Страница 2 из 3 · 33%

İçəridən gəlirlər. Bəy hamamdan çıxır. Zurnaçılar çalmağa başlayırlar. Pərdə enir. Amma zurna səsi gəlir. İki dəqiqədən sonra pərdə qalxır. Zurna kəsir. Səhnədəkilər geyinmələrini tamam edirlər. M ə ş ə d i İ b a d yaxasını düymələyir, sonra əlinə aynanı alıb, saqqalına baxır. H ə s ə n q u l u b ə y surtukunu geyir, R z a b ə y varatnikini taxır. H ə s ə n b ə y başını darayır.
Ə s g ə r çəkmələrini geyir, h a m b a l patavasını dolayır. Sairələr də kimi başını qurudur, kimi düymələrini bağlayır.

M ə ş ə d i Q ə z ə n f ə r. Məşədi İbad, səhhəti-vücud! Allah mübarək eləsin! Oğullu-uşaqlı olasan!
M ə ş ə d i İ b a d. Sağ olasan, vücudun bibəla olsun!
H a m ı. Allah mübarək eləsin, allah mübarək eləsin!
M ə ş ə d i İ b a d (cavab verir. Bir az sonra ayna əlində). Amma deyəsən bu səfər dəllək hənanı yaxşı yaxıbdır, daha ağ tük gözümə dəymir.
Ə s g ə r. Maşallah, lap cavan olubsan ki!
M ə ş ə d i İ b a d. Cavan olmayanda qoca deyiləm ki….
M ə ş ə d i Q ə z ə n f ə r (bəylərə). Bəydadaşlar, hamam xoşunuza gəldimi? Çünki sizlər bizim hamamlara gəlməzsiniz, ona görə soruşuram.
H ə s ə n q u l u b ə y. Mən çoxdandır ki, töbə eləmişdim, ömrüm olanı müsəlman hamamına getməyim, amma Məşədi İbadın xatirəsi yanımda o qədər əzizdir ki, töbəmi sındırıb məhz onun xatirəsi üçün bu hamama gəldim. Gəldim də…. Heç, daha keçibdir.
M ə ş ə d i Q ə z ə n f ə r. Bəs belə!
R z a b ə y. Hərgah mən bir papaq alaydım və o papağa beş yüz otuz altı manat pul vermiş ola idim və bir nəfər də o papağı mənim başımdan götürüb müsəlman hamamının içinə tollaya idi, mən papaqdan əl çəkərdim, amma hamama girməzdim. Lakin Məşədi İbada söz vermişdim deyə, daha sözümdən qaça bilmədim.
M ə ş ə d i Q ə z ə n f ə r (sınır). Bəydadaş, guya mənim hamamım murdardır? İçində urus çimir, erməni çimir, yəhudi çimir?!
R z a b ə y. Rəhmətliyin oğlu, girirəm xəznəyə, bilmirəm ki, bu içində çimdiyim sudur, neftdir, həlimdir, yoxsa bozbaşdır. Həzərat, vallah, sabah bunu mən qəzetimdə yazaram. Belə eləməyin!
H ə s ə n q u l u b ə y. Əşi, insafdır, o xəznəyə mən də girim, bu hambal da girsin? (hambalı göstərir).
H a m b a l. Bəy, məgər hambal hamamda çimməz, bəs hambalın canı can deyil?
H ə s ə n b ə y. Rza bəy prav. Doğrudan, mən də xəznəyə girib bilmədim ki, sudur, yoxsa ayrı bir jidkostdur. (Həsənqulu bəyə). No vı, vı rassujdayete kak burjuy! Necə yəni mən də girim, hambal da girsin, məyər hambal da sənin kimi adam deyil?
H a m b a l. Əlbəttə, adamam!
H ə s ə n b ə y. Onun da iki qulağı var, sənin də!
H a m b a l. Əlbəttə, iki qulağım var, bə nədi?
H ə s ə n b ə y. Onun da bir burnu var sənin də!
H a m b a l. Əlbəttə, bir burnum var, bə nədi?
H ə s ə n b ə y. Yedinstvennaya raznitsa bundadır ki….
H ə s ə n q u l u b ə y. (sözünü kəsir). Bilirsən nə var, Həsən bəy! Sən keçən səfər Məşədi İbadla savaşdın, yenə də o bir evin içində oldu ki, heç kəs bilmədi, amma bura hamamdır, özün bilirsən ki, obşestvenni yerdir, təvəqqə edirəm ki, burada savaşmayasan.
H ə s ə n b ə y. Net, mən kak istinnıy narodnik protestuyu!

Bunlar, R z a da iştirak edir,əllərilə işarələrlə danışıb bəhs edirlər.

M ə ş ə d i İ b a d (adamları nəzərdən keçirməklə sayır). Görəsən bunların hamısını hamam pulunu, inşaallah, mən verəcəyəm, hə?… Bu bahalıqda bir bu qədər hamam pulu heç bilirsən neçə elər? Görüm, hamamçını bir nokələkləyə bilərəmmi?
H ə s ə n q u l u b ə y. (münaqişəyə davam edərək). Da ostavte menya v pokoye!
H ə s ə n b ə y. Net! Ya doljen protestovat.
R z a b ə y. Əşi, ayıbdır hamamın içində….
H ə s ə n q u l u b ə y. Da protestuyte, skolko xotite!
H ə s ə n b ə y (bərkdən). Ya ne pozvolyu, çtobı….

Ə s g ə r, R z a tez durub bunların aralarına girirlər ki, aralaşdırsınlar.

M ə ş ə d i Q ə z ə n f ə r. Bunların hamısı, görünür ki, mənim xəznəmin suyunun təsirindəndir.
M ə ş ə d i I b a d (onlara). Bura bax, a!… Cəncəl eləmək neyçün? Kişinin hamamında iki saatdır ki, müftə çimibsiniz, hələ bir durub cəncəl də salırsınız? Eyibdir ki…. (Sükut; hamamçıya müraciətən). Məşədi Qəzənfər, sənin yadına gəlməz; çünki çox kiçikdin, mən ilk toy eləyəndə ki, mərhum Kərbəlayı Murtuzanın qızı, rəhmətlik Sonanı almışdım, toy həmin bu hamamda oldu. O zaman sənin oturduğun yerdə rəhmətlik sənin atan Məşədi Səməndər əyləşmişdi. Çıxanda durdum pul verməyə, dedi: ayıbdır ki…. Nə qədər eylədim, pul almadı, yalvardım-yaxardım, almadı ki, almadı…. Qərəz, rəhmətlik çox gözəl kişi idi….

Hamı bir-bnrinə baxıb himləşir.

M ə ş ə d i Q ə z ə n f ə r. Heç mənim özümü demirsən…. Keçən həftə bizim Məşədi Muxtarın toyu idi ki, mənimlə bərk aşnadır. Gəldilər hamama, gedəndə nə qədər eylədi, pul almadım, dedi inciyərəm səndən, dedim mən də inciyərəm səndən, almadım. Yanında lap bu Həsənqulu bəyə oxşayan bir nəfər bəy var idi. Çıxartdı cibindən iki dənə yüzlük üstümə atdı, istədim almayam, razı olmadı. Əlli manat dəlləyə verdi. Camadarların hərəsinə on manat naçay bağışladı; onun sabahı bir də görüm ki, bir dəst yaxşı libas, iki kisə əla həna, bir kəllə qənd və bir dənə şirniyyat xonçası gəlibdir. Bunu da toy sahibi Məşədi Muxtar göndərmişdi. Axşam da ki, toyda idik. Qərəz, çox canfişanlıq oldu.

B ə y l ə r himləşib gözləşirlər.

H ə s ə n q u l u b ə y. (Həsən bəyə). Vı vezde umestno, neumestno lezite sporit.
R z a b ə y. Yenə başladılar ki….
H ə s ə n b ə y. Ya ne moqu, ja doljen protestovat, ja çelovek s ubejdeniyem.
H ə s ə n q u l u b ə y. Da vı, prosto obmanşik i vse!
H ə s ə n b ə y (bərkdən). Çto? Vı menya oskorblyayete?
H ə s ə n q u l u b ə y (o da bərkdən). Da oskorblyu!

Ara qarışır, R z a, Ə s g ə r, sair qoçular qalxıb, onları aralaşdırmaq istəyirlər.

H ə s ə n b ə y. V takom sluçaye ya uxoju i potrebuyu udovletvoreniye za oskorblenie. (Gedir).
R z a b ə y (onun dalınca). Həsən bəy, Həsən bəy, hara gedirsən, bir dayan. (O da onun dalınca gedir).
H ə s ə n q u l u b ə y. (kefsiz)Həzərat, bagıslayın, xudafiz!… (Gedir).
Ə s g ə r (onun dalınca). Əşi, bir dayan görək, bu saat hamımız gedirik!

Gedir, adamları da onun dalınca çıxırlar. Qalır hamam əhli ilə M ə ş ə d i İ b a d və h a m b a l.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ordan-burdan 114

Sədini tənqidAdam oturub, Sədinin Gülüstanını, ya Bustanını, ya bütün külliyyatını oxuduqca özü-öz başına fikir eləyir və görür ki, hərçənd, bu kişini bir belə tərifləyirlər. Amma, sözün doğrusu, mən and içirəm ki, Sədinin bu dünyadan bir belə də xəbəri yox imiş. Yalan ki, demirəm, özünüz elə bir baxın, görün, məsələn, bu kişi nə yazır? Bustanın bir yerində deyir ki:

6 мин
İanə təqsimi

Dumanın Qafqazdan olan deputatlarının çalışması sayəsində Ümumqafqaz zərərdidələrinə xəzinə tərəfindən bir milyon 200 min manat pul buraxılmasını təmami-məmnuniyyətlə eşitdik və burasını da böyük bir şadlıq ilə bildik ki, bu pul xəzinədən borc tərzində verilməyib, Qafqaz zərərdidələrinə bilkülliyə bağışlanacaqdır.İmdi şayani-diqqət burasıdır ki, görək bu pulu Qafqaz ermənimüsəlman zərərdidələri arasında necə təqsim etmək lazım gəlir?

3 мин
Ordan-burdan 115

Kazan qəzetələri bu məzmunda şey yazırlar:“Bəzi mollalar və axundlar istəyirlər ki, baş vəzir Stolıpinə teleqram göndərib desinlər ki, mən ölüm bizdən incimə, çünki sənin canın üçün, bizim nə müsəlman ittifaqı ilə və nə də müsəlman fraksiyası ilə heç bir işimiz yoxdur. Ancaq Allah şeytana lənət eləsin ki, bizi sənin yanında üzü qara etmək istəyirmişlər”.

2 мин
Ordan-burdan 116

Stolıpin xəyalı“Allahın altında bu dumanı qovaydım, ondan sonra daha heç duma qurmayaydım. Görəydim camaat nə qayıracaq.

1 мин

Стихи других поэтов