Страница 3 из 4 · 50%

Fərəh söylədi:

– Bu iş çətindir, çünki Əql onun yanındadır və hər bir işdən xəbərdardır.

Hüsn dedi:

– Əql mənimlə görüşə bilməz, məni görməyə onda tab və taqət yoxdur. Mən bir əfsun bilirəm ki, oxusam Ruhun xəbəri olmadan onu ələ ala bilərəm.

Fərəh bu xəbərdən çox sevindi, Hüsnü aparmağa cəsarətləndi. Hüsnü Ruha tərəf apardı. Az bir zamanda Bədən ölkəsini gəzdi. Bədən ölkəsi Hüsnün xoşuna gəldi, burada vətən salmağa könül verdi, bildiyi əfsunu oxudu, xəbərsizcə özünü Ruha yetirdi. Hüsnün lətafəti Ruha təsir etdi. Gözəl olduğu halda daha da gözəlləşdi. Hüsnün qoşunu olan Şiyvə, Naz, İşvə, Kirişmə və Qəmzə onun ətrafında yerləşdilər. Bunlardan bəzisi boy-buxunla birləşdilər, bəziləri də özlərini gözə, qaşa bağladılar.

Xülasə, Ruhun rövnəqi artdı və əvvəlkindən də çox oldu. Hər kimə ki, işıq saçdı onu əritdi; hər kimə ki, bir nəzər saldı onun evini yıxdı.

Eşq ilə yoldaş olan Məhəbbət bu zaman Eşqdən ayrıldı. Ruhun xidmətinə yetişincə, Eşqdən Hüsn haqqında eşitdiyi sifətləri onda gördü. Kainatı özünə məftun edən uca bir boy və aləmi yandıran parlaq bir üz gördü ki, kəkili çiynində, zülfü qulağının dibində, sünbülü qul, bənövşəni kəniz etmişdi. Bir sərxoşun əlinə ox və kaman verib, adını Qəmzə, Göz və Qaş qoymuşdu. Surət səfhəsinə mişkdən bir xətt çəkmiş, bostanda bir reyhan əkmiş, Abi-həyatı bir çeşmədə gizlətmiş və ona dodaq demiş, buna danışmaq söyləmişdir. Xətt üzərində bir xal qoymuş və xəttin son nöqtəsindən nişan vermişdir. Otuz iki gövhər düzmüş, (bunları diş adlandırmışdı). Alma və turuncu birləşdirib onlara Zənəxdan (çənə) və Ğəbğəb (buxaq) ləqəbi vermişdir.

Hər bir zaman bir sehr başlayıb bəzisini şivə, bəzisini naz adlandırmışdır. Bir gül budağına hərəkət vermiş (və demiş) ki, bu qoldur, bir pak ruhu müsəvvər (mücəssəm) edərək (demiş) ki, bu onun biləyidir. Yerişi ilə axar su yaradıb, (gümüş kimi ağ) baldırlarından onun içinə balıq salıbdır.

Məhəbbət Ruhu bu lətafətdə görüncə o saat Eşqin xidmətinə yüyürdü və Ruhun Hüsnə malik olmasından onu xəbərdar və Vüsal üçün biqərar etdi. Eşq pak əxlaqlı Hüsnün cazibəsi və Məhəbbətin rəhbərliyi ilə Bədən diyarına yetişdi, Ruha qulluq etmək kəmərini bağladı. Gördü ki, Hüsn Ruhu özündən elə xəbərsiz edibdir ki, nə özünü tanıyır, nə də Hüsnü. (Bu halda) Eşq Ruhu tərif etməyə başladı, onu layiqincə vəsf etdi. Ruh Eşqin söhbətini bəyəndi və onunla müsahibəyə könül verdi və ondan soruşdu ki:

– Ey dünya dolanan səyyah! Eşidirəm ki, Hüsn adlı birisinə vurulmusan! Onsuz heç yerdə qərarın yoxdur. Onun keyfiyyətindən mənə nəql elə və onu tanımağa kömək et!

Eşq anladı ki, o (Ruh) qafildir, aşinalıq dəryasından kənardadır. Dedi:

– Onun yeri Səfillik vadisindədir və onu görmək üçün özünü tərk etməlisən.

Ruh dedi:

– Ey Eşq! Dediyin əsli olmayan bir şeydir və onu tələb etmək faydasız bir sevdadır. Əgər sözünün doğruluğunu aşkar və müddəanın mənasını aydın eləməsən, bu hekayətin əsli yalan və bu rəvayətin şəmi ziyasızdır.

Eşq dedi:

– Ondan bir nümunəm var, əgər buyursan göstərərəm.

Ruha zövq və həvəs qalib olduğundan, bu surətin həqiqətini bilmək istəyirdi. (Bu cəhətdən) arzu gözünü açdı, o nümunəni hazır etmək üçün yalvardı. Eşq Səfa güzgüsünü onun əlinə verib dedi:

– Bu lövhəyə baxmaq lazımdır.

Ruh özündən xəbəri olmadığı üçün öz əksini özündən başqası zənn etdi. (Birdən-birə) bütün eyiblərdən pak nurdan bir peykər (bədən) gördü.

Hüsn bir tərəfdən kəmənd atdı, Eşq də bu guşədən oyun oynadı. Ruh hər ikisinin arasında qaldı. Heyrət onu bir dərəcəyə yetirdi ki, ixtiyar cilovunu əlindən verdi və özündən xəbərsizlik vadisinə düşdü. Bir müddət ona (Səfa güzgüsünə) baxdı və o surət vasitəsi ilə öz vücuduna nəzər saldı.

Eşq dedi:

– Ey könül oxşayan sevgili və ey ehtiyacsız möhtac! Bu surətin düşməni çox və bu mənanın müddəaçısı hədsizdir. Əqlin yanında ədəbsiz, riyakar və yaltaq adamlar var ki, onların ləqəbləri, Zərq (ikiüzlülük) və Riyadır. Olmaya ki, onlar bu surəti alıb lövhünə şikəstlik yetirələr. Lövhü idrak xəzinədarına tapşır və onun üstünə əmanət möhürü bas.

Ruh dedi:

– Ona baxmaq mənə vacibdir və onu gizlətmək əqlə müvafiq deyildir.

Eşq dedi:

– Xəyala tapşır ki, onun surətini çəksin və sənin nəzərində saxlasın.

Ruh Eşqin məsləhətini bəyəndi və Xəyala buyurdu ki, Hüsnün surətini çəksin. Sonra Səfa güzgüsünü idrak xəzinədarına verdi və əmanət möhürünü üzərinə basdı.

Bir müddət Xəyalın surəti ilə kifayətlənirdi, həmin surətlə qənaət edirdi. Axırda Xəyalın çəkdiyi surət onu açmadı, onunla murad mənzilinə yol tapmadı, dedi:

– Ey Eşq, öldüm, mənə çarə qıl! Məni Hüsnün vüsal vadisinə at!

Eşq dedi:

– Yolda əngəl çoxdur, Hüsnün mənzilinə yetişmək çətindir.

Ruh dedi:

– Məşəqqətə tabım var, mənə çarə et ki, qərarım yoxdur.

Ruh sidqi-könüldən tələb etdiyinə görə, Eşq ona yol göstərməyə vacib bildi. Hər ikisi birlikdə məqsəd dalınca getmək bayrağını qaldırdılar. Belə qərara gəldilər ki, Məşuqluq səhrasını keçsinlər, eləcə də Aşiqlik ölkəsinə güzar etsinlər.

Əvvəlcə Məşuqluq səhrasına ayaq basdılar. Bu vadidə qəribə şeylərə rast gəldilər. Səyahətləri ibtidasında büllurdan daha saf, ipəkdən daha yumşaq bir gözəl yerə yetişdilər ki, aşiqlərin qanı burada tökülmüş və torpağına qarışdırılmış, lətafətdə yer üzünün məşhuri idi, bu yer “Nazənin Ayağının Altı” adlanırdı.

Buradan keçib bir mənzilə yetişdilər və bir məqam gördülər ki, buranın yeri civə kimi titrəyir; Xəyal və Vəhm ayağı onun mənzillərini qət etməkdən sürüşürdü. Başdan-ayağa qədər tamamilə saf və xam gümüşdən olub adı “Baldır” idi. Buradan köçdülər, məzaq miniyinə mindilər, dağlıq bir yol gördülər, burada saysız təpələr var idi. O dağın sonunda tükdən daha incə bir kəmər gördülər. Bunun vücudu yox idisə də, adı “Bel”dən başqa bir şey deyildi. Buradan keçib “Qarın” qırışları adlanan dalğalı bir suya çatdılar. Burada “Göbək” dairəsi (adı) ilə məşhur olan bir girdab (burulğan) vardı. Oradan da keçib bir çölə yetişdilər. Çöldə seyr etdilər. Burada heç bir ot göyərməmişdi. Heç bir canlı (ayağının) tozu buraya qonmamışdı. İskəndər (öz) “güzgüsünü” burada düzəltdirmiş, Ad da “İrəm” (bağının) tərhini burada çəkdirmişdi. (Onun) nurdan bir fərqi yox idi. Bu cəhətdən “Sinə” adı ilə məşhur idi. Oradan keçib bir mənzilə çatdılar; buranın sakinlərindən eşitdilər ki, bu ətrafda Said (qol) adlı birisi vardır. O, çox güclü və qoluqüvvətlidir. Onunla pəncələşmədilər, onun qolu qüvvətinə müqavimət göstərə bilmədilər. Buradan da cilov çevirib başqa mənzilə doğru yollandılar. Sinədən daha gözəl bir yer gördülər; bunun qədri artıq və rütbəsi daha yüksək idi; (bütün) lətafət vəsaiti hazır, ləqəbi də “Ğəbğəb” (buxaq) idi.

Bu məkanda bir saat yubandılar, buradan da səfər edib, yolda qaniçən zəncilərə rast gəldilər. Bunlar zülmkar, cəfakar, mərhəmətdən uzaq, Xətt və Xal (adı) ilə məşhur idilər. O iki sərgərdanı (yəni Ruhu və Eşqi) hürkütdülər, üstlərinə şəbxun çəkdilər. Ruh və Eşq həlak olacaqlarını yəqin edib (qaçanda) yolda başı üstə bir quyuya düşdülər. Bura son dərəcə könülə yatan bir yer idi. Bura yüz minlərlə əsir və aramsız könüllərin istirahətgahı olub, “Zənəxdan” (çənə) quyusu adlanırdı. Bir müddət o quyunun dibində ahü nalə etdilər. Nagəhan pərişan könüllərin məcməi (yığnağı) olan qıvrım-qıvrım, mişkin bir ip tapdılar. Bəziləri buna “Saç” və bəziləri “Zülf” deyirdilər. Özlərini o ipə bağladılar və Zənəxdan quyusundan nicat tapdılar.

(Oradan keçib) saf və şirin bir çeşməyə yetişdilər. O, qəmli könüllərə fərəh verirdi, onun feyzi Xızır suyundan daha yaxşı, adı “Ləbu-canpərvər” (can bəsləyən dodaq) idi. Burada inci ilə dolu bir mücrü (sandıqça) tapdılar. Sandığın ləqəbi “Ağız”, incinin ləqəbi “Diş” idi. Sandığı ələ keçirdilərsə də, çaşdıqlarından yenə itirdilər.

Oradan bir bağa doğru yönəldilər və bir gülşəndə məskən saldılar. Buranın çiçəkləri tamamilə tikansız olub, “Üz bağçası” adlandırdı. Bir müddət bu bağda gəzişdilər, buradan da başqa bir mənzilə yollandılar. Şən bir yer gördülər. Buranın lətafət vəsaiti cəm olub, fərəhləndirən və sevinc verən tər göyərtiləri vardı. O yerin vəsf incisini dələn adını “Binagüş” (qulaq məsaməsi) qoymuş. Buradan da qorxulu bir mənzilə çatdılar. Bu mənzilin adı “Çeşmi-şəhla” (şəhla göz) olub, sakinləri hiyləgər idilər. Buranın padşahı “Qatil Qəmzə” idi. Oradan da şərafətli bir mənzilə yetişdilər. Burada iki lətif otaq gördülər ki, səfa əhlinə məbəd, dua əhlinə mehrab, “Qabə-Qövseyn” cəmalı vəsfinə sərdəftər, könül oxşayan hüsnün qərargahı olub, adı “Taqi-əbru” (qaş qağı) idi. Oradan da könül açan bir sərhədə yetişdilər. Bura da çox səfalı bir yer idi. Çin ahularının otlağı olub, mübarək adı “Alın” idi. Bir saata qədər bu vadidə dolaşdılar. Oradan da keçib, tutqun və qaranlıq, yolları çox qorxunc və dar olan bir zülmətə çatdılar. Burada yüz minlərlə (adam) pərişan və heyran qalmışdı. Pərişanhal kimsələr onu “Kakül” adlandırmışlar. Bu zülmətin şiddəti Ruha qalib olub tədbir kələfinin ucunu Eşqdən istədi. Eşq onu zülmət şiddətindən xilas edib Qamət şamı işıqlığına çatdırdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов