Əhli-məclis

AğaMəhəmmədşahQacar

HacıIbrahimxan

Sadıqxan

Səfərəli

Abbasbəy } pişxidmətlər

Bir nəfər sərkərdə.
Şuşa qələsi. Məhəmməd Həsən ağanın evində Ağa Məhəmməd şahın mənzili. Məclis
ortadan iki bölünüb: sağ tərəfdə Səfərəli və Abbas bəy pişxidmətlərin otağı, sol tərəfdə Ağa
Məhəmməd şah Qacarın yatacaq otağı. Otağın ortasından qırmızı ipək pərdə çəkilib.
Pərdənin dalında Ağa Məhəmməd şah Qacarın taxtı qoyulub. Ağa Məhəmməd şah Qacar
döşək üstündə əyləşib, yanında piysuz, qabaqda Hacı İbrahim xan ayaq üstündə durub.

Ağa Məhəmmədşah Qacar. Doğrudur, Hacı İbrahim xan, bir şəxsi ki, Allah ucalda, onu məxluqat heç vəchlə aşağı sala bilməz və bir şəxsi ki Allah aşağı sala, cəmi maxələqəllah yığıla ucalda bilməz. Əgər, xudanəkərdə, bizim qoşunumuz rus qoşunu ilə rubəru gələydi, bir atlımız qalmazdı və Allahın əli mənim üstümdə olmasaydı, İndi rus cümlə İrana malik olmuşdu. Qəzanın işini gör. Dava əsnasında imperatriçə vəfat edir, yerinə oğlu əyləşir və o da hökm edir ki, İran üstünə gedən qoşun geri qayıtsın. Çox böyük xoşbəxtlikdir, Hacı İbrahim xan.

Hacı İbrahimxan. Bəli, Qurban. İnşallah, həmişə Allahın tövfiqi qibleyi-aləmin üstündə olacaq.

Ağa Məhəmmədşah Qacar. Mən necə ki, yəqin etmişdim, elə də oldu. Şuşa qələsinə davasız malik olduq. Heyf ki, İbrahim xan ələ keçmədi. Amma ümidvaram ki, bu gün İbrahim xanın ya özü və ya başı gələ. Onun dalınca gedən iki min adamın əlindən haraya qaça biləcək? O şair Molla Pənah necə oldu?

Hacı İbrahimxan. Qibleyi-aləm, zindana salıblar.

Ağa Məhəmmədşah Qacar. Xub, sabah, mənə yazdığı fərdin ləzzətini ona göstərərəm.

Hacı İbrahimxan. Qibleyi-aləm, deyirlər Molla Pənah gecə vaqiə görüb, deyirmiş ki, məni Ağa Məhəmməd şah öldürə bilməyəcək. Ağa Məhəmməd şah Qacar. Nə eləyim, cümə axşamı olmayaydı, onun vaqiəsinin doğru olmağını ona sübut edəydim!.. Amma İbrahim xan ələ keçməsə, mən rahat ola bilməyəcəyəm.

Hacı Ibrahimxan. Qibleyi-aləm, İbrahim xan quş da olsa iki min Rəşid atlının qabağından heç bir yana qaçıb qurtara bilməz.

Ağa Məhəmmədşah Qacar. Allah sən deyəni eləsin. Hacı, dəxi get, rahat ol. Məni tək qoy, yatmaq vaxtı yaxınlaşır. Şam namazı qılım. (Hacı çıxır, şah canamaz gətirib istəyir açsın. Bu halda Sadıq xan daxil olur). Nə var? Niyə gəldin.

Sadıqxan. Qibleyi-aləmin fərmayişinə görə gəlmişəm.

Ağa Məhəmmədşah Qacar. Kim yetirdi sənə mənim fərmayişimi?

Sadıqxan. Səfərəli.

Ağa Məhəmmədşah Qacar. Buraya çağır onu. (Sadıq xan çıxır.) Məgər bu biinsaflar məni bir dəqiqə rahat qoymazlar? (Səfərəli daxil olur.) Nə vaxt mən sənə dedim get Sadıq xanı çağır? Səfərəli. Yarım saat bundan əqdəm.

AğaMəhəmmədşah Qacar (qəzəbli). Yalan deyirsən, namərbut!

Səfərəli. Ola bilər ki, mənim qulaqlarım qibleyi-aləmin fərmayişini düzgün eşitməyibdir.

Ağa Məhəmmədşah Qacar. Bir qulaqlar ki, mənim fərmayişimi dürüst eşitməyələr, mənə lazım deyillər. Get cəllada deginən qulaqlarının ikisini də kəssin. (Səfərəli çıxır. Sərkərdə daxil olur.) Hə, necə oldu?

Sərkərdə. Qibleyi-aləm, Tərtər çayının kənarında yetişdik İbrahim xana. Üstündə beş mindən ziyadə atlı var idi. Çox dava elədik və İbrahim xanın qoşunundan da çox qırdıq. Amma çox olmaqlarına görə bizə faiq gəldilər. Xanı ələ gətirə bilmədik. Qaçdı Car Biləkan tərəfə.

Ağa Məhəmmədşah Qacar. Yalan deyirsən, namərbut! Doğrusunu de görüm, dava eləyibsən, ya yox? İbrahim xan haradan alırdı beş min qoşunu? Sən bilirsən ki, bu neçə ilin müddətində Qarabağın adamları bir halətə düşüblər ki, qollarından tutan olmasa, yatdıqları yerdən dura bilmirlər. Doğrusunu de görüm, dava eləyibsən, ya yox?

Sərkərdə. Qibleyi-aləm, necə ki, ərz elədim, elədir.

Ağa Məhəmmədşah Qacar (durur ayağa). Yalan deyirsən, yalan deyirsən! İbrahim xan iki yüz adamdan artıq aparmayıb! Qorxub qaçıbsız! Doğrusunu de! Yoxsa, and olsun Allaha, ətini tikətikə kəsdirib gözünün qabağında yandıracağam!

Sərkərdə. Sahibi-ixtiyarsınız, qibleyi-aləm. Amma necə ki, ərz elədim, o növdür.

Ağa Məhəmmədşah Qacar. Apardığın adamdan nə qədər qırılıb?

Sərkərdə. Qoşun hamısı salamat qayıdıb.

Ağa Məhəmmədşah Qacar. Get! Məlum oldu! Sabah sən də və sənin qoşunun da lazımi ənamınızı alarsınız. (Sərkərdə gedir.) Qalsın sənin tənbehin sabaha. Görünür, qarabağlıların küyündən qorxub qaçıblar. Dəxi bilmirlər ki, ölümdən qaçıb ölümə düçar gələcəklər. Yox, yox... Mən buna səbr edə bilməyəcəyəm. Necə ola bilər ki, mən Ağa Məhəmməd şah Qacar olam, cəmi İran mənim təhti-səltənətimdə ola, bir Qarabağ xanı iki yüz atlı ilə mənim əlimdən qaçıb qurtara! Yox, tab gətirə bilməyəcəyəm, görünür, yumşalmışam! Eybi yoxdur, yenə qiyaməti bərpa elərəm. Yenə Ağa Məhəmməd şah Qacar gözlərinin qızarmağını görərlər. (Otaqda hirsli gəzinir.

Səfərəli qulaqları dəsmalla sarınmış və Abbas bəy öz otaqlarına girirlər).

Səfərəli. Öhö... öhö... öhö... (Ağlayır.)

Abbasbəy. A kişi, yekə adamsan, uşaq tək niyə ağlayırsan?

Səfərəli. Abbas bəy, niyə ağlamayım? Mən Qarabağda bir adam sayılırdım. İndi bu sifətdə mən camaat içinə çıxamı biləcəyəm? Mənim qulaqlarımı kəsdirincə şah buyuraydı birdəfəlik boynumu vuraydılar, bundan yaxşı olardı. (Ağlayır, şah qulaq verir.)

Abbasbəy. Ağlama, ayıbdır. Bir də şahın hirsi bərk tutub. Xudanəkərdə, eşidər, qəzəbi bir az da şiddət elər.

Ağa Məhəmmədşah Qacar (qeyzli). Kİmdir qapının dalında səs eləyənlər? İçəri gəlin! (Səfərəli və Abbas bəy daxil olur.) Səfərəli, sənsən övrət tək ağlayan? Gör mənim sənə nə qədər iltifatım var ki, sənin başını bədənində qoymuşam! Abbas bəy, sən də küy eləyib mənim istirahətimi pozursan?! Gedin, sabah hər ikinizin gərək başı kəsilə. Sizdən savayı bir neçə da naçizlər var, onların da başı kəsiləcək. Sabah gərək kəlllədən bir minarə qurduram ki, Şəmkir minarəsindən uca ola. O minarənin başında sizin ikinizin başını qoyduracağam, gedin! (Səfərəli və Abbas bəy çıxırlar.) Çoxdandır, divan eləməmişəm. Amma sabah gərək davadan qaçanlara özümü göstərəm. Gərək sabah Qarqar çayında su əvəzinə qan axa! Gərək sabah bir elə divan eləyim ki, Arazla Kürün arası zəlzələyə gələ! Gərək bir divan eləyəm ki, həzrəti-Musa minlərcə balaca uşaqlar başı kəsdirmiş Fironun günahının əfvini Allah dərgahından istixasə eləyə! Gərək bir divan eləyəm ki, Əmir Teymurun sümükləri Səmərqənddə cünbüşə gələ! (Nəfəsini ağır-ağır çəkir.) Gərək Bağrıqan dağının sinəsindən ələman sədası kəhkəşani-fələkə dürəklənə! Gərək bir divan eləyəm ki, Hüccac ibniYusif başını qəbirdən qovzayıb afərin desin! Of!.. Nə çətin əmrdir padşahlıq! (Piysuzu götürüb gedir pərdənin dalına.)

Səfərəli və Abbas öz otaqlarında.

Səfərəli. Şahın sözü sözdür. Sabah ikimizin də başımız kəsiləcək.

Abbasbəy. Qəzanın təqdirinə çarə yoxdur. Ağa Məhəmməd şah taxta əyləşəndən İndiyədək minlərcə bizdən artıq canları yox eləyib, İndi növbət bizə düşüb.

Səfərəli. Bəli, əlac yoxdur, sən get bu gecəni öz övrət-uşağınla keçir. Mən də tək adamam, əyləşim, razü Niyaz eləyim. Bəlkə Allah keçmiş günahları bağışlaya. Bir də, Abbas bəy, doğrusu, Qarabağı bu halda görməkdənsə ölmək yaxşıdır. Ölkə vİran, evlərdə çörək yox, anaların döşünün südü quruyub. Ac qalmış südəmər balaların mələşməsindən yer, göy titrəyir. Xan başını götürüb diyarbədiyar düşüb. Bir diqqətlə baxırsanmı, Abbas bəy, bu böyüklükdə şəhərdə necə sakitlikdir. Küçələrdə bir zinəfəs tapılmır. Ancaq, bir havada nəş arzusunda gəzən kərkəslərdən savayı bir canlı görünmür. Günorta və axşam müəzzin səsindən savayı bir səs eşidilmir?! Heç diqqətlə bir əzan səsinə qulaq veribsənmi? O, əzan səsi deyil, ciyərlər naləsidir. Bu nədəndir? Ondandır ki, xalq qorxusundan çəkilib evinə, qapıları bağlayıb, külfətini yığıb başına, qara gününə ağlayır... Abbas bəy, axır, biz qarabağlıyıq, bunu gərək bizim namusumuz götürməsin.

Abbasbəy. Bilirsən, Səfərəli, nə var? Niyə biz ölürük? Qoy şah ölsün. İranda yetimlərin, dul övrətlərin fəryadı ki, çıxıb göyə! Qoy, bir nəfs ölsün, bəlkə neçə min nəfs dirilə.

Səfərəli. Abbas bəy! And olsun Allaha, sən mənim ürəyimdən xəbər verdin. Şah gərək ölsün! Özü də bu xəncərlə öləcək. Qoy onun öz başı, təmiri fikrində olduğu minarənin bünövrəsinə qoyulsun və minarəni də xudavəndialəmin yədi-qüdrəti tiksin.

Abbasbəy. Onda şah yatmışkən girək içəri, fürsət əldən getməsin.

Hər ikisi qəmələrini çəkib girirlər şah yatan otağa. Abbas bəy qabaqca yeriyib pərdəni
yığışdırır əlinə. Qıçları tutulub, pərdə əlində qalır. Şah qədim xırda şüşəli pəncərənin
yanında yatıb. Pəncərəyə ayın işığı düşüb. Taxtın ayağının altında piysus yanır. Abbas bəy
və Səfərəli bir qədər vaxt bir-birinin üzünə baxırlar. Axır Səfərəli cəld şahın üstünə gedib,
qəməni sancır onun ürəyinə. Abbas bəy və Səfərəli qaçırlar. Ağa Məhəmməd şah Qacar
hövlnak yerindən qalxıb, onların dalınca, əli ürəyində, qapıyadək yüyürür, sonra qayıdıb
otağın ortasında yıxılır.

Ağa Məhəmmədşah Qacar. Ey xanəxərab, İranra virankərdi! (Ölür.)

Pərdə

Ey evi dağılmış, İranı vİran qoydun

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Müxtəsər tərcümeyi-halım

1870-ci sənənin may ayının 4/17-ci günündə Şuşa qəzasında təvəllüd etmişəm. Atam Əsəd bəy qəza dəftərxanasının mütərcimi olub. Üç sinnində ikən atamı qeyb edib, bir neçə il əmim Əbdülkərim bəyin təhti-tərbiyəsində, sonra anamın ikinci şöhəri Həsənəli bəy Sadıqovun tərbiyəsi altına keçmişəm. Bu kişi mənə həqiqət ikinci atalıq etdiyindən, onu həmişə xeyirlə yad edirəm. Rus əlifbasının və rus qiraətini ilk dəfə Həsənəli bəydən öyrənmişəm. 1880-cı ilin may ayınadək kənddə olub, sonra Şuşa şəhərinə köçüb, altı sinifli şəhər məktəbinə girmək üçün hazırlanmağa başladım və bu niyyətlə məni müəllim Yusif bəy Məlik-Haqnəzərovun müvəqqəti yay məktəbinə qoydular. Sentyabr ayında imtahan verib, şəhər məktəbinə daxil oldum və bir ildən sonra Şuşada təzə açılmış realni məktəbə keçdim. Realni məktəbdə oxuyarkən, yenə hər ay Yusif bəyin “kontoruna” gedirdim. Yusif bəy mütəəssib bir teatro həvəskarı idi. Yay fəsillərində Şuşaya cəm olan kənd müəllimlərinin iştirakilə neçə teatrolar qabaqca Şahnəzərovun evində və sonra şəhər klubunun zalında verirdilər. Oynanılan əsərlər ancaq Mirzə Fətəlinin komediyalarıydı. Onlardan savayı meydanda heç bir əsər yox idi. Yusif bəy özü mütəəssib olub şagirdlərini də teatro tərəfinə həmişə təşviq edərdi. Və mənim teatroya həvəsim, onun təşviqi sayəsində başlanıb, gəldikcə artdı. Axır vaxtlarda Yusif bəylə aramızda sıxı bir rəfaqət var idi və qocalığına baxmayaraq, mənim əsərlərimdə rollar götürüb, gözəl oynardı.Realni məktəbin dördüncü sinfində ikən, Mirzə Fətəlinin komediyalarına oxşar əsərlər yazmağa başladım. Söz yox ki, bunlar hamısı zəif və uşaq əlindən çıxmış cızmaqaralar idi. Hər yazdığımı aparıb Yusif bəyə göstərərdim. O da oxuyub, fəqət imlamı düzəldib, qaytarardı özümə və gözəl nəsihət ilə yola salardı.

4 мин
Tərcümeyi-halım

Təvəllüdüm 1870-ci ilin may ayının 4\17-ci günündə Şuşa şəhərinin 20 kilometrliyində vaqe Ağbulaq kəndinin civarında Dolus bulağı adlanan çeşmənin kənarında. Atam Əsəd bəy və anam Hüsnü Cahan xanımdır. Üç yaşında ikən atamı qeyb edib, yetim qalmışam və məni əmim Əbdülkərim bəy öz təhti-tərbiyəsinə almış. Atamın vəfatından üç sənə sonra anam kənd çinovniki Həsənəli bəy Sadıqova ərə getmiş. Bu izdivacdan əmim narazı olduğundan, üç sənə mənim anamı evinə qəbul etməyib, mənə də onunla görüşməyi qadağan etdi. Neçə sənə əmim evində qalmaq mənim üçün bir əzab idi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın əzablar verirdilər. Əmimə şikayətlənməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzabını alacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaş anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu və mən o kişinin tərbiyəsi sayəsində oxuyub 1890-cı sənədə Şuşada və 1891-ci sənədə Tiflisdə realni məktəbi bitirib ali təhsil üçün Peterburqa getdim. Peterburqda əvvəl Yollar institutuna daxil olub və sonra bir para səbəblərdən oradan darülfünunun Şərq şöbəsinə keçib, 1899-cu sənədə ikmali-təhsil alıb Qafqaza qayıtdım. İki sənə Şuşada qalıb 1901-ci sənədə Bakıya köçdüm. Üç sənə burada müəllimlik vəzifəsi daşıdım. 1904-cü sənədə dübarə Şuşaya qayıdıb, orada bələdiyyə idarəsi üzvlüyünə intixab olundum. 1906-cı sənədə birinci padşahlıq dumaya Gəncə quberniyası tərəfindən məbus getdim. Duma qovulduqdan sonra “Nadejda” sığorta və nəqliyyat cəmiyyətinin müfəttişi vəzifəsini alaraq Qafqaza qayıdıb Gəncədə sakin oldum. 1908-ci sənə “Nadejda” cəmiyyəti dərşikəst oldu və məni Hacı Zeynalabdin Tağıyevin paroxodstvasına müfəttişlik vəzifəsinə təklif etdilər. Bu axır vəzifələr mənə Zaqafqaziyanın və İranın çox yerlərini siyahət edib qiymətli məlumat almağıma səbəb oldu.1911-ci sənədə “Tağıyev-Behbudov” keyfiyyətindən dolayı qulluqda olan qarabağlıları və o cümlədən məni paroxodstvadan ixrac etdilər (bu xüsusda İndi də əlimdə sənəd var). Paroxodstvadan xaric olandan sonra Ağdama köçüb orada 1916-cı sənəyədək yaşayıb ədəbiyyatla məşğul oldum. 1916-cı sənədə məişətimizin ağırlaşmasına görə Tiflisə gedib orada “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsinə qəbul oldum və “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsi əxbarının rus dilində aylıq jurnalının müdiriyyətini mənə həvalə etdilər. Fevral inqilabından sonra Tiflis icraiyyə komitəsinin və onun mərkəzi şurasının üzvlüyünə intixab olundum. Həmin ilin mart ayında Borçalı qəzasına komissar intixab olunub Şulaver qəsəbəsinə gedib, bir il yarım orada işlədim. Zaqafqaziya xüsusi cümhuriyyətlərə ayrıldıqdan sonra gürcü hökuməti idarələri milliləşdirməyi qərara aldı. O səbəbdən işlədiyim idarəni gürcülərə təhvil verib Tiflisə qayıtdım. Tiflisdə azərbaycanlılar üçün təzə açılmış ali-ibtidai məktəbə inspektor təyin olunub yenə müəllimliyə üz qoydum. Həmin sənənin oktyabrında Gürcüstan parlamanına Tiflis azərbaycanlıları tərəfindən göndərilən dörd məbusun biri mən oldum. 1919- cu sənədə Gürcüstan parlamanı əvəzinə məclisimüəssisan çağırıldı.

7 мин
Bizim yabılığımız

Məlumdur ki, dünyada cins at var. Bir cinsə köhlən, o birisinə yabı deyirlər. Köhlən at ilə yabının təfavütünü hamı bilir. Ona görə artıq təfsilata bu barədə ehtiyac yoxdur. Köhlən atlar aristokrat hesab olunurlar. Onların yeməyinə, içməyinə, tövləsinə həmişə artıq diqqət olunur. Bəzi köhlənə üçdörd nəfər adam qulluqçu təyin edirlər. Köhlən atlara gözəl yerlər ararlar, baha qiymətə alınmış çullar ilə onların lətif bədənlərini örtərlər. Köhlən atın qiyməti üç yüz manatdan tutmuş neçə minəcən gedər. Bir neçə il bundan irəli padşahlıq at zavodu üçün bir ata iki yüz min manat pul verib ingilisdən alıb gətirdilər.Atın köhləni ancaq minik üçün və ya müzəyyən faytonlara və karetalara qoşulmaq üçün saxlanılır. Ağır işə köhlən atı nəcib olmağına görə salmazlar. Ağır işlər, arabalar və yüklər üçün də yabı saxlarlar. Yabının biri alınır otuz manatdan tutmuş altmış manatacan. Yabının yeməyinə, içməyinə artıq diqqət olunmaz. Ayda bir dəfə tumarlanmaz, həmişə belində bir ağır palan, görürsən gah çuval altında, gah səbət altına gedir.

3 мин
Tənqidə tənqid

Düşənbə günü Hacı Zeynalabdin Tağıyevin teatrında oynanan mənim “Ağa Məhəmməd şah Qacar” sərlövhəli əsərim barəsində bir qəzetə bir böyük tənqid yazmış. Tənqid nə dil ilə yazılıb, oxucular özləri görürlər və mənim haman dildə ona cavab verməyimi özümə naşayistə bilib, yenə söz demək istəyirəm.Əlbəttə, hər bir təsnif barəsində hər şəxs öz təsəvvürünü yazmaqda və danışmaqda hurdür. Amma şəxsiyyətə toxunmaq, şəxsiyyət haqqında iftira, böhtan və yalan danışmaq ədib sifəti deyil.

4 мин

Стихи других поэтов