Dördüncü pərdə
Страница 2 из 2 · 50%
Ayrı düşdüm vətənimdən, elimdən,
Gör kim, nələr çəkdim eşqin əlindən.
Hər şəhərdə xəbər aldım gələndən,
Hələbdədir Əsli,--mənə dedilər,
(M u s i q i)
Dərdimi duyanlar cümlə ağladı,
Bəylər tutdu qollarımı bağladı,
Ürəyimi eşq oduna dağladı,
Burda mənə quldur adı verdilər.
(M u s i q i)
Yandı ciyərciyim döndü büryana,
Axdı çeşmim yaşı döndü ümmana.
Gətirdilər məni ulu divana,
Bağladılar ayağımı, əlimi.
(M u s i q i)
Dərdli Kərəm qoydu başın qəzaya,
Yar ilə getmədi xəlvət odaya.
Çox şükürlər olsun bari-xudaya,
Kəsmədilər ağzımdakı dilimi.
P a ş a--Ey oğlan, sən keşişin qızına aşiqsən və adın Aşiq Kərəmdir. Özün də İsfahan padşahının oğlusan, öylədirmi?
K ə r ə m--Öylədir, paşam.
P a ş a--Əmr olunsun, keşiş və qızı buraya gəlsinlər. (Nökər gedir). Açın Kərəmin əlin. (Açırlar). Aşiq Kərəm, sən gəl keşiş qızından əl çək, mən sənə bu şəhərdə hansı gözəli desən alaram.
K ə r ə m--Paşam, bizim öz vilayətimizdə gözəllər çox idi, lakin mən ürək sevəni istirəm, başqa məramım yoxdur.
P a ş a--Ya istərsən gəl səni vətənə göndərim get.
K ə r ə m--Vətən mənə Əslidən əziz olsaydı, onu buraxıb bunun dalınca düşməzdim.
Bu halda k e ş i ş və Ə s l i daxil olurlar. Ə s l i və K ə r ə m bir-birini görcək bihuş olurlar.
P a ş a--Keşiş, bu oğlan quldur deyilmiş, bu sənin qızına aşiqdir. Sən gəl qızı ver ona, rəhm elə! Mən sənə nə qədər desən dövlət verərəm.
K e ş i ş--Paşam, əgər mən dövlət sevən olsaydım İsfahan padşahının sözünü rədd etməz idim. Mən öz qızımı, qızımın milliyyətini hər şeydən əziz tuturam.
P a ş a--Sən bilirsən ki, bu oğlan sənin qızının aşiqidir.
K e ş i ş--Bilirəm.
P a ş a--Və bilirsən ki, qızın buna aşiqdir.
K e ş i ş--Bilirəm.
P a ş a--Və bilirsən ki, iki aşiqi mərama çatdırmaq savabdır.
K e ş i ş--Bilirəm.
P a ş a--Bəs nə üçün mane olursan?
K e ş i ş--O mənim atalıq haqqımdır.
Pa ş a--Keşiş, sən gəl bu işə razı ol, yoxsa….
K e ş i ş--Paşam, İran vilayətində mənim hörmətim padşah hörmətinə bərabər idi, amma mən yenə də oradan qaçıb, sənin şəhərinə gəldim və sənin kölgənə qısıldım, hərgah sən də məni incitmək istəsən, özgə bir şəhər hakiminə pənah apararam.
P a ş a (Kərəmə)--Ey oğlan, sən müsəlmansan, bu erməni qızı, sən gəl bundan əl çək, get özünə özgə bir qismət axtar.
(M u s i q i)
K ə r ə m--
Hey ağalar, necə edəyim,
Mən dönərəm, könül dönməz.
Bir gözələ düşdü könlüm,
Mən dönərəm, könül dönməz.
(M u s i q i)
Kəklik kimi səkişindən,
Köküs əlvan naxışından,
Bir hərami baxışından,
Mən dönərəm, könül dönməz.
(M u s i q i)
İstəmirəm başqa özündən,
Mənə söylə Əsli sözündən.
Əsli kimi keşiş qızından,
Kərəm sevdi Əsli xanı.
Mən dönərəm, könül dönməz.
(M u s i q i)
Yoluna qoymuşam canı,
Gözümdən axıtdı qanı,
Mən dönərəm, könül dönməz.
(M u s i q i)
P a ş a--Ax!… Qoy indi bir qızdan soruşum, hərgah qız sənin yanında oğlana getmək istəsə o halda, keşiş, gərək heç bir sözün olmasın. Olsa da sənə cəza elətdirərəm. Ey qız, söylə görüm, sən Kərəmə aşiqsənmi və Kərəmə getmək istəyirsənmi?
(M u s i q i)
Ə s l i--
Kərəm mənə, mən Kərəmə aşiqik,
Ver Kərəmə məni, paşam, rəhm elə.
Hər ikimiz aşiqliyə layiqik,
Ver Kərəmə məni, paşam, rəhm elə.
(M u s i q i)
İllər ilə həsrətini çəkirdim,
Gizli-gizli qan-yaşımı tökürdüm,
İki əlli bir başıma döyürdüm,
Ver Kərəmə məni, paşam, rəhm elə.
(M u s i q i)
Qorxum yoxdur keşiş babamdan mənim,
Dözə bilməm, təngə gəlibdir canım.
Mənim yarım ancaq Kərəmdir, Kərəm,
Ver Kərəmə məni, paşam, rəhm elə.
(M u s i q i)
H a m ı (musiqi: təsnif)--
Keşiş, razı ol bu işə!
K e ş i ş--Olmam, olmam.
C a m a a t--Keşiş, razı ol bu işə.
P a ş a--Razı ol, razı ol (deyib, qılıncı sivirmək istəyir).
C a m a a t--Əslini ver Kərəmə.
K e ş i ş--Verməm, verməm.
C a m a a t--Əslini ver Kərəmə.
P a ş a--Razı ol, razı ol (deyib, qılıncı sivirir və keşişin üstünə qalxır.)
K e ş i ş--Olmam, olmam, olmam!… (Söz ilə birdən). Ver, ver, ver Əslini Kərəmə! Əmma hərgah bunlar həqiqi aşiqdirlərsə, gərək bu dünyada kam almasınlar! Almasınlar! Almasınlar! (Deyib, çıxıb gedir).
P a ş a (Kərəmə)--Al oğlan, öz yarını apar!
Ə s l i ağlayır, K ə r ə m hövlnak bir haldadır ki, guya canı odlanır. Əsliyə tərəf əllərini uzadıb oxuyur.
(M u s i q i)
K ə r ə m--
Gəl, gəl, Əslim, yetər, ağlama,
Yanaram, Əslim, yanaram!
Ciyərim artıq dağlama,
Yanaram, Əslim, yanaram, hey!…
Rəhm elə bir gəl halıma,
Atəş düşübdür canıma,
Öləndə gəl məzarıma,
Yanaram, Əslim, yanaram, hey!…
Mən Kərəməm, haqq aşiqiyəm,
Aşiqliyə mən layiqəm.
Rəhm eylə tez, mən yazığam,
Yanaram, Əslim, yanaram!
Kərəm söyləməz adım,
Ərşə dayandı fəryadım.
Əldən getdi muradım,
Yanaram, Əslim, yanaram!
Yanaram, yanaram, Əslim, yanaram, yanaram, hey!…
(M u s i q i)
--deyirkən hər tərəfdən alov çıxıb, odlanıb yanır. Əsli də əlindəki xəncərini çıxarıb sinəsinə çaxır və yıxılıb ölür. Bütün məclis əhli mat və məəttəl qalıb, kamali-heyrətdə
ikən pərdə yavaş-yavaş enir.
P Ə R D Ə
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-esli-ve-kerem-opera-dorduncu-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
ƏşarBəli, doğru deyirlər ki;
Ordan-burdan 122Məişətimizdən– Kərbəlayı Məmmədcəfər salaməleyküm!
Muğamat və xalq mahnılarının ifası haqqındaYoldaşlar, mənim bu məruzəm bir qədər tənqidi ruhda olacaq. Bu gün cəbhə üçün, vətənimizi müdafiə üçün görülən işlərə tənqidi bir nəzərlə baxmaq lazımdır; bu bizim borcumuzdur. Bu gün hər işimiz vətənimizin müdafiəsi, cəbhəyə qüvvət vermək və düşməni məhv etmək niyyətindədir. Bəziləri elə güman edirlər ki, müharibə zamanı musiqi yersiz bir şeydir; deyirlər ki, müharibə vaxtı ancaq top, tüfəng səsi eşidilməlidir. Bu, tamamilə yanlış fikirdir. Keçmişlərdə də müharibə zamanı musiqi xalqa kömək edibdir. Özünüz bilirsiniz ki, nəfəsli orkestr qoşun üçün nə qədər lazım olan vasitədir. Musiqi çalınan zaman əsgərlər nə qədər həvəslə, nizam-intizama tabe olaraq irəliləyirlər. Hərgah Azərbaycan tarixini nəzərdən keçirsəniz görərsiniz ki, vaxtilə qara zurna müharibə musiqi alətlərindən biri olmuşdur.Musiqinin müharibə edən əsgərlərə olduqca böyük təsiri vardır. İstər onun iradəsini qaldırmaqda, istərsə ona ürək verməkdə musiqinin təsiri çoxdur. Odur ki, hazırda da bizim musiqimiz cəbhəyə və müharibədən qalib çıxmağa kömək etməlidir və edir.
Səhnənin tərbiyəvi əhəmiyyəti haqqındaPublisistlərimizin bir çoxu teatr tamaşalarının tərbiyəvi əhəmiyyətindən danışarkən ancaq dramları, yəni mahnısız və musiqisiz səhnə əsərlərini nəzərdə tuturlar; gənc publisist Əsəd Məmmədov-Əhliyev Müsəlman Artistləri Peşəkar İttifaqının yaradılmasını (“Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin Xəbərləri”nin 241-ci nömrəsinin səhifələrində) alqışlayaraq, ittifaqa “ancaq Melpomena məbədini ucaltmağı”, yəni ancaq dram əsərlərini tamaşaya qoymağı məsləhət görür, çünki musiqi əsərləri, vətəndaş Əhliyevin dediyinə görə, “səhnə sənətinin tərbiyəvi əhəmiyyəti ola biləcək ikinci, hətta üçüncü dərəcəli məhsuludur”.Opera, operetta, musiqili dram kimi əsərlərin tərbiyəvi əhəmiyyətinin sübutsuz-dəlilsiz qətiyyətlə inkar edilməsi bir tərəfdən teatr və ümumiyyətlə, teatr sənəti haqqında ictimaiyyətin şüurunda məhdud təsəvvür, habelə sənətin musiqi sahəsinə mənfi münasibət yaradır, digər tərəfdən, özlərini musiqi sənətinə həsr etmək qərarına gəlmiş gənc müsəlmanları həvəsdən salır; beləliklə, milli musiqinin inkişafı ləngidilir, biz müsəlmanların musiqi təhsili almaq arzusunun, milad tarixindən bəri ancaq XX əsrdə oyanan bu təbii arzunun qarşısına sədd çəkilir.
Стихи других поэтов
Ta canım cismdə var həqqə qunut etməliyəm,Bu yalan ölkədə mən həqqi sübut etməliyəm.
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Gəraylı: Səhər çağı ötən bülbülSəhər çağı ötən bülbülSən ağlama mən ağlaram