Страница 2 из 2 · 50%

– Yox, kifayətdi, ağa! — dedi, lakin yenə marağını saxlaya bilmədi: —Amma mən sizi tanıya bilmədim, ağa. Siz kimsiniz axı, məndən nə istəyirsiniz?

– Biz... Səbir eləyin, ağayi Elməddin, tanış olacağıq! — deyə sürücü aramla dilləndi. — Xəstə tələsər, amma armud vaxtında yetişər, ağa!..

Elməddin anladı bu nə deməkdi: «Artıq danışmağın mənası yoxdu!» Əl-ayağı soyumuş, bu qəfil görüşdən yaxşı heç nə gözləməyən Elməddin dolanbac yolları burula-burula dağlara doğru qalxmış maşının açıq pəncərəsindən boylandı və başa düşdü ki, şəhər artıq arxada qalıb, evlərin, küçələrin işıqları duman içində parıldayan ulduzlar kimi getdikcə kiçilir...

Ancaq bu zaman o əməlli-başlı qorxuya düşdü, başında nə isə bir qəzavü-qədər olduğunu anlayıb titrədi və özünə də qəribə görünən kəskin bir hərəkətlə əlini qapının dəstəyinə atıb qışqırdı:

– Saxla maşını, saxla sənə deyirəm!

Cavan oğlan şəhadət barmağını uzadıb qapının düyməsini basaraq gülümsünə-gülümsünə söylədi:

– Belə hövsələsiz olsanız sizinlə söhbətimiz tutmaz, ağa. Səbirli olun, dəlilik eləməyin, bunun sizə ancaq ziyanı dəyə bilər.

– Axı siz məni hara aparırsınız, məndən nə istəyirsiniz? — deyə Elməddin çılğınlıqla yanındakı cavana sarı dönəndə onun əlində parıldayan tapançanı gördü və özünü lan itirdi. Gah oğlanın qaranlıqda güclə seçilən sifətinə, gah da tapançaya baxaraq tərpənməyin, əl-qol ataraq müqavimət göstərməyin mənasız olduğunu dərk edib susdu. Neçə dəqiqə heç kəs dinib-danışmadı. Az sonra hündür qayanın dibində maşın dayandı, sürücü açarı burub motoru söndürərək geri qanrıldı və sınayıcı bir nəzərlə ona baxıb qımışdı. Elməddnnə siqaret uzatdı, o lal-dinməz sitareti alıb damağına qoydu. Kök kişi alışqanla onun siqaretini yandıranda zəif işıqda Elməddinin ağarmış, soyuq tər gəlmiş sifətinə diqqətlə fikir verib dedi:

– Ağciyər adama oxşayırsınız, cənab, nədən qorxursunuz?

– Heç nədən qorxmuram.

– Hətta ölümdən də?

– Bəli, hətta ölümdən də! — «Ölüm» sözünü xüsusi vurğu ilə söylədi və onların qabağında belə danışa bilməyindən özünün də xoşu gəldi. — Ancaq kişi gərək faydalı bir iş üstündə ölsün, heçinpuçun üstündə yox. İnsan həyatı bax sənin bu dostunun əlindəki tapançanın gülləsinə bənzər; o güllə ömründə bircə kərə atılar, onu ikinci dəfə ata bilməzsən, ağa. Əgər o, hədəfə dəyirsə, demək onun güllə həyatı hədər getmir, boşa çıxırsa, demək ömrü də puç olur. İnsan da belədi, ağa. O da bu güllə kimi bir dəfə yaşayır, bir dəfə ölür. İnsanın yaşamağını demirəm — bu, hamıya məlumdur — onun gərək ölümü də mənalı olsun, gözəl olsun. Yersiz, məqsədsiz ölümlər, boş yerə atılmış güllələrə bənzəyir, ağa.

Elməddin əvvəllər belə məsələlər barəsində heç düşünməmişdi, ömrün mənası, şirinliyi, kərəkliyi haqqında da bu ana qədər ürəyinə heç nə gətirməmişdi. Yusifin başına gələn müsibət, doğrudur, onu qəlbən qocaltmışdı, filosof eləmişdi, bir az kövrəltmişdi. Ancaq indi, söhbət onun öz həyatı üstündə getdiyi anlarda, hələ axırı nə ilə qurtaracağı məlum olmayan bu müdhiş dəqiqələrdə Elməddin sanki birdən-birə müdrikləşmişdi: gözünü açandan ona ancaq əzab-əziyyət, göz yaşı, qəm-qüssə bəxş etmiş bu dünya bircə anda elə şirinləşmişdi ki, o şirinliyi, o ləzizliyi heç nəylə əvəz etmək olmazdı. Görəsən, onda bu hissləri doğuran qaranlıq maşının içində soyuq lüləsi par-par parıldayan buzürəkli tapança idimi ki, buzürəkli bir adamın əlində ölüm saçan tək gözünü bərəldib ona baxırdı? O, həyatında nə görmüşdü, nə yaşamışdı ki? O hələ bundan sonra yaşamalı, işləməli, yaratmalı idi. Heyf! Axı nə üstündə, hansı günahına görə onu öldürmək istəyirdilər? Suala cavab tapa bilmədi və sinəsini acı bir təəssüf hissi yandırıb-yaxdı. Kök kişi ilə cavan oğlan Elməddinin bayaq dediyi sözləri eşidəndə mənalı-mənalı baxışdılar; kök kişi siqaretniə son qullabı vurub kötüyünü çırtma ilə pəncərədən çölə atdı, iri əlilə az qala ağzının üstünü örtmüş qara bığına tumar çəkərək:

– Başınız yaxşı işləyir, əliniz də belə yaxşı işləsə, onda bizim etimadımızı doğrulda bilərsiniz!—deyib gülümsündü.

– Anlamadım sizi, ağa?—deyə Elməddin bu atmacalı söhbətlərdən bezdiyini bildirən bir ahənglə səsini ucaltdı. — Siz açıq danışmırsınız, məndən nə istədiyinizi, məqsədinizi deməkdən çəkinirsiniz.

Kök kişi yenə gülümsündü:

– Səbrinizi də yoxlayırıq, ağayi Elməddin. Bu imtahandan da pis çıxmadınız. İndi sizinlə ətraflı danışmaq olar;

– Buyurun...

– Əvvəla, onu deyim ki, sizinlə elədiyimiz bu söhbət elə burda da qalmalıdı. Başqa bir kimsə bilməməlidir. Əgər ağzıbütöv olmasanız, onda özünüzdən küsün, başınızla cavab verəcəksiniz... Aydındır?

– …

– Deyirəm aydındır?

– Bəli.

– İkincisi, bilməlisiniz ki, biz çox mötəbər bir təşkilatın üzvüyük. Bizim üçün həyatımızdan da əziz olan bu xalqın, çörəyini yediyimiz bu doğma vətənin əmri ilə hərəkət edirik: xainlər, satqınlar ömründə bir xoş gün görməmiş, var-yoxunu yadların talayıb apardığı bu xalqın halal çörəyini yeməməlidir, bu torpağın can dərmanı olan havasını udmamalıdır, ağayi Elməddin. Belə adamlara qarşı biz amansız olmuşuq, gələcəkdə də amansız olacağıq: elələrinin ölüm hökmünü də özümüz veririk, özümüz də icra eləyirik. Bunu da bilməlisiniz ki, bizim kəsdiyimiz başın sorğu-sualı yoxdur.

Elməddin bir az toxtadı; anladı ki, bunların nə isə başqa məqsədləri var, onu heç də öldürmək niyyətində deyillər, hansı bir təşkilatın isə, özləri demiş, çox mötəbər bir təşkilatın üzvləridirlər; əgər, onların dedikləri həqiqətdirsə, bu təşkilat çox gərəkli və nəcib bir təşkilatdır. Amma bəs bu tapança və ölüb-öldürmək məsələsi nədir?

– Elməddin bunu heç cür anlaya bilmirdi. Dedi;

– Bütün bunların mənə nə dəxli var, ağa?

– Sizə dəxli yoxdur, ancaq sizin ən yaxın dostunuza aidiyyəti var.

– Kimdir o? — deyə Elməddin tələsik xəbər aldı. — Kimdi mənim yaxın dostum?

Sakit, soyuqqanlı bir cavab eşitdi:

– Məhəmməd Şəfi Rəhgüzər!

Elməddinin başına elə bil çəkiclə vurdular, gözlərinin qabağında qığılcımlar oynadı, dili tutuldu, nə isə demək istədi, etiraz eləmək istədi, ancaq səsi boğazında ilişib qaldı, qorxmuş adam kimi kəkələdi.

– Eşitdiniz, ya bir də təkrar eləyim? — deyə kök kişi eyni soyuqqanlılıqla soruşdu və cavab közləməmiş Elməddinin çox istədiyi əziz adamın adını təzədən dilinə gətirdi. — Bəli, Məhəmməd Şəfi Rəhgüzər.

Araya ürəksıxıcı sükut çökdü. Haradasa ildırım çaxdı, ətəyində dayandıqları qayalarda qəribə bir şaqqıltı eşidildi, uzaqdakı dağın başı ildırım işığında ani olaraq görünüb itdi. Elməddin siqaret yandırdı, sümürüb təmkinlə söylədi:

– Yox, ağa, siz yanılırsınız. Görürsünüz, sizin nahaq sözünüzə göylər də etiraz edir. Nəyə desəniz and içə bilərəm ki, səhv eləyirsiniz. Bu torpağın şair oğlu Məhəmməd Şəfi satqın, xain deyil, ola da bilməz. Kaş bu millətin onun kimi çox demirəm, yüzcə nəfər oğlu olaydı, ağa. Onda bu xalq beş-on nəfər zalımın əlində xar-zəlil olmazdı. Yox, o, satqın deyil, xain deyil.

– Sizdən yaxşı vəkil də olar, ağayi Elməddin. Ancaq təəssüf ki, Məhəmməd Şəfi haqqında ölüm hökmü çıxaranda sizi vəkil kimi məhkəməyə dəvət etməyi unutmuşuq. Kecdir, artıq hökm çıxarılmışdır və onu siz, bəli, siz yerinə yetirməlisiniz. Təəccüblənirsiniz? Təəccüblənməyin, quşu quşla tutarlar, ağa.

Kök kişi danışırdı, lakin Elməddin onun nə dediyini daha eşitmirdi. Xəyalı ustadının yanına qanadlanmışdı, onun isti, hərarət dolu ocağının başında qanad çalırdı. Mehriban ailəsini — Məleykə xanımı, bir-birindən məsum uşaqlarını görür, odlu-alovlu, dərdli-ələmli şerlərini eşidir, şairin bitib-tükənməyən arzularının işığından gözləri qamaşırdı. Və bu işığın içində Məhəmməd Şəfinin yanar ürəyini görürdü — bu xalq üçün, bu torpaq üçün yanan ürəyini, indi sən işə bax ki, onu bu hərzə-hərzə danışan, kimliyi, nəçiliyi məlum olmayan adam satqınlıqda təqsirləndirirdi. Artıq hökm də çıxarılıb. Sən bir ədalətsizliyə bax! Özü də bu hökmü Elməddin yerinə yetirməlidir — dost qatili, ustad qatili olmalıdır. Bu, heç ağlabatan iş idimi?!

Elməddin yerindən tərpəndi, digəldi:

– Yox, yox! — deyə qışqırdı. — Ola bilməz. Mümkün deyil. Mən namərd deyiləm, alçaq deyiləm, belə nakişilikmi olar? Əvvəl məni öldürün, bildiniz... Mən onu öldürməyəcəyəm. Siz məni öldürün, eşidirsiniz? — Sonra saiki ürəyi boşaldı, sakit və toxtaq halda, çarəsiz adamlar kimi xeyli susub:—Mən hazıram, sizin o gözəgörünməz, adıbilinməz təşkilatın əmrini yerinə yetirmədiyim üçün məni elə buradaca güllələyə bilərsiniz, — dedi. — Özü də qorxmayın, mənim heç kəsim yoxdur, itirib-axtaranım da olmayacaq, tək oğlanam.

– Bu, sizin qəti fikrinizdi?

– Sən yaşamaqdan belə bezmisən?

– Yox, bezməmişəm. Ancaq mən dost qatili kimi yaşamaqdansa, günahsız qurban olmağı daha üstün tuturam. — Bunu deyib maşından düşdü, ulduzlu göylərə baxdı, sonra yaxasını açaraq xırıltılı bir səslə:

– Öldürün! — dedi. — Öldürün!

Kök kişi tələsmədən, arxayın bir hərəkətlə maşından düşüb Elməddinə sarı gəldi, qaranlıqda o, kişinin əlinə baxdı. Əlində heç nə yox idi — nə tapança, nə bıçaq. Heç nə demədən qoluna girdi, qaytarıb maşında əyləşdirdi. O, taqətsiz idi, qıçlarında güc qalmamışdı. Başını qabaq oturacağa söykəyib:

– Alçaqlar! — deyə ağlamaqdan özünü zorla saxlayaraq pıçıldadı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, birinci fəsil

Orxan lap çoxdan — universitet skamyası arxasında oturduğu illərdən Mirzə Cəlilin böyüklüyünə, əzəmətinə, qələminin təkraredilməz şirinliyinə valeh olmuşdu. Onda bu gözəl sənətkara qarşı sönməz bir maraq oyanmışdı. Mirzə Cəlilin əsərləri Orxanın stolüstü kitabı idi. Elə bil, Orxan özü üçün yeni bir aləm, yeni bir qitə kəşf eləmişdi. Gəzdikcə, dərinlərə getdikcə onda yeni-yeni keyfiyyətlər tapır, heyrət və qibtə ilə düşünürdü: «Mirzə Cəlilin yazılarında bir gurultulu cümlə, boğazdan yuxarı deyilmiş bir söz tapa bilməzsən. Yazdıqlarının hamısı sadə, aydın həqiqətlərdi. Amma di gəl, onun kiçicik, lap yarım səhifəlik hekayəsini aç, izah elə... Gör nələr deyib, hansı nəticələrə əl atıb, bu sakitlik və sadəlik altında gör necə sönməz, yaxıcı bir atəş var!..Bəli, Mirzə Cəlilin hər əsəri haqqında kitab yazmaq olar. Neçə ildir yazırlar, cəmi üç cild əsəri haqqında onlarca kitablar yazılıb. Ancaq o dəryanın bütün inciləri hələ üzə çıxarılmayıb, kəşf edilməyib...»

8 мин
İkinci hissə, ikinci fəsil

Salman Qurbanzadə papirosun kötüyünü külqabıya basıb söndürmüşdü ki, telefon haray-həşir qopardı. Professor ciyərlərinə sümürdüyü tüstünü havaya üfürüb dəstəyi götürdü:– Bəli, eşidirəm... Mənəm, Salmandı...

6 мин
İkinci hissə, üçüncü fəsil

«15 avqust 196...-cı il»Kənardan baxanların hamısı məni xoşbəxt sayır. Buna haqları da var. Mənim indi zahirən bir xoşbəxt qadın üçün lazım olan hər şeyim var. Evim, eşiyim, uşağım... Pul dərdi çəkmirəm, yemək, paltar dərdi çəkmirəm. Ancaq mən xoşbəxtəmmi? Son vaxtlara qədər bu suala: «hə, mən xoşbəxtəm!» — deyə ürəkdən cavab verərdim. Bu xoşbəxtlik mənim gülüşümdə də, rəftarımda da hiss olunurdu. Buna mənim özümdən daha çox bacım Sədəf sevinirdi. Axı, o mənim tək bacım yox, həm də anam olub. Mənim üstümdə çox əzab-əziyyət çəkib. Anamızın vəfatından sonra mən olmasaydım, kim bilir, bəlkə Sədəf də oxuyub bir yana çıxmışdı. Ancaq o, təhsilini də, xoşbəxtliyini də mənə qurban verdi. Ovcumun içi kimi bilirəm ki, Sədəf mənim xoşbəxtliyimə ana təki fərəhlənir. Əgər anam sağ olsaydı, yəqin, o da eynən Sədəf bacım kimi sevinərdi.

3 мин
İkinci hissə, dördüncü fəsil

Şirin arvad stolun üstündə şüyüd doğrayırdı. Şüyüdün xoş iyi divanda oturub anasının əllərinə baxan Orxana ləzzət eləyirdi. Orxan qəsəbədə, öz evlərində olanda göy-göyərtisiz süfrə başına gəlməzdi. Bir də görərdin əlinə bir parça çörək götürüb şüyüd, vəzəri ya da keşniş ləkinin qırağında oturar, ürəyi istədiyindən qoparıb şirin-şirin yeyərdi.Anası kasaya qatıq tökdü, duz atıb qaşıqla qarışdırdı. İki dəqiqə sonra Orxanın ürəyi istədiyi ovduq hazır oldu.

5 мин

Стихи других поэтов