Keçmiş günlərdən
Birinci türk teatrosunu mən Şuşada 1881-ci il yay fəslində gördüm. Mənə necə təsir bağışladığından burada danışmaq istəmirəm; ancaq bunu demək istəyirəm ki, Qori seminariyasının tələbələri və oranı bitirmiş müəllimlər Şuşa teatrosunun birinci pionerləri olmuşlar. Onlar hər bir yay tətilində şəhərə toplaşdıqdan sonra, həvəskarlar adı ilə biriki tamaşa göstərirdilər. Başqa əsərlər olmadığından Mirzə Fətəlinin komediyalarından oynayırdılar; hasil olan paralar isə yoxsul tələbələrin mənfəətinə sərf edilirdi. O vaxtkı aktyorlardan ancaq Muxtar Muradovun – İndi də sağdır – adını çəkməyi burada lazım bilirəm.
1892-ci il yay fəsli idi. Müəllimlər həmişəki qayda ilə toplaşıb Xandəmirovun “teatro salonunda” Haşım bəy Vəzirovun “Evlənmək su içmək deyil” adlı komediyasını oynayırdılar.
Əsərin pərdələrindən birisində Qarabağda toy məclisi göstərilirdi. Qarabağda olan adət üzrə (bəlkə bu adət Azərbaycanın başqa şəhərlərində də vardır) hər toyda qumar oynayanlar üçün xüsusi bir otaq ayrılardı. Qumarbazlar, çalandan, oxuyandan xəbərsiz olaraq toyun axırına qədər gecəgündüz qumarla məşğul olardılar. Səhnədə qumar məclisi göstərilirdi. Bir guşədə dörd nəfər əyləşib “dörd aşıq” oynayırlardı. Bir aşığın “alçı” durması üstündə mübahisə düşür. Oynayanların birisi aşığın alçı durduğunu sübut etdikdə, birisi, aşığın alçı durmayıb, ancaq palazın qırışığına söykənib alçıya bənzədiyini söyləyir. Birinci oyunçu öz sözünü isbata yetirmək üçün birdən qışqırdı: “A kişi, Həzrət Abbasa and olsun ki, aşıq alçıdır”. Bu sözlər teatro salonunda bir bomba kimi partlayıb, tamaşaçıların arasında böyük bir qarışıqlığa səbəb oldu. Teatrada olan gənclər (qocalar və qadınlar teatroya getməzdilər): “Bu məlunlar, dinsizlər, Allahı tanımayanlar, araq-çaxır içənlər, nə haqq ilə teatro kimi nalayiq bir yerdə Həzrət Abbasın adını çəkirlər” – deyə xəncər və tapançalara əl atdılar. Teatro yarımçıq pozuldu, “aktyorlar” dal qapıdan qaçdılar. Səhnədə iştirak edən bir müəllim əynindəki qadın paltarını soyunmağa vaxt tapmadığından, öz paltarlarını qoltuğuna alaraq evlərinə qədər qaçmışdı.
Sabahı günü şəhərin gəncləri silahlanıb kənd müəllimlərini avlamağa çıxdılar. Müəllimlər isə hamısı qaçıb öz kəndlərinə getdilər. Müəllim Haşım bəy Vəzirov qapısını bağlayıb evdə gizlənməyə məcbur oldu. Bir axşam Haşım bəy öz qohumlarından bir neçə adam götürüb qazının evinə getdi: Əsərin əl yazması ilə Quranı qazının qarşısına qoyub dedi: “Qazı ağa! Bu mənim yazdığım əsər, oxuya bilərsiniz, ancaq and olsun bu Qurana, “Həzrət Abbas” adını mən kitabıma salmamışam. O nadürüst Bədir (həvəskarın adıdır), dili dinc durmayıb, bu sözləri özündən demişdir”. Qazı inandıqdan sonra cəmaəti sakit etdi. O tarixdən 1899-cu ilə qədər Şuşada türk teatrosuna yol verməzdilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-kecmis-gunlerden
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Faciə dörd məclisdə, beş pərdədəİştirak edənlər
Birinci məclisNəcəf bəyin evində gözəl fərşlərlə döşənmiş bir otaq. Fərşdən əlavə sandal və kürsülər*də qoyulub.*
İkinci məclisPərdə ahəstə qalxır. Nümayan olur Sona xanımın otağı. Otağın üç qapısı var:bir sağdan,*biri soldan və biri müqabildən. Sağ tərəfdə pəncərənin qabağında bir sandalya qoyulub. Sona*
Üçüncü məclis, birinci pərdəŞəhər kənarında bir seyrəngah. Uzaqda uca dağlar görünür. Göy təpənin altından bulaq*axır. Süleyman bəy çərkəzi libasında, iki nəfər yoldaşları ilə əllərində samavar, dəsmala*