Birinci hissə, on ikinci fəsil
İki gün idi ki, Orxanın qırışığı açılmır, fikirli-düşüncəli gəzib-dolanırdı. Professorun onun yanından saymazyana keçməsi, salamını almaması Orxana yaman yer eləmişdi. Elə hey bu barədə götür-qoy edir, Salman Qurbanzadənin xəyalı onun gözünə görünür, Orxanın həmişə sakit və rahat olmuş qəlbini incidirdi. O, indi qiymətli bir şey itirmiş və onu daha tapmayacağına əmin olan adama oxşayırdı.
Orxan səssiz-səmirsiz, ürəyindəcə professorla danışırdı:
«Professor, siz mənim — öz tələbənizin salamını niyə almırsınız? Sizə neyləmişəm? Məqalədə sizin fikrinizə şərik olmadığıma görəmi belə eləyirsiniz, professor? Axı, siz bizə— öz tələbələrinizə ayrı sözlər öyrədirdiniz. Öyrədirdiniz ki, obyektiv olaq, «düz söz zəhər kimi acı da olsa, onu deyəndən inciməyək, sənin nöqsanlarını deyən adam sənin ən yaxın dostun, xeyirxahındır», — deyərdiniz. Deyərdiniz! Bəs hanı? Belə görünür, bunlar boş sözlərmiş... Doğrudanmı mənim hörmətli müəllimim, siz bu qədər kiçik adamsınız? Mən heç ağlıma da gətirməzdim ki, siz bunun üstündə məndən inciyə bilərsiniz mənim salamımı almaya bilərsiiz, məni görməyə bilərsiniz. Mən çox sadəlövh adamam. Mən insana çox inanıram, mən onun yaxşı cəhətlərini görmək istəyirəm. Bəlkə bunlar mənim gözümü yumur və mən adam tanıya bilmirəm?! Müəllim mənim gözümdə müqəddəsdir, müəllim hiylədən, riyadan uzaq bir varlıqdır... Günəşdə ləkə ola bilər, ancaq müəllimdə gərək zərrəcə ləkə olmasın.
İnciyirsiniz, inciyin... Mən öz ürəyimin, ağlımın səsini dinləmişəm, müəllim!..»
Nəhayət, Orxan dözə bilmədi. Günorta, camaat tənəffüsə çıxan vaxt professorun meşin örtüklü qapısını üsulluca aralayıb içəri girdi. Orxan həyəcanlı idi; bilirdi ki, kabinetdən yaxşı çıxmayacaq, professorla onun arasında yəqin ki, xoşagəlməz söhbətlər olacaq...
Ancaq bu, onu qorxutmurdu. Açıq danışmaq, münasibəti aydın bilmək hər şeydən yaxşı olardı. O zaman daha Orxan: «Professor inciyibmi, inciməyibmi?» — deyə ürəyinin içini yeməz, rahat yaşar, rahat işlərdi.
Lakin Orxan tamam başqa bir vəziyyətlə qarşılaşdı. Nadirə xanım, Cəfər və Gülalı professorun kabinetində idi. Nə barədə isə danışırdılar. Onun gəldiyini görəndə söhbət kəsildi. Orxan təkcə Nadirə xanım tərəfə baxıb başını astaca tərpətməklə salam verdi. Professorun kefi kök idi; qarayanız sifəti gülürdü.
– Hə, gəl görək, qoçaq oğlan! — deyə o, kürəyini yumşaq kreslonun arxasına söykəyib yayxandı. — Bəs sənin salamın hanı, Orxan?
Professor səsi həmişəki kimi sakit və mülayimdi, elə bil, heç nə olmamışdı. Məsələnin belə olacağını gözləməyən Orxan professora salam verməməsindən yamanca pərt oldu. Ancaq professorun bu sualının çətin söhbəti başlamaq üçün çox münasib bir açar olduğunu başa düşüb dedi:
– Siz ki, daha mənim salamımı almırsınız, professor!
Salman bu sözləri ya eşitmədi, ya da əhəmiyyət vermədi. Qapının ağzındakı stulda oturmuş Gülalı indi burada çox maraqlı söz-söhbət olacağını yəqin edib yerini rahatladı və nə Orxanın, nə professorun sifətlərindəki kiçicik bir ifadəni də nəzərdən qaçırmamağa çalışaraq üzünü gah ona, gah da buna sarı çevirirdi. Nadirə xanım isə məqalə çıxan günün axşamı ərinin ürəyinin qısılmasını xatırlayır, mütəəssir halda onun indi Orxanla necə danışacağını gözləyirdi. O bərk həyəcan keçirirdi. Salmanı məqalə çox əsəbləşdirdiyindən qorxurdu ki, burda onunla Orxan arasında xoşagəlməz bir hadisə ola. Bircə an sonra Nadirə xanımın bütün təşvişləri yox oldu.
—Əvvəlcə, səni məqalə münasibəti ilə təbrik edirəm. O gündən səni görməmişəm, — deyə professor əlini Orxana sarı uzadanda Orxan özü də, Nadirə xanım da, Gülalı da gördüklərinə və eşitdiklərinə inanmaq istəmədilər. Lakin Salmanı onun həyat yoldaşından da qabaq və yaxşı tanıyan Cəfər bu zahiri səmimiyyətin bir pərdə olduğunu həmin dəqiqə anladı və professorun aktyor hərəkətlərinə nəzər yetirə-yetirə mənalı-mənalı qımışdı.
Orxan tam anlaşılmazlıq içərisində əlini professorun uzanan əlinə toxundurdu. Orxan gözləyirdi ki, professor onun əlini çox könülsüz sıxacaq. Yox, o yanılmışdı. Professorun nə səsində, nə əl sıxmasında səmimiyyətdən başqa heç nə duymaq mümkün deyildi.
– Gözümə dəymirsən.
– O gün salam verdim, almadınız.
– Haçan?.. — Salman qaşların yuxarı elə dartdı ki, alnında çin-çin qırışlar əmələ gəldi. — Yəqin, görməmişəm. Fikirli olmuşam, ya da...
– Mənim isə ürəyimə gəldi ki, — Orxan üzünü Nadirə xanıma tutdu; — yəqin, professor məqaləyə görə məndən inciyib.
– Yox, canım... Məqaləyə görə niyə inciyirəm səndən?.. Budur, Nadirə xanım Allah şahididir, yanında durub... — Professor arvadına ötəri bir nəzər fırlatdı. — Gecə yarısınacan səndən, məqalədən danışmışıq...
Nadirə: «Yalandır!» deməkdən özünü güclə saxladı. Necə olsa, yenə əridir, onu bu cavanların yanında pərt etməyə ürəyi gəlmədi. Ancaq o, fikrində öz gündəliyinə bircə kəlmə söz yazdı.
«Dəhşət!»
Gülalı isə:—«Hm. Qəribə adamdır bu professor.
Deyəsən, bir balaca prinsipsizdi! Deyir, təbrik eləyirəm. Əcəb, əcəb!.. Bu nədi, alicənablıqdı, böyüklükdü, ya nədir görəsən? Mən də Mürsəl Bəbirzadəni görəndə belə eləyəcəyəm. Deyəcəyəm, təbrik eləyirəm. Gecə yarısınacan səndən danışmışıq, arvadım Allah şahididir. Hm. Baş açmıram, bunlar hansı məzhəbə qulluq eləyirlər...»
Nadirə xanımla Gülalı və Cəfər durub gedəndən sonra otaqda ikisi — profesor və Orxan üz-üzə qaldı. Əslində isə şöbə müdiri stolunun arxasında iki adam oturmuşdu. İkisinin də adı Salman Qurbanzadə idi. Biri zahirdə idi; onu Orxan görürdü, dinləyirdi, o biri isə... Onu Orxan görə bilmirdi, səsini eşidə bilmirdi. Bu professorun ürəyi idi.
Onların arasında belə qəribə bir söhbət başlandı.
Professorun dili:
– Bəli, məqalə çox yaxşı məqalə idi. Professorun ürəyi:
«— Qara gəlsin o məqalə, çörəyi dizinin üstündə olan adam. Az qala partlamışdım!..» Orxan:
– Çox sağ olun professor... Sizi də, Gülalı demişkən bir balaca... tənqid... Professorun dili:
– Onun eybi yoxdur. Mən elə xırda şeylərə fikir vermərəm..
Professorun ürəyi:
«— Sənin anadan əmdiyini burnundan tökmək mənə borc olsun!..»
Orxan:
– Siz həmişə deyirsiniz, obyektiv fikir mübadiləsi, açıq danışıq olmayan yerdə elm inkişaf edə bilməz. Professorun dili:
– Bəli, həqiqət də belədir. Mən öz həyatımda həmişə belə eləmişəm, bu yolla gedənləri də sevirəm.
Professorun ürəyi:
«— Quyruğun qapı arasından çıxıb. Nə qədər ki, müdafiə eləməmişdin, quzu idin. İndi obyektiv fikir deyən olubsan».
Orxan:
– Yoldaşlar deyirlər ki, məqalənin tonu ağırdır. Professorun dili:
—Yox, canım! Məqalə çox mədəni və savadlı yazılmışdı. Xoşuma gəlir tonu.
Professorun ürəyi:
«— Məqalənin tonu başından ağır idi. Ölüncə bağışlamaram sənə!..»
Gözəgörünməz Salman Qurbanzadənin səsini eşidə bilməyən Orxan professorun dediyi sözləri dinlədikcə onun haqqında çox pis fikrə düşdüyündən xəcalət çəkirdi. «Səhv eləmişəm, — deyirdi. — Bu, mənim üçün bağışlanmaz səhvdir. Qəlbiqaralıq etmək lazım deyilmiş, heç lazım deyilmiş...»
Orxan qarışıq-dolaşıq hisslərlə girdiyi bu otaqda indi özünü çox sərbəst hiss eləyir, məqaləni yazmağa onu vadar eləyən səbəbləri professora danışırdı:
– Bizdə indi iki cür qələm sahibi var. Birincisi ştatlı, ikincisi isə ştatdankənar. Ştatlı qələm sahiblərimiz üzdədir, göz qabağındadır; onları tanıyırıq da, sevirik də, tərifləyirik, qiymət veririk. Amma ştatdankənar qələm sahiblərimizi... hamımız yaddan çıxarırıq. Onlar bir növ ədəbiyyatımızın ögey uşaqları kimidir. Halbuki buna bizim haqqımız yoxdur. Biz hamımız bir ananın — bir ədəbiyyatın övladlarıyıq. Birini qəsdən yandırmaq, birini boş yerə qaldırmaq olmaz, bu, ancaq bizim işimizə ziyan vura bilər... Buna son qoymaq vaxtı çoxdan çatmışdır...
Bir də, professor, indi yetişməkdə olan cavan tənqidçilərimiz arasında, çox təəssüf... elələri var ki, onlar nəinki bizim ədəbi tənqidimizin qarşısında duran mühüm vəzifələri layiqincə qiymətləndirə bilmirlər, hətta tənqidçi adını belə gözdən salırlar. Soruşa bilərsiniz ki, nəylə? Mən deyərdim ki, qeyri-obyektivliklə, məsuliyyətsizliklə. Tənqidçi gərək obyektivlik nümunəsi olsun — bunu dəfələrlə yazıblar da, siz də demisiniz. Tənqidçi məqaləni kiminsə xoşuna gəlməsi üçün, şəxsi bir təmənna ilə yazırsa, buna tənqid demək olmaz. Məsələn, professor, bizim Hamili götürək. Onu siz də yaxşı tanıyırsınız, tələbəniz olub, mənim də tələbə yoldaşım olub. Az-çox qabiliyyəti də var. Bunu inkar eləmək olmaz. Amma bu adam özü düzgün mövqedə dayanmayıb.
– Nə mənada yəni, Orxan? — Professor soruşdu.
– O mənada ki, bu adam yaltaq adamdır. Siz bilmirəm fikir vermisiniz ya yox. O, ancaq bizim adlı-sanlı yazıçılarımızın haqqında yazır. Özü də diriləri haqqında. Hələ bu harasıdı, Hamil hər diri sənətkar haqqında da yazmır, ancaq vəzifəsi olan haqqında fikir söyləyir. Məsəlçün, Mirzə Yanar yazıçılar ittifaqında məsul vəzifədə işləyəndə Hamil bir ildə onun özü, əsərləri barədə dörd-beş məqalə çap etdirmişdi. Mirzə Yanar inişil vəfat elədi. Hamil onun haqqında indi bir cümlə də yazmaz. Dırnağına döysən də yazmaz. Qabaq, kişi ölməmiş, Hamil onun oğlunun şerləri barədə tez-tez mətbuatda çıxış eləyib sözünü söyləyərdi. Mirzə Yanar rəhmətə gedəndən sonra Hamil həvəslə danışmağı yerə qoyub ağzına su aldı. Yaxud ayrı bir şey. Universitetdə bizimlə oxuyan uşaqların neçəsi indi şer, nəsr sahəsində qələm çalıb gücünü sınayır. Onların arasında, sözün həqiqi mənasında, istedadlı olanları da var və hərəsi üç-dörd kitabın müəllifidir. Hamil onların barəsində də susur. Səninlə tələbə yoldaşı olub, onun kitabını oxu, yaxşı cəhətini, nöqsanlarını aç göstər, əlindən tut. Bu, sənin yoldaşlıq borcundur. Bunu eləməlisən. Bax, belə-belə məsələlər, düzü ki, bir oxucu kimi, məni çox narahat edir. Bunları görməmək, göz yumub yanından keçmək olmur, adamın ürəyi ağrıyır.
Professorun dili:
– Bunlar çox doğru sözlərdir, Orxan. Sevinirəm ki, bunu mənim tələbəm deyir. Bunu lap uca bir tribunadan da demək lazımdır.
Professorun ürəyi:
«— Sənə meydan vermək lazım deyil. Sən bizi rüsvay eləyərsən. Sənin ağzına pambıq tıxamaq lazımdır».
Orxan:
– Düzdür, siz məni lap qanadlandırdınız, professor – deyə razılıq etdi.
Professorun dili:
– Borcumdur, Orxan. Professorun ürəyi:
«— Sənin qanadlarını qırmaq da mənə borc olsun Orxan!» Orxan:
– Sağ olun, professor! — dedi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-teyyare-kolgesi-birinci-hisse-on-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cümə günü — istirahət günü idi. Zərrintac xanım mərkəzi kinoteatrda göstərilən amerikan filminə tamaşa edib gəlmişdi. İlıq yaz günəşi günorta yerində idi. Saat biri, namaz vaxtını xəbər verən və şəhərin yuxarı hissəsində qoyulan, hər gün eyni vaxtda atılan toplar üç dəfə yenicə səslənmişdi, susmuşdu — hələ gurultusu Zərrintacın qulaqlarından getməmişdi. Zərrintac xanımı gün əzirdi, xumarlandırırdı. Kresloda oturub gözlərini yummuşdu və bir az əvvəl baxdığı film haqqında düşünürdü ki, həyət qapısının cırıltı ilə açıldığına və kiminsə qorxaq, ehtiyatlı addımlarla irəli gəldiyini hiss edib fikrindən ayrıldı. Qarşısında iyirmi beş, iyirmi altı yaşlı, sifəti ay parçası kimi ağ və işıqlı olan, ancaq çirkli, süzülmüş paltar geymiş bir qadın görəndə maraqlandı, lakin yerindən heç qımıldanmadı da.Qadın cürətsiz qədəmlərlə yaxınlaşdı, iri, qara gözlərini utancaqlıqla Zərrintac xanıma dikib yavaşdan:
Üçüncü hissə, on birinci fəsilAğayi Siracəddin, Hürriyyətin böyük həvəslə təriflədiyi qızın doğrudan da gözəl olarsa, «işlərinin» xeyli yaxşılaşacağını düşünüb qımışdı:– Təki elə olsun.
Üçüncü hissə, on ikinci fəsilQəribə idi — bu günlər Əfsanə Elməddinin yadına tez-tez düşürdü. Bəlkə ona görə ki, Siminin xahişi ilə onun şəklini çəkmişdi, başının üstündən asmışdı — indi Əfsanə, qucağında körpə tutmuş Siminbərlə birgə qarşı divardan hər gün öz məhzun baxışlarını ona zilləyib baxır, baxırdı. Elməddin hər ikisinin rəsmini həbsxanadan çıxandan sonra, sol əlilə çəkmişdi. Özü də hiss edirdi, baxanlar da deyirdi ki, rəsmlər pis çıxmayıb, canlıdır, səbirlə, təmkinlə işlənib. Ancaq solaxaylığı da öz işini görmüşdü. Həmin şəkillər indikindən qat-qat gözəl ola bilərdi, daha ürəyəyatımlı ola bilərdi. Sol əli qələm, fırça tutmuşdu, ancaq sağ əli də ağrımışdı; onun həbsxanadan şikəst qayıtması bütün dostları kimi, Ziyaülhəqqə də böyük dərd olmuşdu, cavan, qəşəng, qabiliyyətli oğlanın beləcə ömrü boyu şikəst qalmasına dözməmiş, Şəfi ilə məsləhətləşəndən sonra, qonşuluqlarında yaşayan qoca sınıqçını Elməddinin yanına gətirmişdi. Kişi Elməddinin çəpinə bitmiş əlinə baxandan sonra qaşlarını çatmış, kiməsə puştuca söymüş, Elməddinə demişdi: «Burda elə bir şey yoxdu, azca dözümlü olsan, düzəldərəm. Hə, necəsən, dözümlü oğlansan, ya ağciyər?» «Nə bilim, usta» — deyə sual dolu nəzərlərlə Ziyaülhəqqə baxmışdı. Onun əvəzinə Ziyaülhəqq dillənmişdi: «Əlbəttə, dözümlü oğlandı, usta. O, bizim hamımızdan dözümlüdü. Sən işində ol, usta». Usta ilə əvvəlcədən söhbət eləmişdi, usta heç baxmamış demişdi ki, «Gərək biləyini təzədən qıram, sonra düz bağlayam. Başqa əlacı yoxdur — ömürlük elə qala bilər». Ziyaülhəqq Elmdddinə təfsilatı başa salıb qorxuzmadan irəlicədən razılığını vermişdi. Ağ saqqalı sinəsinə tökülən, iri sümüklü, saqqalı bir kişi olan sınıqçı Ziyaülhəqqin bir daha baxışları ilə verdiyi icazəni görəndən sonra, elə söhbət eləyə-eləyə, böyük pəncəli əlilə Elməddinin biləyini çox münasib bir fəndlə elə qırmışdı ki, oğlan «vay!»— deyib qışqırmışdı; ağrı o qədər şiddətli olmuşdu ki, az qala ürəyi gedəcəkdi, alnına, sifətinə tər damcıları gəlmişdi. «Yox, maşallah, ürəkli oğlan imişsən, balam!» — deyə usta onu tərifləyə-tərifləyə biləyinə yumurta sarısından düzəltdiyi hansı dərmanısa sürtmüş, əlinin üstündən və altından iki gödək taxta parçası, qoyub sarımış, iyirmi bir gündən sonra gəlib açacağını söyləmişdi. Həmin o iyirmi bir gün ərzində Elməddin sümük ağrılarına dözə-dözə o şəkilləri çəkmişdi. İş başını elə qatmışdı ki, çox vaxt ağrısını da unutmuşdu. Simini, qucağındakı körpəni, itkin Əfsanəni hər gün bir az qəlbindən, gözlərindən, yaddaşından qalın, ağ kağızın üstünə köçürmüş, onlar canlandıqca Elməddin sevinmişdi, fərəhlənmişdi. Simin Elməddini körpə kimi əzizləmiş, başına dolanmış, ağrılarına da, sevinclərinə də şərik olmuşdu. Vaxt tamam olandan sonra Ziyaülhəqq ustanıgətirmiş, əlinin sarığını açdırmışdı — Elməddin əlini əvvəlki vəziyyətində görəndə çəkdiyi ağrıları, iniltiləri unudub hədsiz dərəcədə sevinmişdi. Ziyaülhəqqin üzündən öpmüş, ustaya minnətdarlığını bildirmişdi. Ziyaülhəqq ustaya lazım olduğundan çox pul verəndə usta götürməmişdi, «bu çoxdur, ağa! — söyləmişdi, bu zaman Zizaülhəqq zarafata salıb: «Götür kişi, bu əl adi əl deyil ey, çoxlarının başından çox qiymətli əldi, kişi!» Usta onlara dua-səna eləyə-eləyə çıxıb getmişdi.
Üçüncü hissə, on üçüncü fəsilAxşam Elməddin evə gələndə Simin ərini pərişan, yorğun, qanıqara görüb təəccübləndi. Heç vaxt o, işdən belə qayıtmamışdı. Nə qədər əzgin, dilxor olsaydı da, həyətə girən kimi Elməddinin üzü gülərdi, hər dərd-sərini unudub deyər, danışar, qızını oynadar, Siminlə zarafat eləyərdi. Lakin indi o, fikirli, çaşqın görünürdü. Bu həssas Siminbərin nəzərindən qaçmadı:– Gözümə kefsiz dəyirsən, Elmi? Nə olub sənə?!.
Стихи других поэтов
Özün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Güli-gülzari-rəsalət bu gecəGüli-gülzari-rəsalət bu gecə,Şümrdən istədi möhlət bu gecə.
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.