Üçüncü hissə, yeddinci fəsil
Bu cümə axşamı Rəhgüzərin evində yenə şer məclisi olacaqdı. Məleykə xanım ertədən iri rus samovarını doldurmuş, kömür atıb qaynatmışdı. Çayniklərə hil atıb hazır qoymuşdu...
Saat yeddi tamamda qonaqlar gəldilər. Üç nəfərdilər. İkisi ucaboylu, sağlam bədənli cavandı; biri əlində gümüşü haşiyəli çəlik tutmuş yaşlı kişi idi. Elməddin onları artıq tanıyırdı. Keçən həftə də bu günü şairgilə yığışmışdılar. Qoca şairin adı Taqət idi, əsasən qəzəl yazırdı. Cavanlardan qızıldişlisinin adı Müciri, o birisininki isə Fəramuşdu...
Məhəmməd Şəfi onları gülərüzlə qarşıladı: zarafatlaşa-zarafatlaşa qonaqları evinə dəvət elədi. Onlar Elməddinlə köhnə dost kimi görüşdülər...
Taqət çəliyini yerə döyüb dedi:
– Hə, bacıoğlu, bu gün gərək sən də bizə öz sənətini göstərəsən. Yoxsa bu olmadı ki, adını şair qoyubsan, özün də ağzına su alıb susursan. Elə deyil, ağayi Rəhgüzər?!
– Əlbəttə, ustad düz buyurur.
– Sizin hüzurunuzda şer oxumaq mənimçün müşküldü, ustad. Çox müşküldü; həm də elə bir ciddi şerim də yoxdur.
– Yoxsa utanırsan, Elməddin? — deyə Fəramuş da söhbətə qarışdı.
– Yaman utancaqdı bizim Elməddin! —deyə Məhəmməd Şəfi onun qızarıb pörtdüyünü görüb cavab verdi.
– Onda olmadı, — Taqət keçib dairəvi mizin arxasında əyləşə-əyləşə dedi, — sənətkar olmaq istəyən gərək utancaq olmasın, utananın oğlu olmaz, deyiblər. Mən isə deyirəm, utanandan sənətkar olmaz. Necə demişəm, Şəfican?
– Əladır, ustad.
Hamısı oturdu. Məleykə yan otaqdan çıxıb «xoş gəldin!» — deyəndən sonra çəkilib getmək istəyirdi ki, Taqət üzünü ona tutub söylədi:
– Necəsən, qızım?
– Yaxşıyam, ustad, — deyə Məleykə ədəblə, ərinin qocaman şairə müraciət etdiyi kimi cavab verdi.
– Bizim Şəfi səni incidib-eləmir ki, Məleykə?
– Yox, ustad, — o, ərinə mehriban nəzər saldı.
– İncitsə, mənə yavaşca işarə elə, bir balaca qulaqburması verim ona. Necə dedim, Şəfican?
– Böyüyümüzsünüz, ustad!
– Hə, bax belə!..
Kimsə çöl darvazasının zəngini basdı; eyvanda səs eşidildi.
– Bəbrək, get qapını aç. — Məhəmməd Şəfi çönüb aralıq qapıdan oğluna göstəriş verdi. Az sonra qonaq otağına saçları qar kimi ağarmış enli alınlı, gözlərinin altı torbalanmış, altmışa yaxın yaşı olan bir adam daxil olduqda Şəfi də, qonaqlar da ehtiramla ayağa qalxdılar.
– Oho, gör bizə kim gəlib, gör bizə kim gəlib?! — deyə Rəhgüzər qabağa yeriyərək iki əlini də irəli uzadıb qonaqla görüşdü — səndən nə əcəb, ağayi Nəcməddin? Xoş gəlib, səfa gətiribsən!
– Könlümə şer düşdü, Şəfi... Özün bilirsən ki, mən çörəksiz yaşayaram, ancaq şersiz yox.
– Bilirəm, bilirəm.
Ağayi Nəcməddin gözlərini məclisdəkilərin üzündə dolandırdı və gümrah bir səslə:
– Məndən başqa hamı burdaymış ki?! —dedi.
– Elə biz də indicə yığışmışıq, — deyə Taqət ona öz yanında yer göstərdi, — gəl otur yanımda. Qocalar qoy yanaşı otursunlar. Necə deyirəm, səninçün!
– Qoca sözünü işlətmə, ustad! — deyə Nəcməddin etiraz elədi. Özümüz qoca olsaq da, ruhumuz, allaha şükür, hələ cavandı.
Nəcməddin təkcə şəhərin deyil, məmləkətin mötəbər, varlı, adlı-sanlı adamlarından hesab olunurdu. Nə qədər varı-dövləti olduğunu özü də dəqiq bilmirdi. Bu, onu heç maraqlandırmırdı da. Gəncliyini Parisdə, Nyu-Yorkda, Londonda, İsveçrədə eyş-işrətdə keçirmiş Ağayi Nəcməddin daha toxtayıb durmuş, dünyanın naz-nemətindən muradını götürdükdən sonra köhnə, gənclik havavu-həvəsinin, xoş xatirələrin xəyalilə yaşamağa başlamışdı. Qoca zahirən bu günlərdə yaşasa da, fikrən, xəyalən keçmişdə idi: ötən günlərin silinməz, unudulmaz təəssüratlarını yad edir, onları təzədən yaşayır və beləliklə, günlərini başa vururdu. İki arvaddan beş oğlu olmuşdu, bir qızı. Oğlanlar birinci arvaddan, qız ikinci arvaddandı. Kişinin sümüyü bərk çıxmışdı, özü demişkən, arvadların başını vaxtından qabaq yemişdi. Oğlanlarını oxutmuş, sənət sahibi etmiş, hərəsinə ürəkləri istəyən yerdə ev almış, tikdirmiş, paylarına düşən irsi də bəri başdan ayırıb vermişdi, evləndirib ailə sahibi eləmişdi.
İndi təkcə qızı Zərrintacla ata-baba imarətində yaşayırdı.
Ağayi Nəcməddin şerpərəst idi. Özü ömründə bircə sətir yazmamışdı, ancaq şer üçün hər şeyindən keçməyə hazır idi. Şer sanki onun canı, həyatı idi. Həmişə şersizləyəndə özünü Rəhgüzərgilə verər, ədəbiyyatdan-sənətdən söhbət salar, onun bir neçə şerini dinləməmiş getməzdi.
Ağayi Nəcməddin məclisə göz gəzdirərək Elməddinə baxıb:
– Bu cavan oğlan kimdir? — deyə xəbər alanda Taqət hamıdan qabaq cavab verdi:
– Cavan şairlərimizdəndi, ağa.
– Həə?
Elməddin başını aşağı saldı.
– Təzə bardaq suyu daha sərin! — dedi Nəcməddin. Məleykə altı çaynikdə çay gətirdi. Piyalə gətirdi.
– Adın nədi, oğul?
– Elməddindi, ağa.
– Hə, Elməddin, əsərin-zadın çıxıb heç? Şəfi Elməddinin yerinə dilləndi:
– Bizim ruznamədə bir-iki şeri çıxıb. Duzlu qələmi var, ağa.
– Yəqin yaxşı şer olmayıb, ona görə də nəzərimi cəlb eləməyib.
Nəcməddinin bu sözləri Elməddini yamanca tutdu — pörtüb qızarsa da, özünü o yerə qoymadı.
– Elə bir şey deyildi ki, yadda qalsın — deyə Elməddin astaca mızıldandı.
– Bərəkallah. Bax, xoşum gəldi bu cavabından. Adam yaratdığı haqqında gərək heç vaxt yüksək fikirdə olmasın. Yoxsa bizim bu Taqət kimi, bir beyt, ya bir misra yazır, sonra da soruşur ki, ayə, mən ölüm, necə demişəm? Dərindən axtarırsan, baxırsan, görürsən ki, bizim möhtərəm ağayi Taqətin dediyini min il, beş yüz il, yüz il bundan əqdəm qoçağın biri deyib, möhürünü də basıb üstünə. Taqət də onu təkrar eləyir, ya da üzünü çevirir astarına, deyir ki, mən ölüm necə demişəm!! Belədi, ya yox, Taqət?!
Nəcməddinin xasiyyətini bildiyi üçün Taqət hirslənmədən:
– Daha deyirsən də, — deyə cavab verdi. Nəcməddin əlini Taqətin çiyninə vurub:
– Hə, mən ölüm, necə dedim, hə? — dedi.
– Yaxşı dedin, Nəcməddin! — Taqət özü etiraf etdi,— zarafatından qalmırsan da, axır ki!!
– Nə zarafat, ay kişi? Lap düz sözümdü. Zəhər olsun o zarafatın içinə ki, doxsan doqquz faizi həqiqət olmaya.— Nəcməddin, görünür, sözlərinin çox sərt olduğunu və bundan qoca dostunun inciyə biləcəyini fikirləşib sözünü dəyişdi: — Hamı bilir ki, mənim səninlə zarafatım var.
– Əlbəttə, əlbəttə — Taqət gər səslə Nəcməddinin sözünü təsdiq elədi.
– Zarafatsız yaşaya bilmirəm də. Zarafat dünyanın bəzəyidir.
Müciri gələndən bəri birinci dəfə ağzını açıb dedi:
– Amma ərəblər deyir ki, əzzərafət miqrazul məhəbbət — yəni zarafat məhəbbətin qayçısıdır.
Taqət fürsətdən istifadə edib Nəcməddinə söz atdı:
– Nəcməddinin zarafat qayçısı o qədər köhnəlib ki, daha bizim məhəbbətimizi kəsə bilməz. — Bu dəfə o, əlini Nəcməddinin çiyninə vurub: — mən ölüm, necə dedim? — söylədi.
Nəcməddin güldü:
– Bu dəfə yaxşı dedin.
Məleykə arxada, pəncərənin ağzında oturmuşdu. Oxunacaq şerlərə qulaq asmaq istəyirdi. Rəhgüzər qonaqlara nəzər salıb:
– Hə, kim başlamaq istəyir? — deyə müraciət etdi. Nəcməddin üzünü Elməddinə tutdu:
– Sən başla görək, — dedi.
Elməddin üzünə zillənən baxışlar altında dərhal tərlədi. Ehtiyat eləyirdi. Bu adamlar nəsə onun gözünü qorxutmuşdu. Çəkinmədən, heç nəyi pərdələmədən deməyi xoşlayan bu adamların hücumlarına məruz qalmaq istəmirdi.
– Dur, bir-iki şer de, — deyə Məhəmməd Şəfi ərklə ona müraciət etdikdə o, son günlər yazdığı, ancaq heç kəsə cəsarət edib göstərə bilmədiyi şerlərini oxumaq fikrinə düşdü. Çəkinə-çəkinə ayağa durdu. Məleykənin məclisdə olmağından daha çox sıxılırdı. Kişi məclisi olsaydı, o qədər utanmazdı.
Titrək, həyəcanlı səslə dedi:
– Mən sizə iki balaca şerimi oxumaq istəyirəm. Nəcməddin sözünü kəsdi:
– Şerin böyüyü, balacası olmaz, oğul, mənanın, fikrin böyüyü, balacası olar. Şer var ki, yüz sətirdi, içində bir sətirlik də məna yoxdur. Şer də var ki, bir sətirdi, bir beytdi — bir kitaba yaza bilərsən o məna barədə. Düz demirəm, Şəfi?
– Elədir ki, var.
– Hə, buyur, — Nəcməddin məclisin ağsaqqalı kimi ona icazə verdi.
Elməddin uçuna-uçuna, heç kəsin üzünə baxmadan, astadan başladı:
Öpdüm yanağından, yandı dodağım,
Qəmli gözlərimdə dan üzü güldü.
Sevincdən titrədi əlim-ayağım —
Üstümə şəfəqlər, nurlar töküldü.
Yenə gözlərimdə nur oldu aləm.
Qışda bahar oldu çöl-çəmən bu gün.
Ey tanrım, ey tanrım, nə bəxtəvərəm,
Öpmüşəm yarımın üzündən bu gün.
Sınıq ürəyimdə kökləndi bir saz.
Bir sevinc nəğməsi oxudu könlüm.
Bu gün yer üzünü axtar, tapılmaz,
Səndən bəxtəvəri yox idi, könlüm.
O an bir yuxuydu, incədən-incə...
Hələ ayılmayım qoy ondan, aman.
...Ayna qabağında durub gizlicə,
Öpdüm səni öpən dodaqlarımdan!
– deyə o alnında muncuqlanmış tər damcılarını dəsmalı ilə silib: — Bu bir şer! — söylədi.
Ağayi Nəcməddin çənəsini ovcunun içinə dayayıb qulaq asırdı. Məhəmməd Şəfi də, Taqət də, Fəramuş da gözlərini ona zilləmişdi. Sükutu Nəcməddin pozdu:
– O şeri bir də təkrar elə, oğul. Məni kövrəltdin sən, xəyalımı çəkib cavanlıq illərinə apardın.
Elməddin ikinci dəfə, azca ucadan şeri təzədən söylədi. Rəhgüzər özünü saxlaya bilməyib:
– Afərin, — dedi, — sağ ol, yaxşıdır, Elməddin, xüsusilə sonu çox poetikdir.
«Ayna qabağında durub gizlicə, Öpdüm səni öpən dodaqlarımdan».
– Atan rəhmət, oğul. Dalını de gəlsin, — Nəcməddin söylədi. Elməddin cürətlənmişdi. İkinci şeri də oxudu:
Nurdan yaranmısan, nurdu baxışın,
Ulduzlar göylərə gözündən düşüb.
Sevən ürəyimə bu atəş, bu od,
Sevən ürəyinin gözündən düşüb.
Səndən ayrı düşmək — ən böyük günah.
Ağaran saçıma baxıb çəkmə ah.
Yüz telim həsrətdən ağarıb, vallah,
Bircə dən bir acı sözündən düşüb.
Eşqinlə ucalan uca bir dağam.
Səni sevəcəyəm — nə qədər sağam.
Bir kəsi deməyə qoymayacağam —
Sevgilin qocalıb gözündən düşüb...
Araya ani bir sükut çökdü. Hamı bir-birinin üzünə baxdı. Nəhayət: «Halal olsun, oğul», — deyə yenə Nəcməddin böyük bir vəcdlə onun əlini sıxdı — əladır. Müxtəsərdi, amma dərindi. Hə, ağayi Müciri, bu barədə ərəblər bir şey deməyiblər?!
– Yox, ağa. Deməyiblər. Yaxşı şerdir. Rəhgüzər dedi:
– Onların üzünü köçür ver mənə, bu nömrəmizdə verəcəyəm.
– Lütfünüz artıq olsun.
Ağayi Nəcməddin şerləri dinləyəndən sonra Elməddinlə ətraflı maraqlaqnmağa başladı. Rəhgüzər onun haqqında qısaca məlumat verdi (Əfsanə əhvalatını danışmadı), paytaxta gəlişinin əsl səbəbini söylədi. Nəcməddin çal, pırpız qaşlarını yuxarı qaldırdı və qayğılı-qayğılı soruşdu:
– Demək, iş axtarırsan?
Elməddin sıxıntı içində cavab verdi:
– Bəli, ağa!
Nəcməddin sifətində bir şadlıq ifadəsi əlini sinəsinə qoydu:
– İş məndə!!! Təhsilin nədi, bala?
Elməddin baxışlarını dolandırıb MəHəmməd Şəfiyə baxandan sonra astaca dilləndi:
– On ikinci sinfi bitirmişəm, üç il də qəryədarın yanında katib işləmişəm, ağa!
– Hə. Lap yaxşı Mənim bir mühasibim vardı; üç gün bundan qabaq əliəyrilik elədiyinə görə qovmuşam. Səni onun yerinə götürürəm. Sabah bizə gələrsən.
– Çox sağ olun, ağa. Minnətdaram.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-itkin-gelin-ucuncu-hisse-yeddinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İsti iyul ayının ikinci yarsının ikinci günü məmləkətə heç kəsin ağlına gəlməyən, çoxlarının gizli arzusu olan, ancaq kimsəyə etibar edib demədiyi bir xəbər ildırım sürətilə yayıldı: «Əlahəzrətin taxt-tacı devrilmişdir. Şahlıq-üsulu-idarəsi ləğv edilmişdir. Əfqanıstan respublika olmuşdur. Əlahəzrətin doğma bacısı oğlu Sərdar Məhəmməd məmləkətin rəisi-cümhurudur. O Sərdar Məhəmməd ki, düz on il baş nazir olub.»Bu xəbər bütün məmləkəti silkələmişdi. Uşaq da, böyük də sevinirdi. Sevinməyənlər də vardı, təbii ki, Əlahəzrəti sevənlər, onu allahın kölgəsi hesab edənlər, uşağının adını əlahəzrətin adıyla çağıranlar sevinmirdi, təbii ki! Dostları, övladları qohum-əqrəbası yas içində idi.
Dördüncü hissə, səkkizinci fəsilHava ilıq yaz günəşi ilə könül oxşayırdı. Həyətdəki ağaclar yamyaşıldı, gül kollarının üstünə elə bil yaşıl-qırmızı parça sərmişdin. Elməddin fpkirli-fikirli kiçik bağçada gəzinirdi. Qanıqara idi — Simin uşaq xərc eləmişdi. Üç aylıq körpə varlıq, anasının ehtiyatsızlığı üzündən — ağır yük qaldırdığından tələf olmuşdu. Simin çoxlu qan itirdiyindən zəif düşüb yatmışdı. Əfsanə ona tez-tez şərbət içirir, yeməyinə xüsusi fikir verirdi. Simin sakit ola bilmirdi, dalbadal köks ötürür, bunu böyük itki hesab eləyirdi. Əfsanə nə qədər təskinlik verirdisə, gəlin aram olmurdu. Onun bu qanıqaralığı Elməddinə də pis təsir eləmişdi. İki gün idi qaşqabağı açılmır, fikir xəyaldan ayrılmırdı. «Dünyaya gəlməmiş ölən körpəmə» adlı qəmli bir şer də yazmışdı. Şerdə oğul həsrətilə yaşayan bir atanın ürək çırpıntıları, övladının xoş gələcəyi haqqında xoş, şirin düşüncələri qələmə alınmışdı.Əfsanə içəridə — yatağında uzanmış Siminbərə, eyvanda, həyətdə Elməddinə təsəlliverici sözlər deyirdi, ancaq elə bil, ər-arvad onu eşitmirdi, sanki, «eh, sən nə bilirsən, övlad nə deməkdi, ay yazıq!» — söyləyirdi ürəyində. Nədənsə Əfsanəyə elə gəlirdi ki, Elməddin uşağın tələf olmasından çox, arvadının çəkdiyi əziyyətə heyfslənir, yanıb-yaxılır. Və o, bunda sonsuz bir məhəbbət görürdü, bu canıyananalıq, qayğıkeşlik hardasa Əfsanənın gözlərini dumanlandırır qəlbini qəribə bir kədərlə doldururdu. O, belə anlarda özünü dünyanın ən bədbəxt qadını sayırdı. Hərdən anlaşılmaz bir ürək çırpıntısı ilə gözləyirdi ki, bax, indi Simin xəstədir, qan itirib zəif düşüb, başı öz hayındadı, qeyri-iradi bir qadın marağı ilə gah onun, gah bunun ağzına, gözlərinə baxan Simin indi, demək olar ki, çarpayıdan düşə bilmirdi, Əfsanə qızın da yatdığı vaxtlar olur, — bax belə anlarda, dəqiqələrdə, saatlarda, Elməddin ona lütflə, mehribanlıqla baxa bilər, heç olmasa şirin-şirin söhbət edə bilər, ya özündə bir cəsarət, qüdrət tapıb onun otağına keçə bilərdi. Belə arzu ilə yaşadığı günlər çox olmuşdu, ancaq hamısında ümidləri, intizarları boşa çıxmışdı. Simin elə bil Elməddini əfsunlamışdı. Əfsanəyə olan məhəbbətini, marağını öldürmüşdü, soyutmuşdu. Əfsanə bunu özü üçün ən böyük dərd eləyib yaşayırdı, ağrılı qəlbinin giziltilərini ovuda-ovuda yaşayırdı. Doğurdanmı, onun hiss etdikləri həqiqət idi, ya ona elə gəlirdi? Doğrudanmı Elməddin, Əfsanəyə olan sevgisini tamam itirmişdi? Bax bu həqiqəti Əfsanə bilmirdi, başa düşmürdü, şəklə yəqin arasında çırpına-çırpına qalmışdı.
Dördüncü hissə, doqquzuncu fəsilƏfsanə pəncərənin qənşərində dayanıb həyətdə, miz arxasında oturan Şahinlə Elməddinə tamaşa eləyirdi. Şahin nə isə danışırdı, Elməddin lal-dinməz qulaq asırdı. Görəsən, söhbət nədən gedirdi? Əfsanənin ürəyinə dammışdı ki, Şahin bura, Elməddinin yanına onun üçün gəlib. Yəqin indi də elə bu barədə odlu-odlu danışır. İstəyirdi orda ola, onun sözlərinə qulaq asa. Görə nə deyir, necə deyir? Ancaq bu mümkün deyildi. Bu ara balaca Əfsanə gəlmiş:– Madərim səni çağırır, xala — demişdi. Əfsanə tələsik Siminin yanına cummuşdu.
Dördüncü hissə, on üçüncü fəsilVaxt dolanıb keçdikcə Sərdar Məhəmməd bir tərəfdən hakimiyyətin ona bəxş etdiyi səadətdən, geniş imkanlardan, hamının onun qarşısında ikiqat olub əyilməsindən, sahibi-ixtiyar olmasından əvəzsiz bir nəşə alırdısa, digər tərəfdən daimi qorxu içində yaşaması kefinə soğan doğrayırdı. Hakimiyyəti çox asan ələ almışdı, ancaq görünür, onu əldə saxlamaq o qədər də asan deyilmiş. Uzun illər yüksək dövlət vəzifələrində çalışan, məmləkətin həm iqtisadi, həm də siyasi vəziyyətini çox gözəl bilən rəisi-cümhur anlayırdı ki, şahı qovmaq, məmləkəti cümhuriyyət elan etməklə mövcud vəziyyəti dəyişmək, artıq oyanmış, öz haqqını-hüququnu az-çox dərk etmiş və daha yağlı vədlərə inanmadığından tez-tez küçələrə çıxan, müxtəlif tələblər irəli sürən camaatı sakitləşdirmək mümkün deyil. Məhz bu fikir Sərdar Məhəmmədin canına gizli bir qorxu salırdı. O, yaxın adamları ilə tez-tez məsləhətləşsə də, ağıllı bir tədbir söyləyən adama rast gəlməyib məyus olurdu, belə hallarda çox vaxt təkbaşına qərarlar qəbul edir və onun yerinə yetirilməsinə çalışırdı. Əlində olan məlumatları saf-çürük eləyəndən sonra bu qənaətə gəlmişdi ki, bütün bu nümayişlərin — müzahirələrin yeganə təşkilatçısı və ilhamvericisi hezbi-demokratexəlqi-Əfqanıstandır. Bu, gizli fəaliyyət göstərən, gözəgörünməz orduya, puhəntuna, müxtəlif müəssisələrə uzanan təşkilatın, onun rəhbərlərinin işidir və nəyin bahasına olursa-olsun onu tapmaq, məhv etmək, ocağını söndürmək gərəkdir. Belə olmasa məmləkətin nizamı pozulacaqdır. Odur ki, o, lap bu yaxınlarda vəzirə-ümure-daxiləni, rəisesazmane-əmniyyəni yanına çağırıb xeyli danladıqdan sonra, onları hezbin əsas başçılarını nə cür olursa-olsun, tapmaq, həbs etmək, cəmiyyətin müzür ünsürləri kimi xalqın gözü qabağında mühakimə edib güllələmək tapşırığı vermişdi. Daha başqa çıxış yolu yox idi — təşkilat getdikcə güclənir, nufuzu artırdı, əgər indi qarşısı alınmazdısa, sonra geç olacaqdı. Rəise-sazmane-əmniyyə general Əmir xan günortadan sonra rəisi-cümhurun qəbuluna gəlmişdi. Generalın yaşı altmışı haqlamışdı, başında bir dənə də qara tük yox idi, buna baxmayaraq,o, qəddini dik tutub həmişə şax yeriyərdi. Xırda, yanı qırışlarla örtülmüş gözlərində daim gizli bir təbəssüm gəzirdi. Tədbiri, ağlı, çevikliyi ilə adi zabitlikdən bu rütbəyə qalxmışdı. Sərdar Məhəmməd onu gəncliyindən tanıyırdı və təsadüfi deyildi ki, onun bacarığına inanıb bu işi əsasən ona həvalə etmişdi.General Əmir xan iki gün geçə-gündüz evə də getməmişdi, elə idarədə yatmışdı, ancaq çox iş görmüşdü. Hezbin fəaliyyəti rəhbərləri, əsas nüfuzlu üzvləri barədə illərlə açıq-gizli xəfiyyələrin müxtəlif vaxtlarda yazıb təqdim etdiyi məlumatlar əsasında bir səhifədən ibarət siyahi tərtib etmişdi; bu siyahidə Nur Məhəmmədin, Bəbirin, Mir Əkbərin, Şəfinin, Süleyman Layiqin, Ziyaülhəqtin və başqalarının adı yazılmışdı, səhifənin lap axırında Elməddinin adı qeyd olunmuşdu. Başqa bir-kağızda isə onları ələ keçirmək planı xırda xətlə, təfsilatı ilə şərh olunmuşdu.
Стихи других поэтов
Getmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,
Gəlsin, gəlməsinBir deyən yoxdur o məhcəmaləAşiqi-nalan gəlsin, gəlməsin?
Aşıq Pərinin Cəfərqulu xana cavabıEşitmişdik, qulluğuna yetişdik,Gördük ki,düşübsən dildən-dilə sən.
Ədvari-təcəddüd, əs'ari-inqilabTutmuş bütün əvalimi tufani-inqilab,Dəhhətnümuni-hövldür ümmani-inqilab.