Dünənki məqaləmizdə əxtar surətində ərz olundu ki, biz öz milliyyətimizi baqi saxlamaq, istiqbalımızı təmim etmək üçün var qüvvəmizi elm, maarif yolunda sərf etməliyik ki, biz də mədəniyyətlilər cərgəsinə girməklə özümüzü mədəniyyətlilərin hər bir növ təcavüzatından müsəvvən saxlaya bilək.

Hal-hazırda bizim maarif işimiz ümumiyyətlə fəna bir haldadır. Realnı, gimnaziya və universitetlərdə təhsil edən şagirdlərimizin ədədi başqalara nisbətən çox azdır. Halbuki biz müsəlmanlar Qafqaz əhalisinin əksəriyyətini təşkil edirik. Az olmalarına da səbəb əhalimizin cəhalət və qəfləti ilə bərabər yoxsuzluğudur. Şəhərlərimizdə, bəzi kənd-kəsəklərimizdə mövcud olan rus-müsəlman məktəblərinə gəlincə bunlarda da baxüsüs kəndlərdəki məktəblərdə tədris və təlim işi ağlamalı bir haldadır. Kəndlərdəki rus-müsəlman məktəblərinin, baxüsus üç şöbəli məktəblərin maarif işimizə heç bir köməyi yoxdur. Məktəblərdə ana dili oxunmur, desək caizdir. Rus dili isə oxunursa da heç bir fayda verməyir. O cürə məktəbləri ikmal etmiş uşaqlar əksər halda realni, gimnaziya və hətta altıklaslı şəhər məktəblərinə də girməyə qadir olmayırlar. Və bir də bu məktəblər heç bir yol ilə əhalini rəğbətləndirə bilməyirlər. Biləks çox vaxt müxtəlif səbəblərə görə əhali o məktəblərdən ikrah olunur. O ki qaldı milli məktəblərimizə. Əvvəla, onların ədədləri çox azdır. Və saniyən bu məktəblər dəxi iqtizaati-zəmanəyə müvafiq bir halda deyildirlər. Kəndlərdəki milli məktəblərimizin vəzifəsi əvvəla, ana dilini uşaqlara mümkün qədər mükəmməl surətdə öyrətməklə bərabər, rus dilini dəxi ona təlim etdirməkdir. Bundan məqsəd: əvvəla, rus dili bilməməklik kəndistan əhalimiz üçün böyük bir müsibətdir. Dil bilməməklik ucundan binəva kəndli rəhmsiz və mürüvvətsiz dilmancların hədəfi-təməi olub varından-yoxundan keçir. Bundan başqa, həmin vicdansız dilmanclar, mirzələr pul gücülə tərəfgirlik edib yalandan tərcümə etməklə günahsız kəndlinin hayasız tənbeh və cəzalarına səbəb olurlar. Onlardan başqa, kəndli yenə dil bilməmək ucundan başqa zillətlərə də düçar olur ki, onların tovzihi başqa bir məqaləyə möhtacdır. Və saniyən milli məktəbi ikmal etmiş kənd balaları şəhərdə realni və gimnaziyalara girmək istədikdə yolları açıq olsun. Bu barədə keçənlərdə də yazmışdıq və bizə etiraz edənlər olmuş idi. Lakin onlar nədənsə ana dili məsələsilə rus dilini bir-birinə qatışdırıb araya özgə mətləblər salmışdılar. Lakin biz öz əqidəmizdə baqi qalıb hər cürə məktəblərimizdə rus dili tədrisini millətimiz üçün mənfəətli və əks təqdirdə zərər bilirik.

Bundan başqa, milli məktəblərimiz kənd uşaqlarına kəndçiyə lazım olan sənət və peşələri mümkün qədər gözəlcə öyrətməlidir.

Çox heyflər olsun ki, o cürə milli məktəblərimizin heç birində ziraət və fəlahətə dair heç bir şey öyrədilməyir. Rus dili, ana dilimizi basar deyənlər, əgər doğrudan da ana dilinin tərəqqi və tərvici tərəfdarlarıdırlarsa işin burasına diqqət yetirməlidirlər ki, bizim ana dilimiz o vaxt tərvic tapar ki, haman dildə müxtəlif ülum və fünun isə onun çöl işinə xidmət edən elm və fənlərdir. Əgər milli məktəblərimizdə həmin elm və fəndən öz ana dilimizdə şagirdlərə kafi qədər məlumat verilsə, heç bir rus və ya qeyri bir dil ana dilimizi basa bilməz.

Bu gün milli kənd məktəblərimizin proqrammasına diqqət yetirilsə, məlum olar ki, əgər haman məktəblər o halda davam edəcək olursalar genə az-çox mənfəət verəcəkdirlər. Kəndli üçün oxumaq və yazmaq, yəni savaddan və bir də dövlət dilini bilib, bəzi lazımlı qəvaninə aşina olduqdan sonra öz peşəsini dürüst bilmək lazımdır. O səbəbə görə kəndli məktəblərində bağçavanlıq, bostançılıq, arı saxlamaq, barama becərmək, dülgərlik, əkin əkmək sənətlərini tədris etməlidir.

Bu sənətlərdən bol və gözəl mənfəət almaq üçün tazə üsulqaydalar kitablarda yazılıb, mövcuddur və bu yolda günü-gündən tazə ixtiraatlar eşidilməkdədir. Nədəndir ki, məsələn, Gəncə ətrafında olan nemsə koloniyalarının kəndliləri hamısı varlı və dövlətli və bizim bir çox şəhərlərimizdən təmiz və abadlıq bir kəndə malik olub küçə və qapılarını elektrik ilə tənvir edirlər... Amma bizim kəndlərimiz xaraba yerlərə dönüb viranələrində it ulayır? Çünki həman nemslər, bizim kənd mollaları tərəfindən qarın və cib mülahizəsilə təlin və təkfir edilən ülum və fünuni-cədidəni öz milli məktəblərində oxudub kəndçilik sənətini tazə məhsuldar və asan üsul ilə bilirlər və işlərində tətbiq edib bol-bol məhsul alırlar. Bizim milli məktəblərimiz isə “mrakobesiya” proqramını ittixaz edib tənviri-əfkarə xidmət etməyirlər. Bir çox kəndlilər öz uşaqlarını məktəbə qoymayırlar ki, uşaq çöl işi üçün lazımdır. Bir surətdə ki, məktəb həman çöl işini uşağa gözəlcə öyrədə və atası uşağın elmindən mənfəət götürə, o ata övladının oxumamağına razı olarmı? Elm və maarifin fəzilətini kənd əhlinə nəsihət ilə qandırmaq çətindir, ona göz ilə göstərmək lazımdır. Kəndli bir o qədər zəhmət və məşəqqətlə becərdiyi baramanın, taxılın, arının, bağ və bostanın məktəbdə öyrənilən tazə üsul sayəsində iki-üç qat artıq məhsul verdiyini gözü ilə gördükdə məktəbi özü üçün bir mənbəi-nəcat bilməzmi və “elmi-cədidə haramdır” sözünə baxarmı?

Qərəz biz gərək məktəblərimizi oylə halda saxlayaq ki, camaat məktəbin nəfini görüb anlayıb, övladını can və dil ilə oxutsun.

Və bir də milli məktəblərimizdə təlim və tədrisə məşğul olan müəllimlər məsələsi də təlimi-maarif işində ən böyük məsələlərin biridir. Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Bir adam onun öhdəsindən gələ bilməz və hər bir adamı müəllim deyib uşaqları ona tapşırmaq böyük xətadır. Yalnız bir təlimdən başqa uşağın tərbiyəsi dəxi müəllimin öhdəsindədir. Uşaq dəxi qabili-tərbiyə bir şey olduğuna görə onu nə tövr tərbiyə etsən o cürə də adam çıxar. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub evini yıxar. Zatən bizim oxumuşlarımızın da bu gün hamını məyus edən bəzi pis-pis əməllərinə də səbəb onların uşaqlıqda fəna yolda tərbiyə olunmalarıdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dövlət Dumasının qurulması

Millətimizin bir çox hissəsindən ötrü Dövlət dumasının əhəmiyyəti, yəni vacib və lazım olduğu bir o qədər aydın olmadığını və seçki işinin, yəni Dövlət dumasına üzv seçmək əmrinin, hələ Qafqazda qurtarmadığını nəzərə alıb haman dumanın nə dərəcədə əhəmiyyətli olduğunu bir neçə sözlə bəyan etməyi lazım bildik.Bu duma söhbətindən qabaq Rusiya padşahlığında, belə bir böyük məmləkətdə məmləkətin varlığına və padşahın davamına səbəb olan millətin və camaatın mürəffəül-hal dolanmağına elə bir etina olmayıb millətdən tələb edilirdi ki, hökumət tərəfindən qərar edilmiş qanuna (zakon) lazımdır dürüst əməl edilsin. Daha bunu nəzərə almayırdılar ki, görək bu qanunlar millətdən ötrü nəflidir və ya zərərdir. Söz yoxdur ki, hərgah bu qanunlar millətdən ötrü nəfli olsa idi millət mürəffəülhal dolanardı və heç bir kimsə durub hökumətdən şikayət etməz idi. Lakin bu bir-iki ilin ərzində vaqe olan iğtişaş, bir o qədər tökülən qanlar, tələf olan canlar bildirdi ki, millət indiyədək pis dolanırmış və indi də yenə elə pis dolanmağa daha millətin tab və tavanası yoxdur, ona görə millət şikayət edir və öz şikayətini də bu iğtişaşilə hökumətə elan edir. Bəs nə üçün millət şikayətini dili ilə hökumətə demirdi və yaxud, yazıb bildirməyirdi və bunu qoyub iğtişaş salırdı?

27 мин
Ordan-burdan 69

“Nepriyatnost”larBalaca müsibətlərə rusca “nepriyatnost” deyirlər. Bu səfər bu “nepriyatnost”lar ucundan halım elə pərişandır ki, daha durub bu “nepriyatnost”i türk dilində axtarıb, deməyə heç bir halətim yoxdur. Elə “nepriyatnost” deyib keçəcəyəm.

1 мин
Vəkillərimiz nə tövr olmalıdır

Bakı quberniyasından da Dövlət dumasına vəkil seçmək zamanı yetdi: seçkiçilər gəlibdirlər ki, öz aralarından adamlar seçib Dövlət dumasına göndərsinlər. İştə, bütün Bakının və Bakı quberniyasının ümidi yalquz bu adamlara bağlıdır. Çünki əhalinin illərcə yığılıb qalmış və nəzəri-diqqət və etibara alınmamış ehtiyacatını rəf etmək bu adamların əlindədir. Lakin əhalinin dərdlərinə dərman, ehtiyacatlarına əncam və çara aramaq üçün əhali tərəfindən vəkil olub dumaya getmək nəhayət dərəcə böyük bir əmrdir ki, hər kəs bu əmri əmələ gətirməyi bacarmaz. Ona görə vəkillərimizə lazımdır ki, seçilib dumaya getmədən əvvəl, öhdələrinə götürdükləri bu əmri-əzimin barəsində dərin-dərin mülahizə və təsəvvürlərdə bulunub öz istedad və qabiliyyətilə vuruşdursunlar və vicdanlı hökm ittixaz etsinlər. Əgər bu əmriəzimin “öhdəsindən gələ bilməyəcəyini qəlbən iqrar edərsə, bu işdən əl çəksin və bu vəzifəni öhdəsindən geri versin.Əhali tərəfindən vəkil olub, Dövlət dumasına gedən şəxsə lazımdır ki, onu layiq bilib seçən əhalinin rəfah və səadətinə alışmağı niyyət edib, yalquz bir bu niyyətin hüsulə gəlməsinə sərfi-məsai etsin. Bu yolda heç bir məmaniət gərək onun qabağını kəsməsin.

4 мин
Ordan-burdan 70

Deyirlər ki, Dövlət duması iyun ayının 16-da bağlanacaqdır. Əcəba, Dövlət duması nə qayırdı ki, bu tezliklə bağlanır? Hansı bir qanunu qayırdı? Hansı qanunu dəyişdi? Hansı ministri podsuda verdi? Bəs aministiya, filan deyirdilər, necə oldu?..Siz mənə cavab verərsiz ki, qoy bağlansın, zərər yoxdur. Allah qoysa, payızda yenə açılar.

3 мин

Стихи других поэтов · Сатира