Xoş gəlmisən, Nərgizim
Страница 10 из 20 · 45%
⎯ Bəlkə mən işimi, evimi-eşiyimi atım, gecə-gündüz sənin yanında oturum?
⎯ Mənə gülürsən, Nərgiz?
⎯ Gülməli şeylər danışırsan.
Sən yenə ah çəkib susdun. Tutuldun bulud kimi. Doldun göylər kimi. Xətrinə dəydiyimə peşman oldum. Könlünü almaq üçün dedim:
⎯ Toy gecəsi səndən çox razı qaldım, Toğrul.
Məndən xoş söz eşitdiyinə görə təzədən özünə gəldin.
⎯ Gülə görəmi?
⎯ Hər şeyə görə, Toğrul. Gülə görə də, kədərli gözlərinə görə də. «Səadət sarayı»nın qabağında biz maşına minəndə ağladığına görə də.
⎯ Sən mənim ağladığımı gördün?
⎯ Gördüm, Toğrul. Sən irəlidə, ağacın yanında dayanmışdın. Maşının işığı düz üstünə düşmüşdü. Gözlərinin yaşardığını aydın görürdüm. Səndən azca aralı dayanmış anam da ağlayırdı. Onu mən başa düşürdüm: qızını ər evinə köçürən analar, deyirlər, həmişə ağlayırlar. Amma sənin göz yaşların mənə qəribə gəlirdi.
⎯ Çünki mən səni əbədilik itirirdim. Bu, səssiz-səmirsiz bir vidalaşma idi. Nağıllarda deyilən kimi, iraq səndən, gedər-gəlməz yola salırdım səni.
⎯ Mən ki, o gedər-gəlməzdən qayıtmışam, Toğrul?
⎯ Yox, Nərgiz, sən zahirən, cismən qayıdıbsan, ruhən, qəlbən uzaqda, əl çatmaz, ünyetməz dağlar arxasındasan.
⎯ Düz deyirsən, Toğrul. Sən heç vaxt daha mənə çata bilməzsən.
Sən nəsə demək istəyirdin ki, qızlar gülə-gülə içəri girdilər. Yaxşı ki, gəldilər. Çünki sən danışacaqdın, ürəklə danışacaqdın. Bunu mən hiss edirdim. Neçə dəfə belə danışmışdın. Səsində, gözlərində, sözlərində nəsə sirli-sehirli bir qüvvə vardı. Elə indi də var. Sən danışanda mən əriyirdim. Elə kədərlə danışırdın ki, sözlərinə inanmamaq mümkün deyildi. Əridirdi məni, ürəyimi çəkib çıxardırdı, inandırırdı. Sən danışanda nəyinsə içərimdə yavaş-yavaş uçulub-dağıldığını duyurdum. Sən danışanda mən sənə qədəm-qədəm yaxınlaşırdım. Sən danışanda ürəyimdə sənə qarşı özümə də məlum olmayan qəribə hisslər baş qaldırırdı və əl-ayağımı yerdən üzürdü. Mən sənin danışığından qorxurdum, çəkdiyin ahlardan qorxurdum. Bünyad nə subay vaxtı, nə də evlənəndən sonra mənə belə sözlər demişdi. Məncə deməyə də qadir deyildi.
Mən ona görə sən danışanda neçə dəfə sözünü kəsib: « ⎯ Sus, sən allah, belə sözlər demə» ⎯ söyləmişdim.
… Həftələr, aylar keçirdi. Mən sənə danışmaq imkanı vermirdim, sən də susurdun. Susurdun deyəndə düz çıxmır, sənin dilin susurdu, bunun əvəzində kədərli-həsrətli gözlərin danışırdı. Onlar mənə sənin dərdli ürəyinin dərdli hekayətini danışırdı. Onda tək dilin susmamışdı, qələmin də susmuşdu. Otaqda səsin eşidilmədiyi kimi, mətbuatda da səsin eşidilmirdi. Yeni əsərlərini oxumurdum. Aralıqda sənin susmağın, sönməyin barədə söz-söhbət gəzməyə başladı. Bəziləri deyirdilər ki, bir atım barıtı vardı, atdı qurtardı. Ədəbiyyat aləmində belə hallar çox olub, deyirdilər. Sənin haqqında danışanda elə bilirdim mənim barəmdə danışırdılar. Mənə elə təsir eləyirdi ki. Sanırdım ki, bunda da mənəm günahkar. Sənin ürəyini, ağlını mən işğal eləmişdim. Məndən başqa heç nə haqqında düşünə bilmirdin. Belə deyildimi?
MƏN: ⎯ Toğrul maqnitafonu söndürdü. Siqaret yandırıb çəkmək istədi: ancaq yadına düşdü ki, siqareti neçə ildi tərgidib. Durub otaqda var-gəl etməyə başladı. Nərgizin sualı onun yaralı yerinə toxunmuşdu. Heç nə yaza bilmədiyi o günlər, həftələr, aylar yadına düşmüşdü.
TOĞRULUN DÜŞÜNCƏLƏRİ: ⎯ Elə idi, Nərgizim, elə idi. Mən donmuşdum, mən həqiqətən ancaq sənin haqqında düşünürdüm. Oturub işləmək istəyəndə ağ kağıza gözəl adından başqa heç nə yaza bilmirdim. Saatlarla vaxt itirirdim, səhifəni qap-qara qaralayırdım, ancaq sənin adından başqa orada ayrı söz tapmaq mümkün deyildi. Vaxt keçirdi, mən isə yaza bilmirdim. Qəzet-jurnal redaksiyalarında işləyən dost-tanışla görüşəndə məndən yeni əsər istəyirdilər, mənim isə təzə yazım yox idi. «Yazıram» ⎯ deyə onları aldadırdım. Təkcə onlarımı aldadırdım? Yox, özümü də aldadırdım. Bu, mənim üçün dəhşət idi. Düşünəndə ki, daha yaza bilmirəm, özümü öldürmək dərəcəsinə gəlirdim. Mən qələm sahibi kimi, gözüm baxa-baxa məhv olurdum – ölürdüm, mənən ölürdüm. Ürəyimi qaplamış ümidsizlik və tənhalıq hər gün, hər saat məni vəhşi qurd kimi gəmirirdi. Deyirsən ki, mən sənin ağlını, ürəyini işğal eləmişdim. Bu, tamamilə düzdür və mən səni bir də bu həssaslığına görə sevirəm. Sözsüz-işarəsiz məni başa düşməyini çox qiymətləndirirəm. Bu, sənin gözəlliyini, mənəviyyatını tamamlayan ən gözəl cəhətlərdən biridir, Nərgizim.
Məhz o ağır günlərimdə ⎯ heç nə yaza bilmədiyimi dərk etdiyim o dəhşətli dəqiqələrimdə sənin üçün belə bir şer yazmışdım. Həmin şer o zamankı əhval-ruhiyyəmi məncə düzgün ifadə edir:
Həsrətin saçımı ağartdı mənim,
Həsrətin başıma kül də ələdi.
Məhəbbət insanı xoşbəxt eləyər,
Məni məhəbbətim bədbəxt elədi.
NƏRGİZİN SƏSİ: ⎯ Amma sənin bu sükutun çox çəkmədi. Görünür, bu müvəqqəti sükunət imiş. Mən səni iradəli, hər şeyə qadir, hətta öz ürəyinin səsini belə boğmağa qadir olan bir adam kimi tanıyırdım. Ancaq yanılırmışam. Sən öz hisslərinin əlində əsir olmuşdun: ürəyinin arzusuna qarşı çıxmaq qüdrətin yox imiş sənin. Hekayələrinin birində yazdığın kimi, «ürək sənin allahın imiş». Sən ürəklə yaşamağı ağılla yaşamaqdan üstün tutan adamlardan imişsən, Toğrul.
… Dekabrın əvvəlləri idi. Bakıya qalın qar yağmışdı. Üstəlik bərk küləklər əsir, qarı sovurub adamların üzünə, divarların dibinə çırpırdı, gediş-gəlişi çətinləşdirirdi. İçəri kim girirdisə qar adama oxşayırdı. Qapının ağzında üst-başını çırpır, paltosunu, papağını çıxardır, özünü qaz buxarısının yanına verib qızınandan sonra iş stolunun arxasına keçib otururdu.
Sən şöbədə təkdin. Mən qarımı çırpıb buxarının yanına gəldim: isti dəydikcə qaşlarımdakı, saçlarımdakı qar əriyib damcı-damcı üzü aşağı tökülür, canım qızır, yanaqlarım allanırdı. Sən əl saxlayıb mənə baxırdın. Birdən, gözləmədiyim halda adımı çağırdın:
⎯ Nərgiz.
Səsin həmişəki kimi kədərli və tutqun idi. Soyuq dəymiş adamın səsinə oxşayırdı. Nədənsə ürəyim titrədi: hiss elədim ki, nəsə məni sarsıdacaq bir şey olacaq. Qorxa-qorxa soruşdum:
⎯ Nədi?
Günahkar uşaq kimi üzümə baxdın və həyəcanla:
⎯ Mən sənə qurban olum, Nərgiz. – dedin. Sonra yenə təkrar elədin: ⎯ Mən sənə qurban olum.
Ortalıqda donub qaldım: qulaqlarım guruldadı, qıçlarım əsməyə başladı. Sanki otaq başıma fırlanırdı. O sözlərin divarlara, pəncərələrə dəyib əks-səda verirdi, elə bil, hər tərəfdə yüzlərlə sən dayanıb eyni yanıqlı səslə «Mən sənə qurban olum». – deyirdi. Yıxılmamaq üçün əlimi stolun qırağına söykədim və qorxudanmı, heyrətdənmi, qəzəbdənmi böyümüş gözlərimi sənə, daha doğrusu, dodaqlarına zillədim: onlar daha tərpənmirdi, amma o sözləri yenə eşidirdim, sən deyirdin. Ürəyin deyirdi o sözləri.
Bunu yaxşı xatırlayıram ki, çevrilib çölə qaçdım. Dalımca qışqırdın:
⎯ Nərgiz, Nərgiz…
Mən cavab vermədim. Dəhlizin üçkünc bağa açılan pəncərəsinin qabağına gəldim. Bir layını açdım, başıma, əllərimə, sifətimə təmiz hava dəydi və xeyli sonra özümə gəldim. Amma qulaqlarımda sözlərin yenə aramsız səslənirdi: «Mən sənə qurban olum, mən sənə qurban olum». Elə bil, böyrümdə dayanmışdın, körpəsinə lay-lay çalan ana kimi qulağımın dibində o sözləri pıçıldayırdın, elə hey pıçıldayırdın…
Bu ara kimsə əlini çiynimə qoydu: səksəndim. Elə bildim, sənsən. Çevriləndə Musanı başımın üstündə gördüm.
⎯ Qorxdun deyəsən.
Özümü ələ almağa çalışdım.
⎯ Dedim görəsən kimdi?
⎯ Burda niyə dayanmısan?
⎯ Elə belə.
⎯ Gedək içəri.
Ehtiyatla otağa daxil oldum. Mənə elə gəlirdi ki, sözlər havada qalıb, təkrar-təkrar səslənir. Musa indicə eşidəcək. Eşidəcək o sözləri, hər şey məhv olacaq. Ancaq xoşbəxtlikdən heç nə olmadı. Sən ürkək və qorxu dolu baxışlarla bizə nəzər salıb üzünü yana çevirdin. Rəngin ağarmışdı.
Musa mənə tapşırıq verəcəkdi. Qarşıdakı istehsalat müşavirəsində çıxış edərkən hansı məsələlərə toxunmaq barədə söhbət etmək istəyirdi. Mənsə indi onu dinləyəcək halda deyildim. Elə bil, məni döymüşdülər: süst və əzgin idim. Dedim:
⎯ Özümü pis hiss eləyirəm. ⎯ Bu sözləri qəsdən bərkdən söylədim ki, sən də eşidəsən.
⎯ Məgər xəstəsən?
⎯ Nə üçünsə yatmaq istəyirəm. İcazə ver gedim evə. Onsuz da işləyə bilməyəcəyəm.
⎯ Bəlkə doktora gedəsən?
⎯ Yox, yatsam, keçib gedəcək.
⎯ Yaxşı, get.
Asılqandan paltomu, papağımı götürüb geyindim, çıxanda sənə ötəri bir nəzər saldım. Sən peşman-peşman mənə baxırdın.
… Yerimdə uzanmışdım: həqiqətən yatmaq istəyirdim, ancaq yata bilmirdim. Sənin bayaqkı sözlərini unutmaq istəyirdim, unuda bilmirdim. Elə bil, dalımca evə də gəlmişdin: yenə o sözləri söyləyirdin. Eşitməyim deyə başımı balışın altına soxdum. Yox, mümkün deyildi.
Telefon səsləndi. Musadır yəqin – dedim – nigaran qalıb. Dəstəyi götürüb:
⎯ Eşidirəm – dedim. Musanın əvəzinə sənin səsini eşitdim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-xos-gelmisen-nergizim
Другие произведения автора
Dünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».
Üçüncü hissə, dördüncü fəsilPayız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»
Üçüncü hissə, beşinci fəsilSüleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:
Üçüncü hissə, altıncı fəsilBu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.