdur!» — demiş və geri qaytarmışdı. Kimi deyirdi ki, yox, prezidium iclasında Aslanzadə prezidentin üzünə qabarıb; baş elmi işçilər konkursdan keçəndə guya prezident onlara qəribə-qəribə suallar verirmiş; məsələn, tarixçilərdən birinə deyib ki, «sən hansı musiqi alətində çala bilirsən?» Bir dilçiyə deyib: «Sən oxumaq bilirsən? Qarabağlılar hamısı oxuyan olurlar?» Başqa kimə isə söyləyib: «Sən rəqs etmək bacarırsan?» ...hamısı «yox!» — deyə cavab vermiş, bu zaman prezident hirslənib: «Bəs siz necə azərbaycanlısınız? Nə oxuya bilirsiniz, nə oynaya bilirsiniz, nə çala bilirsiniz!» — söyləmişdi. Onda akademik Aslanzadə, prezidentdə çoxdan müşahidə elədiyi bu «adətə» daha tab gətirməyərək ayağa qalxmış, «mən üzr istəyirəm, yoldaş prezident, bura akademiyadır, filarmoniya deyil, biz konkursdan alim keçiririk, artist, aktyor yox. Belə suallar bizim bu alimanə məclisimizdə çox gülünc görünür. Bir də azərbaycanlılıq təkcə oxuyub-oynamaqla müəyyən olunmur məncə. Həm də bu cavan alimlər çalıb-oynamaq bilsələr də, durub bu qədər aliminağsaqqalın qabağında çalıb-çağırası deyillər ki? Siz onlara işlədiyi, tədqiq elədiyi sahələrə aid suallar versəniz daha yaxşı olmazmı?»
– demişdi. Aslanzadədən gözləmədiyi bu hərəkətdən yamanca pərt olmuş prezident, deyirlər, bütün iclas boyu onun üzünə də baxmamışdı.
Bir ayrısı isə bu «fərziyyələrə» etirazını bildirib başqa cür izah edirdi:
– Yox, canım. Siz uşaq deyilsiz ki, belə nağıllara inanırsınız? Torbada pişik var, canım! Əsl həqiqət budur ki, prezident yaman qohumcanlıdı. Hərə bir şeyin bazı olan kimi, bizim prezident də qohumbazdı, bala. Məsələ belədir ki, Aslanzadənin işə qəbul eləmədiyi həmin gülməşəkər bacısı qızı bu yaxında akademik Nurəddin Osmanzadənin qardaşının böyük oğluna nişanlanıb. İndi bildiz su hayandan, hansı arxdan dolanıb gəlir?
Əlbəttə, bunlar ola da bilərdi, olmaya da bilərdi; camaatın ağzında gəzən söz-söhbət beləydi. Amma ağıl və məntiqlə fikirləşənlərin fikrincə bu, həqiqətə oxşamırdı. Çünki adam inanmaq istəmirdi ki, bacıqızını işə götürməmək, yaxud kiçik bir irad üstündə prezident Aslanzadə kimi bir alimi vəzifəsindən azad eləsin, direktorluqdan çıxarıb əvvəllər də ictimai əsaslarla idarə elədiyi şöbənin pullu müdiri qoysun və ya bacısı qızının Nurəddin Osmanzadənin qardaşı oğluna nişanlandığını nəzərə alıb onu o boyda instituta direktor təyin elətdirsin! Belə çıxır ki, prezident cılız və xırda hisslərlə yaşayan bir alimdi? Yox, buna inanmaq istəməyənlər çox idi.
Bu xəbəri eşidənlər istər-istəməz Aslanzadə ilə çoxdan tanıdıqları təzə direktoru müqayisə etməyə başlamışdılar. Hamının fikri bu nöqtədə birləşirdi ki, hər adamdan, hər alimdən direktor çıxmaz. Ola bilər biri yaxşı alimdi, amma pis inzibatçıdı; direktor gərək işlədiyi sahəni yaxşı bilməkdən əlavə, yaxşı, obyektiv, qayğıkeş insan da olsun — bir sözlə, kollektiv atası olmağı bacarsın, idarəni öz evi, kollektivin üzvlərini öz ailə üzvləri saysın, hamını başa düşsün və dərdinə-sərinə qalsın, ancaq belə halda onun rəhbərliyi səmərə verə bilər. Və şübhəsiz, hər hansı bir şəxsi rəhbər vəzifəyə irəli çəkməyə səlahiyyəti olan və məsuliyyət daşıyan adamlar ilk növbədə bu məziyyətləri nəzərdə tutmalıydı və buna kimsə şübhə eləmirdi.
Lakin akademik Nurəddin Osmanzadənin adı ortalığa gələndə kollektivin fikri haçalanmışdı.
Dünənə qədər o, adi şöbə müdiriydi və hamı elə bilirdi ki, neçə illər bir yerdə işlədiyi bu ucaboylu, yaşının altmışı haqlamasına baxmayaraq, saçlarına hələ də dən düşməmiş, şax yerişli, uzunsifət və sallaqdodaq adamı yaxşı tanıyır. Səhərdən axşamacan yanında olan, əşya və insan adiləşdiyi kimi, o da hamının gözündə adiləşmişdi. Camaatla qaynayıb-qarışmışdı, öz şöbəsinin əməkdaşları ilə, başqa şöbələrdən olan yoldaşlarla tənəffüs vaxtları, kefi gələndə isə, nahar fasiləsindən qabaq da, sonra da nərd oynamağı sevirdi. Nizam-intizamın ona dəxli yox idi elə bil. Akademik Aslanzadənin hüsn-rəğbətindən sui-istifadə edib işə ürəyi istəyəndə gəlib gedən Nurəddin Osmanzadəni bir dəfə direktor nahardan qabaq oturub nərd oynayan görəndə yarızarafat-yarıciddi demişdi:
– İş vaxtı nərd oynamağı yığışdırın, Nurəddin. Cavanlar da sizə baxır... Oturun əsərinizi yazın... Nurəddin nərdi qatlayıb ayağa durmaq əvəzinə:
– Biz alimik, yoldaş Aslanzadə, stanok dalında duran, konveyer üsulu ilə işləyən fəhlə deyilik, — söyləmişdi. — Burada heç kəs elmi əsər yazmır. On adam bir otaqda nə yaza bilər?! Siz hansı əsərinizi idarədə yazmısınız? Heç birini. Alimdən sən planını tələb elə, vassalam. Nə vaxt gəldi, nə vaxt getdi, bununla işin olmasın. Məsələn, mən evdə səhər saat üçəcən oyaq qalmışam, yazıb pozmuşam. Yəni deyirsiniz indi mən saat doqquzda durub qaça-qaça bura gəlim? Niyə? Stanok gözləyir? Konveyer gözləyir?
Aslanzadənin sözlərinə əhəmiyyət verməyərək zəri təzədən atmış, «şeş qoşa» deyib oynamağına davam eləyəndə direktor incik halda çıxıb getmişdi və o vaxtdan Nurəddin Osmanzadəyə heç nə deməməyi qərar almışdı. Aslanzadə belə qənaətə gəlmişdi ki, onu danışdırmasan, dindirməsən, daha yaxşıdı. Ölçüb-biçmədən söz demək, kiminsə xatirinə dəyməkdən ehtiyat etməmək Nurəddin Osmanzadənin Aslanzadəyə çoxdan məlum olan xasiyyəti idi. Nurəddinin dəftərində böyük-kiçik yeri bilmək sözləri yazılmamışdı. Aslan onu qınamırdı, incimirdi ondan. Çünki Nurəddinin ilk gənclik illəri gözünün qabağında keçmişdi. Onda Aslan Gəncədən təzə gəlmişdi, «Sovet» küçəsində kirayənişin qalırdı. Tezdən işə gedəndə — onda pedaqoji institutda dərs deyirdi — axşamlar evə dönəndə məhəllə cavanlarının bir tinə yığışıb söhbət elədiklərini, top-top oynadıqlarını görürdü: onların arasında ucaboylu, qonurgöz bir oğlan da vardı ki, qonşulardan eşitdiyinə görə, adı Nurəddin idi və bu oğlan həmin dəstənin «atamanı» sayılırdı. O, yoldaşlarının hamısından güclü və canlı olduğuna görə, uşaqların gözünün odunu almışdı. «İpə-sapa» yatmayan hər kəsi o, çox asanlıqla əzişdirib «muma» döndərirdi. Heç kəs onun bir sözünü iki eləyə bilmirdi və bu, təbiətən qəddar uşaq olan Nurəddinə əvəzsiz bir həzz verirdi. Onda hələ müharibə başlamamışdı, dünyanın düz vaxtıydı və dünyanın bu düz vaxtında burada bu məhəllədə kiçik bir dəstə var idi və bu dəstənin «qazanı örtülü qaynayırdı». Məsələ bunda idi ki, o dəstənin beş-on nəfər üzvü lovğa, özündən deyən, insafsız və vicdansız Nurəddinin əlindən cəzana gəlmişdi; onların arasında söyülüb-döyülməmiş, təhqir olunmamış bir adam qalmışdısa, o da Nurəddinin özü idi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-vefalim-menim-birinci-hisse-altinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ana-bala üzbəüz oturmuşdu. Süfrədə təzə təndir çörəyi, kotlet, köy-köyərti vardı. Nadirə tənəffüsə gəlib hazırlamışdı. Ceyhun iştahasız yeyirdi. Bir gözü divar saatında idi.– Niyə belə yeyirsən, ay oğul? Yaman arıqlamısan. Lap hoqqurun çıxıb. Yetim uşaqlara oxşayırsan — elə bil yeməyin, içməyin yoxdur. Şükür allaha, hər şeyimiz var. Yox, gərək mən səni həkimə-zada aparam. Belə olmaz. Bax, işdən qaça-qaça gəlmişəm. Sənə yemək hazırlamışam, sən isə... sərçə kimi dimdikləyə-dimdikləyə yeyirsən.
Birinci hissə, on beşinci fəsilAprel günəşi çoxdan axıb getmişdi, amma hərarəti, işığı hələ də şəhərin, üzərindən çəkilməmişdi. Güclə hiss edilə bilən Bakı mehi əsirdi.İşin qurtaran vaxtıydı, küçələr, dayanacaqlar adamla doluydu. Avtobuslar, trolleybuslar dolu gəlib dolu gedirdi. Gülmirə ilk dəfəydi ki, idarədən çıxıb köhnə evinə yox, təzə mənzilinə getmək üçün səkkiz nömrəli trolleybusu gözləyirdi. İkisinə minə bilməmişdi, çünki dal qapılar taybatay açılsa da, düşən yox idi, minmək istəyən isə saysız-hesabsızdı... Yolu uzaq da olsa, piyada getməyi üstün tutub döyülmüş, bütün günü daş daşımış adam təki Nərimanov prospekti ilə fikirli-fikirli addımlamağa başladı. Ürəyindən elə bil daş asılmışdı. Bu gecə birinci dəfə evində olacaqdı, yatacaqdı. Bu axşamı yaxşı, mənalı keçirmək üçün xəyalən özünü çoxdan hazırlamışdı. Sarsılacağını, kim bilir, bəlkə də ağlayacağını irəlicədən bilirdi sanki.
Birinci hissə, on altıncı fəsilAslanzadənin bağı Buzovnada, lap dənizin qırnağında idi. Yayda, qışda havalar küləkli olanda, dəniz yatağından oynayıb dalğalar şahə qalxanda ağ köpüklü sular ağ daşdan hörülmüş iki metr hündürlüyü olan hasarın dibinə qədər gələr, sarı kəhrəba kimi narın qumları yalayıb yenə geri qayıdardı. Belə hallarda ikimərtəbəli, ikiçeşməli, dörd tərəfi açıq eyvanlı evin içində suların uğultusu, gurultusu aydın eşidilər, nabələd adam olsaydı, canına vəlvələ düşərdi. Artıq Aslanzadə çox sevdiyi dənizin bu səs-küyünə, şıltaqlığına öyrənmişdi və bundan xüsusi bir ləzzət alırdı. Qırx beş il onunla ömür-gün sürmüş, ərinin nazını övladı kimi çəkmiş Kiçikxanım, otuz ildən çox bu bağa gəlib getsə də, dənizin belə köpürüb daşan çağlarına adət eləyə bilməmişdi və hər dəfə dalğaların şaqqıltısını, gurultusunu eşidəndə qəribə bir qorxu içində:– Ay kişi, vallah, bir gün bu dəniz bizi çəkib öz ağuşuna aparacaq, — deyirdi, — səsimizi-ünümüzü eşidən də olmayacaq.
İkinci hissə, birinci fəsilSakit hər gün, tənəffüs vaxtı, beşinci mərtəbədəki şöbəsindən hiss olunmadan çıxar, akademiyanın yaşıllıq içində göz oxşayan həyətində, akasiya ağaclarının altında tək-tənha gəzinər, ya da böyük hovuzun sağında, solunda — harda boş yer olsaydı — oturar, dincələr, düşünərdi. Otaqdakı söz söhbətlər, telefon danışıqları, gəl-get ona mane olmazdı — səhərdən, işə gələndən stolunun arxasına keçib oxuyar, yazar, bir dəqiqəsini boş keçirməzdi. Fasilə vaxtınacan əməllicə yorulardı, tələsik bufetə düşər, yüngülcə nahar edib gəzintiyə çıxardı. Bu, uzun illərin adətiydi. Sakit təkcə ətrafındakıları yox, bir psixoloq kimi, özünü də kənar adam gözü ilə müşahidə, təhlil etməyi xoşlardı. Çoxdan, yazı-pozuya meyl elədiyi tələbəlik illərindən bu şəhərdə Sakit adında, bir pasport altında iki adam yaşadığını duymuşdu, anlamışdı. Biri hamının — tələbə yoldaşlarının da, müəllimlərinin də, sonra akademiya həmkarlarının və daha sonra isə ailəsinin də tanıdığı, sadə geyinən, az dinib, az danışan, daha çox dinləməyə həvəs göstərən, aza qane, gözü-könlü tox, işləməkdən, mütaliədən əvəzsiz zövq alan Sakit idi. Bu, Sakitin zahiri idi, gözə görünən tərəfi idi və bunu hamı görürdü. Ancaq elə o Sakitin içərisində, o adda, o ünvanda yaşayan ikinci bir Sakit də vardı — bu Sakiti tək özü tanıyırdı, yaxşı cəhətini də, pis cəhətini də yaxşı bilirdi. Bu Sakit — düşünən Sakit idi, hər şeyin dərdini — özünə dəxli olmasa da, — çəkən Sakit idi və bu mənada onun boş, qayğısız, fikirsiz keçən bir dəqiqəsi də olmamışdı. Bu, haradasa onu bezdirirdi, usandırırdı, öz sənətinə hərdən nifrət eləyirdi — çünki əzablı sənət idi — kitab yazırdı, beynini, qəlbini düşündürən fikirləri kağız üzərinə töküb canlandırırdı, o kitabı oxuyanlar, bəyənənlər tərifli sözlər də deyirdilər. Lakin onlar yalnız bu kitabı görürdülər, onun dünyaya gəlməsi üçün çəkilən əzabları, içini — ürəyini yediyi anları görmürdülər, görə bilmirdilər. Əslində o, zahirən bu aləmdə yaşayırdı; işə gəlir, evə gedir, arvadı-uşağı ilə danışırdı, amma həqiqətdə isə o, yazdığı dünyada olurdu fikrən, adamlarla oturub-durur, dərdini-qayğısını çəkir, onlar xoşbəxt olanda o da xoşbəxt olur, öləndə o da ölürdü. Son əsərini on yeddi ilə yazmışdı. Akademiyaya gələndən azı — üç il sonra kənd həyatından qələmə almağa başladığı həmin əsər nədənsə yaman uzanmışdı, bütün bu illər ərzində o, fikrən qəhrəmanlarının yanında olmuşdu, onlarla yaşamışdı. Kitabın son fəsillərini uzun müddət yaza bilməmişdi, daha doğrusu, yazmaqdan qorxmuşdu — çünki sonuna nöqtə qoyandan sonra onlardan — düz on yeddi il qəlbində, xəyalında, yuxularında gəzdirdiyi o sadə, mehriban adamlardan ayrılacağından, uzaq düşəcəyindən qorxmuşdu. Aylar, illər keçmiş, sonra o, içində işlədiyi bu maraqlı aləmə qayıtmışdı və ətrafına baxdıqca yazmalı, deməli çox şey olduğunu anlamışdı: uzağa getmək lazım deyildi. Bax, elə günün səkkiz saatını bir yerdə işlədiyi bu adamların hərəsinin həyatı bir roman idi. Burda çox düşünmək, əhvalat axtarmaq, yaxud quraşdırmaq lazım deyildi. Bu adamlar onun gözünün qabağındaydı — xasiyyətləri, simaları, taleləri ilə. Və zahirdə hər kəsə, hər şeyə sakit, biganə baxışlarla nəzər salıb susan Sakitdən fərqli olaraq əsl Sakit, birinci Sakitin içərisində yaşayan ikinci Sakit bu kollektivin maraqlı, ziddiyyətli romanını gecə-gündüz beynində dolandırırdı. Bu Sakit Salman Qurbanzadənin, Nadirə xanımın elm aləmindəki mövqeyi, ailə həyatı, bu yaxınlarda evə soxulmuş oğrular tərəfindən vəhşicəsinə öldürülmüş cavan Ceyhun haqqında, ərini və sevgilisini dalbadal itirmiş Gülmirə barədə, hamının «Dombagöz» adlandırdığı gənc şair İltifat, Sarışın, təzə direktor olandan sonra buynuzları çıxan Nurəddin Osmanzadə, onun toruna düşüb təmiz adını ləkələyən qəşəng Şərifə xanım, qəlbi kobudcasına sındırılmış əziz müəllimi Aslan Aslanzadə və başqaları haqqında gecə-gündüz düşünür, yazacağı kitabı söz-söz, fəsil-fəsil beynində, qəlbindətikib qururdu. Gözünün qabağında gündə səkkiz saat gəzib işləyən, hər birinin öz xasiyyəti, dünyası olan bu adamlar artıq onun ürəyinə köçmüşdü — bunlara o, öz qəhrəmanları kimi baxırdı — yaxşı, mərdanə hərəkətlərini görəndə bir qayğıkeş ata kimi sevinirdi, pislik, nadanlıq, qəbahət, dosta xəyanət, ailəyə dönüklük görəndə, hiss eləyəndə pərt olur, dərd çəkirdi. İş vaxtı qurtarıb hərə öz evinə-eşiyinə çəkilib gedəndən, Sakit də axşam yazı masasının arxasına keçəndən sonra, yenə onlar barədə fikirləşirdi. İkiqat yaxın, ikiqat doğma olmuşdular ona bu adamlar; acığı gələnləri də vardı — ancaq onlar haqqında da qəlb ağrısı ilə düşünürdü Sakit. Bu idi ikinci Sakitin gözəgörünməz dərdi, qayğısı. Sanki kimsə, rəsmi surətdə yox, elə belə, möhürsüz, əmrsiz Sakiti bu kiçik kollektivin ağsaqqalı, böyüyü təyin eləmişdi. Makinaçılardan tutmuş lap direktorun özünə qədər hamı üçün cavabdeh hiss eləyirdi özünü. Fikrən, xəyalən onların hər birisinin həyatı, xasiyyəti, rəftarı, əxlaqı barədə, jurnalist və tədqiqatçı dostlarının dediyi kimi, o qədər «material» todlamışdı ki, əgər şirin yuxudan qaldırıb kiminsə haqqında məlumat və ya xasiyyətnamə istəsəydilər, Sakit tərəddüd etmədən, çətinlik çəkmədən, gözüyumulu deyərdi, yazıb verərdi — hətta onun «pərdə arxasındakı» həyatını da işıqlandırardı. Hətta adamın bir sirr kimi qəlbinin dərinliklərində gizləməyə çalışdığı, məhrəm fikirlərini də kağıza köçürərdi. Və buna o özü də heyrət etməyə bilmirdi. Çünki Sakitə filankəsin filankəsə fırlatdığı bir baxışı tutmaq kifayət idi ki, sevdiyini və yaxud nifrət elədiyini aydınlaşdırsın. Birinin köynəyinin yaxasını çirkli, düyməsini qırıq, dəsmalını əzik görmək bəs idi ki, onun arvadının səliqəsiz olmasını, əri ilə maraqlanmamasını qəti şəkildə söyləyə bilsin. Başqa birisinin müdirə rast gələn kimi, üz-gözünü iyrənc şəklə salan yaltaq təbəssümünü bircə dəfə görmək bəsi idi ki, o adamın şəxsiyyətinin heç-puç olması fikri beynində həmişəlik yurd salsın.
Стихи других поэтов
Şurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
دیدی که هیچگونه مراعات من نکردیدر کار من قدم ننهادی به پایمردی
Şiələr, qanə batıb ol şəhi-lövlak bu günŞiələr, qanə batıb ol şəhi-lövlak bu gün,Fatimə başın açib, sinə elər çak bu gün.
Cana, bu nə cadudur, qaşu göz arasındaCana, bu nə cadudur, qaşu göz arasında,Nitqim tutulur görcək hərdəm, soz arasında.