Страница 1 из 3

Rüstəm bəyin həyəti ilə küçədə vaqe olur. Rüstəm bəyin həyəti hasar ilə məhsurdur. Pərdə qalxdıqda həyətdə S ə r v ə r ilə G ü l n a z görünür. Pərdədən qabaq musiqi çalınır. Sonra tarda "şahnaz" çalınır. Pərdə qalxır.

S ə r v ə r.

Cahanda var görəsən dərdi-eşqə bir çara,
Bu eşq o eşqdir ki, Məcnunu qoydu avara.

G ü l n a z.

Bu eşq o eşqdir ki, Fərhada dağı çapdırdı,
Dübarə tişəni çaldırdı başa o biçara.

M u s i q i

İ k i s i b i r y e r d ə.

Çün bahar oldu açıldı….
Gül açıldı hər yanda.

M u s i q i

Çün bahar oldu açıldı….
Gül açıldı hər yanda.
Bülbül etdi ahü zarü
Nalə çəkdi oxudu (2 dəfə)

M u s i q i

Çünki gördü xari bülbül,
Söylədi ki, ey birəhm!

M u s i q i

Çünki gördü xari bülbül
Söylədi ki, ey birəhm!
Səndə yoxdur eşq odu,
Gəl həzər et naləmdən. (2 dəfə)

M u s i q i

Aşiq oldur ki, veribdir canini ol canana.

M u s i q i

Aşiq oldur ki, veribdir canini ol canana.
Verməyibsə canini ol aşiq olmaz canana. (2 dəfə)

Bu əsnada M ə ş ə d i İ b a d, əlində bir yaylıq alma və armud küçədən gəlib, hasarın yanında dayanır.

M ə ş ə d i İ b a d. Mən istəyirdim ki, adaxlıbazlığa gecə gələm, halbuki, gündüz də bu hasardan aşmaq çətindir. Ya allah!… (İstəyir hasardan aşsın, amma bacarmayır). Yox görünür ki, mümkün olmayacaq. Qoy bir hambal çağırım, ayağımın altında yatsın. (Çağırır). Ada, hambal!
H a m b a l (yüyurür). Nə deyirsən, Məşədi? Yükün nədir? (Kəndirini çıxardır).
M ə ş ə d i İ b a d (cibindən bir abbası çıxardır). Al abbasını, ayağımın altında yat.
H a m b a l. Məşədi, olmaya oğurluğa gedirsən?
M ə ş ə d i İ b a d. Kəs səsini, axmaq! Adaxlıbazlığa gedirəm!
H a m b a l. Məşədi, allah qüvvət versin, amma belimi şikəst eylərsən. (Yıxılır. Məşədi İbad onun belinə çıxır və hasardan baxır).
M ə ş ə d i İ b a d. Ada, hambal, o yaylığı mənə ver!
H a m b a l. Məşədi, tərpənsəm yıxılarsan ki….
M ə ş ə d i İ b a d. Dayan görüm! (Düşüb yaylığı götürür, bir də çıxanda yaylıq açılır, alma, armud yerə dağılır).
M ə ş ə d i İ b a d (hasardan baxır). Qız oradadır, yanında da bir oğlan var. Görəsən o kimdir?
G ü l n a z (onu görüb). Vay, dədəm vay!… O kimdir? Mən qaçıram! (Qaçır).
M ə ş ə d i İ b a d (Sərvərə). Oğlan, sən kimsən?
S ə r v ə r. Bəs sən kimsən?
M ə ş ə d i İ b a d. Mən Məşədi İbadam!
S ə r v ə r. Mən Sərvərəm!
M ə ş ə d i İ b a d. Bəs sən orda nə qayırırsan?
S ə r v ə r. Bəs sən orda nə qayırırsan?
M ə ş ə d i İ b a d. Mən adaxlıbazlığa gəlmişəm!
S ə r v ə r. Mən də adaxlıbazlığa gəlmişəm!
H a m b a l. A Məşədi, belim şikəst oldu!
M ə ş ə d i İ b a d. Ada, dayan görüm bu nə deyir! Qoçaq, sən kimin adaxlısısan?
S ə r v ə r. Qoçaq, bəs sən kimin adaxlısısan?
M ə ş ə d i İ b a d. Mən Rüstəm bəyin qızı Gülnaz xanımın!
S ə r v ə r. Mən də Rüstəm bəyin qızı Gülnaz xanımın!
M ə ş ə d i İ b a d (acıqlı). Kəs səsini, axmaq! Sənin nə ixtiyarın var ki, mənim adaxlımın adını çəkirsən?
S ə r v ə r. Axmaq sənsən ki, hasara dırmaşmısan!
H a m b a l. A Məşədi, belim qırıldı, düş aşağı!
M ə ş ə d i İ b a d. Qurban olasan bu altımdakı hambala, yoxsa əhədini kəsərdim! (Düşür).
S ə r v ə r. Heç bu iş pis olmadı, görək axırı nə olacaq?
H a m b a l. Məşədi, belim sınıbdır, bir abbası da verəcəksən.
M ə ş ə d i İ b a d (hambala). Heç başa düşmürəm ki, bu nə işdir?
H a m b a l. Məşədi deyəsən qızın iki namizədi vardır?
M ə ş ə d i İ b a d. Əşi, mən qızın halalca adaxlısı ola-ola hasarın bu tayında qalım, bir dələduzun birisi də o tayda olsun? Ay bivəfa arvad! (Fikrə gedir).

M u s i q i

M ə ş ə d i İ b a d (rast oxuyur).

Mən nə danəstəm əz əvvəl ke, to bi mehro vəfai,
Əhdi nabəstən əz on beh ke, bə bəndi ya nə pai.

Burada mənim yadıma Leyli və Məcnun əhvalatı düşür.

Məcnun o tayda ahü zar edir,
Leyli bu tayda əğyar ilə eyş edir.

M u s i q i

İndi mən bu tayda hambal ilə qalmışam, Yarım da o tayda əğyar ilə söhbət edir.

M u s i q i

Yox, mən o məcnunlardan deyiləm, bu saat gedib qoçuları buraya yığacağam! (Gedir).

G ü l n a z ilə S ə r v ə r çıxıb oxuyurlar.

S ə r v ə r (şikəstəyi-fars oxuyur).

Ey mələksima ki, səndən özgə heyrandır sana,
Həqq bilir, insan deməz, hər kim ki, insandır sana.
Verməyən canın sənə bulmaz həyati-cavidan,
Zindeyi-cavid ona derlər ki, qurbandır sana.

G ü l n a z və S ə r v ə r (təsnif oxuyurlar).

Gözəlim sənsən mənim,

M u s i q i

Mehribanım, həmdəmim.

M u s i q i

Dəxi yoxdur heç qəmim,
Çox şükür sənə, ey xuda!
Olmadıq biz əğyarə fəda. (2 dəfə)

M u s i q i

Sən mənimsən, mən sənin.

M u s i q i

Ola bilməz özgənin.

M u s i q i

Həmi bir can, bir tənin,
Çox şükür sənə, ey xuda!
Olmadıq biz əğyarə fəda (2dəfə).

M u s i q i

Dərdimə tapdım dava,
Qalmadı heç bir cəfa. (2 dəfə)
Axır ki, gördük səfa,
Çox şükür sənə, ey xuda!
Olmadıq biz əğyara fəda.
Əğyara fəda, əğyara fəda…. (2dəfə)

Bu əsnada Q o ç u Ə s g ə r və başqa adamlar gəlib, M ə ş ə d i İ b a d l a birlikdə hasarın dalında dayanıb baxırlar.

M ə ş ə d i İ b a d. Eşidirsiniz? Bayatı oxuyur.

Bunlar hasarın deşiklərindən baxırlar.

G ü l n a z.

Aləmi pərvanəyi-şəmi-camalın qıldı eşq,
Cani-aləmsən, fəda hər ləhzə min candır sana.

Ə s g ə r. Oxa! Qız da oxuyur ki!
M ə ş ə d i İ b a d. İndi gördünmü iş nə haldadır?
Ə s g ə r. Məşədi İbad, bir bəri zəhmət çək (qabağa gətirib, nə isə deyir).
S ə r v ə r.

Çıxma, yarım, gecələr, əğyar tənindən sakın,
Sən məhi-övci-məlahətsən, bu nöqsandır sana.

Ə s g ə r. İki min manat pul verərsən: bir min mənim, bir min də yoldaşlarımın.
M ə ş ə d i İ b a d. Mən yazıq bir o qədər pulu sənə haradan verim?
Ə s g ə r. Özün bil, istərsən çıxaq gedək. Sən də camaat içində biabır ol. Heç kəs də sən ilə alver etməz. Sənin kimi binamus adamı biz heç içimizə qoymarıq. Adə, gedək!
M ə ş ə d i İ b a d. Bir bura bax. Yaxşı, verərəm. Sabah gəl pulları apar, amma indi bircə əvvəl bu oğlanı öldür, yoxsa onun səsini eşitdikcə bağrım çatlayır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ordan-burdan 49

Yazıq ermənilər!Genə yazıq ermənilər!

2 мин
Ordan-burdan 50

Deyirlər ki, opera dramanın evini yıxdı...Qərəz, sözümüz bunda deyildir və bəhsimiz də özgə şey üstündədir.

2 мин
Erməni-müsəlman sülh məclisinə dair

Tamam bir ildir ki, vətəni əzizimiz Qafqaz öz balalarının qanına bulanmaqdadır. Tamam bir ildir ki, minlərlə ciyərlər qırğınlar atəşindən od tutub yanmaqdadır. Bu bir ilin içində neçə min canlar tələf oldu. Neçə-neçə ailələr başsız, ata-analar oğulsuz, bacılar qardaşsız, qardaşlar bacısız qaldılar. Evlər talan oldu, oda yaxıldı. Abad şəhər və köylərimiz xarabaya döndü. Yurd itdi, yuva dağıldı... Səbəbi də ermənimüsəlman davası oldu.Belə bir-birinin iç və çölünü biləcək dərəcədə yek-digərinə yaxın olan qonşular, bir-birinin ehtiyacatı həyatiyyəsini rəf etməkdə heç bir müzayiqədə bulunmayan, münasibati-düstanə sayəsində ömürlərinin bir qədərini daim müzayiqə, müsahibə, mülatifə, mülabəsə və sairləri kimi səmimi dostluq və xeyirxahlığı izhar edən hüsni müamilədə keçirməkdə olan iki həmcivar tayfa öz içlərindəcə peyda olan ləin, bəğiz və xəbis nakəslərin hərəkatı-şeytanətkaranasinə uyub, xah-naxah bir-birinə yağı oldular. Bəs deyil, bir-birini tələf və yox etməyə bel qurşadılar... Top və tüfəng səsi asimanə bülənd oldu, iki dost bir-birinə atırdı, tiğ və xəncər parıltısı göz qamaşdırırdı. İki qonşu bir-birini doğrayırdı. Kəndlərdən, şəhərlərdən od və duman qalxır, hər yeri bir kuhi-atəşfişanə döndərirdi. İki həmcavar tayfa bir-birini atəş içində yandırırdı... Göz yaşı qana qatışdı, qan qurşağa çıxdı... Belə bir misli görünməmiş müdhiş faciə bir ildir ki, davam etməkdədir və bundan sonra da davam etsə, bu iki tayfanın biri bilmərrə fövt olub, yer üzündə bir adı qalacaq desəm xəta etmərəm, zənn edirəm. Lakin bəs bütün bu bir tayfanın bir takım ləin, insansevməz, fasiq və fasidlər ucundan badi-fənaya getməsi rəvamıdır? Bunu vicdanımız qəbul etməz və etməsin gərək və illa məsum və bigünah tökülən qanların günahı, yanmış ciyərlərin ahı bizi nahaq qoymaz. Buna bir əlac lazımdır. Əlac isə bu qital və qırğının müsəbbiblərini tapıb yox etməkdir. Bu müsəbbiblər də müxasimədə bulunan bu iki tayfanın hansı birində olduğu indi, hamıya məlumdur. Və bunu da bilməlidir ki, sadəlövh müsəlmanlar, heç bir vaxtda və heç bir halda qonşuları ermənilərlə dava etmək fikrində deyildilər. Çünki belə bir nagüvarə iş icrasına müsəlmanları vadar edəcək bir məqsəd yoxdur. Və bir də müsəlmanlar – sörün açığı – elə bir mənəvi nəşvü-hüma və tərəqqi dərəcəsinə catmayıblar ki, bir məqsəd və yaxud bir fikir ilə ağılları məşğul ola. Min adam min söz desin – müsəlmanlar bu hadisati-müəssəfənin başlanmasına bais olmadıqlarından əmindirlər və ermənilər əleyhinə qəlblərində bir pis fikir pünhan deyildi. Bununla belə, həməvaxt, sülhə talib idilər, ermənilər dəxi nə mərtəbə sülhə mail olduqlarını bu məclisdə izhar edərlər. İnşaallah hər iki tərəf mətin bir sülh əqdi ilə xüsuməti kamilən rəf etmək üçün bəqədriimkan sərfi-müsai edərlər.

2 мин
Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik

Məktəblərimizdə ümumi tədrisəni ana dilində icra etmək üçün bizə müsaidə verildi. Lakin, hal-hazırda mövcud olan məktəblərimizin, yaxud şkolalarımızın nəgunə əsaslara məbni təsis edildiyini təhqiq və tədqiq etsək, bizə verilən müsaidənin öz ana dilimizi layiqincə öyrənmək üçün ən cüzi bir vasitə olduğunu müşahidə edə biləriz.Ana dilimizdən ibarət olan türk lisaninə mükəmməl surətdə vaqif olan zəvat biz Rusiya müsəlmanlarının ana dili sarıdan mən hələ “obed” eləməmişdim, “vizitni kartoçka” gəldi ki, madam Papkova səni “veçer”ə “priqlasit” eləyir. Gəlməsən “abijatsa” olar kimi belə bir əsəfli halımızı görsə, bizə verilən müsaidənin “dilimizi yuyub” təmizləməkdən ötrü bir damcı su mənziləsində olduğunu iqrar edib, buna çaylar, sellər lazımdır deyər.

9 мин

Стихи других поэтов