Üçüncü hissə, beşinci fəsil
Страница 1 из 2
Süleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.
⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:
⎯ Hə, gəl, ay Yunis! Xoş gəlmisən!
⎯ Xoş günün olsun, Nəzər müəllim.
Oğlan çəkinə-çəkinə irəli yeridi.
⎯ Otur, a bala.
⎯ Yox, sağ olun…
⎯ Nə olub, həyəcanlısan, ay Yunis? Elə bil dalınca atlı gəlir, qovurlar səni? ⎯ Oğlan doğrudan da nə isə gərginlik içində idi, otağın o yan-bu yanına göz gəzdirirdi.
⎯ Hə? Yox!.. Sizin pulu gətirmişəm, Nəzər müəllim. ⎯ O, əlini dal cibinə salıb qəzetə bükülü pulu çıxartdı. ⎯ Çox sağ olun, allah ömrünüzü uzun eləsin. O gün yaman əlimdən tutduz! Qonaqlarımı yaxşı yola saldım. Apardım «Yaxşı yol»a, yedik-içdik.
⎯ Əcəb eləmisən, qonağı gərək həmişə razı yola salasan.
⎯ Qəfil rast gəldilər. Üstümdə də bir manatım vardı cəmi. Olur da. Neçə adamdan istədim, bir kişidə tapılmadı. Birdən yadıma siz düşdüz. Sağ olun ki, boş qaytarmadız.
⎯ Baxdın onda çəkdi ki, mən də elə o gün maaş almışdım. Axşam evdə arvad deyir bə maaş almayıbsan? Maaş günlərimi Sədni-kin qızı məndən yaxşı bilir. Çünki pulu alan kimi aparıb verirəm ona. Dedim yox, ay arvad, bu gün bankda nə isə pul yox imiş.
Yunisi Nəzər çoxdan tanıyırdı. Yetim oğlan idi. Heç kəsi yox idi. Oxuyub bir sənət sahibi də ola bilməmişdi. Gah keşikçi işləyirdi, gah sürücü köməkçisi, gah mağazada yük daşıyan. Son vaxtlar körpünün böyründə, dörd yol ayrıcında təzə açılmış Benzin doldurma stansiyasında Cağa İbrahim onu yanına götürmüşdü. Başqa bir oğlanla növbə ilə işləyirdi, benzin satırdı. Belə adamların həyatının incəliklərindən tam təfərrüatı ilə hali olmasa da, Nəzərin onlara həmişə rəhmi gələrdi. Özlərinə heç nə deməzdi. «Həyatdı da. Hərə ömrünü bir cür yaşayır, nə etmək olar!» ⎯ düşünərdi. Srağagün isə həmin bu Yunis gözlənilmədən kabinetinə gəlib ondan borc pul istəmişdi. Nəzər isə… naümid eləməmişdi, yüz əlli manat pul vermişdi və dar ayaqda qalmış bir adamın əlindən tuta bildiyinə görə bütün günü uşaq kimi sevinmişdi.
Yunis bükülünü Nəzərə verdi:
⎯ Sayın, Nəzər müəllim!..
Nəzər pulları pencəyinin qoltuq cibinə qoymaq istəyəndə Yunis az qala yalvardı:
⎯ Siz allah sayın, Nəzər müəllim.
⎯ A bala, sən saymayıbsan?
⎯ Saymışam ey. Saysaz rahat olaram. Pul sayılmağı xoşduyur, Nəzər müəllim. Cağa İbrahimin bir yaxşı sözü var, deyir: ə, pulu alanda da say, verəndə də. Deyir, pul sayılanda yaman sevinir.
Nəzər güldü:
⎯ O Cağa İbrahimin fəlsəfəsidi. Ə, kağız da sevinər?
Nəzər bükülünü açıb onluqları saydı: on beş dənə idi.
⎯ Düzdü, Yunis!
⎯ Hə, indi ürəyim toxtadı. Çox sağ olun. ⎯ Çıxmaq istəyəndə Nəzər onu qapı ağzında saxladı.
⎯ A bala, rayona bu gün-sabah komissiya gələsidi. Ehtiyatlı olun ha. Sisternalarınızın artığı-əskiyi olmasın, benzin vuran aparatlarınız düz işləsin. Salyarka-zad qatmayın. İlişərsiz.
Yunis irişdi; bu dəm Nəzər o oğlanın gözlərində qəribə bir sırtıqlıq və sifətində bir rişxənd əlaməti gördüsə də, heç nə başa düşə bilmədi, ürəyində özünü diqqətsizliyinə görə danladı ki, srağagün, elə lap bu gün, bir az əvvəl Yunisin gözlərindəki o ifadəni niyə görə bilməyib? Qəribə deyildimi? Bayaq həyəcanlıydı ⎯ buz üstə çıxmış dana kimi döyükə-döyükə addım atırdı, yıxılacağından qorxan, arxadan qovulan adama oxşayırdı. İndi isə…
Yunis irişə-irişə:
⎯ Narahat olmayın, Nəzər müəllim, ⎯ söylədi. ⎯ Benzinin qramına da söz ola bilməz. Qəmisiyə gələcəyini Cağa İbrahim bilir, bizə də tapşırıb.
⎯ Hə? Hardan bilir?
⎯ Cağa İbrahimin bilmədiyi şeyə qurd düşər!
Qapı ağzında elə bil çaşıb qalmışdı ⎯ getmək də istəyirdi, getməyə də sanki ayaqları gəlmirdi. Elə bil qapı dalında dayanıb kimdənsə qorxurdu Yunis. Nəzərin gülməyi köməyinə çatdı.
Çaşqın halda soruşdu:
⎯ Niyə gülürsüz, Nəzər müəllim?
Nəzər başını qaşıya-qaşıya:
⎯ Ona gülürəm ki, xalq Marksdan-zaddan sitat gətirir, sən də dəqiqədə bir Cağa İbrahimdən, ⎯ dedi.
⎯ Cağa İbrahim canlara dəyən oğlandı, Nəzər müəllim. Çörək verən kişidi. Mən isə… çörək verənin quluyam. Ondan da sitat çəkməyib, kimdən çəkəcəyəm?..
⎯ O yaxşı sifətdi, Yunis. Adam gərək çörək verəninə ağ olmasın.
⎯ Heylədi.
Yunis istəyirdi o yenə danışsın, ancaq Nəzər əlini qələmə atmaqla işarə verdi ki, gedə bilər. Yunis çıxdı.
Siyahını qabağına çəkdi. Beş-altı adamın adıydı. «Amma hamısı tuzdu. Qartıyıb illəmiş əjdahadı hərəsi. Yox, qanunun qarşısında boyunları tükdən nazikdi. Əvvəl pambıq qəbulu məntəqəsindən ⎯ Müseyibdən başlamaq gərəkdi. Bu saat hamısından çox yeyəni, oğurlayanı odu. Di gəl, köpəyoğlunun arxası möhkəmdi. Bakıda ⎯ nazir, burda katib, prokuror…»
Elə bu zaman kabinetin qapısı açıldı və rayon prokuroru İsrafil Quliyevi qənşərində görəndə Nəzərin qələmi əlindən düşdü.
⎯ Bay atonnan… Ta mənim sizə sözüm yoxdu, ay yoldaş Quliyev.
İsrafil ucaboylu, arıq, sarışın saçlarını yana darayan, əllini adlamış bir adam idi. Yeddi ildi burda işləyirdi. Rayon camaatının çoxu onun gəlmə olduğunu belə unutmuşdu. Zəhmliydi. Səliqəli geyinməyi xoşlardı. Həmişə yay-qış eynək taxtardı. Gözlərinin nə rəngdə olduğunu da bilən yox idi. Özünü elə ciddi aparırdı ki, hər adam ürək eləyib ona yaxınlaşa bilməzdi. Deyib-güldüyünü də görən olmamışdı. Nəzər onu xeyli vaxtdı tanıyırdı. Hələ müəllim olarkən təsadüfən iki-üç məclisdə onunla bir yerdə olmuşdu. Fikir verib görmüşdü ki, milis də, kolxoz sədri də, hesabdar da İsrafilə xüsusi diqqət yetirir, hörmətini saxlayır, bəziləri hətta açıq-aşkar yaltaqlanır da. Nəzər bunu da aydın hiss eləmişdi ki, əttökən, adamı çimçəşdirən bu yaltaqlıqdan onun qətiyyən acığı gəlmir, hələ deyəsən bundan bir az da xoşhallanır. Görünür, ətrafındakılar onu belə öyrətmişdi və o da buna adət eləmişdi.
«Zabitəli adamdı. Qanun keşiyində dayananın zəhmli-qırımlı olmağı yaxşıdı… Yoxsa Ağayev kimi. Elə hey dişləri ağarır. Adam tutanda da gülür zalım oğlu. Heç kəs də ondan çəkinib eləmir. Çünki kişi, özü demişkən, açıq danışmağı xoşlayır».
Nəzər təzə vəzifəyə keçəndən sonra da büro iclaslarında, başqa yığıncaqlarda İsrafilə göz qoymuşdu. Çox nadir halda söz deyərdi. Əksər hallarda elə susaraq qara çeşməkləri altından danışanlara, oturanlara tamaşa eləyərdi.
İki dəfə də məhkəmə prosesində görmüşdü. Bir Mikayılın məhkəməsində, bir də çoban Ələsgərin məhkəməsində. İkisində də hüquq dilində, maddələrin nömrəsini saya-saya çox kəskin danışmışdı. Nəzərin təkcə bu yadında qalmışdı ki, o, dövlətin, kolxozun bir milyondan artıq pulunu-malını yemiş Mikayılı da, fermanın sürüsündən iyirmi qoyun satıb qızına toy eləmiş çoban Ələsgəri də az qala eyni sözlərlə tənbehləmiş, eyni qədər iş kəsilməsini tələb eləmişdi. Prokurorun fikrincə, hər ikisi sosialist mülkiyyətini dağıtmışdı.
Nəzərin qaldırdığı cinayət işlərində o, onunla çox rəsmi danışmışdı. «Yoldaş Nəzərli». «Yoldaş Nəzarət komitəsinin sədri». Onun adını söhbətlərində yalnız bu cür çəkmişdi. Və uzun müddət Nəzər prokurorun ona belə soyuq və rəsmi münasibətinin səbəbini axtarmış, lakin axırını bir yana çıxara bilməmişdi. «O yaltaqları, qorxaqları sevir deyəsən. Neyniyim, mən yaltaq olmamışam, ola bilmərəm də. Sevmir, qoy sevməsin».
Ancaq bu yaxınlarda Nəzər İsrafil Quliyevin ona bəslədiyi soyuqluğun, rəsmiyyətin səbəbini anlamışdı: sən demə, maarif şöbəsinin müdiri Murad Muradzadə oğluna prokurorun qızını alıbmış, qohum olublarmış. Sən demə, Murad, İsrafillə qohum olduğuna görə, o dəfə büroda Süleymanla elə qoz-qoz danışırmış. «Yəni Süleyman da bilmirmiş? Ola bilər xəbəri olmasın. Yəqin elə ona görə də, Süleyman burada onu yıxıb sürüsə də, sonra aradan nə qədər keçməsinə baxmayaraq bir də o məsələnin üstünə qayıtmamışdı. «Yaxşı, səninlə sonra danışarıq» ⎯ demişdi onda Süleyman. Bəs nə olmuşdu? Heç nə. Murad muradzadə öz stolu arxasında möhkəmcə oturmuşdu, qardaşı oğlu Şakir də orada, Əsgərabadda «Qırmızı məktəb»də ağızbəhəm eləyərək bildiyini eləmişdi.
«Hə, belə de. Arxalı köpək qurd basar. Eybi yoxdu, dəvədən böyük fil far» ⎯ deyə Nəzər bu məsələni başı açılan kimi, Bakıda Maarif nazirliyində qaldıracağı qərarına gəlmişdi…
… İsrafilin yanında forma geymiş iki nəfər də vardı. Nəzər prokurorun qara çeşməkli gözlərinə baxa-baxa gülümsündü və bayaqkı sözünü izah elədi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-dunyani-tani-ucuncu-hisse-besinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gülmirə Orxandan ayrılandan sonra idarəyə getmədi. «Birdən əlimdə məqaləni görən olar, xətti tanıyar», — deyə düşünüb birbaş evə sarı yollandı. Küçələrdə adam azdı. Hava isti olsa da, o, canında bir yüngüllük və rahatlıq duyurdu...Məqaləni salıb itirəcəyindən qorxurmuş təki, qəzeti sol döşünə bərk-bərk sıxmışdı. Nədənsə qəflətən ona elə gəldi ki, Orxanın əli burda, qəzetin arasındadır, bir anlığa o əlin hərarətini hiss eləyən kimi oldu. Və səksənərək qəzeti sinəsindən ayırdı...
Birinci hissə, on altıncı fəsilBaşı dümağ ağarsa da, gümrahlığını, çevikliyini itirməmiş, gündən-günə artan bir həvəslə elmi işə girişən, kitabxanaların köhnə, toz basmış künclərini, əlyazmalarını araşdıran Cəfər sevincdən dili söz tuta bilmədiyi halda Salmanın otağına girəndə professor uzun illərin sövqi-təbiisi ilə anlamışdı ki, burada nəsə mühüm bir məsələ var. İkicə saniyə sonra zənninin doğru olduğunu görüb özünün indi də məəttəl qaldığı ustalıqla Cəfəri sakitləşdirib onu ətraflı danışmağa qoymamış, əlindəki fotosurəti, əlyazmasını alıb stolun üstünə atmış və demək olar ki, zorla Cəfəri də itələyib bayıra çıxarmış:– İndi çox təcili işim var, prezident çağırıb,— deyərək qapını qıfıllayıb mərtəbələri aşağı enmişdi. Əslində o özü də sevindiyindən nə edəcəyini bilmədiyi üçün və ələ düşən yağlı tikəni itirməmək məqsədi ilə yollar aramaq üçün belə eləmişdi.
Birinci hissə, on yeddinci fəsilGülmirə professorun kabinetindən çıxanda artıq axşam düşmüşdü: içəridə, Salman Qurbanzadə ilə üzbəüz oturub onun tələm-tələsik diktə elədiyi sözləri təntiyə-təntiyə yazdığından, bu gözlənilməz təklifin əsil mahiyyətini anlamadığı üçün xəyalında min yerə at çapdığından qız yamanca həyəcanlanmışdı, deyəsən hələ tərləmişdi də. Yaz axşamının yüngül mehi alnında, yanaqlarında gəzdikcə bədənini sərinlədir, bayaqdan naməlum hisslər əlində çırpınan ürəyini toxtadırdı.Kommunist küçəsi ilə azca üzüyuxarı qalxmışdı ki, qeyri-iradi dönüb institutun pəncərələrinə nəzər saldı: Salman Qurbanzadənin dördüncü mərtəbədə yerləşən otağından hələ də işıq gəlirdi, azacıq o tərəfdə, içəri şəhərin qala divarlarının iri «daş dişləri» alaqaranlıq içində güclə seçilirdi. Gülmirə küçədə olsa da, o, işıq gələn pəncərənin arxasında, pardaxlanmış mizin dalında oturub işgüzar bir görkəmlə nə isə yazıb-pozan, əlini iri alnına qoyub tez-tez xəyala dalan Salman Qurbanzadəni təsəvvürünün gözləri ilə görür və Gülmirədə— elm aləminə təzə qədəm qoymuş, onun enişləri-yoxuşları, çəkişmələribərkişmələri, büdrəmələri, yüksəlişləri barədə tam təsəvvürü olmayan, ancaq hələlik zahiri parıltılarını, şan-şöhrətini, gurultu ilə səslənən «elmlər namizədi», «elmlər doktoru», «professor», «akademik» kimi ibarələrin doğurduğu məstedici həzzi uzaqdan-uzağa duyan Gülmirədə professor Salman Qurbanzadənin qeyri-adiliyi, nadirliyi, qadirliyi barədəki fikirlər getdikcə qüvvətlənir və gözlərini qamaşdırırdı. O, bir uşaq sadəlövhlüyü ilə atasının belə bir dostu olması ilə fəxr edir, küçəyə sığışmırdı. Onun nəzərində institutda işlədiyi bu iki-üç il ərzində Salman doğrudan da özünü çox, lap çox ucaltmağa nail olmuşdu — adicə laborant idi Gülmirə, beş ay keçməmiş kiçik elmi işçi keçirtmişdi, mövzu vermişdi, indi də elmi əsərinin vəziyyəti ilə maraqlanır, hətta vaxtilə özünün kəşf etdiyi Füzuli avtoqrafını da könüllü surətdə onun adına çap elətdirmək istəyirdi. Hələ bu nə idi ki, professor Gülmirənin tənbəlliyini bildiyi üçün bu çox vacib işi təxirə salmamaq, başqalarının, məsələn Cəfərin həmin məsələdə qabağa düşməyinin qarşısını almaq xatirinə, məqalənin mətnini də özü diktə eləmiş, yazdırmışdı, Bu yaxşılıq deyildi, bəs nə idi? Kim kim üçün belə edərdi? Heç kəs! «Nadirə mənim xatirimi — özünün dediyinə görə — kiçik bacı kimi çox istəyir. Ancaq o belə eləməzdi. Yox, eləməzdi. O, elə tələb eləməyi bilir, bir partkom kimi ancaq tələb eləməyi bilir. İşləmək lazımdır! Vəssalam, onun sənə qayğısı bundan ibarətdir. Amma Salman əmim... Yoxdur ondan, bir dənədir Salman əmimdən»—deyə Gülmirə ailəvi yaxın olduğu bu ər-arvadı fikrən müqayisə edirdi, istər-istəməz və belə müqayisələr zamanı öz «yaxşılığı», «xeyirxahlığı» ilə Salman onu—arvadı Nadirəni həmişə kölgədə qoyurdu. Gülmirə özünü Salmanla güclü hesab edirdi. Son günlər isə o, Orxanın «əyani» köməyini görəndən sonra büsbütün arxayınlaşmış, keçəcəkdə çətin, dolaşıq, basırıq yollarda həmişə onun üçün yaşıl işıq yanacağını düşünüb rahatlanmış, indiyə qədər qəlbini üzən ümidsizlikdən, inamsızlıqdan yaxasını qurtarmışdı. Demək, iki nəhəng — elmin iki böyük nəhəngi onun arxasında dayanmışdı. Orxan ona dəlicəsinə vurulmuşdu, düzdü, ürəyini hələ açmamışdı, güman ki, heç aça da bilməyəcəkdi— ancaq o bu məhəbbəti xatirinə Gülmirənin bir sözünü iki eləməzdi, deməmiş belə onun «əsərlərini» yazardı — özü də tək birini yox, ömrü boyu yazardı, özü üçün yazmasaydı da, Gülmirə üçün yazardı. Orxanın dilsiz baxışları, yana-yana köks ötürməsi, son yazısını aparıb təzədən yazması və o gün də «mən sirr saxlamağı bacaran oğlanam!»— deməsi bu fikri ona möhkəmcə təlqin eləmişdi. Orxan bu münasibətilə, bu məhəbbəti ilə Gülmirə üçün son dərəcə maraqlı, oxunmamış, ləzzəti bihuşedici bir romana bənzəyirdi və cavan gəlini öz şirinliyi ilə hər gün bir az özünə cəlb eləyirdi. Gülmirə təmkinli, ağıllı olsa da, bu şirinlikdən, o həzzdən imtina edə biləcəkdimi?..
Birinci hissə, on səkkizinci fəsilSəhəri günü özünü azca nasaz hiss elədiyi üçün Salman işə çıxmadı. Hıqqıldaya-hıqqıldaya, zarıya-zarıya telefona yaxınlaşıb Aslanzadəyə zəng çaldı, icazə alıb yerinə girərək əməlli-başlı uzandı. Ərini kefsiz görən, ümumən evdə xəstə görməkdənsə, özü xəstələnməyi üstün tutan Nadirə əl-ayağa düşüb doktor çağırmaq istəyəndə Salman qoymadı: «Əşi, yüngülvarı şeydi, keçib gedər»,— deyərək onu sakitləşdirdi; buna baxmayaraq Nadirə balaca ev aptekindən aspirin tapıb isti çayla ərinə içirtdikdən sonra nigaran-nigaran idarəyə getdi. Professor darıxacağını hiss eləyib əl ataraq çarpayısının baş tərəfindəki kitab rəfindən «Şərq ədəbiyyatında realizm» əsərini götürdü və mütaliəyə başladı. Ancaq sətirlər gözünün qabağından qaçdığına görə, cümlələr, fikirlər ona dolaşıq və anlaşılmaz görünürdü, buna görə oxuduğu bir cümləni qayıdıb ikinci dəfə də nəzərdən keçirməli olurdu. Çox keçməmiş belə mütaliənin heç bir fayda verməyəcəyini kəsdirib kitabı yorğanının üstünə atdı. Çünki onun diqqəti burada deyil, dünən müvəffəqiyyətlə keçirdiyi «əməliyyatın» yanında idi. Professorun diqtəsi ilə, Gülmirənin öz əlilə yazılan məqalə onun seyfində, köhnə kağızlar yığılmış qovluğun arasındaydı.Salman ehtiyatlı tərpənib Gülmirəyə bəzi başqa məsləhətlər də vermişdi. Bütün bunlara baxmayaraq, Salman gecəni səhərəcən yerində qurcuxmuş, ilan vuran yatmışdısa da, o, çimir belə eləyə bilməmişdi. Bir tərəfdən qurduğu, o biri yandan da belə mühüm məsələnin ümumən əldən çıxması onu yamanca dilxor eləmişdi. Burda şəxsən o heç nə qazanmırdı. Arada əzab-əziyyət çəkən Cəfər, «nə yoğurub, nə yapan, hazırca kökə tapan» isə Gülmirə olurdu. Paxıl adamlar, bərk ayaqda, bununla da təsəlli tapmağı bacarırlar; Salmanın da təsəllisi bu idi. Ötən gecə yerində çalıxıb-çapalayan təkcə Salman deyildi, Gülmirə daha böyük və daha anlaşılmaz bir təlatümə düşmüşdü. Elə bir təlatümə ki, o, bu qurğunun əsil mahiyyətini tam aydınlığı və dərinliyi ilə hələ də anlaya bilmirdi. Bu, nə idi? Professor ona köməklik etmək istəyirdi. Belə köməklik olar? Bəlkə bu, Cəfərə qurulmuş bir tələdir. Elə isə bəs Gülmirə nə üçün onun «çörəyinə» mane olmalıdır? Axı onlar yoldaşdılar, eyni şöbədə işləyirlər. Kimə bu dərdi-sirri açmalı, kimdən məsləhət almalı? Orxana? Yox, axı, o heç kəsə sirr açmayacağına söz verib.
Стихи других поэтов
Müjdə verdilər ki, mənə el oğlu,Yarın gör nə işvə, naz ilə gəlir.
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,
DüşmüşəmEy gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,