Üçüncü hissə, iyirminci fəsil
Rəhgüzər «Pərçəm»in redaksiyasına gəlmiş məktubları nəzərdən keçirirdi. Kefi kök idi. Əli Tüğyana vaxtında və həm də tutarlı cavab vermişdi. «Tarixi, mədəniyyəti, ədəbiyyatı qədim olan, təmizliyi, mərdliyi ilə şöhrət tapmış vətənimizə, xalqımıza arxa çevirən, şərafətinə dodaq büzən, mənafeyinə xəyanət edən hər kəsə — hətta əlahəzrətin özünə də tutarlı zərbə endirməliyik. Qoy bilsinlər, hiss etsinlər ki, bu millətin oğulları yatmayıb», — deyə düşünən Rəhgüzər gələn oxucu məktublarını, şerləri, məqalələri seçib ayırır, bəzilərini gözucu nəzərdən keçirir, ciddi və mühüm məsələlərə toxunan məktubları seçib bir kənara qoyurdu. Elməddinin rəssam olması Rəhgüzəri xüsusilə sevindirmişdi. Qəzetə yaxşı bir rəssam lazım olduğunu elə onun birinci nömrəsi çıxanda dərk etmişdi — amma bir etibarlı, münasib adam tapmamışdı. Təkəm-seyrək çıxan şəkilləri o, tanış bir rəsm həvəskarına çəkdirirdi ki, bunların da keyfiyyəti onu təmin etmirdi. Bundan əlavə, o adamın bunlarla həmkarlıq etməyə heç həvəsi yox idi. Qorxurdu. Bir dəfə açıqca Rəhgüzərə demişdi: «Sizin ağzınızdan qan iyi gəlir, qardaş! Mən özümü, gözüm baxa-baxa odun-alovun içinə ata bilmərəm!»
Rəhgüzər isə qəzetin hər nömrəsində şəkil, karikatura vermək və bununla da qəzetini oxunaqlı etmək istəyirdi. Elməddinin şəxsində, indi belə bir imkan tapmışdı.
Məktubların içində markasız bir məktub diqqəti cəlb etdi. Xətti o saat tanıdı. Tələsik kağızı açıb oxudu:
«Ayın 15-də məni Çaharrahiye-Tur Abbasxanda gözlə, saat 9da, Seyid Mustafa». Seyid Mustafa əslində Seyid Mustafa deyildi. Bu, hələ təzə-təzə yaranmaqda olan dəstənin gizli rəhbəri Bəbrəkin şərti adı idi. Ayda bir dəfə görüşürdülər: O, Rəhgüzərə lazımi göstərişlər verir, hansı məsələləri işıqlandırmaq, dövlətin siyasətinin əsl mahiyyətinin nədən ibarət olduğunu anlatmaq lüzumunu söyləyir, ən ciddi siyasi və nəzəri problemlər barədə yazdığı məqalələrini Rəhgüzərə təqdim edirdi. Onun siyasi dövlət dairələrində adı hamıya məlum idi. Bəbrək! Ancaq onun ikinci adı da vardı ki, bunu ancaq Rəhgüzər bilirdi. Və onun bütün məqalələri bu imza ilə çıxırdı: Şərəfəddin Dərdmənd. Əlbəttə, oxucular, siyasətlə az-çox maraqlananlar Şərəfəddin adlı müəllifin olduğunu anlayırdılar: ancaq bu kim idi, harada yaşayırdı, harda işləyirdi? — bilən yox idi. Nə polisin, nə baş nazirin, nə əlahəzrətin ağlına gələ bilməzdi ki, «Pərçəm»in səhifələrində çıxan odlu-alovlu məqalələrin, siyasi, kəskin çıxışların müəllifi parlamentin hörmətli deputatı Bəbrəkdir. Məclisdə müzakirə olunan bütün məsələlər barədə fəal surətdə çıxış eləyən Bəbrək, əlbəttə, ehtiyatı ölçüb-biçir, öz əsl nöqteyi-nəzərini bəzən orda demir, ancaq məqalələrində şərh eləyirdi. Bu, Bəbrəkin özünə xas taktikası idi. O bilirdi ki, sözün düzünü demək özünü də, bərkiyib ayaq üstə durmamış təşkilatı da zərbə altında qoymaq demək idi. Onun gözünün qabağında məclisin tribunasından əsl həqiqəti deyənlərin indi zindanlar güncündə çürüdüyünü o unutmamışdı. Hələ açıq mübarizə üçün zaman yetişməmişdi.
Bəbrək — Şərəfəddin şəhərin mərkəzindəki evində tək yaşayırdı. Evlənməmişdi. Yaşı qırxı adlamışdısa da, evlənmək, ailə qurmaq həvəsini boğmuşdu. Qarşısına mübarizə etmək, bu müstəbidlərlə vuruşmaq məqsədi qoymuş adama ailə ancaq mane ola bilər. Rəhgüzər, — o, fikrini Məhəmməd Şəfiyə söyləmişdi, — şəxsən mən belə düşünürəm ki, ailə, arvad-uşaq adamı qorxaq edir, cəsarətini əlindən alır, hamısını da almasa yarısını əlindən alır. Oğul-uşaq lazımdı, deyirsən?.. Vətənin bü ac-yalavac balaları, yarıac, yarıtox, yarıçılpaq yaşayan yavruları mənim balalarımdı — təsəvvür eləyirəm. Onların dərdini, qayğısını çəkmək tək mənim yox, bütün namuslu oğullarımızın borcudur». Rəhgüzər məktubu cırıb zibil yeşiyinə atdı və Bəbrək haqqında düşüncələrini davam etdirdi: «Qəribə adamdır. Həm sərtdi və həm də mehribandı. Bizim vətənin belə savadlı və qeyrətli oğullara ehtiyacı çoxdu, lap çox».
Bəbrək Rəhgüzərlə görüşəndə xüsusi ehtiyat eləyirdi. Çünki Rəhgüzər tanınmış adam idi. Onun ədəbi yaradıcılığı demək olar ki, diqqət mərkəzində idi. Bundan əlavə, onun siyasi istiqaməti və məfkurəsi də həm xalqa, həm də rəsmi dairələrə məlum idi. Məclisin möhtərəm vəkilinin belə «xatalı» bir adamla açıq dostluq eləməyinin özü də qorxulu idi. Burda can qorxusu yox idi. Bəbrəkin bircə canı vardı — onu xalq üçün, vətəni üçün hər vaxt qurban verməyə hazır idi. O, mənasız və məqsədsiz qurban getmək, heç bir iş görmədən mübarizə meydanını tərk etmək istəmirdi. Çünki Bəbrək onun rəsmi dairələrdə dolaşan yeganə etibarlı adamı idi ki, lazımi siyasi məsələlər barədə məlumat verə bilirdi. Əlbəttə, Rəhgüzər belə bir mənbədən məhrum olmaq istəməzdi. Bu, «Pərçəm»i tərk-silah etməyə bərabər olardı. «Demək, Çaharrahiye-Tur Abbas xan küçəsində» — deyə Rəhgüzər fikrində dolandırdı. Və sonra cibindən bloknotunu çıxarıb axırıncı səhifəyə nəzər saldı: «Çaharrahiye-Tur Abbas xan, demək Cadeye Sədarət... Bəli, saat doqquzda asta-asta bu küçəylə gedəcəyəm».
Hava çoxdan qaralmışdı. Şəhərin mərkəzi küçələrində işıqlar yanmışdı. Avtobuslar küçələri tərk edib parklarına gecələməyə getmişdilər. Cadeyi-Sədarət ucqar küçələrdən biri olduğuna görə qaranlıq idi. Bərk külək əsirdi. Göydə bir dənə də ulduz görünmürdü...
Başına yastı, dəri papaq qoymuş, əynində nazik balapuş olan Rəhgüzər Cadeye-Sədarətin sol tərəfi ilə ağır addımlarla yeriyirdi.
Saat doqquzu adlamışdı. Rəhgüzər arxadan maşın səsi eşidəndə qanrılıb geri baxmadı. Səs-uğultu yaxınlaşdı. Maşın dayandı. Rəhgüzər sönüb-yanan işığı görüb özünü maşının içinə saldı. Salamlaşdılar. Maşın «sürətini artırıb qaranlıq küçə ilə üzüaşağı şütüdü. Şəhərdən çıxanacan gəlmə kəsmədilər. Dağların arası ilə uzanıb kedən düz asfalt yola çıxanda Bəbrək sürəti azaltdı:
– Hə, ustad, necəsən?.
– Yaxşıyam, Bəbrək.
– Uşaqlar, Məleykə xanım yaxşıdırlarmı?
– Ömrünə dua eləyirlər. Sənin işlərin necə gedir? Bəbrək köks ötürdü:
– Pisdir, Şəfi.
– Niyə?
– Sən təsəvvür edirsənmi, millət vəkili olasan, millətin nəf’inə bir kəlmə də kəsə bilməyəsən, bu nə deməkdir? Dünyada bundan ağır cinayət və vicdan üçün bundan böyük cəza ola bilməz. Getdikcə daha çox yəqinlik hasil eləyirəm ki, məclis də, vəkillər də, sədr-əzəmin özü də satqındır. Burada millətin mənafeyi müdafiə olunmur. Vəkillərin yarısı əlahəzrətin öz adamlarıdır, xeyli hissəsi sədr-əzəmin adamıdı, cüzi bir hissəsi isə ağzına su alıb «dəymə mənə, dəyməyim sənə» deyir. Təkəm, səsimə səs, dediyimə qüvvət verən yoxdur. Susmaq? Nə qədər susmaq olar? Mən sənin vəziyyətinə qibtə eləyirəm, Şəfi. Heç olmasa sən istədiyini demək imkanına maliksən?.. Bəzən də az qalıram yerimdən qışqıram: «Siz hamınız millət vəkili yox, millət düşmənisiniz?» Ancaq özümü saxlayıram. Çünki ayrı çarəm yoxdur.
– Səbr etmək lazımdır, Bəbrək. Əssəbrül müftəhül fərəcə.
– Vəkillər yaltaqdırlar. Elə bil onları yuxarıdan deyilən hər sözü təsdiq etmək üçün qoyublar. Hərdən mənə elə gəlir sədr-əzəm desə ki, vəkillər, qərar var, sizin hamınız burada güllələnəcəksiniz, – buna da əl qaldırarlar.
– Arxayın ol, ona əl qaldırmazlar.
– Hər halda əl qaldıranı çox olar...
Qabaqdan maşın gəlirdi. Ötüb keçdi. Sonra Bəbrək dedi.
– Ötən iclasda ordunu qüvvətləndirmək, silah almaq məsələsi müzakirə olunurdu. Büdcənin otuz beş faizini ordunu gücləndirməyə, təzə silah almağa ayırdılar.
Səbr müvəffəqiyyətin açarıdır.
– Ordunu kimə qarşı gücləndirirlər?
– Aydın məsələdir. Bizim məmləkətimizə qarşı qonşu məmləkətlərin heç biri qoşun çəkmək fikrində deyil. Ölkədə yaranmış vəziyyət əlahəzrəti qorxuya salıb. Əlbəttə, silah bu üsyanları yatırmaq, sənə-mənə qarşı yönəltmək üçün onlara gərəkdir. Bu fikri pərdələmək üçün sədr-əzəm məmləkətin müdafiə qabiliyyətini yüksəltməkdən, hər hansı bir basqına qarşı hazır olmaqdan ağızdolusu danışdı. Ordu bu zavallı xalqın tikəsini əlindən alıb yeyir. Üstəlik yeni tanklar, təyyarələr də alınır ki, bunlara yanacaq lazımdır. Məmləkətin isə yanacağı yoxdur, demək, neft-benzin də alınmalıdır. Buna bizim iqtidarımız varmı?
– Yoxdur, əlbəttə, heç yoxdur.
– Amma alırıq. Sənin «möhtərəm» hökumətin belə qərarlar qəbul etdi və sənin «möhtərəm» vəkillərin də əl qaldırdılar.
– Bəlkə yenə borc almaq istəyirlər?..
– Borc içində məmləkət qərq olub, Şəfi. Hökumət üç gün bundan qabaq təkcə Amerikaya on dörd milyard beş yüz əlli iki milyon dollar faiz verdi. Barmağını yum, de, hansı məmləkətə borclu deyilik?.. Rəsmən ingilisləri ölkədən qovduq, ancaq biz yenə xaricilərdən asılıyıq. İqtisadi cəhətdən biz yenə köləyik. Fabrik, zavod açmaq, boş-bikar qalıb acından köpük qusan adamların əməyindən istifadə edib məmləkəti dirçəltmək əvəzinə bizim ağalar borc almağı üstün tuturlar.
– Yəqin belə fikirləşirlər ki, onacan ya xan ölər, ya eşşək?..
– Xan da ölə bilər, eşşək də, xalq isə ölmür. Xalq yaşayır. Borcu xalq ödəyir.
– Zavallı xalq.
– Qəzetin gələn nömrələrinin birində borc məsələsini işıqlandırarsan. Yaxşı olar ki, indi dediyin Molla Nəsrəddinin «ya xan ölər, ya eşşək» lətifəsi əsasında. Bu, xalqa daha tez çatar. Bu bir. İkincisi, məclisin rəsmi caridəsi çapdan çıxandan sonra hökumətin silah almaq fikrinə kəskin bir məqalə yazarsan. Bunu, bəlkə mən özüm yazdım. Bu iki məsələni aydın mövqedən işıqlandırmaq lazımdır. «Sülh» qəzetinin çıxmağını mən müəyyən mənada alqışlayıram.
– Alqışlayırsan? — Məhəmməd Şəfi təəccübləndi.
– Bəli... İki müxtəlif cəbhəli qəzetin olması yaxşıdır. İki cəbhə arasında gedən mübarizə xalqa çox şey öyrədə bilər və ona dostunu, düşmənini tanımaqda kömək edər. Əli Tüğyanın sənə həmləsi və sənin ona cavabın xoşuma gəldi. Yeri gəlmişkən soruşum o, karikaturanı çəkən kimdir?
– Bu barədə mən sənə ətraflı məlumat vermək istəyirdim.
– Eşidirəm.
– Onun müəllifi istedadlı bir oğlandı.
– Oğlandır?
– Bəli, cavan adamdır. Qəzetimizdə onun hekayələri, şerləri çıxır. Özü şimaldandı. Ədnan qəryəsindəndi. Şəhərə gəlib. İş düzəltdim. İşləyir. Həm də yaxşı rəssamdı. Mən istəyirdim sizə təklif edəm ki, onu dəstəmizə götürək.
– Sınamısan?
– Yox, məncə sınamaq lazım deyil.
– Niyə?
– Etibarlı adama oxşayır.
– Yox, Şəfi. Bizim işimiz elədir ki, hər adama etibar edə bilmərik. Kiçik bir səhv bizi məhv edə bilər və işimizi yarımçıq qoya bilər. Biz isə hələ demək olar ki, heç bir iş görə bilməmişik. Buna görə də yüz ölçüb, bir biçməliyik. Sonrakı peşmançılıq fayda verməyib heç vaxt.
– Əlbəttə, düz deyirsiniz...
– Onu mən özüm sınayaram. Sən heç bir şey demə...
– Baş üstə.
– «Pərçəm»in tərəfdarları getdikcə çoxalır. Bu, məni sevindirir. Ancaq elə etmək lazımdır ki, hökumət, qəzeti vaxtından qabaq bağlamağa bəhanə tapmasın.
– Qəzet bizim nəfəsimiz, qəzet bizim silahımızdır. Onsuz biz...»
Bəbrək Şəfinin sözünü tamamladı:
– Sudan çıxarılmış balıq kimi ölümə məhkumuq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-itkin-gelin-ucuncu-hisse-iyirminci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Elə bu zaman professor otağından çıxdı. Böyük evdə heç kəs yox idi. Ümumiyyətlə, son vaxtlar onların evi çox sakit və demək olar ki, cansıxıcı olmuşdu. Küsülü kimi gəzib dolanırdılar. Adətən, ən əziz və doğma bir adamı dəfn edəndən sonra evdə belə qərib səssizlik hökm sürür. Yaxşı ki, kitablar varmış, yaxşı ki, yazı-pozu varmış!..Professor da, Nadirə də elə hey işləyir, yazıb-pozurdular və sanki bununla evdəki boşluğu doldurmaq, ürəklərindəki qüssəni qovmaq, yüngülləşdirmək istəyirdilər. Ancaq onları bu da bezdirirdi, bu da usandırırdı.
İkinci hissə, on doqquzuncu fəsilSöz verdiyi vaxt çoxdan tamam olmuşdu, ancaq Əqdəm hələ də gəlib çıxmamışdı. Gülmirə nigarançılıq içində çırpınırdı, hər gün işdən gələndə onu evdə görəcəyini, yenə dindirməyəcəyini düşünürdü: «Qoy lap yalvarsın, qoy lap ağlasın!» — deyirdi. Daha səbri tükənmişdi. Əqdəmin yoxluğu fikri onun beyninə, ürəyinə hakim kəsilməyə başlayırdı. Əqdəm hərdən çox gec-gec gəlib tez də çıxıb gedən qonağa bənzəyirdi, halbuki o bu evin kişisi, bu ailənin başçısı idi.Son vaxtlar Gülmirə işinə möhkəm girişmişdi. Öz təkliyini, qüssəsini ancaq işləməklə, yazıb-pozmaqla, mütaliə etməklə unutmağa çalışırdı. Çalışırdı, ancaq bu ona çox baha başa gəlirdi. Əsəbləri gərilir, fikri çətinliklə bir yerdə qərar tuta bilirdi. Getdiyi yer idarə, anasıgil idi. Anası da axır vaxtlar bir az həlimləşmiş, onu danlayıbdansamaqdan əl çəkmişdi. Çünki arvad hiss eləyirdi ki, indi onun səhv elədiyini təkrar-təkrar üzünə çəkmək nəinki bir fayda vermir, hətta qızı əsəbiləşdirir. O, göz yaşı axıda-axıda ağlayırdı. Buna isə anası tablaya bilmirdi. Qızı onlara gələndə könlünü açır, darıxmağa qoymurdu.
İkinci hissə, iyirminci fəsilOrxan ev-eşiyə sığışmırdı. Gah çarpayıya uzanır, gah durub oturur, gah da eyvana çıxıb dənizə tamaşa eləmək istəyir, ancaq bacarmırdı. Papirosu papirosun oduna yandırır, öz-özünə danışır, əsəblərinin möhkəm gərildiyini hiss eləyib, özünü toxtatmaq istəyirdi.Bu gün qəribə gün idi. O, günün çoxunu sevimli Gülmirə ilə bir yerdə olmuş, Sabunçuya getmişdi, kinoya baxmışdılar. Orxan ondan xoş və şirin arzularla ayrılmışdı. Kaş o, gün əyiləndən sonra dəniz qırağına getməyəydi. Kaş Biləndərə rast gəlməyəydi.
İkinci hissə, iyirmi birinci fəsilAxşam idi. Orxan telestudiyadan yenicə gəlmişdi — görkəmli ədəbiyyatşünas alim Mirzə Yanarın yetmiş illiyi ilə əlaqədar televizorda çıxış eləmiş, onun həyatından, əsərlərindən ürəkdolusu danışmışdı. Mirzə Yanar — az yaşamışdı, amma bu az ömründə Azərbaycan ədəbiyyatının onlarla nəhəng və naməlum şəxsiyyətini tədqiq edib öyrənmiş, haqqında əsərlər yazmış, xalqa tanıtdırmışdı. Özünü şəxsən görməsə də, Orxan ona güclü, istedadlı bir alim kimi çox pərəstiş eləyirdi, — doğrudan da, Mirzə Yanar öz ürəyini, beyninin işığını əsərlərinə köçürmüşdü, gecə-gündüz bilmədən, bütün diyarı gəzərək klassiklərin əsərlərini toplamış, onları itib-batmaqdan, unudulub ölməkdən xilas eləmişdi. Sonra vaxt gəlmişdi, tufan qopmuşdu, Mirzə Yanarı da köklü-köməcli yerindən qoparıb aparmışdı, qurunun oduna yaş da yanmışdı. Tək özü yox, əsərləri də oxucu üzünə həsrət qalmışdı. İndi bir neçə ildi ki, ədalət yerini tutmuşdu. Özü qayıtmamışdı, amma partiya onun təmiz adını və əsərlərini əsil sahibinə — xalqına qaytarmışdı.İndi onun altmış illiyini də qeyd edirdi ədəbi ictimaiyyət. Onun şərəfinə həsr edilmiş yığıncaqlar keçirilirdi, sağ qalan yoldaşları Mirzə Yanar haqqında xatirələr də danışırdılar. Üç gün əvvəl institutda elə Salman Qurbanzadə Mirzə Yanar barədə çıxış eləmiş, az qala gözləri yaşara-yaşara onunla birgə keçən günlərindən, təmizliyindən, xeyirxahlığından, böyüklüyündən xeyli söhbət etmiş, Mirzə Yanarın aramızdan vaxtsız getməsinə dərindən təəssüfləndiyini bildirmişdi. Orxan Mirzə Yanardan ürəklə, həvəslə danışmışdı bu gün televizorda. Televiziya Komitəsinin işçiləri onun çıxışını çox bəyənmişdilər. O, evə qayıdıb gələndən sonra da tanış-biliş, dostlar zəng eləyib Orxanı təbrik eləmişdilər. Zəng çalanlar içində Gülmirə, Cəfər, Nadirə də vardı. Salman isə xüsusi danışmışdı:
Стихи других поэтов
Hər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
İtirməyim bu qismətiDemirəm ki, zirvələrdə qartalam mən,Köksü şirin nəğməli bir körpə quşam.