Həyət-bacaya sakitlik çökmüşdü. Qu desəydin, qulaq tutulardı. Elə bil yarım saat bundan qabaq çal-çağır olan həyət deyildi. İkidən işləyirdi. Qonum-qonşu da çəkilib getmişdi. Əbdül pilləkənin aşağısında oturub dizlərini qucaqlamışdı. Darvazada, eyvanda, sütunlarda yanan işıqları söndürməmişdi. Elə yorulmuşdu ki, qalxıb yatmağa belə ərinirdi, ayaqları zoqquldayırdı.

Yuxarıdan da səs-səmir gəlmirdi. Deyəsən ağa ilə xanım da yatmışdı. Ancaq Əbdül səhv eləyirdi. Nəcməddin qızını yola salandan sonra dönüb qonaq otağına keçmiş, qədəhinə şərab süzmüş, qabağına qoymuşdu, ancaq içməmişdi. Başını aşağı əyib qolunun üstünə söykəmişdi, düşünürdü:

«Ey gidi dünya. Zərrintac da belə getdi. Böyüt, bəslə, sonra da ver aparsınlar. Amma ürəyimcə oldu toy. Heç kəs hələ qızına belə toy eləməyib. İllərlə dillərdə dastan olacaq mənim balamın toyu. Deyəcəklər... eh nə deyəcəklər? Boş şeylərdi hamısı, vallah, boş şeylərdi...».

Çiyninə göyərçin kimi ağ, zərif bir əl qondu, yanında göyərçin qanadının xışıltısına bənzər hənirti eşitdi. Dünya astaca onu tərpətdi:

– Yatmısan, mənim əzizim?

Nəcməddin dikəldi, qızarmış, yorğun gözlərilə Dünyaya diqqət yetirdi; elə bil bütün günü onu birinci dəfə idi görürdü. Nə qəşəng geyinmişdi, ilahi, Dünya? Necə də bu paltarda — ağla qırmızının qarışıb yandığı bu geyimdə gözəl idi Dünya? O da yorğun idi və bu yorğunluq onun sifətinə, baxışlarına xüsusi bir məlahət verirdi. Gözləri xumar-xumar süzülürdü, təbəssümdən işıq saçırdı. Stulu çəkib böyründə oturdu:

– Yorulub əldən düşdün, — dedi və nəvazişlə onun ağ, pərişan saçlarını sığalladı.

– Hə, daha demə, yamanca yorulmuşam. — Gər səslə Nəcməddin söylədi.

– Ay toy idi ha, maşallah. Mən ömrümdə belə toy görməmişdim.

– Tək sən yox, heç mənim özümün də belə toy gördüyüm yadıma gəlmir, Dünya. Adıma layiq elədim. Qoy deməsinlər ki, Nəcməddin qızının toyuna xəsisliklə pul xərclədi.

– Yaxşı elədin, mənim əzizim. Sən mənim ağıllımsan. Hər şeyin yerini bilirsən.

Tərif Nəcməddinin qırışığını açdı:

– Bu gidi dünyada havayı yaşamamışıq, quzum. Papağımızı boş-boşuna günə yandırmamışıq, ceyranım. — O susub otağa göz gəzdirdi. — Amma ev elə bil boşaldı. Heç inanmaq istəmirəm ki, Zərrintac getdi. Bayaqdan oturub fikirləşirəm ki, qız öz otağındadı; heç yana getməyib, hələ az qala ağzımı doldurub uşağı çağırmaq da istədim bir dəfə. Sonra yadıma düşdü ki, gedib axı mənim balam.

– Hə, gedib! — deyə Dünya ah çəkdi. — Qız qonaqdı evdə. Axırı, geci-tezi var, bir gün gedib özgə şamı yandırandı.

«Özkə şamı!» — bu sözləri eşidəndə Nəcməddin duruxdu, beynindən qatmaqarışıq bir uğultu keçdi, «özgə» sözü qılınc kimi tez-tez başına dəydi, qulaqlarında səsləndi. Elməddinlə qızının münasibətini biləndən sonra qəlbində gizli-gizli gəzib-dolaşan, ancaq mətləbi-istəyi bilinməyən bir duyğu, nigaranlıq və qorxu indicə, Dünyanın dilindən o sözləri eşidəndən sonra durulub aydınlaşdı. Nəcməddin məhz indicə başa düşdü ki, səhv eləyib, qızı Elməddinə verməkdə yanılıb, çünki gün kimi ona aydın oldu ki, Zərrintac oğlanı nə qədər çox sevsə də, istəsə də, Elməddin onu sevmir və ya az sevir. Kişi, bunu hətta Elməddinin şerlərindən də hiss elədi, Sanki birdən-birə anladı ki, bu odlu ürək çırpıntıları ilə dolu olan şerlər — məhəbbət şerləri heç də Zərrintaca yazılmayıb, tamam başqa bir adam haqqında deyilmiş şerlərdi. Bəli, onların bircə sözünün də onun qızına dəxli yoxdu, necə ki, həmin şerlərin Dünyaya dəxli, aidiyyəti yox idi. Bunu anlayanda kişinin bütün sevincinin üstünə su ələndi, o, soyuq və ayaz bir havada suya salınıb çıxarılmış adam kimi büzüşüb balacalaşdı. Canını qızdırmaq üçün qabağındakı dolu qədəhi götürüb başına çəkdi, içib heç nə yemədi. Az sonra yenə açılışdı və o nigarançılıq hissini özündən uzaqlaşdırdı: «Öyrəşərlər, isinişərlər, xoşbəxt olarlar!» — deyə qəlbinə toxtaqlıq verdi.

– Nə dərin fikrə getdin, Nəcmi? — deyə süfrəni yığışdıran Dünya xəbər alanda o:

– Heççç... — deyib çölə çıxdı. — Elə-belə... Darıxdım...

Dünya əlbəttə, onun qəlbindəkilərdən xəbərsizdi. O, sadəcə olaraq, bunu, qızını ər evinə köçürmüş atanın əhvali-ruhiyyəsi hesab edirdi və hər şeyin tezliklə keçib-kedəcəyinin ümidində idi. Buna baxmayaraq, süfrəni yığışdırmaqdan əl çəkib Nəcməddinin ardınca eyvana yollandı. Bu zaman o, pilləkənlərin başında dayanıb Əbdüllə söhbət eləyirdi. Deyirdi:

– Yaman qan elədin ha, Əbdül. Afərin, xoşum gəldi səndən. Əməlli-başlı oynayan imişsən ki sən, heç bizim xəbərimiz yoxmuş!!

Əbdül, pilləkənlərin aşağısında ayağı ilə yeri qurdalaya-qurdalaya cavab verirdi.

– Hə, ağa. Mən xanımın toyunda heç oynamaya bilərdimmi? Bizim Zərrintac xanım, — Allah xoşbəxt eləsin, — yaxşı uşaqdı. Ağıllı, mərifətli. Odur ki, ürəklə oynayırdım, ağa.

– O oğlanın qabağına yaxşı qoz qoydun amma!

– Neyniyim, ağa? Gördüm çox havalıdı. Özünü elə aparırdı ki, guya yer üzündə ondan yaxşı oynayan yoxdu. Mən də eləmədim tənbəllik...

Dünya xanım Nəcməddinin böyründə dayanıb Əbdülə baxırdı. O, Əbdülün hələ də adını bilmədiyi o qonşu oğlanla şıdırğı oynamağına ötəri tamaşa eləmişdi. Əbdül doğrudan da gözəl rəqs eləyirdi. Nədənsə onun rəqsi Dünyanın ürəyində toyun sevincinə bərabər bir fərəh oyatmışdı. Son zamanlara qədər həyət-bacada əzgin-küskün gəzən, dinib-danışmayan, həmişə öz aləminə qapılıb nə isə düşünən, yaşına görə çox qoca görünən Əbdülü sanki büsbütün dəyişmişdilər: o gümrahlaşmışdı, cavanlaşmışdı, deyəsən, hətta gözəlləşmişdi də. Dünya ona fikir verirdi, o isə, ağasının yanında dayanan, iri, işıqlı gözlərini ona zilləyən Dünyanı elə bil görmürdü. Bircə dəfə də baxışlarını qaldırıb gəlinin üzünə baxmırdı, sanki heç o, burada yox idi. Bu isə, Dünyanın xoşuna gəlirdi. Onun sözü Əbdül üçün qanun olmuşdu. «Baxmayacaqsan!» — deyə tapşırdığını xatırlayıb sevinirdi. Əbdül isə xanımının sözünü yerinə yetirirdi — sədaqətlə, dəyanətlə.

– Mən gedirəm yatmağa! — deyə Dünya ərinin qulağına astaca pıçıldadı və ondan cavab almamış, Əbdülə son dəfə şirin bir nəzər salıb ipək donunu xışıldada-xışıldada uzaqlaşdı.

Nəcməddin dönüb arxasınca baxdı, sonra həyətə duşüb açıq havada Əbdüllə xeyli gəzindi, onunla ordan-burdan söhbət elədi. O, yataq otağına qayıdanda Dünya soyunub yerinə girmişdi. İşıqları söndürməmişdi. Gözlərini tavana zilləyib düşünürdü. Zərrintacı xatırlayırdı, indi, ilk zifaf gecəsi iki cavanın həsrətlə, məhəbbətlə bir-birinə sarmandığını, kama çatdığını gözünün qabağına gətirir və bundan əvəzsiz bir ləzzət alırdı. Elə bil o özü ərə getmişdi. Bu toy onun öz toyu idi elə bil. Gedən Zərrintac deyildi, Dünya idi. İndi yəqin ki, Elməddinin qüvvətli qolları arasında çırpınıb-çapalayan da Zərrintac deyildi, Dünya özü idi. Və bu fikir onun bədənində xoş, giziltili duyğular oyadırdı.

Ancaq bu, Nəcməddin tappıltı ilə içəri girənəcən davam elədi. Yox, gedən həqiqətən Zərrintac imiş, qalan isə Dünya!

– Yatmısan, mənim mələyim?!

– Yox, səni gözləyirəm! — hisslərinin əlində qovrulan Dünya şirin-şirin gərnəşib sinəsini qabartdı. — Mən də öz bəyimi gözləyirəm!

Nəcməddin Dünyanın alışıb-yanan gözlərinə diqqət yetirdi və birgə yaşadıqları bu neçə vaxtda ilk dəfə ondan qorxdu. Bu balaca, qəşəng, təpədən-dırnağa məhəbbət parçası olan Dünyanın qarşısında gücsüz olduğunu dərk edib üşüyən kimi oldu. Ancaq bu hissi özündən uzaqlaşdırdı, soyunmağa başını qarışdırıb o bəd fikri unutmağa müvəffəq oldu.

Dünyanın yanına girəndə o, əlilə kişini kənara itələdi.

– Gəlmə!

– Niyə?

– Nə yadından çıxıb?

– Mənim? Heç nə?

– Yaxşı fikirləş!!

Nəcməddin çarpayının qırağında oturub gözlərini döydü. Nə unutmuşdu? Yadına sala bilmirdi.

– Tapmadın?

– Yox, vallah. Axı...

Dünya ərinin diqqətsizliyindən incimiş kimi üz-gözünü qırışdırdı:

– Bəs hanı şerin?!

– A... — deyə Nəcməddin sevincək səsləndi — Mənə bax a! Lap yadımdan çıxmışdı... Şer... — o, əlini uzadıb stulun başından asdığı pencəyinin cibindən bayaq Elməddindən aldığı vərəqi götürdü və Dünyanın yorğanının altına girdi. Bu dəfə Dünya etiraz eləmədi. Lakin şərtini söylədi:

– İndən belə... şersiz... səni yanıma buraxmayacağam!

– Həə?

– Bəli... şersiz buraxmayacağam... — Şəhadət barmağı ilə Nəcməddinin, ucunda iki-üç qara tük bitmiş burnuna bir çırtma vurub güldü. Nəcməddin dedi:

– Bəli də. Bu yaşda gərək şairliyə başlayaq deyirsən?!

– Nə olar? Başlayanlar səndən artıqdı?

– Yetmişində öyrənən gorunda çalar!.. Bu sözdən sonra Dünya ah çəkib dinmədi... Nəcməddin vərəqi açıb ürəyində oxumağa başlayanda Dünya söylədi:

– Özün üçün oxuyursan? Ucadan oxu, mən də eşidim də! Gözləri ilə oxuduğu şer Nəcməddinin xoşuna gəldi. Sevindi kişi. Məmnuniyyətlə Dünyaya da oxudu:

Vüsalına qovuşandan sərxoşam,
Vüsalından hələ məstəm, hələ məst.
Yerdəyəmmi, göydəyəmmi — bilmirəm,
Dünya özu görməyibdir belə məst.


Bəxtəvərəm, məskənimdir o ürək.
Mən sevən gün doğulmuşam, ey mələk.
Yer üzündə aşiq varmı mənim tək —

Doğula məst, yaşaya məst, ölə məst!!

Dünya gözlərini yumub elə bil həzin musiqi dinləyirdi. Mizrab vurulandan sonra titrəyən sarı sim kimi bütün vücudu inildəyə-inildəyə əsirdi. Nəcməddin susmuşdu, Dünyanın bu an ləzzət aləmində olduğunu, ürəyində o şerin sözlərini birər-birər təkrar etdiyini bilirdi. Çünki o, gözlərini yummuşdu və bu o demək idi ki, şer Dünyanın ürəyinə yatmışdı, nəşələndirmişdi. Handan-hana o, yerindən qurcuxub:

– Bu şer kimə yazılıbsa o, dünyanın ən xoşbəxt qadınıdı, Nəcmi! Ən xoşbəxt qadını!.. Aşiqi onu sevən gün dünyaya gəlib. Yəni ondan qabaq yaşadığını öz ömründən hesab etmir o aşiq. Onun vüsalından elə məstdi ki, dünya hələ elə məst görməyib, aman allah... O, məst doğulub, məst yaşayıb, məst də ölüb gedəcək. Budur əsl məhəbbət, əsl böyük məhəbbət bax budur, Nəcmi.

– Zalım elə bil mənim haqqımda yazıb.

– Sənin haqqında?

– Hə, Mən də elə olmuşam, Dünya. Mən də sənin vüsalından sərxoşam, hələ də ayılmamışam. Heç ayılmaq da istəmirəm, əzizim. Mən də səndən qabaq yaşadıqlarımı ömrümdən saymıram, mən də səni sevən günü anadan olduğum gün hesab eləyirəm, gülüm. Məst doğulmuşam, indi də məst yaşayıram. Ancaq elə et ki, bu məhəbbətdən ayılmayım, elə beləcə məstanə də dünyadan köçüb gedim, Dünyam mənim... — Son sözləri bayaqkı qorxunun təsirilə dediyini anlayıb susdu. «— Elə məst də ölüb getmək... mənə qismət olacaqmı? Ya...» — deyə düşündü. Dünya ona tərəf çevrilib əlini boynuna saldı. Özünə tərəf çəkib sinəsinə sıxdı.

– Nə yaxşı danışdın, Nəcmi... Ölürəm şirin söz üçün, məhəbbət dolu söz üçün ölürəm, Nəcmi. — O, sözləri pıçıltı ilə söyləyirdi, elə astadan söyləyirdi ki, Nəcməddin güclə eşidirdi. Onun səsi elə bil yuxu aləmindən gəlirdi: o, şeri həzin pıçıltı ilə təkrar edirdi:

Vüsalına qovuşandan sərxoşam...
Vüsalından hələ məstəm, hələ məst...

Sonra o, susdu, elə bil yatdı. Ancaq yatmamışdı. Nəcməddinin əlini sinəsinə sıxıb tam ayıq halda:

– İndi yəqin Elməddin də bu şeri Zərrintac üçün oxuyur, — dedi.

Nəcməddinin əli süstəldi və o, ah çəkdi...

...Amma yox, Dünya yanılırdı. Elməddin Zərrintaca şer oxumurdu. Əslində şer heç yadına düşmürdü. Arxası üstə uzanmış Zərrintacın utancaq gözlərinə baxır, dirsəklərini dayaq verib balışın üstünə dağılmış ətirli saçlarını sığallayırdı. Gözlərini açanda Zərrintac idi yanındakı, yumanda o yox olurdu, Əfsanə gəlirdi. Əfsanənin səsini eşidirdi, hənirtisini duyurdu. Gözünü açanda isə Zərrintacı görürdü.

– Xoşbəxtsənmi, Zəri? — deyə o, tövşüyə-tövşüyə soruşdu.

Zərrintac baxışlarını qaldırıb Elməddinə diqqətlə baxdı və:

– Hə! — dedi. — Bəs sən?!

Elməddin başını tərpətməklə «hə» cavabını verdi və yenə gözlərini yumdu...

Əfsanənin isti nəfəsi boyun-boğazını qarsıdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, on yeddinci fəsil

Gec yatdıqlarına baxmayaraq, Simin hamıdan tez oyanmışdı, mətbəxdə çay qaynatmış, stolun üstünə stəkan-nəlbəki düzmüş, çörək, yağ-pendnr, bal qoymuş, üzünə milçək-filan qonmasın deyə dəsmal sərmişdi. Səhər yeməyinin vaxtı əslində çoxdan keçmişdi. Saat ikiyə işləyirdi — Elməddin şirin-şirin yatmışdı. Simin ev-eşiyi yığışdırandan, həyət-bacanı süpürəndən sonra tək qalıb darıxdığı üçün yavaşca, barmaqlarının ucunda Əfsanənin otağına girdi. Əfsanə, görünür, bərk uyumuşdu, Siminin gəldiyindən heç xəbəri də olmamışdı — çünki nə tərpəndi, nə də qımıldandı. Başı da, sinəsi də açıq idi. Hörülmüş, uzun saçlarının biri ağ balış üstündə qara ilan kimi qıvrılmışdı, əynindəki gecə köynəyinin üçbucaq şəkilli yaxasından ağ sinəsinin bir parçası görünürdü. Arxası üstə yatmışdı, sol biləyini də alnına qoymuşdu. Ayaq tərəfdə dayanan Simin aram-aram nəfəs alan, ağ, qəşəng sifətində əzablı-ağrılı bir ifadə həkk olunan (bu, deyəsən, onu daha da gözəlləşdirirdi) Əfsanənin həqiqətən gözəl olduğunu elə bil indi, bax bu anlarda görüb hiss elədi. Dünən gələndə deyəsən o belə gözəl deyildi, axşam, ikisi üzbəüz oturub söhbət eləyəndə də bu cür deyildi. Amma indi... Simin istər-istəməz bir qadın kimi özünü bu yatmış, bu dərdli gözəllə müqayisə elədi, müqayisə elədi və anlaşılmaz, qəlbinə yad bir sıxıntı içində istər-istəməz üstünlüyü Əfsanəyə verdi. Və bu an Əfsanə ona Simindən qüdrətli, Simindən ağıllı göründü; ona elə gəldi ki, bax, bu qabağında yatmış gözəl qadın illərin arxasından, uzaq-uzaq yerlərdən məhrumiyyətlərə dözə-dözə, onun-bunun qoltuğuna sığına-sığına, Şahin kimi sevən bir cavanı rədd edib gözüyaşlı qoyaraq, Siracəddin kimi bir «əjdahanın» torundan xilas olaraq bura — Elməddinin ocağının başına nahaq gəlməyib, əbəs gəlməyib. O gəlib ki, Siminin Elməddinini — demək, səadətini əlindən alsın, xoşbəxtliyini uçurub dağıtsın. «O mənimdir, Simin!» — deyərək hər şeyi alt-üst eləsin. Bu acı fikirlər ürəyini cırmaqladı, gözləri qaraldı, başı gicəlləndi. Əfsanə elə bil yatağında əriyib yox oldu, yerində nə isə qara, qatran kimi qapqara bir vücud qaldı —yalnız bu zaman, səhərə yaxın Elməddinin Əfsanə barəsində dediyi sözlər yadına düşdü, qulaqlarında səsləndi və onu bu qara fikirlərin zəhərli caynağından qopartdı: «Mən Əfsanəni alsaydım, elə o vaxt alardım. Onda ürəyim qəbul etməmişdi, indi də etməz. Çünki mənim ürəyim elə həmin ürəkdi, əqidəm də elə həmin əqidədi, Simin!» Bu sözlər onun beynini, baxışlarını durultdu, hövllənib tez-tez çırpınan ürəyi qara, qorxulu təhlükənin sovuşduğunu hiss edib adi qaydasına düşdü. Yatağında uzanmış Əfsanə də o qara, qatran kimi qapqara vücuddan dönüb əvvəlki Əfsanə oldu — saçı yenə ilan kimi qıvrılıb yatmış, əli alnında, sinəsinin bir parçası açıq... Əfsanə oldu. Və Simin onun ağ sifətinə həkk olunmuş ağrılı əzablı ifadəni daha aydın oxudu və onun nəfəs almağında da, sifətində də bir yazıqlıq, bir bədbəxtlik gördü, onun haqqında belə düşündüyünə görə utandı Simin! Balacalaşdı, cılızlaşdı, çirkinləşdi Simin! Özünü, qəlbini indiyə qədər yaxşı tanımadığına heyrət içində gözünü döydü. Daha bundan sonra belə qara fikirləri yaxına buraxmayacağına, bu cür alçalmayacağına səssiz-səmirsiz and içdi.Qəhərləndi, boğazı acışdı və öskürdü. Səsə Əfsanə gözünü açdı — uzun, qatlama kirpiklərini qaldırıb ayaq tərəfində Simini görəndə.... yuxulu-yuxulu gülümsündü. Simin irəli gəldi, döşəyinin yanında diz çöküb:

10 мин
Üçüncü hissə, on səkkizinci fəsil

Elməddin döyülmüş, əzgin adam kimi yataq otağına girdi, soyunub çarpayısında uzandı, üzünü də, kədərli və dilxor vaxtlarında olduğu kimi, divara çevirdi. Simin yanına gələndə onu uzanmış görüb təəccübləndi.– Bıy, sən təzədən yatdın? Elməddin çevrilmədən;

13 мин
Üçüncü hissə, on doqquzuncu fəsil

Əfsanə son dərəcə mürəkkəb, ziddiyyətli, sevinc dolu, eyni zamanda kədərli, illərdən bəri arzuladığı, can atdığı, indi isə baş çıxara bilmədiyi, anlamadığı, buna görə də qaçmaq istədiyi, lakin niyə, hara, kimin yanına qaçacağını bilmədiyi dolaşıq bir aləmə düşmüşdü. Bu aləm onun üçün maraqlı idi, yeni idi. Bu aləmdə hamıdan — Reyhan anadan da, Şahindən də gizli saxladığı xəyal dünyasının baş qəhrəmanı — Elməddin yaşayırdı; o Elməddin ki, həsrətini çəkə-çəkə ömrünün ən əziz, ən şirin bir parçasına çevrilmişdi — bax, həmin Elməddini tapmışdı Əfsanə. Bu evə qədəm basanacan onun üçün ancaq bir məsələ mövcud idi. Elməddini görmək, onunla danışmaq, onun gözlərinə baxmaq... vəssalam. Daha sonra nə olacaqdı, nə ola bilərdi — bunlar barədə düşünməmişdi Əfsanə. Ancaq indi görürdü ki, yox, bu görüş o fikirləşdiyi qədər də asan deyilmiş — burda neçə-neçə həlli müşkül suallar varmış! Əfsanə Elməddini görüb toxtamışdı, qəlbini illər boyu sıxıb əzən həsrətiqubarı azalmışdı. Aşkarda, xəlvətdə, Əfsanə Elməddinə çox baxmış, gözünün həsrətini öldürmüşdü. Amma yenə narahat, yenə nigaran idi. Həyatda insaflı, mürüvvətli olmağı hər şeydən üstün tutan və insanlardan da çox zaman bunu uman Əfsanə Elməddinin, o, evdən çıxıb gedəndən sonra başına gələnləri, çəkdiyi əziyyətləri, mənəvi əzabları gecələr yatağına uzananda da, tək qalanda da götür-qoy eləyir, ölçüb-biçir, onun haqlımı, haqsızmı olduğunu müəyyən etməyə çalışır gah haqq qazandırır, gah da ittiham edirdi. Həyat bir dənizdi — onun nəzərində, — bu dənizin fırtınalı qoynuna düşən adam məhv də ola bilər, yarımcan halda özünü birtəhər sahilə də çatdıra bilər — dəyişib əclaf da, yaxşı insan da ola bilər. Bəli, həyat, bir-birinin dalınca qanad açıb sürətlə uçan illər insanın tək zahirində, saçlarında, üzündə əl gəzdirmir, o eyni zamanda insanın ürəyini də, hisslərini də yonub-baltalayır, ya büllurlaşdırır, ya kobudlaşdırır — axırı ki, nə isə dəyişilir, nə isə ölüb gedir, nə isə doğulur! Əfsanə ömrünün-gününün elə vədəsini yaşayırdı ki, dünyanın kitablara yazılmamış bu hikmətini başa düşürdü və bu mizanla Elməddinə baxanda onda müəyyən dəyişikliklər görürdü. Bunu, əlbəttə, təbii sayırdı Əfsanə. Elməddin kişiləşmişdi, Elməddin artıq uşaq atası idi, onun indi özünə görə adısanı vardı. Kənddə beş-on adamın tanıdığı, qardaşının haqqını tapdadığı və böyük-kiçik gözlədiyinə görə məhəbbətini belə dilinə gətirməyən, üstünə su səpilmiş ocaq kimi korun-korun yanan, başıaşağı Elməddin deyildi. Elməddin, Siminin də danışdığına görə, özünün də müşahidə etdiyinə görə, qarşısına nə isə çox ali, uca bir məqsəd qoymuş, bu yolda həbsxanalardan, ölümündən belə çəkinməyəcəyinə and içmiş tamamilə yeni bir adama çevrilmişdi. İndi onun, dünən Əfsanənin tapılması münasibətilə nə qədər xərc çəkib təşkil etdiyi böyük qonaqlıqda gördüyü kimi, necə də şan-şöhrətli, mehriban əqidə-məslək dostları vardı ki, Elməddin onlarla fəxr eləyirdi. Şəfi kimi böyük sənətkarın dostu olmaq məgər hər kəsə nəsib olan səadət idi? Əfsanə özü də, dünəndən bəri Elməddinin bu cah-cəlalına baxıb uşaq kimi sevinirdi və düşünürdü ki, Elməddinin bu mərtəbəyə gəlib çıxmasında hardasa, nədəsə onun da kiçik bir payı var. Ya bəlkə heç yox idi? Olsa da, olmasa da, Əfsanə Elməddinin bu gününə, bu məqamına baxıb fərəhlənirdi. Ancaq, hiss edirdi ki, bu fərəh azdı, onun qəlbindəki boşluğu doldura bilmir, kədəri, qüssəni tamam silib apara bilmir — bu onu ağrıdırdı. Nəydi bu boşluq, nədəndi? Heç özü də düz-əməlli baş çıxarda bilmirdi. Bax, buna da sevinirdi ki, Elməddinin indi Simin kimi mehriban, ağıllı, həssas yoldaşı var, inanırdı ki, Simin ona qəlbən bağlıdı, onu xoşbəxt edib. Gül parçası kimi Əfsanəsi var Elməddinin! Siminin təkidiylə bu adı seçiblər! Bunlar az idi? Hələ, Simin ona öz bacısı kimi baxır: bir «bacı» deyəndə, necə deyərlər, beşi də ağzından düşürdü — o gün bazara apardı, Əfsanəni təpədən-dırnağa bəzəndirdi, geyindiribkeçindirdi. Bunu kim edərdi? Hətta doğma qardaşarvadı da eləməzdi! Bütün bunlar da hardasa sevinc idi, fərəh idi, dərindən düşünəndə adamı mütəəssir edir, göz yaşardırdı. Lakin... lakin həmin boşluq dolmurdu, həmin o adsız qüssə-kədər çəkilib getmirdi, aman allah!Neçə gündü burda idi, öz ürəyinə də baxırdı, Elməddinin, Siminin ürəyinə də. Öz ürəyini görə-görə baş çıxara bilmirdi — Siminin, Elməddinin sözlərini eşidirdi, hərəkətlərini görürdü, gözlərini görürdü. Elməddin, şübhə yox idi ki, bu günlərdə çox tutulmuşdu, kədərli idi — gah üz-gözündən sevinc yağırdı, gah da fikir dəryasına qərq olurdu. Yaz havasına bənzəyirdi. Dolurdu, boşalırdı. Demək olar ki, bir gözü ağlayırdı, bir gözü gülürdü Elməddinin. Deyirdi. Danışırdı, qonaqlıqda şer söyləyirdi, ancaq Əfsanə bütün bu hərəkətlərin, sözlərin, hətta səsinin, gülüşünün arxasında ən həssas adamların duya biləcəyi bir nisgil, bir qüssə oxuyurdu. Özü də Əfsanə anlayırdı ki, bu sınıqlıq, bu qırıqlıq Elməddində o, onu «vəfasız» adlandırandan sonra əmələ gəlib. «Gərək belə deməyəydim— dilim quruyaydı, lal olaydım, gərək belə deməyəydim» — deyərək peşmançılıq hissi keçirirdisə də, əli heç yana çatmır, yanıb yaxıla-yaxıla qalırdı.

8 мин
Dördüncü hissə, birinci fəsil

Reyhan nənə qapını itələyib açmaq istəyəndə qarşısında ağappaq bir adam görüb səksəndi və:– Bismillah!—dedi. Qar adam arvadın qorxduğunu o dəqiqə

11 мин

Стихи других поэтов