İkinci məclis
Страница 3 из 3 · 67%
R z a vaqe olub Həsənqulu bəyə baş əyir və Məşədi İbadın yanına gedir.
R z a bə y. Salamünəleyküm, Məşədi! A kişi, bu nə əhvalatdır, deyirlər ki, qızın iki adaxlısı var imiş!
M ə ş ə d i İ b a d: Ay Rza bəy, səndən bir təvəqqəm var, sən gəl qələmi al əlinə və bu əhvalatı qəzetdə yaz, Rüstəm bəyi biabır eylə, çox təvəqqə edirəm!
R z a b ə y. Bağışlayın, Məşədi, mən onu eyləyə bilmərəm!
M ə ş ə d i İ b a d. Neyçün?
R z a b ə y. Çünki o cür şey mənim məsləkimə müğayirdir, bu iş sənin öz xüsusi işindir, camaata nə dəxli var qəzetdə yazam?!
M ə ş ə d i İ b a d. A kişi, vallah, elə bunun özü qəzet əhvalatıdır.
R z a b ə y …. Yox, Məşədi. Mən bacarmaram və heç vaxt müğyir-məslək iş görə bilmərəm!
M ə ş ə d i İ b a d (əlini cibinə salıb, bir yüzlük çıxardır və guya kağız əvəzinə göstərir.). A kişi; axır bu bir parça kağızı yazmaq çətin şeydirmi?
R z a b ə y (pulu görür). Hə!… Bu başqa məsələdir, indi başa düşdüm ki, sən nə deyirsən; yazaram, çox yaxşı yazaram!
M ə ş ə d i İ b a d. Bax, elə yaz ki, xalq oxuyub Rüstəm bəyə zad eyləsin….. Adı nədir?!… Siz ona nə deyirsiniz?
R z a b ə y. İzhari-nifrət!
M ə ş ə d i İ b a d. Hə, hə!… İzhari-nifrət, izhari-nifrət!
Bu halda intelligent H ə s ə n gəlir.
H ə s ə n b ə y. Sən keçən səfər məni askarbit eləmişsən, zato mən səni suda çəkmişəm.
M ə ş ə d i İ b a d. A kişi, sən allah, əl çək məndən. Mənə meymun dedin bəs deyil, sonra da suda çəkirsən?!
H ə s ə n b ə y. Xeyr, əl çəkmərəm, gərək sudda cavab verəsən.
M ə ş ə d i İ b a d. Ay camaat, mən burda öz həşrimə qalmışam, bu da gəlibdir ki, səni suda çəkirəm!
H ə s ə n q u l u b ə y. (Məşədini bəri çəkir). Məşədi, ağzına bir şey ver, rədd olsun!
M ə ş ə d i İ b a d. Yəni buna da pul verim?
H ə s ə n q u l u b ə y. Bir əlli manat ver, əl çəkər.
M ə ş ə d i İ b a d (çıxardır). Ala, ala, rədd ol bas?mdan!…
H ə s ə n b ə y. Eto druqoye delo. Ərizəmi geri alaram.
M ə ş ə d i İ b a d. Diriqoy, ya qeyri diriqoy….
H a m b a l. A Məşədi, bu qədər xəlqə pul paylıyırsan, mənə də bir abbası ver, belimi sındırbısan!
M ə ş ə d i İ b a d. Əşi, rəddə o ol yana, bir sən qalmışdın ki, məni soyasan. (Yüyurür hambalın üstə, hambal qaçır, amma sonra yenə gəlir).
H ə s ə n q u l u b ə y. Həzərat! Gəlin bu məsələni müzakirəyə qoyaq. Axı belə iş olmaz ki, Rüstəm bəy eyləyir, bu kişi də axı yazıqdır. Pulu gedir, özü də biabır olur. Gəlin bu saat Rüstəm bəyi bura çağıraq və onunla seryoznı danışaq!
H a m ı. Əlbəttə, əlbəttə.
Qapını döyürlər. R ü s t ə m b ə y gəlir.
M u s i q i
Böylə olmaz ki, sən aldadasan bizi,
Sən verirsən qızı
Özgə adama ərə getsin. (2 dəfə)
Bəs bu kişi yazıq necə etsin? (2 dəfə)
M ə ş ə d i İ b a d.
Alaha and olsun, budur deyirəm:
Qızı mənə, qızı mənə gərək verəsən.
Verməsən hərgah, eylərəm bədnam,
Çünki mən bir adamam, baxmaram bəyə.
H a m ı. Böylə olmaz ki, sən…. (i.a….).
R ü s t ə m b ə y. Sözün doğrusu, mən qanmıram ki, siz nə deyirsiniz!
M ə ş ə d i İ b a d. Necə qanmırsan? Mənim pulumu yeyib, yalandan deyirsən ki, qızı sənə verəcəyəm, amma özgəsinə verirsən.
R ü s t ə m b ə y. Kim deyir onu?
M ə ş ə d i İ b a d. Öz gözümlə gördüm ki, sənin qızının yanında bir cavan oğlan durubdur, soruşdum ki, ədə, sən kimsən, dedi: mən qızın adaxlısıyam!
R ü s t ə m b ə y. Ha, ha, ha!… O kişi zarafat edibdir. Bilirsənmi o kimdir? O qızın öz dayısıdır. Səninlə lotuluq eləyibdir. Sən də inanırsan və bir də (onlara) Həsənqulu bəy, Rza bəy, sizin üçün eyb olsun ki, bu cürə axmaq sözə inanıb, mənim qapıma gəlirsiniz. Mən çox inciyirəm.
H ə s ə n q u l u b ə y. Rüstəm bəy, vallah, bağışla bizi, Məşədi İbad yoldan çıxartdı.
R z a b ə y. Sən alah incimə bizdən, burada, rus demişkən, nedarazumeniya əmələ gəlibdir.
M ə ş ə d i İ b a d (Rüstəm bəyə tərəf gedib, əlindən tutur). Bağışla, bəy, allah səndən razı olsun ki, bizi şəkki-şübhədən çıxartdın. Amma, vallah, əhvalım çox pərişan olmuşdu. Ə kişi, mən deyirəm ki, axı Rüstəm bəy kişidir, belə şey eləməz. Qərəz ki, allah şeytana lənət eyləsin! (Gülə-gülə). Rüstəm bəy mən istəyirəm ki, toyu bu günlərdə başlayam. Nə deyirsən?
R ü s t ə m b ə y. Çox da yaxşı olar, nə qədər tez olsa, bir o qədər yaxşıdır.
M ə ş ə d i İ b a d. Onda mən bu gün istixarə elətdirərəm, bu yaxın xoş günlərin birində toyumuzu başlarıq.
H a m ı. Allah mübarək eyləsin! Məşədi İbad toy hamamında bir yerdə çimək.
M ə ş ə d i İ b a d. İnşaallah, bir yerdə çimərik. (Kənara). Bu şərtlə ki, hamam pulu sizdən.
H a m ı.
Məşdi İbad, çox mübarək olsun!
Toyun sənin çox mübarək əst! (2dəfə)
M ə ş ə d i İ b a d.
Çox cağ olun, çox da razıyam,
Zəhmət çəkib iş düzəltdiniz.
H a m ı.
Məşdi İbad, çox mübarək olsun!
Toyun sənin çox mübarək olsun!
Çox mübarək olsun, çox mübarək olsun!
Olsun, olsun, olsun, olsun!…
P ə r d ə
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-o-olmasin-bu-olsun-ikinci-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yazıq ermənilər!Genə yazıq ermənilər!
Ordan-burdan 50Deyirlər ki, opera dramanın evini yıxdı...Qərəz, sözümüz bunda deyildir və bəhsimiz də özgə şey üstündədir.
Erməni-müsəlman sülh məclisinə dairTamam bir ildir ki, vətəni əzizimiz Qafqaz öz balalarının qanına bulanmaqdadır. Tamam bir ildir ki, minlərlə ciyərlər qırğınlar atəşindən od tutub yanmaqdadır. Bu bir ilin içində neçə min canlar tələf oldu. Neçə-neçə ailələr başsız, ata-analar oğulsuz, bacılar qardaşsız, qardaşlar bacısız qaldılar. Evlər talan oldu, oda yaxıldı. Abad şəhər və köylərimiz xarabaya döndü. Yurd itdi, yuva dağıldı... Səbəbi də ermənimüsəlman davası oldu.Belə bir-birinin iç və çölünü biləcək dərəcədə yek-digərinə yaxın olan qonşular, bir-birinin ehtiyacatı həyatiyyəsini rəf etməkdə heç bir müzayiqədə bulunmayan, münasibati-düstanə sayəsində ömürlərinin bir qədərini daim müzayiqə, müsahibə, mülatifə, mülabəsə və sairləri kimi səmimi dostluq və xeyirxahlığı izhar edən hüsni müamilədə keçirməkdə olan iki həmcivar tayfa öz içlərindəcə peyda olan ləin, bəğiz və xəbis nakəslərin hərəkatı-şeytanətkaranasinə uyub, xah-naxah bir-birinə yağı oldular. Bəs deyil, bir-birini tələf və yox etməyə bel qurşadılar... Top və tüfəng səsi asimanə bülənd oldu, iki dost bir-birinə atırdı, tiğ və xəncər parıltısı göz qamaşdırırdı. İki qonşu bir-birini doğrayırdı. Kəndlərdən, şəhərlərdən od və duman qalxır, hər yeri bir kuhi-atəşfişanə döndərirdi. İki həmcavar tayfa bir-birini atəş içində yandırırdı... Göz yaşı qana qatışdı, qan qurşağa çıxdı... Belə bir misli görünməmiş müdhiş faciə bir ildir ki, davam etməkdədir və bundan sonra da davam etsə, bu iki tayfanın biri bilmərrə fövt olub, yer üzündə bir adı qalacaq desəm xəta etmərəm, zənn edirəm. Lakin bəs bütün bu bir tayfanın bir takım ləin, insansevməz, fasiq və fasidlər ucundan badi-fənaya getməsi rəvamıdır? Bunu vicdanımız qəbul etməz və etməsin gərək və illa məsum və bigünah tökülən qanların günahı, yanmış ciyərlərin ahı bizi nahaq qoymaz. Buna bir əlac lazımdır. Əlac isə bu qital və qırğının müsəbbiblərini tapıb yox etməkdir. Bu müsəbbiblər də müxasimədə bulunan bu iki tayfanın hansı birində olduğu indi, hamıya məlumdur. Və bunu da bilməlidir ki, sadəlövh müsəlmanlar, heç bir vaxtda və heç bir halda qonşuları ermənilərlə dava etmək fikrində deyildilər. Çünki belə bir nagüvarə iş icrasına müsəlmanları vadar edəcək bir məqsəd yoxdur. Və bir də müsəlmanlar – sörün açığı – elə bir mənəvi nəşvü-hüma və tərəqqi dərəcəsinə catmayıblar ki, bir məqsəd və yaxud bir fikir ilə ağılları məşğul ola. Min adam min söz desin – müsəlmanlar bu hadisati-müəssəfənin başlanmasına bais olmadıqlarından əmindirlər və ermənilər əleyhinə qəlblərində bir pis fikir pünhan deyildi. Bununla belə, həməvaxt, sülhə talib idilər, ermənilər dəxi nə mərtəbə sülhə mail olduqlarını bu məclisdə izhar edərlər. İnşaallah hər iki tərəf mətin bir sülh əqdi ilə xüsuməti kamilən rəf etmək üçün bəqədriimkan sərfi-müsai edərlər.
Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyikMəktəblərimizdə ümumi tədrisəni ana dilində icra etmək üçün bizə müsaidə verildi. Lakin, hal-hazırda mövcud olan məktəblərimizin, yaxud şkolalarımızın nəgunə əsaslara məbni təsis edildiyini təhqiq və tədqiq etsək, bizə verilən müsaidənin öz ana dilimizi layiqincə öyrənmək üçün ən cüzi bir vasitə olduğunu müşahidə edə biləriz.Ana dilimizdən ibarət olan türk lisaninə mükəmməl surətdə vaqif olan zəvat biz Rusiya müsəlmanlarının ana dili sarıdan mən hələ “obed” eləməmişdim, “vizitni kartoçka” gəldi ki, madam Papkova səni “veçer”ə “priqlasit” eləyir. Gəlməsən “abijatsa” olar kimi belə bir əsəfli halımızı görsə, bizə verilən müsaidənin “dilimizi yuyub” təmizləməkdən ötrü bir damcı su mənziləsində olduğunu iqrar edib, buna çaylar, sellər lazımdır deyər.