Страница 1 из 2

Aprel günəşi çoxdan axıb getmişdi, amma hərarəti, işığı hələ də şəhərin, üzərindən çəkilməmişdi. Güclə hiss edilə bilən Bakı mehi əsirdi.

İşin qurtaran vaxtıydı, küçələr, dayanacaqlar adamla doluydu. Avtobuslar, trolleybuslar dolu gəlib dolu gedirdi. Gülmirə ilk dəfəydi ki, idarədən çıxıb köhnə evinə yox, təzə mənzilinə getmək üçün səkkiz nömrəli trolleybusu gözləyirdi. İkisinə minə bilməmişdi, çünki dal qapılar taybatay açılsa da, düşən yox idi, minmək istəyən isə saysız-hesabsızdı... Yolu uzaq da olsa, piyada getməyi üstün tutub döyülmüş, bütün günü daş daşımış adam təki Nərimanov prospekti ilə fikirli-fikirli addımlamağa başladı. Ürəyindən elə bil daş asılmışdı. Bu gecə birinci dəfə evində olacaqdı, yatacaqdı. Bu axşamı yaxşı, mənalı keçirmək üçün xəyalən özünü çoxdan hazırlamışdı. Sarsılacağını, kim bilir, bəlkə də ağlayacağını irəlicədən bilirdi sanki.

Anlayırdı ki, bu axşam onun bütün varlığına Orxan hakim kəsiləcək, onun düşüncələri, xatirələri, yorğan-döşəyi Orxanlı olacaq. Və qəribə idi ki, günorta, akademik Nurəddin Osmanzadə onları yanına — Salman Qurbanzadənin məsələsini həll eləməyə çağırmamışdan azca əvvəl Gülmirə iş vaxtının tez qurtarmasını, burdan bu günlük üzülüşüb evə tez getməsini çox arzulamışdı.

Ancaq iclasda vəziyyət tamam dəyişmiş, Salman neyləmişdisə, sudan quru çıxmış, bütün komissiya üzvləri, xüsusilə Gülmi-rə çox pərt olmuşdu — elə olmuşdu ki, daha sözü övürüb-çevirməyə belə imkanı olmamışdı. Çünki «Salman məsələsi» deyilən məsələni az qala akademiyanın bütün institutlarında danışılan, hətta şəhər ictimaiyyəti arasında yayılan bu məsələni Gülmirə ortalığa atmışdı və bunun düz olacağına tam əmin idi. Yoxlama davam edən günlərdə — gah Gülalının əlini dizinə vuraraq «Vay sənin, Salman müəllim burda bir balaca səhv eləyib!» — dediyi, İltifat Abışovun domba gözləri irəli çıxa-çıxa, burnunu çəkə-çəkə: «Ayıb olsun Salmana. Ziyalı da belə iş eləyərmi?» söylədiyi vaxtlarda da zərrəcə heç kəsdə bir şübhə oyanmamışdı. Hər üçü

– Gülmirə də, Gülalı da, İltifat da hərdən düşünmüşdülər ki, bu Salman Qurbanzadə nə qəribə adamdı ki, bircə dəfə də onların heç birinə yaxınlaşıb xahiş-minnət eləmir, «saqqal tərpətmir»; belə yozurdular ki, kişi ya utandığından yanaşmır, ya da qüruruna sığışdırmır və hər şeyi onların vicdanına tapşırır. Sən demə, hamısı yanılırmış. Sən demə, professor özünə arxayın imiş! Belə olmasaydı, o özünü bunca sakit aparmazdı. Demək o, belə iş eləməyib. Əsər özünündü. Demək, Mirzə Yanarın bu adda heç əsəri olmayıb!.. Bəs onda... Orxan niyə belə eləmiş olsun? Bəs onda Salmana nə cavab verəcək Gülmirə?! Bu ki böhtandır, bu ki ağ yalandır. Nadirə xanım — onun arvadı da, Salman yazılı rəyi götürüb hirslə direktorun kabinetindən çıxandan sonra sarı qovluğun içindəki əlyazmasına baxıb: «Düz deyir, bu Salmanın öz xəttidir. Mən yaxşı tanıyıram, inanmırsınız, verin ekspertə, yoxlasınlar» demişdi və akademik Nurəddin Osmanzadənin üzünə acıqlı nəzər salıb:

– Yoxlatdırın, yoxlatdırın, Nurəddin müəllim! — deyə kinayə ilə təkrar eləmişdi. — Adamları ləkələməkdən asan heç nə yoxdur və bu yolda tələsməyi sizə məsləhət görmürəm.

Dəhlizdə isə Gülmirənin pərt halda liftin yanındakı məhəccərə söykənib dayandığını gördükdə, üstündən dağ boyda bir yük götürülmüş adam sevinci ilə:

– Şükür, yalan çıxdı, Gülmirə, — söyləmişdi. — Yoxsa, bu ləkəni qanla da yumaq olmazdı... Bay, sən ağlayırsan? Sevinmirsən? Ay qız, Salman təmizə çıxıb, sən buna sevinmirsən?..

Gülmirə başını onun sinəsinə qoyub içini çəkə-çəkə:

– Bəs indi mən neyləyəcəyəm, Nadirə bacı? — demişdi. — Mən indi başıma haranın külünü tökəcəyəm, Nadirə bacı? Bir tərəfdən sevinirəm ki, yalandı. Peşmanam, yazıqdı Salman müəllim. O biri tərəfdən də axı... Bunu mən demişəm. Salman... bizi.. məhkəməyə verəcək... Mən nə cavab verəcəyəm, onun üzünə necə baxacağam?

Nadirə xanım onun çiyninə tökülmüş saçlarını qayğıkeşliklə sığallayıb mehriban bir ədayla:

– Qorxma, Gülü. Salman əmin sənin gözündə nə qədər pis adam olsa da... hər halda bütün nöqsanları ilə bərabər, o, yenə Salman Qurbanzadədi. Mən onun arvadıyam, ondan nə alçaqlıq desən, gözləmək olar, Gülya. Ancaq Salman sən sübut eləməyə çalışdığın işə heç vaxt getməz... Onun heç vecinə deyildi, fikir verirdim, dəli olurdum ki, bu cür ittiham edilən adam necə sakit oturub-dayana bilər. İnan, heç tükü də tərpənmirdi. Ancaq bu neçə ayı mən ölmüşəm, Gülya. O tək, o əziz balamın — Ceyhunumun ölmüşünə and içirəm, məndə bu söz-söhbətə görə can qalmayıb. Oturub-durub sənin qaranca deyinmişəm. Niyə məni saymadı bu, niyə mənə məsləhət eləmədi bu! Bax, yanırdım, tüstüm təpəmdən çıxırdı, amma şax tuturdum özümü, dost-düşmən qabağında sındırmırdım. Sən bilirsən ki, mənim şəxsi həyatım yoxdur, biz Salmanla camaat gözündə ər-arvadıq, əslində heç neçə vaxtdı yaşamırıq da... Qurbanı olduğum Ceyhun bax elə bu gün, günorta zamanı məni divara dirəmişdi, elə ağıllı-ağıllı sözlər deyirdi mənə, ayağım yerə yapışırdı. Deyirdi «hanı sizin ailəniz?! Yoxdu sizin ailə. Ölüb, yoxdu». Düz deyirdi uşağım—biz ailə deyilik daha. Ancaq ər-arvadıq, mənim üstümdə onun adı var, Gülya. Düzünü sənə deyim ki, bu gün Ceyhunumla söhbət eləyəndən sonra elə bil ayılmışam, uşağıma da — onun ağlına, dərrakəsinə təzədən baxmışam, ərimə də baxmışam, özümə də baxmışam. Mən o uşağa əsl analıq eləməmişəm. Elə Salmana da əsl arvadlıq eləməmişəm. Yazı-pozu, kitab-qələm başımı qatıb, mən bəlkə də ortabab bir alim olmuşam, amma bunun əvəzində mən balamı itirmişdim az qala, ərimi itirmişdim az qala, həyat çox mürəkkəbdi, Gülya. Ağıllı olmaq özü bu dünyanın ən böyük xoşbəxtliyidir. Ancaq düşünmədən yaşayanlar həyatda əzab çəkməli olurlar. Bax, sən, indi görürəm dəhşətli əzab içindəsən. Niyə? Ona görə ki, səhv eləmisən. Düşünməmiş addım atmısan, yaxud az düşünmüsən, kimsəyə məsləhət eləməmiş hərəkət eləmisən — nəticədə əzaba düşmüsən və hələ bu səhvin əzabını çox çəkməli olacaqsan, Gülya. Bəsdi daha, ağlama. Özünü ələ al... — Uzaqdan Salmanın gülə-gülə gəldiyini görüb: — Görürəm, halın yaxşı deyil. Bizi Aslanzadə bağa — Buzovnaya qonaq çağırıb — elə indi, işdən çıxıb ora gedirik. İstəyirsən səni də aparaq. Salmanın maşınında gedirik. Gedək, hə, Gülya, gedək, yolda da sizi barışdıraram, hə? — tələsə-tələsə söyləmişdi.

– Yox, yox Nadirə bacı. Mən bu vəziyyətdə... heç yana gedə bilmərəm,—deyərək Salman ağladığını görməsin deyə ondan ayrılıb pillələri qaça-qaça düşmüşdü...

Bir az əvvəl, institutun dəhlizində, məhəccər başında olmuş bu söhbət ürəyində, beynində, təkrar oluna-oluna yol gedən Gülmirə Bəhramgurun heykəlinin yanına çatanda o xəyal küsdürən aləmdən qopub tamam təzə bir dünyaya düşdü. Fontanlarında su fışqıran hovuzun yanında ayaq saxladı, bəd, yorucu fikirləri kənar qovmuş kimi başını silkələdi; burada meh güclüydü, suyun havada oynaşan zərrələrini üzünə, saçlarına çırpır, od tutub yanan bədənini sərinləşdirirdi. Elə halsız və yorğundu ki, daş hovuzun qırağında oturardı qınayan olmasaydı. Xeyli ayaq üstə dayandı, «qaynayan» sulara tamaşa elədi... Bir az o tərəfdə, funikulyorun qapısının sol tərəfindəki kiçik bağda, köşkün böyründə sırayla düzülmüş sotolların arxasında əyləşib dondurma yeyən, şampan içən adamlara gözucu həsrətlə nəzər saldı. Əqdəm yadına düşdü

– onunla bir neçə dəfə burada, bax, o adamlar kimi oturub dondurma yemişdilər, söhbət eləmişdilər. Orxanla o, dondurmaxanaya heç vaxt ayaq basmamışdı. Ona görə Gülmirə fikrən özünü o ağac altındakı mizin arxasında Əqdəmlə qabaqqənşər görüb üşüyən kimi oldu, baxışlarını çöndərib alimlər evinin dənizə baxan eyvanlarını, pəncərələrini nəzərdən keçirdi, axtarıb öz eyvanını tapdı. Eyvan boş idi. Orxan sağlığında bura gələndə də eyvan boş idi. Ancaq onda ümidi vardı ki, Orxan eyvana çıxa bilər, hovuza baxa bilər və Gülmirəni orada görüb çağıra bilər. Çıxmamışdı amma. Gülmirə özü həyəcandan qıçları əsə-əsə qalxmışdı yuxarı. İndi isə o, eyvana nahaq baxırdı. Orxan eyvana çıxmayacaqdı... Acı bir nisgillə düşündü ki, Orxan orda yoxdu, daha niyə gedir ora? Qayıtmaq istəyirdi iki-üç addım da atdı, lakin bu zaman plaşının cibində əli soyuq açara dəydi, ayıldı. Elə bil ayağı yerə yapışmışdı. Sonra, sinəsini yandırıb yaxan bir ah çəkərək bloka sarı üz tutdu...

Pillələr qurtarmaq bilmirdi, aman allah... Nəhayət, budur, «Orxan Əlizadə» yazılmış qapı... Sükut... haradasa, uzaqdamı, içindəmi həzin bir musiqi çalınırdı bu dəm... Zəng susurdu, qıfıl susurdu, dolmuş gözləri əlindəki sarı rəngli qoşa açardaydı... Görəsən o, hər dəfə bu qapıya gələndə bu hala düşəcəkdi, ya adət eliyəcəkdi? Bilmirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

VIII fəsil

Bəhruz evin qabağında taksidən düşüb tez özünü bloka saldı. Cəld addımlarla beşinci mərtəbəyə qalxdı. Qapının zənginn basdı.– Atam gəldi! – deyə Toğrul sevincək anasının yanına, mətbəxə qaçdı. Xatirə mətbəxdə xörək hazırlayırdı.

6 мин
IX fəsil

...Saat ikiyə işləyirdi. Ayın sarımtıl işığı iri pəncərədən içəri düşürdü. Toğrul ağ nikel çarpayısında şirin-şirin yatmışdı. Bəhruzun böyründə uzanmış Xatirə sağ əlini başının altına, sol əlini sinəsinin üstünə qoymuşdu; barmağındakı üzüyün brilyant qaşı parıldayırdı.Sakitlikdi. Toğrulun mışıltısından, bufetin aynası qarşısındakı girdə saatın yeknəsəq çıqqıltısından başqa heç nə eşidilmirdi.

5 мин
X fəsil

Bəhruz axşam nə qədər pis yatsa da, tezdən durdu. Çay-çörəyini iştahsız yedi. Xatirə soruşdu:– Bu gün xəstəxanaya gedəcəksən?

6 мин
XI fəsil

Dünya gözündə gülürdü. Güllər, çiçəklər içində nərgizdən xoşu gəlirdi. «Kaş, burda bir dəstə nərgiz olaydı!» Musiqi ölüsüydü. «Kaş «Karvan» çalınaydı»... Qəribə idi. Haradansa burnuna nərgiz ətri gəldi, qulaqlarında karvan zınqırovları səsləndi...Maşın xəstəxananın qabağından tərpəndi. Bəhruz kepkasını çıxarıb böyründəki «Qızıma məktublar» kitabının üstünə atdı. Fit çala-çala irəli baxır, ehtiyatı əldən vermirdi. Dənizdən sərin meh əsirdi. Enli asfalt küçə ilə maşınlar, trolleybuslar, dizellər şütüyüb gedir, şəhər öz həmişəki adi, qaynar həyatını yaşayırdı.

3 мин

Стихи других поэтов