Страница 13 из 20 · 60%

Səninçin gülüşəm, arzuyam, güləm,

Şirin bir röyayam, səadətəm mən.

Səninçin cahanam, şerəm, nəğməyəm,

Səninçin vəfayam, sədaqətəm mən.

Təşnə ürəyinçin sərin bulağam,

Sənin olacağam, nə qədər sağam.

Səninçin dünyada arxayam, dağam,

Səninçin ətirəm, təravətəm mən.

Sənin ürəyinəm, mavi gözünəm,

İsti nəfəsinəm, şirin sözünəm.

Sənin varlığınam, sənin özünəm,

Səninçin şərəfəm, şərafətəm mən.

Sənə arzu dolu şirin cahanam,

İstərəm tək sənin oduna yanam.

Kim deyər, səninçin adi insanam?

Təpədən dırnağa məhəbbətəm mən.

Anladım ki, mənsiz sən heçsən, əzablar içində yavaş-yavaş yanıb əriyən və nəhayət, günlərin birində zavala uğramalı olacaq bir zavallısan.

Yaxın adamın kimi, ərkyana, ağır dəqiqələrində burnuna vurduğum o çırtmanın səni necə dəyişdiyini gördükdə buna bir daha inandım. Mən onda cavandım, qayğısızdım, bəlkə də bunlara adi bir zarafat kimi baxırdım. Belə kiçik şeylərlə də bunlara adi bir zarafat kimi baxırdım. Belə kiçik şeylərlə sənin dəyişdiyini, nikbinləşdiyini görəndə qeyri-iradi düşünürdüm ki, sənə qarşı qəddar olmayacağam, zarafat eləyəcəyəm, qoy könlün xoş olsun, qoy ruhdan düşməyəsən, özünü tək, kimsəsiz hiss eləməyəsən.

Gecələr yerimin içində oyan-bu yana çalıxıb çabalayanda sənin haqqında düşünürdüm. Ürəyimdə mənasını özümün də o qədər yaxşı dərk etmədiyim bir tərəhhüm hissi baş qaldırırdı. Bu hiss bəzən elə güclü olurdu ki, gecənin yarıdan keçdiyinə baxmayaraq, qalxıb sənə zəng etmək, bir-iki xoş söz demək, kefini soruşmaq, ordan-burdan danışmaq, axırda da «Gecən xeyrə qalsın, Toğrul» – demək istəyirdim. Nədənsə mənə elə gəlirdi ki, uzun müddət rahat yatmağın nə demək olduğunu bilməyən sən, mənim zəngimdən sonra quzu kimi rahat yata bilərsən. Çox istəyirdim ki, sən rahat olasan, çox istəyirdim ki, ürəyində ümid işığı yandırım, səni sevindirim. Lakin yanımda yatan Bünyadın zəhlətökən xorultusunu eşidəndə sanki yuxudan ayılır, bunu heç vaxt edə bilməyəcəyimi anlayıb məyus olurdum.

Günlər, həftələr, aylar beləcə ötüb keçirdi. Sənin dərdli, kədərli görkəmin, qüssəli gözlərin mənə heç yerdə rahatlıq vermir, hətta yatanda da yadımdan çıxmırdı. Tez-tez yuxuma girirdin. Bu, əvvəl mənə əyləncə kimi gəlirdi. Ancaq sonralar başa düşdüm ki, bu, heç də əyləncəyə oxşamır: mənim beynimi, ürəyimi narahat edən bir məsələyə dönmüşdü bu. Və mən qorxmağa başlamışdım; sənin sözlərini, gözlərini, varlığını özümdən uzaqlaşdırmağa, qovmağa çalışırdım. Səndən qaçır, bəzən sözünə cavab vermir, özümü görməməzliyə vururdum. Ancaq yenə səndə heç bir soyuqluq hiss eləmirdim. Yenə necə deyərlər, bir «Nərgiz» – deyəndə beşi də ağzından tökülürdü. Adımı belə həsrətlə, elə ürəklə deyirdin ki, səninlə belə rəftar elədiyimə görə özüm utanırdım.

Sonra hamilə oldum. Üzümü çil basmışdı, kifirləşmişdim. Bu vaxtlar da məndən zəhlən getmədi. Əksinə, mənə qarşı daha qayğıkeş oldun. Sonra ana oldum – doğum evində yatanda xəlvətcə yanıma gəldin. Onda da toyumuzdakı kimi, qızıl gül gətirmişdin. Pəncərənin qabağında danışdıq:

⎯ Təbrik edirəm, - dedin. – Əlində –ovcunda qalsın.

⎯ Çox sağ ol, Toğrul.

⎯ Adını nə qoymusan bu şeytanın?

⎯ Hələ qoymamışıq. Bir yaxşı ad axtarırıq.

Fikrə getdin, sonra dedin:

⎯ Əfsanə yaxşı addı, Nərgiz.

Beləliklə, Bünyadın da xəbəri olmadan, bizim ilk övladımızın adını sən qoydun. Bu addan atasının da, mənim də xoşum gəldi: Əfsanə. Yaxşı addı, şairanə addı. Sənin xəyalını, özünü özümdən uzaqlaşdırmağa çalışarkən hiss edilmədən səni hər dəqiqə mənə xatırladan, nəsə gözəgörünməz tellərlə bağlayan bir addım da atmış oldum. Qızıma baxanda, adını çağıranda istər-istəməz sən yadıma düşürdün, Toğrul. İndi də düşürsən, həmişə də düşəcəksən.

Beləliklə, səninlə mənim aramda ilk böyük sirr yarandı: qızımın adını sən qoyduğunu heç kəs bilmədi, indi də bilmir, heç vaxt da bilməyəcək. Demək olar ki, hər gün soruşurdun:

⎯ Mənim Əfsanə balam necədir?

⎯ Yaxşıdır.

⎯ Mənim əvəzimdən onu maç elə, Nərgiz.

Gülürdüm:

⎯ Yaxşı.

… «Maç elə» - dedin, yadıma sənin ilk öpüşün düşdü, Toğrul. Yadındadımı bir dəfə, gərək ki, iyul ayı idi, sənin yanından keçəndə necə oldusa qəfildən qolumdan öpdün. Elə hirsləndim ki, sifətinə tərs bir şillə çəkdim. Sən ağappaq ağardın. Heç nə demədin, əlini sifətinə qoyub lal-dinməz mənə baxıb susdun.

⎯ Utanmaz. – dedim. – Sən necə cəsarət eləyirsən.

⎯ Bağışla məni, Nərgiz.

Mən sənə acıqlı baxaraq heç nə demədən işdən çıxıb getdim. Dodaqlarının hərarəti qolumu yandırırdı: sanki dodaqların qolumun ağ dərisinə yapışmışdı. Mənə elə gəlirdi ki, öpüşünün yeri möhür kimi qolumda qalıb, yoldan keçənlər də görəcəklər ki, qolumdan öpüblər. Bünyad da evə gələndə görəcək ki, qolumda öpüş yeri var. Evdə, bədənnüma güzgünün qabağında qoluma diqqətlə baxdım: heç nə bilinmirdi. Mən hamamı yandırıb çimdim, qolumu xüsusi səylə yudum, yenə rahat olmadım: hamam daşı ilə sənin dodaqların dəyən yeri o ki, var sürtdüm: o qədər sürtdüm ki, dərisi soyuldu, qanadı. Sonra azca rahatlandım.

Axşam Bünyad, səhər isə atamgilə gedəndə anam soruşdu ki, qoluna nə olub? Dedim ki, nədənsə qaşındı, sürtdüm, sürtdüm, qan çıxdı.

İstirahət gününün səhəri işə gələndə qolumun yarasını görüb qorxa-qorxa soruşdun:

⎯ Qoluna nə olub, Nərgiz?

Acıqla çımxırdım:

⎯ Hələ bir soruşursan da? Sən eləmisən də.

Sən cürətsiz halda:

⎯ Mən ancaq dodaqlarımı toxundurdum, Nərgiz. – söylədin.

⎯ Mən də sənin dodaqlarının yerini qazıdım.

⎯ Nəylə?

⎯ Daşla, bıçaqla.

Ətini kəsirmişlər kimi, üz-gözünü qırışdırdın: hiss etdim ki, mənim canım ağrıyan kimi, sənin də canın ağrıdı.

⎯ Məni bağışla, Nərgiz. – dedin. – Birdən ağlıma gəldi. Heç özüm də bilmədim.

İkinci gün tənəffüs qabağı qolumun hələ də qıp-qırmızı əti görünən yarasını süzüb ah çəkdin və həlim, mehriban bir səslə dedin:

⎯ Nərgiz.

Soyuq cavab verdim:

⎯ Nədi?

⎯ Yaran yenə incidir?

⎯ Sənə nə var?

⎯ Soruşuram da. İncidir?

⎯ Hə, incidir. Bu gecə ağrısından heç yatmamışam.

⎯ O yaradan biri də mənim ürəyimdə əmələ gəlib, Nərgiz. O, məni daha çox incidir. Sənin yaran iki-üç günə sağalıb gedəcək, amma ürəyimdəki yaram çətin sağalacaq, Nərgiz.

⎯ O sənin öz işindir.

Susub yazıq-yazıq üzümə baxdın və sonra ah çəkərək dedin:

⎯ İcazə ver, sənin yaranı sağaldım, Nərgiz.

Qeyri-iradi gülümsündüm:

⎯ Həkimsən məgər?

⎯ Sənin nə işin var, qoy sağaldım.

⎯ Necə axı? – Maraqlıdır.

Ayağa durdun, yanıma gəldin. Əyilib qolumun qızaran yerinə diqqətlə baxdın, baxdın: necə oldusa mavi gözlərin yaşardı, əlini göz yaşında isladıb üstünə çəkdin və sonra gözləmədiyim halda əyilib yaramdan astaca öpdün. Sən sehirkar idin, nə idin? Əfsunlamışdın məni, nə idi? Çünki dillənə bilmədim, etiraz eləyə bilmədim və nədənsə mənə elə gəldi ki, o an qolumun ağrısı, göynərtisi azaldı.

⎯ Daha ağrımayacaq. Tez, lap tez sağalacaq. – Dərmanın kəsərinə inanan loğman kimi arxayınlıqla belə deyərək keçib yerində oturdun. Sənə baxdım. Yadıma gəlir ki, o anacan sənə heç vaxt elə baxmamışdım. Yaşarmış gözlərinin gözəlliyini mən onda gördüm. O gözlərə əzab həkk olunmuşdu. O gözlərdə xoşbəxtliklə bədbəxtliyin qarışığından yaranmış qəribə, adamı mütəəssir eləyən bir ifadə vardı.

⎯ Dəlisən, vallah. – dedim və sən başa düşdün ki, mən bu sözü əsl mənasında yox, başqa mənada söylədim. Sevən mənasında, aşiq mənasında. Yavaşca pıçıldadın:

«Dərdindən mən dəliyəm,

Heç xəbərin yoxdu sənin, yoxdu». – Oxumadın Zeynəbin bu məşhur mahnısının sözlərini, elə belə, pıçıldadın.

İstədim deyəm, xəbərim var, ancaq nə fikirləşdimsə, susdum.

… Bir axşam sənin son kitabını ⎯ iki il bundan qabaq çıxmış kitabını varaqlayırdım. Oxumuşdum, indi təzədən oxumaq istəyirdim. Çoxdan eşitdiyim unudulmaz bir nəğmə kimi şirin gəlirdi mənə o kitab, o yazılar. Sənin təzə nəğmələrini eşitmək istəyirdim. Ancaq sürmə verilmiş xoş səsli nəğməkar kimi sənin səsin batmışdı, nəğmələrin susmuşdu. Səni tərpətmək, silkələmək lazım idi, təsir eləmək lazım idi. Yadıma düşdü ki, sən mənim sözümdən çıxmazsan. Mənim dediyim hər şeyi sən qanun kimi qəbul eləməyə hazırsan. Xeyli götür-qoy elədim. Səni sevindirmək, könlünü rahat eləmək qərarına gəldim.

Səhərisi söhbətimiz oldu. Mən uzaqdan başladım:

⎯ Axı mən eşitmişəm adam sevəndə yaxşı yazır, Toğrul.

Sınayıcı nəzərlərlə üzümə baxıb cavab verdin:

⎯ Elədir, Nərgiz. Sevgisiz sənət əsəri yaratmaq mümkün deyil.

⎯ Sən məni sevirsən, Toğrul?

⎯ Guya bilmirsən?

⎯ Nəsə inanmaq istəmirəm.

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, üçüncü fəsil

Dünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».

9 мин
Üçüncü hissə, dördüncü fəsil

Payız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»

7 мин
Üçüncü hissə, beşinci fəsil

Süleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:

11 мин
Üçüncü hissə, altıncı fəsil

Bu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.

25 мин

Стихи других поэтов