Birdən Bəhruzun bütün bədəni gizildədi, tükləri ürpəşdi. Çaşmış halda sükanı gah sağa, gah sola burdu. Gözlərini geniş açaraq irəli boylandı. Yeddi-səkkiz addım qabaqda daş dirəyin yanında bir adam çırpınırdı.

– Qulam, Qulam, – deyə o, azca bundan qabaq onu ötüb keçən maşının ardınca qışqırdı, öz sürücü yoldaşını köməyə çağırdı. Ancaq Bəhruzun səsi eşidilə bilməzdi, maşın xeyli aralanmışdı. Bəhruz maşını nə vaxt yolun qırağına verdi, nə vaxt əyləyib yerə atıldı – özü də bilmədi. Bircə dəqiqə keçməmiş artıq o, yerdə çırpınan adamın başının üstündə idi.

Torpaqda çapalayan adam otuz-otuz beş yaşlarında bir kişi idi. Bozarıb qara rəngini itirmiş papağı yerə düşmüş, seyrək saçları qana bulaşmışdı. Əynində qəhvəyi rəngli şalvar və dama-dama köynək vardı. Geyimindən bilinirdi ki, fəhlədir. Kişi sancılanmış adam kimi qıvrılır, yığılıb açılır, arıq, uzun barmaqları ilə qumlu torpağı cırmaqlayır, ayaqlarını tez-tez uzadıb yığır, uzunboğaz çəkmələrinin dabanı yolun qırağına səpələnmiş qum dənələrinə dəyib xırçıldayırdı. İki addım aralıda uzun qarğılı qarmaq və qulaqlarına kəndir keçirilmiş dörd balıq gözə dəyirdi. Toz-torpağa bulaşmış balıqların biri hələ də diri idi; atılıb düşür, qulaqları aramla qalxıb enirdi. Görünür lap təzəcə sudan çıxarıbmış. Yağış kəsən kimi qarmağını, ovunu götürüb yola düzəlib. Məsələ aydındı, kişini maşın vurmuşdu.

«Vicdansız! Vurub, özünü də qoyub qaçıb. Bəlkə Qulam vurdu? Yox, o vura bilməz. Mənim qabağımca gedirdi. Bax, burada yol döngədir, oradan – o, dönüb geri baxdı – bura əl içi kimi görünür. Əgər, Qulam vursaydı, mən görərdim. Yox, ondan qabaq vurulub. Yaxşı, bəs Qulam bunu görmədi? Necə ola bilər ki, görməsin?! Yolunun üstüdur. Özü də deyəsən o, bu yerə çatanda sürəti bir az da artırdı» - deyə Bəhruz öz-özünə düşünürdü; bütün bunlar onun həyəcanını daha da çoxaltdı. O, sürücü işlədiyi bu neçə ildə belə hadisəyə birinci dəfə idi ki, rast gəlirdi. Çaşmışdı. Bir anlığa ona elə gəldi ki, yaralanan, əzilən özüdür. Hətta, bədənində küt ağrı da duydu. Çırpınan yaralıya elə yazığı gəldi ki,.. Bəhruz dizlərini cəld yerə qoyub ona sarı əyildi.

– Qardaş, qardaş!..

Yaralı zarıdı, cavab gəlmədi.

– Qardaş!..

O, yenə zarıdı. Qan örtməmiş sağ gözünü zorla aralayıb Bəhruza baxdı. Bu elə qəribə və dəhşətli baxış idi ki, cəmi bircə saniyə davam etməsə də ömürlük Bəhruzun yadında qaldı. O baxışda nələr yox idi?! Sönməkdə olan bir ömrün son ümid qığılcımları, həyatın şirinliyi, təəssüf, intizar və yalvarış.

– Tez, tez xəstəxanaya, tez! – deyə Bəhruz kənar bir adamın üstünə qışqırırmış kimi səsləndi. – Tez, tez!

Bəhruz qollarını irəli uzadıb kişini qucağına götürdü və kabinəyə, öz yanına qoydu. Onu oturacağın üstə uzatdı. Qıçlarını büküb qapının böyrünə söykədi. Balıqlarını da unutmadı. Kabinəyə – ayaq altına tulladı.

Maşın indi uçurdu. Yetmiş, həştad. Sürət göstərən əqrəb titrəyə-titrəyə doxsana yaxınlaşırdı. Keçdi. Doxsan beş... Pəncərənin şüşələri, qapıları əsim-əsim əsirdi.

«Tez-tez... Qan axır... Oturacaq qana bulaşıb».

Bəhruzun köynəyinin ətəyinin, şalvarının sağ cibinin qana bulaşdığından hələ xəbəri yoxdu. Kabinədən isti qan iyi gəlirdi.

«Vurmusan, bir cinayət eləmisən. Qoyub qaçırsan, bu da bir cinayət. Qanundan qorxub qaçırsan. Bəs özündən necə qaçacaqsan, öz vicdanından necə qaçacaqsan? Bəs sonra necə rahat yaşayacaqsan?» Əqrəb titrəyə-titrəyə qalxıb yüzə yaxınlaşırdı.

Bəhruzun nəzərləri ani olaraq oğlunun şəklinə sataşdı. Uğultu içindən Toğrulun səsini aydın eşitdi.

– Qolxulam, ata!

Bəhruz ürəyində cavab, verdi:

–Qorxma, oğul, qorxma!

Bəhruzun bütün diqqəti irəlidə, yolda idi.

«Yol kəsilməsin, qabağa maşın çıxmasın. Tez-tez...»

Kişi zarıyır, ayağının yanında diri balıq çırpınırdı. – Qorxma, qardaş, qorxma!

Balıq çırpınır, kişi zarıyırdı.

Balıq süstəldi, çırpınmadı.

– Qardaş...

Balığın qulaqları yumuldu...

«Balıq öldü. Tez-tez. Gecikmək olmaz. O da... ölə.. bilər...» Maşın qoşa qala qapıdan keçdi. Şəhər. Əlində ağac küçənin ortasında dayanıb yol tənzimləyən milisioner döyükmüş halda fit çaldı. Bəhruz heç məhəl qoymadı da. Adamlar qeyri-adi sürətlə uçan maşına baxıb çiyinlərini çəkdilər. Kimsə əlini silkələyə-silkələyə qaldırıb nəsə dedi. Ancaq o, fikir vermədi. İndi onun gördüyü yeganə şey düz, hamar yol idi, zarıyan yaralı idi...

«Xəstəxana. Budur, xəstəxana» – Kişiyə baxdı. – «Yox, hələ sağdır».

Ucadan, demək olar ki, lap qışqıra-qışqıra:

– Çatdıq, qardaş, – dedi. Elə bil, bu sözlərlə onun ürəyində ümid məşəli yandırmaq, burada, kabinənin içində quzğun kimi hərlənən ölümü ona yaxın buraxmamaq, yaralının ömrünü uzatmaq istəyirdi.

Maşın silkələnib dayandı. Bəhruz qapını açıb özünü yerə atdı, xəstəxanaya sarı qaçdı. Girəcəkdəki balaca otağın qənşərində kətilin üstündə əyləşmiş eynəkli qarı onun qabağını kəsdi:

– Olmaz, bala, xələtsiz olmaz.

– Xəstə var, xala, ağır yaralıdır. Kimsə maşınla vurub, qoyub qaçıb.

Qarının qırışmış üzü bir az da qırışdı, kirpikləri tökülüb seyrəlmiş xırda gözləri geniş-geniş açıldı:

– Ağır yaralı? Hanı, oğul?

– Orda, maşında. Tez, əldən gedir.

Arvad çox qoca idi. Kənardan baxana elə gələrdi ki, onun burdan durub orda oturmağa canında taqəti olmaz. Amma Bəhruzdan bu həyəcanlı sözləri eşidəndə arvad bir uşaq cəldliyi ilə tərpəndi. Çəkələklərini sürüyə-sürüyə qayıdıb budkaya qaçmaq istədi. Nə düşündüsə fikrini dəyişib, sağ tərəfdəki balaca pəncərəyə işarə ilə çığırdı:

– Balaxanım, ay Balaxanım! – Səs gəlmədi. Qarı uzünü Bəhruza tutub dedi: – Qəbul məntəqəsi oradır, oğul, sən irəli dur, gör ordadımı bu canıyanmış? Mən bu saat zəng eləyim həkimə... Bəlkə elə Balaxanım da onun yanındadır. – O, bunu deyib özünü budkaya saldı.

Bəhruz irəli gəlib yarıaçıq pəncərənin şüşəsini bərk taqqıldatdı. Pəncərə tamam açılıb yan divara dəydi. Miz arxasında oturub kitab oxuyan ağ xələtli, xurmayı saçlı, dolu bədənli qadın səksənmiş halda başını qaldırıb:

– Yavaş, a yoldaş. Mədəniyyətin olsun, – dedi.

– Yaralı var, bacım... – Bəhruz bu sözləri nə qədər təlaşla dedisə, Balaxanım bir o qədər soyuqqanlılıqla dinlədi. Qadının sifətində demək olar ki, kiçicik bir dəyişiklik belə duyulmadı. O, Bəhruzu heyrətə gətirə biləcək bir arxayınlıqla soruşdu:

– Nə olub ki?

– Maşın vurub, bacı.

– Hansı maşın? – Bəhruz Balaxanımın üzündəki donuqluğa bir təhər dözə bilərdi, ancaq səsindəki laqeydlik onu hövsələdən çıxartdı. O, əsəbi səslə qışqırıb:

– Bilmirəm! – dedi. – Yolda düşüb qalmışdı, qan aparırdı. Gətirdim...

Balaxanım onun qışqırığına başını qaldırıb:

– Sakit, vətəndaş! – dedi. – Bura sənin üçün küçə deyil, bazar deyil...

– O ölür, siz də başlayıbsınız...

– Ölməz, qorxma, – deyə Balaxanım yenə eyni soyuqqanlılıqla cavab verdi. – Aformit eləmək lazımdır, ya yox?

Bəhruz başını pəncərədən çəkdi. «Lənətə gələsən səni, kor şeytan ha».

– Ay yoldaş!..

Bəhruz cavab vermədi. Əllərində xərək olan iki qadının pillələrlə aşağı düşdüyünü görəndə sevindi. «Sağ ol, ay qarı! – deyə bayaqkı qoca arvada sarı boylandı; qarı da pillələrlə enənlərə baxırdı. Deyəsən yerişləri ona çox ləng göründü, odur ki, bir sümük, bir dəri olan uzun əlini irəli uzadıb harayladı:

– Tez olun, ayağınızın altında qarışqa qalmayıb ki....

Bəhruz onların qabağına qaçıb xərəyi əllərindən aldı:

– Cəld, bacı, cəld, – deyə çölə çıxdı.

Qadınlar onun dalınca tələsik maşının yanına gəldilər. Bir-iki dəqiqənin içində beş-altı adam yığışdı. Balaxanım özünü irəli verdi və sanki hökmünü Bəhruza bildirmək istəyirmiş kimi:

– Götürün! – deyə amiranə bir səslə dilləndi.

Bəhruz heç kəsə imkan vermədi, çevik bir hərəkətlə yaralını qucağına alıb xərəyin üstünə qoydu. Kişinin sifəti ağappaq ağarmışdı, sinəsi çox asta-asta qalxıb-enirdi. O, ağrının şiddətindən dişlərini xırçıldadırdı.

– Ay Narıngül xala, bir az o yana dur, nə olub, yaralı-zad görməmisən? – deyə Balaxanım qapıçı arvadın qolundan tutub ehmalca kənara itələdi. Narıngül xala onun sözlərinə əhəmiyyət verməyib:

– Can, can, gör yazıq nə pis əzilib ey, – dedi.

Bəhruz Balaxanıma baxırdı. Bu baxış elə soyuq idi ki... O, çox kök idi, nədənsə Bəhruza elə gəldi ki, onun butün bədəni ancaq ətdir, onda ürək adlı şey yoxdur. Bir dəqiqə sonra bu fikri ürəyindən çıxarmaq istəyirdi ki, Balaxanım sürməli gözlərini dolandırıb üst-başı qana bulaşmış Bəhruzun üzərində saxladı və sonra xadimə qadınlara üz tutub yavaşca dedi:

– Bunun belə əl-ayağa düşməyindən görürəm ki, özü vurub!

Arvadlar Bəhruza baxıb dinmədilər. Narıngül xala Balaxanımı tərs-tərs süzüb dodaqaltı nəsə mızıldadı.

Xərəyi apardılar. Balaxanım da yayxana-yayxana onların dalınca getdi. İlk söhbətdən xoşuna gəlməyən bu qadına cavab vermək istəməyən Bəhruz yerində donub qalmışdı. Elə bil başına çəkiclə vurmuşdular. Taqətsiz halda yanını maşının ayaq yerinə qoyub oturdu. Papiros yandırıb sümürdü.

Narıngül qarı oğlanın Balaxanımın sözlərindən bulud kimi tutulduğunu görüb yaxın gəldi. O dillənməmiş Bəhruz soruşdu:

– Bu arvad nəçidir ana, burda?

– Doxturun köməkçisidir o, oğul.

– Yəni həkimdi də?!

– Hə, oğul, həkim olmayan yerdə deyir, mən də həkiməm. İynədən-zaddan vura bilir. Diliacının biridir. İlan çalsa sağalarsan, bu çalsa... çətin...

– ...

– Sənə dediyini eşitdim. Fikir vermə, oğul. Yaxşı eləyibsən, gətiribsən. Yoxsa çöldə qalıb ölənin biri idi. Adı nədir kişinin?

– Bilmirəm, ana... heç tanımıram. Birinci dəfədir, görürəm. Bir də nə fərqi var, insandır, vəssalam!..

– Sağ ol, oğul, ömrün uzun olsun, – deyə qarı ah çəkdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, on dördüncü fəsil

Maşın təzə şəhərin ucqarında, dar döngəli küçənin tinində dayandı: Ətiqulla taksi şoferinin pulunu verib yola salandan sonra Elməddinə işarə elədi:– Dalımca gəl.

8 мин
Üçüncü hissə, on beşinci fəsil

Elməddinin fikri dağınıq idi. Küçədə məst adamlar təki yeriyir, gözü ayağının altını görmürdü. İlk dəfə idi ki, kənddən çıxıb şəhərə gəldiyinə peşmançılıq çəkirdi. Orda həyat sakit idi. Yoxsulluq, səfalət orda da hökm sürürdü; ancaq bu, o qədər də nəzərə çarpmırdı. Hamının güzəranı təxminən bir-birinə oxşayırdı. Qəryədar Qulamdan, imamdan başqa. Hamı «elnən gələn dərd toy-bayramdı», «Allah kərimdi» deyib əlinə düşən yavan çörəyini yeyərək göydəki «gözəgörünməz kişiyə» şükür eləyirdi. Orda insanın ürəyinə hər addımbaşı zərbə-zərbə üstündən dəymirdi; haqsızlıqlar, aclıq, yoxsulluq adamın ürəyini yeyib çürütmürdü.Lakin şəhər... Şəhər həyatı addımbaşı ürəkyaxan, ürək parçalayan hadisələrlə dolu idi. Başa düşən, anlayan, az-çox ürəyində millət qanı olan həssas adam üçün burda yaşamaq cəhənnəmdə gün keçirmək, hər gün bir az ölmək kimi bir şeydi. Burada öz dərdin də yaddan çıxır, sən küçələrdə gördüyün kor-şil dilənçilərin, əl açıb dilənən körpələrin dərdini unuda bilmirsən. Yediyin, içdiyin haram olur. Və sənin ürəyin qocalır, saçların vaxtsız ağarır...

4 мин
Üçüncü hissə, on altıncı fəsil

Şad xəbər kimi, bəd xəbər də tez yayılır. Bəlkə bir az da tez. Elməddinin anasının ölüm xəbəri səhəri gün onun hələ barmaqla sayıla biləcək qədər az olan dostlarının qulağına çatdı. Bunu Zərrintac elədi.... Səhər Elməddin ayılanda pal-paltarlı yatdığını görüb təəccüb elədi. Yuxu ona anasının ölümünü elə bil unutdurmuşdu. Otaqda var-gəl elədikdə gözü stolun üstündəki açıq məktuba sataşanda hər şeyi xatırladı. Anası ölmüşdü. Titrək əlini uzadıb kağızı götürdü və təzədən diqqətlə oxudu. Qəryədar Qulamın kiməsə yazdırdığı kağız yalan və zarafat ola bilməzdi. «Anana yazdığın məktubu biçarə arvad ala bilmədi. Çünki sən gedəndən iki ay sonra Səbihə — sənin əziz anan Allahın rəhmətinə getdi». Bu sözləri dönə-dönə oxudu, sanki burada dərk ediləsi çox çətin olan bir məsələ yazılmışdı; onu anlamaq, başa düşmək istəyirdi.

7 мин
Üçüncü hissə, on yeddinci fəsil

Elməddinlə Rəhgüzərin ailəsinin dostluğu getdikcə möhkəmlənirdi. Boş vaxtlarında tez-tez əvvəllər utana-utana, sonra ərklə bu səmimi və mehriban ailənin qapısını açıb içəri girən Elməddin getdikcə evin bir üzvünə çevrilirdi. Xüsusilə Elməddin üçün çox ağır olan ötən günlərdə Rəhgüzərlər ailəsi ona böyük dayaq olmuş, darıxmağa qoymamış, hər vasitə ilə fikrini dağıtmağa çalışmışdı. Məleykə xanım ona bacı kimi yanaşır, məsləhətlər verir, hətta, «çirkli paltarlarını gətir, yuyum» deyə ona qayğı göstərirdi.Rəhgüzərin uşaqları ilə, xüsusən böyük oğlu Bəbrəklə Elməddin yamanca dost olmuşdu. Bəbrək ağıllı, sözü tez başa düşən, mərifətli bir oğlan kimi Elməddinin diqqətini cəlb eləyirdi. Üçüncü sinifdə oxumasına baxmayaraq, mütaliə dairəsi çox geniş idi. Dərs kitablarından başqa macal tapıb evdə, atasının kitabxanasında olan kitablardan da oxuyurdu. Evə gələn qəzetləri ata-anasından qabaq gözdən keçirir, məmləkətdə, xaricdə baş verən hadisələr barədə müxtəlif suallar verirdi. Atasının qələmindən çıxan nə vardısa oxumuşdu; onun şair olması ilə hədsiz dərəcədə fəxr eləyirdi. Məktəbdə yoldaşları, müəllimlərin çoxu ona xüsusi ehtiram göstərirdi. Bəbrək özünü atasının adına-sanına layiq aparmağa çalışırdı, yersiz hərəkətlərə yol vermir, ağır oturub batman gəlirdi. Atasının bütün məmləkətdə məşhur adam olmasına baxmayaraq, Bəbrək lovğalıqdan, təkəbbürdən çox uzaqdı. Məhz buna görə yoldaşları onu çox sevirdi. Atasının isə əzizi idi. Divin canı şüşədə olan kimi, Rəhgüzərin də canı Bəbrəkdə idi. Azca nasaz olanda, ya başı ağrıyanda Rəhgüzər az qala özü də xəstələnirdi; dava-dərman, doktor qalmırdı ki, Rəhgüzər oğlu üçün tapmasın, gətirməsin.

12 мин

Стихи других поэтов