Birinci hissə, ikinci fəsil
Страница 1 из 3
Saat yarımdan sonra Xəzangül artıq xəstəxanada idi. Sahilə də, Əsəd də elə təcili yardım maşınında onunla birgə gəlmişdilər. Əsədin köhnə dostlarından olan doktor Kamil, bu axşam xəstəxanada növbətçi olduğuna görə heç yerə tərpənə bilmədiyindən, əhvalatı eşidən kimi, Əsədi iki şəfqət bacısı ilə tibb maşınına mindirib naxoşun dalınca göndərmiş və iyirmi dəqiqə keçməmiş Xəzangülü gətirtmişdi. Kamil Xəzangülün xəstəliyini də, qəzavü qədəri də, Əsədlə olan tarixçəsini də çoxdan və çox gözəl bilirdi. Əsəd Xəzangülün taleyini həkimə elə o vaxt rayondan qayıdıb dəniz qırağında ona rast gələndən az sonra danışmışdı, hələ bir dəfə də Kamili yanına salıb Xəzangülün üstünə gətirmişdi. Onda Kamil Xəzangülü ətraflı müayinə eləyib evdən çıxandan sonra fikrini Əsədə açıq söyləmiş, tibb elminin bu qədər sürətli inkişafına baxmayaraq, hələlik bu mərəz qarşısında aciz olduğunu və qadının sağalacağına az ümid bəslədiyini etiraf etmişdi. Kamilin o zaman Əsədə dediyi sözlərdən ancaq bu yadında qalmışdı: «Onun xəstəliyinin əsas səbəbi – sarsıntıdı, Əsəd. İkinci böyük sarsıntı olarsa, ya – nə qədər olsa da səndən gizləmirəm – ya öləcək, ya da… sağalacaq. İndilikdə onun üçün dava-dərman havayı əziyyətdi. Onu da sənə deyim ki, ikinciyə ehtimalım daha azdı, Əsəd. Əsəb - yaman şeydi, qardaş. Mənim müşahidələrimə və qənaətimə görə, xəstəliklərin böyük əksəriyyətinin başlanğıc nöqtəsi – əsəb sisteminin pozulmasıdır. Hətta xərçəngin də. Əsəb hiss olunmadan, gündə bir az pozulur, ancaq sağalması, bərpa olunması uzun, səbr və dözüm tələb eləyir, qardaş».
Əsəd Kamilə bir həkimdən çox, bir Allah kimi baxırdı. Bu şəhərin ən adlı-sanlı həkimiydi Kamil. Onun əlinin yüngüllüyündən, bıçağının sayalılığından, ağlının itiliyindən, təcrübəsinin çoxluğundan az qala bütün şəhər danışırdı. Canı ağrıyan, ağır xəstəliyə düşən, sağalacağına ümidi olmayanlar belə ona pənah gətirirdi. Çünki dediyi, bəzən baxan kimi peyğəmbəranə qoyduğu diaqnozlar çox nadir hallarda düz çıxmırdı. O, indi həkimlər arasında dəb düşən kimi, təkcə dar bir sahənin həkimi olmaqdan şüurlu surətdə imtina etmişdi. Həm yaxşı cərrah idi, həm mahir əsəb xəstəlikləri ustası idi, ürəyin, psixologiyanın isə sözün həqiqi mənasında Allahı idi Kamil. Yaşı əllidən təzəcə sovuşmuşdu, amma gur, qalın saçları artıq çallaşmışdı. Sənəti onu özünə məftun etmişdi, gündüzlər xəstəxanada – xəstələri oxuyurdu, öyrənirdi, axşamlar kitabları, keçmişin, indinin məşhur təbiblərinin əsərlərini mütaliə edib beyninə, yaddaşına köçürürdü. «İş vaxtı», «qəbul saatı» məfhumları onun dəftərinə yazılmamışdı. Harada olsa, - qonaqlıqda, toyda, yasda, hətta gecənin şirin vaxtı yatdığı zaman belə, o, həkim idi hər şeydən əvvəl. Qayğıkeşliyi, mehribanlığı isə onun sənətini də, özünü də daha da gözəlləşdirirdi. Ona görə şəhərdə adı böyük bir ehtiram hissilə çəkilirdi, dildən dilə dolaşırdı. Canı ağrıyan hər kəs özünü, xəstəsi olan hər kəs xəstəsini ona çatdırmağa can atırdı. Kamilin həmişə hər şeyi çatmışdı, təkcə vaxtı olmurdu Kamilin. Özü üçün, ailəsi üçün çox az vaxt ayıra bilirdi. «Başımı qaşımağa vaxtım yoxdur» – deyə-deyə Kamil, Əsəd kimi başını ağartmışdı.
Əlli beşinci ildə Tibb institutunu bitirəndə təyinatını Tacikistanın dağlıq rayonuna vermişdilər. Elə getmək ərəfəsində özü ilə bir yerdə oxuyan, gözəl, ağıllı, ağır-səngin, mehriban, Kamili altı il gizli bir məhəbbətlə sevən Tahirə ilə evlənmiş, cavan ər-arvad bir-birinə qoşulub Pamirə yola düşmüşdülər. Beş il orada elə yaşamış, elə işləmiş, elə hörmət qazanmışdılar ki, vətənə qayıtmaq məsələsi meydana çıxanda taciklər yamanca pərişan olmuşdular, hətta köç məqamında dallarınca ağlayan da tapılmışdı. Həyat bəxş etdiyi, ölümün soyuq əllərindən alıb dünyaya qaytardığı adamlar, üstündən illər keçməsinə baxmayaraq, hələ də Kamili unutmur, gah məktub yazır, gah yanına gəlir, gah da qonaq çağırırdılar. Hətta ağır xəstələrini oradan götürüb Bakıya, Kamilin yanına gətirənlər də çox idi…
… Otaqda iki çarpayı var idi. Qoşa laylı, hündür pəncərə qabağındakı çarpayıda Xəzangül uzanmışdı. Sahilə və Əsəd aşağı tərəfdə, ayaq üstə dayanmışdı. Ağ örtüklü tumbanın üstü bomboş idi. Tələsik çıxmışdılar deyə, nə çay saxlayan, nə stəkan-nəlbəki, nə dəsmal… heç nə götürməmişdilər. Bu, Əsədin yadına indi düşdü, ancaq bir söz demədi. «Səhər gətirərəm» – deyə ürəyindən keçirtdi. Sonra başını qaldırıb Xəzangülə nəzər saldı. Xəzangül, onun baxışlarını tutan kimi, iyirmi il əvvəl olduğu təki, uzun kipriklərini qırpdı və səssiz-səmirsiz, Sahilənin eşidə bilməyəcəyi tərzdə:
− «Mən sənə qurban olum!» – söylədi kiprikləriylə.
Əsəd də kiprik çaldı:
− «Mən sənə qurban olum!» – Və gülümsündü.
Heç biri danışmırdı. Xəzangül elə bil danışmaqdan qorxurdu, «birdən yenə danışa bilmərəm, dilim tutular» – deyə ehtiyat eləyirdi. Əsəd də, Sahilə də danışıb onu yoracaqlarından çəkinib susurdu. Buna baxmayaraq Əsəd, iri, qara əllərini çarpayının nikel üstünə qoyub:
− Bir yerin ağrımır ki, Xəzan? – deyə soruşdu.
− Yox. Yaxşıyam, Əsəd.
− İndi doktor gələcək. Sən onu tanıyırsan, Xəzan. Yadındadı, bir dəfə sizə gətirmişdim.
− O ağ baş kişi?
− Hə. Bilirsən nə həkimdi?
Elə bu vaxt qapı açıldı, əyninə ağ xalat geymiş, ağ başına ağ papaq qoymuş Kamil içəri girdi. Əhvalı yaxşı idi, üzündən mehribanlıq yağırdı. Bununla belə, diqqətlə baxan olsaydı, gözlərində bir yorğunluq da olduğunu sezə bilərdi. Gümrahlıqla:
− Salam! – dedi. – Bizim yanımıza öz ayağı ilə, öz xoşu ilə gələn az olur, amma öz ayağı ilə, sevinə-sevinə gedənlər çoxdur. Xəstənin halı, baxan kimi gördüm, yaxşıdı. Sağlamların halı necədi? – deyə o, üzünü Sahiləyə tutdu, qızın özünü itirdiyini görüb əlavə etdi – Səni deyirəm, qızım!
Sahilə pul kimi qızardı və astaca:
− Sağ olun, doktor, yaxşıyam! – söylədi.
− Hə, sən yaxşı olmalısan. Çünki sən yaxşı olanda anan da sənə baxıb fərəhindən yaxşı olacaq. Dərslərin necə gedir? Gərək ki, o dəfə Əsəd müəllim onuncuda oxuduğunu söyləmişdi.
− Hə, onuncudadı, Kamil – Əsəd dedi.
− Babatdı dərslərim.
− Yox, babat pisdi. Mənim Nərgiz balam da onuncudadı, bu il qurtarır. Medala namizəddi. Yox, gərək sən yaxşı oxuyasan – bu, anan üçün səndən daha vacib lazımdı. – Kamil danışa-danışa düşünürdü ki, Əsəd haqlı imiş – ana-bala bir-birinə necə də oxşayırmış. Genlərdi. İş genlərdədi. Təbiətdə gen, insanlarda gen, bütün kainatda gen… Gen deyirik, amma bu sözün dilimizdə necə adlandığını heç kəs fikirləşmir – bu, bizim dildə zat deməkdir. Xalq bunu yaxşı, yerində işlədib: «Filankəs zatı qırıq adamdır».
Xəzangül isə bu söhbətə qulaq asa-asa fikirləşirdi: «Qəribə adamdı. Xəstə qalıb bir tərəfdə, həkim dərsdən-filandan danışır! Amma qəribə bir söz dedi içəri girən kimi. «Xəstənin halı, baxan kimi gördüm, yaxşıdı!» Yəni elə bir baxışda bilmək olur xəstənin halı yaxşıdı, pisdi? Görünür, bilmək olur». Sonra Xəzangül özü də bilmədən həkimin son sözlərinə cavab verdi: − Yazıq uşaq bütün vaxtını mənə sərf eləyir. Dərslərinə çox az vaxtı qalır, doktor!
Kamil Xəzangülə sarı döndü, yaxın gəlib çarpayının qırağında əyləşdi və onun nəbzini tutdu, gülə-gülə:
− Hə, bax, belə. Mən elə bayaqdan bunu istəyirdim. Dağdan-arandan danışırdım ki, siz dillənəsiniz. Suala cavab vermək ayrı şeydi, öz xoşuna, öz fikrini bildirmək ayrı şeydi. Bunun çox incə psixoloji əsası var, Əsəd.
− Mən səni başa düşürəm, Kamil. – Əsəd Kamilin bir həkim kimi düşüncə tərzinə heyranlıqla cavab verdi.
Kamil daha o «incə psixoloji əsası» xırdalamadan mətləbə keçdi:
− Danışanda çətinlik çəkmirsən ki?
− Yox.
− Əvvəlcədən bildiyin sözlərin hamısı yadındadı?
− Hə, yadımdadı – dedi Xəzangül, ancaq duruxub fikrə getdi. – Hə, deyirəm, ancaq nə bilim?! Bəlkə…
− Belə… İndi sənin yaddaşını yoxlayaq. – Kamil ani olaraq gözlərini yumub açdı – De görüm, orta məktəbdə sizə ədəbiyyatdan kim dərs deyib?
Xəzangül qımışdı:
− Ədəbiyyatdan?
− Hə. Ədəbiyyatdan…
− Sabit müəllim.
Kamil Əsədə sarı döndü:
− Düz deyir?
− Hə, düz deyir!
− Əla. – Bir az susub soruşdu – Familiyası nə idi o Sabit müəllimin?
− Familiyası… Gərək ki, Əlibəyzadə idi.
− Düzdür – Əsəd fərəh içində təsdiq etdi.
Kamil otağa göz gəzdirib:
− Bax, o yuxarıda, balaca açıq pəncərə var ha, onun adı nədir? – deyə soruşduqda Xəzangül qaşını və kipriklərini yuxarı qaldırıb pəncərəyə baxdı:
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-olum-yoxdur-birinci-hisse-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kişinin huşu özündə deyildi. Nə gözlərini açır, nə də bir söz deyə bilirdi. Qanı dayanmırdı. Şəfqət bacıları onun qanlı paltarlarını dəyişdirib ağ tuman-köynək geydirmiş, cərrahiyyə otağındakı divana uzatmışdılar. Baş həkim Rasim Sultanzadə yaralını müayinə edirdi. Sol əlini dizinin üstünə qoyub xəstənin nəbzini yoxlayan həkimin çal qaşları altından baxan iri, ala gözləri yaralının qabarlı əllərinə dikilib qalmışdı. Ürəyi zəif vururdu. Çoxlu qan itirmişdi. Sultanzadə kişinin başını da diqqətlə yoxladı. Arxa tərəfdən, sıx qara tükün içindən qan sızırdı.– Balaxanım!.. – deyə o, təkərli xərəyin sağ tərəfində dayanmış qadına müraciət etdi.
IV fəsilBəhruzun gözü pillələrdə idi. Bəlkə bir xəbər gətirən oldu. Gələn yoxdu. Səbirsiz halda durub gəzinməyə başladı.Narıngül xala Bəhruzu görüb:
V fəsilRasim Sultanzadə hələ də öz daxili aləminə qapanıb düşünürdü. Bəhruz getmişdi, amma doktora nədənsə elə gəlirdi ki, o getməyib, elə burada, qabağında dayanıb, birinci dəfə üz-üzə gəldiklərinə baxmayaraq onunla çəkinmədən, kişi kimi açıq söhbət edir.«Belə adamlar heç şeydən qorxmazlar, həqiqəti deməkdən çəkinməzlər. Başqalarına yalan danışmaz, hiylə gəlməzlər» deyə doktor Bəhruz barədə ürəyində götür-qoy edirdi. Balaxanım çəkələklərini döşəmədə səsləndirə-səsləndirə doktorun kabinetinə daxil olanda o, xəyaldan ayrıldı.
VI fəsilBalaxanım həkimin yanından qanıqara çıxdı. Qəbul otağına gəldi. Məlumat kitabından Qədirin iş yerinin telefon nömrəsini axtarmağa başladı. Tapdı. Nömrəni yığdı.– Allo, sement zavodudur?
Стихи других поэтов
Ay qız, belə gəzib yıxma evimi,Telindən tel ayır sat mənə, dilbər.
Sual–CavabSeyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,
Neyləyim, oldu bahar amma baharım gəlmədiNeyləyim, oldu bahar amma baharım gəlmədi,Gül açıldı gülşən icrə, gülüzarım gəlmədi.
Gülgəz (Qaranı)Başına döndüyüm, qurvan olduğum,Yoxdu sənin kimi, yaxası Gülgəz.