Üçüncü hissə, ikinci fəsil
Страница 1 из 3
Gün dağların dalından bir adam boyu qalxmışdı. Evlərin şərqə baxan pəncərələri şəfəqdən alışıb-yanırdı.
Əbdül səhər tezdən harasa tələsən ağasının yeməyini-içməyini verib yola salmışdı. Nəcməddin yuxusuz, gecə pis yatan adama oxşayırdı, gözləri qızarmışdı, tez-tez əsnəyirdi. Demək olar ki, Əbdülə heç nə danışmamışdı da. Düzü Əbdülün də onunla kəlmə kəsmək həvəsi yox idi, çünki o da sübhün gözü açılanacan qəribə bir qısqanclıq hissinin əlində əsir olaraq həyət-bacada gəzmiş, evin arxa tərəfinə keçmiş, Nəcməddinlə Dünya xanımın yataq otağının pəncərələrindən süzülüb gələn o sehrli, əzablı işıqlara baxmış, işıqlar sönmədikcə onun ürəyi hövl eləyib az qala sinəsindən çıxmışdı. Gecəyarıdan keçmiş, saat üç-dörd olmuşdu, işıqlar yenə sönməmişdi. «Görəsən neyləyirlər?» — deyə bir sual qəlbini qurd kimi gəmirmiş, yandırıb çızdağını çıxartmışdı. Ayağının altına daş-taxta qoyub pəncərədən içəri boylanmaq arzusunu ürəyində güclə boğmuşdu, qorxmuşdu.
Əbdül nəzərində canlandırırdı ki, indi Nəcməddin — o qoca qurd Dünyanı bağrına basıb duz kimi yalayır, gözlərindən, dodaqlarından, buxağından, sinəsindən öpür, öpür... Yorulmur da qoca qurd! Əbdül ha əlləşirdi ki, ürəyini parçalayan, ona olmazın əzablar verən, hətta ağladan bu bəd fikirləri özündən kənar eləsin, qovsun, ancaq bacara bilmirdi ki, bilmirdi.
Halbuki onlar küsmüşdülər. Hərəsi öz çarpayısında üzünü kənara çevirib yatmışdı və bir-birinin acığına durub işığı da keçirməmişdilər. Əbdül isə öz fikirlərinin əlində yanıb qovrulmuşdu. Ona görə idi ki, o, səhər Nəcməddini görərkən daxili bir nifrət duymuşdu ürəyində; üzünə ötəri baxmış və o, çıxıb gedənəcən kirpiklərini də qaldırmamışdı.
Sonra dəli bir istəklə Dünya xanımın otağına girmək istəmiş, lakin xanımın özü razı olmadan bu işi eləməyin ona baha başa gələcəyini düşünüb «lənət sənə, kor şeytan!» — deyərək fikrindən vaz keçmişdi. Çünki Dünya xanım tez inciyəndi, tez küsəndi, yeri gələndə qəddar idi, hətta! Onun istəyi xilafınca bir şey etmək əsla mümkün deyildi. Əbdülün ixtiyarı nə idi ki, xanımın razılığı olmadan hətta salam versin, dindirsin, baxışlarını qaldırıb onun əsmər üzünə baxsın. Yox idi Əbdülün bunların heç birinə ixtiyarı:
Yuxqsuzluqdan başı şişmiş, gözləri qan çanağına dönmüş Əbdül həyətdə çox gəzikdi, yumurtası tərs gəlmiş toyuq kimi çox ora-bura vurnuxdu, lakin Dünya otağından çıxmadı, eyvanda dayanıb sinəsinin üstündən sallanan hörüyünün ucunu oynada-oynada Əbdülə baxmadı, lazım bilsə, kirpiyi ilə onu salamlamadı.
– «Yatır hələ!» — deyə Əbdül dərindən bir ah çəkib çarəsiz halda darvazanın qabağına çıxdı — «Qoca yəqin səhərəcən yazığı yatmağa qoymayıb!»
Darvazanın qabağında Əbdül taxtadan yaraşıqlı bir oturacaq qayırmışdı, rəngləmişdi. Bikar vaxtlarında, işi-kücü olmayanda çıxıb oturar, dincələrdi, küçədən keçənlərə tamaşa edərdi, qonşu həyətə baxardı. İndi də gəlib oturdu. Başı ağrıyırdı, araqçınını çıxarıb böyrünə qoydu, əlini cod saçlarında gəzdirdi... Sonra gözlərini yumdu, mürgü vurmaq istədi... Ancaq xəyalında yenə pəncərədən axıb gələn işıqlar yandı, ipək-yorğan döşək, Dünyanın ağ bədəni canlandı. Sonra haradansa Nəcməddin peyda oldu, qıllı əllərini, çılpaq, tüklü sinəsini gördü. Əbdül dəhşətli bir şey görmüş kimi, səksəndi. Və özünə kənar adam gözü ilə baxıb: «Xudaya, özün kömək ol mənə!» — dedi. Bu dəfə o «dəhşətli» mənzərəni görməmək üçün gözlərini yummadı, bir məşğuliyyət axtardı. Bu zaman başına qoyduğu məcməidə təmizlənmiş çuğundur satan kişi gəlib yanından keçdikdə əlinin işarəsi ilə onu əylədi, bir çuğundur qıçası aldı, cibindən çıxardığı bıçaqla dilimləyib yedi. Çuğundur çox şirin idi, qıpqırmızı idi: onun iştahı yox idi, elə-belə yeyirdi, başını qatmaq üçün.
O, çuğunduru yeyib qurtarmamışdı ki, üzbəüz evin darvazası açıldı, narıncı rəngli maşın çıxdı küçəyə...
Sükan arxasında Zərrintacın toyunda onun qabağına çıxıb oynayan o kürən oğlan oturmuşdu. Əbdül onun adını bilmirdi, sadəcə qonşunun oğlu kimi tanıyırdı. Salamları-kəlamları yoxdu, yeganə qarşılaşdıqları toyda olmuşdu. Və onda Əbdül başa düşmüşdü ki, o, lovğadır, gözəlliyinə, gəncliyinə öyünəndi və o qədər camaatın içində onu — nökər Əbdülü yorub sındırmaq istəyirdi. Əbdül bunu dərhal başa düşmüşdü, odur ki, var qüvvəsini toplayıb axıra qədər möhkəm dayanmış, o kürəni yorub oyundan çıxartmışdı. Sonralar bu mənzərəni gözünün qabağına gətirən Əbdül yadına salmışdı ki, o, tez-tez eyvana baxır, gözləri ilə kimisə axtarırdı. Aha, Dünyanı, əlbəttə, Dünyanı axtarır. Deyəsən o oynayanda Dünya da iki daşın arasında imkan tapıb eyvana çıxmışdı! Bəli, çıxmışdı. Əslində, Əbdülə elə gəlirdi ki, Dünya onun — Əbdülün oyununa tamaşa eləmək üçün boylanır. Lakin Əbdül gözucu baxıb görmüşdü ki, Dünya ona yox, kürənə baxır və ani olaraq ürəyində nə isə qırılıb düşmüşdü. Amma qəzəbmi, nifrətmi onun əlindən tutmuş, yorğun ayaqlarına qüvvət vermiş və o, axıra qədər oyundan çıxmamışdı. Uzun müddət bu xoşagəlməz müşahidələr Əbdülü rahat buraxmamış, ürəyinə salıb qaynatmış, özünə dərd eləmiş, neçə vaxt Dünyaya qəlbinin dərinliklərində oyanan, közərən bir şübhə ilə baxmış, ancaq açıb ağartmamışdı. Günlər, həftələr keçəndən sonra o, bu şübhəni qəlbindən çıxara bilmişdi, ancaq qonşu kürən oğlana bəslədiyi nifrət azalmamışdı. Nə isə ondan xoşu gəlmirdi. Elə bil, o qazanırdı, kürən yeyirdi, içirdi, lovğalanırdı. Sanki bu maşını da o, Əbdülün puluna almışdı.
Kürən axır vaxtlar maşını darvazadan çıxarar, bir dəfə siqnal verər, sonra ya yuyardı, ya da yaş əski ilə tozunu silərdi. Bu, bəzən gündə iki-üç kərə təkrar olunardı. Əbdül bunlara əvvəllər əhəmiyyət verməzdi, adi şey kimi baxardı. Ancaq bu gün... bu gün nə pis gün idi, ilahi! Gecəni səhərəcən yatmamışdı yazıq, gözünə cürbəcür şeylər görünmüşdü, üstəlik bu hadisə də...
Kürən maşından düşdü, əlində əski vardı. Görünür, Əbdülü görmürdü, o dəqiqə Nəcməddinin daş hasarına sarı boylandı və başını, kimləsə salamlaşırmış kimi tərpətdi, əli ilə maşının tozlu pəncərəsinə işarə elədi və sonra şəhadət barmağı ilə şüşənin üstünə nə isə yazdı: Əbdülün dalağı sancdı, gözlərini geniş açıb şüşəyə yazılanı oxumağa çalışdı. Və oxudu: 94-32. Bu nə demək idi? O niyə bu rəqəmi şüşəyə yazırdı? Sonra bir də daş hasara baxdı. Elə bu zaman Əbdül ilan vurmuş kimi yerindən sıçradı və yarıaçıq darvazadan içəri, həyətə keçdi. Və gözlərinə inanmadı. Dünya ağ xalatda eyvanda dayanmışdı, saçının ucunu qurdalayırdı və kürənə sarı baxıb gülümsünürdü. Dünya elə aludə olmuşdu ki, Əbdülün həyətə girdiyini görməmişdi.
Əbdülün başına elə bil isti su tökdülər. Bütün vücudunu gözəgörünməz od-alov qarsdı. Heykəl kimi yerində donub qaldı, tərpənməyə taqəti olmadı Əbdülün!
Dünya onu görmədi, qayıdıb otağına keçdi... handan-hana Əbdül özünə gəldi, maraq üçün yenə çölə çıxdı. Oğlan maşının yanında yox idi. Ancaq şüşəyə yazdığı rəqəmlər yaddan çıxıb eləcə qalmışdı: 94-32.
Əbdül sanki birdən hər şeyi anladı: bu, adicə rəqəm deyildi, kürənin telefon nömrəsi idi. Dünyaya vermişdi öz telefonunun nömrəsini. Dəhşət! Əbdül iki addım irəli cumdu, maşının şüşəsini daşkəsəklə qırıb çilik-çilik eləmək, nömrəni beləliklə pozmaq istədi. Ancaq düşündü ki, artıq kecdi, Dünya oxudu o nömrəni, əzbərlədi o nömrəni, Əbdül çaşqın halda geri qayıtdı, pilləkənlərə doğru qaçdı. Dayandı yenə. İndi onlar telefonla danışırlar! Görəsən nə danışırlar, aman allah?!
Birdən taqətsizləşdi, elə pilləkənlərin üstündə qıçları büküldü, çevrilib oturdu. Başını dizləri üstünə qoyub hönkür-hönkür ağladı, ağladı...
Ürəyi boşaldı, gözləri boşaldı... həyatı, arzuları puça çıxmış, uzun illərin intizarından sonra tapdığını yenidən itirmiş adam kimi səndirləyə-səndirləyə pilləkənlərdən düşüb öz hücrəsinə getdi, açıq qapıdan içəri girib üstündə mütəkkə, pambıq döşək olan taxta çarpayıya üzüqoylu uzandı və:
– Eh, namərd Dünya! — dedi. Onun çiyinləri titrəyirdi.
...Nəcməddin günortaya yaxın gəldi. Maşını özü həyətə saldı. Əbdül yox idi. Həmişə, o nə vaxt gəlsəydi, darvazanı açardı, ağasına baş endirərdi: ancaq indi gözə dəymirdi. Dünya da gözə dəymirdi. Bir-iki ağız öskürdü, Səsinə hay verən olmadı. Ölüblər? Yatıblar?.. Ortalıqda dayanıb çağırdı!
– Ehey! Ay Əbdül! Əbdül heyy!!!
Yenə cavab verən olmadı. Onda Nəcməddin hücrəyə sarı addımladı... Qapı açıq idi və Əbdül də üzüqoylu taxtın üstündə yatmışdı...
– O beçə!.. Əbdül?!
Əbdül hərəsan qalxdı. Taxtdan düşüb ağasını görüncə özünü itirdi. Kəkələyə-kəkələyə:
– Bəli, qurban, bəli, ağam! — dedi, — huş aparıb məni, yatmışam, bağışla, ağa.
– Darvazanı da açıq qoyubsan, gəlib burda div yuxusuna gedibsən. Şəhərdə oğru-quldur azdı? Gəldilər, yığışdırdılar, sonra neyləyəcəksən? — Onun qızarmış, yuxulu gözlərinə baxıb astadan xəbər aldı — Dünya hanı bəs?
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-efsanesiz-iller-ucuncu-hisse-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vaxt dolanıb keçdikcə Sərdar Məhəmməd bir tərəfdən hakimiyyətin ona bəxş etdiyi səadətdən, geniş imkanlardan, hamının onun qarşısında ikiqat olub əyilməsindən, sahibi-ixtiyar olmasından əvəzsiz bir nəşə alırdısa, digər tərəfdən daimi qorxu içində yaşaması kefinə soğan doğrayırdı. Hakimiyyəti çox asan ələ almışdı, ancaq görünür, onu əldə saxlamaq o qədər də asan deyilmiş. Uzun illər yüksək dövlət vəzifələrində çalışan, məmləkətin həm iqtisadi, həm də siyasi vəziyyətini çox gözəl bilən rəisi-cümhur anlayırdı ki, şahı qovmaq, məmləkəti cümhuriyyət elan etməklə mövcud vəziyyəti dəyişmək, artıq oyanmış, öz haqqını-hüququnu az-çox dərk etmiş və daha yağlı vədlərə inanmadığından tez-tez küçələrə çıxan, müxtəlif tələblər irəli sürən camaatı sakitləşdirmək mümkün deyil. Məhz bu fikir Sərdar Məhəmmədin canına gizli bir qorxu salırdı. O, yaxın adamları ilə tez-tez məsləhətləşsə də, ağıllı bir tədbir söyləyən adama rast gəlməyib məyus olurdu, belə hallarda çox vaxt təkbaşına qərarlar qəbul edir və onun yerinə yetirilməsinə çalışırdı. Əlində olan məlumatları saf-çürük eləyəndən sonra bu qənaətə gəlmişdi ki, bütün bu nümayişlərin — müzahirələrin yeganə təşkilatçısı və ilhamvericisi hezbi-demokratexəlqi-Əfqanıstandır. Bu, gizli fəaliyyət göstərən, gözəgörünməz orduya, puhəntuna, müxtəlif müəssisələrə uzanan təşkilatın, onun rəhbərlərinin işidir və nəyin bahasına olursa-olsun onu tapmaq, məhv etmək, ocağını söndürmək gərəkdir. Belə olmasa məmləkətin nizamı pozulacaqdır. Odur ki, o, lap bu yaxınlarda vəzirə-ümure-daxiləni, rəisesazmane-əmniyyəni yanına çağırıb xeyli danladıqdan sonra, onları hezbin əsas başçılarını nə cür olursa-olsun, tapmaq, həbs etmək, cəmiyyətin müzür ünsürləri kimi xalqın gözü qabağında mühakimə edib güllələmək tapşırığı vermişdi. Daha başqa çıxış yolu yox idi — təşkilat getdikcə güclənir, nufuzu artırdı, əgər indi qarşısı alınmazdısa, sonra geç olacaqdı. Rəise-sazmane-əmniyyə general Əmir xan günortadan sonra rəisi-cümhurun qəbuluna gəlmişdi. Generalın yaşı altmışı haqlamışdı, başında bir dənə də qara tük yox idi, buna baxmayaraq,o, qəddini dik tutub həmişə şax yeriyərdi. Xırda, yanı qırışlarla örtülmüş gözlərində daim gizli bir təbəssüm gəzirdi. Tədbiri, ağlı, çevikliyi ilə adi zabitlikdən bu rütbəyə qalxmışdı. Sərdar Məhəmməd onu gəncliyindən tanıyırdı və təsadüfi deyildi ki, onun bacarığına inanıb bu işi əsasən ona həvalə etmişdi.General Əmir xan iki gün geçə-gündüz evə də getməmişdi, elə idarədə yatmışdı, ancaq çox iş görmüşdü. Hezbin fəaliyyəti rəhbərləri, əsas nüfuzlu üzvləri barədə illərlə açıq-gizli xəfiyyələrin müxtəlif vaxtlarda yazıb təqdim etdiyi məlumatlar əsasında bir səhifədən ibarət siyahi tərtib etmişdi; bu siyahidə Nur Məhəmmədin, Bəbirin, Mir Əkbərin, Şəfinin, Süleyman Layiqin, Ziyaülhəqtin və başqalarının adı yazılmışdı, səhifənin lap axırında Elməddinin adı qeyd olunmuşdu. Başqa bir-kağızda isə onları ələ keçirmək planı xırda xətlə, təfsilatı ilə şərh olunmuşdu.
Dördüncü hissə, on birinci fəsilŞahin neçə gün bundan qabaq gəlib gedəndən, Əfsanə pərişan və pəjmürdə halda o ittihamedici şeri oxuyandan, vəsiyyətini eləyəndən sonra Elməddinin ürəyi alt-üst olmuşdu. Qorxmuşdu. Əfsanənin danışığından belə yəqin eləmişdi ki, o daha dözə bilmir, daha belə yaşamaq ağır və mənasızdı, yəqin elə buna görə də özünü öldürmək fikrinə düşüb. Bu qorxu qəlbinə yol tapandan sonra Elməddin çaşqın halda iki-üç dəfə Əfsanə ilə söhbət eləmək, onu başa salmaq, o qorxulu qərardan onu daşındırmaq istəmişdisə də, bir nəticəsi olmamışdı — çünki Əfsanə dinləməmişdi onu, qəhər içində boğula-boğula yanından getmişdi.Elməddin aralarında olan həmin söhbəti, çarəsiz qalıb Siminə açmışdı, heyrətlənən arvadına tapşırmışdı ki, Əfsanəni mümkün qədər tək qoymasın, nə vasitə ilə olursa-olsun, başını qatsın, bəlkə o, bu fikrindən daşındı. O vaxtdan Elməddin də, Simin də bir növ Əfsanənin gizli nəzarətçilərinə çevrilmişdi. Simin də, Elməddin də həqiqətən göz qoyub görürdülər ki, Əfsanə əvvəlki Əfsanə deyil, — onun içində nə isə qırılıb, sınıb dağılıb: baxışları da, səsi də qəmli olub. Həmişə xəyal aləmindədi, hər şeyə donuq və mənasız nəzərlərlə baxır. Söz deyəndə çox vaxt eşitmir. Siminin «axı sənə nə olub bacı?» — deyən sorğu-suallarını «heç» deyə cavabsız qoyur. Beləliklə, Şahin gəlib-gedəndən sonra, evdə son dərəcə gərgin bir vəziyyət yaranmışdı. Hər gün, hər saat nə isə dəhşətli bir hadisə olacağını gözləyirdilər. Elməddin hər dəfə evə dönəndə qorxa-qorxa həyətə girirdi, Əfsanəni sağ-salamat görəndə rahat nəfəs alırdı.
Dördüncü hissə, on ikinci fəsilZərrintac xanım bir yerdə qərar tutub dayana bilmirdi, gah eyvana çıxır, qolundakı saata baxır, gah içəri keçib iri, bədənnüma güzgüsünün qənşərində dayanıb özünə baxırdı. Qapqara sürmə çəkdiyi gözləri qəribə bir parıltı ilə alışıb-yanırdı. Həmin o qəribə parıltılı gözlərilə güzgüdə ona tamaşa eləyən öz əksinə diqqətlə nəzər salır, üzündə, alnında, saçlarında ötən illərin qoyub getdiyi qırışlar, təkəmseyrək ağ tüklərə gözü sataşdıqca qəlbini anlaşılmaz bir kədər bürüyürdü. Zaman hiss olunmadan axıb getmişdi, ömrünün ən şirin çağlarını çapıb-talayıb aparmışdı, zahirən o qədər dəyişməsə də, yaşı qırxı haqlamışdı. Neçə il bundan əvvəl gəldiyi qərarı — vətəndən çıxıb getmək qərarını yerinə yetirə bilmədiyinə, hərdəmxəyallıq elədiyinə indi çox təəssüflənirdi. Ayı aya, ili ilə, satmışdı, getməmişdi. Bunun bir səbəbi var —dövləti qoyub getməyə ürək eləməməsi olmuşdusa, digər səbəbi Sübhan olmuşdu. Sübhan Zərrintacın başını elə qatmışdı, onu özünə elə bağlamışdı ki, Zərrintac ondan qopub ayrıla bilməmişdi. O, «azad» bir qadın idi, Sübhan istədiyi vaxt yanında idi, ailə, uşaq məsuliyyəti yox idi. Arzu elədiyi şəkildə yaşayırdı Zərrintac xanım.Ancaq son vaxtlar şəhərdə vəziyyət dəyişmişdi... Zərrintac hiss edirdi ki, məmləkətdə gec-tez böyük bir çaxnaşma düşəcək, vaxtilə Elməddinin qoşulduğu o «şərəşur» dəstə çox güclənib, həbs olunmalarına, öldürülmələrinə baxmayaraq, onlar tezliklə hakimiyyət başına gələcəklər və o zaman... hər şey dəyişəcək. Onda... Zərrintac kimi mal-mülk, torpaq, şirkət sahiblərinin günü-rüzgarı pis olacaq. Çox da ki, Şəfi, Bəbir atasının dostu olublar. Onlar belə şeylərə qiymət verən deyillər. Yox, daha bu məmləkətdə qalmaq olmaz. Buna gözü görə-görə özünü oda atmaq, başını bıçağa sürtmək demək olardı. Ona görə son aylar Zərrintac xanım, Sübhanın əliylə, bütün pullarını dollara çevirib xarici banklara köçürür, geç də olsa, nəhayət, öz çoxdankı arzusunu yerinə yetirmək istəyirdi. Sübhana-tapşırmışdı ki, Parisə uçan təyyarəyə bilet alsın. O da almışdı. İstəməyə-istəməyə almışdı. Çox əlləşmiş, yalvarıb-yaxarmış; «Getmə, Zərrintac xanım!» — demişdisə də onu fikrindən döndərə bilməmişdi. «Uzun danışma, Sübhan. Faydası yoxdu. Mən getməliyəm. Axşam yanıma gələrsən — bu gecə, axırıncı dəfə sənin qonağınam. Ya nəsib, ya qismət, bir də məni görə biləcəksən, bilməyəcəksən — allah bilir!» — demişdi.
Dördüncü hissə, on üçüncü fəsilƏfsanənin qəm qüssə ilə dolu ömür kitabına bu qara gün də yazılıbmış. Gözünün ilk ovu olan, sönməz, qaralmaz bir məhəbbətlə sevdiyi, taleyinin hökmü ilə ayrıldığı vüsalının həsrətindən şəvə saçlarına dən düşən, uzun illərin ayrılığından sonra tapdığı, ancaq yenə həsrət qaldığı, «yenə qardaş namusu» ehkamını qırmayan, təmizliyi, mərdliyi üzündən öz istəklisini bir dəfə qardaşına «verən», bir dəfə Şahinə «təklif eləyən», yerdən-göydən, bəxtindən küsdüyünə görə «etibarsız, vəfasız» adlandırdığı və çiynində o dünyaya getmək arzusunu ağlaya-ağlaya bildirdiyi əziz Elməddinini öz əllərilə torpağa tapşırmaq da bu kədərli ömür dastanının bir səhifəsi olmalı imiş, sən demə....Əfsanə gözünü açdı, ayağa qalxdı, taqətsiz halda, ürəyi çırpına-çırpına, bayaq gördüklərinin yuxu olmasını arzu edə-edə... Elməddinə yaxın gəldi. Yox, o qan içində idi. Əli sinəsinin üstünə düşmüşdü. Gözləri açıq idi, ancaq qanla dolmuşdu. Əfsanə titrək əlini toxundurdu — əli soyumuşdu. Sanki indi o, Elməddinin öldüyünü başa düşdü və tələsik qolunu silkələməyə, onu oyatmağa çalışdı. Qışqırdı:
Стихи других поэтов
Həsən paşa tutub Əvəz malımı,Göndərək türkmənlərdən xanlarım gəlsin
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
Qaçan kim, qamətindən ayrı seyri-busitan etdimQaçan kim, qamətindən ayrı seyri-busitan etdim,Qoparıb əşk-seylabilə min sərvi rəvan etdim.
چوخلار انجیکدی کی سن اونلارا ناز ایله میسنمن ده اینجیک کی منیم نازیمی آز ایله میسن