Страница 2 из 2 · 50%

Ancaq son vaxtlar Sarışın Nadirə xanımın gözünə qəmli-qüssəli görünürdü və bu, Nadirə xanımı narahat eləməyə bilməzdi. Bir gün, işin axırında, camaat çıxıb gedəndə o, Sarışını saxladı:

– Səninlə söhbətim var! — dedi. Sarışın İltifatın stolunun böyründəki stolunun üstəki kağızlarını yığışdırmadan oturub gözlədi. Balaca sumkasından əl boyda dördgünc güzgünü çıxarıb sarı saçlarına, sarı qaşlarına, özünün də zəhləsi getdiyi iri, yastı çənəsinə ötəri baxdı, saçlarını əliylə səliqəyə saldı. «Görəsən nə məsələdi?» — deyə qurcuxurdu ki, Nadirə xanım şöbəyə girdi. Nadirənin saçlarının çoxu ağarmışdı — deyəsən xına-filan qoymurdu. Danışanda səsindən həzin bir qəm yağırdı və istər-istəməz qarşısındakı adamı da kədərləndirirdi. Ancaq Sarışın indi özü kədərli olduğundan bunun o qədər də fərqinə varmadı, Nadirə gəlib onun yanında əyləşdi:

– Hə, Elvira, qızım, danış görək, nə var, nə yox? Son zamanlar gözümə birtəhər dəyirsən. Nə olub sənə, qızım?...

Elvira çiyinlərini çəkib susduqda Nadirə xanım:

– Sən bilirsənmi ki, mən sənin ananla — rəhmətlik Xəncər xanımla çox yaxın olmuşam. Sən demək olar ki, mənim gözümün qabağında böyümüsən. Sənə baxıram, görürəm nə isə fikirlisən. Bəlkə bir şey olub, bəlkə mənim sənə bir köməyim lazımdır?

– Yox, heç nə olmayıb, Nadirə xanım. Uşaqlar yorur məni sadəcə. Çatdıra bilmirəm. Ev, biş-düş, elmi iş...

– Bəs yoldaşın sənə kömək eləmir?

Söz Elviranın yaralı yerinə toxundu. Dərdini gizlətmək istədi, ancaq Nadirənin səsindəki qayğıkeşlik, canıyananlıq onun fikrini dəyişdi:

– Yoldaşım yoxdu, Nadirə xanım!

Nadirə üçün bu gözlənilməz xəbər idi. «Ölübmü, ayrılıblarmı? Yəqin başım qarışıb öz dərdimə, heç nədən xəbərim yoxdur!» — deyə beynindən keçirən Nadirə xanım təəccüblə nazik qaşlarını çatıb:

– Necə yəni yoldaşım yoxdu? — soruşdu. — Axı sənin yoldaşın vardı, qız?

– Var idi, Nadirə xanım, amma indi yoxdu.

– Bəs...

– Çıxıb gedib evdən, Nadirə xanım. — dedi və doluxsundu.

– Bir ilə yaxındı bizi qoyub gedib.

Xəncər xanımın neçə il bundan qabaq qızı haqqında qayğılı-qayğılı dediyi sözlər gəlib yadına düşdü: «pintidi», «çoxdanışandı». Elviranın pintiliyinə görə kişi arvad-uşağını atıb getməzdi, çünki Xəncərin dediyinə görə, Bəybala özü də pis pinti deyilmiş. Bəlkə çox danışmağına görə? Axı Bəybalanın qulaqları da eşitmirdi. Demək bu da ola bilməzdi. Hə, Nadirənin fikri duruldu: son vaxtlar Elvira İltifatla çox tez-tez xısınlaşırdı, hətta işə də bir gedib bir gələn vaxtları da az olmamışdı. Bu da Nadirənin yadına düşdü ki, Elvira qızlardan kiməsə ağzından qaçırmışdı ki, İltifat məndən sarı ölür, mənə neçə şer də yazıb; şerlər elə gözəldi ki, onlara musiqi də bəstələmişəm, qarnaqlıq-zad olsa oxuyaram, qulaq asarsınız. — Bəlkə bu söz-söhbət Bəybalanın qulağına çatıb, ona görə qoyub gedib? Olmazdımı? — Nadirə xanım bir anın içində bunları götür-qoy edib müəyyən bir nəticəyə gələ bilmədiyindən stolunu bir az da yaxına çəkib:

– Necə yəni çıxıb gedib? Nəyin üstündə? — deyə soruşdu.

– Səbəbi nədi? Elvira dərdli adam kimi soyuq bir ah çəkdi, ağzındakı nanəli konfeti çevirib dedi:

– Əvvəllər yaxşı idi. Birdən-birə dəyişdi kişi. — Nadirə xanım hiss eləyirdi ki, Sarışının ürəyi doludu, danışmaq istəyir, çünki çənədən sazdı, ancaq nədənsə ehtiyat eləyir. Nadirənin ağlına gəldi ki, deyəsən Bəybala elə danışmağı üstə başını götürüb gedib və Elviranın ağzı məhz bunda yanıb. Amma axı Bəybalanın qulağı eşitmirdi? «Yox, bu deyil səbəb.»

– Mən bilən, yoldaşının qulağı bir az... — deyə Nadirə birbaşa mətləb üstə gələndə Sarışın səksənən kimi oldu və tələsik, qızara-qızara:

– Siz bunu hardan bilirsiniz, Nadirə xanım? — dedi.

– Mən sənin haqqında hər şeyi bilirəm, Elvira. Bayaq dedim ki, rəhmətlik Xəncərlə yaxın idim. O demişdi mənə.

– Hə, Nadirə xanım, qulağı eşitmirdi. Ancaq keçən il birdən-birə açıldı. Və elə ondan altı ay sonra çıxıb getdi.

Elvira belə deyib birdən hönkürtü vuraraq ağlamağa başladı və hıçqıra-hıçqıra:

– Üç uşaqla qalmışam tək-tənha, dolandıra bilmirəm, əl-ayağını bir yerə yığa bilmirəm. — dedi.

– Ağlama, Elvira, darıxma, qayıdıb gələr, — deyə Nadirə xanım təsəlli verdi. — Mütləq qayıdıb gələr.

Bu zaman telefon səsləndi, söhbət yarımçıq qaldı. Nadirə kimləsə xeyli danışmalı oldu. Elvira elə Nadirə danışa-danışa:

– Mən gedim, Nadirə xanım, uşağı bağçadan götürməliyəm, — deyib gözlərinin yaşını silə-silə çıxdı. Bir az sonra Nadirə xanım Elviranın taleyi barədə düşünə-düşünə akademiyanın həyətinə çıxanda Elviranın İltifatla qoşa getdiyini gördü və istər-istəməz fikirləşdi: «Deyəsən, qızlar deyən düzdü. İltifat — bu yaltaq gədə Elviranın saqqızını oğurlayıb. Yəqin elə Bəybala da bunu hiss eləyib evdən gedib. Yoxsa... qulaq-mulaq havayı söhbətdi.»

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, onuncu fəsil

Dünya xanım az bir müddət içində təzə həyata, ev-eşiyə isinişmişdi, uyğunlaşmışdı. Elə sərbəst gəzib-dolanırdı ki, deyirdin bəs on ildi bu evdə, bu adamların arasında yaşayır. Deyib-gülən, dərd-qəm çəkməkdən uzaq, «bu gün varsan, gününü xoş keçir, sabah nə olacaq, olacaq» — deyə düşünən bir qadın təsiri bağışlayan Dünya xanım Nəcməddinin cah-calalını görüb az qala ağlını itirmişdi. Yatıb yuxuda da görə bilməyəcəyi, təsəvvürünə belə gətirə bilməyəcəyi bir səadət, bəxtiyarlıq onun cavan könlünü sehrli-sirli duyğularla doldurmuş, əvvəllər dörd divar arasında təklikdən, qüssədən solğunlaşmış sifəti indi çıraq kimi yanmağa başlamış, qara gözlərinə sanki nur seli axıb tökülmüşdü. Bəxtəvərlik onsuz da gözəl olan Dünyanı daha da gözəlləşdirmiş, sonalaşdırmışdı. O, nağıllardan, əfsanələrdən uça-uça gəlib bu həyət-bacaya, Nəcməddinin çiyninə qonmuş bir mələk kimi öz qoca ərinin ömrünü də nağıllaşdırmış, əfsanələşdirmişdi. Nəcməddin təzə eşqə düşən bir cavan oğlan təki xəyalpərvər olmuş, nikbinləşmiş, geyim-keciminə, yeməyinə xüsusi fikir verməyə başlamış, hərəkətlərində, yerişində-duruşunda çeviklik əmələ kəlmişdi. Taleyindən, yaradanından isə elə razı idi ki... «Yaradan var, vallah, var!—deyirdi öz-özünə. — Məni unutmadı o, səadət verdi mənə, ömrümü-könlümü işıqla-sevinclə doldurdu mənim. Səni tanımayana lənət, ya rəbbi!» Nəcməddin Dünyanın böyür-başında yenicə ailə qurmuş cavan ər kimi hərlənir, xəlvətə düşən kimi gəlini sonsuz bir həvəs və eşqlə bağrına basıb öpür, qucağına götürüb körpə uşaq sayağı fırladır, çarpayının üstünə atıb başını sinəsinin üstünə qoyub sevincindənmi, həyəcanındanmı titrəyə-titrəyə onu əzizləyir, nəvazişlər içində itirib-batırır, sonra ipək təki yumşaq saçlarından tutmuş ayaqlarına qədər duz kimi yalayırdı; yorulub qalxanda isə Dünya xanım kişinin gözlərindən axan yaşı görüb təəccüblənirdi. Bütün bu müddət ərzində sonsuz nəvaziş içində, əzizlənmələr içində əriyib yumşalmış, uşaqlaşmış, gülməkdən, qıdıqlanmaqdan uğunmaq dərəcəsinə gəlmiş Dünya xanım dünyada heç qadının heç bir kəs tərəfindən belə dəlicəsinə sevilə bilməyəcəyi hissindən sonsuz dərəcə biixtiyar olaraq Nəcməddnnin yaşarmış gözlərindən öpə-öpə, onun mirvari göz yaşlarını, demək olar ki, dili ilə qurudaquruda deyirdi:– Daha niyə ağlayırsan, ay dəli?

9 мин
Birinci hissə, on birinci fəsil

Gecə saat onu keçmişdi. Divar saatının yeknəsəq çıqqıltısından başqa otaqda heç bir səs-səmir eşidilmirdi. Bəbir barmaqlarının yazmaqdan keyidiyini hiss eləyirdi, ancaq fikirlərini kağıza köçürmək, «Nə etmək lazımdır?» adlı nəzəri-siyasi məqaləsini qurtarmaq istəyirdi. Dörd sutka idi ki, yazırdı, həvəslə, şövqlə yazırdı, Söz üçün axtarmırdı, çünki hər şeyi ölçüb-biçmiş, demək olar ki, əvvəl beynində yazmışdı. Məmləkətin iqtisadi-ictimai vəziyyəti ona beş barmağı kimi bəlli olduğundan heç bir çətinlik çəkmir, faktları kəskin dillə qələmə alır və yazdığı çap olunandan sonra qopacaq hay-küyü, tufanı göz önünə gətirir, ürəyi həm fərəh, həm də kədər hissilə dolurdu. Ona görə sevinirdi ki, onu oxuyan nə qədər adamın gözü açılacaq, tərəfdarları, dostları çoxalacaqdı. Kədərlənirdi, ona görə ki, düşmənləri də çoxalacaqdı; özü də bunlar adi düşmənlər olmayacaqdı; pullu, vəzifəli adamlar olacaqdı, hökumət olacaqdı; şübhəsiz, şahənşahın da qəzəbinə səbəb olacaqdı bu məqalə. Amma çəkinmək lazım deyil, hücumu bir an da zəiflətmək olmaz, geri çəkilmək olmaz — Bəbir belə düşünürdü və yazırdı. Nəhayət, son cümləni yazıb nöqtəni qoydu. Sonsuz sevinc içində şirin-şirin gərnəşib keyimiş barmaqlarını açıb yumdu, qaraya baxmaqdan, yuxusuzluqdan şişib qızarmış gözlərini ovuclarının içi ilə ovxaladı...Yazılmış vərəqləri dəcləyib bir-birinin üstünə yığaraq fərəhlə baxıb gülümsündü... Xəyala getdi... Qəzet səhifələri... Sonra əl-əl gəzən qəzetləri... gördü...

10 мин
Birinci hissə, on ikinci fəsil

– Məleykə, ay Məleykə!Yan otaqdan Məleykə cavab verdi:

11 мин
Birinci hissə, on üçüncü fəsil

Dünya cənnətə düşmüşdü. Hər şey gözünü oxşayır, ürəyini sonsuz bir fərəh hissi doldururdu: ev canlı muzey idi. Səkkiz otaq dünyanın nadir əşya və şəkilləri ilə elə zövqlə bəzənmişdi ki, baxdıqca doymaq olmurdu, duyğularını, əsəblərini dincəldirdi. Vaxt ötüb-keçdikcə Dünya, nəhayət taleyinin üzünə həmişəlik güldüyünü tam aydınlığı ilə dərk edir, sevincindən yerə-göyə sığışmır, günbəgün qəşəngləşir, gül kimi açılırdı. Lakin bu səadətli günlər çox çəkmədi. Haradansa lənətə gəlmiş bir fikir axıb ürəyinə doldu və bəxtiyarlıq içində xumarlanan, nazlanan Dünyanın xoşbəxtliyinin üstünə gizli su çiləməyə başladı, onun qəlbini sıxdı, gözlərinə kədər kölgəsi saldı. Ona heç kəs güldən ağır söz deməmişdi bu evdə, kimsə xətrinə dəyməmişdi, gözün üstə qaşın var deməmişdi. Ancaq o, pərişan olmuşdu. Səbəbini isə özündən başqa heç kim bilmirdi. Əslində bu qorxu, pərişanlığın səbəbi özünə də tam aydın deyildi. Lakin ağıllı, uzaqgörən, həssas bir qadın olan Dünya tutqun, dumanlı şəkildə anlayırdı ki, onun bu bəxtiyarlığı əbədi deyil, tez keçib-gedəcək və başına sonralar olmazın müsibətlər gələcək. Anlayırdı və qorxurdu. Onu düşüncələrə qərq eləyən, gözlərinə yol çəkdirən də elə bu qorxu idi. Dünya düşünməyə başlamışdı ki, Nəcməddin qoca kişidir, ömrünün çoxu gedib azı qalıb, beş gündən, beş aydan, uzaqbaşı beş ildən sonra dünyadan köçüb gedəcək, o zaman Dünyanın qolundan tutub atacaqlar bayıra bu cənnətdən. Onun burda heç nəyə haqqı çatmayacaq — necə gəlmişdisə, eləcə də çıxıb getməli olacaqdı. O dəhşətli günü gözünün qabağına gətirdikcə, xəyalında canlandırdıqca yazıq varından yox olur, əhvalı pozulur, yuxusu ərşə çəkilir, tikəsi boğazında qalırdı.Nəcməddin onunla kəbin kəsdirməmişdi, Dünya neçə dəfə işarə eləmişdisə də, kişi özünü o yerə qoymamış, nəhayət bir dəfə qəti fikrini bildirmişdi:

8 мин

Стихи других поэтов