Содержание
  1. Əhli-məclis
  2. Əvvəlinci məclis
  3. İkinci məclis

Страница 3 из 3 · 67%

Cəfərquluxan (qalxır ayağa). Qibleyi-aləm, mən nəkarəyəm, sən məndən üzr istəyirsən?! Mən sənin qulluğunda özümü kəmtərin bəndələrdən hesab edirəm.

Ağa Məhəmmədşah Qacar. Qardaş, səbəb nə idi ki, İndiyədək sənə göndərdiyim kağızlara və sifarişlərə cavab vermirdin?

Cəfərquluxan. Qibleyi-aləm, onu soruşma. Kiçiyin həmişə böyüyə bir ərki olar. Mən ərk bilmişəm. Yəqin yadındadır, Qacar fəthində İsfəhan hökumətini mənə vədə etdin?!

Ağa Məhəmmədşah Qacar. Bəli, yadımdadır!

Cəfərquluxan. Sonra ki, sən öz əhdinə vəfa etmədin və məni İsfəhan əvəzinə Mazandarana göndərdin, doğrusu, mənim ürəyim sındı. Mənə hökumətin artıq-əskikliyi təsir etmirdi. Amma məni qəmgin edən sənin, mənim tək yolunda canından və malından həmişə keçməyə hazır olan qardaşına etibar etməməyin idi. Mən sənə and içirəm ki, mən tək dəyanətli nökəri, cümlə İranı axtarsan tapa bilməzsən. Məni sən Mazandarana göndərmə, bir kəndə kəndxuda göndər, qapıda axırıncı fərraş elə, amma onu bil ki, mən etibarlı fərraşam. Sən heç soruşma ki, niyə sənin kağızlarına cavab vermirdim. Dübarə ərz edirəm, mən tərəfdən bir ərkdi. Amma, xudanəkərdə, sənə bir hadisə üz verəydi, yenə görərdin hamıdan qabaq düşmən müqabilində mən qardaşın dava eləyirəm.

Ağa Məhəmmədşah Qacar. Mən onda səhv elədim ki, gileyə başladım və sən də nahaq giley elədin. Iki küsülü arasında barışıq o vədə möhkəm olar ki, heç bir tərəf keçmişi yadına salmaya. Əlini mənə ver, necə ki, sən Qacar davasında əlini mənə verib öz iradətini izhar elədin, mən də bundan sonra gün-gündən məhəbbətimin sənə artmağını vədə eləyirəm.

Cəfərquluxan (şahın əlini öpür). Qibleyi-aləm, sən mənim böyüyümsən və mənim ixtiyarım sənin əlindədir. Məhəbbət də eləsən, qəzəb də göstərsən, hər barədə sahibi-ixtiyarsan.

Ağa Məhəmmədşah Qacar. İndi, qardaş, mən səni göndərirəm İsfəhana. O İsfəhana ki, İndiyədək İran şahlarının paytaxtı olub. Gərək İsfəhan vilayətini elə dolandırasan, necə ki, Səfəvilər dolandırıblar. Gərək camaatla elə rəftar edəsən ki, keçmiş padşahlar yadından çıxsın. Hətta sənin ədalətin müqabilində Şah Abbas ədaləti gün müqabilində ulduzcan olsun. Təzə padşah köhnəni ədalətlə camaatın yadından çıxartdırmasa, onun səltənəti möhkəm olub getməz. Nadir rəftar edə bilmədi. Cəmaatı üzünə ağ elədi. Ruhaniləri özündən incitdi. O idi ki, özü də fənaya getdi. Oğlu da pis oldu. Rəiyyət məhəbbəti qazanmaq padşahlığın ilk vəzifəsidir.

Rəiyyət çü bixəst, sultan dirəxt,

Dirəxt, ey pəsər, başəd əz bix səxt.

İndi, qardaş, səni göndərirəm İsfəhana, nəsihətim dürüst qulağında qalsın.

Cəfərquluxan. Qibleyi-aləmin nəsihəti, əlbəttə, qulağıma doldu. Amma mən də bir neçə söz deyim. Mən əhd eləyirəm ki, İsfəhanı elə dolandıram ki, nəinki Şah Abbas, bəlkə Şah Səfidən indiyədək gəlib-getmiş padşahlar hamısı camaatın yadından çıxsın. Ancaq dillərdə tək bir ad söylənilsin: Ağa Məhəmməd şah Qacar! Mən əhd eləyirəm ki, İsfəhan camaatını bir məqama yetirim ki, Ağa Məhəmməd şah adı gələndə, zükurən, ünasən hamısı ayağa qalxıb, onun adına səcdə eləsinlər. Nəinki qorxudan, xeyr, kəsrəti məhəbbətdən! Əhd eləyirəm ki, cəmi Farsistanı bir məqama gətirəm ki, bundan sonra gələn Qacar şahlarını atalarından artıq istəsinlər. Qibleyi-aləm, mənim bu əhdimin nəticəsini, inşallah, tezliklə görərsən.

Padşah ağacdır, rəiyyət onun kökü, ey oğul, ağac kökü üstündə möhkəm dayanar.

Ağa Məhəmmədşah Qacar. Qardaş, sözünə inanıram. Təzə mənsəbin mübarək olsun!

Hacı İbrahimxan. Cənabi-Vala, təzə mənsəbiniz mübarək! Xudavəndi-aləm siz qardaşı, əlahəzrət şahənşahdan ayırmasın!

Ağa Məhəmmədşah Qacar. Amin! Di, qardaş, bir keç tamaşa elə, gör sən gedəndən sonra nə gözəl otaqlar tikdirmişəm və özünü də, doğrusu, qoymayacağam bargahdan çıxasan. Gərək bir neçə gün burada qalasan, ta səninlə bir doyunca söhbət eləyim.

Cəfərquluxan. Qibleyi-aləm, təvəqqe edirəm ki, izin verəsən, sabah yola düşüm.

Ağa Məhəmmədşah Qacar. Özün bil, qardaş, istəyirsən bu gün get. Mane deyiləm. Di get otaqlara tamaşa elə.

Cəfərqulu xan baş əyib, sağ tərəfə, otağa keçir. Qapının arasında bir nəfər gizlənmiş şəxs onun ürəyinə xəncər sancır.

Cəfərquluxan (arxadan). Of... Namərd qardaş! (Əli ürəyində dalı-dalı gəlib otağın ortasında yıxılır.)

Hacı İbrahimxan. Bu nə iş idi?

Ağa Məhəmmədşah Qacar (ağlayır). Dayan, Hacı İbrahim xan! Mən bədbəxtin, mən birəhmin hökmünə əncam oldu. Nə yaman iş gördüm! Öz belimi sındırdım! Bilirsən, Hacı İbrahim xan, əlacım yox idi. And olsun Məhəmmədhüseyn xanın qəbrinə, o nəcib ruh ki, bu nəcib bədəni mühəyya eləmişdi, bir dəqiqə səltənət tacını mənim varisimin başında rahat qoymayacaqdı. Qoy mənim varisimgörsün ki, gözümün işığı, məni həlakətdən qurtaran, məni İran təxti-səltənətinə əyləşdirən qardaşımı onun ayağının altında Qurban kəsirəm ki, onun səltənəti salamat olsun və gələcəkdə İran parçalanmasın. Götürün bu binəvanın bədəni.

Pərdənin dalından iki nəfər gəlib Cəfərqulu xanın bədəninini götürürlər.

Hacı İbrahimxan. Qibleyi-aləm, bu işə camaat nə deyəcək, qoşun nə növ baxacaq?

Ağa Məhəmmədşah Qacar. Gərək ki, bir zinəfəs bunun ölməyinin səbəbini bilməyə. Qoy camaat bunu İsfəhana getmiş bilsin. Sonra bilsə də eyib eləməz. İndi deyə bilərəm ki, Qacar nəsli həmişəlik İranda salamat padşahlıq edəcək.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

“Pəri cadu” haqqında qeydlər

Doxsanıncı illərin ortasında simvolizm deyilən bir ədəbiyyat üsulu teatro səhnəsinə atıldı. Alman ədibi Hauptmanın “Qərq olmuş çan” sərlövhəli faciəsi mədəniyyət aləminə bir şəşəə saldı. Bu üsulun Şərq ruhuna xeyli uyğun olması məni artıq həvəsə gətirdi. Və mən Şərq həyatından götürülmüş simvolik bir əsər teatromuz üçün yazmaq fikrinə düşdüm. Nəhayət 1901-ci sənədə “Pəri cadu” nam əsərimi yazdım. Bu neçə ilin müddətində “Pəri cadu”nun səhnədə müvəffəqiyyət qazanmasına səbəb, haman mən dediyim simvolizmin bizim ruhumuza uyğun olmasıdır. “Pəri cadu”ya mövhumat adı qoyurlar... “Pəri cadu”nun ideyası: hər kəsin öz əlinin əməli onun müqəddəratını təmin edər. İnsan, taleyini kənarda axtarmayıb öz-özündə axtarmalıdır. Nəfs-əmmarə dalına düşüb gedərsə bəlalərə uğrayıb fot olar. Nəvsilə mübarizə edib əlinin əməyinə bağlanarsa, axtardığı məqsədə nail ola bilər. İnsanın təbiətində iki əsas qüvvə həmişə bir-biri ilə vuruşmadadır. Bu iki əsas – nəfsi-əmmarə ilə əql və fikirdir. Ən qədimdə bu iki əsası insan özündən xaricdə bilib, onlara təbiət məqam verib, allahlıq libasına geyindirirdilər: Hürmüzd, Əhrimən; Çində xeyir, şər allahları. Axırda şeytan və Allah. Pərinin ürəyində həmçinin iki əsas vuruşur. Nəvsi iblis şəklində mübarizə tərəfə çəkir, əqli səlim şeyx sifətində səbr etməyi məsləhət görür. Bu iki şəxs onun ürəyində vuruşan iki əsasın mücəssəmələridir. Xırda şəyatin onun dəğdəğələridir.İnsanı həmişə nəhs yollara iğva edən nəfsi-əmmarə Şamama cadu sifətində ortalığa çıxıb. Bu qarı həm Qurbanın, həm Hafizə xanımın, həm Pərinin təbiətində olub, onları asan vəchlə səadətə nail olmaq yoluna çəkib, hamısını məhv edir və Qurban öləndən qabaq öz səhvini anlayıb, Səliməsi tərəfə qaçmaq istəyirsə də daha iş işdən keçdiyindən, nəfsinin çəngəlində fot olur.

2 мин
Artistlik sənəti haqqında

1.Artist Ruhulla bəradərimə. Bəradərim, dünyada insaniyyətə, millətə və mədəniyyətə ən böyük xidmətlərdən biri artistlikdir. Artist üzünü unluyub acı həqiqətləri sənətin şəkəri ilə şirinlədib camaata yedirdir. Bu cəhətdən artistliyin yolları nə qədər ağır, tikanlı olsa da, qiymətlidir. Çünki nəticəsi parlaqdır. Bu sözləri həmişə xəyalında saxla.

1 мин
Abbas Mirzə Şərifzadə haqqında

1Dursunəli – Hamlet! Nə böyük məsafə! Nə ağır yollar! Nə parlaq nailiyyət!

1 мин
Mirzə Fətəlinin faciəsi

Mart ayının 12-də Mirzə Fətəlinin vəfatından tamam 50 il keçir. Mirzə Fətəlinin ömrü ictimai sahəyə qədəm qoyandan axır nəfəsinə qədər böyük bir faciə içərisində keçmişdir. Epoletlər, imtiyazlar, xaç və medallarla bəzənmiş paltarın altında od tutub alışmaqda olan bir ürək döyünməkdə idi. Ətraf zülmət və cəhalət, bir nəfər də olsa dil bilən yox, camaatı qoyun kimi istədikləri yerə sürən ruhanilər – başlarında şeyxül-islam Molla Əhməd olmaq üzrə Zaqafqaziyada təkcə yanmaqda olan bu çırağın işığının qabağına qalın bir pərdə çəkirdilər. Mirzə Fətəlinin faciəsini tamamilə anlamaq istəyənlər “Kimyagər” komediyasında onun Molla Nuru şairin dili ilə söylədiyi sözlərə diqqət yetirməlidirlər. Molla Nuru üzünü mülklərini, evlərini girov qoyub, Molla İbrahim Xəlilin yanına gümüş almağa gedənlərə tutub deyir: “Hər kişinin öz peşəsi özü üçün bir iksirdir”.Bunun cavabında ondan soruşurlar: “Sən ki şairsən və şairlik də sənin peşəndir, bəs nə səbəbə bu sənətin sayəsində sənin dövlətin yoxdur?”

3 мин

Стихи других поэтов