İkinci hissə, on birinci fəsil
Страница 2 из 2 · 50%
– Çox sağ olun, professor. Siz, güman eləyirəm ki, dayımı yaxşı tanımış olarsınız.
– Ba, necə, necə?! Biz çox yaxın olmuşuq rəhmətliklə — indi olmasın. O mənim müəllimim idi, rəhbərim idi, hamısından əfzəl isə dostum idi, oğul. Yazıq hayıf oldu amma. Qalsaydı, bilirsən nələr yaradardı? Çox kəlləli adam idi, müdrik adam idi. Oğul-uşağı yox idi, oğul-uşağı yazıları, kitabları idi.
– Hə, heç bir yadigarı qalmadı. O nəsildən bircə bacısı, yəni mənim anam qalmışdı, o da «qardaş» deyə-deyə dünyadan köçdü. On il olar ölüb. Təkcə mən qalmışam.
Salman gözlərini qıyıb nə isə xatırlamağa çalışaraq:
– Əgər hafizəm məni aldatmırsa, onun adı gərək ki, Xeyransa xanım idi, — söylədikdə Möhsün sevincək demişdi:
– Elədi, müəllim. Yaxşı qalıb yadınızda. Mən Xeyransanın oğluyam.
– Mirzəgilə o vaxt tez-tez gələrdi.
Onlar xeyli söhbət eləmişdilər. Salman Mirzə Yanar barədə öz xatirələrini danışmışdı, onun əsərlərini necə toplayıb nəşr etdiyini (Orxanla birgə) söyləmişdi. Möhsündən üstəlik də xahiş eləmişdi ki, evdə, güncdə, bucaqda qalan, ələ keçməyən, arxivə düşməyən yazısı-pozusu varsa, gətirsin; o, çap etdirər. Onun hər sətri, cümləsi bizim üçün qızıl qiymətindədi. Bu zaman Möhsün əvvəlcə Orxanla, sonra Gülmirə xanımla görüşünü xatırlamış, Orxana dayısının Xeyransa xanımın sandığında saxlanılmış bir qovluğunu verdiyini, həmin qovluğun arada itib-batdığını nağıl eləmişdi.
Salman əhvalatı eşidib gülmüşdü:
– Yox, elə deyil, oğul... O qovluq itməyib. Bax, gör bu qovluqdu o? — deyərək stolunun alt gözündə haçandan saxladığı o başıbəlalı qovluğu çıxarıb ortalığa qoymuşdu. Möhsün qovluğu görən kimi sevinc içində:
– Hə, hə, özüdü ki, var... Bu qovluğu vermişdim Orxana — deyə tələsik götürüb baxmışdı.
Salman ah çəkmişdi:
– Bu qovluq mənimdi, oğul. Xeyransa xanımın sandığından çıxsa da, mənimdi. Akademik Aslanzadənin sədrliyi ilə avtoritetni bir komissiya yarandı və yoxlama zamanı məlum oldu ki, onun içindəki əlyazması mənimdi. Bax, bu kitabımın əlyazmasıdı. — o, üstündə öz adı yazılmış «Nəsiminin sənətkarlığı» kitabını çıxarıb Möhsünə vermişdi. — Bəlkə oxumusan?
Möhsün çaşqın halda başını tərpətmişdi.
– Yox, müəllim, mən... neftçi babayam. — Elə kitablar mənim xörəyim deyil. Ancaq... axı bu qovluq...
Salman onun nə deyəcəyini havadan tutmuşdu:
– Hə, bilirəm, deyirsən ki, bəs bu qovluq necə olub Xeyransa xanımın sandığına düşüb, hə?
– Hə də...
– Bilirsən, bala, — Salman siqaret yandırmışdı. — O rəhmətlik mənim elmi rəhbərim idi... Bu kitabı o zaman təzəcə yazıb qurtarmışdım, vermişdim ona ki, oxusun, fikrini, qeydlərini söyləsin. Heç beş-on gün keçməmiş kişi yazığı apardılar. Əsər də itdi, batdı. Görünür, o zaman tələm-tələsik, qovluqları səhv salıb, özününkü əvəzinə aparıb mənim yazımı verib bacısına. Ancaq belə ola bilər, oğul. Başqa cür mən təsəvvür eləyə bilmirəm.
– Bəs siz bu kitabı təzədən yazdınız?
– Yox, a bala. Mən qaralama yazmışdım əvvəl, üzünü köçürdüm, verdim ustadıma. Qaralaması qalmışdı məndə. Sonra çox əziyyət çəkib, demək olar ki, təzədən işlədim...
– Hm. Belə de!!! — Möhsünün beli sanki əyilmişdi.
Salman Möhsünün gözlərinin içinə baxmış və inandırdığını yəqin eləyib ayağa qalxmış, əllərini şalvar cibinə salıb otaqda gəzinməyə başlamışdı.
– Kaş elə əsəri itəydi, özü sağ qalaydı... Özü yandırdı məni, yüz elə əsər qurban olaydı ona. O əsəri o yaratmışdı, onu kim yaradacaq? Hə, soruşuram səndən, onu kim yaradıb təzədən öz xalqına, öz elmimizə qaytara bilər? Heç kim, bala, heç kim. Bir Allah şahiddi ki, mən həmişə, hər elmi şurada, yığıncaqda demişəm: kaş biz hamımız — onun tələbələri qırılaydıq, yox olaydıq, təkcə o yaşayaydı. Hamımızın birlikdə bu iyirmi beş — otuz ildə gördüyümüz işləri o təkbaşına, özü də yüksək səviyyədə görə bilərdi oğul, sən buna inan. Sənin dayın da olsa, yadına gəlməz, bilməzsən, amma mən bilirəm ki, o necə böyük şəxsiyyət idi!
Salmanın bu son sözləri Möhsünün qəlbini daha da kövrəltmiş və o, min bir dillə təşəkkür edə-edə institutdan çıxıb getmişdi. İndi, axşamçağı, işdən sonra, evində, pəncərəsi günbatana baxan kabinetində tək-tənha oturub olub keçənləri götür-qoy eləyən Salman yenə hardansa ağlına gəlmiş, neçə vaxtdan bəri ona rahatlıq verməyən yeddi qardaş qızıl ilan haqqında düşünür və öz-özünə qımışıb:
«Bu qızıl ilanın da başını belə əzdik, sonrasından Allah saxlasın» — deyirdi.
Bu zaman qapı açıldı və Nadirə yorğun-arğın halda içəri girdi. Kabinetin nəfəsliyi açıq olsa da tüstüdən miz arxasında oturmuş Salman güclə seçilirdi. Nadirə xanım:
– Evini Allah tiksin, bu nədi, ay kişi, boğulmursan burda?
– deyəndə Salman sanki yuxudan ayıldı və çönüb Nadirəyə baxdısa da, heç nə söyləmədi. Nadirə keçib pəncərənin bir tayını açdı və nəfəsinə, boğazına dolan tüstüdən öskürdü. Öskürə-öskürə keçib divanda əyləşdi.
– Hardaydın? — Salman rəsmi, müdir, tabeliyində olan işçisindən soruşan kimi xəbər aldı.
– Qızlarla Aslan müəllimə dəyməyə getmişdik. — Nadirə ərinin səsinin ahəngindən xoşlanmasa da, sakitcə cavab verdi. Salman Aslanın adını eşidən kimi çevrildi:
– Hə, necədi kişi?
– Eh, heç nə... Bu gün beyninə qan sızıb, Salman.
– Nə danışırsan?
– Hə. Səhər-səhər. Heç özündə deyil. Gözlərini də aça bilmir. Bizi tanımadı heç.
– Yox əşi?
– Vallah.
– Vay-vay...
– Bir də çətin qalxar o!
– Elə şey olmaz, canım?
– Niyə olmur ki, ay Salman?! Bircə onu bilirəm ki, onu Nurəddin o hala saldı. Yoxsa sağlam kişi idi, hələ on il də yaşayardı.
—…
Salman səsini xırp kəsdi, təzə siqaret alışdırdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-vefalim-menim-ikinci-hisse-on-birinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şad xəbər kimi, bəd xəbər də tez yayılır. Bəlkə bir az da tez. Elməddinin anasının ölüm xəbəri səhəri gün onun hələ barmaqla sayıla biləcək qədər az olan dostlarının qulağına çatdı. Bunu Zərrintac elədi.... Səhər Elməddin ayılanda pal-paltarlı yatdığını görüb təəccüb elədi. Yuxu ona anasının ölümünü elə bil unutdurmuşdu. Otaqda var-gəl elədikdə gözü stolun üstündəki açıq məktuba sataşanda hər şeyi xatırladı. Anası ölmüşdü. Titrək əlini uzadıb kağızı götürdü və təzədən diqqətlə oxudu. Qəryədar Qulamın kiməsə yazdırdığı kağız yalan və zarafat ola bilməzdi. «Anana yazdığın məktubu biçarə arvad ala bilmədi. Çünki sən gedəndən iki ay sonra Səbihə — sənin əziz anan Allahın rəhmətinə getdi». Bu sözləri dönə-dönə oxudu, sanki burada dərk ediləsi çox çətin olan bir məsələ yazılmışdı; onu anlamaq, başa düşmək istəyirdi.
Üçüncü hissə, on yeddinci fəsilElməddinlə Rəhgüzərin ailəsinin dostluğu getdikcə möhkəmlənirdi. Boş vaxtlarında tez-tez əvvəllər utana-utana, sonra ərklə bu səmimi və mehriban ailənin qapısını açıb içəri girən Elməddin getdikcə evin bir üzvünə çevrilirdi. Xüsusilə Elməddin üçün çox ağır olan ötən günlərdə Rəhgüzərlər ailəsi ona böyük dayaq olmuş, darıxmağa qoymamış, hər vasitə ilə fikrini dağıtmağa çalışmışdı. Məleykə xanım ona bacı kimi yanaşır, məsləhətlər verir, hətta, «çirkli paltarlarını gətir, yuyum» deyə ona qayğı göstərirdi.Rəhgüzərin uşaqları ilə, xüsusən böyük oğlu Bəbrəklə Elməddin yamanca dost olmuşdu. Bəbrək ağıllı, sözü tez başa düşən, mərifətli bir oğlan kimi Elməddinin diqqətini cəlb eləyirdi. Üçüncü sinifdə oxumasına baxmayaraq, mütaliə dairəsi çox geniş idi. Dərs kitablarından başqa macal tapıb evdə, atasının kitabxanasında olan kitablardan da oxuyurdu. Evə gələn qəzetləri ata-anasından qabaq gözdən keçirir, məmləkətdə, xaricdə baş verən hadisələr barədə müxtəlif suallar verirdi. Atasının qələmindən çıxan nə vardısa oxumuşdu; onun şair olması ilə hədsiz dərəcədə fəxr eləyirdi. Məktəbdə yoldaşları, müəllimlərin çoxu ona xüsusi ehtiram göstərirdi. Bəbrək özünü atasının adına-sanına layiq aparmağa çalışırdı, yersiz hərəkətlərə yol vermir, ağır oturub batman gəlirdi. Atasının bütün məmləkətdə məşhur adam olmasına baxmayaraq, Bəbrək lovğalıqdan, təkəbbürdən çox uzaqdı. Məhz buna görə yoldaşları onu çox sevirdi. Atasının isə əzizi idi. Divin canı şüşədə olan kimi, Rəhgüzərin də canı Bəbrəkdə idi. Azca nasaz olanda, ya başı ağrıyanda Rəhgüzər az qala özü də xəstələnirdi; dava-dərman, doktor qalmırdı ki, Rəhgüzər oğlu üçün tapmasın, gətirməsin.
Üçüncü hissə, on səkkizinci fəsilElməddin evdə tək-tənha oturmuşdu. İki saatdan çox idi ki, o, Rəhgüzərgildən gəlmişdi, ancaq orada olan söhbətlərin və qanıqaralığın təsirindən hələ də qurtara bilməmişdi. Saat on ikiyə işləyirdi; hər gün o, bu vədə yatağına uzanır, dağı arana, aranı dağa köçürəköçürə yuxuya gedirdi. Lakin bu gün yuxusu ərşə çəkilmişdi. Rəhgüzər onun gözlərinin qabağından çəkilib getmirdi. Canlı-cüssəli, sağlam, gümrah Məhəmməd Şəfi, Əli Tüğyanın həmləsindən sonra qaralıb tutulmuşdu, tez-tez fikrə gedir, iri, qara gözləri yol çəkirdi. Hərdən qızışıb yana-yana danışır, hərdən də susub durur, beynində nəyisə ölçüb-biçirdi, Məleykə özünü şad göstərməyə və beləliklə də, ərinə ürək-dirək verməyə çalışırdısa da, bu, çox vaxt süni təsir bağışlayırdı. Bunu o özü də hiss etdiyindəndi ki, tez-tez tutulur, sinədolusu ah çəkirdi. Bu gecəki bütün söhbətlər ancaq və ancaq Əli Tüğyanın ətrafında hərlənirdi. Ər də, arvad da onun nəmək-bəharamlığından, dönük və əqidəsiz adam olduğundan danışırdı. Məlum olurdu ki, o da bir vaxt, kasıb və işsiz olanda bu evin açıq süfrəsi başında çox oturmuş, dərdi-dil eləmiş, Rəhgüzərdən yazıları barədə məsləhət almış və onun yaxşılıqlarını heç zaman unutmayacağına söz vermişdi. Rəhgüzərin fikir və görüşlərinə şərik olduğunu bildirmiş, vətəni və bədbəxt milləti barədə çox yanıqlı sözlər demişdi.Hərdən Elməddinə elə gəlirdi ki, onlar — Şəfi və Məleykə Əli Tüğyan haqqında dedikləri sözləri ona eşitdirmək istəyirdilər; axı o da onların ev adamı olmuşdu, Əli Tüğyan kimi. O da şerlərini, hekayələrini əvvəl Rəhgüzərə oxuyur və məsləhət alırdı. Rəhgüzərin onun boynunda haqq-sayı çox idi. O, demək olar ki, Elməddini uçurumun lap qırağından çəkib gətirmiş, işlə, çörəklə təmin etmişdi. Əslində o, Rəhgüzərin çörəyini yeyirdi. Elməddin düşünürdü ki, bu sözlər ona deyilir: «Qızım, sənə deyirəm, gəlinim, sən eşit...». Axı bir çox cəhətdən indi Elməddinin getdiyi yol da Əli Tüğyanın getdiyi yola bənzəyirdi. Əli Tüğyan milyoner Mumtazın — qəryədar Qulamın qardaşının, Ətiqullanın atasının kölgəsi altına sığınmışdısa və duz-çörək kəsdiyi, ustad adlandırdığı Rəhgüzərlə üzbəüz dayanıb onun məfkurəsinə, özünə atəş açırdısa, o da ağayi Nəcməddinin qanadı altına girmişdi; milyoner Mümtazla Nəcməddinin arasında əslində heç bir fərq yox idi və sanki onlar bir alma idi, yarı bölünmüşdü. Elməddin də Əli Tüğyan ola bilərdimi? Onun kimi üzüdönük çıxıb Rəhgüzərlə əlbəyaxa ola bilərdimi? «Yox, heç vaxt»,— deyə o özünün bu fikrindən dəhşətə gəlmiş kimi bərkdən səsləndi və həyəcanını boğmaq üçün papiros yandırıb sümürdü, — «heç vaxt, ustad. Mən sənin, sənin təmsil etdiyin adamların — yoxsulların, binəsiblərin əleyhinə çıxmaram, ustad. Çünki sənin işin haqdı və mən haqq üçün, heç bir şeyimi, hətta canımı da əsirgəmərəm. Əgər siz mənim haqqımda belə düşünsəniz, məni təhqir etmiş olarsınız».
Üçüncü hissə, on doqquzuncu fəsilElməddinin sürücüsü yaşı əllini adlamış, olduqca arıq, uzun boğazlı, iri hülqumlu bir kişi idi. Ancaq başı yamanca ağarmışdı, elə ağarmışdı ki, dərdə dərman üçün bir dənə də qara tük tapmazdın. Üzündə iri, uzun qırışlar vardı. Uzaqdan baxanda bıçaq şırımlarına oxşayırdı. Əynindəki rəngini itirmiş nimdaş kostyumu neçə il geydiyini təyin etmək mümkün deyildi.Dindirsən dinərdi, dindirməsən ağzına su alıb susardı. İlk baxışda adama elə gəlirdi ki, onun sürdüyü qara «Mersedes»dən və getdiyi yoldan başqa fikri-zikri yoxdu. Maşını özününkü imiş təki gündə üç dəfə yaxşıca silib təmizlərdi: səhər qarajdan çıxanda, günorta idarənin qabağında və axşam...