İkinci fəsil
Страница 1 из 5
Paşa üçün bu, son idi. Amma başlanğıc da var idi axı, başlanğıc da olmuşdu axı. Və o başlanğıc uzaq-uzaq illərin arxasında qalsa da, hafizəsi korşalıb yaddaşı kütəlsə də, hər şey xatırında qalmışdı, çünki onu kitablarda oxumamışdı, başqalarından eşitməmişdi, özü yaşamışdı; o, yaxşı-pis ömrünün bir parçası idi.
O dəli-dolu çağlarında aktyorluq, şairlik, çalğıçılıq, rəssamlıq həvəsi beynindən, ürəyindən çıxandan sonra, Sultan kişinin bir dostunun məsləhəti və yaxından köməyi ilə Paşa bir də gözünü onda açıb görmüşdü ki, Darülfünunun biologiya fakültəsinin tələbəsidi və müəllimlərin ona başqa fənnlərlə yanaşı torpağın, bitkilərin, heyvanat aləminin də sirlərini öyrətməklə məşğuldu. Əvvəl heç həvəsi yox idi, bir fürsət və bəhanə axtarırdı ki, bu sənətin də dalından dəysin. Ancaq Sultan ona necə təpinmişdisə: «Bəsdi, ə, qodu-qodu gəzdirdin. Sənin tayların çoxdan sənət, ev-eşik sahibi olub, sən isə hələ də bir yerdə qərar tutub bir işin qulpundan yapışmamısan. Onu bil ki, gəzən şələ bağlamaz» ⎯ demişdisə, Paşa o fikri başından atmış, dərslərə girişmişdi. «Elə hesab elə ki, sən həkimlik oxuyursan. Yarımhəkim kimi bir sənətdi bu» ⎯ demişdi bir dostu da və bu da Paşanı oradan da qaçmaq fikrindən daşındırmışdı. Dördüncü kursu qurtaranda müharibə başlamışdı və sinif yoldaşları kimi onu da əsgər aparmışdılar. Qırx beşinci ildə cəbhədən qayıdan kimi beşinci kursda dərslərinə davam edib bir il sonra ali təhsilini bitirmiş və əvvəlcə Pedaqoji institutda, sonra isə Tibb institutunda biologiyafiziologiya kafedralarında laborant, assisent və nəhayət, müəllim işləmişdi. Böyür-başında bir çox cavan yoldaşlarının elmi iş, dissertasiya yazdığını görən Paşa, əslində daxili ehtiyac üzündən yox, sadəcə, dəstədən geri qalmamaq üçün fiziologiya sahəsinə meyl salıb mövzu götürmüş, o zaman məşhur fizioloq kimi məşhur olan professor Qaraxanovun rəhbərliyi altında, demək olar ki, zorla, kişini hövsələdən çıxarda-çıxarda namizədlik dissertasiyasını əllinci ildə müdafiə eləmişdi. Balacaboy, çevik, son dərəcə təvazökar və vicdanlı bir alim olan Qaraxanov, Paşanın elmi qabiliyyətindən çox təşkilatçılıq qabiliyyətinə inanıb onun alim olmasına qol qoymuşdu: çünki həqiqətən Paşa əvəzedilməz dərəcədə zirək idi, quru çaya su gətirməyə göndərsəydin, əliboş qayıtmazdı, kafedranın bütün tədbirləri, professorun məmləkət şəhərlərindən, xaricdən gələn qonaqlarını qarşılamaq, yedirib-içirtmək, mehmanxanalarda yerləşdirmək kimi vaxt, hövsələ, bir az da sırtıqlıq tələb eləyən işlərinin hamısını Paşa bir göz qırpımında həll edərdi və hamını razı yola salardı, nəticə etibarilə institutun, kafedranın və ən ümdəsi isə professor Qaraxanovun başını uca, üzünü ağ eləyərdi.
Paşanın bu bacarığını görən professor Moskvaya, Leninqrada, sonralar isə hətta xaricə gedəndə də onu özüylə götürərdi, həm köməkçi kimi, həm də qulaq yoldaşı kimi. Paşa onu yol boyu cürbəcür şirin və məzəli söhbətlərlə əyləndirərdi, yeməyini-içməyini, istirahətini yüksək səviyyədə təşkil eləyərdi. Beləliklə, o məşhur alimlə Paşanın arası yaxın dost, yoldaş kimi açılmışdı və bunu görən yoldaşlar Paşaya ehtiyatla, hardasa bir az da qorxu hissilə yanaşırdılar və bu, Paşaya xüsusi ləzzət eləyirdi. Artıq o aləmin sirrlərini, həssas nöqtələrini ustalıqla mənimsəmiş Paşanın iştahı artmışdı, elmlər doktoru olmaq qərarına gəlmişdi və onun fikrincə Paşanın daha bu yolda qabağını kəsə bilən nə bir maneə, nə də bir adam ola bilərdi. Qaraxanovun adı, təkcə adı Paşanın bəsi idi. Bütün fizioloqlar aləmində «Qaraxanovun şagirdi» kimi tanınmışdı. Yalnız professor Qaraxanov onda bir şagirdlik görmürdü, görə bilmirdi. Hərdən Elmi Şura iclaslarında Paşanın növbəti əsərinin daşını daş üstə qoymurdu, bərk tənqid eləyirdi. Lakin kafedranın alimləri bunu professorun ərki hesab edir, durub Paşanı müdafiə eləyirdilər, çünki onların çoxuna elə gəlirdi ki, professor Paşanı tənqid eləməklə öz düşmənlərini tanımaq, aydınlaşdırmaq istəyir: onların fikrincə, Paşanın yazdıqları elə professorun fikridi və Paşaya qarşı çıxmaq professora qarşı çıxmaq kimi bir şeydi. Əslində isə professorun heç ağlına da gəlmirdi belə şeylər. Qaraxanov qocalmışdı, gözləri nurdan düşürdü yavaş-yavaş. Onun allah eləməmiş ölə biləcəyi, təqaüdə çıxacağı qorxusu Paşanı yamanca narahat edirdi və gecəni gündüzə qataraq çalışır, iki saat əsəri üzərində işləyirdisə, on saat onun mümkün qədər tez müdafiəsini təşkil eləmək yolları barədə düşünürdü. Nəhayət, o, əlli səkkizinci ildə müvəffəqiyyətlə doktorluq dissertasiyası da müdafiə eləyib ağyanıya çıxdı. Və bundan sonra papağını yan qoyub arın-arxayın yaşamağa başladı. Bir il sonra professor Qaraxanov allahın rəhmətinə gedəndən sonra onun «şagirdi» institutun yeganə elmlər doktoru kimi kafedra müdiri seçildi və… yavaş-yavaş yerini möhkəmlədib eninə, uzununa, dərininə kök atmağa başladı.
Ancaq qədirblməzlik eləmədi Paşa. Qaraxanovun zəhmətlərini, xidmətlərini unutmadı, oturdu, durdu, xeyirdə, şərdə, elmi iclaslarda, konfranslarda o böyük və unudulmaz müəllimini, gözəl alimi və uşaq kimi təmiz və saf insanı yad elədi, adı dilindən düşmədi, camaat içində də, təkbətək özüylə qalanda da: «Mən o kişinin çörəyini yeyirəm, o mənim ustadım olub. Ustada hörmət eləmək isə hər layiqli şagirdin borcudu. Nədən ki, atalarımız da deyib: «Ustadına kəm baxanın gözlərinə qan damar, bala» ⎯ söylərdi öz şagirdlərinə və bununla da bir güllə ilə iki dovşan vurardı: həm özünü qədirbilən təki qələmə verərdi, həm də o «uşaqlara» öz təmənnasını bildirərdi: «Siz də mənim qədrimi bilin».
İnstitut rəhbərliyi ilə, Maarif Nazirliyi ilə danışıb kafedraya Qaraxanovun adını verdirmişdi və bununla da onun xatirəsini əbədiləşdirmişdi. Açığı ki, professor Camalzadənin bu hərəkəti onun öz həmkarları arasında, tələbələr içində, hətta Qaraxanovu yaxşı bir alim kimi tanıyan İttifaq və dünya alimləri yanında da hörmətini xeyli qaldırmışdı. Çoxları bunu Paşa Camalzadənin alicənablığı kimi qiymətləndirdi, ancaq o özü yaxşı bilirdi ki, belə eləməklə o, Qaraxanovdan çox özünə, öz şöhrətinə xidmət eləyir. Ayıq və çevik həyat fəlsəfəsi olan Paşa başa düşürdü ki, ölüb dünyadan getmiş bir adamın şöhrət nəyinə gərəkdi? Şöhrət insana sağlığında lazımdı ki, fərəhlənsin, çox yaşasın, dünyanın gözəlliklərindən, naz-nemətlərindən zövq və ləzzət alsın. «Mən öləndən sonra istəyirsən mənə lap qızıldan heykəl qoy. Nəyimə lazımdı? Məgər onun mənə bir isti-soyuğu olacaq? Yox». Doğrudu, o, əvvəllər, Qaraxanov vəfat eləyəndən bir neçə il keçənədək bu cür fikirləşirdi. Ancaq illər sovuşub Paşanın gəncliyinə xəzan yelləri əsdirməyə başlayanda, qocalığın yaxınlaşdığını hiss eləyəndə Paşanın bu düşüncəsi də dəyişməyə başlamışdı: indi o şöhrətin öləndən sonra da insana lazım olduğu qənaətinə gəlmişdi: «Şöhrət, ad-san adamı öləndən sonra yaşadır, yaddan çıxmağa qoymur. İnsanlar sənin haqqında danışır, düşünür. Məgər bu azdı? Yox, lazımdı şöhrət, çox lazımdı, Paşa. Yoxsa ölən kimi unudularsan».
Paşa hərdən, hərdən yox ⎯ müşahidə eləmişdi ⎯ dəfələrlə özündən ayrılıb içindən, qılafından çıxmış, kənara çəkilib yad adam gözüylə özünə, ömrünə, yoluna, xasiyyətinə, əxlaqına, elminə və şöhrətinə uzaqdan tamaşa eləmişdi: saf-çürük elədiklərindən bəyəndiyi də olmuşdu, bəyənmədiyi də. Qəribəydi ki, srağa günəcən, yəni o tufan qopanacan Paşa içində bir adam görmüşdü və o adam nə eləmişdisə, bu Paşa onu haqlı, doğru saymış, bəraət qazandırmışdı. Əksər hallarda. Ancaq srağa gündən elə bil onu parçalamışdılar, iki yerə bölmüşdülər, iki adam eləmişdilər. Biri srağagündən o yana qalmış Paşaydı ⎯ onu hamı tanıyırdı, adını-sanını, şöhrətini görmüşdü, lakin ürəyində, xatirələrində doğulmuş ikinci adam təzəydi, maraqlı mühakimələri vardı və bu mühakimələr Paşanın ⎯ köhnə Paşanın özünə də qəribə, ziddiyyətli, bəzən anlaşılmaz görünürdü. Bəlkə bu ona görə beləydi ki, bu təzə Paşa o Paşaya zirvədən düşəndən sonra tamaşa eləyirdi? Hə, yəqin beləydi.
Divanın üstündə uzanmışdı, ancaq ona elə gəlirdi ki, o köhnə Paşa ⎯ o cavan, dolu-tökmə bədənli, yanaqlarından qan daman (Elə bil ki, dağlardan indicə enmişdi, sapsağlam idi, adam heç cür ağlına gətirə bilməzdi ki, o, xəstələnə bilər, qocala bilər.), qaynar baxışlı, od parçası kimi bir yerdə qərar tutub dayana bilməyən, gəncliyinin ən yaxşı çağlarını yaşayan, içindən çıxıb qabağındakı stolun arxasında oturub, par-par parıldayan qara ayaqqabılı ayağını-ayağının üstünə aşırıb onun ağ saçlarına, qırışmış sifətinə, əzab və peşimançılıq, qorxu və həyəcan ifadə eləyən qara gözlərinə təəccüblə baxır, özüylə onu fikrən müqayisə eləyir və təəssüflə başını tərpədib kədərli bir səslə:
⎯ Bu, doğrudan sənsən, ay Paşa? ⎯ deyə xəbər alırdı. ⎯ Gör nə qədər dəyişmisən, aman allah! Heç tanımalın qalmayıb sənin, ay yazıq.
⎯ Hə, düz deyirsən, cavan oğlan. Vaxtilə mən də sənin kimiydim: gözəl idim, güclü idim, yorulmaq nə olduğunu bilmirdim. ⎯ Paşa da xəyalında, ürəyində astaca qarşısındakı Paşaya ⎯ öz gəncliyinə hüznlə cavab verirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-yandirilmis-adam-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ana-bala üzbəüz oturmuşdu. Süfrədə təzə təndir çörəyi, kotlet, köy-köyərti vardı. Nadirə tənəffüsə gəlib hazırlamışdı. Ceyhun iştahasız yeyirdi. Bir gözü divar saatında idi.– Niyə belə yeyirsən, ay oğul? Yaman arıqlamısan. Lap hoqqurun çıxıb. Yetim uşaqlara oxşayırsan — elə bil yeməyin, içməyin yoxdur. Şükür allaha, hər şeyimiz var. Yox, gərək mən səni həkimə-zada aparam. Belə olmaz. Bax, işdən qaça-qaça gəlmişəm. Sənə yemək hazırlamışam, sən isə... sərçə kimi dimdikləyə-dimdikləyə yeyirsən.
Birinci hissə, on beşinci fəsilAprel günəşi çoxdan axıb getmişdi, amma hərarəti, işığı hələ də şəhərin, üzərindən çəkilməmişdi. Güclə hiss edilə bilən Bakı mehi əsirdi.İşin qurtaran vaxtıydı, küçələr, dayanacaqlar adamla doluydu. Avtobuslar, trolleybuslar dolu gəlib dolu gedirdi. Gülmirə ilk dəfəydi ki, idarədən çıxıb köhnə evinə yox, təzə mənzilinə getmək üçün səkkiz nömrəli trolleybusu gözləyirdi. İkisinə minə bilməmişdi, çünki dal qapılar taybatay açılsa da, düşən yox idi, minmək istəyən isə saysız-hesabsızdı... Yolu uzaq da olsa, piyada getməyi üstün tutub döyülmüş, bütün günü daş daşımış adam təki Nərimanov prospekti ilə fikirli-fikirli addımlamağa başladı. Ürəyindən elə bil daş asılmışdı. Bu gecə birinci dəfə evində olacaqdı, yatacaqdı. Bu axşamı yaxşı, mənalı keçirmək üçün xəyalən özünü çoxdan hazırlamışdı. Sarsılacağını, kim bilir, bəlkə də ağlayacağını irəlicədən bilirdi sanki.
Birinci hissə, on altıncı fəsilAslanzadənin bağı Buzovnada, lap dənizin qırnağında idi. Yayda, qışda havalar küləkli olanda, dəniz yatağından oynayıb dalğalar şahə qalxanda ağ köpüklü sular ağ daşdan hörülmüş iki metr hündürlüyü olan hasarın dibinə qədər gələr, sarı kəhrəba kimi narın qumları yalayıb yenə geri qayıdardı. Belə hallarda ikimərtəbəli, ikiçeşməli, dörd tərəfi açıq eyvanlı evin içində suların uğultusu, gurultusu aydın eşidilər, nabələd adam olsaydı, canına vəlvələ düşərdi. Artıq Aslanzadə çox sevdiyi dənizin bu səs-küyünə, şıltaqlığına öyrənmişdi və bundan xüsusi bir ləzzət alırdı. Qırx beş il onunla ömür-gün sürmüş, ərinin nazını övladı kimi çəkmiş Kiçikxanım, otuz ildən çox bu bağa gəlib getsə də, dənizin belə köpürüb daşan çağlarına adət eləyə bilməmişdi və hər dəfə dalğaların şaqqıltısını, gurultusunu eşidəndə qəribə bir qorxu içində:– Ay kişi, vallah, bir gün bu dəniz bizi çəkib öz ağuşuna aparacaq, — deyirdi, — səsimizi-ünümüzü eşidən də olmayacaq.
İkinci hissə, birinci fəsilSakit hər gün, tənəffüs vaxtı, beşinci mərtəbədəki şöbəsindən hiss olunmadan çıxar, akademiyanın yaşıllıq içində göz oxşayan həyətində, akasiya ağaclarının altında tək-tənha gəzinər, ya da böyük hovuzun sağında, solunda — harda boş yer olsaydı — oturar, dincələr, düşünərdi. Otaqdakı söz söhbətlər, telefon danışıqları, gəl-get ona mane olmazdı — səhərdən, işə gələndən stolunun arxasına keçib oxuyar, yazar, bir dəqiqəsini boş keçirməzdi. Fasilə vaxtınacan əməllicə yorulardı, tələsik bufetə düşər, yüngülcə nahar edib gəzintiyə çıxardı. Bu, uzun illərin adətiydi. Sakit təkcə ətrafındakıları yox, bir psixoloq kimi, özünü də kənar adam gözü ilə müşahidə, təhlil etməyi xoşlardı. Çoxdan, yazı-pozuya meyl elədiyi tələbəlik illərindən bu şəhərdə Sakit adında, bir pasport altında iki adam yaşadığını duymuşdu, anlamışdı. Biri hamının — tələbə yoldaşlarının da, müəllimlərinin də, sonra akademiya həmkarlarının və daha sonra isə ailəsinin də tanıdığı, sadə geyinən, az dinib, az danışan, daha çox dinləməyə həvəs göstərən, aza qane, gözü-könlü tox, işləməkdən, mütaliədən əvəzsiz zövq alan Sakit idi. Bu, Sakitin zahiri idi, gözə görünən tərəfi idi və bunu hamı görürdü. Ancaq elə o Sakitin içərisində, o adda, o ünvanda yaşayan ikinci bir Sakit də vardı — bu Sakiti tək özü tanıyırdı, yaxşı cəhətini də, pis cəhətini də yaxşı bilirdi. Bu Sakit — düşünən Sakit idi, hər şeyin dərdini — özünə dəxli olmasa da, — çəkən Sakit idi və bu mənada onun boş, qayğısız, fikirsiz keçən bir dəqiqəsi də olmamışdı. Bu, haradasa onu bezdirirdi, usandırırdı, öz sənətinə hərdən nifrət eləyirdi — çünki əzablı sənət idi — kitab yazırdı, beynini, qəlbini düşündürən fikirləri kağız üzərinə töküb canlandırırdı, o kitabı oxuyanlar, bəyənənlər tərifli sözlər də deyirdilər. Lakin onlar yalnız bu kitabı görürdülər, onun dünyaya gəlməsi üçün çəkilən əzabları, içini — ürəyini yediyi anları görmürdülər, görə bilmirdilər. Əslində o, zahirən bu aləmdə yaşayırdı; işə gəlir, evə gedir, arvadı-uşağı ilə danışırdı, amma həqiqətdə isə o, yazdığı dünyada olurdu fikrən, adamlarla oturub-durur, dərdini-qayğısını çəkir, onlar xoşbəxt olanda o da xoşbəxt olur, öləndə o da ölürdü. Son əsərini on yeddi ilə yazmışdı. Akademiyaya gələndən azı — üç il sonra kənd həyatından qələmə almağa başladığı həmin əsər nədənsə yaman uzanmışdı, bütün bu illər ərzində o, fikrən qəhrəmanlarının yanında olmuşdu, onlarla yaşamışdı. Kitabın son fəsillərini uzun müddət yaza bilməmişdi, daha doğrusu, yazmaqdan qorxmuşdu — çünki sonuna nöqtə qoyandan sonra onlardan — düz on yeddi il qəlbində, xəyalında, yuxularında gəzdirdiyi o sadə, mehriban adamlardan ayrılacağından, uzaq düşəcəyindən qorxmuşdu. Aylar, illər keçmiş, sonra o, içində işlədiyi bu maraqlı aləmə qayıtmışdı və ətrafına baxdıqca yazmalı, deməli çox şey olduğunu anlamışdı: uzağa getmək lazım deyildi. Bax, elə günün səkkiz saatını bir yerdə işlədiyi bu adamların hərəsinin həyatı bir roman idi. Burda çox düşünmək, əhvalat axtarmaq, yaxud quraşdırmaq lazım deyildi. Bu adamlar onun gözünün qabağındaydı — xasiyyətləri, simaları, taleləri ilə. Və zahirdə hər kəsə, hər şeyə sakit, biganə baxışlarla nəzər salıb susan Sakitdən fərqli olaraq əsl Sakit, birinci Sakitin içərisində yaşayan ikinci Sakit bu kollektivin maraqlı, ziddiyyətli romanını gecə-gündüz beynində dolandırırdı. Bu Sakit Salman Qurbanzadənin, Nadirə xanımın elm aləmindəki mövqeyi, ailə həyatı, bu yaxınlarda evə soxulmuş oğrular tərəfindən vəhşicəsinə öldürülmüş cavan Ceyhun haqqında, ərini və sevgilisini dalbadal itirmiş Gülmirə barədə, hamının «Dombagöz» adlandırdığı gənc şair İltifat, Sarışın, təzə direktor olandan sonra buynuzları çıxan Nurəddin Osmanzadə, onun toruna düşüb təmiz adını ləkələyən qəşəng Şərifə xanım, qəlbi kobudcasına sındırılmış əziz müəllimi Aslan Aslanzadə və başqaları haqqında gecə-gündüz düşünür, yazacağı kitabı söz-söz, fəsil-fəsil beynində, qəlbindətikib qururdu. Gözünün qabağında gündə səkkiz saat gəzib işləyən, hər birinin öz xasiyyəti, dünyası olan bu adamlar artıq onun ürəyinə köçmüşdü — bunlara o, öz qəhrəmanları kimi baxırdı — yaxşı, mərdanə hərəkətlərini görəndə bir qayğıkeş ata kimi sevinirdi, pislik, nadanlıq, qəbahət, dosta xəyanət, ailəyə dönüklük görəndə, hiss eləyəndə pərt olur, dərd çəkirdi. İş vaxtı qurtarıb hərə öz evinə-eşiyinə çəkilib gedəndən, Sakit də axşam yazı masasının arxasına keçəndən sonra, yenə onlar barədə fikirləşirdi. İkiqat yaxın, ikiqat doğma olmuşdular ona bu adamlar; acığı gələnləri də vardı — ancaq onlar haqqında da qəlb ağrısı ilə düşünürdü Sakit. Bu idi ikinci Sakitin gözəgörünməz dərdi, qayğısı. Sanki kimsə, rəsmi surətdə yox, elə belə, möhürsüz, əmrsiz Sakiti bu kiçik kollektivin ağsaqqalı, böyüyü təyin eləmişdi. Makinaçılardan tutmuş lap direktorun özünə qədər hamı üçün cavabdeh hiss eləyirdi özünü. Fikrən, xəyalən onların hər birisinin həyatı, xasiyyəti, rəftarı, əxlaqı barədə, jurnalist və tədqiqatçı dostlarının dediyi kimi, o qədər «material» todlamışdı ki, əgər şirin yuxudan qaldırıb kiminsə haqqında məlumat və ya xasiyyətnamə istəsəydilər, Sakit tərəddüd etmədən, çətinlik çəkmədən, gözüyumulu deyərdi, yazıb verərdi — hətta onun «pərdə arxasındakı» həyatını da işıqlandırardı. Hətta adamın bir sirr kimi qəlbinin dərinliklərində gizləməyə çalışdığı, məhrəm fikirlərini də kağıza köçürərdi. Və buna o özü də heyrət etməyə bilmirdi. Çünki Sakitə filankəsin filankəsə fırlatdığı bir baxışı tutmaq kifayət idi ki, sevdiyini və yaxud nifrət elədiyini aydınlaşdırsın. Birinin köynəyinin yaxasını çirkli, düyməsini qırıq, dəsmalını əzik görmək bəs idi ki, onun arvadının səliqəsiz olmasını, əri ilə maraqlanmamasını qəti şəkildə söyləyə bilsin. Başqa birisinin müdirə rast gələn kimi, üz-gözünü iyrənc şəklə salan yaltaq təbəssümünü bircə dəfə görmək bəsi idi ki, o adamın şəxsiyyətinin heç-puç olması fikri beynində həmişəlik yurd salsın.
Стихи других поэтов
Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Asivü bədəməlü rusiyəhü xaram mənEy xuda, sənə əyandır ki, vəfadaram mən,Tutduğum işləri yad eyləyib ağlaram mən.
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,