Səhhət və Mərəz
Страница 1 из 4
Hədsiz şükür, bədən bağçasını can suyu ilə bəsləyib, hüsnü eşq məzhəri, eşqi də hüsnün zinəti edən tək Allaha layiqdir. Saysız salam elmi əqlə bəzək, əqlə elmi sərmayə olan bir inanılmışa yaraşır. Sonra şikəstənəfslik küncündə ibadətə əyləşən xaksar Füzuli hekayə zəncirini hərəkətə gətirənlərdən və rəvayət binasının əsasını qoyanlardan belə nəql edir və deyir ki:
Ruh adlı bir zatı təmiz vardı. O çox fəzilət sahibi idi. Cəbərut aləmində doğulmuşdu, Lahut fəzasında sakin idi. Bir gün başına səfər havası düşdü. Nasut aləminə qədəm basdı. (Burada) Bədən adlı bir məmləkətə rast gəldi. (Bu məmləkət) yeddi ölkədən ibarət yeddi əndamlı bir mülk idi. Bu şən məmləkətin sahibləri bir yerdə şərikli həyat keçirən dörd qardaş idi: birincisi Qan, ikincisi Səfra, üçüncüsü Bəlğəm, dördüncüsü isə Sevda adlanırdı. (Onlar) bir-birlərilə müxalifətdə bir-ləqməsi nadir, müvafiqətdə parçalanmaz, dostluqda “Rüknlər” (adı) ilə məruf, düşmənçilikdə isə “Ziddlər” ilə məşhur idilər. Bunların qaynayıb-qarışma (məmləkətin) varlığına səbəb olmuş və bu qaynayıb-qarışma (müxalitə) səbəbinə onlara “Əxlat” ləqəbi vermişdilər.
Bu dörd iş bilən (bacarıqlı qardaşın) himməti ilə bu məmləkətdə dörd arx axırdı, bu arxların sayəsində hər yer abad olmuşdu. (Bu arxların suyu) acı, turş, şirin və şor idi. Bunlardan yübusət (quruluq), rütubət, hərarət və bürudət (soyuqluq) deyilən dörd xasiyyət (əmələ gəlmişdi). Bu dörd gözəl təbiət Mizac adlı bir qıza mənsub idi.
Bədən diyarı Ruhun xoşuna gəldi. Mizac ilə dostluq etməyə könül verdi. O iki xoşbəxtin (arasında) birləşmə (evlənmə) vaqe olduqdan sonra Səhhət adlı bir övladları oldu ki, lətafətdə zəmanənin yeganəsi idi.
Ruh Səhhətin varlığı ilə xoşhal oldu, onu çox sevdi. Dövlət sahibi olan Ruh, Mizac və Səhhətin müvafiqəti ilə Bədən məmləkətini gəzdi. Burada üç mötəbər (böyük və abad) şəhər gördü. Əvvəl yolunu Dimağ qalasına saldı və oranı xoş qədəmi ilə şərəfləndirdi. Eybsiz bir yer gördü ki, (bu yerin) on məhəlləsi var idi. (Orada) hökm və fərmanları icra etməyə hazır və amadə, böyük işləri yerinə yetirməyə müntəzir on muzdur var idi.
Birincisi, sifətləri nəhy edən Samiə (eşitmə). Bu (hiss) söz və səsləri eşitməyə məmur idi.
İkincisi, parlaq ruhlu Basirə (görmə). O, şəkilləri və rəngləri ayırmağa vəkil idi.
Üçüncüsü, ətirləri sevən Şammə (iybilmə hissi) idi, iyləri dərk etmək ona məxsus idi.
Dördüncüsü, zövqpərəst Zaiqə (dadbilmə hissi) idi. Onda hər bir dadı dərk etmək qabiliyyəti vardır.
Beşincisi, yaxşı adlı Lamisə (sürtünmə hissi) idi. O cisimlərin keyfiyyətini dərk edirdi.
Altıncısı, hissi-müştərək idi. (Gözlə görülə biləcək) şeylərin ilk surətləri ona zahir olurdu, oda xəyalın nəzərinə yetirirdi.
Yeddincisi, Xəyal idi. Bu hissi-müştərəkin qəbul etdiklərini mühafizə etmək üçün qavrayırdı.
Səkkizincisi, Mütəsərrifə (hissi) idi. Bu, hissi-müştərəkin Xəyala tapşırdıqlarının mümkün ya mahal olduğunu müəyyənləşdirməkdə şübhəyə yol vermirdi.
Doqquzuncusu, Vahimə idi. Bu, mənfəət və zərəri ayırır, ziddiyyət və uyuşmanın arasındakı fərq və təfavütü təyin edirdi.
Onuncusu, Hafizə idi. Bu da vahimənin dərk etdiklərini ayırır və hifz xəzinəsinə atırdı.
Ruh Dimağ qalasını gözdən keçirdikdən sonra işçilərə mehribanlıq göstərib, onlara hörmət etdi. (Buradan) Ciyər şəhərinə keçdi. Könülə yatan bir şəhər gördü. Bu ölkədə səkkiz nəfər vəzifədə ixtiyar sahibi idi.
Birincisi, Qaziyə (qidalandırıcı) qidanı hamıya yetirir, hər bir şəxs ondan təhlilə gedənlərin əvəzinə alır.
İkincisi, Namiyə (nəşvü nüma verən). Bu, mülkün (bədən ölkəsinin) imarətini artırır və təbiət öz surətini kəmalə yetirməkdə ona etimad edir.
Üçüncüsü, Müvəllidədir; bədən mülkünün maddələrini (o) hazırlanmış və ilk mərhələdə bədən mülkünü o, təmir etmişdir.
Dördüncü, Müsəvvirədir: bu, bədən mülkünün nəqşəsini çəkmiş, hər bir könülaçan şəkil və surət ondan zahir olur.
Beşinci, Cazibədir. Bədən mülkünə lazım olan şeylərin hazırlanmasını təbiət ona tapşırır.
Altıncısı, Masikədir. O, cazibənin hazırladığını puç olmağa qoymur (saxlayır).
Yeddincisi, Hazimədir, masikənin ələ keçirdiklərini bişirməyə tələsir.
Səkkizinci, Dafiədir, bədənə yetişən saf maddələrin qalığı (puçalı) onun vasitəsilə rədd olunur.
Ruh Ciyər mülkünü layiqincə gəzdikdən sonra oradan Ürək şəhərinə keçdi. Ürəyi bəzəkli bir şəhər gördü. Bura bütün şəhərlərdən böyük idi. Burada altı kimsə məskən salmış və yaşamaq nəqşəsi qurmuşdular. (Bunlardan):
Birincisi, Ümiddir. Bu, tələb edəni (arzu sahibini) murad mənzilinə çatdırır.
İkincisi, Qorxudur. O, (Bədəni) təhqir torundan xilas edir.
Üçüncüsü, Məhəbbətdir. Bu, ülfət zəncirini hərəkətə gətirir.
Dördüncüsü, Ədavətdir. Bu, qeyrət əsərlərinin məzhəridir.
Beşincisi, Fərəhdir. Bu da şadlıq və sevinc mənbəyidir.
Altıncısı, Qəmdir. Bu, cəhalət və məğrurluğu tərbiyə edir.
Ürək şəhəri Ruhun xoşuna gəldi. Bütün şəhərlərdən artıq buranı təmir etməyə başladı, oranı özünə paytaxt qərar verdi. Oranın imarətlərini artırmağa və pozğunluqları bərtərəf etməyə məşğul olub, səfa əhli olan Ümid, Fərəh və Məhəbbəti öz yanına söhbətə çağırdı, Cəfa əhli olan Ədavət, Qorxu və Qəmi ürək şəhərindən Səhhət sürgün etdi. Zəmanənin fitnəkarı olan bu üç kinli, dünyada avara düşdülər və bədən mülkündən çıxıb getdilər.
Elə ki Ruh Ürək şəhərində xoş (oldu) və yaşayış vəsaitini burada hazır gördü, bir gün bir məclis tərtib etdi. Ölkənin əsil-nəcabətlilərini dəvət etdi. Sevda mişkin (qara) paltar ilə özünü bəzədi. Qan qızıl gül rəngli geyim ilə özünə zinət verdi. Bəlğəm ağ geyinməyə çalışdı. Səfra sarı rəngli xalat geyindi.
Onlar bu rənglər ilə məclisi rövnəqləndirdilər və məclisdəkilərin dimağlarını bənövşə, süsən və nəsrin qoxusu ilə ətirləndirdilər. Ürəyin ətrafında onların hər birinə bir mənzil və məskən müəyyən olundu. Bu məskən də onların rəngi və qoxusu ilə zinətləndi. Sevda dalaqda yerləşdi. Səfra öd (kisəsinə) doğru yönəldi. Qan (qara) ciyərdə yurd saldı. Bəlğəm ağ ciyərdə qərar tutdu. Bunlar yeyib-içdilər, axırda ifrat nəticəsində “Əxlat”ın işi azğınlıq sərhədinə doğru çəkildi.
Sevda dedi:
– Xəyal incilərini düzən və bütün işləri dərk edən mənəm!
Səfa dedi:
– Sən dəlilik törədən və gec oturub, gec duransan, bütün yerləri seyr edən, həyat qoşununun sərkərdəsi mənəm.
Qan dedi:
– Sən acıtamlı və pis mizaclısan! Tez daxil olub ağır müalicə olunansan! Həyat vasitəsi, bədən binasının həqiqi banisi mənəm.
Bəlğəm dedi:
– Sənin mənə möhtac olduğun aşkardır. Sənin varlığın məndəndir.
Ruh bu tayfanı höcətləşməsindən, ixtilafından və bu dəstənin çox öyünməsindən pərişan, bunlarla ixtilatından peşman oldu. Onları danlamağa və məzəmmət etməyə başladı:
– Sizdən nə mənfəət gələr, sizinlə hansı düyün açılar? Sizin hamınızı tənbeh etmək lazımdır, – deyə onlara qəzəblə xitab etdi.
Onlar da mübahisə qapısını bağlayıb, sakitcə bir küncdə oturdular. Fürsət gözlədilər ki, Ruha itaət etməkdən boyun qaçırsınlar.
Ürək şəhərinin keçmiş sakinləri, aləmin fitnəkarları olan Ədavət, Qorxu və Qəm Ruhun hökmü ilə vətəni tərk edib sərgərdanlıq yolunu tutdular, hər ötənə şikayət edirdilər. Bir gün məsləhətləşdilər, onların qürbətə düşməsinə bais olan Səhhətin şövkətini pozmaq üçün əhd etdilər.
Ədavətin hədsiz qəbiləsi vardı və bu qəbilənin başçıları Yalan, Kin və Paxıllıq idi.
Qorxunun da saysız tayfası vardı. O tayfanın da böyükləri Heyrət, Dəhşət və Naəlaclıq idi. Qəmin isə hədsiz-hüdudsuz təbəələri vardı ki, bunların qabaqcılları Möhnət, Həsrət və Ümidsizlik idi.
Hər bir yerə adamlar göndərdilər, hamını bu əhddən xəbərdar etdilər.
Qəflət yuxusu Ruhun gözlərini bağladığı bir zamanda, tədbir ipi qırıldığı bir anda bunlar qoşun götürüb, Ürək şəhərinin darvazasına çatdılar, igidlik nərəsi çəkdilər.
Əxlatın Ruh ilə bədmizaclığı olduğundan heç biri ona köməyə gəlmədi. Bu vaqiəni olmamış kimi sayıb, səbəbi təbiətin üzərinə yüklədilər.
Ruh Ürək şəhərinin darvazasını bağladı, (Allaha) təvəkkül edib, o qalada oturdu.
Elə ki, Ruhun şadlığı bitdi, Ürək ölkəsi Qəmin İxtiyarına keçdi, Ruhun yoldaşları tədbirə başladılar. Fikirləşdilər və tədarük gördülər.
Fərəh dedi:
– Mən Hüsn (gözəllik) adlı bir nəfər ilə köhnədən dostam, əgər buyursan, onu köməyə gətirərəm.
Məhəbbət dedi:
– Mənim Eşq adlı bir tanışım vardır. O, hər bir hünərdə nöqsansızdır. Əgər onu çağırmağa icazə versən, tez bir zamanda Qəmdən azad olarsan.
Ümid dedi:
– Mənim Əql adlı bir yoldaşım var, indi köməklik zamanıdır. Əgər buyursan, əmrini çatdıraram, onu qoşunu ilə bərabər gətirərəm.
Ruh təkcə Səhhət ilə kifayətləndi. Ürəyin qala qapısını gizlicə açdı. O, üç nəfərə məktub verib, Hüsnə, Eşqə və Əqlə göndərdi.
Əvvəlcə Fərəh özünü Hüsnə yetirdi, Ruhun məzlumluq məktubunu ona oxudu. Hüsn qürur ilə öz zülfü kimi qıvrıldı. Ona cavab vermək üçün ruhpərvər dodaqlarını açdı və belə söylədi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-sehhet-ve-merez
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ol səbəbdən farsi ləfzilə çoxdur şe’r kim,Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.
Mən kiməm?- Bir bikəsü biçarəvü bixanimanMən kiməm? – Bir bikəsü biçarəvü bixaniman,Taleim aşüftə, iqbalım nigun, bəxtim yaman.
Fariğ idim cümlə aləmdən, bilir aləm məniFariğ idim cümlə aləmdən, bilir aləm məni,Eyb edərdi bixəbər sanıb bəni-adəm məni.
Bülbüli-zarəm, güli-rüxsari-alindən cüdaBülbüli-zarəm, güli-rüxsari-alindən cüda,Tutiyi-laləm, şəkərnisbət məqalindən cüda.
Стихи других поэтов
Mən cavandım, sən də uşaqSevincimiz qucaq-qucaq,
Yoxdur aləmdə bir aşiq kim, ola kami rəvaYoxdur aləmdə bir aşiq kim, ola kami rəva,Gər olub, aşiq degil, aşiqdir kami narəva.
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Dostum Abbasın qəbir daşınaÇox cavan oldum mən... torpaq yığınıMin-min görüləsi işlərim vardı.