Üçüncü hissə, ikinci fəsil
Страница 2 из 5 · 20%
Müseyibə Nəzərin ürəyi məlum idi. Bəli, kişi öz dəst-xəttilə katibə rayonun ən hörmətlisi, nüfuzlu və vəzifəli adamlarının bir çoxunun adını yazıb vermişdi və onları dəlilsiz-sübutsuz «böyük talançı» adlandırmışdı. O bir vərəq kağızı, tamamilə təsadüfən, Süleymanın yanından Bakıya zəng eləyərkən görüb gözucu oxumuş, az qala dili tutulmuşdu. Yaxşı ki, Bakı gec cavab vermişdi və bu vaxtdan istifadə eləyib toxtamışdı. Süleymanın Nəzərə bəslədiyi ehtiramın, məhəbbətin əndazəsini bildiyindən susmuş, məsələni açıb-ağartmamış və özünü heç o yerə qoymamışdı. Ona da Müseyib deyərdilər! Cırtqozluq eləmək, ölçüb-biçməmiş söz demək, iş görmək onun adəti deyildi və məhz buna görə də o, uzun-uzun illər idi ki, pambıq qəbulu məntəqəsinin müdiriydi. Bir əjdaha kimi katib yola salmışdı, çox yoxlamalardan qupquru çıxmışdı. Sadəlövh adamların nəzərində Müseyib pambıq üstündə əsən bir adam idi. Qramın, kiloqramın qədrini bildiyini dəfələrlə sübut eləmişdi və hətta neçə dəfə onu, maşını saxlatdırıb məntəqəyə gələn yollarda lafetlərdən asfalta tökülmüş pambıq əlçimlərini əyilib yığan görmüşdülər.
⎯ Hayıfdı, bala, elin varıdı.
Müseyibə bu da qəribə gəlirdi ki, Süleyman da ona Nəzərin siyahısı barədə heç nə demirdi. Hər görüşəndə sözü hərləyib-fırlayıb Nəzərin işi-gücü üstünə gətirirdi, hətta onu katibə tərifləyirdi də:
⎯ Çox ağıllı iş gördün Nəzəri Nəzarətə gətirməkdə. Təmiz adamdı. Gözü-könlü toxdu. Bu yaxınlarda rayponun sədri paltosunun lap köhnəldiyini görüb ona bir «Diplomat» palto verib ki, geyin, Nəzər müəllim. Qiymətini soruşub. Deyib yox, qardaş, mənim heylə pulum yoxdu. Bu paltoynan bu qışı da birtəhər yola verərəm. Mustafa deyib: Əşi, sənə bunu heyləcə bağışlayıram, götür, ağsaqqalımızsan.
⎯ Götürüb?
⎯ Yox, durub çıxıb gedib…
Müseyib həqiqətən olmuş bu əhvalatı katibə bilə-bilə təfsilatı ilə danışmışdı ki, o siyahıda Mustafanın adı da var idi və üçüncü yerdəydi.
Lakin Süleyman Müseyibə yenə o siyahı barədə bir söz qaçırtmamışdı ağzından. Onda Müseyib düşünmüşdü: «Ya Süleyman da o fikirdədi, onunla birgə nə isə bir tədbir hazırlayır, ya da inanmayıb, əhəmiyyət vermir onun yazdığına». Ancaq bunlardan hansıdı? Müseyib ayırd eləyə bilməyib nigaran-nigaran yaşayırdı.
İndi ona və dostlarından bir çoxuna «talançı» damğası basan və isti yuvasına su calamaq istəyən Nəzər qonağı idi, evindəydi. Kişi qaynayırdı içində. Amma bu müddətdə səbirlə ölçüb-biçmişdi, azı yüz kərə götür-qoy eləmişdi, adı siyahıda olan adamlara da hələ bir söz deməməyi qərara almışdı. Bunun əsası var idi; çünki Nəzərin aman-zaman oğlunun ⎯ Qəribin son vaxtlar deyəsən quşu onun aman-zaman qızı Simuzərə qonmuşdu. Bu sevdanın təfərrüatını, necə, hardan başlandığını bilmirdi, ancaq onu bilirdi ki, oğlan artıq bu evə ayaq açıb, gəlir-gedir. Səltənət xanım ondan yaman razılıq eləyirdi. «Ağıllı gədədi ⎯ deyirdi, ⎯ kişi, allah yetirib, səs eləmə». Üç-dörd dəfə Müseyibin özü də göz qoymuşdu, insafən təmiz uşağa oxşayırdı; Qərib həyatı, zəmanəni başa düşən oğlan idi deyəsən, mühakimələri xoşuna gəlirdi. Qızın isə… vaxtı keçirdi. Onun tayları çoxdan ərə getmiş, oğul-uşaq sahibi olmuşdu. Qızının Bakıda tələbə yoldaşlarından birinə ərə getməməsi, qayıdıb rayona gəlməsi bir ata kimi ona yamanca yer eləmişdi. Halbuki, o, bunu çox istəyirdi. Hər şəraiti yaradardı. Elə Ələmdar da elə demirdimi? Ancaq qız nə üçünsə buna qol qoymamışdı. Hərdən ürəyinə gəlmişdi ki, Ələmdarla Simuzərin arasında nə isə var. Ancaq bu fikri boğmuşdu içində. O gün ⎯ Ələmdar gələndə qızın onunla görüşmək istəməməsi bu şübhəni yenidən oyatmışdı. Amma: «Yox, bu, ola bilməz» ⎯ demişdi. Ona görə Qəribin indi peyda olması Müseyibi də, arvadını da çox sevindirirdi. Di gəl ki, Nəzərin o siyahı məsələsi… işləri yaman korlayırdı.
Müseyib çaşıb qalmışdı. Əgər Nəzər Müseyiblə qohum olmaq istəyirdisə, bəs bu həngamə nəydi? Bəlkə oğlunun niyyətidən heç xəbəri yoxdu? Yox, elə şey olmaz.
Müseyibin ürəyində iki hiss çarpışırdı: biri qəzəb idi ⎯ istəyirdi didib-dağıtsın, parçalansın, aparıb qarajın dalında o lal gədə ilə köməkləşib başını kəssin, quylasın torpağa Nəzəri. Biri ümid idi ⎯ bəlkə o, xoş niyyətlə gəlib, Müseyibin ağzını aramaq istəyir? Bir tərəfdən bütün cah-cəlalını nümayiş elətdirmək, əzəmətini göstərib Nəzərin ürəyinə dağ çəkmək, onu sındırmaq, «yan, öl, pişiyin əli ətə çatmaz, deyər ⎯ çiydi» ⎯ söyləmək istəyirdi, o biri yandan isə… qorxurdu Nəzərdən, çəkinirdi, qızının taleyini düşünürdü və yenə bu anlaşılmaz, nə istədiyini dərk edə bilmədiyi kişinin üzünə, içindəki, qəlbindəki qatmaqarışıq, təzadlı düşüncələri gizləyib gülümsəməyə çalışırdı.
… Bəli, Simuzərin səliqə ilə açdığı stolun arxasında indi iki Müseyib əyləşmişdi. Birini Nəzər görürdü ⎯ qabağındaydı, danışırdı, qulluq eləyirdi. «Napaleon» konyakı süzürdü. O biri isə… Onu Nəzər görə bilmirdi, oxuya bilmirdi, dərk etməkdə aciz idi.
⎯ Yox, mən içən deyiləm, Müseyib.
⎯ Əşi, nə danışırsan? Bu, içki deyil ki, məcundu, dərmandı, vallah. Napaleon rəhmətlik özü bundan içirmiş həmişə. Deyirlər hər döyüşə gedəndə… bu məcundan yüz-yüz vururmuş.
Nəzər güldü:
⎯ Şükür ki, mən heç kəsnən döyüşə getməyə hazırlaşmıram…
Elə-belə deyilən bu sözlər Müseyibin kefini açdı… «Yox, xoş məramla gəlib».
⎯ Əlbəttə, bizim kimnən nə işimiz var? Biz sadə zəhmət adamlarıyıq. Beş günlük dünyadı, gəlmişik, gedəsiyik. Heç olmasa… bu beş günün ikisini-üçünü adam kimi yaşayaq özümüzçün. ⎯ Büllur qədəhi onun qarşısına qoydu. ⎯ Götür, Nəzər kişi, sən bu gün bizim evə qədəm basmaqnan məni də, ailəmi də çox şad eləmisən. İnan, balalarımın canı haqqı, o qədər şadam və xoşbəxtəm ki, ta söz tapıb deyə bilmirəm. Götür, sən allah, xoş gəlmisən, ay elimin-obamın ağsaqqalı. ⎯ İçdi, üz-gözünü turşutmadan qədəhi yerə qoydu, bir şokolad qırığı atdı ağzına. Nəzərin içmədiyini görəndə incik halda:
⎯ Ba, bu olmadı ki, Nəzər müəllim, vallah, içməsən, inciyərəm. Götür, sən allah…
Nəzər az-az içərdi. Toyda, məclisdə. Müseyiblə içmək ürəyincə deyildi. «Napaleon» konyakının isə ömründə heç dadına da baxmamışdı. Müseyibin təkidi və bir də maraq üstün gəldi. Yarıkönül götürdü qədəhi:
⎯ Sağ ol, Müseyib… ⎯ deyərək içdi.
⎯ Nuşi-can. Bax, bu şokoladı da at ağzına. ⎯ Özü əlilə verdi Nəzərə. ⎯ Əla. Görürsən, nə xoş ətri var? Hə, indi ye… Balıq da «svejidi» lap. Bakılılar demişkən, öz bağımızdandı.
Doğrudan da süfrə gözəl idi. Bəhram deyilən qohumu ağ balığı xına kimi qızarmışdı. Göy-göyərtisi, narşərabı da əlaydı. Simuzərin süfrəsində isə bir dənə də eyib yox idi. Az bir müddətə belə stol açmaq hər qızın, qadının işi deyildi.
Nəzər ac idi, iştahla yeyirdi. Konyak isə… beynində xoş bir ovqat yaradırdı yavaş-yavaş.
Qəribə idi: birdən Nəzər özünü ikiləşmiş hiss elədi: bir Nəzər içindəydi ⎯ o, Müseyibin bu gününə-rüzgarına nifrət bəsləyirdi. Çünki, bu cah-cəlal halal zəhmətin barı deyildi, oğurluqdu, elin-obanın malıydı. Və hələ bu içəridəki Nəzər, ancaq baxırdı, öyrənirdi, susurdu. Ona elə gəlirdi ki, Müseyib, Nəzərin içindəki Nəzərdən xəbərsizdi. Amma səhv eləyirdi: Müseyib onun içindəki Nəzəri çoxdan ⎯ Süleymanın stolu üstdəki o kağızı oxuyandan görmüşdü, tanımışdı.
Bu həyətə qədəm basdığı ilk anlardan bir nigaranlıq da axıb dolmuşdu ürəyinə. «Bizim Qəribin atası…» Müseyib qızına bayaq onu belə tanıtdırmışdı. «Qəribi bunlar hardan tanıyır? Qərib hara, bu ailə hara? Özü də «bizim Qərib». Bu sual beynində dolanırdı, rahatlığını əlindən almışdı.
Müseyib konyakdan süzdü. Nəzər etiraz eləmədi.
⎯ Bunu şəxsən sənin sağlığına içmək istəyirəm, Nəzər müəllim. Sən bizim ziyalılarımızın gözüsən. Bütün ziyalılarımız sənin kimi olsaydı, nə dərdimiz vardı. Sən Nəzarətə gələndən… rayonda işlər qaydasına düşür yavaş-yavaş. İndi fikir verirəm ⎯ satıcıların, məişət xidmətçilərinin gözü dörddü ⎯ birdən Nəzər gələr, birdən Nəzarət görər. Düzü, bu, mənə çox ləzzət eləyir, Nəzər müəllim. ⎯ Nəzər əlində çəngəl ona qulaq asırdı və təəccübünü içinə salıb susurdu. «Oğrunun böyüyü… Gör necə ustalıqla pərdələnir? Ay sən öləsən. Məni avam hesab eləyirsən? Eybi yoxdu, Müseyib… Rəhmətlik Sabir bil bu gün sənə baxıb deyib: «Özü lum-lum udur batində, amma zahirdə dediyi mənaya bir bax» ⎯ Müseyib davam edirdi. ⎯ O gün Süleymana da danışmışam sənin barəndə. Demişəm belə-filan. Nəzər müəllim… qayda yaradır. Tale səni bizim camaatımıza çox görməsin, kişi. Sağ ol, sənin sağlığına, qardaş.
⎯ Sağ ol, Müseyib.
İçdilər…
Məclis uzanırdı, Müseyib gözləyirdi. Təcrübəsindən bilirdi ki, içki ən azdanışan adamın da dilini açır; bəzən lap sirr kimi ürəyində saxlamağa çalışdığın şeyin də nə zaman ortalığa qoyulduğundan, faş olduğundan xəbərin olmur. Üçüncü qədəhi Süleymanın sağlığına ötürmüşdülər. Müseyib burada da ustalıqla Süleymanın bu rayona katib gəlməsini az qala böyük səadət adlandırmışdı. «Süleyman sənin şagirdin olub, Nəzər müəllim. Bu sənin üçün ən böyük iftixardır. Müəllimə bundan böyük xoşbəxtlik təsəvvür eləmirəm, ustad. O da səni çox istəyir».
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-dunyani-tani-ucuncu-hisse-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Neçə ay bundan əvvəl Müseyib kişinin Gəncədən üzülüşüb Bakıya gəlməsi Sədəfin sakit, səssiz-küysüz hücrəsində yeni, mənalı bir canlanmaya səbəb olmuşdu. Sükut bu evdə yoxa çıxmışdı. Bunu hamıdan çox Rəhim hiss eləyirdi. O, babasının gəlişiylə sanki canlanmış, gümrahlaşmışdı. Anası ilə danışmağa söz tapmayan, fikrini-zikrini ancaq kitablara verən Rəhimin indi dili açılmışdı. Babası ilə hər barədə söhbətə girişir, daha doğrusu, çoxlu suallar verir, bu və ya digər məsələ haqqında onun fikrini soruşurdu. İlk günlər o fikirləşirdi ki, Müseyib kişi adi bir hambaldı, onunla nə barədə danışmaq olar?! Yanıldığını, mülahizəsinin yanlış olduğunu tezliklə başa düşdü. Müseyib kişi yaşının ötməsinə baxmayaraq, gümrah qalmışdı, sözündə və hərəkətlərində yük altında əyilib düzəlmiş adamdan çox, müdrik adama oxşayırdı. Söhbətləri elə şirin, elə məntiqli olurdu ki, Rəhim bəzən saatlarla qulaq assa da, yoruldum demirdi. Xasiyyətindəki tündlük Rəhimin o qədər xoşuna gəlmirdi. Məsələn, xalasına dediyi sözlər, Rəhimin fikrincə, lazım olduğundan sərt idi. Elə şeylər var ki, onları açıb-ağartmaq, üzə vurmaq lazım deyil. Bir soyuq münasibət sənin bu fikrini dediyin acı və sərt sözlərdən daha yaxşı çatdırmırmı sahibinə? Rəhim belə düşünürdü. Amma Müseyib Rəhim deyildi, o, dünya görmüşdü; o, isti-soyuq dadmışdı. Sərt və ağır günlər yaşamışdı. Bəlkə xasiyyətindəki sərtlik də elə bundandı? Ömrü boyu ürəyindəki dilində olmuşdu. Heç nədən, heç kəsdən qorxmamışdı. Bu dəfə Rəhimlə qabaq-qənşər oturub söhbət eləyəndə Müseyib kişi danışdı:– Mən sözü adamın düz gözünün içinə deməyi xoşlayıram. Kimdən, kimsədən qorxum yoxdur, balası. Stol, vəzifə, bir də arvad-uşaq adamı qorxaq eləyir. Bu üç şeyi düşünən adam qorxaqlıqdan əlavə, bəzən yaltaqlığı da boynuna götürür, sözün düzün demir, həqiqəti ört-basdır eləyir, arada isə sənin-mənim halalca haqqım tapdanır. Qorxur ki, stolu, vəzifəsi əlindən çıxar, arvad-uşağını ürəyi istəyən kimi dolandıra bilməz. Mənim belə adamlarnan salam-əleykümüm olmayıb. Bir də, — o susub əlavə eləmişdi, — mən nədən qorxacam ey! Palanımı alacaqdılar əlimdən? Amma sənə deyim ki, elə adamlar olub ki, mənim palanımı da əlimdən almaq istəyib. Elə bilirsən, özü üçün? Yox sözün düzünü dediyimə görə mənim palanımı alıb çaya, qatarın altına atmaq, mənim bir tikə çörəyimə bais olmaq istəyib. Ancaq mən yenə qorxmamışam. Mənim qorxduğum yeganə şey varsa, o da vicdan əzabıdı, bala. Mən belə qocalmazdım, mən ağır gün, ağır yük altında qocalmazdım, əgər vicdan əzabı olmasaydı.
Üçüncü hissə, onuncu fəsil...Qapı astaca açıldı, astanada zahir olan Əqdəm ehmal, səssiz addımlarla içəri girdi. Əlindəki çamadanı yerə qoyub iri açılmış gözlərini paltar yuyan Gülmirəyə zilləyib neçə saniyə sükut içində dayandı.Gülmirə çiynindən üzüaşağı sallanan saçını başının hərəkəti ilə dalına atıb qəddini düzəltdi. Sabunlu əllərini bir-birinə sürtə-sürtə, gözlərinə inanmırmış kimi, Əqdəmi nəzərdən keçirdi.
Üçüncü hissə, on birinci fəsilYeddisi çıxandan sonra gəlib-gedənlərin arası seyrəldi. Gülmirə öz dərdli ürəyi və qəmli taleyi ilə tək-tənha qaldı.Bir axşam otağa çəkilib leytenantın gətirdiyi şeyləri yerbəyer eləyirdi. Bax, bu onun səliqə ilə ütülənmiş hərbi kostyumu idi. O, ütülü paltar geyməyi çox xoşlardı; həmişə özü ütülərdi. Bu, onun mavi köynəyi, bu onun qalstuku. Bu nişanlar da onundur. Pasportu, hərbi bileti... Qəzet bükülüsü arasında nəsə vardı. Açdı. Pul idi. «Özünə qismət olmadı — deyə fikirləşdi.— Yox, bu pulların bircə qəpiyinə də əl vurmaram. Qəbrini düzəltdirəcəm, Orxanın qəbri kimi, gözəl, yaraşıqlı...»
Üçüncü hissə, on ikinci fəsilKitabların da taleyi insanların taleyi kimi müxtəlif olur. Xoşbəxt doğulanı var — ürəklərin, ağılların mənəvi qidası olur, əl-əl gəzir, öləndə də əldə ölür, oxucu əlində. Fərli övlad kimi müəllifinin adını uca eləyir.Bədbəxt doğulanı var — şikəst olur, uzağa gedə bilmir, kitabxanaların, mağazaların rəflərində toz qalağı altında itib-batır, fərsiz övlad təki müəllifinin başını aşağı, gözünü kölgəli eləyir.