İkinci məclis
Страница 3 из 3 · 67%
H a m ı s ı içəri girirlər. Bu halda Ə s g ə r x a l a s ı ilə bərabər çıxır. Cahan çarşaba bürünübdür.
Ə s g ə r. Bax, xala, haman qız bu evdə olur. Apararsan bu məxməri və deyərsən ki, arşınmalçı göndəribdir. Soruşan olsa ki, sən kimsən, deyərsən ki, arşınmalçının xalasıyam. Başa düşdünmü?
C a h a n. Başa düşdüm, xalan sənə qurban, gedirəm. (Gedib içəri girir).
Ə s g ə r (tək). Amma getdikcən qıza daha artıq bənd oluram. Günü bu günü Süleymanı görsəm göndərəcəyəm ki, gedib elçilik eləsin…. Belə istədiyimi tapdım…. Bu ev, bu həyət, bu yol hamısı elə bil ki, üzümə gülür. (Oxuyur).
M u s i q i
Axtarıb tapdım səni, səndəmi sevdin, yar məni? (2 dəfə)
Gör nə haldır görmür gözüm, şadlığımdan dünyanı
Gəl-gəl maralım, gəl, gəl-gəl, ceyranım, gəl. (2 dəfə)
Səni sevdim, yar səni sevdim, gözüm görməz özgəni.
M u s i q i
Halal olsun Süleyman.
M u s i q i
Halal olsun Süleyman, sən nə kələkbazsan, şeytan!
Öyrədib məni yola saldın, mənə rast gəldi yar can. (2 dəfə)
M u s i q i
Gəl-gəl maralım gəl, gəl-gəl ceyranım gəl! (2 dəfə)
Səni sevdim, yar, səni sevdim, gözüm görməz özgəni. (2 dəfə)
İndi burada dayanmayım. Gedim evə, xalam gəlsin görək nə söyləyəcəkdir. (Gedir).
S o l t a n b ə y bazardan qayıdır, yavaş-yavaş gələ-gələ özbaşına danışır.
S o l t a n b ə y. Elə hamı mən deyəni deyir: bir hallıca dul arvad ola ki, bir nəfər molla, üç manat pul və bir kəllə qəndlə iş tamam ola. İndi mən nə qayırım? Elə arvadı haradan tapım? Gəl, ay arvad. Haradasan? Gəl, gəl. (deyən kimi Cahan çıxır və buna tərəf gəlir ki, keçsin. Soltan bəy təəccüblə). Paho!… Yoxsa məni qara basır…. Yox, deyəsən diri gözlü arvaddır. Özü də bizdən çıxdı. Deyəsən, allah mənimkini yetirdi. (Cahana tərəf gedir) Ay bacı, kimsən, bizdə nə işin var idi?
C a h a n. Arşın mal aparmışdım, qızlara göstərəm.
S o l t a n b ə y (kənara). Arvad olmağına arvaddır, ancaq üzünü görsəm pis olmaz. (Ona). Yaxşı, bacı bir de, çarşaba bürünmüş kişi olmayasan?
C a h a n. Buy … ay qardaş, nə söz danışırsan?
S o l t a n b ə y. Bəs elə isə bir balaca üzünü mənə göstər ki, yəqinlik hasil olsun.
C a h a n (üzünü açıb göstərir). Gördün ki, arvadam!
S o l t a n b ə y. Hə, gördüm. (Kənara). Arvadsan, özü də lap mən deyəndən. (Ona). Di yaxşı, bir məni başa sal görüm sən kimsən, nəçisən və kimin adamısan?
C a h a n. Mən arşınmalçının xalasıyam, özüm də qızlara, arvadlara mal satıram.
S o l t a n b ə y. Yaxşı, mənə bir demədin ki, görək kimin adamısan.
C a h a n. Bəy, dəllal Kərbəlayı Nəsirin külfətiyəm, bəlkə tanıyasan?
S o l t a n b ə y. Xeyr, tanımıram, mənim dəllal-məllal ilə işim olmaz…. Yaxşı, deməli, sənin kişin dəllallıq edir, özün də arşın mal satırsan.
C a h a n. Bəli, kişim dəllallıq elərdi.
S o l t a n b ə y. Edərdi? Bəs indi nə iş görür?
C a h a n. İndi allah bilir ki, nə iş görür; rəhmətlik on iki ildir ki, ölübdür.
S o l t a n b ə y (sevinir). Ölübdür? Deməli, sən dulsan?
C a h a n. Bəli, dulam.
S o l t a n b ə y. Belə de də. (Öskürür və özünü düzəldir). Deyirsən on iki ildir ki, ərin ölüb dul qalıbsan…. Çox əcab, indi-bəs necə eyləyək?
C a h a n. (təəccüblə) Nəyi necə eyləyək?
S o l t a n b ə y (karıxmış). Yox, belə onu deyirəm ki, mənim də arvadım budur, beş ildir ki, mərhum olubdur. Belə olmaq çox pis şeydir. Adam lap tək qalır, bilmir ki, nə etsin. (Kənara). Yaxşıca əlimə düşübdür, heç buraxmaq lazım deyildir. (Cahan istəyir getsin Soltan, bəy tez qabaqlayır). Əşi, bir dayan, hara tələsirsən?
C a h a n. Tələsiyirəm, işim var.
S o l t a n b ə y. Daha bundan gözəl nə iş olar, əcəb söhbət eləyirik. Sən dul, mən dul, gəl dərdləşək də…. Yaxşı, indi sən deyirsən ki, dulsan, hə?
C a h a n. Buy, dedim ərim on iki ildir ki, ölübdür….
S o l t a n b ə y. Axı burası var ki, mən də dulam….
C a h a n. Nə olar, allahın əmridir. Tək sənin başında görünməyib ki….
S o l t a n b ə y. Orasını bilirəm…. Bura bax, gəl biz ikimiz bir iş edək.
C a h a n. Nə iş?
S o l t a n b ə y. Belə iş ki, nə sən dul olasan, nə də mən….
C a h a n. Nə sayaq eləyək?
S o l t a n b ə y. Nə sayağı var ki, bir nəfər molla, üç manat pul, bir kəllə qənd, şütt-tamam, vəssalam.
C a h a n. Heç başa düşmürəm ki, nə deyirsən.
S o l t a n b ə y. Başa düşmürsən? Əcəb dilbilməzsən! Bəs, elə isə, dürüst qulaq as gör nə deyirəm, a dilbilməz.
M u s i q i
(Çırtı vura-vura oxuyur.)
Bir at aldım, hər yanı çapdım,
Gəl alım, gəl alım, dilbilməz!
Axır gəlib səni tapdım, maralım, maralım, dilbilməz!
Aman, aman oy, qaşı kaman oy!
Gəl alım, gəl alım, maralım, dilbilməz! (Oynayır).
M u s i q i
Bir ev tikdim, daş-üstədir, gəl alım, gəl alım, dilbilməz!
Hər nə desən baş üstədir, gəl alım, maralım, dilbilməz!
Aman, aman oy, qaşı kaman oy! Gəl alım, maralım, dilbilməz! (Oynayır).
M u s i q i
Sən dul, mən dul, gəl mənə bənd ol, gəl alım; gəl alım, dilbilməz!Hər nə desəm ona razı ol, maralım, maralım, dilbilməz!
Aman, aman oy, qaşı kaman oy! Gəl alım, gəl alım, dilbilməz!
(Bu halda Ə s g ə r gəlir və bunları görür.)
Ə s g ə r. Aha! Xalamın da işi düzəldi. Əcəb! (İrəli gəlir, oynamaqda olan Soltan bəyin qulağına.) A bəy! A bəy! Bir dayan söz deyirəm (Soltan bəy səksənib dayanır). Axı belə iş yaxşı deyildir; özgənin arvadına eşqnamə oxuyursan.
S o l t a n b ə y. Balam, sən kimsən, sənə nə?
Ə s g ə r. Necə mənə nə? Bu mənim xalamdır.
S o l t a n b ə y. Xalandır? Deməli, arşınmalçı sənsən?
Ə s g ə r. Bəli, mənəm.
S o l t a n b ə y. Çox gözəl, çox pakizə. Balam, heç sənin insafın-zadın yoxdur?
Ə s g ə r. Nə olubdur ki?
S o l t a n b ə y. Nə olacaq ki? Bu yazıq arvadı on iki ildir ki, dul saxlayıb ərə vermirsən.
Ə s g ə r (gülümsünür). Nə edim, bir yaxşı adam tapmıram.
S o l t a n b ə y. Yaxşı adam--mən. Gəl də!… Gəl qohum olaq, mən də dulam.
Ə s g ə r (kənara). Aha, yaxşı fürsətdir. (Ona). Doğru deyirsən, bəy, ya zarafat edirsən?
S o l t a n b ə y. Tayımsan ki, zarafat edim? Lap ürəkdən doğru deyirəm.
Ə s g ə r. Yaxşı, bəy, fərz edək ki, mən xalamı verdim sənə, bəs əvəzində sən mənə nə verərsən?
S o l t a n b ə y. Nə verəcəyəm? Sənin muzdun bu olar ki, mənim kimi bəylə qohum olarsan. Xalanın muzdu o olar ki, canı rahat olar. Mənim də muzdum budur ki, savab yiyəsi olaram. Daha bundan artıq nə istəyirsən?
Ə s g ə r. Yox, bəy, bu sayaq sərf eləməz….
S o l t a n b ə y. Bəs nə sayaq sərf elər?
Ə s g ə r. Bax, bəy, indi ki, mənimlə qohum olmaq istəyirsən, gəl ikibaşlı qohum olaq.
S o l t a n b ə y (təəccüblə). Nə sayaq ikibaşlı?
Ə s g ə r. Bu sayaq ki, mən xalamı verim sənə, sən də qızını ver mənə.
S o l t a n b ə y (bərk acıqlı). Axmağın birisi axmaq! Nə yava-yava danışırsan?! (Xəncərdən yapışır). Mən bəy balası kimi qızımı arşın mal satana verəcəyəm?! Cəhənnəm ol buradan sən də, sənin xalan da!… Qudurğanın birisi, bir sillə çəkərəm ki, dişlərin qarnına gedər. Rədd ol gözümün qabağından!
Ə s g ə r (arxayınca). Xala, gəl gedək. (Gedirlər. Kənara). Arşınmalçı Əsgərə qız vermədi, amma tacir Əsgərə verəcəkdir.
S o l t a n b ə y. Tez ol, itil buradan! (Evə tərəf gedib qapının azğında dayanır və gedənlərə baxır. Onlar gedirlər.) Gör nə qudurğan gədədir ki, cürət edib qızımı istəyir. (Xəncərini çəkib yüyüryr). Öldürərəm səni qudurğan oğlu, qudurğan. (Qayıdıb fikrə gedir). Yoxdur, yoxdur məndə bəxt. Arvad əlimə göydən düşmüş kimi olmuşdu, özü də əsl mən deyən hallıca arvad ki, iş bir nəfər molla ilə bir kəllə qəndə bənd idi; mərdüməzar oğlu, mərdüməzar hayandan gəldisə bütün işi korladı. Planımı dağıtdı. Ey vay…. (Oxuyur).
Nə pis oldu halım mənim, gəl alım, gəl alım, gəl alım, dilbilməz!
Getdi əldən yarım mənim, gəl alım, maralım, dilbilməz! Aman, aman oy…. (Girir içəri.)
P ə r d ə
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-arsin-mal-alan-ikinci-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir qədər qəzetəçilik dərsiM ü ə l l i m – Qəzetəyə hər cür şey yazmaq olarmı?
Ordan-burdan 24Yarım günlük səyahətim...qərəz mindik vaqona. Burada məndən savayı iki nəfər gəncəli ilə iki nəfər də bakılı və bir nəfər şamaxılı var idi. Başladıq söhbət eləməyə. Allah bunlardan razı olsun, çünki bunların söhbətindən bir çox bilmədiyim şeyləri qandım və öyrəndim. Məsələn, gəncəli dedi ki:
Ordan-burdan 25Yarım günlük səyahətim və yaxud üsuli-cədidtəlimi nəyə deməzlər!
Ordan-burdan 26İrana dair aşıq nağılıElə ki Təbriz “guruldadı”, Əmir Bahadır Cəng başılovlu yüyürdü Şeyx Fəzlullahın yanına, şeyx bunu görüb qorxdu və dedi: ya Əmir! Bu nə pəjmürdə haldır, əhvalın nə üçün belə pərişandır? Onda Əmir Cəng əlini qulağının dibinə qoyub bir Qarabağ şikəstəsi çağırdı və dedi: