Yusifin ili çıxmışdı. Ehsanını da vermişdilər. Səbihə arvadla olan söhbətdən sonra Əfsanənin ürəyində, beynində bir qarışıqlıq, narahatlıq yaranmışdı. Ruhi, mənəvi sıxıntıların əzib-solğunlaşdırdığı, taleyinin həmişəlik qara dumanlara büründüyünü zənn edib düşkünləşən, həyatda hər şeyə qarşı marağını itirən gəlinin tutqun fikirlərinə qayınanasının o vaxtkı sözləri sanki nur səpələmişdi. Demək, hələ hər şey qurtarmamışdı. Bu fikir onun özünün kimsəsizliyi, gərəksizliyi haqqındakı düşüncələrinə son qoymuş və gəlində bir canlanma, dirçəliş əmələ gətirmişdi. Birdən-birə alovlanıb şahə qalxmış, sonra birdən-birə rəhmsizcəsinə üstünə su çilənib söndürülmüş duyğuları, o anlaşılmaz, şirin, əzablı duyğuları yenidən baş qaldırmışdı.

Əfsanə indi vaxt-bivaxt Elməddin barədə düşünməyə başlamışdı. Aşkarda qayınanasının yanında o, Elməddinlə danışıb kəlmə kəsə bilmirdi, amma ürəyində həmişə onunla həsbi-halda idi. Elməddini görən kimi, lap qız vaxtlarında olduğu təki uçunur, özünü itirir, qızardığını hiss eləyirdi. Qeyri-iradi olaraq, ürəyi sevinc qarışıq bir qüssə ilə dolurdu. Elməddindən mehriban, xoş söz eşitmək istəsə də, o, daş kimi susurdu. Susmağı o yana qalsın, kirpik qaldırıb, ona baxmaq da istəmirdi. Dəftərxanaya gedir, evə qayıdır, Əfsanəyə isə məhəl qoymurdu. Elə bil o burada yox idi. Bu, Əfsanəni yamanca sıxırdı. Bəlkə o, qardaşının dul qalmış qadınına evlənməyəcəkdi. Beləcə qeyri-müəyyənlik içində günləri, həftələri, ayları yola salır, gələcək taleyini dumanlıqlar içində görə-görə yaşayırdı.

Əfsanənin evdə yeganə əyləncəsi Elməddinin şer dəftərçəsi idi. O, işə gedəndən sonra, Əfsanə əl-ayağını yığışdırıb içəri otağa çəkilir, taxçadan dəftərçəni götürür, pəncərənin qənşərində oturub onun haradansa buraya köçürdüyü təzə şerləri oxuyur, əzbərləyirdi. Əfsanə səhifələri çevirdikcə, elə bil Elməddinlə üzbəüz oturub danışır, dərdləşirdi. Elməddin evə qayıdıb gələndə o, qeyri-iradi olaraq həyəcanlanır, canını qoymağa yer axtarırdı. Səbihənin də hərəkətlərində dönüş əmələ gəlmişdi. Qabaqlar oğlunun çörəyini özü hazırlayıb qabağına qoyardı. İndi isə bu işi gəlinə həvalə eləmişdi. Elməddin qayıdan kimi o:

– Əfsanə, bala, uşağın çörəyini qızdır, süfrə sal,— deyirdi.

Əfsanə uçuna-uçuna Elməddinin çayını, çörəyini hazırlayıb gətirərdi, sonra kölgə kimi gedəndə qayınanası:

– Özün də acsan, bala. Otur Elməddinlə çərəyini ye! — söylərdi.

Əfsanə dodaqaltı nəsə mızıldanıb süfrəyə yaxın gəlməzdi.

– Ağız, yoxsa utanırsan? Özgə adam deyil ki?

Arvadın təkidinə baxmayaraq Əfsanə süfrə qırağında oturmazdı. Bəlkə də oturardı, əgər Elməddinin ağzından «Gəl otur, ac niyə qalırsan» sözləri çıxsaydı. Lakin o dinmir, başını qaldırmadan iştahasız, bir-iki tikə yeyib ayağa dururdu.

Bir gün Elməddin işdən qayıdana yaxın Səbihə arvad çadrasını başını salıb harasa getdi. Beş-on dəqiqə keçməmiş Elməddin evə qayıdanda gəlin ora-bura vurnuxub çadrasını axtardı, lakin tapa bilmədi.

Qapının ağzında onlar qarşılaşdılar. Əfsanənin uzun kirpikli qara gözləri çaşqın nəzərlərlə Elməddinə zilləndi, ağ, solğunlaşmış yanaqları qızardı. Yerində donub qalmış Elməddin gözlərinə inanmırmış təki bir-iki dəfə kirpik çaldı. Bu, həqiqət idi, yuxu ya xəyal deyildi. Elməddin başını aşağı salıb içəri keçdi.

Az sonra Əfsanə yemək gətirdi. Yenə də üzüaçıq. Bu dəfə oğlan üzünü yana çevirmədi. Hürkək-hürkək, kimdənsə qorxurmuş kimi baxışlarını onun üzündə gəzdirdi. Yanaqları allanmışdı, bu, yəqin xəcalətdəndi. Amma özü sınıxmışdı. Baxışları rastlaşanda bir anlığa ikisi də qeyri-iradi olaraq gülümsündü, ancaq heç biri kəlmə kəsməyə cəsarət etmədi. Bəlkə də danışacaqdılar, ancaq bu zaman qapıda hənirti eşidən Əfsanə özünü bayıra atdı, qayınanasını elə səkinin qırağında yaxaladı:

– Çadramı sən aparmısan?

– Hə, özümünkünü tapa bilmədim. Səninkini götürdüm.

– Elməddin də gəldi, üzü başıaçıq qaldım.

– Eybi yoxdur-, qızım, — deyə Səbihə arvad gülümsündü. — Daha Elməddindən niyə yaşınırsan? Onun yanında daha üzüaçıq gəzməyinə icazə verirəm. — Arvad bu son sözləri çox ucadan dedi. Qəsdən ucadan dedi ki, içəridə Elməddin də eşitsin. Və o, həqiqətən də eşitdi, elə o dəqiqə anasının məqsədini başa düşdü. O, artıq uşaq deyildi və elin-obanın da adətini çox yaxşı bilirdi. Bu, yadına düşən kimi əlini süfrədən çəkdi, boğazı qurudu, ağzındakı tikəni güclə uddu.

«Yox, bu olan iş deyil. Mən qardaşımın arvadıyla necə bir yastığa baş qoya bilərəm?! Ürəyim qəbul etməz!» — deyə Elməddin nə anasının, nə də Əfsanənin üzünə baxmadan həyətdən çıxıb kənd içinə getdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, üçüncü fəsil

Payızın son günü idi. Duman dağlardan üzüaşağı sallanır, Ədnanın üstünü alırdı. Havadan yağış qoxusu gəlirdi, ara-sıra haralardasa göy guruldayır, uzaqlarda qızılı şimşəklər bulud laylarını yarıb göyləri titrədirdi. Amma güclü yağış əvəzinə çiskin başladı. Sanki payız ömrünün son dəqiqələrini yaşayan qoca kimi ağlayırdı; ürəkdolusu ağlamaq üçün göz yaşı qalmamış qoca kimi...Səbihə əkin yerindən, bağ-bağçadan yığdığı ələf-əncəri islanmasın deyə çardağın altına yığa-yığa Elməddinin o günkü qəti cavabı barədə düşünürdü: «Gedəcəyəm». O, oğlunun xasiyyətini hər kəsdən daha yaxşı bilirdi: ağlına bir şey düşməsin, düşdümü, onu yerinə yetirməyincə rahat olan deyildi. İnadkarlıq, sözündən dönməzlik onun uşaqlıqdan canına-qanına hopmuşdu.

5 мин
İkinci hissə, dördüncü fəsil

Çarə tapılmışdı. İndi Elməddini buralarda saxlamaq üçün yalvarıb-yaxarmaq, əl-ayağına düşmək lazım deyildi. Sadəcə olaraq onu evləndirmək gərəkdi. Səbihə yaxşı bilirdi ki, kişilər (hər halda böyük əksəriyyəti) arvadcanlı olur. Elməddin də artıq kişilik həddinə çatmış bir cavandı. Şübhəsiz, onun da belə bir fikri olmamış deyildi. Bundan əlavə, o gün Həzrətgül gedəndən sonra dəsmalının yadından çıxıb qaldığını bəhanə edərək geri qayıdan Nazənin Səbihə arvadın qulağına pıçıldamışdı: «Sənin deyəsən əsl mətləbdən xəbərin yoxdu, xala».«Nə mətləb, qız?»—deyə Səbihə maraqla soruşanda Nazənin qayıdıb cavab vermişdi ki, «hələ Yusif rəhmətlikdəi qabaq Əfsanəni Elməddin istəyirdi. Uşaq açıb-ağartmağa imkan tapmadı, Yusif qabağa düşdü, qızı aldı. Daha bu yazıq da səsini çıxara bilmədi. Bildin, məsələ belə olub. İndi... hazır gəlindi, oturub evində. Uşağın əl-ayağını bir yerə yığ, qoy yaşasınlar... Əfsanə də onu istəyirdi. Hətta siz elçiliyə gələndə biçarə elə bilmişdi ki, onu Elməddin üçün alırsınız».

5 мин
İkinci hissə, altıncı fəsil

Günlərin birində, səhər yeməyini yeyib hərə öz işinin dalınca gedəndən sonra Nazənin doqqazda göründü. Qəm-qüssə əlində ürəyi sıxılıb havası çatışmayan, dərdləşmək, məsləhətləşmək üçün yanında canıyananı olmayan Əfsanə Nazənini görəndə anası gəlmiş körpə uşaq kimi sevindi. Kövrəlmiş Əfsanə Nazəninin qabağına qaçdı, qolunu boynuna salıb o üzündən-bu üzündən hərarətlə öpdü; səkidəki həsirin üstünə döşəkcə, mütəkkə atdı, əziz qonağı kimi əyləşdirdi. Əslində ona Nazənin anadan, bacıdan əskik deyildi. Nazənin bu yaşda cavanlar üçün az görünən mehribanlığı, istiqanlığı ilə Əfsanənin ürəyində yetimliyin yaratdığı boşluğu müəyyən dərəcədə doldurmuş, sınıq könlündə işıqlı bir inam doğurmuş və beləliklə onu həyata bağlamışdı.– Allah səni hayandan yetirdi, bacı? Yamanca darıxmışdım. Ürəyim hövl eləyib partlamaq istəyirdi.

3 мин
İkinci hissə, yeddinci fəsil

Elməddin pəncərənin qabağında dayanıb çölə baxırdı. Hər yan ağappaq ağarırdı. Ağaclar, damlar, hasarlar qar altında qalmışdı... Heç təsəvvür eləmək olmurdu ki, bir gecə ərzində yerə bu hündürlükdə qar düşsün. Amma düşmüşdü. Ədnan camaatı çoxdan belə yağıntı görməmişdi.Kənddə ölü bir sükut hökm sürürdü. Elə bil, qış canlı olan hər şeyi dondurub susdurmuşdu. Mal-qara tövlədə idi, adamlar evlərdən çıxmamışdı. Uca çinarların başında oturmuş qarğaların, pəncərə qabağına qonub cikkildəşən sərçələrin səsi Elməddinin ürəyində kövrək bir hiss doğurur, onsuz da soyuq olan evdə onu daha da üşüdürdü Səbihə, Əfsanə əlacsız adamlar kimi əllərini qoynuna qoyub bayır bacağa baxırdı... hərəsi öz aləmində odunun, taxılın və mal-qara üçün ot-ələfin çatıb-çatmayacağını götür-qoy edirdi. Bu məsələlər indi hamıdan çox Elməddini düşündürürdü.

4 мин

Стихи других поэтов