Yenə Əmirin sarayında vaqe olur. Əmir, yanında vəzir və əyanlar taxt üstündə əyləşibdir. Qabağında qızlar rəqs edirlər. Bədə rəqs tamam olur.

Əmir (qızlara)

Bir nəğmə çalın, həm oxuyun, qəlbimi şad eyləyəsiz,
Həm şəbabətdə keçən günləri yad eyləyəsiz!

(Musiqi)

Qızlar

Yadındadır keçmişlər,
Keçirdiyin xoş günlər;
Gözəl idi o dəmlər,
Keçdi getdi, o günlər hanı?
Keçdi getdi o dəmlər! (2 dəfə)

(Musiqi)

Cəh-cəh vurur bülbüllər,
Hər yan açıbdır güllər.
Pəh, nə nazikdir bellər,
Keçdi getdi, o günlər hanı?
Keçdi getdi o dəmlər. (2 dəfə)

Oğlanlar

Olsun o günlər,
Gəlsin o dəmlər,
Güllər, bülbüllər! (2 dəfə)

Qızlar

Saqi, tez ver badəni,
Çağır Pərizadəni,
Salsın yada ol günü.
Keçdi getdi, o günlər hanı?
Keçdi getdi o dəmlər. (2 dəfə)

(Musiqi)

Tut əlimdən seyr edək,
Zövqü şövqə meyl edək,
Eşqin yolu ilə gedək.
Keçdi getdi, o günlər hanı?
Keçdi getdi o dəmlər. (2 dəfə)

Oğlanlar

Olsun o günlər,
Gəlsin o dəmlər,
Güllər, bülbüllər! (2 dəfə)

Qızlar və oğlanlar

Yadındadır keçmişlər,
Keçirdiyin xoş günlər,
Gözəl idi o dəmlər.
Keçdi getdi, o günlər hanı?
Keçdi getdi o dəmlər. (2 dəfə)

(Musiqi)

Qasid (söz ilə). Əmir sağ olsun, qoşunumuz davadan qayıtdı, budur, gəlməkdədirlər. (Leylada başaşət əsəri)

Əmir. Allahın mərhəməti cümləmizin üzərinə olsun, xeyirxəbər olsunlar!

Hamı. Amin!

Qoşun pərdə dalından əvvəlki marşı oxuyur. Sonra Zeyd Bəkir ilə daxil olur; Leyla bunların içində Harunu görməyib, müztərib hal olur və intizardadır ki, görsün Harundan nə xəbər vardır.

Əmir (Zeydə). Qalibsiniz, ya məğlub?

Zeyd. Əmir sağ olsun, Allahın köməyi ilə qalibik.

Əmir. Allahın mərhəməti cümləmizin üzərində olsun!

Hamı. Amin!

Əmir. Söylə təfsilatı, qulaq asaq!

Zeyd. Düşməni məğlub və pərişan etdik. Söz verdi on il bizimlə dava etməsin. Budur əhdnaməsi! (Təqdim edir.)

Əmir (mütaliə edir, vəzirə verir). Bəs Harun?

Zeyd (başını aşağı salıb, boğuq səs ilə). Şəhid oldu!

Hər kəsdən bir təəssüf və təhəssür nidası qalxır. Leyla isə bərk qışqırıb özündən getməkdə ikən vəzirin işarəsi ilə qızlar Leylanı götürüb, o biri otağa çıxarırlar.

Əmir. Şəhid oldu? Allahü-əkbər! Allah rəhmət eyləsin... Zalım düşmən! Harun kimi sər-əsgərimi əlimdən aldı... (Fikir.) Ax, Harun, Harun! (Fikir, bədə Zeydə) Zeyd, sən ki, davadan müzəffər və qalib gəldin, əvəzində məndən bir ənam istə!

Zeyd. Əmir sağ olsun, siz bizi göndərəndə buyurdunuz ki, hər kəs qalib gəlsə hər nə istəsə verərəm.

Əmir. Doğrudur, necə?

Zeyd. Sizin o sözünüz mənə cürət verir və mən sizdən qızınız Leylanı istəyirəm.

Bu sözdən hamı pərişanhal olur və təəccüb edir.

Əmir (qeyz ilə). Nə cürət etdin? (Yada salır.) Ax, söz vermişəm... Nə ağır təklifdir! Zeyd, sən məndən özgə şey istə, qızıl istə!

Zeyd. Əmir sağ olsun, Leyladan başqa özgə istəyim yoxdur. Sizin vədiniz mənə cürət verib istəyirəm.

Əmir. Bir övladım var, o da Leyladır... Zeyd, Leylanı əlimdən alma!

Zeyd. Əmir sağ olsun, cürətim böyükdür, buyur boynumu vursunlar; amma sən söz verdin, mən də cürət etdim.

Əmir (vəzirə). Sənin sözün doğru imiş... (Zeydə) Hansı şəhərimi istəsən sənə verərəm, amma Leylanı alma!

(Musiqi)

Zeyd

Sən söz verdin,
Mən eşitdim.
Düşmən ilə
Cəngə getdim. (2 dəfə)

Qoşun çəkdim,
Mən cəng etdim;
Düşmən halın
Mən təng etdim! (2 dəfə)

Nə tövr komanda etdiyini əli ilə işarə edir.

Hay... hay... hay... Leylanı mən

(Musiqi)

Sevdim, ey Əmir!
Leylanı mən.
Sevdim, ey Əmir! (2 dəfə)
Bəs nə edim,
Nədir tədbir?
Qoşun çəkdim,
Mən cəng etdim.
Düşmən halın
Mən təng etdim! (2 dəfə)

Hay... hay...
Hay... cəngə gəl!

Əmir. Zeyd, bir ləhzə gözlə, mən sənə cavab verərəm!

Zeyd çıxır.

Əmir (vəzirə). Vəzir, nə etməli? Bu mənhus dava Harun kimi sər-əsgərimi əlimdən aldı... Bu nakəs də qızımı almaq istəyir, təki düşmən bizə qalib gələydi, bu iş olmayaydı.

Vəzir. Əmir sağ olsun, əlbəttə, sən istəsən bu saat əmr edərsən, Zeydin boynu vurulsun. Lakin sən söz verdin... Əmir sözü... nə etmək!

Əmir

Bu qulu bir əmr ilə rədd eyləmək məqdur ikən,
Gör əlində mən onun acizü naçar olmuşam;
Çünki mən söz vermişəm, sözdən dönüm, ya dönməyim.
Bunca müşkül məsələ hallinə vadar olmuşam!

Hamı

Çox çətin məsələ!
Həlli onun müşkül,
Həlli onun müşküldür.
Zeydi rədd eyləmək
Hər bir şeydən yüngül,
Hər bir şeydən yüngüldür.
Amma ki, söz verdin,
Əmrini bildirdin,
Əmrini bildirdin!
Çünki sən söz verdin!

Əmir (söz ilə). Vəzir, nə etməli? Bir çarə tap!

Vəzir. Əmir sağ olsun, sən Zeyddən qırx gün möhlət istə, bəlkə bu qırx günün ərzində bir əlac tapaq.

Əmir (şad olur). Doğru deyirsən, vəzir. Çağırın Zeydi!.. Bəlkə bu qırx gündə bir əlac tapılsın. (Zeyd daxil olur.)

Əmir. Zeyd, mənim sözüm Əmir sözüdür, onda xilaf ola bilməz; Leylanı sənə verərəm, lakin sən mənə qırx gün möhlət ver, sonra Leylanı apar.

Zeyd. Mərhəmət və iltifatın, Əmir, artıq olsun! Baş üstə, mən qırx gün gözlərəm.

Əmir. İndi mürəxxəssən. (Zeyd baş əyib gedir.)

(Musiqi)

Əmir. Nökərimdən, nökərimdən möhlət aldım, çünki mən söz vermişəm. Verdiyim sözlərdə mən daim vəfadar olmuşam.

Hamı

Çox çətin məsələ,
Həlli onun müşkül,
Həlli onun müşküldür.
Zeydi rədd eyləmək
Hər bir şeydən yüngül,
Hər bir şeydən yüngüldür.
Amma ki, söz verdin,
Əmrini bildirdin,
Əmrini bildirdin!
Çünki sən söz verdin!

Əmir və hamı durub gedirlər.

(Musiqi)

Leyla gözüyaşlı daxil olur.

Leyla

Bu qədər zülmü, fələk, sən ki, rəva gördün mənə,
Təqsirim nəydi mənim, aya, nə etmişdim sənə?
Zülm ilə aldın əlimdən yarımı, qıydın ona,
Təqsirim nəydi mənim, aya, nə etmişdim sənə?

Qaldı yolda gözlərim, canım, ənisim gəlmədi,
Çünki Leyladır adım, səhrada Qeysim gəlmədi;
Eylədin zayil ümidim, verdirdin həsrət mənə,
Təqsirim nəydi mənim, aya, nə etmişdim sənə?

(Ağlayır.)

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов