Əhəd Muxtara
Bizdən əvvəlkilər yazıb payızdan,
Yazacaqlar bizdən sonrakılar da.
Çünki hər şairin başqa payızı,
Hər təzə payızın öz hüsnü vardır.
Bir daha «payızdan nə qaldı» – demə,
Bircə yarpağından yazmışam hələ.
Bu il payız mənə daha əzizdir,
Kəsişib ömrümün payızı ilə.
Səhər mehi,
səni and verirəm
Dan ulduzuna!
Asfalta tökülən xəzəlləri
süpür tök torpağa.
meşənin içinə asfalt çəkilib,
torpağı da çox görüblər,
solmuş yarpağa.
Aman Allah,
Ağac necə gözəl ölərmiş…
Bir yarpağı yaşıl,
Bir yarpağı sarı.
Bir yarpağın bir saçağı yaşıl,
Bir saçağı sarı.
Yaşıl – sarı,
Yaşıl – sarı.
Yaşılla sarının bütün çalarları.
Dünyanın mahir rəssamları
Yığışıb gəlsə, belə
çəkə bilməz bu
yaşıl – sarı fəryadı.
İlin payızı
onsuz da gələcək.
Ağacın payızı
onsuz da olacaq.
Ömrün də payızından qaçmaq olmaz.
Dünyanın payızı olmasın ancaq!
Qoy dünya həmişəbahar olsun,
«Biz gəldi-gedərik,
dünya var olsun!»
Dünya, bir də düçar elə,
Xəzan yağışına məni.
Yarpaq bilib, qoparıb at,
Lap qarlı qışına məni.
Göstər mənə sərt üzünü,
Tuş et qarğışına məni.
Təki yarı yolda qoyma,
Çatdır mənzil başına məni.
Peredelkino, 1-13 sentyabr, 1980
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-ehed-muxtara
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ağzındakı dilindən bir ibrət al!Çevik gərdişinə bax!
Bu yağışBu şeir – meydanda çaxan qığılcımdan yarandı.Bir az hündürə çıxmışdım. Birdən-birə insan dənizinə baxıb gördüm ki, bir-birinə sıxılmış daşlar, vaxtilə Bakının küçələrinə döşənmiş iri, yumru çay daşlarına bənzəyir. Bir-birinə sıxılmış o daşlar kimi, elə bu daşların da hərəsi bir yana baxırdı. Yoxsa bütövləşə bilməmək, pərakəndəlik elə bu daşlardan çıxıb başlarımıza.
Sükut buzu sındırıldıAtillanın atlılarısu içdiyi Dunay üstə – Budapeştdə,
Tanrı türkü qorusunEramızdan yüz illərlə əvvəllərdən Türk dövlətlərinin bayraqlarında Aypara çəkilib. Bütöv ayın lap dörddə biri. Türklər o qədər təvazö sahibi olublar ki, bütöv ayı bayraqlarına çəkməyiblər. Çox olublar: tayfa-tayfa, qəbilə-qəbilə, dövlət-dövlət və para-para. Bundan da elə Aypara doğur. Nə Oğuz, nə Mete, nə Atilla, nə Çingizxan, nə Osman, nə Atatürk bayraqlarına bütöv ay çəkməyiblər. Bütöv ay – bütün türklərin birləşməsindən sonra çəkiləcək bayrağımıza. Hələ ki, Ayparalar yaşadır bizi. Bəzi qüdrətli dövlətlərə paxıllığım tutur. Məs: Yaponiya. Onların bayrağında bütöv günəş var. Yəqin orda millət də, dövlət də bütövdür. Bizim kimi dağınıq deyil. Bizi Ayparalar zəfərdən-zəfərə, yüzillikdən yüzilliyə aparır.Gün o gün olsun ki, türklər minillik arzularına çatsınlar. Onda Ayparamız bədirlənmiş Ay olar. İnşallah!