Birinci hissə, ikinci fəsil
Страница 2 из 3 · 33%
− Nəfəslik! – dedi.
Doktor ayağa qalxdı. Gözlərindəki yorğunluq silinib getmişdi:
− Lap yaxşı!.. Hər şey öz qaydasındadı… Sən sağalacaqsan, ancaq gərək darıxmayasan, yaxşı?
− Yaxşı, doktor. Mənimki daha darıxmaqdan keçib.
Kamil əllərini ağ xalatının cibinə salıb otaqda var-gəl elədi, boş çarpayıya baxdı. Sonra üzünü Sahiləyə çevirib:
− Hələlik bu çarpayını da sənə verirəm. Gecələr ananın yanında qala bilərsən – dedi.
Ana da, bala da bir ağızdan:
− Çox sağ olun, doktor! – söylədi.
Kamil sonra Əsədə üz tutdu:
− Belə, Əsəd müəllim. Sən də heç darıxma, ümid edirəm ki, az bir müddətdən sonra sənin xəstən öz ayaqları ilə buradan evə qayıdacaqdır. İndi sovet elmi möcüzələr yaradır, qardaş.
− Mən sizə də, elmimizin qüdrətinə də inanıram, doktor – deyən Əsəd sevindiyindən bilmirdi neyləsin. Əsəd bayaqdan Kamilin hərəkətlərinə, danışıqlarına fikir verirdi. Sualları qəribə göründü ilk anlarda. «Müəlliminin adı nə idi, famili nə idi, nəfəslik… nə bilim nə! Birdən, elə indicə Əsəd bunların mənasını anladı. Kamil Xəzangülün yaddaşını yoxlayırmış. Yaddaş isə başbeyin mərkəzinin fəaliyyəti ilə bağlı fizioloji bir proses-di. Əgər yaddaş, hafizə yerindəsə, demək, baş beyinin işi, nizamı pozulmayıb, demək o, bədəni idarə etməyə, düşüncəni cilovlayıb nizamlamağa qadirdi. Bax, yəqin elə buna görə də, Kamil belə inamla «Sən sağalacaqsan!» söyləyir. Yoxsa başqa nə cür ola bilərdi?! Bayaq, Əsəd başılovlu Kamilin yanına gələndə Xəzangülün birdən-birə danışdığını söylədikdə o, diqqətlə qulaq asıb, «Nəsə olub ki, onun dili açılıb. Dərin, sarsıdıcı bir şey olmalıdı, Əsəd. Boş yerə, durduğu yerdə bu, mümkün olan iş deyil» – dedikdə, Əsəd Sahiləyə buraxılış gecəsi üçün təzə paltar, ayaqqabı aldığını söyləmişdi. Sahilə geyinib, onun qabağına gəlib, arvadın gözləri böyüyüb həlqəsindən çıxıb… və sonra işarə ilə Əsədi çağırtdırıb…
Bunları eşidəndə Kamil gülə-gülə:
− Hə, bu, başqa məsələ, Əsəd müəllim! – demişdi. – O, anadı. Ana ürəyi isə dəhşətli dərəcədə həssas olur – xüsusən qız uşağına qarşı. Heç şübhə etmirəm ki, o fikirləşib, - bu paltarı ona heç kəs təmənnasız almaz. Ürəyinə min şübhə axıb dolub bir anda. Bilirsən, Əsəd, əslində onu sənin qayğın, sənin fədakarlığın, sənin diqqətin dilə gətirib. O, yaşasa – buna isə mən inanıram – sənə, ancaq sənə minnətdar olmalıdı.
Kamil Əsədin gözlərində aşıb-daşan sevinci görərək gülümsündü və Xəzangülə, Sahiləyə baxaraq Əsədə döndü:
− Hə, sən arxayın gedə bilərsən – söyləyərək otaqdan çıxdı. Əsəd onun dalınca baxa-baxa qaldı. Minnətdarlıq eləməyə belə macal tapa bilmədi Əsəd.
Palatada üçü qaldı. Sahilə ayaq üstə dayana bilmədiyindən (bu gün ancaq dərsdə oturduğu idi, sonra yanı yerə dəyməmişdi, ayaqları zoqquldayırdı, kötüyə dönmüşdü) bayaq doktorun göstərdiyi çarpayıda oturdu. Çarpayı astaca cırıldadı. Əsəd siqaret çəkmək üçün ağ dəstəyi burub qapını açaraq balkona çıxdı. İkinci mərtəbə idi, həyət yaşıllıq içindəydi, iki şam ağacı bu palatanın balkonunun dibindən üçüncü mərtəbəyə can atırdı. «Yaxşı xəstəxanadı, təmizdi, səliqəlidi» – deyə düşünə-düşünə bir «Avrora» yandırdı. Məhəccərə söykənib daş hasar içində qaralan yaşıllığa tamaşa edə-edə siqaretini çəkdi. Xəzangülün bu gün, bir neçə saat bundan qabaq dil açmasından bəri olanları fikrindən keçirdi. Bu günü Əsəd ömrünün, Xəzangül gedəndən sonra keçən ömrünün – bu illərdə onu demək olar ki, heç nə belə fərəhləndirməmişdi – ən xoş günü hesab elədi. Nəhayət o, Xəzangüllə ağıllı-başlı danışa biləcəkdi, beynini, qəlbini elə hey, aramsız gəmirmiş, ona rahatlıq verməmiş cavabsız suallarına cavab ala biləcəkdi. Ən ümdəsi isə bu idi ki, Xəzangül sağalacaqdı. Ona Xəzangüldən heç nə lazım deyil. Təki sağ olsun, nəfəsi gəlsin, tək balasının üstündə olsun, başqa heç nə istəmir Əsəd.
Sonra onun fikri keçmişdən, gələcəkdən haylanıb indiyə, xəstəxanaya, xəstəxana ilə, Xəzangüllə, Sahilə ilə bağlı qayğılara qayıtdı. Burada elə bir çətin şey yox idi – bu barədə Əsədin fikri aydın idi. Siqaretini çəkib qurtaran kimi içəri girdi.
− Hə, ana-bala nə pıçıldaşırsınız? Bir-birinizlə danışmaq üçün çox darıxmısınız deyəsən, hə? – deyə Əsəd zarafat etmək istədi.
Xəzangül ağzını açıb minnətdarlıq eləmək üçün nə isə söyləmək istəyəndə Əsəd, qəsdən imkan vermədi və çox ciddi şəkildə Sahiləyə dedi:
− Çox danışıb onu yorma, qızım. O qədər vaxtınız olacaq ki. Onda nə qədər istəsəniz danışarsınız. O qaçmır, sən qaçmırsan. Birdən-birə onu yormaq olmaz. Sən özün də az danışmağa çalış, Xəzan. Yaxşı!
− Yax…şı, Əsəd.
− Sən də başa düşdün, qız?
− Başa düşdüm, Əsəd müəllim. Çox sağ olun. Allah…
Əsəd onun burnuna bir çırtma vurub sözünü deməyə aman vermədi:
− Yaxşı, yaxşı, qoca arvadlar kimi, dil-ağız eləmə, - dedi və güldü. – Sən yaxşısı budur, imtahanların barədə fikirləş. Qabaqdan dövlət imtahanların gəlir.
− İmtahan-zad heç gözümdə deyil, Əsəd müəllim.
− Yox. Sən nə danışırsan? Daha indi şükür, hər şey yaxşıdı, qayğıların azalıb. Bax, kitab-dəftərini sabah gətirərsən bura, axşamlar ananın yanında oxuyarsan, hazırlaşarsan, elə məktəbə də səhər tezdən burdan gedərsən. Dərsdən də çıxıb evinizə yollanarsan, axşamacan hazırlaşarsan. Gündüzlər mən qalacağam burda, gecələr sən. Qaldı ki, bazarlıq-filan, onların hamısını mən eləyəcəyəm, qızım. Yox, yox, mən nə deyirəm, elə də olacaq. Bildin?
− Hə, bildim, Əsəd müəllim.
− Bax belə. Sabah mən burada işlətmək üçün nə lazımsa
– qab-qaşıq, stəkan, qənd, çay və s. gətirəcəyəm. İndi tələsikliyə düşdük, yadımızdan çıxdı.
Bu zaman palatanın qapısı açıldı və ağ xalatlı, xurmayı saçlı bir cavan qız içəri girərək Əsədi görəndə təəccübləndi, nazik, alınmış qaşlarını yuxarı dartdı və:
− Tovariş, uje vam para uxodit. Skoro otboy – dedikdə Əsəd qol saatına baxaraq:
− Hə, gecdi. – söylədi Xəzangülə – mən gedim, səhər gələrəm.
Sahilə onu ötürmək üçün ayağa qalxdıqda Əsəd qoymadı:
− Otur, otur. Yaxşı, gecəniz xeyrə qalsın. – deyib ağ xalatlı qızın ardınca çıxmaq istədi. Qapının ağzında nə fikirləşdisə geri qanrılıb Xəzangülə baxdı. Xəzangül uzun kipriklərini yumub qaldırdı. Əsəd də elə elədi. Və qapıdan çıxdı…
… Əsəd gedəndən sonra uzun müddət aralığa dərin bir sükut çökdü. Ana-bala, Xəzangül uzandığı yerdə, Sahilə oturduğu yerdə donub qalmışdı. Elə bil, danışmağa söz tapmırdılar. Halbuki hər ikisinin ürəyi dolu idi. İllər uzunu bir-birinin səsini, sözünü eşitməyən istəkli ana-balanın deyiləsi, danışılası sözümü yox idi? Vardı, çoxdu, lap çoxdu. Ancaq gözlənilmədən onların qəm-qüssə ilə dolu evlərinin qapısını döyən sevinc ikisini də sanki təzədən lal eləmişdi. Bu, onlar üçün göydən düşmüş bir möcüzə idi. Hələ üstəlik Əsədin ürəyi də bu iki dərdli insanı heyrət içində dondurmuşdu. Hərəsi öz aləmində ürəklərinin dərinliyinə baş vurur, Əsəd barədə, onun qəlbi, vicdanı haqda layiqli bir söz tapıb dilə gətirmək istəyir, ancaq, qəribə idi ki, bütün gözəl kəlamlar, ifadələr Əsədin adının qabağında sönük, ölü görünürdü. Əsəd hər cür tərifdən, öygüdən yüksək idi. Xəzangül Əsəd haqqında, çox götür-qoydan sonra, belə bir hökm verdi: «Əsəd insan deyilmiş, Əsəd mələk imiş!
Tanrı Əsəd şəklində göydən endirmişdir, Tanrı Əsəd qiyafəsində mənə cəza vermək üçün asimandan yerə endirmişdir onu. Qoy versin bu əzabları mənə, qoy versin. Mən bundan da böyük cəzalara layiqəm…»
Sahilə də anasına baxmadan, gözlərini par-par parıldayan parket döşəməyə zilləyərək, Əsəd barədə fikirləşirdi: «Görəsən bütün insanlar Əsəd müəllim kimidi? Yox, ola bilməz. Əsəd müəllimə heç kəs bənzəyə bilməz. Amma kaş bütün insanlar onun kimi olaydı – onda yer üzündə dərdli-qəmli adam tapılmazdı, onda hamı xoşbəxt olardı, onda dünya cənnət olardı». Sahilə başını qaldırdı, anasının səssiz-səmirsiz, tavana baxdığını görüb qorxu içində dilləndi:
− Ana!..
Xəzangüldən səs gəlmədi. Sahilə bir az ucadan, təşvişlə yenə:
− Ay ana! – deyə çağırdı.
Xəzangül xəyaldan ayrıldı:
− Hə, nədi, qızım?..
Sahilənin hövllənmiş ürəyi toxdadı:
− Heç… səsin gəlmədi, elə bildim… yatmısan…
Xəzangül ah çəkdi:
− Yox, yatmamışam, can bala. Düşünürəm…
− Nə barədə, ana?
Xəzangül ağ yastığın üstə, başını qızına sarı döndərdi, ona, çoxdan görmürmüş kimi, xeyli diqqətlə baxıb mənalı-mənalı gülümsünərək:
− Əsəd barədə fikirləşirdim, qızım! – söylədi.
Sahilə bu qəribə təsadüfə çox sevindi, yerində dikəlib uşaq fərəhiylə:
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-olum-yoxdur-birinci-hisse-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kişinin huşu özündə deyildi. Nə gözlərini açır, nə də bir söz deyə bilirdi. Qanı dayanmırdı. Şəfqət bacıları onun qanlı paltarlarını dəyişdirib ağ tuman-köynək geydirmiş, cərrahiyyə otağındakı divana uzatmışdılar. Baş həkim Rasim Sultanzadə yaralını müayinə edirdi. Sol əlini dizinin üstünə qoyub xəstənin nəbzini yoxlayan həkimin çal qaşları altından baxan iri, ala gözləri yaralının qabarlı əllərinə dikilib qalmışdı. Ürəyi zəif vururdu. Çoxlu qan itirmişdi. Sultanzadə kişinin başını da diqqətlə yoxladı. Arxa tərəfdən, sıx qara tükün içindən qan sızırdı.– Balaxanım!.. – deyə o, təkərli xərəyin sağ tərəfində dayanmış qadına müraciət etdi.
IV fəsilBəhruzun gözü pillələrdə idi. Bəlkə bir xəbər gətirən oldu. Gələn yoxdu. Səbirsiz halda durub gəzinməyə başladı.Narıngül xala Bəhruzu görüb:
V fəsilRasim Sultanzadə hələ də öz daxili aləminə qapanıb düşünürdü. Bəhruz getmişdi, amma doktora nədənsə elə gəlirdi ki, o getməyib, elə burada, qabağında dayanıb, birinci dəfə üz-üzə gəldiklərinə baxmayaraq onunla çəkinmədən, kişi kimi açıq söhbət edir.«Belə adamlar heç şeydən qorxmazlar, həqiqəti deməkdən çəkinməzlər. Başqalarına yalan danışmaz, hiylə gəlməzlər» deyə doktor Bəhruz barədə ürəyində götür-qoy edirdi. Balaxanım çəkələklərini döşəmədə səsləndirə-səsləndirə doktorun kabinetinə daxil olanda o, xəyaldan ayrıldı.
VI fəsilBalaxanım həkimin yanından qanıqara çıxdı. Qəbul otağına gəldi. Məlumat kitabından Qədirin iş yerinin telefon nömrəsini axtarmağa başladı. Tapdı. Nömrəni yığdı.– Allo, sement zavodudur?
Стихи других поэтов
Ay qız, belə gəzib yıxma evimi,Telindən tel ayır sat mənə, dilbər.
Sual–CavabSeyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,
Neyləyim, oldu bahar amma baharım gəlmədiNeyləyim, oldu bahar amma baharım gəlmədi,Gül açıldı gülşən icrə, gülüzarım gəlmədi.
Gülgəz (Qaranı)Başına döndüyüm, qurvan olduğum,Yoxdu sənin kimi, yaxası Gülgəz.