Şad xəbər kimi, bəd xəbər də tez yayılır. Bəlkə bir az da tez. Elməddinin anasının ölüm xəbəri səhəri gün onun hələ barmaqla sayıla biləcək qədər az olan dostlarının qulağına çatdı. Bunu Zərrintac elədi.

... Səhər Elməddin ayılanda pal-paltarlı yatdığını görüb təəccüb elədi. Yuxu ona anasının ölümünü elə bil unutdurmuşdu. Otaqda var-gəl elədikdə gözü stolun üstündəki açıq məktuba sataşanda hər şeyi xatırladı. Anası ölmüşdü. Titrək əlini uzadıb kağızı götürdü və təzədən diqqətlə oxudu. Qəryədar Qulamın kiməsə yazdırdığı kağız yalan və zarafat ola bilməzdi. «Anana yazdığın məktubu biçarə arvad ala bilmədi. Çünki sən gedəndən iki ay sonra Səbihə — sənin əziz anan Allahın rəhmətinə getdi». Bu sözləri dönə-dönə oxudu, sanki burada dərk ediləsi çox çətin olan bir məsələ yazılmışdı; onu anlamaq, başa düşmək istəyirdi.

Güzgüdə özünə baxdı. Gözləri şişmiş və qızarmışdı. Bu vəziyyətdə işə getmək çətin idi. Ona görə saat səkkizdə dalınca gəlmiş şoferə açıq pəncərədən ucadan dedi:

– Əhədulla, mən özümü pis hiss eləyirəm, işə getməyəcəyəm, sən get dəftərdə de ki, məni gözləməsinlər!

Zatən qaradinməz, soyuqqanlı adama oxşayan sürücü yaxına gəlib:

– Ağayi Elməddin, bəlkə doktordan, davadan-dərmandan, bir şey lazımdı?! — deyə xəbər aldı.

– Yox, sağ ol, heç nə gərək deyil. Sadəcə yorğunam, keçib gedər!..

Sürücü çıxıb gedəndən sonra o, öz aləminə qayıtdı...

«Anam da öldü demək. Tale məni bu dünyada tək-tənha qoydu. Yazıq arvad dörd divar arasında tək can verib. Yəqin gözünü bağlayan da olmayıb. Yusifin ölümü arvadın belini qırdı, ömrünü gödəltdi...».

Elməddin çarpayıda uzanıb gözlərini tavana zilləmiş di. Özü burda idi, fikri uzaq Ədnan kəndində cövlan eləyirdi. Həyatının dərdsiz, qayğısız illəri orada keçmişdi. Dünyada ən şirin və unudulmaz sayılan ilk məhəbbətin rayihəsini, ətrini orda duymuşdu. İlk sevgisini də orda dəfn etmişdi. Sonra zərbəni zərbə üstündən almışdı. Yusifin ölümü, uğursuz nigah, anasının ölümü. Onu daha nələr gözləyirdi? Bunun indi onun üçün fərqi yox idi. Bu zərbələr onun hisslərini kütləşdirmişdi. Hərdən ona elə gəlirdi ki, yaşamaq çox mənasız şeydir; bu qədər əzab-iztirab çəkməyə məhrumiyyətlərə dözməyə əsla dəyməz. Ancaq bu fikirlər tez ötüb keçirdi. Yaşamaq, kiməsə, nəyəsə yararlı olmaq, özündən sonra bir nişanə, heç olmasa quruca təmiz ad qoyub getmək hissi qara-qorxulu düşüncələri ondan uzaqlaşdırırdı. O hələ doyunca sevməmişdi — gənclik eşqi çiçək açmamış solmalı idimi? Bəlkə Əfsanəni tapdı?. Yox, Əfsanəni tapsa, da onunla evlənə bilməyəcək. «O, qardaşımın arvadıdır, mən ona başqa gözlə heç vaxt baxa bilmərəm» hissi qəlbini tərk etməmişdi. Və görünür, heç vaxt da tərk eləməyəcəkdi. Bəs onda Əfsanəni niyə axtarır? Bu suala, o, indi aydın cavab verə bilərdi: «Tapacağam onu, deyəcəyəm sən mənim bacımsan, yaşa mənim yanımda. Qoymayacağam o, əl açıb dilənsin, qoymayacağam o, «hurili-qılmanlı cənnətlər»ə düşsün!».

Elməddin ayıq başla belə düşünürdü. Amma dərindən baxıb görürdü ki, içəridə, ürəyinin lap dərinliklərində zəif, artıq taqətdən düşüb ölməkdə olan bir hiss də var və aram-aram, yalvarıcı bir səslə onun qulağına pıçıldayır:

«Əfsanə sağdı, Elməddin. Ölməyib, o, sadəcə itib. Onu axtar, tap, onu ancaq sən xoşbəxt eləyə bilərsən. Onu xoşbəxt eləsən, özün də səadətini tapmış olacaqsan. O sənin ilk eşqin, ilk sevgindir. Onu ölməyə, pamal olmağa qoyma. O sənsən, sənin xoşbəxtliyin, sənin gələcəyindir!»

Elməddin bu qəribə, bica düşüncələri özündən uzaqlaşdırmağa çalışdı və heyrət elədi ki, insan nə qəribə, anlaşılmaz məxluqdur. Anası vəfat eləyib, o isə gör nələr haqqında düşünür?

Qapı döyüldü. Elməddin əvvəlcə qulaqlarına inanmadı. «Yəqin qulaqlarım səsə düşüb» — dedi. Yox, qapı döyüldü. «Yəqin Əhədulladır» — fikrindən keçirtdi və səsləndi:

– Gəl.

Kandarda Zərrintacı görəndə gözlərinə inanmadı. «Vallah məni qara basır. Başıma deyəsən hava gəlir!»

Yox, bu həqiqətən Zərrintac idi. Başdan-ayağa qədər ağ geyinmişdi; paltarı ağ, ayaqqabısı ağ, sumkası ağ, hətta saçına bağladığı lent də ağ idi. Paltarının fonunda sifəti ağa çalırdı. Əlində tək bircə dənə nərgiz gülü tutmuşdu; burnuna yaxınlaşdırıb iynəyirdi. Nə içəri girir, nə qayıdıb gedir, nə də bir kəlmə kəsirdi. Bu vəziyyətdə o, yuxularda ağ dumanlar içindən sıyrılıb çıxan xəyala bənzəyirdi. Nəhayət, Zərrintacın zərif səsi eşidildi:

– Mənim gəlişimə şad deyilsən, Elməddin? — deyib gözləri ilə xəfifcə gülümsündü.

Elməddin onun sözlərini eşidəndən sonra sanki yuxudan ayıldı və dikəldi:

– Buyurun, Zərrintac xanım. Xoş gəlibsiniz. — Bu sözləri o, çox quru, soyuq söylədi və bu, onun özünü də qorxutdu. Şad olmaq, gülümsəmək istədi, amma bacarmadı. — Xahiş eləyirəm, oturun.

Zərrintac ağ paltarının ətəyini daldan qaldırıb stulda oturdu və davamlı baxışlarla otağı süzdü. Sonra gözlərini dolandırıb Elməddinə baxdı. Ancaq yenə heç nə demədi. Sükut çox cansıxıcı idi və bunu hər ikisi başa düşürdü. Yaxşı oldu ki, sükutu Zərrintac pozdu:

– Sənə nə olub? Gözümə qəmli dəyirsən?.

– Hə, Zərrintac xanım, məktub almışam... — deyə o, stolun üstündəki kağıza işarə elədi.

– Sevgilin yazıb? — deyə o, sifətində istehzaqarışıq bir təbəssüm məktubu götürdü, — tapılıb?

– Ondan deyil, kənddəndi. Anam ölüb, Zərrintac!!

– Anan ölüb?.. — deyə Zərrintac qayğılı bir tərzdə soruşdu.

– Hə. Tək, dörd divar arasında...

Zərrintac səssizcə məktubu götürüb oxudu, stolun üstünə qoyub bu dəfə mehriban nəzərlərlə Elməddinə göz yetirdi. Elməddin doğrudan da sıxılıb balacalaşmışdı. Çox ağladığı gözlərindən bilinirdi. Zərrintacın ona yazığı gəldi. Bu hiss onun özünə də tanış idi, o da anasını itirmişdi.

– Cavan idi?!.

– Əlli bir yaşı vardı.

– Xəstə idimi?!

– Yox. Sağlam arvad idi. Ancaq axır vaxtlarda yaman düşmüşdü. Qardaşımın ölümündən sonra arvadın elə bil, belini qırdılar. Bizi çox istəyirdi. Bizi xoşbəxt görmək istəyirdi.

– O, bütün anaların arzusudur, — Zərrintac ah çəkib əlavə etdi.

– Heç inanmaq istəmirəm ki, o ölüb!!

– Adam gözü ilə görməyəndə inanmaq istəmir. Mən də anamın ölümünü, basdırıldığını görməmişəm. Onda qardaşımla Fransaya gəzməyə getmişdik. Qayıtdım. Anamı evdə görmədim. Atamdan xəbər aldım ki, anam hanı? Dedi, qonaq gedib, qardaşıgildədir. Günlər keçdi, o gəlmədi. Bir gün ailəliklə, qohum-əqrabamızla qəbir üstünə getdik. Mənimlə səfərə getmiş qardaşım təzə bir qəbri mənə göstərib ağlaya-ağlaya dedi ki, ağla, Zərrintac, bu bizim anamızın qəbridir. Bu mənim üçün ən ağır, öldürücü xəbər idi. Bayıldım. Əlim hara çatacaq?! Öləni ağlamaqla qaytarmaq mümkün deyilmiş. O vaxtlardan illər keçib, amma mənə elə gəlir ki, anam dayımgildədir, bir gün qayıdıb gələcək. Amma gəlmir. Gəlmir ki, gəlmir. Gözüm o vaxtdan yoldadır. Mənə elə gəlir ki, ömrümün axırınacan onun yolunu gözləyəcəyəm. Qəbrini görsəm də, inanmaq istəmirəm. — Zərrintac danışdıqca Elməddin ona qulaq asır, özünün də belə hisslər keçirdiyini başa düşürdü. Bu sözlərdə Zərrintacın ürəyi vardı, dərdi vardı, ona görə Elməddin onu başa düşürdü. İlk görüşlərində, o, Elməddinə dayaz, yeyib-içmək həvəskarı olan bir qız təsiri bağışlamışdı. Və bu, doğrusu, onda bir təəssüf hissi oyatmışdı. Gözəldi, xoşagələndi, ancaq ürəksizdi. İndi isə Zərrintac həssas, dərd çəkməyi bacaran bir qız kimi onun qarşısında canlanırdı.

– Mən də anamın ölümünə inanmaq istəmirəm.

– O yaxşıdı, Elməddin, qoy anan sənin fikrində həmişə sağ, canlı kimi yaşasın. Darıxma. Özünü ələ al.

– Darıxcağın əlimdən nə gələcək? Məni bircə bu yandırır ki, arvad tək ölüb. Yanında bir yaxın adamı olmayıb.

– Həyatdır, — sonra o, işgüzar bir görkəm alıb, — yaxşı, qəryənizə getmək istəyirsən? — deyə xəbər aldı.

– Yox, Zərrintac.

– Niyə?! Get ananın qəbrini ziyarət elə.

– Getməyəcəyəm.

– İstəsən mənə de. Maşın, pul... nə lazımsa... düzəldərəm.

– Çox sağ ol, Zərrintac xanım. Minnətdaram. Amma getməyəcəyəm. Məktub yazacağam ki, evimizi, torpağımızı satsınlar...

Araya sükut çökdü. Elməddin siqaret götürüb Zərrintaca da təklif etdi:

– Mən çəkmirəm.

– Çəkmirsən?! Bəs...

– Məclisdə-filanda bir dənə... tüstülədirəm.

– Sizdən nə əcəb Zərrintac xanım? — deyə o, qızın nə məqsədlə gəldiyini aydınlaşdırmaq istədi, — nə əcəb bizə təşrif gətirdiniz?

Zərrintac azca alınan kimi oldu. Ancaq bunu məharətlə gizlətməyə çalışıb dedi:

– Elə belə... Dəftərə zəng vurdum, dedilər işə gəlməyib. Dedim bəlkə xəstəsiniz...

– Lütf eləmisiniz, xanım.

Zərrintac günortaya yaxın Elməddinə təsəlliverici sözlər deyib həyətə çıxdı. Öz «Folksvaken»inə minib tozlu yolda gözdən itdi.

Elməddin qonağını ötürüb evə qayıdanda Zərrintacın əlindəki tək nərgizin yadından çıxıb stolun üstündə qaldığını gördü. Götürüb iylədi və yenə yerinə atdı... Sonra nə fikirləşdisə onu qaldırıb stəkanda suya qoydu.

Zərrintac əvvəlcə atasına qəziyyəni xəbər verdi. Ağayi Nəcməddin Rəhgüzərə zəng çaldı. Axşam altı-yeddi nəfərlik bir dəstə Elməddinin yaşadığı evə başsağlığına gəldilər. Onların arasında Zərrintac və Məleykə xanım da var idi. Zərrintac yadından çıxartdığı nərgizi stəkanın içində pəncərə qabağına qoyulmuş görüb yas yerində olsa da ürəyində qəribə bir sevinc duydu. Bu sevinc onun anası haqqında qəlbinə çökmüş kədəri xeyli azaltdı.

Səhərisi «Pərçəm» qəzetində Elməddinə başsağlığı verilmişdi. O, qara hərflərlə yazılmış sözləri oxudu və ona elə gəldi ki, anası həqiqətən ölüb, bunu rəsmi surətdə qəzet də təsdiq eləyirdi.

Elməddin bu fikirlə heç cür barışmaq istəmirdi!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, on beşinci fəsil

Salman Qurbanzadə ictimai elmlər bölməsinin iclasından çıxanda halı özündə deyildi; ayaq üstə güclə dururdu. Elə pörtmüşdü, elə qızarmışdı ki, sanki indicə hamamdan çıxmışdı, çırtma vursaydın, qanı damardı. Azca əvvəl, akademiyanın geniş, bu başından baxanda o başı görünməyən salonunda onunla bir yerdə, yanaşı oturmuş və necə çırpılıb döyüldüyünün şahidi olan adamların gözündə özünü nikbin, heç bir şey olmamış kimi göstərməyə çalışırdısa da, buna heç cür müvəffəq ola bilmirdi. Belini şax tutmaq istəyirdisə də bacarmırdı: elə bil, içəridən kimsə gözəgörünməz əlilə Salmanı çəkib əyir, uca boyunu balacalaşdırırdı. Baxışı, gülüşü, təbəssümü saxta və süni təsir bağışlayırdı. Bayaq, bölmənin bəzi üzvləri tərəfindən yaxşı-yaxşı «döyüləndə» ağzına su alıb susanların indi zalın qapısı ağzında yaxınlaşıb: «Əşşi, belə şeylərə fikir vermə, qanını qaraltma,» «Darıxma, Salman.», «Sənin də mənim kimi qədrini bilmədilər, ay Salman.» — deyənlərə, artıq əzik-üzük olmuş, ütüsü bu iki saatın içində pozulmuş dəsmalıyla alnının, üzünün tərini silə-silə cavab verəndə qeyri-iradi olaraq səsi tutulur, ilişikli çıxırdı. Bir çoxlarına heç cavab vermirdi, eləcə, mənalı-mənalı baxıb başını asta-asta tərpətməklə kifayətlənirdi.Yox, burada daha dayana bilmirdi: sanki bu boyda foyedə hava yox idi, nəfəsi təngiyirdi. Nəsə danışan, gülən alimlərin səsi onun beynini cırmaqlayır, ürəyinin içini ovurdu və ona elə gəlirdi ki, hamı ondan danışır. Od kimi yanan əlini ikinci mərtəbədən burulub birinci mərtəbəyə uzanan, üstünə uzun xalı salınmış mərmər pillənin soyuq sürahisinin üzərində sürüşdürə-sürüşdürə aşağı enərkən ürəyində, beynində bayaq iclasda «qılıncını siyirib üstünə düşənlərə» indi, daldan atılan daş kimi gecikmiş və mənasız olsa da, nifrətlə, acıqla cavab verir, orada camaatın qabağında ehtiyatdanmı, qorxudanmı deyə bilmədiyi sözləri dilinə gətirir, vaxtında ürəyini boşaltmadığına heyifsilənirdi. Ucaboy, enlikürək, çatma qaşları da qar kimi ağappaq ağarmış həyatında belə yığıncaqlarda başının tükü sanı iştirak etmiş Aslanzadənin özünə məxsus təmkin və yumorla, asta-asta Salmana «yedirtdiyi» sözlər beynində təzədən təkrar olunur, rəhmsizcəsinə vurulmuş zərbə kimi canını, ürəyini ağrıdırdı. Ay allah, bu pillələr niyə qurtarmaq bilmir? Nə uzun imiş bu pillələr? Aha. Şükür, qurtardı, qurtardı. Bu, böyük qapı. Bax, bu da geniş, işıqlı, gəl-gedi çox olan küçə. Ox, hava nə sərinmiş, aman allah. Əl atıb qalstukunu boşaltdı, köynəyinin düyməsini açdı. Və üzü aşağı, Nizami muzeyinə tərəf addımladı. Heç kəsi görmürdü, heç kəsi tanımırdı Salman. Beyni uğuldayırdı, uğuldayırdı: «Demək, belə». Demək Salman Qurbanzadə

7 мин
Üçüncü hissə, on altıncı fəsil

Vəzifədən çıxarılmağından heç kəsin, hətta, Nadirə xanımın da təsəvvürünə gətirə bilməyəcəyi dərəcədə sarsılmış Salman Qurbanzadə elə həmin günün səhəri növbəti məzuniyyətə çıxmağı barədə ərizə yazaraq, incimiş, küsmüş olsa da, arvadını instituta göndərmiş, məzuniyyət pulunu da almağı ona həvalə eləyib bağa getmiş və bir də iki aydan sonra, vaxtı qurtaranda qayıdıb gəlmiş, içəridən əzilə-əzilə, sıxıla-sıxıla təzədən işə başlamışdı. İstirahət zamanı kökəlmək, yaxşılaşmaq əvəzinə, bir az da sınıxmış, hələ lap diqqətlə baxsan, xeyli də qocalmışdı. Bütün bu müddət ərzində Nadirə ilə də ağızucu danışmış, dindirsə dinmiş, dindirməsə, öz aləminə qapılıb yaşamışdı. Onun yaşına yaraşmayan bu hərəkəti Nadirəni incitsə də, yazıq qadın tənə-təhniz eləməmiş, «Bunu da anası belə doğub də, neyləyə bilərəm?» — deyə dözmüşdü. Salman, Aslanzadədən bərk incimişdi, direktoru olsa da, salam vermir, salamını da almırdı. Dünya görmüş Aslanzadə onun belə eləməyinə gülür, hərdən elə yanında zarafata salıb Nadirəyə deyirdi:– Ay Nadirə xanım, bu kişini bizimlə barışdırsana. Bir qurutlu xəngəl bişir, yığ bizi bu Salmanın başına, barışdır bizi. Belə xırda-xuruş şeylər üstündə bizim umu-küsü saxlayan vaxtımız çoxdan keçib.

5 мин
Birinci fəsil

«Ey atəş, yandır, nə qədər bacarırsan yandır, ancaq onu da bil ki, yandırmaq istədiklərini və yandırdıqlarını yandırıb külə döndərəndən sonra sən özün də şölə çəkən vücudunu yerə-göyə çırpa-çırpa alovlu başını yandırdıqlarının külü üstünə qoyaraq yavaş-yavaş öləziyib sönəcək, nəhayət, məhv olacaqsan, çünki atəşin öz ömrü də yandırdıqlarının həyatı sona çatan kimi sönüb qurtarır».Yandırılmış bir məktubdan.

15 мин
İkinci fəsil

Paşa üçün bu, son idi. Amma başlanğıc da var idi axı, başlanğıc da olmuşdu axı. Və o başlanğıc uzaq-uzaq illərin arxasında qalsa da, hafizəsi korşalıb yaddaşı kütəlsə də, hər şey xatırında qalmışdı, çünki onu kitablarda oxumamışdı, başqalarından eşitməmişdi, özü yaşamışdı; o, yaxşı-pis ömrünün bir parçası idi.O dəli-dolu çağlarında aktyorluq, şairlik, çalğıçılıq, rəssamlıq həvəsi beynindən, ürəyindən çıxandan sonra, Sultan kişinin bir dostunun məsləhəti və yaxından köməyi ilə Paşa bir də gözünü onda açıb görmüşdü ki, Darülfünunun biologiya fakültəsinin tələbəsidi və müəllimlərin ona başqa fənnlərlə yanaşı torpağın, bitkilərin, heyvanat aləminin də sirlərini öyrətməklə məşğuldu. Əvvəl heç həvəsi yox idi, bir fürsət və bəhanə axtarırdı ki, bu sənətin də dalından dəysin. Ancaq Sultan ona necə təpinmişdisə: «Bəsdi, ə, qodu-qodu gəzdirdin. Sənin tayların çoxdan sənət, ev-eşik sahibi olub, sən isə hələ də bir yerdə qərar tutub bir işin qulpundan yapışmamısan. Onu bil ki, gəzən şələ bağlamaz» ⎯ demişdisə, Paşa o fikri başından atmış, dərslərə girişmişdi. «Elə hesab elə ki, sən həkimlik oxuyursan. Yarımhəkim kimi bir sənətdi bu» ⎯ demişdi bir dostu da və bu da Paşanı oradan da qaçmaq fikrindən daşındırmışdı. Dördüncü kursu qurtaranda müharibə başlamışdı və sinif yoldaşları kimi onu da əsgər aparmışdılar. Qırx beşinci ildə cəbhədən qayıdan kimi beşinci kursda dərslərinə davam edib bir il sonra ali təhsilini bitirmiş və əvvəlcə Pedaqoji institutda, sonra isə Tibb institutunda biologiyafiziologiya kafedralarında laborant, assisent və nəhayət, müəllim işləmişdi. Böyür-başında bir çox cavan yoldaşlarının elmi iş, dissertasiya yazdığını görən Paşa, əslində daxili ehtiyac üzündən yox, sadəcə, dəstədən geri qalmamaq üçün fiziologiya sahəsinə meyl salıb mövzu götürmüş, o zaman məşhur fizioloq kimi məşhur olan professor Qaraxanovun rəhbərliyi altında, demək olar ki, zorla, kişini hövsələdən çıxarda-çıxarda namizədlik dissertasiyasını əllinci ildə müdafiə eləmişdi. Balacaboy, çevik, son dərəcə təvazökar və vicdanlı bir alim olan Qaraxanov, Paşanın elmi qabiliyyətindən çox təşkilatçılıq qabiliyyətinə inanıb onun alim olmasına qol qoymuşdu: çünki həqiqətən Paşa əvəzedilməz dərəcədə zirək idi, quru çaya su gətirməyə göndərsəydin, əliboş qayıtmazdı, kafedranın bütün tədbirləri, professorun məmləkət şəhərlərindən, xaricdən gələn qonaqlarını qarşılamaq, yedirib-içirtmək, mehmanxanalarda yerləşdirmək kimi vaxt, hövsələ, bir az da sırtıqlıq tələb eləyən işlərinin hamısını Paşa bir göz qırpımında həll edərdi və hamını razı yola salardı, nəticə etibarilə institutun, kafedranın və ən ümdəsi isə professor Qaraxanovun başını uca, üzünü ağ eləyərdi.

30 мин

Стихи других поэтов