Min ildən sonra

Dağlıq Altay ulu köçərilərin, cəsur ovçuların, hunların yurd yeridir. Qədim altaylı alaçıqda yaşayıb. Altay – başdan-başa ev olub ona. Gəzəri olub, köçəri olub. Çox görüb, çox götürüb. Yazılarını Biçiktu (Bitigtau) qayasına, Orxan daşlarına yazıb. Dağlarını, çaylarını, ocaqlarını və ən adi qaratikanını belə nağıla bələyib, əfsanələşdirib. Onlarca dastan hələ dildə-ağızda gəzir, qələmə alınmayıb. Kəndlərində canlı Homerlər yaşayır. Burda aşığa «Qayçı» deyirlər («qayçı» bəlkə «hayçı» deməkdir). Qayçı elin, Ana yurdun dar günündə, şad günündə hay-harayçısıdır. Onun yaddaşı – insan yaddaşının sonsuzluğuna sübutdur. İnsan yaddaşına bütöv bir kəhkəşan sığışarmış demə. Yoxsa qayçı bu boyda «Maday-Qara»nı bir nəfəsə oxumazdı («Manas»ı demirəm hələ).

Bu dastanlarda qaranlıq və şər tanrısı Yerlik bəy var ki, çoxdan zülmətə qarışıb. İşıq və xeyirxahlıq timsalı Maday-Qara var ki, hələ də yaşayır.

Altaylının girdə üzündə, qonur gözündə, tunc biləyində, mehr dolu ürəyində gördüm – onu. Bu dastanlarda küpəgirən qarı – Dibələk var ki, bütün küpəgirən qarılar onun yanında arı vızıltısıdır. Dibələk neçə-neçə yolçunu yoldan eləyib. Burda hər dağ-dərə, hər çay mənə tanışdır. Elə bil ki, haçaqsa bu yerlərdə olmuşam. Burda Dərdümar adlı açılıb-yumulan qayalar var ki, mənə «Odiseyya»dakı Ssilla və Xaribda qayalarını xatırlatdı. Eynən qara, uca, hiyləgər və zalım.

Burda hər dağın, hər ağacın, hər kolun, hətta hər daşın yiyəsi var. Burda yaxşı adamlar qocalanda ölmür, göyə çəkilib ulduz olur. Yeddi qardaş bürcü, Dan ulduzu belə yaranıb deyirlər. Burda ər-igidlər dağdan-dağa, qayadan-qayaya, çayın bu tayından o tayına atıla bilərmiş, deyirlər. Yaxşı-yaxşı baxsan, indi də qayaların şaxə-şaxə damarlarında, daşların al-əlvan naxışlarında görərsən o günləri. Vadilərdə eşidərsən at kişnərtisini.

1982

I. Dost payı

Bir ağır dağ ilə
ağırladılar xətrimi.
Bir ağır dağ bağışladılar
Altayda mənə,
Elə-beləcə dost payı.
Gücüm çatmazdı bütöv dağa –
iki qəlpə daş qoparıb,
gətirdim özümlə.
İki qəlpə çaxmaq daşı!
Dara düşsəm,
bir-birinə çaxacağam.
İldırım çaxacaq,
Dağlar, qayalar yeriyəcək
köməyimə Altaydan.
Belə bir sehr var
dost payında.

II. Üç söz

«Toxmaq», «tomaqavq», «tomraq».
Azərbaycanca, hinduca, altayca.
Dəstəkli balta-bıçaq.
Bir-birinə bu qədər yaxın,
bir-birindən bu qədər uzaq,
üç qardaş sözə bax!
Hünərin var
Di, tap görüm.
Kürən Erikdən qabaq,
Nəsrəddin Tusidən qabaq,
Xristofor Kolumbdan qabaq,
kim açıb Amerikanı
və haçaq?!

III. Altay

Altay, qızıl dağlar, qızılı dağlar!
Səni gördüm, ulu Qafqaz yada düşdü.
«Biçiktu» Pitikli dağ, yazılı dağlar.
Səni gördüm, Qobustan yada düşdü,
Gümüşsu – Arcan bulağı.
Səni gördüm, İstisu yada düşdü,
Bir parça aysan, Aygöl!
Səni gördüm, Göy göl yada düşdü,
Xatunsu – Bəysu qovuşduğu yerdə,
Arazla Kürü gördüm,
Suqovuşan yada düşdü.

Qoşağacdan o yana,
Üfüqün o tayında,
Orxan çayı axır dedilər,
Oğlum Orxan yada düşdü.

IV. «Perpetum mobile»

Bir köçəri – Altay kişi
Hələ tarixin iməkləyən çağında
Qurub-quraşdırıb bu mühərriki.
Dirsəkli oxun qütbü – iki:
Yaylaq, qışlaq.
Dörd bölümlü iş:
Yaz, yay, payız, qış.
Dağdan çölə,
çöldən dağa:
Otlaqdan otlağa!
Tanrının otu burda od yerindədir.
Mühərrik o çağdan
işləyir saat kimi.
Dözür günlərin, ayların
acısına, şirininə.
İllərin siqlətinə əyilmir,
Yorğunluq nədir bilmir.
Burda iş görən sürü,
çoban – sürücü!

Atsız keçinməsə də çoban,
at gücü kara gəlmir burda.
Bolluqla ölçülür
bu mühərrikin gücü.
İndiyədək bir dəfə də
təngiməyib nəfəsi.
hələ min illərlə
işləyəcək indən belə.
Köçəri bir çobanın möcüzəsi –
canlı «Perpetum mobile».

V. Qoşa çaylar – qovuşan çaylar

Dəclə-Fərat,
Qanq-Camna,
Ceyhun-Seyhun,
Kür-Araz,
Bəy-Xatun,
Bir-birindən xəbərsiz
beş Leyli-Məcnun.

Hələ çox sadalamaq olar,
Dünyanın çox yerlərində qoşa çay var.

Qoşa çaylar –
bir cüt qaranquş,
bir cüt sevgili,
Bu çaylar bir-birinin dilini bilir.
Bəy-Xatun,
Kür-Araz,
Ceyhun-Seyhun,
Qanq-Camna,
Dəclə-Fərat.
Bu çayların yaxasında
ilkin gül açıb həyat.
Bu çayların qolları arasında
məskən salıb ilk məhəbbət.
Əzəldən insana gərək olub,
Su – yer!
Şum – yeri.

Bu çaylardan öyrənib sevməyi,
Dünyanın bütün sevgililəri.
Çaylar öyrədib insana
Bir-birinə qovuşmağı,
qoşalaşmağı,
inad olub dağlar aşmağı.
Çaylar öyrədib insana birləşməyi,
sel olmağı,
ulus olmağı,
el olmağı.
Məhəbbətlə suvarılıb ta əzəldən,
bu vadilər,
bu qobular.
Bir-birinə qovuşan çaylar
gələcəyə açılan qapılar.

VI. Gəlin xatun

Ağ geyinib
Üçtağlı Ağcadağdan
sallana-sallana gəlir
Gəlin Xatun¹.
Baxışları qayaları əridir,
yerişi xanım-xatın.

Səhərlər çölün sarısına,
gündüzlər tayqanın yaşılına,
axşamlar yamacların mavisinə,
gecələr dağların qarasına bürünür.

Gah elə axır ki,
deyirsən ay işığıdır.
Gah elə atılır ki,
deyirsən qartaldı, şığıdı…
gah sevincdən atılıb-düşür,
gah həsrətli görünür.
Yol boyunca dəfə-dəfə
dəyişir libasını,
Yüz donu var azı.

¹ Xatınsu – Altayda çay adıdır.

İşıq – kölgə donu var,
Ay – gün donu var,
Ulduz donu var.
Yazın-yayın öz donu,
Qışın-payızın öz donu var.
Çay da olsa qadındır, axı!
Qəmzə donu var, naz donu var,
Sidr, qaraşam, qovaq
yarpaqlarından
neçə-neçə boyunbağı
bəzəyir boynunu.
Ağ, sarı, mavi, yaşıl,
Al da yaraşır ona, şal da!
Yenə bəzənib-düzənib
görüşə tələsir Gəlin Xatun.
Bəy¹ gözləyir onu –
su qovuşanda.

VII. Bir ulduz axdı

Göy Ana
təzə qoğal – ulduz yapacaqdı.
İntəhasız göy təndirə
əlləri əsdi,
üstü xaşxaşlı
qoğal – ulduz düşdü Yerə.

Bir qəlpə sal qayadan,
Bir topa günəş saçağından,
yoğrulmuşdu bu qoğal – Ulduz,
Sidr yarpağı ilə sığallanmışdı.
Göy Ana əlinin tini ilə qoğalın üstündə
qobular yaratmışdı,
dağlar ucaltmışdı.

Ay işığı axıtmışdı
əlini çəkdiyi dərələrə.
Əlləri əsdi
üstü sıra dağlı
qoğal – ulduz düşdü Yerə.
Oldu Altay!

¹ Bəysu – Altayda çay adıdır.

VIII. Yiyə

Bu qaya göydəmir at,
Bu qaya keçi başlı,
Bu qaya qaraşamlı,
Bu qaya yalınqat.
Burda hər qayanın yiyəsi var,
Bu ağacın, bu yalın,
Bu kolun,
Bu yolun.
Burda Ulduzun, Günəşin,
Hətta, Ayın yiyəsi var.
Altay, sənə ərkim var,
Səndən yaxın kimim var?
Sənə bir söz deyəsiyəm,
Təkcə sənsən bu yurdun yiyəsi,
Qoru bu çayları, bu ağacları,
Qoru bu dağları, bu yamacları,
Qızıl adını qoru!

IX. Dörd bayatı

Bu ağ qaya kəhərdimi, ola?
Yastı beli yəhərdimi, ola?
Yalında par-par yanan o,
İncidirmi ola, gövhərdimi ola?

Bu ağac çay Ursumudu, ola?
Ağ üzü urzumudu, ola?
Uğur yola çıxanda
Axan uğurlu sumudu, ola?

Bu Ağcadağ gümüşdümü, ola?
Ağ zirvəsi üçdümü, ola?
Üç maral¹ baxdı göydən,
Dağa işıq düşdümü, ola?

¹ Üç maral – Altayca Orion bürcü

Bu qoca Rerixdimi¹, ola?
Ağ yalda darıxdımı, ola?
Göydəmir ata minib,
Göyü seyrə çıxdımı, ola?

X. Yolçu yolda gərək

Bu dağın dalında qobu,
bu qobunun dalı da dağ.
o dağın da dalında qobu,
o qobunun da dalında dağ,
Beləcə getdik xeylaq…
Qayalar gördük,
ağappaq.
Qayalar gördük
Qapqara,
Gəlib çatdıq «Dərdümar»a.
«Dərdümar» –
açılıb-yumulan iki qaya.
Bu qayalar
düşmən kəsilib dünyaya.
Bu qayaların
iti dişləri,
üyüdüb zaman-zaman
neçə-neçə alp əri.
Bizi gördü.
Ha güc vurdu,
Tərpənmədi yerindən,
Vəhşi qayalar qorxdu
Dostların birliyindən,
Rus Oleq²,
Litvalı Alfonsas³,
Xakas Mixail Külçiçək,
Azərbaycanlı Fikrət,
Altaylı Arcan⁴,
Keçdik «Dərdümar»dan.

¹ Nikolay Rerix – əsrimizin əvvəllərində yaşamış, Tibeti, Altayı, Monqolustanı gəzmiş rəssam.

² Oleq Şestinski – rus şairi.

³ Alfonsas Maldonis – Litva şairi.

⁴ Arcan Adarov – Altay şairi.

Çiyin-çiyinə,
əl-ələ,
qol-qola.
Məğrur, üzüağ.
Çıxdıq yenə
hamar yola,
düz yola.

XI. Çaqı

Bu dağda bir çaqı var,
Çaqı – paya.
Yurd yerində
Yerə çaxılar.
Bu dağda bir çaqı var,
Çaqının kədər çağı var –
Onda ki, çaqı tək qalar, darıxar.

Çaqının sevinc çağı var –
Onda ki, qonaq gələr,
At bağlanar çaqıya.
Fərəhindən ucalar aya.
Çaqı gərək naxış-naxış ola,
Düymə-düymə yüyənlərə yaraşa,
Qızıl yəhərli atlara yaraşa.
Çaqı – gərək damar-damar yazıla,
Gərək kəsilə şan-şan,
Tab gətirə bir ilxı at bağlasan.
Çaqı – birlik ağacı,
Elini, obasını bir yerə yığan,
ağac – heykəl,
ağac – söz,
uzaq illərdən gələn ağac – insan!

XII. Maday – Qaranın ölməzliyi

Açıb sözün düyməsini
gör nə deyir qədim dastan.
Dan ulduzundan enib Yerə,
altaylı –
yerin üstünü-altını
gəzib-dolanıb,
sevib-sevilib,
ölüb-dirilib,
qayıdıb ulduz olub yenə.

Ömür sürüb yəhər üstə,
şəhəri,
küçəsi,
daş evi olmayıb.
Alaçıqda yaşayıb,
yaylaqda-qışlaqda,
Yurd yerləri qalıb ancaq.
Bir də qalıb indiyədək görümünə, biçiminə, boyuna görə –
çaylara, qobulara, dağlara
verdiyi adlar.
«Uğursu», «Arcan-qobu», «Ağdağ»,
Mahnılarını, nağıllarını
ağaclara, axar sulara,
ayın üzünə yazıb.
Yaxşı-yaxşı baxsan
indi də
qayaların şaxə-şaxə damarlarında,
daşların al-əlvan naxışlarında
görərsən o günləri.
Vadilərdə
hələ də eşidərsən,
atların kişnərtisini.

Açıb sözün düyməsini
gör nə deyir qədim dastan.
Döyüşdə, yürüşdə, qocalıb öləndə altaylı –
dönüb ulduz olub yenə.

XIII. Dastan çığırları ilə

Az getdik, üz getdik,
dərə-təpə düz getdik.
Gecə yatdıq,
gündüz getdik.
«Cegedaman» gədiyində
Dibələyə rast gəldik.
Küpəgirən qarı – Dibələk,
Bizi görüb oldu mələk.
Başladı dil tökməyə,
Məndən Pasleyə¹ dedi,
Pasleydən mənə
Hey dedi.

Yorulmadı qoca çənə,
Tanıdıq Dibələyi,
baş tutmadı kələyi.
Ayıra bilmədi bizi.
Hirsindən qaraldı, qaraldı
tüstüyə döndü özü.

XIV. Min ildən sonra

Mən Metenin
Min il əvvəl günbatana atdığı
Dəmir uclu qayım oxam,
Qayıtmışam baxım görüm,
Hanı mənim sadağım?!

Mən müqəddəs Ağqovağın
Min il əvvəl xəzəl olmuş yarpağıyam.
Qayıtmışam baxım görüm,
Hanı mənim budağım?!

¹ Pasley Samıx – Altay şairi.

Altıngöldən
Min il əvvəl su içmiş
Bir yağışın damlasıyam.
Qayıtmışam, baxım görüm,
Hanı mənim buludum?!

Mən dilimin dil açdığı
O çağları unutsam,
Onda gərək bəri daşdan
Soyadımı unudum.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов