Страница 3 из 3 · 67%

Sakit başını buladı:

– Hamının yox.

– Hər halda... səni sevə-sevə oxuyanların ən yaxşı müəllimi sənsən, özünsən...

...Sən demə, Sakitlə Əsəd fəvvarənin tuşundakı oturacaqda əyləşib söhbət eləyəndə, Gülmirə də qonşu oturacaqda dincəlirmiş. Gülmirə bu kolyaskada gəzdirilən qadını elə burada, cavan bir qız gəzdirən çağlardan görürmüş, tanıyırmış. Düzdü, o, nə qadının, nə o qızın şəxsən kim olduğunu bilmirdi. Oxşarlıqları o qədər idi ki, onların ana-bala, yaxud bacı olduğuna qətiyyən şübhə eləmirdi Gülmirə. Bir qadın kimi, o qadının da, o qızın da taleyinə acıyırdı. Hər dəfə görəndə düşünürdü ki, yer üzündə hərənin özünə görə dərdi-səri var, birininki az, birininki çox. Neçə dəfə yaxınlaşmaq, qızı, xəstəni danışdırmaq istəmişdi, ancaq ürək eləməmişdi. Dərdlərini təzələməkdən qorxmuşdu. «Yəqin əri yoxdu. Ya ölüb, ya da atıb gedib. Yoxsa həmişə bu uşaq onu dəniz qırağına gətirməzdi». Lakin günlərin birində, sentyabrın ortalarında, qızın əvəzinə dəniz qırağında demək olar ki, bura daimi gəlib-gedənlərin tanıdığı və halına yandığı o qadını ucaboy, enlikürək, son dərəcə səliqəli geyinən, qarabəniz, günəşdə yanmış təsiri bağışlayan sifətindən təmkin oxunan bir kişinin gəzdirdiyini görəndə Gülmirə sevinmişdi. Bu sevinc o qədər böyük olmuşdu ki, elə bil özünə kömək gəlmişdi, simsar tapılmışdı. Səbirlə kolyaskanı gəzdirən, tez-tez qadının dizlərini örtən, gah su, gah meyvə verən o kişiyə qarşı ürəyində qəribə bir rəğbət hissi də oyanmışdı. «Görünür, yox imiş burda. Hardasa səfərdəymiş. Gəlib. Nə yaxşı ki, gəldi. Yoxsa o qız çox əziyyət çəkirdi». — deyə düşünmüşdü və bir dəfə hətta az qala yaxınlaşıb soruşmaq istəmişdi ki, bəs indiyəcən haradaydınız, niyə bu bədbəxti tək qoymuşdunuz? Amma yenə cəsarət eləməmişdi. İndi, iki aya yaxın idi ki, Gülmirə hər dəfə dəniz qırağına çıxanda kişini kolyaskanın yanında görüb qəlbində qəribə bir rahatlıq duyurdu. Və bu da qəribə idi ki, istər-istəməz Orxanı xatırlayırdı: «Kaş o da ölməyəydi, beləcə yorğan-döşək bimarı olaydı, heç kəsin danlağına-qınağına baxmazdım, bax beləcə, o kişi kimi, gecə-gündüz qulluğunda durardım.. Bezməzdim, usanmazdım. Təki gözləri mənə baxaydı, təki nəfəsini, hənirtisini duyaydım, səsini eşidəydim». Fikirləri yenə bu məqama çatanda qeyri-iradi olaraq Əqdəm də yadına düşürdü və özünü onun qabağında günahkar, müqəssir sayıb sıxılırdı. Əqdəmin narazı baxışları, kədərli sifəti gözləri qarşısında canlanırdı. Qəribə idi ki, o, xəyal aləmində Orxanla danışa bilirdi, onu əzizləyə bilirdi, hətta bir-birinin vüsalına da qovuşan çağları olurdu. Ancaq o, indiyəcən, Əqdəm öləndən sonra bircə dəfə də onun yuxuda da olsa, səsini eşitməmişdi. Gələrdi hərdən beləcə, narazı-narazı baxıb heç kəlmə də kəsmədən çıxıb gedərdi. Gülmirə həssas qadın ürəyi ilə hiss eləyirdi ki, Əqdəm inciyib ondan, küsüb. Bəlkə onu xəyanətkar hesab eləyir. Belə hallarda Gülmirə, Əqdəmin xəyalına bu sözləri deyirdi: «Məni qınama, Əqdəm. Mənim özümdən asılı deyil, özümlə bacara bilmirəm, Əqdəm. Mən sənin sağlığında sənə xəyanət eləməmişdim. Sən isə şübhələnmişdin. Və bu şübhə də səni məhv elədi. Özün də bədbəxt oldun, mən də. Açığını deyim ki, əgər Orxan səndən qabaq ölməsəydi, və ümumiyyətlə ölməsəydi, mən yenə sənə xəyanət eləməyəcəkdim. Sənin arvadın kimi, sənin adını, kişi ləyaqətini, qoruya-qoruya yaşayacaqdım, Əqdəm. Bilirəm, sən bu sözlərimə inanmazsan. Ancaq həqiqət belədi, Əqdəm. Ola bilərdi ki, onu — Orxanı — sağ qalsaydı — sevəydim. Ancaq yenə səni ona dəyişməzdim. Mənim məhəbbətimin qəribəliyi ondadı ki,

Orxan öləndən sonra doğulub bu məhəbbət. Və bunu heç kəs bilmir. Bir mən özüm bilirəm, bir Orxan «bilir», bir də sən «bilirsən». Əslində ikinizin də mənim ürəyimdən, hisslərimdən xəbəriniz yoxdur, çünki siz artıq cismən yoxsunuz; siz ancaq mənim ürəyimdə, içimdə, yuxularımda, xəyallarımda dirisiniz, yaşayırsınız. Orxan sənin ölümündən sonra rəqibin olub və boynuma alıram ki, onu səndən çox istəyirəm indi. O səndən güclüymüş, o səndən qüdrətliymiş, Əqdəm. Acığına gəlməsin, sən allah. Və yenə xahiş edirəm, məni bu anlaşılmaz hisslərimə görə danlama. Bəlkə də bu məhəbbət indi mənə daha çox lazımdı, Əqdəm. Əgər Orxanın ölümündən sonra anladığım, dərk elədiyim bu məhəbbət olmasaydı, mən ərə də gedə bilərdim — bir il, üç il, beş il sonra, nəhayət, birinin arvadı ola bilərdim. Bunun qarşısını almağa sənin xatirənin, xəyalının bəlkə də gücü çatmazdı. Ancaq Orxanın xatirəsi buna yol verməz, qoymaz. Mən onun xatirəsinə, sənin özündən çox təslim olmuşam. Dərindən düşünsən, bu, sənin xeyrinədir, Əqdəm. Hamı məni sənin arvadın kimi tanıyır, onun arvadı kimi yox. Mən saçımın birini ağ, birini qara hörüb, bir üzü qız, bir üzü gəlin qocalsam, səni tanıyanlar deyəcək: «Bu ağsaçlı qadın Əqdəmin arvadıdı, kişini uca tutdu, ondan sonra heç kəsə ərə getmədi». Ona görəsən bu məhəbbət üçün küsmə, incimə. Orxanın məhəbbəti mənə yaşamaq üçün, işləmək üçün lazımdı, Əqdəm. Bunu mənə çox görmə...»

Gülmirə belə düşünə-düşünə Sakitlə o kişinin şirin-şirin danışdığını görür, Sakitin onu tanıdığına sevinirdi. Ondan o qadın, o qız, o kişi haqda soruşmaq mümkün olacaqdı. Sakit nəhayət, o, kişi ilə xudahafizləşib ayrılanda və evə tərəf getmək istəyəndə, Gülmirə də qalxdı; Sakit onu görüb ayaq saxladı, salamlaşdılar. Yanaşı yeriyir, söhbət edirdilər.

– Bayaqdan gözüm sizdədi. O kişi ilə danışırdın. Sən onu tanıyırsan? Kimdi ki, o? Mən bu kolyaskadakı qadına çoxdan göz qoyurdum. Qızı gəzdirirdi həmişə. İndi bu kişi peyda olub. Əridi onun?

Sakit gülümsünərək:

– Yox, Gülmirə, əri deyil, — dedi.

– Əri deyil? Onda qardaşıdı?

– Yox, qardaşı da deyil.

Gülmirənin marağı daha da artdı. Sakit isə Əsədin, o qadının başına gələnləri müxtəsərcə Gülmirəyə nağıl etdikdən sonra xeyli susub ürəyində götür-qoy elədi. Elə bil bir hekayət idi, şirin bir dastan idi. O, iki dəfə qanrılıb arxada, xəstəyə su içirən kişiyə baxdı və:

– Çox maraqlıdı, Sakit. Mən deyərdim, lap qəribədi. Xoşum gəlir belə sabitqədəm, mərd, fədakar adamlardan. Məhz belələri insanı düşündürür, həyata bağlayır, yaşamağı, təmiz və mərd olmağı öyrədir, — dedi.

– Hə, düz deyirsən, Gülmirə. Həyat başdan-başa ibrət dərsləri ilə doludur.

– Bəs niyə yazmırsan bunu?.

– Yazıram, Gülmirə. Qurtarmaq üzrə olduğum romanın bir qolu da elə bu əhvalatdır.

– Nə yaxşı, nə yaxşı!... Haçan qurtarırsan inşallah?

– Bir-iki həftəyə. Bu il çıxmalıdı. Sağlıq olsun...

– Sağlıq olsun... Sən yaxşı eləyirsən, həyatın özünü yazırsan, həyatın özündən isə böyük kitab yoxdur, məncə. Danış da, mənə. Görüm nədəndi təzə romanın.

– Düzü, danışmaqdan qorxuram. Danışanda, nə isə, ürəyim boşalır, bu isə yazının keyfiyyətinə pis təsir eləyir. İkinçisi, danışsam, kitab çıxanda oxumayacaqsan; mən isə bir oxucu itirmək istəmirəm. Sənin xətrinə təkcə epiqrafını deyə bilərəm,

– De, Sakit. Sən epiqraf verməyi xoşlayırsan kitablarında. Ağıllı, oxucu epiqrafdan əsərin əsas mənasını anlaya bilir.

– Elədir, Gülmirə. Bu kitabıma belə bir epiqraf yazmışam: «Bu kitabı dönüklərin, etibarsızların, şəxsiyyətsiz «şəxsiyyətlərin», yaltaqların, stol-vəzifə düşgünlərinin, yalnız özü üçün yaşayanların, nəhayət, vicdansızların oxumasını məsləhət görmürəm

– utana bilərlər.

– Yaxşıdı, çox yaxşıdı, Sakit. Ancaq... qorxuram çox adam qorxusundan oxumasın sənin kitabını, Sakit. Bilirsən...

Sakit güldü:

– Səni başa düşürəm. Ancaq elə deyil, Gülmirə. Sən heç indiyəcən görmüsən ki, bir şəxsiyyətsiz, yaltaq, yaxud vicdansız adam öz şəxsiyyətsizliyini, yaltaqlığını, vicdansızlığını açıq-aşkar boynuna alsın? Görmüsən?

– Yox.

– Hə, bax, ona görə qadağan elədiyimə baxmayaraq, o cür adamların hamısı iç üzlərini gizləmək xatirinə bu kitabı oxuyacaqlar, Gülmirə. Oxuyacaqlar və çoxu da özünü tanıyacaq.

– Hə. Tanıyacaqlar və təəccüblənəcəklər. Qəzəblənən də olacaq, sevinən də.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü hissə, səkkizinci fəsil

Hava ilıq yaz günəşi ilə könül oxşayırdı. Həyətdəki ağaclar yamyaşıldı, gül kollarının üstünə elə bil yaşıl-qırmızı parça sərmişdin. Elməddin fpkirli-fikirli kiçik bağçada gəzinirdi. Qanıqara idi — Simin uşaq xərc eləmişdi. Üç aylıq körpə varlıq, anasının ehtiyatsızlığı üzündən — ağır yük qaldırdığından tələf olmuşdu. Simin çoxlu qan itirdiyindən zəif düşüb yatmışdı. Əfsanə ona tez-tez şərbət içirir, yeməyinə xüsusi fikir verirdi. Simin sakit ola bilmirdi, dalbadal köks ötürür, bunu böyük itki hesab eləyirdi. Əfsanə nə qədər təskinlik verirdisə, gəlin aram olmurdu. Onun bu qanıqaralığı Elməddinə də pis təsir eləmişdi. İki gün idi qaşqabağı açılmır, fikir xəyaldan ayrılmırdı. «Dünyaya gəlməmiş ölən körpəmə» adlı qəmli bir şer də yazmışdı. Şerdə oğul həsrətilə yaşayan bir atanın ürək çırpıntıları, övladının xoş gələcəyi haqqında xoş, şirin düşüncələri qələmə alınmışdı.Əfsanə içəridə — yatağında uzanmış Siminbərə, eyvanda, həyətdə Elməddinə təsəlliverici sözlər deyirdi, ancaq elə bil, ər-arvad onu eşitmirdi, sanki, «eh, sən nə bilirsən, övlad nə deməkdi, ay yazıq!» — söyləyirdi ürəyində. Nədənsə Əfsanəyə elə gəlirdi ki, Elməddin uşağın tələf olmasından çox, arvadının çəkdiyi əziyyətə heyfslənir, yanıb-yaxılır. Və o, bunda sonsuz bir məhəbbət görürdü, bu canıyananalıq, qayğıkeşlik hardasa Əfsanənın gözlərini dumanlandırır qəlbini qəribə bir kədərlə doldururdu. O, belə anlarda özünü dünyanın ən bədbəxt qadını sayırdı. Hərdən anlaşılmaz bir ürək çırpıntısı ilə gözləyirdi ki, bax, indi Simin xəstədir, qan itirib zəif düşüb, başı öz hayındadı, qeyri-iradi bir qadın marağı ilə gah onun, gah bunun ağzına, gözlərinə baxan Simin indi, demək olar ki, çarpayıdan düşə bilmirdi, Əfsanə qızın da yatdığı vaxtlar olur, — bax belə anlarda, dəqiqələrdə, saatlarda, Elməddin ona lütflə, mehribanlıqla baxa bilər, heç olmasa şirin-şirin söhbət edə bilər, ya özündə bir cəsarət, qüdrət tapıb onun otağına keçə bilərdi. Belə arzu ilə yaşadığı günlər çox olmuşdu, ancaq hamısında ümidləri, intizarları boşa çıxmışdı. Simin elə bil Elməddini əfsunlamışdı. Əfsanəyə olan məhəbbətini, marağını öldürmüşdü, soyutmuşdu. Əfsanə bunu özü üçün ən böyük dərd eləyib yaşayırdı, ağrılı qəlbinin giziltilərini ovuda-ovuda yaşayırdı. Doğurdanmı, onun hiss etdikləri həqiqət idi, ya ona elə gəlirdi? Doğrudanmı Elməddin, Əfsanəyə olan sevgisini tamam itirmişdi? Bax bu həqiqəti Əfsanə bilmirdi, başa düşmürdü, şəklə yəqin arasında çırpına-çırpına qalmışdı.

12 мин
Dördüncü hissə, doqquzuncu fəsil

Əfsanə pəncərənin qənşərində dayanıb həyətdə, miz arxasında oturan Şahinlə Elməddinə tamaşa eləyirdi. Şahin nə isə danışırdı, Elməddin lal-dinməz qulaq asırdı. Görəsən, söhbət nədən gedirdi? Əfsanənin ürəyinə dammışdı ki, Şahin bura, Elməddinin yanına onun üçün gəlib. Yəqin indi də elə bu barədə odlu-odlu danışır. İstəyirdi orda ola, onun sözlərinə qulaq asa. Görə nə deyir, necə deyir? Ancaq bu mümkün deyildi. Bu ara balaca Əfsanə gəlmiş:– Madərim səni çağırır, xala — demişdi. Əfsanə tələsik Siminin yanına cummuşdu.

8 мин
Dördüncü hissə, on üçüncü fəsil

Vaxt dolanıb keçdikcə Sərdar Məhəmməd bir tərəfdən hakimiyyətin ona bəxş etdiyi səadətdən, geniş imkanlardan, hamının onun qarşısında ikiqat olub əyilməsindən, sahibi-ixtiyar olmasından əvəzsiz bir nəşə alırdısa, digər tərəfdən daimi qorxu içində yaşaması kefinə soğan doğrayırdı. Hakimiyyəti çox asan ələ almışdı, ancaq görünür, onu əldə saxlamaq o qədər də asan deyilmiş. Uzun illər yüksək dövlət vəzifələrində çalışan, məmləkətin həm iqtisadi, həm də siyasi vəziyyətini çox gözəl bilən rəisi-cümhur anlayırdı ki, şahı qovmaq, məmləkəti cümhuriyyət elan etməklə mövcud vəziyyəti dəyişmək, artıq oyanmış, öz haqqını-hüququnu az-çox dərk etmiş və daha yağlı vədlərə inanmadığından tez-tez küçələrə çıxan, müxtəlif tələblər irəli sürən camaatı sakitləşdirmək mümkün deyil. Məhz bu fikir Sərdar Məhəmmədin canına gizli bir qorxu salırdı. O, yaxın adamları ilə tez-tez məsləhətləşsə də, ağıllı bir tədbir söyləyən adama rast gəlməyib məyus olurdu, belə hallarda çox vaxt təkbaşına qərarlar qəbul edir və onun yerinə yetirilməsinə çalışırdı. Əlində olan məlumatları saf-çürük eləyəndən sonra bu qənaətə gəlmişdi ki, bütün bu nümayişlərin — müzahirələrin yeganə təşkilatçısı və ilhamvericisi hezbi-demokratexəlqi-Əfqanıstandır. Bu, gizli fəaliyyət göstərən, gözəgörünməz orduya, puhəntuna, müxtəlif müəssisələrə uzanan təşkilatın, onun rəhbərlərinin işidir və nəyin bahasına olursa-olsun onu tapmaq, məhv etmək, ocağını söndürmək gərəkdir. Belə olmasa məmləkətin nizamı pozulacaqdır. Odur ki, o, lap bu yaxınlarda vəzirə-ümure-daxiləni, rəisesazmane-əmniyyəni yanına çağırıb xeyli danladıqdan sonra, onları hezbin əsas başçılarını nə cür olursa-olsun, tapmaq, həbs etmək, cəmiyyətin müzür ünsürləri kimi xalqın gözü qabağında mühakimə edib güllələmək tapşırığı vermişdi. Daha başqa çıxış yolu yox idi — təşkilat getdikcə güclənir, nufuzu artırdı, əgər indi qarşısı alınmazdısa, sonra geç olacaqdı. Rəise-sazmane-əmniyyə general Əmir xan günortadan sonra rəisi-cümhurun qəbuluna gəlmişdi. Generalın yaşı altmışı haqlamışdı, başında bir dənə də qara tük yox idi, buna baxmayaraq,o, qəddini dik tutub həmişə şax yeriyərdi. Xırda, yanı qırışlarla örtülmüş gözlərində daim gizli bir təbəssüm gəzirdi. Tədbiri, ağlı, çevikliyi ilə adi zabitlikdən bu rütbəyə qalxmışdı. Sərdar Məhəmməd onu gəncliyindən tanıyırdı və təsadüfi deyildi ki, onun bacarığına inanıb bu işi əsasən ona həvalə etmişdi.General Əmir xan iki gün geçə-gündüz evə də getməmişdi, elə idarədə yatmışdı, ancaq çox iş görmüşdü. Hezbin fəaliyyəti rəhbərləri, əsas nüfuzlu üzvləri barədə illərlə açıq-gizli xəfiyyələrin müxtəlif vaxtlarda yazıb təqdim etdiyi məlumatlar əsasında bir səhifədən ibarət siyahi tərtib etmişdi; bu siyahidə Nur Məhəmmədin, Bəbirin, Mir Əkbərin, Şəfinin, Süleyman Layiqin, Ziyaülhəqtin və başqalarının adı yazılmışdı, səhifənin lap axırında Elməddinin adı qeyd olunmuşdu. Başqa bir-kağızda isə onları ələ keçirmək planı xırda xətlə, təfsilatı ilə şərh olunmuşdu.

9 мин
Dördüncü hissə, on birinci fəsil

Şahin neçə gün bundan qabaq gəlib gedəndən, Əfsanə pərişan və pəjmürdə halda o ittihamedici şeri oxuyandan, vəsiyyətini eləyəndən sonra Elməddinin ürəyi alt-üst olmuşdu. Qorxmuşdu. Əfsanənin danışığından belə yəqin eləmişdi ki, o daha dözə bilmir, daha belə yaşamaq ağır və mənasızdı, yəqin elə buna görə də özünü öldürmək fikrinə düşüb. Bu qorxu qəlbinə yol tapandan sonra Elməddin çaşqın halda iki-üç dəfə Əfsanə ilə söhbət eləmək, onu başa salmaq, o qorxulu qərardan onu daşındırmaq istəmişdisə də, bir nəticəsi olmamışdı — çünki Əfsanə dinləməmişdi onu, qəhər içində boğula-boğula yanından getmişdi.Elməddin aralarında olan həmin söhbəti, çarəsiz qalıb Siminə açmışdı, heyrətlənən arvadına tapşırmışdı ki, Əfsanəni mümkün qədər tək qoymasın, nə vasitə ilə olursa-olsun, başını qatsın, bəlkə o, bu fikrindən daşındı. O vaxtdan Elməddin də, Simin də bir növ Əfsanənin gizli nəzarətçilərinə çevrilmişdi. Simin də, Elməddin də həqiqətən göz qoyub görürdülər ki, Əfsanə əvvəlki Əfsanə deyil, — onun içində nə isə qırılıb, sınıb dağılıb: baxışları da, səsi də qəmli olub. Həmişə xəyal aləmindədi, hər şeyə donuq və mənasız nəzərlərlə baxır. Söz deyəndə çox vaxt eşitmir. Siminin «axı sənə nə olub bacı?» — deyən sorğu-suallarını «heç» deyə cavabsız qoyur. Beləliklə, Şahin gəlib-gedəndən sonra, evdə son dərəcə gərgin bir vəziyyət yaranmışdı. Hər gün, hər saat nə isə dəhşətli bir hadisə olacağını gözləyirdilər. Elməddin hər dəfə evə dönəndə qorxa-qorxa həyətə girirdi, Əfsanəni sağ-salamat görəndə rahat nəfəs alırdı.

11 мин

Стихи других поэтов