Страница 2 из 2 · 50%

«Bəlkə... hə... Deyəsən, Elməddin dünənki sözü boş yerə demirmiş. Görünür, evlərində söhbət olubmuş!» — deyə düşündü və sonra dərhal da öz-özünə etiraz etdi: «Bəlkə elə belə, bayramlaşmağa gəliblər. Karın könlündəki — buna deyiblər ha!»

Qız yavaşca sivişib tövlənin qırağına çəkildi ki, arvadlar onu görə bilməsin...

Əhval-pürsanlıq qurtarandan sonra araya ani sükut çökdü: Səbihə söz açmalı idi, ancaq nədən başlayacağını bilmirdi. Yanındakı arvadlar da çətinlik çəkirdilər. Xədicə isə özünə xas bir ayıqlıqla Səbihənin buraya nə üçün gəldiyini təxmin edib cavab hazırlayırdı. Onlar danışdıqca onun üçün daha çox imkan yaranırdı ki, yaxşı-yaxşı düşünsün, götür-qoy eləsin. «Əfsanədən sarı gəliblərsə... düz getsinlər. Biz hələ onu ərə vermirik. Vaxtı deyil, vəssalam. Onu versək, bəs bu boyda ev-eşiyin, həyət-bacanın işini kim görəcək? Mən? Bu Nazənin xanım? Yox, vermək olmaz!» — deyə o, özlüyündə qəti qərar çıxardıb üzünü Səbihəyə tutdu.

– Sizdən nə əcəb, ay Səbihə. Xeyirdimi barı?

– Xeyir olmamış nə olacaq, Xədicə — Səbihənin yanındakı kök, bığlı arvad ona qüvvət verdi:

– Xeyirdi, inşallah...

– Buyurun, — deyə Xədicə rahatlanıb qulaq asmağa hazır olduğunu bildirdi.

Səbihə yoldaşlarının üzünə baxdı. Boğazını arıdıb başlamaq istəyirdi ki, bığlı, pərtdəgöz arvad haraya yetdi:

– Səbihə siznən qohum olmaq istəyir, Xədicə. Əfsanəni...

Söhbət bura çatanda Nazənin hiss edilmədən qalxıb özünü Əfsanənin yanına verdi. Süst-süst qazan sürtən qızı sevindirmək üçün:

– Gözün aydın, ay Əfsanə! — dedi.

– Nə olub ki? — Əfsanə əl saxlayıb matdım-matdım Nazəninin üzünə baxdı.

– Sənə elçiliyə gəliblər...

Əfsanənin əlindən qaralmış əski parçası yerə düşdü. Solğun yanaqları qızardı. Güclə «kim üçün?» — deyə pıçıldaya bildi.

– Səbihənin oğlu üçün.

Əfsanə tutaş kirpiklərini aşağı endirdi. Ürəyinin guppultusu qulaqlarında səslənirdi. Bütün varlığı elə bil od içində yanırdı. İndiyəcən çəkdiyi sitəmlər, ağrılar-əzablar, yetimliyi bircə an içində unudulub xatirəsindən, yaddaşından silinib getdi. Sanki, illər boyu həbsxana güncündə yaşamış bir adamın azad olmaq məqamı çatmışdı. Qəlbi azadlığa çıxmaq, ciyərdolusu nəfəs almaq eşqilə sürətlə çırpınırdı.

– Bəs Xədicə nə dedi?—deyə Əfsanə ağlına gələn fikirdən sarsılmış halda qətiyyətsizliklə soruşdu.

Nazənin tələsdiyini, söhbətə axıracan qulaq asmadığını indi başa düşdü və dərhal arvadların yanına qayıtdı... O gələndə Xədicə deyirdi:

– Yox, bacım, onun hələ ərə gedən vaxtı deyil, Səbihə!! Nazəninin ürəyi qırılıb ayağının altına düşdü: «Vermək istəmir. Qızı bica yerindən elədim!» — deyə tələsdiyinə görə özünü danladı.

Səbihə Xədicəni inandırmaq üçün dilini işə saldı:

– Nəyi körpədi onun, Xədicə? Yetişmiş qızdı, maşallah, Məhəmməd peyğəmbərin dini-şəriətində deyilir ki, qızı papaqnan vurdun, yıxılmadı, ərə verə bilərsən. Gərək ki, Əfsanənin sinni on altını adlayıb, hə?.. Nazənin dəqiqləşdirdi:

– On yeddidi.

– Hə, ərlik qızdı. Elə biri sən özün, on dörd yaşında getməyibsən? Mən on üçdə getməmişəm?

– O düzdü, — Xədicə dəlilinin tutarlı olmadığını başa düşüb ayrı bəhanə axtarmağa başladı. Səbihə isə Davam edirdi:

– Ay qızım, sənin neçə yaşın var?! — deyə o, Nazəninə müraciət elədi.

– Mən on doqquzun içindəyəm.

– Əfsanədən cəmi-cümlətanı iki il böyük ola-olmaya?!

Nazənin darvazaya sarı baxanda gördü ki, Həzrətgül qapının ağzında dayanıb şəhadət barmağının işarəsi ilə onu yanına çağırır. Tələsik durub getdi. Fikirləşirdi ki, Xədicə qızın sahibi-ixtiyarı deyil. Arada Həzrətgül var. Bəlkə o, razılıq verəcək, yetim qızdı, niyə bu dörd divar arasında qalıb çürüsün.

– Kimdi o arvadlar? — deyə Həzrətgül Nazəninə gülümsər, mehriban bir nəzər salıb xəbər aldı. Onları gələndə görmüşdü, ancaq tanıya bilməmişdi.

– Səbihədi.

– Nə deyir?

– Əfsanə üçün elçiliyə gəliblər. Razılığımızı bilmək istəyir. Xədicə də...

– Nə deyir Xədicə, qız?

– Deyir ki, nə bilim uşaqdı, nədi. Vermək istəmir.

Çoxdan belə münasib bir adam gözləyən Həzrətgül bu xəbərdən sevindi. Bacısı qızı onun boynunda bir yük idi — gec-tez onu birinə verməli idi.

Özünün oğlu yox idi, yoxsa oğluna alardı, belə işli-güclü qızı əldən buraxmazdı. Amma nə etmək olardı. Yusif pis oğlan deyildi. Avara-avara kəzmirdi. Həzrətgülün özü kimi bir dükan açıb çaqçuqunu eləyir, gündəlik çörək pulunu çıxarırdı. Yusiflə qohum olmağın bir cəhəti də vardı ki, o, Həzrətgülə şəhərdə də xudmani bir dükan açmağa kömək eləyə bilərdi. Həm də Yusifdən əlli min, altmış min bu xeyir iş üçün qoparmaq olardı. — Bütün bu məsələləri fikrində götür-qoy eləyən Həzrətgül uca səslə Nazəninə söylədi:

– Nazənin, Səbihənin oğlu Yusif yaxşı oğlandı. — Sonra əlavə etdi:

– Get, deynən Həzrətgül razıdı. Nişanlarını göndərə bilərlər.

Sinini də gətir, iki-üç pao noğul töküm, ver aparsınlar. Səbihənin özünə də de ki, Həzrətgül əlli min rupi istəyir. Xoşudu, irəli dursun, hünəri çatmırsa, qızın adını dilə-dişə salmasın.

İyirmi dəqiqədən sonra Səbihə çadrasının altında gizlətdiyi sinini bərk-bərk tuta-tuta darvazadan çıxdı. Əfsanənin fikrini soruşan olmadı. Bunun onlar üçün bir əhəmiyyəti yox idi.

Kişinin razılığını əldə etməkdə Nazəninin xüsusi canfəşanlıq elədiyini görən Xədicə hirsindən-hikkəsindən partlayırdı. Nazənin qonaqları ötürüb qayıdanda Xədicə onun qabağını kəsdi:

– Getdin, kişinin beynini yedin, razılığını alıb dincəldin? Bəs indi bu evin işini kim görəcək?!

Nazənin onun əsl məqsədini indi başa düşərək qonur-gözlərini qıyıb cavab qaytardı:

– Evin işi var deyə, xalqın qızını dörd divar arasında çürüdəcəksən? Yarısını mən görərəm işin, yarısını sən. Bildin?!

Xədicə Nazəninin hədə-hərbəsi qarşısında mat-məəttəl donub qaldı. Qızı yerində Nazəninin ona belə sərt cavab qaytarması arvadın yeddi qatından keçdi. «Günah səndə deyil, o köpəkoğlu köpəkdədir, səni çıxardıb mənim başıma» — deyə ilan vurmuş kimi ufuldadı. Nazənin onun ufuldamağına, fısıldamağına əhəmiyyət verməyərək Əfsanəni şad xəbərlə sevindirməyə tələsdi.

Əfsanə ona sual dolu nəzərlərlə baxırdı.

Nazənin çatmamış söylədi:

– Xoşbəxt ol, Əfsanə. Razılıq verdi. Səadət də ən böyük kədər kimi, adamın dilini lal eləyə bilərmiş.

Əfsanənin sevincdən parıldayan qara gözləri gülürdü.

– Xədicə razılıq vermirdi. Dayına söylədim. Dedi ki, Xədicə qələt eləyir. Dedi ki, Yusif yaxşı oğlandır!

«Yusif» adını eşidən kimi Əfsanənin içində nəsə qırıldı. Elə bil, göylərdən, dağların başından onu üzüaşağı atdılar. Beynində ani bir fikir qığılcım kimi yanıb söndü: «Məni Yusifə veriblər!? Elməddinə yox, Yusifə!?» -İkicə saniyə gülümsünən qara gözlərdən ağ mirvari damcıları axırdı. Elməddin kimi, dərdini dilinə gətirə bilməyən Əfsanənin göz yaşlarını sevincə yozan Nazənin heç şey anlamadan soruşurdu:

– Mən Yusifi heç görməmişəm. Gözəl oğlandı?

– Sevindiyindən ağlayırsan? Yadımdadı, məni də o vaxt ağlamaq tutmuşdu. Hamı ərə gedəndə ağlayır.

Yetimlərin, binəsiblərin sevinci, vaxtsız düşən yaz qarı kimi tez əriyib tez də yox olur — onların nəsibi belədir...


İki qardaş nigarançılıq çəkirdi: onlar analarının yolunu intizarla gözləyir, yalnız bir məsələ barədə düşünürdülər: «Görəsən Həzrətgül qızı verəcəkmi?»

Yusif siqaretini sümürə-sümürə gəzinirdi. Vaxt ağır-ağır gəlib keçirdi, elə bil dəqiqələrin ucundan daş asılmışdı. Elməddinlə danışmaq, «vaxtı öldürmək» istəyirdi, ancaq Elməddin bağın başında çılpaq tənəklərin arasında nəsə itirmiş adam kimi o tərəf-bu tərəfə çovuyurdu.

Yusif fikirləşirdi: «Əgər verməsələr, onda necə olsun bəs?! Bütün kənddə xəcil olummu? Yox. Onda mən Əfsanəni götürüb qaçaram. Həzrətgülün elə qeyrəti yoxdu ki, qabağıma tüfənglə, xəncərlə çıxsın. Qorxaq kişidi». Tez-tez saata baxır, papirosu papirosun oduna yandırırdı.

Elməddin ziddiyyətli düşüncələr arasında çalıxıb çapalayırdı. «Kaş Əfsanəni verməyəydilər Yusifə», — deyə ürəyindən keçirirdi. Ancaq onu çox istəyən, ata kimi mehriban olan Yusifi həyətdə narahat-narahat addımlayan görəndə belə bir əndişəyə düşdüyündən xəcalət çəkirdi. «Yox, Yusif mənim qardaşımdı. Mən onun xoşbəxtliyini istəməliyəm. Əfsanəni ona verməsələr də, mən daha onun adını dilimə gətirə bilmərəm. Yusif, anam mənə nə deyər? Unutmaq lazımdı onu, birdəfəlik unutmaq. Bir daş altdan, bir daş üstdən. Yaxşı ki, heç kəs bilmir, yaxşı ki, bilmir!».

Nəhayət, Səbihə yanındakı arvadlarla doqqazın ağzında şad-xürrəm göründü. Yusif diqqətlə anasının üzünə baxdı. Arvadın üzü gülürdü. Elməddin uzaqdan anasının Yusifi qucaqlayıb öpdüyünü, arvadların əlini sıxdığını görüb işin xeyirliklə qurtardığını o dəqiqə anladı. Elə bil, güclü bir əl ürəyini xışmalayıb sıxdı. Bir anlığa gözləri qaraldı, başı gicəlləndi. Boylu-buxunlu gilənar ağacına söykənib müvazinətini saxlamağa çalışdı.

«Hər şey bitdi. İndi... həmişəlik əlvida, Əfsanə!», — fikri beynini, ürəyini yandıra-yandıra keçib getdi.

Neçə dəqiqə beləcə, donmuş kimi heç nə düşünmədən dayandı, uzun, daxili çəkişmədən sonra nəhayət, qardaşlıq hissi Elməddinin əlindən tutub Yusifə sarı gətirdi. Qıçları taqətsizdi — dizləri əsirdi. İstəyirdi ki, yol uzansın, vaxt ötüşsün, ora çatana qədər özünü toplaya bilsin.

Yusifin gülər üzünü görüb gülümsünməyə çalışdı. Hətta, çox baha başa gəlsə də, gülümsündü də. Özünü şax tutub irəli yeriyərək Yusifin isti əlini sıxdı:

– Təbrik eləyirəm, qardaş!!! Xoşbəxt ol. Yusif papirosuna son qullabı vurub atdı və:

– Gün o gün olsun ki, mən də səni belə təbrik eləyim, Elmi!—dedi. Və bu sözləri elə səmimi, ürəkdən dedi ki, Elməddin qızarıb başını aşağı saldı, cavab vermədi.

Ömrünün bəlkə də ən şad gününü yaşayan Səbihə sinidən bir ovuc noğul götürüb Elməddinin ovcuna basdı:

– Ye, qardaşının şirnisidi, ağzın şirin olsun.

Elməddin ağzına bir noğul atdı... Amma... nədənsə o, noğulun şirinliyini hiss eləmədi. Noğulun dadı acıya çalırdı.

Yarım saat keçməmiş Nazənin gəlib çıxdı. Çadralı idi. Səbihə qabağına yeridi. Dil-ağız elədi:

– Sən olmasaydın, Xədicə işi dolaşdıracaqdı. Ömrün uzun olsun ki, əl tutub kişiyə dil yetirdin. Yusif, insafən, pis oğul deyil. Ağıllı-kamallı.

Nazənin çadranın toru arxasından kənarda dayanmış Yusifə nəzər saldı. Boy-buxunlu, üzü, ağayana duruşu gəlinin xoşuna gəldi. «Xoşbəxt oldun, Əfsanə», — deyə qızın nahaq yerə ağladığını düşündü. — «Belə oğlana gedən də ağlarmı, ay dəli?» — deyə ürəyində Əfsanəni məzəmmət elədi.

– Hə, vermək istəmirdi. — Nazənin dilləndi.

– Gəl otur, qohum — deyə Səbihə onu içəri dəvət elədisə də, Nazənin razı olmadı.

– Sini üçün gəlmişəm — dedi.

– Bu saat... — Səbihə içəri cumub paltarlıq parça, noğul tökülmüş sinini gətirdi və Yusifə işarə elədi:

– Gətir görək, a bala, puldan-paradan nəyin var?

Yusif irəli yeridi, cibindən minliklərdən, beş yüzlüklərdən ibarət xeyli pul çıxarıb Nazəninin əlindəki siniyə tökdü.

– Əlli mindi.

Elməddin səkinin üstündə dayanıb sinidə qalaqlanmış pullara baxırdı. Qırmızı beşyüzlüklər gözündə getdikcə daha da qızarır, şölə çəkib yanmağa başlayırdı.

«Əlli min... Əfsanəni əlli minə satdılar, əlli minə aldılar».

Səbihə ehmal bir hərəkətlə gəlağayını sininin üstünə çəkdi:

– Xeyir görəsiniz, qohum. Nazənin ucadan söylədi:

– Xoşbəxt olsunlar, qoşa qarısınlar, Səbihə xala. Elməddin ürəyində pıçıldadı: «Xoşbəxt olsunlar!..».

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, iyirmi birinci fəsil

Axşam idi. Orxan telestudiyadan yenicə gəlmişdi — görkəmli ədəbiyyatşünas alim Mirzə Yanarın yetmiş illiyi ilə əlaqədar televizorda çıxış eləmiş, onun həyatından, əsərlərindən ürəkdolusu danışmışdı. Mirzə Yanar — az yaşamışdı, amma bu az ömründə Azərbaycan ədəbiyyatının onlarla nəhəng və naməlum şəxsiyyətini tədqiq edib öyrənmiş, haqqında əsərlər yazmış, xalqa tanıtdırmışdı. Özünü şəxsən görməsə də, Orxan ona güclü, istedadlı bir alim kimi çox pərəstiş eləyirdi, — doğrudan da, Mirzə Yanar öz ürəyini, beyninin işığını əsərlərinə köçürmüşdü, gecə-gündüz bilmədən, bütün diyarı gəzərək klassiklərin əsərlərini toplamış, onları itib-batmaqdan, unudulub ölməkdən xilas eləmişdi. Sonra vaxt gəlmişdi, tufan qopmuşdu, Mirzə Yanarı da köklü-köməcli yerindən qoparıb aparmışdı, qurunun oduna yaş da yanmışdı. Tək özü yox, əsərləri də oxucu üzünə həsrət qalmışdı. İndi bir neçə ildi ki, ədalət yerini tutmuşdu. Özü qayıtmamışdı, amma partiya onun təmiz adını və əsərlərini əsil sahibinə — xalqına qaytarmışdı.İndi onun altmış illiyini də qeyd edirdi ədəbi ictimaiyyət. Onun şərəfinə həsr edilmiş yığıncaqlar keçirilirdi, sağ qalan yoldaşları Mirzə Yanar haqqında xatirələr də danışırdılar. Üç gün əvvəl institutda elə Salman Qurbanzadə Mirzə Yanar barədə çıxış eləmiş, az qala gözləri yaşara-yaşara onunla birgə keçən günlərindən, təmizliyindən, xeyirxahlığından, böyüklüyündən xeyli söhbət etmiş, Mirzə Yanarın aramızdan vaxtsız getməsinə dərindən təəssüfləndiyini bildirmişdi. Orxan Mirzə Yanardan ürəklə, həvəslə danışmışdı bu gün televizorda. Televiziya Komitəsinin işçiləri onun çıxışını çox bəyənmişdilər. O, evə qayıdıb gələndən sonra da tanış-biliş, dostlar zəng eləyib Orxanı təbrik eləmişdilər. Zəng çalanlar içində Gülmirə, Cəfər, Nadirə də vardı. Salman isə xüsusi danışmışdı:

10 мин
İkinci hissə, iyirmi ikinci fəsil

Vaxta az qalırdı. Bir azdan camaat geniş otağa yığışacaq, müzakirə başlanacaqdı. Gülmirə bərk həyəcan keçirirdi. İndi ona təsəlli, ürək-dirək vermək lazım idi. Orxan isə bayaqdan öz yerində oturub başını yuxarı qaldırmır, heç kəsin üzünə baxmırdı. Onun bu hərəkəti Gülmirəyə lap qəribə görünürdü. Ancaq dünənki yaxınlıq, vədələşmək yadından çıxmadığına görə o, indi nə üçünsə Orxandan utanır, ona yanaşıb bir şey soruşmurdu. Saat bir olanda professor ucadan danışa-danışa şöbəyə gəldi:– Hə, camaatı yığ, Gülalı. Başlayaq.

6 мин
İkinci hissə, iyirmi üçüncü fəsil

Şirin arvad həftədə bir dəfə Orxanın evinə gələrdi. İndi yolunu dəyişib, qəbir üstünə gedirdi. Qabaq bazar günləri gələrdi, indi cümə axşamları. Onda oğlu üçün yemək-içmək, cürbəcür ləzzətli xörəklər bişirib gətirərdi, oğlundan xoş xəbər eşitmək ümidi ilə gələrdi. İndi yeməli heç nə gətirmirdi. Dərdli bir ürək, iki ağlar göz... bir də, bir dəstə gül gətirirdi.Aradan neçə ay keçsə də, ana onun ölümünə inanmaq istəmirdi. İnanmaq istəmirdi bura, bu yaşıl qəbiristanlığa gələnə qədər. Ayağı bura dəyəndə, dəmir hasara alınmış qəbir — o dikəlmiş torpaq ananı inandırırdı.

7 мин
Üçüncü hissə, birinci fəsil

Payız günəşi daranmış qara yuna bənzəyən buludlar arasında gizləndi. Havadan yağış qoxusu gəlməyə başladı. Yağacaqdı. Bu gün elə bir gün idi ki, səmanın sinəsi göz qamaşdıran qılıncla yarılmalı, göylər hönkürtü ilə ağlamalı idi. Çünki göylər vurğunu Əqdəmin səma kimi təmiz, saf ürəyi yaralanmış, bircə anın içində uzun illər boyu qəlbində əmin-amanlıqla yaşayan səadəti qəfil bombardmandan uçulub xarabazara dönən şəhər kimi korun-korun tüstülənməyə başlamışdı. Adicə bir təsadüfün sükuta qərq olmuş ölülər dünyasına gətirib çıxartdığı təyyarəçi ləngərli addımlarla qəbirlər arasında gözdən itəndən az sonra halsız-hərəkətsiz, heykəl sayağı dayanıb qızarmış gözlərini Orxanın başdaşına həkk olunmuş gülümsər şəklindən çəkməyən Gülmirə harda olduğunu xatırlamağa çalışan adam təki yan-yörəsinə baxındı. Bura haçan və niyə gəlmişdi? Bu günmü, dünənmi? Bir qərinə əvvəlmi? Orxan nə zaman ölmüşdü, niyə ölmüşdü?Yox, hələ o, anlaşılmazlıq aləmindən ayrılmamışdı. Zaman məfhumu, səbəblər, suallar anlayışı bu dəqiqə Gülmirə üçün öz hökmünü itirmişdi. hər şey ona ilğım dənizində olduğu kimi gah aydın, gah da uzaq, əlçatmaz, xəyali görünürdü.

5 мин

Стихи других поэтов