I

Başında «Sürüşdüm-düşdüm»
düşbərə örpək.
Saçında «Qoşabülbül» daraq.
Barmağında «Gül» üzük,
Qulağında «Ay-ulduz» sırğa,
Boynunda danə-danə
«Arpa» boyunbağı.
Sinəsində daş-qaşla süslənmiş
ağır həmayıl.
Görən bir də dönüb baxır,
Baxan olur hayıl-mayıl.
Əynində «Küçə mənə dar gəlir»
darayı don.
Üstündə «Alışdım-yandım»
məxmər gödəkçə.
Ayağında «Düşmən bağrı çatladan»
qızıldüyməli dübəndi.
Keçdiyi yola gül-çiçək
səpilir elə bil.
Ayağa qaldırıb bütün kəndi,
Sallana-sallana,
doqqaza sarı dönür
Sarı gəlin.

II

Doqqazda dayanıb qarı nənə,
O, gəlinin qaynanası –
Oğul anası.
Əynində «Ontaxta»
zərxara tuman.
Üstündə həşyəli nimtənə.
Onun da üstündə naxışlı kürdü.
Başında butalı kələğayı,
Ayağında sumağı başmaq.
Gözündə mehr-məhəbbət,
boylandı yola sarı.

Sarı gəlini gördü.
Doya-doya baxdı
onun yerişinə.
Bir vaxt vardı o, da
bu yaşda idi.
Yeriyəndə ayağının altda
yer titrəyirdi.
İndi də ürəyi uçunur fərəhdən:
«Allah, Allah, bu mənim gəlinimdi,
Qoy, acıdil qaynanalar eşitsin,
Onu belə şux saxlayan
Mənim şirin dilimdi!»

III

Yalnız bircə anlığa
keçmişə qayıtdım mən.
Gördüm o sarı gəlini.
Gördüm o qarı nənəni.
İndi hər şey bam-başqadır,
O millət deyilik, yəni?!

Yanvar, 2006

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов