Bir gün ki, dey əlamətin etmişdi aşikar
Что такое касыда?
Касыда: торжественное длинное стихотворение — восхваление или наставление.
Bir gün ki, dey əlamətin etmişdi aşikar,Tutmuşdu üz füsürdəligə təb’i-ruzigar,
Badi-xəzan yetib hərəkati-şəni’ ilə,Hər yan dirəxt rəxtini etmişdi tarimar.
Sərsər hücumu qarəti-bustanə əzm edib,Əslilə qoymamışdı ağaclarda bərgü bar.
Bərgini şaxi-gül yelə vermişdi sərbəsər,Yə’ni, təcəmmülünə cəhanın nə e’tibar?!
Tey qılmış idi səbzə büsatını busitan,Yə’ni ki, mö’təbər degil əsbabi-müstəar.
Yel böylə fəsllərdə təmənnayi-künc edər,Mən eylədim səba kimi gülşən yana güzar.
Bir bağə düşdü rəhgüzərim gördüm onda cəm’,Tərtibi-eyş qılmağa əsbab hər nə var.
Dolmuş qədəh şərab ilə gəlmiş araya kim,Gər lalə getdi isə, mənəm şəm’i-laləzar.
Minayi-səbz lütflə dolmuş əyağə kim,Gər qönçə fani oldu, mənə ömri-payidar.
Gəlmiş kəbab dövrə və söylər ki, ey qədəh,Hərgiz tutarmı xidməti-yaran edən qərar?
Hər türfə nəxl bərgi-xəzan ilə bağlamış,Meyli-imarət eyləyibən taqi-zərnigar.
Yığmış fəzayi-bağə xəzan bərgi xiştlər,Guya həva hücuminə tutmaq dilər həsar.
Əlqissə, ol büsatdə mən gərmi-şövq olub,Aldım mətai-zövq, verib nəqdi-ixtiyar.
Oldum təmam qərqeyi-dəryayi-şövqü zövq,Dutdum təriqi-rabiteyi-əqldən kənar.
Hər dəm bir iltifatə fəda eylədim xirəd,Hər ləhzə bir həvəsdə nisar eylədim vüqar.
Hər kim əyağ sundu mənə, mən ayağınaCinsi-həvasü nəqdi-xirəd eylədim nisar.
Ərvahi-qüds bəzmi imiş, onu bilmədim,Mən məstü bixud oldum, olar qaldı huşiyar.
Bihuş düşmüşəm mütəğəyyir mizac ilə,Qafil ki, leyldirmi keçən dövr, ya nəhar.
Olmuş hücumi-hadisədən huş müntəzim,Qılmış səfayi-əql meyi-tirədən fərar.
Bir ləhzeyi ki, seyqəli-idraki-müstəqim,Nagəh götürdü ayineyi-təb’dən qübar,
Açdım gözümü görmədim ol bəzmdən əsər,Həqqa budur təbiəti-dünyayi-bimədar.
Qılmaz qamu qəziyyədə əmrinə müstədam,Olmaz cəmii-əmrdə bünyadi üstüvar.
Gördüm yerim fəzayi-bisati-sürur ikən,Olmuş məziqi-məzbəleyi-əczü inkisar.
Həmsöhbətim cəmaəti-əhli-qəbul ikən,Olmuş nədimü həmnəfəsim neçə murü mar.
Cismim cəfayi-şiddəti-bərd ilə natəvan,Başım bəlayi-hadisə daşiylə səngsar.
Əhli-cəfa tənimdə olan kisvətim alıb,Qoymuş məni bürəhnəvü lərzanü xarü zar.
Nə bir rəfiq kim, ola ol dəmdə dəstgir,Nə bir ənis kim, ola ol qəmdə qəmküsar.
İyzəd üzümə bağlamış əbvabi-rəhmətin,Yə’ni, budur nəhayəti-üsyani-badəxar.
Çox badə bəzmi-dövrdə nuş etmişəm, vəli,Mən hiç meydə görməmişəm bu sifət xumar.
Həm zillət ilə dərgəhi-xaliqdə münfəil,Həm heyrət ilə xəlq arasında şərmsar.
Dövranə eylədim bu müsibətdə e’tiraz:K’ey çərxi-bimürüvvətü bədəhdi-nabəkar.
Bir ömrdür ki, məcməi-əhli-kəmaldə,Eyşü nişat ilə içirəm cami-xoşgüvar,
Hərgiz özümü görməmişəm böylə bişüur,Hərgiz özümü görməmişəm böylə xakisar.
Meyxanələr mücaləsətindən alıb sürur,Mey təb’imə olurdu fərəhbəxşü sazikar.
Hala nə vaqe’ oldu ki, verdin bu gün mənə,Nöqsani-irzü malü şikəsti-təni-figar?
Dövran cəvab verdi məni-natəvanə kim:Ey xəstə! Bu müsibətə səbr eyləgil şüar!
İyzai-cismü can nəsihətdürür sənə,İdrak əhlisən, bu nəsihətdən etmə ar!
Aldanma mey nişatinə vü demə dəmbədəmKim, nişə böylə onu həram etdi Kirdigar?
Hər əmrü nəhyə ibrət ilən e’tibar qıl,Hər işdə e’tibari şüar eylə zinhar!
Dəf’ oldu ol müsibətü ondan əyan olan,Təhqiqi-sirri-hikməti-Həq qaldı payidar.
Gər getdi rəxt, nəxl kimi qılma iztirab,Səbr et kim, küdurətə həm yoxdur e’tibar.
Bu rəsmdir bürəhnə olub qışda hər dirəxt,Təcdidi-kisvət eyləmək əyyami-növbəhar.
Sən həm nihali-növrəsi-gülzari-eşqsən,Gər getdi bərg, xatirinə yetməsin qübar.
Kəsmə bəhari-lütfü kərəmdən ümidini,Təcdidi-rəxti-tazəyə olgil ümidvar.
Cüz’i xəsarət ilə məlul olma, şükr qıl,Bəg xaki-dərgəhinə fəda böylə səd həzar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-bir-gun-ki-dey-elametin-etmisdi-asikar
Клавиши ← → для перехода, R — случайное стихотворение