Страница 2 из 4 · 25%

İmamla onun tərəfdarları və İmamın düşmənləri. Bütün iştirak edənlərin hamısı birlikdə meydana toplaşır, tamaşa yerini dolaşır və müqəddimə oxuyurlar. Bundan sonra “artistlər” – hər kəs öz yerində oturur:

İmam və onun tərəfdarları meydanın bir guşəsində salınmış xalça üstündə əyləşirlər, “müxalif” adlanan düşmən tərəf isə təxt və kürsü üstündə otururlar.

Tamaşa başlanır. Şəhidləri oynayanlar öz rollarını mümkün qədər qəmli səslə oxuyurlar. Düşmən tərəfin artistləri isə qəzəbli reçitativlə danışırlar. Xalq birincilərə qulaq asaraq hönkür-hönkür ağlayır, ikincilərə qulaq asdıqda isə onlara lənətlər yağdırır. Rejissor (gərdün yaxud şəbehgərdan) daim iştirak edənlər arasında gəzişərək, əlindəki əsa ilə hər kəsə öz çıxış vaxtını işarə edib bildirir. Suflyor olmur, artistlər öz rollarını əzbər bilirlər, ya da dəftər üzündən oxuyurlar.

Qadın rollarını İranda oğlanlar, Azərbaycanda isə bəzən sifətləri gözlərinədək bağlı olan kişilər ifa edirlər. Aktyorlar qrim etmirlər. Müxaliflərin dəmir dava paltarından başqa bütün artistlər adi müasir paltar geyinirlər. Qadın rolu oynayan kişilər arvad paltarı geyinmirlər, “əba” bürünür və başlarına arvad yaylığı bağlayırlar, əbanın altından şalvarının balağı görünür. Paltarlar və əşya bəzən çox əcaib olur. Məsələn, Yezidin uşaqları rezin şinli yaraşıqlı bir faytonda gəlirlər, firəng səfiri isə çar generalı paltarında, bəzən də əynində qara sürtuk, başında kavalerqard kaskası meydana daxil olur və s. Tamaşada iştirak edən “kütlə” həmişə bir nəfərdən ibarət olur. Məsələn, “Müslümün ölümü” pyesində bir nəfər bütün bir ordunu oynayır. Bu, Azərbaycanda misteriya tamaşalarının xeyli orijinal cəhətlərindən birisidir.

Müəlliflər misteriyaların ssenarilərini düzəldərkən Yezidə və onun adamlarına fövqəladə bir nifrətlə yanaşırdılar. Şəhidlərə çoxlu mərhəmət və göz yaşı doğurmaq, Yezidin və müxaliflərin ünvanına isə daha çox lənət yağdırmaq arzusu, onları heç bir şeylə – nə nəzakətlə, nə psixologiya ilə, nə real vəziyyətlə, nə də hətta adi məntiqlə hesablaşmamağa məcbur edirdi. Bu cəhətdən “Mədinədən səfər” epizodu çox səciyyəvidir. Hüseyn Mədinədən yola düşərkən öz xəstə qızı Fatiməni Mədinədə qoyur, amma sonrakı arvadından olan xəstə oğlunu özü ilə aparır. Tərk edilmiş qız tənhalıqdan, heç bir zaman onun yanına gəlməyən qardaşı Əli Əkbərdən şikayət edir; Əli Əkbər isə ona görə bacısının yanına gəlmir ki, o, ögey anadan olmuşdur; nəhayət, qız atasından və bibisi Zeynəbdən şikayətlənir. Bu şikayət, əlbəttə, İmamı, onun oğlunu və bacısını pis xarakterizə edir. Lakin müəllif bunu hiss etmir, o bütün qohumları tərəfindən tərk edilən xəstə qıza qarşı tamaşaçıların qəlbində mərhəmət oyatmağa çalışır.

İmam və ya onun ailə üzvləri Yezid və onun sərkərdələri ilə rastlaşdıqda onların üzərinə ağır söyüşlər yağdırırlar ki, bu söyüşlər Yezidə düşmən münasibət bəsləyən misteriya tamaşaçılarının hisslərinə müvafiq idi. Yezid və onun sərkərdələrinin İmam və onun ailəsi ilə rəftarı isə, əksinə, nəzakətli, ədəbli və hörmətli idi. Beləliklə, Yezid, və onun adamlarına qarşı nifrət oyatmağa çalışan müəllif, özü də hiss etmədən İmamı mənfi cəhətdən xarakterizə etmiş olurdu.

Yezidin öz sərkərdələri ilə, sərkərdələrin də bir-biri ilə rəftarı çox maraqlıdır; hər cür nizam-intizamdan və mənsəbə hörmətdən uzaq olan bu rəftar bir yığın söyüşdən ibarət idi: böyük kiçiyi söyür, kiçik də ona söyüşlə cavab verir; hətta kölə də öz ağasını söyür.

Bu deyişmədən sonra tərəflər elə dağılışırlar ki, guya bu vaxta qədər bir-biri ilə dostcasına və mehribancasına söhbət edirmişlər.

Bütün bunlar çox qeyri-təbii olsa da, müəllifin vecinə gəlmir. İmamın düşmənləri paylarını layiqincə aldılar – müəllifin də məqsədi elə bu idi.

Misteriyalar aşağıdakı epizodlardan ibarət olurdu: 1) “Peyğəmbərin qətli”, 2) “Əlinin qətli”, 3) “Müslümün Kufədə qətli”, 4) “Müslümün oğlanlarının qətli”, 5) “Mədinədən səfər”, 6) “Fərat sahilində Hürlə görüş”, 7) “Hürrün peşmançılığı və ölümü”, 8) “Kərbəla davası”, 9) “Şamda Səkinənin ölümü”, 10) “Firəng səfirinin səhnəsi”, 11) “Əsirlərin xilas edilməsi”, 12) “Əsirlərin Kərbəlaya varid olması və qəbirləri ziyarət”, 13) “Mədinəyə varid” və i.a. İranda indi də şəbeh çıxarmaq dəbdədir və bu, böyük təmtəraqla keçirilir. Azərbaycanda şəbeh axırıncı dəfə Bakıda 1920-ci ildə göstərildi.

Sözün müasir mənasında Azərbaycan teatrının tarixi çox qısadır. Birinci Azərbaycan tamaşası 1873-cü ilin martında Bakıda oynanılmışdır. Mirzə Fətəli Axundovun “Lənkəran xanın vəziri” komediyası göstərilmişdi. Tamaşada Bakı realni məktəbinin şagirdləri iştirak edirdi.

Mirzə Fətəli Axundov Azərbaycan dramaturgiyasının banisidir. Öz pyeslərinə yazdığı müqəddimədə o, deyir: “...knyaz Voronsov, fərman-fərmayi-məmləkəti-Qafqaziyyə 1226.-cı sənədə şəhriTiflisdə bir imarətialiyyə teatr ismi ilə bərpa edib...”

Yerli dillərdə repertuar yaradılması üçün canişin tərəfindən üç komissiya düzəldilmişdi. Canişin idarəsində mütərcim vəzifəsində çalışan Mirzə Fətəli Axundov Azərbaycan komissiyasına rəhbərlik etməli idi, lakin o zaman o, rus və Avropa ədəbiyyatları ilə tanış olan yeganə azərbaycanlı olduğundan, özü bilavasitə pyes yazmaqla məşğul olmalı oldu. Mirzə Fətəli Axundovun Azərbaycan və İran həyatından aldığı altı pyes Azərbaycan teatrının ilk pyesləri idi.

Knyaz Voronsovun Tiflisdə bütün Qafqazda ilk dəfə olaraq teatr yaratmaqdan məqsədi Zaqafqaziyada çarizmin möhkəmləndirilməsi üçün teatrdan bir vasitə kimi istifadə etmək idi.

Bu vəzifə Mirzə Fətəli Axundova izah edilmişdi, o da vicdanla bu vəzifəni yerinə yetirirdi.

O zaman Zaqafqaziyada ən qüvvətli və nüfuzlu ictimai qrup ruhanilik idi. Knyaz Voronsov İki başlı bir oyun oynayırdı: bir tərəfdən o, Zaqafqaziya şeyxül-islamının simasında ruhaniliyə hər cür hörmət edirdi, digər tərəfdən isə Axundova, əhalinin gözündə ruhaniliyi nüfuzdan salmağı təklif edirdi. Mirzə Fətəli Axundov ruhanilik əleyhinə birinci hücumu “Kimyagər” komediyasında etdi. Bu pyesdə dağlara çəkilərək etikafa oturan fırıldaqçı bir molla göstərilir; həmin molla guya elə bir iksir sahibidir ki, mis və dəmiri xalis gümüşə çevirir. Molla onun möcüzələrinə inanaraq öz dövlətini gümüşə dəyişmək üçün gətirən sadəlövh, avam əhalini əsli olmayan gümüşlə aldadıb talayır.

Çar hökumətinə və rus qanunlarına hörmət Axundovun bütün pyeslərində bu və ya digər şəkildə təbliğ edilir. Bəzi pyeslərdə (”Hacı Qara” və “Xırsquldurbasan”) o, bunu açıqdan-açığa edir, digərlərində isə (”Lənkəran xanının vəziri” və “Mürafiə vəkilləri”) İran məhkəməsinə gülərək, rus ədliyyəsini üstün tutur. Voronsovun tapşırıqlarını yerinə yetirərək Mirzə Fətəli Axundov rus burjua mədəniyyəti uğrunda qızğın çalışırdı.

Mirzə Fətəli Axundovun, onun yolunu davam etdirənlər üçün nümunə olan pyesləri ona görə qiymətlidir ki, bu pyeslərdə son dərəcə gözəl tiplər və təmiz xalq dili vardır. 1850-1856-cı illər ərzində yazılan bu əsərlər ancaq 1873-cü ildə səhnə üzü gördü.

İlk dəfə meydana çıxarkən bu pyeslər bomba partlayışı təsiri bağışladı. Ruhanilər vahid bir cəbhə tutaraq Axundov komediyalarına qarşı cahad elan etdilər. Pyesdən bir nüsxə almaq və onu yandırmaq savab iş hesab edilirdi. Şahidlər danışırlar ki, Gəncənin şəhər meydanında nəhəng bir tonqal qalanmışdı, burada Axundovun pyesləri təntənəli bir surətdə yandırılırdı.

Axundov öz kafir elan edilmişdi. 1878-ci ildə Axundov vəfat etdikdə ruhanilər onun namazını qılmaqdan boyun qaçırır; bu isə o zamankı adamlar üçün ən böyük bir ləkə hesab olunurdu. Axundov meyiti üç gün yerdə qaldıqdan sonra canişin qazaqları gəlib onu qəbiristanlığa aparırlar. Ruhanilik Mirzə Fətəli Axundovun pyeslərini bu cür qarşılayırdı.

Bakıda 1873-cü il tamaşasına gələnlər yalnız məmurlardan və bir ovuc Azərbaycan məmur ziyalılarından ibarət idi.

Ruhaniliyin təsiri altında olan Azərbaycan əhalisinin düşmən münasibəti ucbatından Azərbaycan pyeslərinin kütləvi tamaşasını təşkil etmək nəinki çətin, hətta qorxulu idi.

Burada biz kiçik bir ricətə yol verərək, bir qədər sonrakı vaxtdan yazmaq istəyirik.

1892-ci ildə Şuşada İki qastrolçunun – Safrazyanların iştirakı ilə həvəskarlar tərəfindən Azərbaycan tamaşası düzəldilmişdi. Səhnə cavanların qumar oynadığı bir otağı təsvir edirdi.

Tamaşada göstərilən hadisələrin gedişində mübahisə meydana çıxır və qumar oynayanlardan birisi özünün haqlı olduğunu sübut etmək üçün İmamlardan birinə and içir. Bu kifayət idi ki, salonda böyük bir tufan qopsun. Fanatiklər əllərində tapança və xəncər səhnə arxasına atıldılar ki, xalq müəllimlərindən ibarət olan həvəskar-artistlərin əhədini kəssinlər. Tamaşa pozuldu, həvəskarlar qrimdə və teatr paltarında küçəyə qaçdılar. Ertəsi gün kənd müəllimlərini və pyesin müəllifini tutmaq üçün tədbirlər görüldü. Müəllimlər gecə ikən fürsət tapıb kəndlərə dağılışırlar, müəllif isə qapını bağlayıb öz evində gizlənir. Axşam müəllif qohumları ilə birlikdə qoca mollanın yanına gedib pyesin əlyazmasına ona göstərir və Qurana and içir ki, “günah” sözlər həvəskarların öz “uydurmalarıdır”; müəllif and içir ki, onun əsərində həmin sözlər yox idi və molladan xahiş edir ki, özü əlyazmasını oxuyub inansın. Molla anda inanır, ancaq əlyazmasını oxumaqdan boyun qaçırır. Sabahı molla mötəbər adamları çağırtdırıb onları yola gətirir ki, camaatı sakit eləyib müəllifdən əl çəksinlər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов